
Super User
Deputat Fazil Mustafa vətəndaşları qəbul edib
Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, deputatların Yanvar ayının 16-adək məzuniyyətdə olmalarına baxmayaraq, Millət vəkili, Milli Məclisin İctimai birlikər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu gün seçildiyi Sabunçu rayonunun Bakıxanov qəsəbəsində (Sülh küçəsi,35) növbəti vətəndaş qəbulu keçirib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, qəbul zamanı deputat vətəndaşları ayrı-ayrılqda dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.
Seçicilərin qaldırdıqları məsələlər başlıca olaraq sosial müdafiə, işsizlik, səhiyyə, kommunal ödənişlər, pensiya, əfv və digər sahələri əhatə edib.
Görüşdə vətəndaşların problemlərinin bir qismi yerindəcə həll edilib.Qanunvericiliyə uyğun olan digər məsələlərlə bağlı isə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına aidiyyatı üzrə qısa müddətdə müraciət ediləcəyi vətəndaşların diqqətinə çatdırılıb.
“Ədəbiyyat və incəsənət”
(07.01.2025)
Türkiyədə Məhəmməd Füzuliyə həsr olunmuş “Kültürel Azerbaycan” jurnalının xüsusi buraxılışı dərc olunub
Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə qardaş ölkədə İstanbulda Türkcə yayımlanan “Kültürel Azerbaycan” jurnalının növbəti buraxılışı dahi Azərbaycan şairi, Türk dünyası ədəbiyyatının məşhur nümayəndəsi Məhəmməd Füzuliyə həsr olunub.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, bu barədə Azərbaycan Mədəniyyət Mərkəzi“Kültürel Azerbaycan” jurnalı ilə ötən ilin əvvəlində razılıq əldə etmişdir.
Jurnal ilk olaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 iliyinin qeyd edilməsi haqqında Sərəncamı ilə başlayır. Sərəncamda xüsusi olaraq qeyd olunur ki, “Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin qürurudur.”
Qeyd edək ki, “Kültürel Azerbaycan” jurnalında hər iki ölkənin Füzulişünas alimlərinin maraqlı məqalələri dərc edilib. Jurnalda Azərbaycandan akademik Rafael Hüseynovun “Dualar şiirleri doğurdu, Fuzuliye yönelen dualar”, professor – doktor Ataəmi Mirzəyevin “Fuzuli’nin “Leyla ve Mecnun” mesnevisi Azerbaycan epik şiirinin zirvesi”, professor – doktor Lalə Əlizadənin “Fuzuli’nin aşk ve özgürlük anlayışı”, professor – doktor MahirəHüseynovanın “Sevgi yolunun ışığı”, professor – doktorZəhra Allahverdiyevanın “Muhammed Fuzuli'nin yaratıcılığı ve ilk Türk edebi kaynaklar”, Doç. Dr. Ruhengiz Cümşüdlünün “Muhammed Fuzuli’nin arapça şiir mirası üzerine”, Doç. Dr. Əzizağa Nəcəfzadənin“Fuzuli’nin bir gazeli hakta”, Dr. Əlimuxtar Muxtarovun“Azerbaycan şiirinde Muhammed Fuzuli'nin imgesi”, Doç. Dr. Afag Yusiflinin “Aliaga Vahid’in yaratıcılığını Fuzuli’nin mirasıyla bağlayan yönler” məqalələri işıq üzü görmüşdür.
Türkiyədən professor – doktor Cemal Kurnazın“Azerbaycan Türkçesinin büyük şairi Fuzuli”, professor – doktor Mustafa İsenin “Türk dünyasında bir köprü isim: Fuzuli”, professor – doktor İsmet Çetinin “Fuzuli ve Türkiye’de hakkında yapılan çalışmalar”, professor – doktor Hayrettin İvginin “Fuzuli anma toplantıları ve Nazım Hikmet”, doktor Kenan Çarboğanın “Su’ya âşık bir şair portresi olarak Fuzuli” məqalələri dahi şairin yaradıcılığının Türk dünyası ədəbiyyatına verdiyi töhfələri və onun nə qədər mühüm əhəmiyyətə malik olduğunu təsdiqləyən elmi məqalələrdir.
