Super User

Super User

Səbinə Yusif, “Ədəbiyyat və incəsənət”

 

Dünən Xalq yazıçısı İsa Muğannanın doğum günüydü. 96 yaşı Göylərdə - bizdən çox uzaqlarda (həm də bizə çox yaxın) tamam olan İsa Muğannanı rəhmət və ehtiramla andıq. 

Dəyərli jurnalist İbrahim Nəbioğludan hər zamankı kimi bənzərsiz bir yazını sizlərlə paylaşmağı özümə borc bildim. 

İbrahim Nəbioğlu ruhundan qələmə süzülən bu xatirə yazısını İsa Muğanna işığına, İsa Muğanna ruhuna, İsa Muğanna yaradıcılığına sevginin, ehtiramın ən gözəl nümunəsi hesab edirəm.

 

İbrahim Nəbioğlu yazır:

“Aspirantura illərində akademik Azad Mirzəcanzadənin əfsanəvi “İkinci gün seminarlarından” birində onun dar və uzun kabinetində əziz müəllimimizin gəlişini gözləyirdik. Bu seminarlarda elmi işlərimizin müzakirəsi xaricində ədəbiyyatdan da danışırdıq, musiqidən də, hətta Sovetin yaxınlaşmaqda olan süqutunun ayaq səslərindən də…

Qapı açıldı və Azad müəllim hər zamankı kimi əlində müxtəlif kitablar, qovluqlar və jurnallarla içəri girdi. Masasındakı məşhur çin termosundan özünə bir stəkan çay süzüb, jurnallardan birini əlinə alıb “Master və Marqarita"nı oxudunuzmu deyə soruşdu.

Mixail Bulqakovun Sovet vaxtı qadağan olunmuş bu romanı Moskvada çıxan jurnalların birində 7-8 nömrəsində dərc olunmuşdu. Azad müəllim mənə baxaraq “Necədir” deyə soruşdu. Romanı oxuyub bitirməmişdim, ona görə də “Hələ bitirməmişəm, ancaq “İdeal” daha güçlü əsərdir sanki” dedim.

Azad müəllim bir qədər duruxdu, belə bir müqayisə gözləmirdi. “İdeal”ı nə vaxt oxuduğumu soruşdu. “Tələbə ikən” deyə cavab verdim. Bir az pauza verib belə dedi: “Mən sizdən müqayisə etməyinizi soruşmadım. İsa Hüseynov müqayisə edilməyəcək qədər böyükdür”…

Azad Mirzəcanzadə kimi bir dahinin Muğanna haqqında dediyi bu söz möhür idi.

Ona görə yox ki, elmi rəhbərim və əziz müəllimim idi… Azad müəllim oxucu kimi də çox nəhəng idi… Onun təsbitləri, analizləri filiqran, gözlənilməz və sərt olurdu…Sadə cümlələrinə dərin dünyaları sığdırırdı…

Seminardan sonra aspirant dostlarım “Yaxşı qutardın haaa…Risk elədin o müqayisəni etməklə” dedilər. Halbuki mən sadəcə olaraq romanları və əngin düşüncə Dünyası ilə məni ovsunlamış bir yazara olan sevgimi dilə gətirmişdim…

Böyük İsa Hüseynovun, Azərbaycan nəsrinin əlçatmaz zirvələrindən olan Muğannanın doğum günündə ona olan sevgimin azalmadığını, əksinə artdığını, onu daha yaxşı dərk etdiyimi anlayıram. 

Sonsuz hörmət və rəhmətlə…”

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)

Türk Animasiya Assosiasiyası (ATA) və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) müştərək stendlə dünyanın ən böyük və ən qədim animasiya festivalı olan Fransanın Annecy Beynəlxalq Animasiya Film Festivalında təmsil olunur.

 

Festivalın təşkilatçıları AzərTAC-a bildiriblər ki, stenddə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin animasiya məhsulları, layihələri, assosiasiyaları və festivalları təqdim olunacaq.

