
Super User
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
A.Kərimli: “Mədəniyyətə əsaslanan iqlim fəaliyyətinin dostları Qrupu”nun ilk şərtlər toplusu təsdiqlənib
Gəldi, gördü və getdi...
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
50-yə yaxın filmdə rol alan, xalq artisti Rafiq Əliyev yaşasaydı dünən - noyabrın 14-də 75 yaşını qeyd edəcəkdi...
O, teatrda çalışdığı 30 ildən artıq dövrdə maraqlı obrazlar qalerayası yaradıb. Bunlardan "Bumbaraş"da Bumbaraş, "Üç muşketyor"da Aramis, "Təmas"da Andrey, "Müsyö Jordan və Dərviş Məstəli Şah"da Hatəmxan ağa, "Buratino"da Karabas-Barabas, "Buraxılış gecəsi"ndən Gena, "Müfəttiş"də Dobçinski, "Keçən ilin son gecəsi"ndə Süleyman, "Quyu"da Akif və başqa obrazları göstərmək olar.
Aktyorun yaratdığı Akif obrazı 1966-cı il mövsümünün ən yaxşı kişi rolu elan edilib.
Teatrda işləməklə yanaşı Rafiq Əliyev "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi xeyli bədii filmə də çəkilib. Onlardan "Babamızın babasının babası"nda reportyor, "Ötən ilin son gecəsi"ində Süleyman, "Üzeyir ömrü"ndə Əli Terequlov, "Qəm pəncərəsi"ndə general-qubernator, "Ələqə" filmində astrofizik və psixiator, "Lətifə" filmində komsomol rəhbəri, "Cansıxıcı əhvalat"da ortancıl qardaş, "Ailə dairəsi"ndə Qarif, "Nə gözəldir bu dünya"da Ramiz, "Otel otağı" filmində ingilis professoru Luis obrazları xüsusi ilə fərqlənir. Rafiq Əliyev televiziyada da gözəl obrazlar yaradıb. M. Ə. Rəsulzadə haqqında filmdə Stalin, "Cəza"da Kərim, "İlğım"da Kişi kimi obrazlar buna parlaq misaldır.
16 aprel 2020-ci ildə uzun sürən xəstəlikdən sonra Bərzəxə yollanıb.
Gəldi, gördü və getdi...
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)
“ASAN xidmət” COP29-da yaşıl idarəetmə ilə bağlı beynəlxalq forum təşkil edib
14 noyabr 2024-cü il tarixində Bakıda “Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29 çərçivəsində Yaşıl Qabaqcıl İdarəetmə üzrə Nazirlər Forumu keçirilib.
“Ədəbiyyat və incəsənət”portalına “ASAN xidmət”dən verilən məlumata görə, Bakı Olimpiya Stadionunda, Mavi Zonada baş tutan tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) və “Apolitical Group Limited”in birgə təşkilatçılığı ilə reallaşdırılıb.
Forum interaktiv dialoqu və əməkdaşlığı təşviq etmək üçün hökumətlərin, beynəlxalq təşkilatların, aparıcı ekspertlərin və akademik dairələrin nümayəndələrini bir araya gətirib. Ümumilikdə 7 beynəlxalq təşkilatın və 20-yə yaxın ölkədən aidiyyəti nazirliklərin rəhbərləri və müxtəlif şirkətlərin, elmi-tədqiqat institutlarının nümayəndələri iştirak ediblər.
Açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, BMT Baş katibinin müavini, Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyanın icraçı katibi Armida Salsiah Aliscahbana, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, “Apolitical Group Limited”in icraçı direktoru Robin Skot və İslam İnkişaf Bankının vitse-prezidenti Zamir İqbal çıxış ediblər.
Çıxışçılar yaşıl texnologiyaların genişləndirilməsində, qabaqcıl idarəçiliyin inkişaf etdirilməsində və dövlət xidmətlərinin ətraf mühitə, sosial davamlılığa uyğunlaşdırılmasında beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıblar. “ASAN xidmət” modeli kimi innovativ modellərin davamlı infrastruktura, inklüzivliyin təşviqinə və iqlim dəyişikliklərinə cavab vermək üçün beynəlxalq əməkdaşlığa necə töhfə verə biləcəyi diqqətə çatdırılıb.
