Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Ədalət SALMANın şeirləri  təqdim edilir.

 

Bayrağım

 

Çox məşəqqətlər çəkdi

Elimiz Qarabağda.

Ucaltmağa çatmadı

Əlimiz Qarabağda.

Səni öyə bilmədi

Dilimiz Qarabağda.

Gör neçə il yaşadıq

Bu həsrətlə, Bayrağım.

Dalğalan başım üstə

Əzəmətlə, Bayrağım!

 

İgidlərin zərbindən

Tülkü tək qaçdı yağı.

Zirvələrə sancıldı

Qalibiyyət bayrağı.

Dosta Zəfər müjdəsi,

Düşmənə sən göz dağı.

Bədxahlarım boylansın

Qoy həsədlə, Bayrağım.

Dalğalan başım üstə

Əzəmətlə, Bayrağım!

 

Varlığınla tanıtdın

Dünyaya bu Vətəni,

Öpüb gözümüz üstə

Qoymuşuq hər vaxt səni.

Neçə şəhidin oldun

Sən müqəddəs kəfəni.

Anırıq ehtiramla,

Fəxarətlə, Bayrağım.

Dalğalan başım üstə

Əzəmətlə, Bayrağım!

 

Sən sülhün keşikçisi,

Səadət nişanəsi,

Haqq-ədalət carçısı,

Həqiqət nişanəsi.

Bu torpağın, bu xalqın

Sən qeyrət nişanəsi,

Durdun düşmən önündə

Mətanətlə, Bayrağım.

Dalğalan başım üstə

Əzəmətlə, Bayrağım!

 

Vətənimin adıyla

Adın çəkilir qoşa.

Hər dəfə yüksələndə

Qəlbimiz gəlir cuşa.

Günəştək ucal göyə,

Ucalarda hey yaşa!

Seyr etsin Türk dünyası

Məhəbbətlə, Bayrağım.

Dalğalan başım üstə

Əzəmətlə, Bayrağım!

 

Şəhidlər xiyabanı

 

Ayaq saxla, asta keç

Şəhidlərin yanından.

Onlar Vətən yolunda

Keçiblər öz canından.

Bayrağım da rəng alıb

Şəhidlərin qanından.

Burda uyuyur neçə

Müharibə qurbanı.

Ziyarət et buranı,

Ziyarətgahın olsun

Şəhidlər xiyabanı.

 

Hər şəhidə qoyulan

Bir heykəldi başdaşı.

Burda daşları yuyur

Anaların göz yaşı.

Şəhidlərin müqəddəs

Ruhu burda dolaşır.

Ehtiramla yad elə,

Əziz tut bu məkanı.

Xalqımın qan yaddaşı,

Bir ölməzlik dastanı, -

Şəhidlər xiyabanı.

 

İgid oğullarıyla

Vətən hər vaxt öyünür.

Şəhidlərin ürəyi

O məşəldə döyünür.

Qürur hissi keçirir,

Qəlbimiz dağa dönür.

Bu yurdun yaxasında

Bir fəxarət nişanı.

Müqəddəs and yerimiz,

Əbədiyyət ünvanı, -

Şəhidlər xiyabanı,

Şəhidlər xiyabanı!

 

Şəhid anası gəlir

 

Bu yurdun igidləri

Sipər etdi özünü,

Vətənə qurban getdi

Heç qırpmadan gözünü.

Öz qanıyla tarixə

Yazdı Zəfər sözünü.

Qarabağda Bayrağım

Əzəmətlə yüksəlir.

Ehtiramla baş əyin,

"Vətən sağ olsun!"- deyən

Şəhid anası gəlir,

Şəhid atası gəlir!

 

Qarabağım məkrlə

Əlimdən alınmışdı.

Neçə yüz min soydaşım

Doğma yurd-yuvasından

Didərgin salınmışdı.

Malı, mülkü, sərvəti

Talanıb çalınmışdı.

Farsa, rusa güvənib

Ağnayırdı yurdumda

Erməni ulaqları.

Otuz ildi kar idi

Dünyanın qulaqları.

Eşitmirdi səsimi

Haqq-ədalət adından

Danışan o ölkələr.

Otuz ildi yurdumun

Başı üstə gəzirdi

Qara-qara kölgələr.

Daha bizi üzmüşdü

Boş vədələr, "bəlkə"lər.

 

Fəqət, Haqqın Günəşi

Dağıdaraq buludu

Doğdu Qarabağımda!

Cəngavər igidlərim

Erməni faşistləri

Qovdu itiqovantək,

Boğdu Qarabağımda!

Əsarətdən qurtuldu

Neçə kəndim, şəhərim.

Yenə güldü üzümə

Qarabağda səhərim.

 

Qəhrəman şəhidlərim

Əyilməyə qoymadı

Millətimin qürurun.

Yaradan da onlara

Pay vermişdi öz nurun.

Qarşısında diz çökün,

Dağlar, salama durun!

Şəhidləri xalqımın

Hamı baş tacı bilir.

Şəhidlər qanı hopmuş

Al Bayrağa bürünüb

Şəhid anası gəlir,

Şəhid atası gəlir!

 

Mübariz

 

Milli Qəhrəmanımız 

Mübariz İbrahimova

 

O mənfur düşmənin başının üstə,

O gecə şimşək tək çaxdı Mübariz!

O gün daş qoymadı daşının üstə,

Düşməni odlara yaxdı Mübariz!

 

"Biz şəhid olsaq da, sağ olsun Vətən!" -

Deyib irəliyə şığıdı birdən.

Düşmənin üstünə gör neçə yerdən,

Güllətək, mərmitək yağdı Mübariz!

 

Göz aça bilmədi o gecə yağı,

Gördü qisasımı intiqam çağı.

Şəhidlər qanına batan bayrağı

Əsir torpaqlara taxdı Mübariz!

 

Türk oğlu dünyanı saldı heyrətə,

Vicdanı yatmışlar gəldi qeyrətə.

Vətən səmasından əbədiyyətə

Parlaq ulduz kimi axdı Mübariz!

 

Yaralı torpağı anası sandı,

Səməndər quşutək Vətənçün yandı.

Düşmən qarşısında mətin dayandı,

Yenə səngərdədi, sağdı Mübariz!

 

Qəlbimizdə yaşayırsınız

 

Qarabağ döyüşlərində itkin düşmüş Mübariz İsayevə və bütün şəhidlərimizə

 

Can fəda etdiniz bu yurd uğrunda,

Siz şəhid adını daşıyırsınız.

İtkin düşsəniz də Vətən yolunda,

Elin yaddaşında yaşayırsınız!

 

Düşmən endirəndə bayrağımızı

Silaha sarılıb öndə getdiniz.

Aldıq səngərlərdən sorağınızı,

Əsir torpaqları azad etdiniz.

 

Qalmadı düşmənin daşı daş üstdə,

Yenə dalğalandı məğrur bayrağım.

