Super User

Super User

Azərbaycan əsilli tanınmış fransız fotojurnalist Reza Deqati öz İnstagram sosial media hesabında dahi şair Nizami Gəncəvinin ermənilər tərəfindən dağıdılmış büstü barədə paylaşım edib.
Məşhur fotoqraf öz paylaşımında tarixi faktlara istinad edərək, XVII əsrdə yaşamış fransız şərqşünas Barthélemy d'Herbelot de Molainville tərəfindən Nizami Gəncəvinin fəlsəfi düşüncəsi barədə yazılmış fikirləri xatırladıb. Bu fikirlərin fonunda erməni barbarlığı daha aydın vurğulanıb.
Qeyd edək ki, bu fotolar onun ADA Universiteti ilə birgə həyata keçirdiyi “Soul of Karabakh” (“Qarabağın ruhu”) layihəsi çərçivəsində hazırlanan veb-saytda və broşürlərdə əksini tapacaq.

 

Elçin İsgəndərzadə - professor, texnika və filologiya elmləri doktoru, Azərbaycan Texniki Universitetinin "Metrologiya və Standartlaşdırma" kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar Müəllimi, Azərbaycan Respublikasının Fəxri Mədəniyyət İşçisi, Avropanın Fəxri Alimi, Mədəniyyət Səfiri və hamısı ilə yanaşı, lirik və vətəndaş şeirləri ilə qəlb oxşayan gözəl şair. Bu sentyabr günlərində Elçin İsgəndərzadə ömrünün 57-ci ilinə qədəm qoydu.

 

 “Əgər taleyində 16 sentyabr 1964-cü ildə Şuşada doğulmaq, 8 may 1992-ci ildə Ata ocağını 28 illik tərk etmək, Xocalı soyqırımını canlı yaşamaq və yaşadığın dünyanın ədalətsiz ikili standartlarla idarəedilməsində acizcəsinə qovrulmaq varsa, Nazim Hikmət demiş: “Yaşamak çok zor, kardeşim.” Amma bunu da Nazim Ustad söyləmiş: “Dünya şu kadar güzelken, insanlar nasıl öle bilirler?!” – Bu sözləri söyləyən Elçin İsgəndərzadə yeni – qələbə ovqatlı şeirlərini “Ədəbiyyat və incəsənət” portalının oxucularına təqdim edir. Buyurun, şairin dünyası ilə baş-başa qalın.

 

Növbəti buraxılışlardan birində şairin lirik şeirlərini də oxucularımıza təqdim edəcəyik.

 

 

Vətən

 

Nəğmə də bitir,

şeir də,

yol da…

Hələ arzular da -

bircə sən,

bircə sən

bitmirsən,

Vətən!

 

 

  Şükranlıq türküsü

 

İllərin həsrətini yerə vurdu bu görüş,

Uzanan yad əlləri elə qırdı bu görüş,

Qaranlığın bağrını yardı, yardı bu görüş,

Şükür, bizi bizlərə qovuşdurana Şükür!

Başımızdan dərdləri sovuşdurana Şükür!

 

Harda isə gümanlar gümana düşüb getdi,

Çin çıxmayan yuxular dumana düşüb getdi,

Şuşasız zamanımız zamana düşüb getdi,

Şükür, bizi zamanla barışdırana Şükür!

Şükür, bizi Şuşaya qovuşdurana Şükür!

 

Bir tərəfdən gün çıxdı, bir tərəfdən ay doğdu,

Payızların içindən bahar doğdu, yay doğdu,

Başımızın üstündə mutlu, mavi göy doğdu,

Şükür, bizi bu göyə yaraşdırana Şükür!

Şükür, bizi Şuşaya qovuşdurana Şükür!

 

Ha tərəfə yön aldıq, yönümüz çiçəklədi,

Səsimiz qönçə tutdu, ünümüz çiçəklədi,

Sabahın gətirdiyi günümüz çiçəklədi,

Şükür, bizi bizlərə qovuşdurana Şükür!

Ayrılığı Şuşadan sovuşdurana Şükür!

 

 

Şuşam!

 

O bizim ağaclarıydı,

o bizim küləkləriydi,

o bizim yağışlarıydı...

Duruşundan tanıyırdım

qoxusundan tanıyırdım,

yağmasından tanıyırdım.

 

Ağac da boynubüküydü

külək də qırıq-qırığıydı

bulud da cilik-ciliyiydi...

 

Ağacına qurban olum, dedim

buluduna qurban olum, dedim,

daş yoluna qurban olum dedim…

O qədər qurban oldum ki, -

gördüm anam da qurbandı,

gördüm balam da qurbandı…

 

Qurbanlarını qəbul elə, Şuşam!

 

 

Şuşam necəsən?

 

Elə nigaranam küçələrindən,

gecələr düşəndə gecələrindən,

suyundan, havandan, sərçələrindən,

elə nigaranam, Şuşam, necəsən?

 

Gəzdiyim talalar yenə dururmu,

səsim dincliyini yenə yorurmu,

bir uşaq arada məni sorurmu,

elə nigaranam, Şuşam, necəsən?

 

Uçduğum budaqlar yuvasızdımı,

sağalmaz dərdlərin dəvasızdımı,

indi səhərlərin havasızdımı,

elə nigaranam, Şuşam necəsən.

 

Yazların içində o yaza bəndəm,

hələ də könlümdə bir qıza bəndəm,

bu Cıdır ömürdə bir Düzə bəndəm,

elə nigaranam, Şuşam necəsən!

 

 

Evimizə gedirəm

 

               Akif Səmədə

 

Ürəyim elə atır,

evimizə gedirəm.

İlahi, nə mutluluq,

bu gün bizə gedirəm.

 

Qollarım qoşa qanad,

uçacağam yolları.

Yaralarıma təpib

qucacağam yolları.

 

Bənövşə qoxusunun

içindən keçəcəyəm.

Məni məndə gizlədən

Elçindən keçəcəyəm.

 

Bu ayrılıq, bu həsrət

Şükür ki, başa çatır.

Evimizə gedirəm,

evimiz Şuşadadır.

 

 

Ağdam camisində yazılan şeir

 

Darıxacaq burnumun

ucunda ayrılıqlar.

Qəfildən gün çıxacaq

itəcək qaranlıqlar.

 

Bir uşaq yüyürəcək

xəyallardan üstümə.