İlk sessiya “Ekoloji çağırışlara cavab üçün dövlət xidmətlərində innovasiyaların təkmilləşdirilməsi” mövzusuna həsr olunub. Sessiyada Braziliyanın, Zimbabvenin, Barbadosun, Keniyanın və Qambiyanın müvafiq nazirliklərinin rəhbərləri çıxış ediblər. Əsas müzakirələr yaşıl idarəetmədə davamlılığın və səmərəliliyin təmin edilməsi məqsədilə dövlət qulluqçularının bacarıqlarının artırılması, dövlət xidmətlərinin inkişafı proseslərinin qlobal iqlim məqsədləri ilə inteqrasiyası və bu çərçivədə innovativ yanaşmalar olub.
İkinci sessiya isə “Yaşıl idarəetmədə qlobal əməkdaşlığın rolu” mövzusuna həsr edilib. Sessiyada BMT-nin, İslam Ölkələrinin Statistik, İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin (SESRIC), Serbiyanın, Qazaxıstanın, Seneqalın müvafiq qurumlarının rəhbərləri çıxış ediblər. Əsas müzakirələr dövlət xidmətlərinin göstərilməsində davamlılığın təmin edilməsi və fəaliyyətin səmərəliliyinin optimallaşdırılması, bu istiqamətdə yaşıl texnologiyaların inkişafı və tətbiqinin təşviqi, dövlət qurumlarının milli səviyyədə müəyyən edilmiş töhfələr və beynəlxalq iqlim öhdəliklərinin həyata keçirilməsində rolu olub.
Forum zamanı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının, eləcə də Uqandanın, Efiopiyanın aidiyyəti nazirliklərinin rəhbərləri müvafiq istiqamətdəki qabaqcıl təcrübələrə dair təqdimatlar ediblər.
Süni intellekt təcrübələri mövzusuna həsr olunmuş xüsusi sessiyada isə Misirin müvafiq qurumunun və Rumıniyanın sözügedən sahə üzrə ixtisaslaşmış təşkilatının rəhbərləri çıxış ediblər.
Moderatoru məşhur jurnalist, futuroloq (CNN, TEDx, Forbes) İan Xan olan forum bağlanış nitqləri və müzakirələrlə yekunlaşıb.
Tədbirdə “ASAN xidmət” mərkəzlərində alternativ enerji mənbələrinə keçid” layihəsi ilə bağlı məlumat diqqətə çatdırılıb və bununla əlaqədar videoçarx da nümayiş etdirilib.
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)
BMT rəsmisi “ASAN xidmət”də
Birləşmiş Millətlər Təşkilatının Cənub-Cənub Əməkdaşlığı Ofisinin direktoru Dima Əl-Xatib "ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.
“Ədəbiyyat və incəsənət” portalına “ASAN xidmət”dən verilən məlumata görə, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Dima Əl-Xatib “ASAN xidmət” mərkəzlərinin fəaliyyətini vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində təqdirəlayiq olduğunu deyib. Həmçinin sözügedən təcrübənin, burada tətbiq olunan innovativ yeniliklərin öyrənilməsində və müvafiq sahələr üzrə əməkdaşlıq perspektivlərinin inkişafında maraqlı olduğunu diqqətə çatdırıb.
Görüş çərçivəsində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, Səyyar ASAN xidmət, "ABAD" publik hüquqi şəxsin fəaliyyəti ilə də yaxından tanışlıq olub.
Qonaq Bakıda keçirilən “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası”nın Tərəflər Konfransının 29-cu sessiyası - COP29-da iştirak məqsədilə ölkəmizdə səfərdədir.
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)
“Sözdən yaranan incilər”də - Alovun kölgəsi olmaz, satqının da ölkəsi
Əziz oxucular!
Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu dünya dahilərinin, səmavi insanların və Azərbaycan mütəfəkkirlərinin on üç mindən çox kəlamlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı kitab kimi çapa hazırlayırlar. Bu sayımızdan başlayaraq həmin kəlamlardan, aforizmlərlərdən seçmələri səhifələrimizdə çap edirik. İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaqsınız.
HÜMBƏT HƏSƏNOĞLU
Hümbət Həsənoğlu - həkim, yazıçı, ictimai xadim. “Tərəqqi” medallı. Altı mindən çox aforizmlərin müəllifidir. Tükdilli xalqlar arasında ən çox aforizmlər yazan azərbaycanlı yazıçıdır.