 

Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Türkmənistanın Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə kreativ sənayenin inkişafı üzrə “Yaradıcı Azərbaycan” proqramı çərçivəsində həyata keçirilir.

 

“Animation of Turkic Countries 2024” (Türk Dövlətlərinin Animasiyası-2024) kataloqu da stenddə nümayiş olunan məhsullar sırasındadır. Kataloqa daxil olan 90-dan çox layihədən 50-si kataloqun şərtlərinə uyğun hesab edilib, onlardan 5-i hazırlıq mərhələsində olan tammetrajlı filmlər, 11-i hazırlıq mərhələsində olan qısametrajlı filmlər, 8-i hazırlıq mərhələsində olan seriallar, 14-ü yayımlanmış qısametrajlı filmlər, 12-si yayımlanmış seriallardır.

 

Ölkəmizi Annecy Festivalında Azərbaycan Animasiya Assosiasiyasının üzvləri Elçin Hami Axundov, Nəzrin Ağamalıyeva, Oqtay Yusibov, Rəşid Ağamalıyev və Şahin Əliyev təmsil edir.

 

Annecy festivalında, həmçinin animasiya rejissoru Rəvan Muradov (Crambone Inventive League) da iştirak edir. Onun festivalda iştirakı 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının “The Half – “Birdən ölsək” filmi ilə “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” mükafatını qazanması sayəsində mümkün olub.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)

İyunun 12-də Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Xalq artisti, görkəmli teatr və kino aktyoru Hüseynağa Sadıqovun anadan olmasının 110 illiyi münasibətilə tədbir keçirilib.

 

AzərTAC xəbər verir ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərginin açılışı olub.

 

Yubiley mərasimini giriş sözü ilə Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev açaraq Hüseynağa Sadıqovun həyat və yaradıcılığı haqqında məlumat verib, aktyorla “Alma almaya bənzər” filminin çəkilişində ünsiyyətindən bəhs edib.

 

Xalq artistləri Tariyel Qasımov, Cəfər Namiq Kamal, filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoy H.Sadıqov haqqında xatirələrini bölüşüblər.

 

Çıxış edənlər tanınmış aktyorun xatirəsini əziz tutduğuna və tədbirin təşkilinə görə Dövlət Film Fondunun rəhbərliyinə və kollektivinə təşəkkürlərini bildiriblər.

 

Tədbir boyu sənətkarın həyat və yaradıcılığını əks etdirən videoçarx və aktyorun çəkildiyi filmlərdən fraqmentlər nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.06.2024)

 

11 iyun 2024-cü il tarixində Bakıda keçirilən Azərbaycan – Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Nazirlərinin Təcrübə Mübadiləsi Forumunun iştirakçıları “ASAN xidmət” mərkəzi ilə tanış olublar.

 

“Ədəbiyyat və incəsənət” portalı “ASAN xidmət”ə istinadən xəbər verir ki, qonaqlara “ASAN xidmət”, eləcə də Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə yaradılan “ASAN xidmət” əhalinin dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayıb. 

 

Hazırda “ASAN xidmət” təcrübəsinin paylaşılması istiqamətində 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi də vurğulanıb.

 

Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülməsi bildirilib.

 

Qonaqlar “ASAN xidmət” konsepsiyasını yüksək qiymətləndirib və Dövlət Agentliyi tərəfindən dövlət xidmətləri və sosial innovasiyalar sahələrində həyata keçirilən fəaliyyətin onlarda xoş təəssürat yaratdığını bildiriblər.

 

Həmçinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi, “ABAD” və “Bilim Bakı” mərkəzi ilə tanışlıq baş tutub.

 

Forum Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və BƏƏ-nin Kabinet İşləri Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılır. 2022-ci ilin 28 noyabr tarixində imzalanmış  “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun icrası çərçivəsində baş tutan forumda hər iki ölkə hökumətinin müxtəlif sahələr üzrə yüksək vəzifəli rəsmiləri iştirak edirlər.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)

 

Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist

Dos.Dr. Sadiq Qarayevi 50 illik yubileyi ilə bağlı təbrik edib.