Özünüz geriyə dönməsəniz də,

Geriyə qayıtdı öz Qarabağım.

 

Vətən öz qoynunda dəfn edib sizi,

Hamı yad eləyir xeyir-şərində.

Mələklər qaldırıb cənazənizi

Tanrı dərgahına çiyinlərində.

 

Can fəda etdiniz bu yurd uğrunda,

Siz şəhid adını daşıyırsınız.

İtkin düşsəniz də Vətən yolunda,

Bizim qəlbimizdə yaşayırsınız!

 

Şəhidim

 

Nur üzlü şəhidimiz Mirəli Mirfəttah 

oğlu Təhməzovun əziz xatirəsinə

 

Tanrının ən sevimli bəndəsi, nurdu şəhidim,

Bizə başucalığı, daim qürurdu şəhidim.

 

Vətənin çağrışına əldə silah getdi həmən,

Düşmənin qarşısında dağ kimi durdu şəhidim.

 

Qəhrəman oğullartək öz dəmir yumruğunu

Yurdumu zəbt edənin başına vurdu şəhidim.

 

Şəhidlik zirvəsinə ucalsa da haqq yolunda,

Bizim üçün həmişə sağdı, məğrurdu şəhidim.

 

Ey Ədalət, şəhidə nə qədər yazsan da, azdı,

Qəlbimizdə əbədi abidə qurdu şəhidim.

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Bəlkə də lətifədir, bəlkə də olmuş hadisə, mən də belə eşitmişəm:

Bir dəfə Rəmişin üç yüz rubl borcu yaranır. Borclu olduğu adama kişi sözü verir ki, sabah axşam qaytaracaq. Bir gün keçir. Axşama bir qədər qalmış bir-bir dostlarına zəng vurub üç yüz rubl əl borcu pul istəsə də, hərə bir bəhanə gətirib pul verməkdən boyun qaçırır. Gecənin bir aləmində borc sahibi zəng vurub Rəmişə yalançı çıxdığına görə, ağzına gələni söyləyir...

 

Səhəri gün Rəmiş toyda olanda, bir nəfər ona yaxınlaşaraq üç yüz rubl verib "Ana ürəyi" mahnısını çalmağını sifariş edir. 

Rəmiş bir pula baxır, bir də sifariş verənə. Və deyir- bu pul mənə dünən lazım idi, buna görə kiminsə qarşısında... Xahiş edirəm, pulunu götür, gözüm görməsin. Və Rəmişin sehirli barmaqlarının ifasında "Ana ürəyi" musiqisinin səsi toyxanaya yayılır...

 

Yaşasaydı noyabrın 14-də Rəmişin 80 yaşı tamam olacaqdı. Maraqlıdır, görəsən Bərzəx əhli keçmiş ad günlərini qeyd edirlərmi?..

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Dünyamız sürətlə dəyişir. Texnologiyanın inkişafı qlobal iqtisadiyyatın qarşılıqlı əlaqələri və iqlim dəyişikliyi kimi məsələlər yalnız müəyyən bir ölkəni və ya regionu deyil, bütün dünyanı birbaşa məşğul edir. Bu səbəbdən qlobal mövzular yalnız bir ölkənin deyil, bütün planetin üzləşdiyi ümumi problemlərdir. İnsanlıq tarixində heç vaxt olmadığı qədər qlobal əməkdaşlıq və hərtərəfli yanaşmalar tələb olunur. Qlobal mövzuların əhəmiyyətini və onların gələcəyimizə olan təsirini anlamaq bugünün ən vacib məsələlərindəndir. 

 

1. İqlim Dəyişikliyi və Ekoloji Böhran

İqlim dəyişikliyi bəlkə də bu dövrün ən böyük və ən təcili qlobal problemidir. Dünya əhalisinin artması, sənayeləşmə, kənd təsərrüfatı və nəqliyyat sektoru kimi sahələrdən yaranan karbon emissiyaları, dünya iqlimini ciddi şəkildə dəyişdirməkdədir. Qlobal istiləşmə, buzlaqların əriməsi, okean səviyyəsinin yüksəlməsi, quraqlıq, sel və digər ekstremal hava hadisələri, yalnız bir regionu deyil, bütün planetin ekosistemini təhdid edir. Bu səbəbdən, qlobal səviyyədə iqlim siyasətlərinin qəbul edilməsi, yenilənə bilən enerji mənbələrinin təşviqi və karbon emissiyalarının azaldılması istiqamətində birgə fəaliyyət vacibdir. 

 

2. Qlobal İqtisadiyyat və Ticarət

Qlobal iqtisadiyyatın qarşılıqlı əlaqələri bir ölkənin iqtisadi vəziyyətinin digərinə necə təsir etdiyini daha da aydınlaşdırır. Son illərdə qlobal ticarət şəbəkələri, istehsalın və sərmayənin hüdudları aşaraq bir çox ölkəni birləşdirən ticarət və istehsal zəncirləri yaratmışdır. Bu əlaqələr iqtisadi böhranlar və maliyyə böhranlarıkimi qlobal təsirə malik hadisələri doğurur. 2008-ci il maliyyə böhranı buna bir nümunədir. Bugünkü qlobal iqtisadiyyatın təkmilləşdirilməsi ədalətli və davamlı inkişaf prinsiplərinə əsaslanmalı və zənginliklə yoxsulluq arasındakı uçurumu azaldacaq yeni model təklif etməlidir. 

 

3. Səhiyyə və Pandemiyalar

COVID-19 pandemiyası səhiyyə məsələlərinin qlobal təcili vəziyyətə gətirilməsi üçün bir dönüm nöqtəsi oldu. Pandemiya bütün dünya ölkələrini eyni anda təsir edərək səhiyyə sistemlərindəki çatışmazlıqları və qlobal əməkdaşlığın əhəmiyyətini üzə çıxardı. Gələcəkdə səhiyyə sistemlərinin gücləndirilməsi, pandemiyalara qarşı hazırlıq və vaksinlərin ədalətli paylanması daha böyük bir əhəmiyyət kəsb edəcək. Bundan əlavə, ətraf mühitin qorunması və sağlam həyat tərzinin təşviq edilməsi kimi məsələlər də qlobal səhiyyə siyasətlərinin ayrılmaz hissəsi olacaqdır. 

 

4. Texnologiya və Süni İntellekt

Texnologiyanın sürətli inkişafı cəmiyyətlərin sosial strukturlarını, iqtisadiyyatlarını və gündəlik həyatlarını köklü şəkildə dəyişdirir. Süni intellekt (AI), robot texnologiyası, biotexnologiya və digər qabaqcıl texnologiyalar yalnız müəyyən bir sahə ilə məhdudlaşmır, onlar qlobal miqyasda həyatın hər aspektini yenidən şəkilləndirir. Bu sahələrin etikası iş gücünün gələcəyi, məlumat təhlükəsizliyivə dövlətlərarası rəqabət yeni qlobal problemləri gündəmə gətirir. İnsan hüquqları və bərabərsizlik məsələləri bu texnologiyaların tətbiqində diqqət yetirilməli olan ən vacib amillərdən biridir. 