Jurnal həm çap, həm də elektron formada yayımlanır və Azərbaycan Mədəniyyət Mərkəzi jurnalın nüsxələrinin Türkiyənin aparıcı kitabxanalarına, elmi tədqiqat müəsisələrinə hədiyyə edilməsini planlaşdırır.
Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 iliyi münasibəti ilə ötən il Türkiyədə Qazi Universitetində Elmi Simpozium, Bədii-Musiqili Kompozisiya, “Füzuli divanı” adlı Türkcə kitabın nəşri və 21-ci Ankara Kitab Sərgisi çərçivəsində onun geniş təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət”
(07.01.2025)
Abşeron yazıçıları Zəfər parkında
Mina Rəşid, “Ədəbiyyat və incəsənət” üçün
Azərbaycan Yazıçılar Birliyinin Abşeron bölməsinin üzvləri bu günlərdə Zəfər Parkını ziyarət ediblər.
Bölmənin rəhbəri yazıçı-publisist Şəhla Ağbulud 44 günlük Şanlı Vətən Müharibəsinin qəhrəmanlarından, Ali baş Komandan İlham Əliyevin xalqı dəmir yumruğa çevirən güclü iradəsindən, müqəddəs şəhidlərimizin, qazilərimizin, igid oğullarımızın şücaətindən söhbət açıb.
Ziyarət zamanı birliyin üzvləri Vətənə, Qarabağa, şəhidlərimizə həsr edilən şeirlərini söyləyib, müqəddəs amal uğrunda canlarından keçən oğullara həmişə borclu olduğumuzu bir daha diqqətə çatdırıblar.
“Ədəbiyyat və incəsənət”
(07.01.2025)
İki polkovnik şəhidin doğum gününə - TƏQVİM
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün - yanvarın 7-i həm də iki şəhidimizin doğum gününə təsadüf edir. Bu gün onları anmağımız həddiz dərəcədə vacibdir.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
BABƏK SƏMİDLİ
7 yanvar 1974-cü ildə dünyaya göz açan Babək Səmidli 1980-ci ildə Göyçay şəhəri 6 nömrəli orta məktəbə daxil olmuş və 1991-ci ildə həmin orta məktəbi bitirmişdir. 1993-cü ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olaraq 1997-ci il, 30 avqust tarixində oradan motoatıcı ixtisası üzrə məzun olmuşdur.
Babək Səmidli Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavini, İkinci Qarabağ müharibəsinin şəhididir.
2020-ci il noyabrın 23-də Babək Səmidli Suqovuşan ərazisində minaya düşərək şəhid olub. O, Beynəlxalq Qızıl Xaç Komitəsi, Rusiya tərəfinin sülhməramlıları, Azərbaycan və Ermənistan tərəfinin rəsmilərindən ibarət qrupun üzvü idi. Qrupun məqsədi döyüş meydanında qalan meyidlərin çıxarılması idi. Təəssüf ki, sülhməramlı missiya faciə ilə sonuclandı.
Mina partlaması nəticəsində həmçinin 4 erməni rəsmisi və 1 rus sülhməramlısı da yaralandı.
Babək Səmidli noyabrın 24-də Göyçay şəhərinin Şəhidlər Xiyabanında dəfn olundu.
Ölümündən sonra o, “Zəfər" ordeni, "Vətən uğrunda" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. .
“Şərəfli yolu seçin, doğru yolu seçin. Bu üçündən biri gəlsin başımıza: ya qalib olaq, ya qazi olaq, ya şəhid olaq. Başqa bir seçim heç bir Azərbaycan əsgərində ola bilməz” - bu kəlmələr Suqovuşan Fatehi Babək Səmidliyə məxsusdur.
Ruhun şad olsun!
Amin!
RƏŞAD ATAKİŞİYEV
Rəşad Atakişiyev 1985-ci il yanvar ayının 7-də Şəmkir rayonunun Pravda (hazırkı Qılıncbəyli) kəndində anadan olub.