“Ədəbiyyat və incəsənət” portalı təbrik məktubunu təqdim edir:

 

“Hörmətli Sadiq müəllim,

Sizi 50 illik əlamətdar yubileyinizlə bağlı təbrik edir, möhkəm cansağlığı, elmi, ədəbi yaradıcılıqda və ictimai fəaliyyətdə yeni uğurlar diləyirəm!

 

Siz bir yazar, araşdırmaçı, alim və ictimai xadim olaraq fəal vətəndaşlıq mövqeyi ilə seçilirsiniz. Ədəbi uğurlarınıza görə Azərbaycan Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, habelə Mədəniyyət Nazirliyinin “Şans” mükafatı laureatı olmusunuz.

 

“Sahilsiz təzadlar”, “Sahibsiz kölgələr”, ““N” saylı qəhrəmanlıq” adlı irihəcmli elmi-fəlsəfi, tarixi romanların, eləcə də, hekayə, esse və publisistik yazılardan ibarət “Sarvansız zamanlar”, “Azərbaycançılıq məfkurəsi” kitablarının, yerli və xarici mətbuatda dərc olunmuş 60-a yaxın elmi məqalənin müəllifisiniz.

 

“Sahilsiz təzadlar” romanınızda şəxsiyyətin özünütəsdiqi, toplum və təbiət hadisələrinin qarşılıqlı bağlantısı, bəşəri qayğılar fonunda milli dəyərlərin qorunması, zənginləşdirilməsi və vətəncanlılıq hadisələri dolğun təsvir edilib.

 

“Sahibsiz kölgələr” romanınızda “Orbitlər və universal mövcudluq nəzəriyyələri” adlı elmi ideyaların müddəaları obrazlı vasitələrlə oxucuya çatdırılır.

 

““N” saylı qəhrəmanlıq” romanınız tarixi Zəfərimizə həsr edilmiş ilk elmi-fəlsəfi, sənədli-publisist, tarixi əsərlərdən biridir.

 

Ədəbiyyatşünasların da vurğuladığı kimi, siz müstəqillik dövrü Azərbaycan ədəbiyyatında elmi idrakla bədii təfəkkürün birliyi əsasında yazılmış romanlarınızla seçilirsiniz.

 

Sizi yaradıcılıq uğurlarınız və əlamətdar yubileyinizlə bağlı bir daha təbrik edir, ən xoş diləklərimi yetirirəm”!

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

85 illik yubileyini qeyd etdiyimiz Xalq şairi Vaqif Səmədoğlu öz möhtəşəm şeirləri ilə dünən də yaşayıb, bu gün də yaşayıb, sabah da yaşayacaq. Onun dillər əzbəri olan şeirlərini xatırlatmaqla şəxsiyyətinə olan böyük sevgimizi bir daha izhar edirik. 

 

Bir axşam taksidən düşüb payıza

Bilmədik haraya, hayana gedək

Bahar həsrətiylə payız axşamı


Yenə həzin-həzin titrədi ürək

 

Yağışın əlindən qaçıb bir küncə

Dayandıq üzümüz dənizə sarı

Yenə tapılmadı payız gəlincə


O uzaq günlərin itmiş açarı…

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)

Wednesday, 12 June 2024 16:28

STATUSLAR STATUSUnda Aqil Abbas

Növbətçi: Könül, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə facebook sosial şəbəkəsindən tanınmış yazıçı, millət vəkili Aqil Abbasın bir yazısı barədə postu sizlər üçün seçdim. Aqil Abbas Xurşidbanu Natəvan barədə yazıb. Şəxsiyyəti kifayət qədər mübahisələr doğuran Xan qızı barədə bu yazılanlar, düşünürük ki, faydalı ola bilər. 

 

Xan qızının qardaşı ilə bağlı bir təhrifə yol vermişəm. Əslində bu mənim yox, bəzi tarixçilərin səhvidi. 