 

5. Təhlükəsizlik və Geosiyasi Gərginliklər

Geosiyasi gərginliklər və münaqişələr qlobal təhlükəsizlik məsələlərinin əsasını təşkil edir. Dünyadakı silahlı münaqişələr, mühacirət böhranları, terrorizm və təbii fəlakətlər qlobal miqyasda daha çox əməkdaşlıq və dialoq tələb edir. Qlobal təhlükəsizlik yalnız hərbi məsələlərlə bağlı deyil, həm də iqtisadi, ekoloji və sosial problemlərin qarşısının alınması ilə əlaqədardır. BMT və digər beynəlxalq təşkilatlar qlobal təhlükəsizliyin təmin edilməsi üçün kritik rol oynayır. 

 

6. Qlobal Təhsil və Sosial Bərabərlik

Təhsil hər bir cəmiyyətin inkişafının təməlini təşkil edir. Lakin dünyada hələ də təhsilə bərabər çıxış imkanı olmayan bölgələr mövcuddur. Qlobal miqyasda təhsil sistemlərinin bərabərləşdirilməsi, ənənəvi təhsil metodlarının modernləşdirilməsi və xüsusilə qızların təhsilinə xüsusi diqqət yetirilməsi qlobal bərabərliyin artırılmasına kömək edəcəkdir. Sosial bərabərlik, eyni zamanda, hər bir insanın layiq olduğui mkanları əldə etməsi üçün hüquqi və sosial mühitin yaradılması anlamına gəlir. 

 

Nəticə: Qlobal Əməkdaşlıq və Fəaliyyət

Qlobal mövzular təkcə bir millətin və ya ölkənin üzləşdiyi problemlər deyil, hamımızın birgə həll etməli olduğumuz məsələlərdir. Bu səbəbdən, hər bir fərd, ölkə və beynəlxalq təşkilat bu məsələlərə öz töhfəsini verməli, qlobal səviyyədə əməkdaşlıq etməlidir. Gələcəkdə qarşılaşacağımız çətinliklərə daha hazırlıqlı olmaq və davamlı bir dünya yaratmaq üçün təhsil, texnologiya, iqtisadiyyat, səhiyyə və təhlükəsizlik sahələrində birgə hərəkət etməyin əhəmiyyəti artacaq. Hər bir ölkə öz milli maraqlarını güdməklə yanaşı, qlobal maraqları da ön planda tutaraq daha yaxşı və ədalətli bir gələcək üçün çalışmalıdır. 

 

“Ədəbiyyat və incəsənət”

(14.11.2024)

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Estrada-simfonik orkestrinin Bakıda keçirilən COP29-a həsr olunan konserti keçirilib.

 

AzərTAC xəbər verir ki, konsertdə səsləndirilən parlaq estrada nümunələri, teatrın solistləri İlhamə Qasımova, Taleh Yahyayev, Rövşən Qəhrəmanov, Aynur İsgəndərli, Fəxri Kazım Nicat, Mədinə Kazımovanın ifaları tamaşaçılara unudulmaz anlar bəxş edib. Orkestrin səs zənginliyindən həzz alan qonaqlar həm klassik əsərləri, həm də müasir aranjimanları özündə birləşdirən bir proqram dinləyiblər. Gecədə estrada janrının enerjisi ilə tamaşaçıların xoş münasibəti ahəngdar, cəlbedici aura yaradıb.

 

Konsert proqramını yerli musiqisevərlərlə yanaşı, şəhərimizin qonağı olan turistlər də maraqla izləyiblər.

 

Orkestrin bədii rəhbəri Xalq artisti Salman Qəmbərov, dirijoru Əməkdar incəsənət xadimi Vasif Axundov və Elbəy Məmmədzadədir.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2024)

Wednesday, 13 November 2024 19:13

“Dədəm” - İlham Qəhrəmanın hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə İlham Qəhrəmanın hekayəsi təqdim edilir.

 

Uşaq yaddaşı daşa həkk olunmuş yazı kimidir.

Məhəmməd peyğəmbər (s.a.v.)

 

- Burdan bir atlı keçmədi?

- Keçdi.          

- Çaparağıdı, yorğaraq?

- Çaparaq (və ya yorğaraq).

- Çapsaq, çatarıq?

- Həəə.

- Dəh-dəh-dəh-dəh-dəəhhh!

Bu sual-cavabdan ibarət qısa dialoq dədəmlə bağlı xatirələrimin əvvəlincisidi. Yadımdadı, Sus kəndinin Aşağı bağdakı çəmənliyində arxası üstdə uzanıb məni qarnına mindirirdi. Atlı haqqında soraqlaşmanın həm sualını, həm də mən əvəz cavabını deyib tamamlayandan sonra "dəh-dəh" deyib at çapışı qarnında məni atıb-tuturdu. Ardınca əlləri və dizləri üstdə at şəkli alıb  məni belində gəzdirirdi. Papağının dimdiyini geri hərləyib "höl-höl" deyə-deyə mənimlə qoç kimi hölləşirdi. Balaca vaxtı nənəm mənə Bozu deyirdi, dədəm Dədəbalası çağırırdı. Yaxşı işimi görəndə ağızdolusu "dədəbalası" deyirdi, işim xoşuna gəlməyəndə Ağəmmədlərə - Qızılcada nənəmin mənsub olduğu tirə - çəkdiyimi deyirdi. Nənəm nadir hallarda adını çəkərdi, eləcə ortalığa danışardı. Adını çəkməsə də, dinləyənlər bilirdi ki, dədəmdən söhbət gedir. Nənəm hərdən dədəmə özünəməxsus ad qoyub bizimlə məzələnirdi. Aralıdan gələn dədəmi uşaqlardan birinə göstərib deyirdi:

- Dədikun gəlir.

Dədəmin dədəsinin adı Nemət olub. Nemət babam Sus kəndində və ətrafda ən varlı adam olub. Kollektivləşmədə babamın 300 qoyunu çobanı və itiylə kolxoza alınır. Bu haqda kolxozun qaytanlı kitabında mal-dövləti kolxoza alınmış şəxs kimi (Sus, Qızılca, Zabux) bircə babamın adı varıdı. Babam səxavətli kişi olub. Kəndin xeyir-şəri üçün həmişə sürüsündən heyvan ayırarmış. Dədəm danışırdı ki, qonşu erməni kəndi Xənəzəyə getmişdim. Ata nal-mıx almaq üçün dəmirçi dükanına girdim. Dəmirçi erməni Susdan olduğumu biləndə atamı soruşdu. Dedim, Nemətin oğluyam. Bunu deyəndə erməni yuxalıb ağladı. Dədəmi maraq bürüyür. Erməni deyir ki, aclıq illərində getdim Susda Nemətin qapısına. Uşaqların ac olduğunu deyən kimi, 2 öküzə buğda yüklətdirdi, yanıma da 2 adam qoşub dedi, bu adamı aparın çaydan (Zabux çayı) adladın, getsin evinə. Bir dəfə də yay vaxtı uzun boylu, buxara papaqlı, əlində çəlik şərq ziyalısı görkəmində bir adam gəldi çıxdı alma bağında olduğumuz dəfə. Dədəmlə çox mehriban görüşdü. Özünü isnad verəndə məlum oldu ki, kişi Laçının Alıqulu kəndindəndir, şəhərdə (Laçında) yaşayırlar. Adı Seyid Abbasdır. Nemət babamla dost olublar. Babamın xeyirxahlığıyla bağlı xatirələrini danışdı. Abbas kişi Alıquluya qaçqın gəldiklərini, babamın onlara heyvan damazlığı verdiyini, darda hamıya əl tutan olduğunu dedi. Sonradan bu kişinin din adamı, Quran hafizi olduğunu gördüm.