Baxacağam bu uşaq,

özümmüşəm sən demə.

 

Qəmər nənəm gələcək

boyumu oxşamağa.

Bir ömür başlayacaq

yenidən yaşanmağa.

 

 

Cıdır düzündən etüd

 

Cıdır Düzünə düşən axşamların

aydınlığında qeyb oluram...

Qollarımı yana açıb ən gözəl uçuşunu

yaşamaq istəyirəm

geriyə qalan ömrün.

 

Bu uçuş bitsin, istəmirəm,

bu aydınlıq qaralsın, istəmirəm.

 

Bütün tərk edilmiş evlərin sevincini

yaşamaq istəyi var ruhumda, canımda.

 

Bütün qaranlıq yolları işıqla doldurmaq həvəsim var,

bütün qırıq yolları bir-birinə bağlamağım gəlir,

yenidən, yenidən qollarımı yana açıram,

uçuram, uçuram, -

unutmamaq üçün,

xatırlamaq üçün,

yaşamaq üçün.

 

 

Cıdır düzündə Rəsul Rzanı xatırlarkən

 

Yaşılından sarısına düşürük ömrün,

ağından qarasına,

mavisindən qırmızısına.

 

Hər günü bir rəngə batır vaxtımız,

bir rəng boyayır bizi,

ya da biz bir rəngi boyayırıq

ovqatımızla,

halımızla..

 

sonra rəngləri qurtarır ömrün, -

bir göy qurşağı asılır göydən.

 

 

Ağdamda ilk şeir

 

Bir ötən günün qoxusu burnumda,

havası başımda

və neçə vaxtdır ki,

o günü yaşamaq istəyim

burnumun ucunda alça çiçəyi tək açılır,

alça çiçəyi tək solur.

 

Burnumun ucunda darıxır

Olanlar,

unudulanlar,

ötənlər,

bir də mən,

Ən çox mən darıxıram hamıdan ötrü -

hamı da o gündə,

o ötən gündə.

 

... burnumun ucundan keçir külək,

alça çiçəklərini sovuraraq...

 

 

Bir şəhərlik sükut

 

Ağdamıma

 

İndi bir şəhər susuram,

bir uzaq şəhər…

 

Bütün unutduqlarım küçələrində,

yollarında,

yaddaşında…

 

Xəyallarımda kor olmuş əllərim bir divar gəzir

üstü kömür yazılı,

təbaşir yazılı

adımın baş hərfi o divarda unudub sevdalı olduğunu…

 

Və bütün sevdalar unudulur, bildim

amma ayrılıqlar unudulmur,

unudulmur…

 

Və o boşluqda ən çox notlara möhtacam

bir şəhərin nəğməsini susuram

qum saatının boşalmış şüşəsində…

 

  

İstanbulda Şuşa yuxuma girdi

 

İstanbulda Şuşa yuxuma girdi –

Köhnə məhəlləmiz... dəmir darvaza...

Bu necə yuxudu, ah bu nə sirdi –

Boz dağlar təzəcə çıxmışdı yaza.

 

Xanın səsi gəldi Qala tərəfdən,

Buludlar axırdı – bəyaz buludlar...

Bir qaya üstündə dayanmışdım mən,

Gözümdə könlümdə böyük umudlar.

 

Yuxudan oyandım, - gecə yarıydı,

Quyruqlu bir ulduz düşdü dənizə.

Həsrət ürəyimi sancan arıydı, -

Şuşa ilğım kimi göründü gözə.

 

Dəniz sahilində poyraz əsirdi,

İstanbul yuxusuz, İstanbul oyaq.

Boğazda qərib bir xəyal gəzirdi,

Qız qülləsi yaxın... Şuşa çox uzaq...

 

  

 

 

   

 

 

 

 

Monday, 20 September 2021 08:47

Neft mədəniyyəti

 

20 sentyabr. Neftçilər Günü

 

Bu gün Azərbaycanda ən böyük bayramlardan biri qeyd olunur - Neftçilər Günü. 2001-ci ildə Heydər Əliyevin Sərəncamı ilə 20 sentyabr “Neftçilər Günü” elan olunub. 1994-cü il sentyabrın 20-si müstəqil Azərbaycan dövlətinin inkişafında tarixi, mühüm bir gün oldu. Həmin gün “Əsrin müqaviləsi” adı ilə tanınmış neft müqaviləsi imzalandı. “Əsrin müqaviləsi”nə ilkin qoşulan şirkətlər bunlar idi: “AMOKO”, “Yunokal”, “Pennzoyl” (ABŞ), “Britiş Petroleum”, “Remko” (Böyük Britaniya), “Statoyl” (Norveç), “LUKoyl” (Rusiya), “Türk Petrolları” (Türkiyə), “Delta” (Səudiyyə Ərəbistanı). Sonradan müqaviləyə “İtoçu” (Yaponiya), “Ekson”, “Amerada Hess” (ABŞ) şirkətləri də qoşuldu. Bu müqavilə Azərbaycanın neft və iqtisadiyyat tarixinin yeni səhifəsini açdı. Azərbaycan ilk dəfə idi ki, 6 ölkəni təmsil edən dünyanın məşhur xarici neft şirkətləri ilə belə böyük miqyasda saziş imzalayırdı. Bu saziş Xəzər dənizində beynəlxalq əməkdaşlığın əsasını qoydu, xarici sərmayədarların Azərbaycana axınını sürətləndirdi. “Əsrin müqaviləsi” həm də Azərbaycanda yeni neft-qaz kontraktlarının bağlanmasına güclü təkan verdi. 1997-ci il noyabrın 12-də “Çıraq-1” platformasında “Əsrin müqaviləsi” üzrə ilkin neftin hasilatına başlandı. 2005-ci ilin fevralında isə “Azəri-Çıraq-Günəşli” yataqlarının Mərkəzi Azəri hissəsində ilkin neftin hasilatına başlandı.