Xan qızı rus təbəəsi deyildi. Çar hökuməti nə qədər istəsə də Natəvan təbəəliyi  qəbul eləmirdi.  Bütöv Qarabağ da onun mülki idi. Ruslar bu barlı-bərəkətli Qarabağı, bu varı-dövləti əldən vermək istəmirdilər. Ona görə də min oyun qurub Xan qızını bir az zorla Xasay xan  Usmiyevə ərə verdilər, Xasay xan Çar ordusunun  polkovnikiydi. Beləliklə, Xan qızı  Xasay xana ərə getdiyinə görə rus təəbəsi sayıldı.
Xasay xan Car-Balakən xanı Ümmə xanın nəslindəniydi. Ümmə xan da İbrahimxəlil xanın  qaynı idi. Yəni Natəvanın Xasay xanla qohumluq əlaqəsi vardı. 

Bu izdivacdan onların Mehdiqulu adında bir oğlu, Xanbikə adında bir qızı dünyaya gəlir. 

Amma sonradan Xan qızı başa düşür ki, onu oyuna salıblar, Xasay xandan ayrılır və Seyid Hüseyn adlı rəiyyət içindən çıxmış bir şuşalıya ərə gedir. Bu da Qarabağ bəylərinin  xoşuna gəlmir ki,  Xan qızı  rəiyyətlə evlənib. Necə ki, Həmidə xanım Mirzə Cəlilə ərə gedəndə Qarabağ bəyləri Həmidə xanımdan incimişdilər, amma Həmidə xanımın qorxusundan bir söz deyə bilmirdilər. 

Mehdiqulu Usmiyev  ata tərəfə çəkir, rus zabitləri kimi o da sərxoşluq edir, əyyaşlıq edir, qumar oynayır. Xan qızı Ağdam şəhərini Mehdiquluya bağışlayıbmış. Bir gün qumarda Mehdiqulu Ağdamı uduzur. Bundan sonra anasının bir sandıq  qızılını oğurlayır, ona görə də  ikinci su xətti yarımçıq qalır və Mehdiqulu həbs olunur.  Xan qızı da oğlunun Sibirə  sürgününün qarşısını almaq üçün Şuşa həbsxanasını tikdirir. 

Natəvanın ikinci ərindən də  övladları olur. Oğlu Mir Abbas çox cavan vaxtı  vəfat edir. Bu da təbii ki,  bütün analar kimi Xan qızına  çox böyük  təsir edir. Ömür boyu bu faciəylə yaşayır.  Qədir Rüstəmovun oxuduğu «Neyçün gəlməz» mahnısının sözləri də Natəvana aiddir. O, bu qəzəli vaxtsız ölən oğlu  Mir Abbasa həsr edib. Qədir də bu mahnını elə yanıqlı oxuyur ki, Xan qızının  ruhu həmişə onu eşidir.

Onu da qeyd edim ki, Xan qızı  bizim nəslə də böyük bir yaxşılıq edib. Ulu babam  Kərbəlayı Abbas yeddi qardaşı ilə birlikdə qaçaq-quldurluq edibmiş. Babam qardaşları ilə Ağdam bazarını dağıdıb yağmalayır, sonra Xan qızı onu tapdırıb yanına  çağırtdırır. Xahiş edir ki, o apardığı malların da bir hissəsini  qaytarsın, desinlər ki, Xan qızı malını qaytartdı, yəni onu nüfuzdan salmasın.  Babam da onu eşidir. Bundan sonra Xan qızı  onu əfv elətdirir və indiki Ağcabədi rayonunun Bayat obasının yaxınlığında bir kənd və torpaq bağışlayır.  Babam da dağ Kolanıdan nəslini götürüb gedir həmin kənddə binə qurur. İndi həmin kənd Kolanı adlanır və bütün kənd camaatının familiyası da əsasən Kərbəlayı Abbasın adına Abbasov soyadı daşıyır. Sonra da oğlu Kərbəlayı Muxtara, yəni mənim babama Pənah xanın nəslindən olan Paşa bəyin qızı Əsmət xanımı  alır. Yəni mənim atamın anası bəy qızıdı. Ona görə də anası seyid olanlara cümə  günləri seyidlik düşdüyünə görə, mənə də nənəm bəy qızı olduğundan cümə günləri bəylik düşür. 

