Türkiyədə Məhəmməd Füzuliyə həsr olunmuş “Kültürel Azerbaycan” jurnalının xüsusi buraxılışı dərc olunub

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə qardaş ölkədə İstanbulda Türkcə yayımlanan “Kültürel Azerbaycan” jurnalının növbəti buraxılışı dahi Azərbaycan şairi, Türk dünyası ədəbiyyatının məşhur nümayəndəsi Məhəmməd Füzuliyə həsr olunub. 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzindən məlumat verilib.

Qeyd edək ki, bu barədə Azərbaycan Mədəniyyət Mərkəzi“Kültürel Azerbaycan” jurnalı ilə ötən ilin əvvəlində razılıq əldə etmişdir. 

Jurnal ilk olaraq Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 iliyinin qeyd edilməsi haqqında Sərəncamı ilə başlayır. Sərəncamda xüsusi olaraq qeyd olunur ki, “Məhəmməd Füzuli Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixinin qürurudur.”

Qeyd edək ki, “Kültürel Azerbaycan” jurnalında hər iki ölkənin Füzulişünas alimlərinin maraqlı məqalələri dərc edilib. Jurnalda  Azərbaycandan akademik Rafael Hüseynovun “Dualar şiirleri doğurdu, Fuzuliye yönelen dualar”, professor – doktor Ataəmi Mirzəyevin “Fuzuli’nin “Leyla ve Mecnun” mesnevisi Azerbaycan epik şiirinin zirvesi”, professor – doktor Lalə Əlizadənin “Fuzuli’nin aşk ve özgürlük anlayışı”, professor – doktor MahirəHüseynovanın “Sevgi yolunun ışığı”,  professor – doktorZəhra Allahverdiyevanın “Muhammed Fuzuli'nin yaratıcılığı ve ilk Türk edebi kaynaklar”, Doç. Dr. Ruhengiz Cümşüdlünün “Muhammed Fuzuli’nin arapça şiir mirası üzerine”, Doç. Dr. Əzizağa Nəcəfzadənin“Fuzuli’nin bir gazeli hakta”, Dr. Əlimuxtar Muxtarovun“Azerbaycan şiirinde Muhammed Fuzuli'nin imgesi”, Doç. Dr. Afag Yusiflinin “Aliaga Vahid’in yaratıcılığını Fuzuli’nin mirasıyla bağlayan yönler” məqalələri işıq üzü görmüşdür. 

Türkiyədən professor – doktor Cemal Kurnazın“Azerbaycan Türkçesinin büyük şairi Fuzuli”, professor – doktor Mustafa İsenin “Türk dünyasında bir köprü isim: Fuzuli”, professor – doktor İsmet Çetinin “Fuzuli ve Türkiye’de hakkında yapılan çalışmalar”, professor – doktor Hayrettin İvginin “Fuzuli anma toplantıları ve Nazım Hikmet”,  doktor Kenan Çarboğanın “Su’ya âşık bir şair portresi olarak Fuzuli” məqalələri dahi şairin yaradıcılığının Türk dünyası ədəbiyyatına verdiyi töhfələri və onun nə qədər mühüm əhəmiyyətə malik olduğunu təsdiqləyən elmi məqalələrdir. 

Jurnal həm çap, həm də elektron formada yayımlanır və Azərbaycan Mədəniyyət Mərkəzi jurnalın nüsxələrinin Türkiyənin aparıcı kitabxanalarına, elmi tədqiqat müəsisələrinə hədiyyə edilməsini planlaşdırır.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə dahi Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 530 iliyi münasibəti ilə ötən il Türkiyədə Qazi Universitetində Elmi Simpozium, Bədii-Musiqili Kompozisiya, “Füzuli divanı” adlı Türkcə kitabın nəşri və 21-ci Ankara Kitab Sərgisi çərçivəsində onun geniş  təqdimatı keçirilib.  

 

“Ədəbiyyat və incəsənət”

(07.01.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.