 

Azərbaycan Respublikasının Milli Məclisində ratifikasiya olunduqdan dərhal sonra neftqaz əməliyyatlarının idarə edilməsi və əlaqələndirilməsi məqsədi ilə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı. Ölkəmizin neft strategiyasının əsas istiqamətlərindən biri Azərbaycan neftinin və qazının dünya bazarına nəql edilməsindən ibarətdir. Bu sahədə “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəməri layihəsinin hazırlanması və reallığa çevrilməsi mühüm rol oynayır. ATƏT-in İstanbul sammitində (1999, 18 noyabr) ABŞ Prezidenti Bill Klintonun iştirakı ilə Azərbaycan, Qazaxıstan, Gürcüstan və Türkiyə Prezidentləri tərəfindən layihənin dəstəklənməsinə və qısa müddətdə həyata keçirilməsinə yönəlmiş İstanbul Bəyannaməsi imzalandı. 2002-ci il avqustun 18-də Səngəçal terminalında “Bakı-Tbilisi-Ceyhan” Əsas İxrac Boru Kəmərinin təməli qoyuldu. 2005-ci il mayın 25-də kəmərin Azərbaycan, oktyabrın 13-də isə Gürcüstan hissələrinə ilkin neftin doldurulması mərasimi keçirildi. 2006-cı ilin yazında isə kəmərin Türkiyə hissəsi istifadəyə verildi. Qeyd edim ki, bu layihə Şərq-Qərb enerji dəhlizinin əsasını təşkil edir. Ümumi uzunluğu 1762 km olan kəmərin 443 kilometri Azərbaycan, 249 kilometri Gürcüstan, 1070 kilometri isəTürkiyə ərazisindən keçir. Kəmər ildə 50 milyon ton, sutkada isə 1 milyon barrel xam neft ötürmək gücündədir.

 

Xalqlar vardır ki, onların əsas kapitalı təbii ehtiyatları, iqtisadi gücüdür. Biz azərbaycanlıların əsas kapitalı neftdir. Qara qızıl adlanan bu nəsnə Azərbaycanın movcudiyyat simvoludur. Xalqlar da var ki, onların ən əsas kapitalı insan kapitalıdır.

 

20 sentyabr. Professor Kamil Balakişiyevin 115 illiyi

 

Kamil Əbdülsalam oğlu Balakişiyev Abşeronun Novxanı kəndinin Azərbaycana bəxş etdiyi daha bir görkəmli şəxsiyyətdir. 1906-cı il sentyabr ayının 20-də anadan olmuş, 1921-1926-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tibb fakültəsində təhsil almış, . beşinci kurs tələbəsi olarkən öz müəllimi A.Valenkaya ilə birlikdə “Osteologiya üzrə praktik məşğələlərə rəhbərlik” adlı dərs vəsaiti yazmış, XX əsrin 30-cu illərinin əvvəllərində artıq silsilə dərslik və dərs vəsaitləri müəllifi kimi tanınmış bu şəxs həqiqətən böyük ziyalı olub, 24 yaşında artıq dosent elmi adına layiq görülüb. 1935-ci ildə tibb elmləri namizədi elmi dərəcəsi, 1936-cı ildə tibb elmləri doktoru, 1938-ci ildə isə professor elmi dərəcəsi qazanıb. Onun rəhbərliyi altında 15 nəfər elmlər doktoru və namizədi yetişdirilib. O, 100-ə yaxın elmi işin, o cümlədən orijinal dərslik və dərs vəsaitinin, lüğət və terminologiyanın, elmi-kütləvi məqalənin müəllifidir. Azərbaycan dilində anatomiyaya aid ilk dərs vəsaitlərinin hazırlanması da Kamil Balakişiyevə adı ilə bağlıdır.

 

Kamil Balakişiyev 1973-cü il noyabr ayının 22-də vəfat edib və Fəxri Xiyabanda dəfn edilib. Hazırda Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır. Ruhu şad olsun!

 

20 sentyabr. Təbiətin və canlıların həmrəyliyi

 

Bu gün “Özünün ev heyvanını sev” günüdür. Onsuz da insanlar öz ev heyvanlarını sevirlər, ancaq hərdən biri pişiyə təpik vurur, eşşəyi qamşılayır, itə daş tolazlayır, toyuğu hasara çıxartdırır. Bax bunlar olmaz. Bu gün bunları etmək qadağandır. 

 

Bu gün yəhudilər Sukkot bayramını qeyd edəcəklər, yəhudi yeni ilinin 15-ci günü qeyd edilən bu bayram 7 gün davam edir, məğzi də budur ki, torpaq əkib-becərənlər məhsulu yığıb bitirib bu gündən etibarən ta ki ilk yağışlara qədər dincələ biləcəklər. Sukka sözü dilimizə koma kimi tərcümə olunur, necə ki koma insanı soyuqdan, istidən qoruyur, eləcə də soyuq dövrlər üçün topladığı ərzaq ehtiyatı insanı ac qalmaqdan xilas edir yəni.

 

20 sentyabr. Astroloq Hacıbəy Sultanovun 100 illiyi

 

Bu gün daha bir işıqlı azərbaycanlının yubileyidir. Bakının Şağan kəndində doğulan, Berlinin alınmasına qədər şanlı döyüş yolu keçən Hacıbəy Sultanov “Vətən müharibəsi” ordeni və “İgidliyə görə”, “Qafqazın müdafiəsinə görə”, “1941- 1945-ci illərdə Almaniya üzərində qələbəyə görə”, “Praqanın azad edilməsinə görə” medalları ilə təltif olundu, 1946-cı ildə ordudan tərxis edildikdən sonra Azərbaycan Dövlət Universitetinin Astronomiya kabinetində işə qəbul olunaraq elmi tədqiqatlara başladı. 1959-cu ildə Şamaxı Astrofizika Rəsədxanası təşkil ediləndə  H.Sultanov onun ilk direktoru oldu. Ömrünün sonunadək orada çalışdı. 1967-ci ildə Moskva Dövlət Universiteti nəzdindəki Şternberq adına Astronomiya İnstitutunun Elmi Şurasında doktorluq dissertasiyası müdafiə etdi. 1972-ci ildə Azərbaycan EA-nın həqiqi üzvü seçildi,1976-1981-ci illərdə Azərbaycan EA-nın vitse-prezidenti vəzifəsini də icra etdi.