Mən də hər dəfə xanımımın yanında şellənəndə ki, xan-bəy nəsliyəm.

İradə də deyir:

- Burnunu silməyindən bilinir.

Bu yazını yazmaqla Xan qızı qarşısında günahımı yumaq istədim.  Həm də gələcəkdə  kiminsə mənə istinad edərkən səhv etməməsini istədim. 


 “Ədəbiyyat və incəsənət”

(12.06.2024)

 

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə iyunun 10-dan 14-dək Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin iştirakçılarına müraciət edib. AzərTAC bu barədə Özbəkistan mediasına istinadla xəbər verir.

 

Özbəkistan Prezidentinin müraciətində deyilir: “Azərbaycan Mədəniyyəti Günləri qardaş Azərbaycan torpağında keçirilən Özbəkistan Mədəniyyəti Günlərinin məntiqi davamıdır”.

 

Şavkat Mirziyoyev əmin olduğunu bildirib ki, özbək xalqı qardaş Azərbaycan xalqının qədim və zəngin mədəniyyəti, incəsənəti, ədəbiyyatı, milli adət-ənənələri və dəyərləri, Azərbaycan Mədəniyyəti Günlərinin iştirakçıları isə Yeni Özbəkistanda gedən dəyişikliklər, həmçinin onun tarixi və mədəni xüsusiyyətləri ilə yaxından tanış ola biləcəklər.

 

Qeyd edək ki, iyunun 12-də Özbəkistanın Təsviri İncəsənət Qalereyasında “Azərbaycan milli irsi sənət incilərində” adlı sərgi təşkil olunacaq. Özbəkistan Dövlət İncəsənət və Mədəniyyət İnstitutunda Azərbaycan Dövlət “Yuğ” Teatrının “Mən mənəm” tamaşası nümayiş olunacaq.

 

Həmin gün özbək sənətsevərlər dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasına tamaşa edəcəklər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı bu dünya şöhrətli əsəri Əlişir Nəvai adına Dövlət Akademik Teatrında təqdim edəcək.

 

İyunun 13-də Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində tanınmış tarixi romanlar müəllifi Məmməd Səid Ordubadinin “Qılınc və qələm” kitabının təqdimat mərasimi keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)

“Ədəbiyyat və incəsənət” portalı Təranə Turan Rəhimlinin yeni şeirlərini təqdim edir. 

 

 

ÖMÜR BELƏ YAŞANAR

 

İşıq qadın – Qənirə xanımın əziz xatirəsinə

 

Dünyaya Haqq yolunda

İşıq olmağa gəldin.

Hamını elə sevdin

Səni doğması bildi.

 

Qolların hey uzandı

Hər ürəyi qucmağa.

Əlin qonan çiyinə

Qanad taxdın uçmağa.

 

Ümid çırağı oldun

Gözünə dəyən gözə.

Köksünə sığmır deyə

Könlünü verdin sözə.

 

Allahın lütfü idin

Bu millətə, bu yurda.

Haray saldın aləmə

Vətən qalanda darda.

 

Səndən öyrəndi çoxu

Mərhəməti, ülfəti.

Təmənnasız sevməyi,

Kimsəsizə hörməti.

 

Dərdliyə əl uzadan,

Güc verən, İşıq Qadın.

Sevgisi, eşqi başqa,

Allaha aşiq qadın.

 

Şəhid analarının

Təsəllisi, dayağı,

Ayağının altında

Açıldı cənnət bağı.

 

Yol aldın uzaqlara,

Turan ağlayıb bitdi.

Utandırdın əcəli,

Elə dəyərlə getdin.

 

Həyatınla göstərdin

Şərəf necə daşınar.