- Özü ilə yarışan məğlubiyyət dadmaz.
- İnsan özü ilə dara düşəndə tanış olar.
- Qulaq çox sirrlərə yiyəlik edərdi, ağız
olmasaydı.
- Əvvəldə bir dəfə “ yox” deyə bilsən, sonradan çox “ niyə” lərdən canını qurtararsan.
- Qadın müəllim kimidir, kişidən özü düşündüyünü eşitmək istəyir.
- Həyatda heç kimin yerində gözün yoxdursa, deməli, öz yerindəsən.
- Alovun kölgəsi olmaz, satqının da ölkəsi.
- Hər dərinliyin öz dalğıcı, hər sözün öz alıcısı var.
- Ümid qırılanda səsi hıçqırıqla çıxar.
- Yalanın alanı çox olar.
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)
POETİK QİRAƏTdə Musa Ələkbərlinin “Sevgidir…” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə sizlərlə yenidən Musa Ələkbərlidir. Şair sevginin ülviliyindən, ululuğundan bəhs edir.
Bunu mən bilirəm, bir də Allahım
Bu sevgi nə qədər təmiz sevgidir.
Ülvi duyğulardan süzülüb gəlib
Mənə canımdan da əziz sevgidir!
- deyən şairin bu, ən səmimi etirafı deyilmi?
Xoş mütaliələr.
SEVGİDİR
Bunu mən bilirəm, bir də Allahım
Bu sevgi nə qədər təmiz sevgidir.
Ülvi duyğulardan süzülüb gəlib
Mənə canımdan da əziz sevgidir!
Yollarında çox yubatdım özümü,
Çatammadım, qırıb çatdım özümü.
Qucağına lapdan atdım özümü,
Bu dərya sevgidir, dəniz sevgidir!
Sevilmək istəyim, sevmək qürurum
Qoymadı tükənsin üzümün nuru,
O qardan bəyazdı, bulaqdan duru
Dəryadan, dənizdən dərin sevgidir!
Seçib ürəyimi bir yuva kimi,
Mənə doğmalaşıb el-oba kimi.
Dilimdə əzbərdi son dua kimi
Yaşamaq eşqitək şirin sevgidir
Ən yaxın çevrəndi, ən doğma kəsin,
Şeirdə, nəğmədə boy verən səsin.
Tanrıdan güc alan uçmaq həvəsin,
Açılan qanadın-pərin sevgidir!
Sevgi nağılın var necə çox sənin,
Köksündə simləyib neçə ox sənin?!
Ay Musa, dünyada dərdin yox sənin,
Torpağın sevgidir, yerin sevgidir!!!
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)
Beynəlxalq Afrika Yazıçılar Günü Toqoda qeyd edilib
“Ədəbiyyat və incəsənət” portalı Ümumdünya Yazıçılar Təşkilatının (WOW) vahid informasiya platformasının növbəti informasiyasını diqqətinizə çatdırır.
İnformasiyanı Pan-Afrika Yazıçılar Birliyinin baş katibi Dr. Ueyl Okediran hazırlayıb.
2024-cü il beynəlxalq Afrika Yazıçılar Gününü qeyd etmək üçün 7 noyabr 2024-cü ildə Toqo Yazıçılar Birliyi Toqoda ikinci beynəlxalq ədəbi simpozium təşkil etdi.
Lome Universitetində keçirilən tədbir "Ədəbiyyatın zorakı ekstremizmə qarşı mübarizəyə töhfəsi" mövzusuna həsr olunmuşdu.
Dərnəyin prezidenti, professor Kumealo Anate (şəkildə solda) salamlama nitqində ədəbiyyatın sülh və təhlükəsizliyin möhkəmlənməsində mühüm rol oynayacağını söylədi.
Panel müzakirələrində Pan-Afrika Yazıçılar Birliyinin baş katibi Dr. Ueyl Okediran (şəkildə sağda) və digər qonaq məruzəçilər çıxış etdilər.
Mədəniyyət və turizm naziri və müxtəlif inkişaf tərəfdaşların qonaqlara təqdim edildi.
Gün ərzində digər tədbirlərə musiqi təqdimatları, mükafatlandırma mərasimi və vida yeməyi daxil idi.
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)
Gülüş klubunda Əlisöyün kişi
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Bank yarılıb. Polis şahid ifadələri alır. Şahidlərdın biri deyir:
-Soyğunçu qabaqlar “Makdonalds”da işləyib.