 

Müasir dövrdə Azərbaycanda astronomiya sahəsində tədqiqatların yenidən qurulması Hacıbəy Sultanovun adı ilə bağlıdır. Alimin bilavasitə rəhbərliyi və iştirakı ilə Şamaxı Astrofizika Rəsədxanasının işi formalaşdırılıb, o dövr üçün müasir olan teleskopların alınıb quraşdırılması və astronomiya sahəsində yüksəkixtisaslı kadr hazırlığı həyata keçirilib. Alimin elmi fəaliyyətinin əsas sahələri səma mexanikası və Günəş sisteminin kosmoqoniyası ilə bağlı idi. Asteroidlərin mənşəyinə dair o, riyazi nəzəriyyənin qurulması istiqamətində orijinal işlər yerinə yetirib. H.Sultanovun elmi fəaliyyəti yüksək qiymətləndirilib, 2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən o, “Şöhrət” ordeni ilə təltif edilib. Hacıbəy Sultanov 2008-ci il mart ayının 5-də vəfat edib, ruhu şad olsun!

 

20 sentyabr. Yay İsanın əhvalatı

 

Bu günə çoxlu mətbəx bayramları düşür. Böyük Britaniyada qızardılmış düşbərə, Monqolustanda qəhvə, gözünə döndüyüm Amerikada paperoni ilə pitsa, üstəlik, romlu punş, üstəlik Keso Blanko pendiri günləridir. Hələ bunlar azmış kimi, bir də omlet, bizim dilcə desək, qayğanaq günüdür. Qayğanaq məişətimizin əsas atributlarından olan yumurtanın hesabına hasil olduğu üçün yumurta ilə bağlı sizə bir məzəli əhvalat danışım. Qazax rayonu Gürcüstanla həmsərhəd olduğundan dədə-baba dövründən qazaxlılar öz kənd təsərrüfatı məhsullarını aparıb Tiflis bazarında satarmışlar. Rəhmətlik nənəmin Bastafa adlı bir rəfiqəsi var imiş. Həyat yoldaşını da Yay İsa deyə çağırırlarmış. Kişinin qaməti oxun yayı kimi əyriymiş deyə. Bastafa arvad özü heç vaxt Tiflis bazarına getməzmiş, ərzağını nənəmə verərmiş ki, özününküləri satanda onunkularını da satsın. Nə başınızı ağrıdım, bir dəfə nənəm bərk naxoşlayır, Tiflisə gedə bilmir. Bastafa arvad naəlac qalıb toyuqlarının altından yığdığı bir vedrə yumurtanı Tiflis bazarına özü aparası olur. Yerə döşənib vedrəsini də qabağına qoyur. Hər yaxınlaşan ondan “poçyom yaysa” (yumurta neçəyədir) deyə soruşur, o da hamıya “yaxşıdır, a başına dönüm” cavabını verir. Beləcə axşama kimi arvad bircə yumurta belə sata bilməyib kor-peşman evə qayıdır. Nənəm ondan alverinin necə keçdiyini soruşanda da deyir ki, başı batmışların bircəciyi yumurta almadı, amma yetən Yay İsanı soruşurdu.

 

20 sentyabrın şeir payı

 

Burda... hər yağan qarla üşüyür 

 

Yetim sevdaların yalın ayaqları.

 

Burda... hər açılan səhər yenidən doğur

 

sonsuz qaranlıqları, əbədi ayrılıqları.

 

Burda... analar döşləriylə ölümü əmizdirir,

 

layla oxuyurlar övladlarının son nəfəsinə.

 

Burda... nəhəng başdaşları ucalır

 

qətlə yetirilmiş arzuların xatirəsinə.

 

Burda... anaların çiynində gedir

 

oğul tabutları...

 

Burda ünvanına yetişmir

 

kirlənməmiş sevgi məktubları...

 

 

 

Elçin Mirzəbəyli

 

 

 

Varisin “11-20 aentyabrın təqvimi” yazısından

 

Saturday, 18 September 2021 10:50

Dünyaşöhrətli fransız aktyoru

Dünyaşöhrətli fransız aktyoru, uzun illərdir ictimaiyyətə görünməyən 87 yaşlı Pyer Rişar Jan Pol Belmandonun vida mərasimində qəfildən üzə çıxıb. Çəliklərlə, ağır irəliləyən Pyer Rişar təklif olunan köməklərdən imtina edib.

Saturday, 18 September 2021 10:50

Bəhruz Kəngərli.

 “Oğlan budaq ilə”.

Zahid Sarıtorpaq – Şeirlər
Rüstəm Kamal – Fridrix Nitsşe və lal Gerasim: dilimizin ucundakı Allah
“İncil”dən parçalar Təvəkgül Boysunarın tərcüməsində
Sevinc Elsevər – Kinomuzda qadınlar – “İsmət” (Dördüncü yazı)
Nizami Cəfərov – Böyük zəfərin tərənnümü (Ramiz Duyğunun “Qalibiyyət dastanı” kitabı haqqında)
Cavanşir Yusifli – Fraqmentlər (İkinci yazı)
Qulu Ağsəs – Beşdə beş...
Səlim Babullaoğlu – “Sentyabr. Eylül. Veresen. September” (Şeir)
Vaqif Yusifli – Bədii düşüncədə Qarabağ (Zemfira Məhərrəmlinin eyniadlı kitabı haqqında)
İsa Həbibbəyli – İbrahim Yusifoğlunun poetik dünyası və uğurları
XX əsr Ukrayna şeiri – Vasil Stusun şeirləri Səlim Babullaoğlunun tərcüməsində
Nəriman Həsənzadə - “Zəfər yolu” (Lirik poema)
Çingiz Abdullayev – “Körpə və kürən pişik balası” (Hekayə)
Andreana Dvorniç – Ümid Nəccarinin “Qaranlığın fotosu” haqqında...
Elşad Barat – “Şuşa” (Şeir)
Alpay Azər – Bitməyən berqmanomaniya (“Yaddaş eskizləri” silsiləsindən)
Səadət Sultan – “Sərçə” (Hekayə)
Fərid Hüseyn – Şairlər üçün “konspekt” (“Məncə” rubrikasından)
Çağdaş gürcü poeziyası – Omar Turmanaulinin şeirləri İmir Məmmədlinin tərcüməsində
Elçin İsgəndərzadə - Şeirlər
Məhəmməd İqbalın “Kurtuba camesi” poema-qəsidəsi Elxan Zalın təqdimatında
Tural Cəfərli – Şeirlər
Asim Yadigar – “Zəfər yolu” (Şeir)
Allahşükür Ağa – Şeirlər
İsmayıl Mərcanlı İmanzadə - Şeirlər
Zakir Məmməd – Vətən ideyası (Novruz Nəcəfoğlunun “İçimdə bir ocaq var” kitabı haqqında)
Amerika yazıçısı Raymond Karverin “Kilsə” hekayəsi Həmid Piriyevin tərcüməsində
Şahnaz Şahin – Xoş gördük, İstanbul... (Esse)