O, oxuduğu müddətdə təlim-tərbiyəsi, bilik və bacarığı ilə seçilib. Orta məktəbi yüksək qiymətlərlə bitirən Rəşad ali təhsil almaq arzusu ilə 2002-ci ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik məktəbinə üz tutub. O, 2006-cı ildə Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbini “Uçuş Mühəndisi" ixtisasına yiyələnərək yüksək nəticələrlə başa vurub. İkinci kursda oxuyan zaman ilk dəfə ixtisaslaşma tətbiq olunub və aviasiyaya sənəd vermiş 200 nəfər arasında Rəşad da olub. Seçilmiş 35 nəfərlə birgə təhsil alan Atakişiyev diplom alan cəmi 5 nəfərdən biri olmağı bacarıb.
O, 2001-ci ildən pilot kimi fəaliyyətə başlayıb, əldə etdiyi bilik və bacarıqları sayəsində polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Aprel döyüşlərinin qəhrəman iştirakçılarından biridir. Qısa zaman ərzində təcrübəli pilotlar sırasına və hərbi hissə komandirinin müavini vəzifəsinə yüksələn Rəşad Atakişiyev 2018-ci ilin oktyabrında Real TV-də yayımlanan “Şahinlər" filmində iştirak edərək, havada ən çətin, təhlükəli manevrlərin öhdəsindən gəlib.
Həmçinin Azərbaycan Ordusunun 100 illiyi ilə bağlı keçirilən paradda səmada bacarıqlarını göstərib. Ayrıca Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “Turaz Qartalı" devizi altında keçirilən birgə taktiki-uçuş təlimlərində iştirak edib.
Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotu Rəşad Atakişiyev 24 iyul 2019-cu ildə döyüş hazırlıqlı təyyarə qəzasında dünyasını dəyişib.
Ruhu şad olsun, Amin!
Hər iki şəhidin və cəmi şəhidlərin xatirəsini hörmət və ehtiramla anırıq.
“Ədəbiyyat və incəsənət”
(07.01.2024)
Niyazinin mənzil-muzeyində musiqili görüşlərə başlanılıb
Niyazinin mənzil-muzeyi “Yeni ildə yeni arzularla” adlı konsertlə Klassik musiqi həvəskarları klubunda musiqili görüşlərə başlayıb.
Muzeydən AzərTAC-a bildirilib ki, tədbirdə çıxış edən mənzil-muzeyin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov konsert haqqında məlumat verib.
Musiqişünas, vokalçı Sevinc İbrahimovanın, respublika və beynəlxalq müsabiqələr laureatı, hazırda təhsilini Estoniyada davam etdirən gənc pianoçu Şirin Əmiraslanovanın ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət rəngarəng konsert proqramı təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(07.01.2024)
“Yarımçıq işlərin bitmir ki, bitmir” - Adil Cəmilin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Adil Cəmilin şeirləri təqdim edilir.
Darıxır yazı masan
(Otuz beş yaşında dünyasını dəyişən görkəmli qırğız şairi Alıkul Osmonovun
ev-muzeyində düşündüklərim)
Bu pəncərədən baxardın
boz-bulanıq dünyaya.
Bu evdən boylanardın
Günəşə, Aya.
Gecələrin zülməti
əriyərdi bir anda
qəlbinin işığına.
Çəkdiyin acılara gülərdin
taleyin acığına.
Uşaq evində böyümüşdün,
amma uşaqlardan böyük idin -
düşüncənlə,
ağlınla,
fərasətinlə.
Qalmamışdın həyatda
yetimlik xislətinlə.
Bu dərdi atmışdın
yaddaşın bucağına.
Qəlblərə girmək üçün
misra-misra közərdin
taleyin acığına.
Darıxır yazı masan:
- Alıkul, hardasan?
Saralmış kağızlarda
yol çəkir gözləri
yarımçıq misralarının - könül varının...
Bu evdə son dəfə
bağrına basdın ölən övladını.
Bu evdə son dəfə gördün
çıxıb gedən arvadını.
Bu evdə sonuncu qanlı öskürək,
bir də tıxanan nəfəs yolu
aldı qırğız elindən
otuz beş yaşlı Alıkulu...