Kolxoz qurulandan sonra babamın keçmiş çobanının anası ölür. Çoban dağdan gəlir babamın üstünə ki, ehsan verməyə ətlik heyvan yoxdu. Babam deyir ki, bəs heyvan kolxozdadı, sədrə denən anan ölüb, ehsanlıq versinlər. Çoban kolxoz sədrinə bu haqda deyir və cavabında sədrdən gözağartması alır. Babam ondan sonra kolxozun nə olduğunu başa düşür. Bir müddət sonra o vaxt Laçında NKVD olan şəxs gəlir babama deyir ki, atını da ver. Babam deyir, "qoyunu sürüynən apardınız, ata dəymə". NKVD ev yıxmaqda Laçında ad çıxartmış adam idi. Onun əliylə Laçında çoxları kulak adıyla uzaq diyarlara sürgün edilmişdi. NKVD atı götürüb gedir. Susun qənşərindəki dikdən aşanda at bir dəfə kişnəyir, babam qapıda keçinir. Dədəsi öləndə dədəm də, özündən böyük bacısı Həvva mamam da ağlıkəsməz yaşda olurlar. Heç biri atasını xatırlamırdı. Babamın ölümündən sonra oğrular Susdakı ağ evindən - o dövrdə ancaq imkanlı adamların ağ evi olurdu - bir gecədə 12 gəbə aparırlar. Günü bu gün də Susda qoşa qazma tövlələri durur. Sus qəbiristanlığındakı başdaşında ərəb əlifbasında yazı vardı. Bakıda "Bilik" cəmiyyətində kursa getdim ki, əlifbanı öyrənim, başdaşındakı yazını oxuyum. Kursu bitirənə qədər Laçın işğal olundu...

Dədəm çox zəhmətkeş, işcanlı adam idi. Əgər görüləsi iş vardısa, axıra çatdırmayınca rahatlıq tapmazdı. Hər işin çəmini bilən idi, gördüyü işi səliqəylə - cani-dildən  görərdi. Evimizdə kəndçilikdə işlənən hər bir həcət vardı. Evində həcəti olmayan kişilərə "korocaq" deyirdi. Mən balaca olanda yaxşı çarıq tikirdi. Sus kəndinin cavan qız-gəlini toylardan əvvəl çarıqlıq gön götürüb bizə gələrdilər. Dədəm həvəslə onlara üçburun (gülburun da deyirdilər) çarıq tikərdi. Çox halal adam idi. Deyirdi, bizim evə haram düşmür. Təxminən, 4, ya 5 yaşım olardı, yazda Laçının altındakı dərənin ağzında (indiki "Laçın pavilyonu"nun sol tərəfi) düşərgə salan  köçü gecə qəflətən sel tutur. Yaddaşım məni aldatmırsa, köç İmişlinin Əlipənahlı tərəkəmələri idi. Sel alaçıq qarışıq dolu farmaşları Həkəriyə axıdır. Biz o vaxtı Sus kəndinin çayqırağı alma bağındakı dəfdə olurduq. Hadisə bizdən 4-5 kilometr yuxarıda olmuşdu. Səhər-səhər gördüm dədəm alma bağının çəpərinin üstünə gəbə-kilim, yorğan-döşək sərir, çəpərin dibinə nehrə, qazan qoyur. Gəbə-kilimlər qumlu idi. Dədəm bu şeylərin bəzisini gecə daşan çay səhər yatandan sonra çaylaqdan tapmış, bəzisini lildən çıxartmışdı. Qənşər yerə sərirdi ki, sahibləri axtaranda görsünlər. Günortadan sonra tərəkəmə atlıları gəldilər dədəmin seldən çıxartdığı bu şeyləri alxış eləyə-eləyə atlarının üstünə atıb apardılar. Sonralar dədəm evdə deyinirdi ki, filan naxırçı bu ziyanlıqdan tapdığı şeyləri Xırman təpənin dalındakı böyürtkən şəlində gizlədibmiş.

Dədəm çox qonaqpərvər idi. Yadımdadı, Padşahlı körpüsünün (Nikolay körpüsü də deyirdilər) yanında Yol İdarəsinin  gözətçi evində olurduq, tək evliydik. Qonum-qonşu aralıda olurdu. Evdə hinduşkanı kəsib çıxırdı el yolunun qırağına ki, bir yolötən gəlsin, onu evə dəvət etsin, birlikdə çörək yesinlər. Bəzən yolda yolötən olmurdu, yemək bişirdi, dədəm evə gəlmirdi ki, biz də yemək yeyək. Bu zaman nənəm qarasına deyinirdi: "ta bitib qalacaq orda, gəlməyəcək ki, körpələr loxmasını yesin".

Qonaq olanda gizlindən tut arağını çıxardıb qoyurdu süfrəyə. Yaxşı tut arağı çəkirdi. Qonağa deyirdi, mən çəkən araq inəyin sarı yağı kimi təmizdi. İçki olan məclisdə sağlığı bu olardı - "içək kişiliyin sağlığına!" Evimiz yol kənarında olduğundan Susdan, Qızılcadan əsgər gedən gənclər evimizin yanından keçirdi. Onlarla görüşəndə pul kisəsi əvəzi işlətdiyi hərbi biletinin arasından bir onluq çıxarıb ciblərinə qoyardı.

Dədəm sərt adamıdı. Sağılmazdan əvvəl buzov və oğlaqlar anasını əməndə bizimlə dalaşırdı. Evimizdə həmişə iri qazanlarda ərinmiş sarı yağ, pendir, bəhməz,  mürəbbələr olurdu. Keçi pendirimiz heç ələ düşməzdi. "Laçın pavilyonu" evimizlə üzbəüz idi. Rayonun rəhbərliyi, Bakıdan gələn qonaqlar olanda ofisiant əlində boşqab yüyürürdü bizə ki, bəs qonaq gəlib, Səlbi xalanın pendirindən istəyirlər. Nənəm boşqabı doldurub yola salardı, buna görə pul almaq ağlımıza da gəlməzdi.  