Mənbə:Edebiyyatqazeti.az

Yevgeni Stıçkin, Elena Lyadova və Yevgeni Tsiqanovlu "Özündən kənarda" adlanan rus trilleri Fransada - La Roçel şəhərində sentyabrın 14-də başlamış de la Fiction TV festivalında uğur qazanmağa əsas namizəd hesab olunur, telesezonunun əsas Avropa layihələrinin şort-listinə filmin adı  daxil edilmişdir. Bu barədə TNT-nin mətbuat xidməti məlumat verir.
"Hər il La Roçel Avropa ölkələrində yeni telesezonun başlanması ərəfəsində əsas meydançaya çevrilir. Festivalın Təşkilat Komitəsi Fransadan və Avropa ölkələrindən yarım saatlıq telefilmlər və epizodlar formatında 60-a yaxın ən yaxşı dramı seçir. Hələ heç kimin görmədiyi layihələr La Coursive kinozalının ekranında görünür, beş gün sonra isə festival proqramının münsiflər heyəti tərəfindən 16 nominasiyada yeni Avropa mövsümünün ən güclü işləri seçilir. Bu nominasiyalardan səkkizində "Özündən kənarda" qalib gəlmək iddiasında olacaq",-deyə mətbuat
xidmətindən bildiriblər. Film  yaddaşsızlıqdan əziyyət çəkən dahi bir maliyyəçidən bəhs edir.
Prodüserlərdən biri Yevgeni Nikişov filmi "Dram səviyyəsində olan, habelə incə yumora malik ekzistensial komediya" adlandırıb. "Özündən kənarda" özünü ən müxtəlif üsullarla - kampaniyalardan psixoanalitikaya qədər özünü necə tapmaq barədə danışır. Belə çıxır ki, müasir cəmiyyətdə özünü qəbul etmək barədə sorğu böyükdür, buna görə də "özündən kənarda" hətta tələbkar izləyicidən belə cavab tapacaq", - deyə o bildirib.
Serialın prodüserləri Valeri Fyodoroviç və Aleksandr Kessel də bu filmlə bağlı öz iddialarını ortaya qoyublar. Filmin premyerası 2021-ci ilin payızına planlaşdırılır.
Festivala sabah yekun vurulacaq.

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov Özbəkistana səfəri çərçivəsində Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy ilə görüşüb.
Mədəniyyət Nazirliyinin rəsmi məlumatına görə, görüşdə Anar Kərimov ikitərəfli dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini qeyd edib, mədəniyyət sahəsində əməkdaşlığın daha da genişləndirilməsindən məmnunluğunu ifadə edib. Nazir vurğulayıb ki, Azərbaycan və Türkiyə münasibətləri bölgədə bütün türk dövlətləri üçün örnək nümunə olmalıdır.
Nazir görüş zamanı işğaldan azad olunmuş ərazilərdə aparılan geniş yenidənqurma və bərpa işləri barədə məlumat verib.
Görüş zamanı nazir Anar Kərimovun Türkiyəyə və Türkiyə mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərlərindən də söz açılıb, ortaq layihələr və mədəniyyət sahəsində birgə fəaliyyətin və əməkdaşlığın perspektivləri müzakirə edilib. Ankarada keçirilən görüşün nəticəsi ilə bağlı mədəni əməkdaşlığın dərinləşdirilməsinə dair incəsənət, muzey, kitabxana, mədəni irs sahələrində davamlı işlərin aparılmasının vacibliyi qeyd olunub. Ankarada iki ölkə arasında mədəniyyət üzrə birgə komissiyanın iclasında müzakirə olunan və imzalanan sənədlərə dair tədbirlər planının hazırlanmasının yekunlaşdırılması və yaxın zamanda imzalanması ilə bağlı işlərin aparılması barədə fikir mübadiləsi aparılıb.
Ölkələrimiz arasında Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi ilə əməkdaşlıq çərçivəsində mədəni irsin qorunması, tarixi abidələrin bərpası istiqamətində də münasibətlərin inkişaf edərək genişlənməsindən məmnunluq  ifadə edilib.
Görüşdə cari ilin 6-10 oktyabr tarixlərində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcəyi, sərgi-yarmarkada Türkiyədən nümayəndələrin və nəşriyyatların da iştirakının nəzərdə tutulduğu bildirilib.
Həmçinin görüşdə “Yunus Əmrə İli” və “Nizami Gəncəvi İli” çərçivəsində Azərbaycan və Türkiyədə həyata keçirilən layihələr və gələcəkdə birgə təşkili planlaşdırılan tədbirlər barədə müzakirələr aparılıb.

 

19 sentyabr. Mona Lizanın yaranışı günü

 

Sabah bazar günü olduğundan sabahkı təqvimə də bu gün nəzər salmağımız gərəkiyir. Və əlbəttə ki, sabahkı günün təqviminə baxarkən, 1478-ci ilin 19 sentyabrı – dünyanın ən məşhur, ən qiymətli və ən sirli portreti olan “Mona Liza”nın  (“Cokonda”nın) yaranışı gününü xüsusən qeyd etməliyik. Həmin gün dünyaşöhrətli italyan rəssam Leonardo da Vinçi aylarla üzərində işlədiyi rəsmi bitirib, dərindən ah çəkib, fırçanı kənara qoyaraq belini dikəldib və “Nəhayət ki” deyərək qışqırıb. 543 ildir ki, bu əsər insanları heyran edir, təəccübləndirir, öz sehirli aurasına çəkir. Əsl sənət bax budur!

 

19 sentyabr. Silahçı günü

 

Silahçılar məhdud peşə sahibləridir. Bu günün təqvimə salınmasını xristianlar onunla əsas gətirirlər ki, Pravoslav kilsəsinin arxangeli Mixail – hava döyüşlərinin himayədarı məhz 19 sentyabrda doğulub. İstənilən epitetləri bir kənara qoysaq, deyə bilərik ki, silahçılar – ölüm gətirənlərdir. Yeri gəlmişkən, bizdə Müdafiə Sənayesi Nazirliyi var, biz də silah istehsal edənlər cərgəsindəyik, amma bizə silah hücum üçün, işğal üçün deyil, müdafiə üçün lazım olur, ona görə də, olsun ki, bizimkilərə təbrik düşür.