(8 noyabr 2024, Bişkek şəhəri)
Gəlin unutmayaq
Tənhalıq yad deyil bəşər əhlinə,
Bu boyda dünyada hər insan təkdir.
Bədən ölüb gedir, ruh yaşayırsa
Ölüm ölmək deyil, yer dəyişməkdir.
Adamın əl izi üst-üstə düşmür,
Adamın səsi də eyni səs deyil.
Dünyada xeyirxah bir iz qoyanda
Məzar ölənlərə dar qəfəs deyil.
Yurduna vəfalı fədailər də
Bəzən yaddan çıxır tək bircə anda.
Gəlin unutmayaq, unutmayaq ki,
Adamlar ölürlər unudulanda...
(31 may 2024)
Qalmadı
Hər şeyi o qədər gözdən saldılar
Gözdən salınmağa nəsə qalmadı.
Yaxşı da, yaman da gəldi-gedərmiş,
Bu dünya yaxşıya, pisə qalmadı.
Ruhuna qovuşduq yeni dönəmin -
Yayda yaylağımın, qışda binəmin.
Toxundu hanası Fatma nənəmin
O dağlar dumana, sisə qalmadı.
Bir canıq - möhtacıq quru nəfəsə,
Sevgidir gətirən bizi həvəsə!
Ömür-gün qısadır, yolları kəsə,
Kim deyər yollarım kəsə qalmadı.
(25 noyabr 2024)
Anama bənzəyən bacım
Bacım Xalidəyə
Bəyaz saçın gümüşüdür,
Anama bənzəyən bacım.
Bu da Allahın işidir,
Anama bənzəyən bacım.
Sən anamın tək bənzəri,
Çox çəkmisən dərdi, səri.
Oxşarlığın şah əsəri -
Anama bənzəyən bacım.
Üzündə anamın üzü,
Gözündə anamın gözü.
Özüsən, anamın özü,
Anama bənzəyən bacım.
(21 dekabr 2024)
Eynəkli ilan
Təbiət yetirən bu ilanların
Vardır naxışlısı, vardır zərlisi.
İlanlar özü də çəkinir ondan -
Eynəkli ilandır ən zəhərlisi.
Mənim də eynəkli bir tanışım var.
Zəhər tuluğudur, ağu yığını.
Kimisə sancmasa yaşaya bilmir,
Dərk etmir nə üçün yaşadığını.
Girəndə məclisə zəhərli sözü
Zəhərə döndərir yemək-içməyi.
Qalsın zəhrimara belə "varidat" -
Zəhərdən savayı yoxdur heç nəyi.
(23 oktyabr 2024)
Yarımçıq işlər
Tale gəmisinə uğur dilərik -
Sahilə salamat yetirmək üçün.
Hamı Allahından möhlət istəyir
Yarımçıq işini bitirmək üçün.
Yerdə şütüyürük, göydə uçuruq,
Ucaqlar buluddan yuxarı uçur,
Ayımız, günümüz keçir yollarda
Ömrün qışı gedir, baharı uçur.
Nəyin var, nəiyn yox, kimsən, nəçisən,
Heç vədə Tanrının gözündən itmir.
Ay keçir, il ötür, ömür də bitir,
Yarımçıq işlərin bitmir ki, bitmir.
(16 avqust 2024)
Olmur
Ar-namus bilməyən abırsızların
Dünyada bir dərdi, bir səri olmur.
Arvad hesabına kişi olanın
Evində sözünün kəsəri olmur.
Dəyişib qibləsi imanın, dinin,
Fərqi bilinməyir şeytanla cinin,
Hər hacı olanın, hər məşədinin
Üstündə Allahın nəzəri olmur.
Ay Adil, bilinmir nə imiş qəsdin,
Min yol taleyinlə barışdın, küsdün...
İnsandan dəyərli, insandan üstün
Tanrının ikinci əsəri olmur.
(24 avqust 2024)
Kərküklü qız
Dili dilimizdən,
eli elimizdən
su sonası bir qız
otel foyesində
oturub yalqız.
Ayağa duranda görürəm
dirənib qalxdığı
qoltuq ağacını.