Ölümünlə dərs verdin:

Ömür belə yaşanar

 

 

AD GÜNÜ BİR ADDIM DAHA

ÖLÜMƏ YAXINLAŞMAQDI

 

Həyat – heçdən, yoxluqdan

Var olmağa gəlməkdi.

Ölüm – həyatda nə varsa

Son anda qədrin bilməkdi.

 

Ömür – hara getdiyini

Bildiyin yola çıxmaqdı.

Yol – qalaq-qalaq arzuyla

Yazıq ürəyi sıxmaqdı.

 

Sevgi – qəlbin hasarından 

Yaxın bir qəlbə aşmaqdı.

Ad günü – bir addım daha

Ölümə yaxınlaşmaqdı.

 

 

ŞAİRLƏR

 

Adil Mirseyidi itirdik...

Min il özünə yol gəlir

Özünü bilənə kimi.

Yüz kərə dirilib ölür

Əcəli gələnə kimi. 

 

Hörümçək kimi tor qurur,

Torunu içinə yığır.

Nə dərd var sinəyə çəkir,

Tüstülənib şeir çıxır. 

 

Dağnan, bulaqnan dərdləşir,

Sıxır qayanın əlini.

Daşa danışmaq öyrədir,

Bilmir kor bəxtin dilini.

 

Allahın gözü üstündə,

Qəlbində Allah işığı.

Qocaldır, böyütmür Allah

İçindəki saf uşağı.

 

Sözündən asılıb ölür,

Qoymur sözü boğulmağa.

Bezib köhnəlmiş ömürdən

Ölür təzə doğulmağa. 

 

 

ÖMÜR SÜRƏT QATARIDI

 

Allah, məni kimdi qovan?

Kim bu nəfəsimi kəsən?

Ömrü kimdi tələsdirən?

Kimdi içimdə tələsən?

 

İllər sürət qatarıdı, 

Ay başlayan kimi bitir.

Həftələr hey itələşir, 

Günlər qovhaqovda itir.

 

Gecə-gündüz gözgörəti

Zaman mənə savaş açır.

Saniyəylə yarışıram,

Saatlar əlimdən qaçır.

 

Xatirəyə hopur anlar,

Hər şey dönüb keçmiş olur.

Tələsik açılır səhər,

Tez-tələsik vədə dolur.

 

İş-güc caynağına alıb

Ley kimi aparır məni.

Özümə qıymadığım vaxt

Özümdən qoparır məni.

 

Bu günüm tez dünən olur,

Sabahı qucub gedirəm.

Mən həyatı yaşamıram, 

Üstündən uçub gedirəm.

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Aprelin 1-də, 2014-cü ilin mülayim yaz günündə o dünyadan köçdü. 85 yaşında. 1 aprel bizlərdə aldatma günü kimi qeyd edilir, odur ki, çoxu bu xəbərə inanmadı. 

1928-ci ilin 12 iyununda isə o, dünyaya gəlmişdi. İsti yay günündə, Azərbaycana böyük ədiblər bəxş etmiş Qazax mahalında, Muğanlı kəndində. 

 

Söhbət Azərbaycanın Xalq Yazıçısı, ədəbiyyatımızın qızıl fonduna “Məhşər” və “İdeal” kimi romanlar bəxş etmiş İsa Muğannadan gedir. 

Ömrünün son dönəmlərində xəstə idi, əlifba dəyişildiyindən bütün ədəbi irsinin kiril əlifbasında qalmasının xiffətini eləyirdi, yazıb yaratmaq istəyir, amma nəşr və çap prosesinin ağırlığının qorxusunu yaşayırdı. Belə bir dönəmdə “Hədəf” nəşriyyatının qurucusu, gözəl ziyalımız, ictimai xadimimiz Şəmil Sadiq dahi yazıçının köməyinə tələsdi, onun kitablarının nəşrini öz boynuna götürdü. “İsa Muğanna yaradıcılığı “İdeal” işığında” adlı monoqrafiya isə Şəmil Sadiqin İsa Muğanna şəxsiyyətinə hörmətinin bir təzahürü oldu. Bu, yazıçıya həsr edilmiş ilk irihəcmli elmi əsəsr kimi tarixə düşdü. 