Polis təəccüblənir:
-Hardan bilirsiz?
-O tapançasını göyə tuşlayıb “hamı yerə uzansın” demək əvəzinə “boş kassa” dedi.
2.
Hamı şikayətlənir ki, kərə yağının qiyməti digər ərzaqlara baxmış çox bahadır.
Amma narahatlığa əsla dəyməz. Lap yaxın günlərdə digər ərzaqlar da çox baha olacaqlar.
3.
Gədəbəyin ucqar dağ kəndində yaşayan 92 yaşlı Əlisöyün kişinin mobil telefonuna SizinBank bankından belə bir mesaj gəldi: “Bu gündən sonra siz öz kartlarınız arasında birindən digərinə 3 milyon manata qədər vəsait köçürməklə əməliyyat apara bilərsiniz.”
Əlisöyün kişi hesabında 2 manat 47 qəpik olan kartını bağrına basaraq gözüyaşarmış halda dedi:
-Çox sağ olsunlar ki, məni də yada salıblar. İnşallah, olsa mütləq köçürəcəm.
4.
Təsəvvür edirsiz, mən uşaq qrupunda sorğu etdim ki, atalarınız evdə nə edir. Cavablar məni lap üzdü: “Yeyib-içirlər. Söyüş söyürlər. Yarım saat tualetdən çıxmırlar. Televizora baxırlar. Tank-tank oynayırlar. Mamaları qucaqlayırlar. Yatırlar”.
Vəssalam!
5.
-Qanunları niyə öyrənirlər?
-Yan keçmək üçün.
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)
Azərbaycan BMT Turizmin İcraiyyə Şurasının 122-ci sessiyasında təmsil olunub
Kolumbiya Respublikasının Kartaxena şəhərində BMT Turizmin İcraiyyə Şurasının 122-ci sessiyası keçirilib. Üç gün davam edən tədbirdə Azərbaycanı Dövlət Turizm Agentliyinin Aparat rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəlil Məlikov təmsil edib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinə istinadən AzərTAC məlumat yayıb.
Səudiyyə Ərəbistanı Krallığının sədrliyi ilə keçirilən sessiyada təşkilata üzv olan 31-dən çox dövlət təmsil olunub.
Sessiya çərçivəsində hazırda ölkəmizin ev sahibliyi ilə keçirilməkdə olan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29), eləcə də COP Sədrliyi, Dövlət Turizm Agentliyi və BMT Turizm Təşkilatı ilə əməkdaşlıq çərçivəsində COP29-un tematik proqramına ilk dəfə olaraq turizmin daxil edilməsi haqqında tədbir iştirakçılarına ətraflı məlumat verilib.
Tədbirdə iştirak edən ölkələr "COP29 Turizm günü tədbirləri" çərçivəsində təşkil ediləcək "Turizm sahəsi üzrə Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin yüksək səviyyəli 1-ci Görüşü"nün yekununda qəbul edilməsi nəzərdə tutulan Bəyannaməyə qoşulmağa çağırılıb.
Bununla yanaşı, Təşkilatın İcraiyyə Şurasının üzv dövlətləri 2025-ci ilin birinci yarısında ölkəmizin ev sahibliyi ilə təşkil ediləcək BMT Turizmin Avropa üzrə Regional Komissiyasının 71-ci iclasında iştiraka dəvət edilib.
Həmçinin Azərbaycanın 2025-2029-cu illər üçün BMT Turizmin İcraiyyə Şurasında Avropa regionu üzrə ayrılmış yerlərdən birinə namizədliyini irəli sürdüyü qeyd edilərək, müvafiq səsvermə zamanı üzv dövlətlər tərəfindən veriləcək dəstəyin əhəmiyyətli olduğu vurğulanıb.
BMT Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili öz növbəsində təqdim etdiyi hesabatda ölkəmizdə COP29-un yüksək səviyyəli təşkili münasibətilə Azərbaycanı təbrik edib, COP29-un nəinki Qafqazın, bütün regionun nüfuzunun artmasında mühüm rol oynadığını diqqətə çatdırıb.
İclasın sonunda keçirilən seçkilərin yekununda Braziliya 2025-ci il üzrə BMT Turizm Təşkilatının İcraiyyə Şurasının sədri seçilib.
“Ədəbiyyat və incəsənət”
(15.11.2024)