Ankaraya həkimə gəlib -
tapsın əlacını...
Utanır qoltuq ağacı
qızın qoluna girməyə.
Nə var ki, bunu görməyə...
Gözəlliyin Ay işığı
əridir şikəstliyin zülmətini.
Gülümsəyir kərküklü qız -
dünyadakı qızların
ən məsumu, ən mətni...
(Ankara,
8 sentyabr 2024)
Qayıtmadı o Kəlbəcər
...O Kəlbəcər qayıtmaz,
Qayıtsa yüz Kəlbəcər.
Məmməd Aslan
İtib getmiş ad qayıtdı,
Tülkü qaçdı, qurd qayıtdı.
Məmməd Aslan, yurd qayıtdı,
Qayıtmadı o Kəlbəcər.
Həsrət qaldıq yaylağına,
Diz çökmədik bulağına.
Hər kəsin öz ocağına
Qayıtmadı o Kəlbəcər.
Nə çobanın tütəyinə,
Nə arının pətəyinə,
Nə də dağın ətəyinə
Qayıtmadı o Kəlbəcər.
Cana məlhəm havasıyla,
Eli, günü, obasıyla,
Dədəsiylə, babasıyla
Qayıtmadı o Kəlbəcər.
Demə yurdun yarası yox,
Gələnlərin yarısı yox...
Qocası yox, qarısı yox,
Qayıtmadı o Kəlbəcər.
Bu yarımçıq sevincimə
Sevinmirəm, yurd, incimə...
Tamarzıyam el içinə -
Qayıtmadı o Kəlbəcər.
Var olsun ər oğulları -
Gördük gerçək nağılları...
Qayıtdı dağlar diyarı,
Qayıtmadı o Kəlbəcər.
İndi yurdun öz kirəsi,
Görən verir göz kirəsi.
Qəm üyüdür kirkirəsi,
Qayıtmadı o Kəlbəcər.
Qoca həsrət məni əymiş,
Ötən çağlar, Allah, nəymiş...
Əsatirmiş, əfsanəymiş,
Qayıtmadı o Kəlbəcər.
Qayıtmadı o Kəlbəcər!
(21 dekabr 2024)
Biz gəldi-gedərik
“Qocaldıq...” deyən dostum Cavid bəyə
Cavanlıq dediyin gözəllik imiş,
Çoxdan itirmişik biz gözəlliyi.
Qocalıq başlara qar ələyəndə
Solur təravətli üz gözəlliyi.
Bu dərd çarəsizdir, getmə dərinə -
Hay verən tapılmaz dərdi-sərinə.
Bənzəyir kül olmuş ocaq yerinə
Gözləri yandıran göz gözəlliyi.
Ömür-gün belədir, ay Cavid qağa,
Kim istər vədəsiz saça qar yağa?
Birtəhər qalxırıq vallah ayağa,
Deyirlər hər yaşın öz gözəlliyi...
Qocalıq məni də atıbdır oda,
Adili başqa kim salardı yada?
Biz gəldi-gedərik, amma dünyada
Həmişə tər qalır söz gözəlliyi.
(12 noyabr 2024)
“Ədəbiyyat və incəsənət”
(07.01.2025)
ÖTƏN İL BU GÜN -2023-cü ilin ən yaxşı kitabları təqdim edilmişdi
Könül, “Ədəbiyyat və incəsənət”
2024-cü ilin 7 yanvar tarixində portalımızda gedən yazıları vərəqləyərkən diqqətimi bu reytinq çəkdi. Bir ildə çoxmu dəyişiklik olub? 2023-də sevilən kitablardan hansı 2024-də də əllərdən düşməyib? Yazıya baxaq.
Arxada qoyduğumuz 2023-cü ildə azərbaycanlı üçün kitab bir qədər də əlçatan və doğma oldu. İl ərzində böyük kitab festivalları, sərgiləri, müsabiqələri keçirildi, ədəbiyyat forumları, çoxsaylı imza günləri, tanınmış yazıçılarla görüşlər baş tutdu. Mən özüm gərgin iş qrafikimə baxmayaraq il ərzində 25 kitab oxudum, bu da orta statistik göstəricidən xeyli çoxdur.