Dədəmin həm də dolayısıyla söz anlatmağı vardı. Tut vaxtı uşaqlar ayaqqabı istəyəndə deyirdi:

- Ayaqqabı tutun dibindədi - yəni dibinə tökülən tutu yığın, araq çəkilsin pul olsun.

Yanında bir dəfə bərk utanmışam. Qaçqınlıq vaxtı Xırdalanda dədəmgil məskunlaşdığı evdə hamımız oturub ordan-burdan söhbət edirdik. Nənəmlə dədəm dəyinmişdilər - bir-birinin qarasına danışırdılar. Nənəm onu suçlayan bir məişət əhvalatı danışdı, dədəm də dedi ki, yalansa, ağzın əyilsin! Cavabdan bildim ki, nənəm haqlıdı, sadəcə, dədəm cığallayır, bizim yanımızda günahını boynuna almaq istəmir. Həm də cavabdakı and-töhmətin hər iki başı nənəmi tuturdu - yəni yalan deyirsənsə, ağzın əyilsin, düz deyirsənsə, heç nə. Bu cavabdan sonra nənəm özünə görə dədəmə ayıb bildiyi bir sirrin üstünü açdı. Dedi:

- Bir dəfə də mənə dedi ki, sən get bostanı sula, özü də guya dəhnəyə gedir ki, suyu döndərən olmasın. Uşaqları da götürüb yendim bostanı sulamağa. Gün qızana qədər bostanı suladım qurtardım, çıxdım evə ki, filankəslə (nənəm xanımın adını da dedi, uzaqda olan tanıdığımız qadın idi) qayğanaq eləyib üstünə də bal töküb yeyirlər. Nənəm cümlənin bal yerini hirsli vurğuyla dedi. Hiss etdim ki, o an nənəm hakim, dədəm müttəhim olsaydı, nənəm dədəmə "uff" demədən rahat 50 il iş kəsərdi. İstədim deyəm, ay nənə, sən nəyi qoyub, nəyi axtarırsan, qayğanaq nəmənədi, indikilər bozbaş bişirib yeyirlər. Amma deyəsən, dədəmə görə utandım, nitqim batdı. Nənəmin bu ittihamlı çıxışından sonra dədəm ortalığa:

- Ə, bu arvad ağlın itirib, - deyib uzandığı çarpayıda üzünü divara çevirdi. Hələ onun nənəmlə ev davasında belə əliyalın qalmasını, müqavimətsiz  təslim olmasını görməmişdim. Bu yerdə dədəmin bir söhbətini də əlavə edim. Özü danışırdı ki, Zabuxda Sümüklü Əvəz Savat adlı qızla evlənəndən bir neçə gün sonra əsgərliyə çağırılır. Əvəz Savatın qolundan tutub gətirir dədəmin yanına və deyir:

- Umud, əsgərə gedirəm, Savatı bircə sənə umud eləyirəm.

Dədəm deyir 3 il müddətində kolxozun hansı işinə getdimsə, Savat yanımda oldu. Bu sirri bilənlər dədəmlə Savat xalanı bacı-qardaş hesab edirdilər.

Balalarına sevgisini heç vaxt bildirməzdi. Amma bir dəfə yayda belə bir hadisə oldu. Məndən balaca bacım Gültəkin Həkərinin sağ tayında Sus bağlarının qabağındakı adada otlayan oğlaqları gətirməyə gedir. Bacım gecikəndə dədəm evin böyründəki dikə çıxır ki, bacımı çağırsın. Qənşərə çıxanda görür ki, Həkəri çayın başına yağan yağışdan elə daşıb, o tay-bu tay gedir. Ada selin altındadır. Zeynəb xalam danışırdı ki, Umud yanıqlı səslə, "ay Gültəki, ay Gültəki" çağıra-çağıra çay yenişə qaçırdı. Sən demə, bacım selin özündən əvvəl gələn fışıltı səsindən - soyuq suyla sahildəki qızmış daş-qumun cızıltısından yaranan xor fışıltı əmələ gətirir - duyuq düşüb oğlaqları adadan Böyük bağa çıxardıb. Dədəm bacımı görəndə dəsmalını çıxardıb gözlərini silib.

Ehtiyatlı kişi idi. Papağının içində daim iynə-sap olardı. Deyirdi, "örüşdə paltarın elə yerdən sökülə bilər ki, o halda ortalığa çıxmaq ayıb olar". Örüşə gedəndə həmişə əlində ağac olardı. Mala, keçiyə gedəndə bizi əli ağacsız görəndə hirslənirdi. Deyirdi, "korocaq olmayın". Ocaq çatıb alça və zoğal ağaclarını əvvəl yaxşı ütürdü, sonra onlardan toppuzlu əl ağacları düzəldirdi. Kəndçilikdə hər işin çəmini bilirdi. Ən etibarlı və ələyatımlı alətlər də dədəmdə olardı. Bəzən tanışlar gəlib kərəntisini, belini (çala, təfkeş), dəhrə-baltasını işlətmək üçün aparırdılar. Kövşənə çıxanda özüylə bir düjün alət götürərdi - kərənti çəkici, zindan sancılmış kötük, yiyə, daş, satıl, törpü və 6 ölçüdən 9 ölçüyə qədər kərəntilər. Bəzən ot çalanda kərənti otun arasında qart bir şeyə dəyirdi və bu zaman kərəntinin ağzına yel düşürdü. Dərhal həmin kərəntini söküb dəmirkəsənlə ağzındakı yelli hissəni kəsib çıxardardı. Yelli kərənti ot layını yaxşı vərrəmirdi, ot zay olurdu. Biçin vaxtı kövşəndə kərəntisi korşalan kəndçilərimiz kərənti çiynində bizim ot yerinə gələrdi. "Yoruldum" deməzdi - zindanda onların da kərəntisini döyürdü.  

Yaxşı əl qabiliyyəti vardı. Sus kəndində, Bəylikdə kimin dəm çaynikinin lüləyi, qulpu sınardısa, o vaxtın mampası şirni qutularından yamaq kəsib təmir edirdi. Belə xeyirxah işləri elə həvəslə edərdi, qazancı da alxış olardı. Qaranlıqda çöldə, tövlədə işlətmək üçün tutacaqlı, lalalı əl çırağı düzəldirdi. Yadımdadı, evdə uşaqlar üçün əski parçası, keçə və kirpi oxundan kuklaya bənzər oyuncaq düzəldirdi. Adına da "Qarnıkeçəburnubiz" deyirdi. Sonralar Tallinə gedəndə mağazada o oyuncağın oxşarını gördüm. Adına "Buratino" deyirdilər. Gecə körpə uşaqlar səs eləyib böyükləri yatmağa qoymayanda deyirdilər ki, yatmasanız, Qarnıkeçəburnubiz" gəlib sizi aparacaq. 