 

Bununla belə, arzum odur ki, elə bir gün gəlsin, dünyada sülh bərqərar olsun, bütün silahlar paslansınlar, silah istehsal edənlər öz hesablarına əbədi məzuniyyətə göndərilsinlər, 19 sentyabr daha qeyd edilməsin, arxangel Mixailin də goru çatlasın.

 

19 sentyabr. Meşə işçisi günü

 

Belə bir gün 1966-cı ildən SSRİ-də qeyd olunurdu, indi də SSRİ-dən qopan respublikalarda qeyd olunmaqdadır. Ukrayna, Rusiya, Belarus və Qirğızıstanda daha geniş anlamda – ekoloji bayram kimi qeyd olunur hətta. Meşə insana təbiət tərəfindən verilmiş su hövzələri qədər vacib olan bir nemətdir, o, bütün planetin qəlbidir, mühafizəsidir, xilasıdır. Bu yaxınlarda Türkiyədə meşə yanğınları, bir xatırlayın, bizləri nə qədər üzdü.

 

Meşə işçisi deyəndə yadımıza kim düşür? Təbii ki, meşəbəyi. Ağac doğrayanlara, ov ovlayıb quş quşlayanlara qənim kəsilən meşəbəyi təbiətən cəsur, qorxubilməz olur, əli silahlı brakonyerin üstünə getmək cəsarəti sizə xırda görünməsin. Gəlin bu gün bu fədakar insanları alqışlayaq, şənlərinə bir “Meşəbəyi” mahnısı oxuyaq. Sözləri xalq şairi Hüseyn Arifə, musiqisi xalqa məxsus olan, Teymur Mustafayevin şövqlə ifa etdiyi həmin mahnının sözləri insanı nikbinliyə yükləyir.

 

Meşədə istirahət edən dəstəyə qoşulan ağsaqqal meşəbəyi onlarla bəs deyincəyə qədər yeyib-içir.
Kef üstündə kefimizi
Gəlib, sordu meşəbəyi.
- Buyur! - dedik, atdan enib,
Bardaş qurdu meşəbəyi.

 

Qamçısını atdı sola,
Çantasını çəkdi dala.
Şirin-şirin, bala-bala
Bizlə vurdu meşəbəyi.

 

Axırda da cuşa gələn meşəbəyi hətta bunu da edir:
İsti kabab, təzə fətir.
Doymaq olmur, yenə gətir.
Bığlarını arada bir
Eşib burdu meşəbəyi.

 

Altmışını verib yelə,
Düşməyibdir ruhdan hələ.
Qarşıdakı bir gözələ
Göz də vurdu meşəbəyi.

 

19 sentyabr. Smaylın yarandığı gün

 

İndi bir mesajlaşmalarımıza baxın. Gülən, ağlayan, təəccüblənən, qəzəblənən smaylları elə hey bir-birimizə yollayırıq. Ancaq bilirikmi ki, bu smaylların yaranma tarixi haçandır? 1982-ci ilin bugünkü tarixində, saat 11:44-də Amerikadakı Karnegi Mellon Universitetinin professoru Skott Falman kolleqalarının elektron poçtuna gülümsəyən smayl göndərdi, təklif etdi ki, gəlin bundan sonra bir-birimizlə elektron zarafatlaşma zamanı bu işarədən istifadə edək. Dedi, görün bu işarə necə də gülən adamı təcəssüm etdirir. Beləcə, gülümsəyən smayl gündəmə girdi, ardınca digər smaylları istifadəyə buraxmaq artıq texniki iş oldu. Əziz oxucularım, təki aldığınız smayllar yalnız gülümsər olsunlar!

 

19 sentyabr. Təzadlı bir bayram

 

Bu günü dünya Beynəlxalq Pirat Günü kimi qeyd edir, xəbəriniz var? Bu, yarızarafat, yarıciddi bir qeydetmədir, 3-cü minillikdə hələ də dənizdə gəmi ovlayan bu qədim peşə sahiblərini humanitar təsisatlar utandırmaq istəyərək onlar üçün təqvimə məxsusi bir gün salıblar, deyirlər, bəsdir, həvəsdir. Amma inanırsınız, məsələn, Somali piratları bu günü ciddiliklə qeyd edirlər, klassik və ənənəvi piratlar kimi başlarına dik papaq qoyub, bir gözlərini sarğıyla bağlayıb, əllərinə də bir qədəh rom alıb coşquyla özlərinə qurban axtarırlar.

 

19 sentyabr. İlk dünya gözəli Berta Sukare

 

1888-ci ildə bilirsiniz nə baş verib? Belçikanın Spa kurort şəhərində tarixdə ilk gözəllik müsabiqəsi keçirilib. Qvadelupadan – Mərkəzi Amerikada yerləşən Fransa müstəmləkəsindən olan 18 yaşlı Berta Sukare adlı xanım ilk dünya gözəli seçilib. Şəklinə baxanda bilirsiniz nə düşündüm? Əlbəttə, bizim indiki gözəllik anlayışı ilə tam üst-üstə gəlməyən bir fizionomiyadır. 133 il əvvəlki insan axı tam fərqli olub, saç düzümü, libası da primitiv, bizə zövqsüz görünə biləcək qədərdir. Amma müasir insanla o dövrün insanı arasında radikal fərq də duyulur. Səmimilik və saflıq. O vaxtlar hələ dünyanın, insani münasibətlərin çirklənmədiyi bir dövr idi, Berta Sukarenin də dünya gözəli tituluna yiyələnməsi yolu heç bir saxtalıqdan, riyadan, pozğunluqan keçmirdi. Bax belə!

 

Varisin “11-20 sentyabrın tarixi” yazısından

 

 

 

 

 “Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”nda bu gün İntiqam Yaşar sizi tanınmış şair İbrahim İlyaslı ilə görüşdürəcək. Söhbət Sumqayıtda, İbrahim İlyaslının müdirlik etdiyi yaraşıqlı Poeziya evində baş tutur.

 

-Salam, İbrahim müəllim, zaman necə keçir bu səksəkəli dövrdə?