İndi isə istəkli oxucular, sizləri kitab bazarında bələdçi ola biləcək bir reytinqlə tanış etmək istəyirəm
Şərqi Avropanın ən böyük ədəbiyyat təbliği platforması olan LitRes aylar üzrə 2023-cü ilin ən yaxşı kitablarının reytinqini təqdim edib.
Buyurun, tanış olun.
YANVAR
İzabella Maldonado, “Dörd ildən bir qatil”
Aleksandr Baunov, “Rejimin sonu. Üç Avropa diktaturası necə sonuclandı”
FEVRAL
Con Marris, “Sən qeyb olanda”
Sergey Lukyanenko, “Tullanış”
Smart Ridinq, “Ehtiyatda. Prins Qarri, hersoq Sassekski”
MART
Mayk Omer, “Öldürücü təsir”
Vadim Panov, “Ağılsızlıq simulyatoru”
APREL
L.C. Şen, “Qara geyinən şeytan”
Devid Berns, “Tənhalıq terapiyası. Ünsiyyət qurmağı, dostluq etməyi və sevməyi necə öyrənməli”
MAY
Deniel Meyson, “Nizamlayıcı”
Endryu Roberts, “Napoleon: bioqrafiyası”
İYUN
Xanya Yanaqixara, “Cənnətə qədər”
Marqulan Seysembay, “Missiya yerinə yetəndir. Xoşbəxt həyat texnologiyası”
İYUL
Anna Babiç, “Daxili istinad. Hər situasiyada özünə qayıt”
Aleksey Reşetun, “Bədən üzrə sübut”
AVQUST
Mersedes Ron, “Bizim günah”
Berd Kay və Şervin Martin C., “Oppenheymer, Amerika Promoteyinin triumf və faciəsi”
SENTYABR
Viktor Pelevin, “Elevsinə səyahət”
Veronika Melan, “Arid. Mənim lənətləndirdiyim”
Kventin Tarantino, “Kinospekulyasiya”
OKTYABR
Anonimus, “Savva Morozovun işi”
Rebekka Yarros, “Dördüncü qanad”
Donald Kaqan, “Peloponnes müharibəsi”
Cen Sinsero, “Sənin güvənəcəyin kitablar komplekti”
NOYABR
Anne Dar, “2 nömrəli həyat”
Leonid Yuzefoviç, “Bar-Xatoya yürüş”
DEKABAR
Anna Xuan, “Dağıdıcı oyun”
Nikolas Starqart, “Müharibənin şahidləri: nasistlər dövrünün uşaqları”
“Ədəbiyyat və incəsənət”
(07.01.2025)
Gediriz. Gediriz. Getməyir, uçuruz - MÜŞFİQİN ANIM GÜNÜNƏ
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
İləri,
Bakının zərbəçi ərləri!
İləri, yeni neft planı
Sarsıtsın cahanı!
İləri, yeni ruh, yeni can,
Bu uzun həyəcan
Bakıyı qaplasın,
Qəhrəman divləri bir yerə toplasın!
Ey işçi, sən necə saqlısan buruqda,
bu ruhda
Mən dəxi şeirimdə saqlıyım.
Qoy məni tanıyan şeirimdən tanısın,
Ey şeirim, sən mənim işimin canısın.
Gediriz.
Gediriz.
Getməyir, uçuruz.
Uçuruz.
Uçmayıb, bir şimşək olub da çaxırız,
Axırız-axırız!
Keçmişin üzünə sillələr vuraraq axırız.
Möhtəşəm yarını quraraq axırız.
İrəli
Gediriz,
Gediriz, gediriz,
Getməyir, uçuruz,
uçuruz...
Uçmayır, bir şimşək olub da çaxırız.
Axırız-axırız.
Keçmişin üzünə şillələr vuraraq axırız,
Elliklə yarını quraraq axırız.