Yaxşı at və yaxşı itdən həmişə söhbət salardı. Çəmbər adlı qara köpəyimiz vardı. Dədəm deyirdi ki, bu it bircə dil bilmir. Bir dəfə belə bir hadisə oldu. Bazar günü atı da, eşşəyi də palanladıq, çayın o tayında "Çarıxçıxmaz" deyilən yerə oduna getdik. Qış fəsli idi, bərk qarlamışdı. Çəmbər də bizə qoşulmuşdu. Meşədə at-eşşəyi ardıca bağlayıb qabaqlarına ot qoyduq. Dədəm sırıqlısını, ardınca da təzə pencəyini çıxardı. Pencəyi ardıcdan asıb sırıqlısını yenidən əyninə aldı. Başladıq odun eləməyə. Dədəm doğrayırdı, mən də gücüm çatanları ardıcın altına - yük vurulacaq yerə daşıyırdım. Bazar günü olduğundan radioda saat 14-ün muğamat konsertinə çatmaq üçün dədəm əl-ayaq eləyirdi. Çəmbər arada ərincək səslə uzaqda ovçuların atdığı güllə səsinə hürürdü. Yük hazır olan kimi at-eşşəyi yüklədik. Eşşək irəlidə, at yedəkdə çaya sarı yenməyə başladıq. Çəmbər gəlmir, ardıcın dibində gah hürür, gah zingildəyirdi. Biz çayı keçib getdik evə, yükləri qapıya aşırıb içəri keçdik. Dədəm radionu qoşdu, nənəm də bizə yemək çəkdi. Çəmbər axşam da qapıya gəlmədi. Fikrim Çəmbərin yanında qalmışdı. Səhər tezdən Zabuxdan gələn kolxoz maşınından dədəmi səslədilər ki, tez gəl, Qızılcada filankəs ölüb, yasa gedirik. Dədəm tez nənəmə dedi ki, pencəyi gətirsin, maşın gözləyir. Nənəm ora-bura baxdı, pencək tapılmadı. Dədəm köhnə pencəyi geyib nənəmin tirəsinə də bir yağlı söyüş söyüb kolxoz maşınına tərəf qaçdı. Maşın gedəndən sonra atımızı tövlədən çəkdim çölə. Nənəmlə atı palanladıq. Boyum çatsın deyə, çəlləyin üstə çıxıb atı mindim. Nənəm itin kəmsiyini verib dedi: "Gəlməsə, kəmsiyi sal boynuna çək". Günəşli qış havası idi. Çayı keçib dünən odun elədiyimiz ardıclığa - Çarıxçıxmaza gəldim. Çəmbər elə ardıcın altında idi, məni görəndə şikayət edirmiş kimi gah quyruq buladı, gah zingildədi. Atdan düşdüm itin yanına ki, kəmsiyi itin başına salam, birdən ardıcdan ərimiş qar suyu boynuma düşdü. Devikdim. Yuxarı baxanda dədəmin pencəyini ardıcdan asılmış gördüm. Çəmbərin dünən niyə bizimlə getmədiyi sirr bu imiş.

Dədəmdə güclü yumor hissi vardı, çoxlu lətifələr bilirdi. Şuxluğu sevirdi. Nənəm uzun qış gecələri ağzında dınqıdı çalıb uşaqları oynadanda dədəm tez papağının dimdiyini geri fırlayıb bir-birinə pərçimlənmiş əllərinin şəhadət barmağıyla çırtıq vurmağa başlayardı. Belə baməzə hərəkəti bizi güldürərdi. Yaxşı səsi olmasa da, hərdən kefi durulanda Aşıq Ələsgərdən və muğamlardan bir ağız zümzümə edərdi. Belə məqamda nənəm ona sataşmaq üçün deyərdi: "eşitməyən, qulaqların tutulsun!"

Evdə həmişə sac çörəyi bişərdi. Axıra qalan balaca kündədən bişən çörəyin adına "koka" deyirdik. "Koka" hər dəfə evdə uşaqların birinə düşərdi. Onu yeməz, mətah kimi saxlayardıq. Axşam dədəm "koka"sı olan uşağa deyərdi - "koka"nı ver, sənə dəvə düzəldim. Biz də sevincək razılaşardıq. "Koka"dan dişlək ala-ala deyərdi: "bu əyri yer dəvənin boynudu, bu dik yer dəvənin belidi, bu boş yer dəvənin qarnının altıdı" və s. Axırda "koka" dədəmin dişləyində yoxa çıxardı. Bu vaxt "koka" sahibi ağlayırdı, qalanlar gülüşürdük. Evə vırdı-vızan düşürdü. Mənzərəni seyr edən nənəm deyirdi: "elə dədəniz də siz ağıldadı". 

Həyatının son 16 ilini dünya işığına həsrət yaşadı. Hansı həkimə apardıqsa, dedilər, çarəsi yoxdu. Arada giley eləyirdi ki, məni həkimə aparmırsız. Elə bilirdi çarəsi var. İki dəfə şair dostum, göz həkimi Paşa Qəlbinurun yanına apardım. Paşa doktor vəziyyətin nə yerdə olduğunu bilirdi, dədəmi stola oturdub müayinə edirdi. Axırıncı dəfə müayinədən sonra Paşa doktor dədəm eşitməsin deyə əl işarəsiylə mənə başa saldı ki, heç bir ümid yeri yoxdu. Mən: "Dur gedək evə", deyəndə dədəm asıldı Paşa doktorun qolundan, yalvarıcı səslə dedi:

- Sənin başına dönüm, sol gözümü əməliyyat elə, o gözüm açılacaq. Bu sözdən sonra mən doluxsundum. Paşa doktor da kədərləndi və bu sözləri dedi:

- Əmi, and olsun Həzrət Abbasın kəsilən qollarına sənin gözlərini əməliyyat eləməyin xeyri yoxdur.

Doktorun bu sözlərindən sonra dədəm bir daha onu göz həkiminə aparmağı dilinə gətirmədi.

Gözləri görməsə də, əl havasına evdə papağının, pencəyinin, çəliyinin, dəyişəyinin harda olduğunu bilirdi. Əlləri dədəmə həm də gözünü əvəz edirdi. Bizə o lazım idi ki, evdə hərəkət edəndə ona toxunmayaq. Hava sakit olanda çəliyini, bir də balaca döşəkcəni götürüb qapının ağzında dayanırdı - bu o anlama gəlirdi ki, evdən konfet verək, cibinə qoysun. Dördüncü mərtəbədən birinci mərtəbəyə minnətsiz - məhəccərdən tutub özü aşağı düşürdü. Aşağıda balaca uşaqlardan hansı biri məhəccərsiz pilləkəndən həyətə çıxmağına kömək etsə, ona konfet verirdi. Bir dəfə həyətdə qonşulardan bir nəfərə 20 manat verir ki, xırdalasın - bərbərə gedir. Qonşu kişi dədəmə iki beşlik vermişdi. Qonşunun bu hərəkətini nə dədəm, nə də biz heç kəsə demədik.     