 

-Səksəkəli dövr, elə hesab edirəm ki, arxada qalıb, artıq daha rahat dövrdür. Zəfərlə bitən müharibəmiz oldu. Doğrudur, pandemiya ilə bağlı xoş olmayan xəbərlər var, ölkədə hələ də gərginlik var. Xəstələrə də şəfa diləyirəm, dünyadan köçənlərə rəhmət, qalanlar özlərini qorusunlar.

 

-Şair İbrahim İlyaslının Qazaxdan Sumqayıtacan şeir yolu uzun oldu, yoxsa kilometrlər?

 

-Şeir yolu hər zaman hər kəs üçün uzun olub. Hər ömrün bir ölçüsü var, çünki şeir yolu bir ömrün yoludur. Qazaxda mən ədəbi mühitdə tanınmamışam, çünki orta məktəb dövrlərimdə nələrsə yazmışam, amma mənim ədəbi yaradıcılıqda bütün taleyim gəncliyimdən qucağına atıldığım Sumqayıtla bağlıdır. Artıq Sumqayıt ədəbi mühitinin yetirməsiyəm mən. Ruhən Qazağa bağlıyam, hər kəs kimi doğulduğum yerə bağlıyam, bu bağlılıq bu hər kəsin yazdıqlarına da yansıya bilir. Amma mühit olaraq Sumqayıt ədəbi mühitinin yetişdirməsi hesab edirəm özümü.

 

 -Zalımın halını yenə soruşa bilirsinizmi?

 

-Zalımın halı hər zaman soruşulmalıdır, o, bütün zamanların zalımıdır. (Gülür)

 

-O şeir çox uğurlu lirik şeirlərdən idi. Səslənmədən sonra bir başqa da populyarlıq qazandı. Bu populyarlığa qiraətmi, audio-tələbatmı səbəb oldu?

 

-Deyilənlərə görə, təbii ki, yaxşı qiraətçilərin arasında bu şeirin yayğın olmasının rolu böyükdür. O şeir yazılandan sonra Xəzər Süleymanlı qiraət etmədən öncə də aşıqlarımız tərəfindən səsləndirilmişdi. Aşıqlarımızın dilində var idi, aşıqlarımız saza qaldırmışdılar bu şeiri. Aşıq İlham, aşıq Şaiq, aşıq Elməddin, aşıq Şəhriyar  oxuyurdular, aşıq musiqisi sevənlərin rəğbətini qazanmışdı. Xəzər Süleymanlının səsləndirməsindən sonra isə daha da yayğın oldu gənclər arasında. Və o şeir mənim  o şeirlərimdəndir ki, həmən Türkiyə türkcəsinə uyğunlaşdırıldı, sonra Qazax türkcəsinə, Özbək türkcəsinə uyğunlaşdırıldı, ruscaya həm tərcümə olundu, həm də o dildə səsləndirildi. Bir sözlə, taleyi gətirən şeirlərdən oldu.

 

- Son dövrlərdə səsləndirilən ən gözəl şeirlər sırasında demək olar ki, birincilərdəndir "Necəsən" şeiri.

 

-Görünür, Xəzər də yaxşı səsləndirib yaşantıları, hissləri. Auditoriyanı, dinləyiciləri ələ ala bilir, təsirləndirə bilir. Yeri gəlmişkən, onu da deyim ki, bu sual mənə çox verilir. Hər kəsin ömründə, bir dəfə də olsa, bir zalım peyda olur və ona qarşı olan o böyük hisslər uzun müddət onu tərk etmir. Yəqin bu şeir də ona görə bu qədər sevilir və uzun müddət yaddaşlarda qalacaq. Mən belə başa düşürəm. Mən, ümumiyyətlə, səmimiyyətdən kənar şeir yazmıram.

 

-Ailədə mən bildiyim qədəri ilə iki qardaş şairsiniz, Məhəmməd Aslanbəylinin də şeirlərini oxumuşam. Niyə ədəbi mühitdən uzaq durmağı seçir Məhəmməd bəy?

 

-Məhəmməd bizim çağdaş şeirimizdə irfan şeirinin ən məşhur və istedadlı nümayəndələrindəndir. Bunu təkcə mən demirəm. Bu gün bizim ədəbi tənqidin ən görkəmli və önəmli  nümayəndələri hamısı Məhəmmədin şeirlərini oxuyublar, haqqında yazıblar, bilirlər. Sadəcə, Məhəmmədin şeir ruhu da tənhalığa doğrudur. Görünür, həm də şeirlərindəki ruhu həyat tərzi olaraq yaşayır. Və buna görə mətbuatla əlaqə yaratmaq istəmir. Amma oxucuları var, indiyə qədər yazdıqlarını oxuyanlar az olmayıb.

 

-Mən “Ədəbiyyat qəzeti”ndə oxumuşdum Məhəmməd bəyin silsilə şeirlərini.

 

- Mən heç zaman şeirlərini kinəsə təqdim etməmişəm ki, yayımlasınlar. Sağ olsunlar, özləri götürüb yayımlayırlar. Məhəmməd vaxtı ilə çox çap olunub, “Azərbaycan” jurnalında, “Ədəbiyyat” və digər qəzetlərdə. Görünür, maraqlı olub jurnalistlərə ki, indi də maraqlanırlar, araşdırırlar, çap edirlər, sağ olsunlar.

 

-Şeirə hansınız daha əvvəl başlamısınız?

 

-Məhəmməd məndən yaşca çox kiçikdir, ona görə də o məndən tez başlaya bilməzdi. Amma mənə qalsa, mən hesab edirəm ki, o məndən böyük şairdir. Yəni, onun duyğu yükü, məna yükü, irfan qatı çox böyük bir arealı əhatə edir.

 

-O, sufi-dərviş ruhlu şeirlər yazır. Sizin şeirlərinizi nə dərəcədə bəyənir? Ümumiyyətlə, aranızda ədəbi müzakirə olurmu?

 

-Vaxtı ilə çox olubdur. Hətta Məhəmməd hərbi xidmətdə olanda belə biz məktublaşırdıq və orada ədəbi prosesi müzakirə edirdik.  Ona görə də, əlbəttə, şeirlə bağlı bizim çoxlu müzakirələrimiz olub. Bilirsiniz də, hər yerdə belədir, ailədə kiçik qardaşın böyük qardaşın yolunu gözləməsi, pərdəni saxlaması və s. bu bir əxlaq normasıdır. Ona görə də, ola bilsin ki, müəyyən məsələləri tam açıb söyləyə bilməmişik bir-birimizə.