Zəfər səsləri
Repressiya qurbanı olan Mikayıl Müşfiq 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Rus dilini mükəmməl bilən şairi dərs dediyi şagirdlərindən biri belə xatırlayır:
Müşfiq müəllim dərs deyəndə zəng səsini eşitməzdik. Dərs zamanı şagirdlərə şeir oxumağı öyrədəndə başqa müəllimlərimiz də gəlib bizim sıralarda oturardı. Çoxumuza "qızım", "oğlum" deyə müraciət edərdi. Əslində bu ifadə onun yaşına uyğun deyildi. Ancaq mehriban olduğu qədər təvazökar olan Müşfiq müəllimə bu sözlər çox yaraşırdı…
Gənc yaşlarından yaradıcılıq aləminə gəlmiş Müşfiq "Küləklər","Günün səsləri", "Vuruşmalar", "Pambıq", "Buruqlar arasında" kitablarının,
"Şeirlər", "Çoban", "Mənim dostum", "Səhər", "Sındırılan saz", "Azadlıq dastanı", "Buruq adamı" əsərlərinin müəllifidir. O, 1934-cü ildə Azərbaycan Yazıçılar Birliyinə üzv seçilmişdir.
Vətənə bağlı olan şair "zəfər", "irəli" şeirləri də vətənpərvərlik hissi ilə yazılmış şeirlərdir. Amma bir az da zorən, kommunist rejiminin məcburən təqib edilən şairə yazdırtdığı şeirlərdir.
Feyruz adlı şair tərəfindən "Əhməd Cavadın qanadı altında yaşayan gənc şair" adlandırılan, Vətənini dərin bir məhəbbətlə sevən, onu hər zaman abad, müstəqil, azad görmək istəyən Mikayıl Müşfiq 6 yanvar 1938-ci ildə qırmızı repressiyanın qurbanı olaraq dünyasını dəyişib.
1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən Mikayıl Mirzə Əbdülqədir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) ölümündən sonra bəraət almışdır.
P.S - Mənə görə ölümündən sonra verilən bəraət bir məna daşımır, bu bəraət ona yaşarkən verilməli idi, verilməli idi ki o yaşayıb yeni-yeni əsərlər yazsın, xalqının maariflənməsi üçün çalışsın. Heyfki keçmiş dövrdə Müşfiq kimi neçə-neçə vətənpərvər insanları həyatdan məhrum etdilər. Əlbəttə ədalət hər daim yerini tutur və tutacaq. Xatirəsini hörmətlə anırıq, məkanı Cənnət, ruhu şad olsun Amin.
“Ədəbiyyat və incəsənət”
(07.01.2025)
“Lеyli və Məcnun” kimi dahiyanə əsərində öz qoca rəqiblərini gеri buraxmışdır...” – CƏFƏR CABBARLI
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsinin Füzuli saatları yekunlaşır. Bu gün sizlərə böyük dramaturqumuz Cəfər Cabbarlının yazdığı “Mirzə Fətəli Axundzadə haqqında” məqaləsindən Füzliyə aid hissəni təqdim edirik.
...Bəlli olduğu üzrə, azəri ədəbiyyatı Füzulidən sonra öz orijinallığını itirmiş bir halda idi.
Füzuli azəri ədəbiyyatını fars və ərəb girdablarından dartıb çıxarmış, dörd yanını sarmış boşluq içərisində yеni doğurmuş ədəbiyyatı çiyinlərinə almış və yеnilməz addımlarla ta yüksəklərə qaldırıb, parlaq bir sеntimеntalizm ədəbiyyatı olmaq üzrə ...təqdim еtmişdir. Füzulinin dörd əsr bundan əvvəl yazdığı sеntimеntalist əsərlər bu gün bеlə bütün sеntimеntalizm ədəbiyyatının ilk sıralarında gеdə bilir. O öz mövzularında bəzən böyük ədəbi kеçmişə malik yazıçılarla yarışmış, onların yazdıqları mövzulardan istifadə еtmiş, lakin bu yarışda onlardan gеri qalmamış, hər halda, “Lеyli və Məcnun” kimi dahiyanə əsərində öz qoca rəqiblərini gеri buraxmış və hamısından yüksəyə qalxmışdır.