Ömrünün son 7 ayını yanında qaldım. Səhərlər şora qaymaq qatıb ona loxma tuturdum. Düşmənin Laçından çıxacağı xəbərini deyəndə bizə inanmadı. Televizorda xəbərlər başlayanda yeriyib düz televizorun yanında diktorun dilindən eşidəndən sonra dərindən həsrət çəkdi. Bu həsrətdə həm də rahat ölə bilməyin kədər qarışıq sevinci vardı dədəmin üzündə. Bir dəfə səhər süfrəsində loxma tutan zaman Savad bacımın - dədəm bacıma öz anasının adını qoymuşdu - yanında mənə dedi ki, ta qoyun ölüm. Laçına ordumuz yeriyən gecə canını tapşırdı. Laçın azad olmuşdu, dədəm ölmüşdü. Qarabağda rayonlar işğaldan azad olduqca Sabunçuda tanıdım-tanımadım, qənşərimə çıxan hər kəsə ovuc-ovuc ağızşirinliyi konfet paylayırdım. Sabunçuda məni tanıyanlar gözləyirlər ki, Laçın azad olub, şair gəlib ağızşirinliyi paylayacaq.

 

Burdan bir atdı getdi,

Atın nallatdı getdi.

Ay kimi şəfəqləndi,

Gün kimi batdı getdi.

 

Sarı Aşığın bu bayatısında atlının keçməsi xəbəri var, dədəmin sual-cavabında isə atlının keçib-keçməməsi xəbər alınır - burdan bir atlı keçmədi?! Bu an dədəmin at belində çaparaq Laçında döngədən aşdığı gözümün önündədi.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə Nazim Əhmədlini görüşdürürük. 

Yer üzü günahıydı,

hərə bir padşahıydı;

axı kimin ahıydı,

tanrıları qorxudan; - deyən şairin dünyamızdan narahatçılığı başadüşüləndir. 

Xoş mütaliələr.

 

YENƏ KİMSƏ GƏLƏCƏK

 

 Yenə, o qərib səsdi,

ürəyimi oxudan;

yıxıldım, Yer üzünə,

bir qarışıq yuxudan;

 

açdılar bələyimi,

yoldular lələyimi;

asdılar ürəyimi,

bir həsrətin oxundan.

 

Yer üzü günahıydı,

hərə bir padşahıydı;

axı kimin ahıydı,

tanrıları qorxudan;

 

dönüb hara sapırdım,

ağrı-acı tapırdım;

yuxuda at çapırdım,

ayaqları qarğıdan;

 

yorub çatdım, yolları,

hanı, eşqin qulları;

kimdi bu göy suları,

göy üzündən axıdan;

 

buludlar lələk-lələk,

bax, indi töküləcək;

yenə, kimsə gələcək,

bu dünyanın yoxundan.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2024)

Wednesday, 13 November 2024 17:31

BİR SUAL, BİR CAVAB Ruslan Dost Əli ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL:

Unudulmaz Şairimiz Musa Yaqubun Ruslan Dost Əlinin həyatında izi necə qalıb?

 

CAVAB:

8 il öncənin yanvar ayı idi. Hansısa tədbirdə jurnalist dostlardan biri ilə görüşdük. Məlum oldu ki, dostumuz Musa Yaqubla vədələşib, müsahibə götürmək üçün birazdan şairin evinə gedəcək. Təklif etdi ki, mən də gedim. Onda da yerlə-göylə əlləşən, alovlu vaxtlarım idi. Musa Yaquba bir də zəng elədik, toya gedəcəyini bildirdi, tez gəlməyimizi xahiş etdi. Yollandıq Musa müəllimgilə. Bir qış günündə Musa Yaqub bizi olduqca hərarətli qarşıladı. Söhbətləşdik, müsahibə götürdük. Sonra şeirlərimdən bir neçəsini Musa müəllimə təqdim etdim, oxuyacağını bildirdi və Musa müəllimlə xudahafizləşib getdik.

Yol boyu düşünürdüm ki, qoca kişidi, birazdan da toya gedəcək. Mənim şeirlərimi oxuyan deyil, yadından çıxacaq. Təxminən 1-2 saat keçmişdi, telefonuma zəng gəldi və səs Onun səsi idi...

Musa Yaqub yaxşı mənada təəccübləndiyini, şeirlərimi çox bəyəndiyini dedi. Şeirlərim haqqında öz düşüncələrini yazacağını dedi və yazdı. Həmin yazı o vaxt “525-ci qəzet”də çap olundu. Sevincimin həddi-hüdudu yox idi. O təqdimatdan sonra xeyli zənglər, təbriklər gəldi. Musa müəllimlə ilk tanışlığım belə olub. Şeirləri ilə əlbəttə, əvvəldən tanış idim. Elə insanlar var ki, o insanları ömrün boyunca cəmi bir-iki dəfə görürsən, amma ruhsal olaraq tez-tez qarşılaşırsan. Ustadın ruhu şad olsun. Ən əziz adamımız kimi daim qəlbimizdədir.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2024)

“Ədəbiyyat və incəsənət” portalı bu dəfə Şeir saatında sizləri Aydın Arslanın şeirləri ilə tanış edəcək.

 

Hər gələn yeni gün qəmi gətirir,

Doldurur bir yekə gəmi, gətirir,

Qalmır bir kəsiri, kəmi, gətirir,

Gətirmir naxışım, butam, ay atam.

 

Erkən yarpaq töküb, solmağa nə var?

Yaş olub gözümə dolmağa nə var?

Qanmazın atası olmağa nə var?

Gəl indi atam ol, atam, ay atam...

 

Mükəmməldir, deyilmi?

 

 

***

 

Mən onda qayğısız, onda şən idim.

Gölə qarğıçalan, yereşən idim.

Özüm öz kölgəmlə güləşən idim,

Bol idi yanlışım, xətam, ay atam.

 

Qanmaz çocuq idim, qanı qaynayan,

Səhərdən-axşama gülən, oynayan,

Kədər tanımayan, acı duymayan,

İndi dərd önündə matam, ay atam.

 

Hər gələn yeni gün qəmi gətirir,

Doldurur bir yekə gəmi, gətirir,

Qalmır bir kəsiri, kəmi, gətirir,

Gətirmir naxışım, butam, ay atam.

 

Erkən yarpaq töküb, solmağa nə var?

Yaş olub gözümə dolmağa nə var?

Qanmazın atası olmağa nə var?

Gəl indi atam ol, atam, ay atam...

 

 

ALLAHA MƏKTUB...

 

Salam. Nigaran olma çayımdan, çörəyimdən,

Həmd olsun ki, əlini çəkmirsən kürəyimdən.

Bu gün bir şeir çıxar şəninə ürəyimdən,

Allah haqqı, sənin də xoşuna gələr, Allah.

 

Qəribədi insanlar, qəribədi bu bəşər,

Doğrusu, bundan sonra, çətin ki, gözəlləşər.