 

Bəli, bu gün böyük yazıçının anadan olmasının 96-cı ildönümüdür. 

İsa Muğanna Muğanlı kənd məktəbində dərs deyən Mustafa Hüseynovun ailəsində dünyaya gəlib. Uşaqlıqdan yazı-pozuya həvəs göstərib. 

Orta məktəbi bitirdikdən sonra, onda 1945-ci il idi, Tibb İnstitutuna daxil olsa da 4 ay sonra kəndə qayıdıb. Özünü bu sahədə görməyib. Sonradan qəlbinin səsi ilə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. Ədəbiyyat sevgisini rəsmiləşdirib. O dövrdə SSRİ-nin gənc şair və yazıçılarından ən istedadlıları Moskvaya, Qorki adına Ədəbiyyat İnstitutuna göndərilirdi. İsa da seçilmişlətdən olub, 1952-ci ildə oxuyub oranı bitirib.

Bakıya döndükdən sonra Azərnəşrdə Ədəbiyyat şöbəsinin redaktoru (1952–1954), "Literaturnıy Azəerbaydjan” qəzetində nəsr şöbəsinin müdiri (1960–1964), “Azərbaycanfilm” kinostudiyasında baş redaktor (1964–1968), redaktor (1968–1974), Ssenari şurası üzvü (1974–1979), Azərbaycan SSR Dövlət Kinemotoqrafiya Komitəsində baş redaktor (1979) vəzifələrində çalışıb.

1948-ci ildən ədəbi fəaliyyətə başlamış İsa Muğannanın "Anadil oxuyan yerdə" yazısı ilk dəfə 1949-cu ildə “İnqilab və mədəniyyət” qəzetində çap edilib. 1950-ci illərdən etibarən kitabları nəşr olunub. 

Ssenariləri əsasında ("26 Bakı Komissarı", "Nəsimi", "Ulduzlar sönmür" , "Tütək səsi" , "Nizami" və s.) filmlər çəkilmiş, əsərləri xarici dillərə tərcümə olunmuşdur. "26 Bakı Komissarı" filmi 1968-ci ildə Ümumittifaq Leninqrad Festivalının ən yaxşı tarixi-inqilabi film mükafatını almışdır.

İsa Muğanna 1976-cı ildə Əməkdar İncəsənət xadimi fəxri adına, 1978-ci ildə “Şərəf nişanı” ordeninə, 1988-ci ildə Xalq yazıçısı fəxri adına, 1998-ci ildə İstiqlal ordeninə, 2002-ci ildən Azərbaycan Prezidentinin Fərdi Təqaüdünə layiq görülmüşdür. 

 

Şəmil Sadiq demiş, “… bu möcüzəli yazarın mistik, magik həyatı maraqlı olduğu qədər, yaradıcılığı da maraqlıdır. “Məhşər” romanından sonra yeni bir yaradıcılq yolu başlayan sənətkar ədəbiyyatımızda iki ayrı düşüncəli, üslublu, fərqli baxış sərgiləyən iki yazarı bir bədəndə yaşatdı. Amma birini qəddarcasına öldürüb, ikincisinə ilahi nəfəs verdi. Birinci yazarın – Hüseynovun yaradıcılığı nə qədər çox oxunsa da, təhlil edilsə də, danışılsa da, ikinci yazarın - Muğannanın “İdeal”dan sonra yazdığı əsərlərin tarixi, yazılma və çap olunma dövrləri, çapdakı maneələr və müəllifin əsərlərinə dönə-dönə qayıtmasının səbəbləri, İsa Muğannanın bir postmodernist və magik realizmin banisi, yeni ideoloji konsepsiyanın yaradıcısı kimi parlaması, dinə olan yeni baxışı, romanlarının poetikası daha önəmli oldu.”

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.