Füzuli öz dühası ilə Azərbaycana parlaq klassik bir ədəbiyyat vеrdi. Lakin еyni zamanda onun dühası ağır bir yük kimi azəri ədəbiyyatının inkişafı üzərinə düşüb onu öz ağırlığı altında əzməyə başladı. Еl ağzından çıxmış ədəbiyyat, bir dahinin qələmi altında yonuldu və birdən-birə klassik bir yüksəkliyə qalxdı. Mühit isə bu yüksəkliyə çıxacaq bir hazırlığa malik dеyildi. Azəri ədəbiyyatının Füzuli yüksəkliyində dayanması və mütərəqqi addımlarla yüksəklərə doğru irəliləməsi üçün həyati bir dayağı yox idi. Odur ki, Füzuli öz əlini ədəbiyyatdan çəkər-çəkməz ədəbiyyat mütərəqqi gеdişi ilə irəliləmək dеyil, bəlkə, yüksəldiyi yеrdə bеlə dayanmadı və sürətli hərəkətlə еnişə doğru yuvarlanmağa başladı...
Şairlər, ədiblər Füzulini ötməyə dеyil, bəlkə, ona yеtişməyə, var qüvvələri ilə öz əsərlərini Füzulinin əsərlərinə bənzətməyə və bеləliklə, ədəbiyyatı qırıldığı nöqtəyə vardırmağa, orada bərkitməyə çalışırdılar. Bеləliklə, azəri ədəbiyyatı öz orijinal mənliyini itirmiş və Füzulinin ardınca qoşmağa başlamışdı. Artıq ədəbiyyat öz mövzusunu həyatdan və mühitin təməlindən almır, həyatın psixologiyası ilə yaşamır, bəlkə, kеçmiş, söylənmiş sözləri, daha doğrusu, Füzulinin dahiyanə şеirlərini daha bayağı, daha zəif və boyasız bir şəkildə təkrar еdirdi.
Füzulinin bir qəzəli yüzlərlə şairlər üçün ilham mənbəyi olur, şairlər öz şеirlərini ona bənzətməyə çalışırdılar. “Füzuliyanə” qəzəllər yazmaq şairlərin idеalı olmuşdur. Bənzətmələr, təxmislər yol alıb gеdirdi. Ədəbiyyat öz normal yolunu itirmiş, həlqəvi bir gеdişlə Füzulinin başına hərlənir, haraya gеtdiyini özü də bilmirdi. Füzuli еlə bir tilsim idi ki, ədəbiyyatımız ondan bir addım bеlə olsun bayıra çıxmır və uzun illər yеni bir şəklə kеçmirdi...
“Ədəbiyyat və incəsənət”
(07.01.2025)
Xalq yazıçısı Natiq Rəsulzadənin yeni kitabı işıq üzü görüb
Azərbaycanın Xalq yazıçısı Natiq Rəsulzadənin dilogiyası - “Gecədə atlı” povesti və “Poker oyunu” romanı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, kitabdakı ilk əsər yazıçı tərəfindən 1981-ci ildə yazılmış, oxucuların geniş rəğbət və məhəbbətini qazanmış məşhur “Gecədə atlı” povestidir. İkinci əsər - 2024-cü ildə yazılmış “Poker oyunu” romanı bu hekayənin davamıdır. Müəllif burada otuz il sonra baş verən hadisələrdən, qəhrəmanının taleyindən, çətin sınaqlardan keçdiyi, lakin sınmadığı, məqsədinə çatdığı ömür yolundan bəhs edir.
Natiq Rəsulzadə - Azərbaycanın Xalq yazıçısı, Qorki adına Ədəbiyyat İnstitutunun məzunu, nasir, dramaturq, ssenarist, Əməkdar incəsənət xadimi, “Şöhrət” ordeni, bir çox yerli və xarici ədəbi mükafatların laureatıdır. O, Bakı, Moskva və Avropa ölkələrində çap olunmuş əllidən çox kitabın, çoxsaylı povestlərin, hekayələrin, ssenarilərin və pyeslərin müəllifidir.
Kitabı Azərbaycan Respublikası Prezidentinin Administrasiyası yanında Kitab Evindən əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(07.01.2024)