Bir gün ölər bu bəndən, bir gün ehsanı bişər,

Hayına gəlməyənlər aşına gələr, Allah.

 

Eşqindən doğulubdur bütün ülvi sevgilər,

Ağlatdığın kiriməz, güldürdüyün hey gülər.

"Ol" dediklərin oldu, "öl" dediklərin ölər,

"Qal" dediklərin Nuhun yaşına gələr, Allah.

 

Nə azdı oyaq olan, necə çoxdu yatanlar,

Hamısı məğlub oldu fələklə zər atanlar.

Sənin qapından ayrı qapıya üz tutanlar

Başı dəyər əhlətin daşına, gələr, Allah.

 

Xar olsun o bəndə ki, nemətlərini danır,

Verdiyin ruziləri özü qazandı, sanır.

Qəlbim sənin evindi, İlahi, evin yanır,

Yardıma səndən özgə boşuna gələr, Allah.

 

Sonda bir xahişim var, rəhm et, cavan yaşıma,

Əlinə nə qəm keçir, taleyimə daşıma.

Yoruluram, bu qədər oyun açma başıma,

Allaha acıq gedər, başına gələr, Allah...

 

 

***

 

Qəlbinə dağ çəkilmiş dumanlı dağlar kimi

Qaxılmışam, yerimdən min ildi tərpənmirəm.

Mən dünyanın ən böyük köçünü yaşamışam,

Nə gedən, nə gələnə daha təəcüblənmirəm.

 

Köçənə rəhmət deyib, ardınca ağlayanlar,

Bəs niyə sən köçəndə adəti unutdular?

"Başın sağ olsun" – deyən olmadı, azmış kimi,

Zurna-qaval gətirib, başıma toy tutdular.

 

Mən dərdin tanıyanı, mən sərin arifiyəm,

(Zər zərgərə verilib, qədrini də o bilsin).

Günü zəhər olanın süfrəsində bal olsa,

O bal niyə sevilsin, şordan  necə seçilsin?

 

Yerə soxum boyumu bir altmışı ötmədi...

Boyum yetsə, bir ömür arxanca boylanardım.

Yox, yeri yandım, dedim. İznin olsa, öləndə

Gözlərinin düşdüyü çuxurda quylanardım...

 

 

***

 

Qaranlıqlar başlayır ümidlər yox olanda,

Qosqoca uçurumdur ümidlərdən ötəsi.

Həyat dözülməz olur gözləntin çoxalanda,

Daralır gözlərində dünyanın xəritəsi.

 

Bir ömür üzmək olar, təkcə, axına qarşı,

Mütləq haqqa inanıb iman gətirə bilsən.

Hər şey səndən başlayar, zirvələr sən olarsan,

Əgər içindən “mən”i söküb bitirə bilsən.

 

Qocalıqda daş olub düşər bir-bir başına

Cavanlıqda önəmsiz zənn etdiyin xətalar.

Gecə “nadzor”u kimi gələr bəd əməllərin,

Yuxuna haram qatıb başına toy tutalar.

 

Nicat tapanlar olar nəfsini qınayanlar,

"Yox" deməyi bacarmaq əyri nəfsi düzəldir.

Hər kim təmiz saxlasa insanlıq libasını,

Deyər ona baxanlar: – Həyat necə gözəldir,

İnsan necə gözəldir!

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2024)

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Kino barədə silsilə söhbətlərimizi bu gün yekunlaşdırırıq. Son illər ölkədə kino sənayesinin dirçəldilməsi hiss edilir, kinomuzun itmiş şöhrəti bərpa edilir. Təbii ki, Mədəniyyət Nazirliyi kinonun inkişafını prioritet hesab edir.

 

Trenddə olan kinonun tarixi barədə oxucularımız nələri bilirlər, nələri bilmirlər? 

Dünya kino industriyası milyonlarla insanın diqqətini çəkən və qlobal mədəniyyətin formalaşmasında böyük rol oynayan nəhəng bir sektordur. Onun inkişafı texnologiyanın irəliləməsi, yaradıcılıq gücü və müxtəlif mədəni təsirlərin bir araya gəlməsi nəticəsində mümkün olub. Kino yalnız bir əyləncə vasitəsi deyil, həm də cəmiyyətin sosial problemlərini, mədəniyyətlərarası dialoqları və insan təcrübəsini ifadə edən güclü bir vasitədir.

 

Bu gün son söhbətimizdə sizə kino sənayesinin sosial və mədəni təsiri baərdə danışacağıq. 

 

Kino sənayesinin sosial və mədəni təsiri

 

Kino cəmiyyətin sosial və mədəni mövzularını işıqlandırmaq üçün güclü bir vasitədir. Sosial problemləri, tarixi hadisələri və fərqli mədəniyyətləri təsvir edən filmlər insanları maarifləndirir və dialoqa dəvət edir. Məsələn, “Schindler’s List” kimi filmlər Holokostun dəhşətlərini dünyaya göstərmişdir, “12 Years a Slave” isə köləlik mövzusunu işləmişdir.

  Kino həmçinin müxtəlif mədəniyyətləri tanıtmaq və onları qloballaşmış dünyada bir araya gətirmək üçün bir vasitədir. Hindistan, İran, Koreya və Latın Amerikası filmləri qlobal auditoriyaya mədəni zənginliklərini təqdim edərək insanların fərqli həyat tərzlərini öyrənməsinə kömək edir.

 

Gələcək Perspektivlər

 

Dünya kino industriyası gələcəkdə daha da innovativ olacaq. Süni intellekt (AI) və virtual reallıq (VR) filmlərə yeni yaradıcı imkanlar gətirəcək. Eyni zamanda, daha çox müxtəliflik və inklüzivlik tələbi, qadın rejissorlar, azlıq qruplarının hekayələri və fərqli baxış bucaqlarının inkişafına təkan verəcək. Kino sənayesi dəyişən dünya ilə uyğunlaşmağa və qlobal auditoriyanın zövqlərinə uyğun hekayələr yaratmağa davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2024)

Wednesday, 13 November 2024 15:11

Gülüş klubunda hoqqabaz

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

Pul əl çirkidir deyən adam əlini 26 manatlıq orqanik sabunla yuyur və əli əsla çirklənmir.

2.

Yaxşı hoqqabaz dovşanı papağın içində yox edən deyil, yaxşı hoqqabaz özü yox olandır.

3.

Sanki Hollivud filmlərində sonda titrlərə film çəkilən şəhərin bütün sakinlərinin adlarını yazırlar.

4.

İdmam zalında qoyduğun kiloqramlar səni evdə soyuducuda gözləyir. 

5.

“Bir azdan məmləkətdə insanlar uzunina deyil, eninə boy atacaqlar”, - deyib həkim üzərinə “100 faiz kərə yağı” sözləri yazılmış 3,75 qəpiklil yağı piştaxtanın üzərindən götürüb tərs-təra baxdı. 

 

“Ədəbiyyat və incəsənət”

(13.11.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.