 

-Bir az da Şuşadan danışaq. Şuşaya nə əhvalla çatdınız, nə əhvalla döndünüz?

 

-Birincisi, çox sağ ol, yaxşı yoldaşlıq elədiniz, biz ayrı-ayrı arabalarda mənzil başına varsaq da. Mən Şuşa ziyarətim haqda “Ədəbiyyat qəzeti”ndə də yazmışam. Mənim o yazıda ən ilginc münasibətim o idi ki, "Şuşada təəssürat olmur, Şuşada heyrət olur." Sözün həqiqi mənasında mən orada olduğum bütün günləri-saatları heyrət içində yaşadım. Oranın təkcə coğrafi məkan olaraq gözəlliyindən söhbət getmir, ora həm də bir ruh məkanıdır. Çünki, orada Azərbaycan mədəniyyətini yaradan elə şəxsiyyətlər doğulub boya-başa çatıb, yazıb-yaradıblar ki, onların ruhları dolaşır Şuşanın göylərində. Buna görə də Şuşa bizə təkcə torpaq olaraq yox, bir canlı varlıq olaraq da əzizdir. Ruhani məkan olaraq da əzizdir. Hesab edirəm ki, Şuşanı tam olaraq anlatmaq, bütün konturlarını cızıb oxucuya çatdırmaq mümkün deyil. Sadəcə getmək, görmək və bu halları yaşamaq lazımdı. Nə xoş halımıza ki, uzun ayrılıqdan və acılardan sonra Şuşa bizdədir, biz Şuşadayıq. Vaqif Poeziya günlərinin uzun müddətli fasilədən sonra geri dönüşü, prezident İlham Əliyevin orada hamımızı etkiləyən tarixi çıxışı, Heydər Əliyev Fondunun yüksək təşkilatçılığı və s.  Bilirsən,  burada sadəcə hər hansısa tədbirin təşkilatçılığından söhbət getmir. Bu tədbirin təşkilati məsələlərinə böyük bir məhəbbət qatılmışdı. Özün də iştirak edirdin, görürdün. Bu işlə məşğul olanlar hamımıza necə məhəbbətlə, sevgi ilə yanaşırdılar. Cənab prezidentin çıxışından sonra yazarlarla səmimi söhbətləri, hər kəsin sualını cavablandırması çox səmimi bir ortam yaratmışdı. Mənə elə gəlir ki, Şuşada qeyri-səmimi olmaq mümkün deyil.

 

-Böyük qələbədən sonra ədəbiyyatımızdan  gözləntiniz nələrdir?

 

-Ədəbiyyatımızdan çox boyük gözləntilərim var. Uğur gözləntilərim var. İstənilən halda uğursuzluğa düçar olan cəmiyyətin yaradıcılıq potensialı da onunla müşayiət olunur. İstər-istəməz orada yalnız kədər notları, qəm notları ola bilir. Çünki, yaşantılar bundan ibarətdir. Başqa yolu yoxdu. Yazıçı cəmiyyətdə baş verənləri, o cəmiyyətin insanlarını yazır. O insanları yazırsa,  o ağrılar da mətnə yansımış olur. Sonra biz böyük qələbə, uğur, zəfər qazandıq.  Bundan sonra insanlarımızın alnı açıqdır, başı ucadır. Yəni, bu qalibiyyət, bu ruh halı da ədəbiyyatımıza mütləq yansımalıdır.  Artıq biz bunun işartılarını görürük. Qələbəmizlə bağlı şeirlər, esselər oxuyuruq. İri həcmli əsərlər təbii ki, belə tezliklə ortaya çıxa bilməz. Hesab edirəm ki, çox ciddi romanlar da yazılacaq. Çünki, bizim qələbəmiz sıradan bir qələbə deyil. Dünya hərb tarixində çox az nümunələr var ki, onu bizim zəfərlə müqayisə etmək olsun.

 

-Bütün müsahibələrdə bir sual gənclər üçün xüsusi maraq kəsb edir. Gənclərdən kimləri oxuyursunuz?

 

-Mən dünən Gəncəyə gedirdim. Yol boyu bu mövzuya dönə-dönə qayıtdıq. Bütün ümumi gənclikdən söhbət gedirdi. İntiqam bəy, əgər bir yazar, orta yaşlı nəsildən, ağsaqqal nəsildən olsun, ədəbi gəncliyinə diqqət eləmirsə, ona dəyər vermirsə, ona yardımçı olmursa, mən sadəcə o adamı anlaya bilmirəm. Çünki, bu, bir ağacın öz qol-budağını doğramasına bənzəyir. Hər bir aydın birinci öz millətinin gələcəyini düşünər. Millətin gələcəyi də onun qurduğu mədəniyyətin davamlı şəkildə irəliyə getməyidir. Onu irəliyə aparan da həmin millətin gəncliyidir.  O gəncliyin inkişafı üçün sənin bir qatqın yoxdursa, deməli sən yoxsan. Əgər o gənclik yoxdursa, sən dünəndən mövcud deyilsən. Bu mənada mən çox ümidliyəm bizim Azərbaycan ədəbi gəncliyinə.  Həm bilirəm ki, bizim Türk toplumu öz törəsindəki kurallara, qaydalara uyur, bu millət yenə qəhrəmanlar, alimlər, yazıçılar doğacaq və doğur da. Azərbaycan ədəbi gəncliyinə mən çox ümidliyəm. Sadəcə, adlar çəkəndə deyirlər ki, kimsə unuduldu, kimsə yaddan çıxdı. Və yaxud da, biri daha çox təbliğ olunur, indi də müsahibə zamanı tez yada düşür, adı çəkilir.  O biri gənclər isə inciyirlər. Amma, çoxlu imzalar, çoxlu adlar çəkə bilərəm. Yeri gəlmişkən, Dünya Gənc Türk Yazarlar Birliyinin də fəaliyyətini çox yüksək qiymətləndirirəm. Çünki, bu təşkilat təkcə Azərbaycanı əhatə eləmir, bütün Türk ölkə və topluluqlarındakı ədəbi gəncliyinin bir-biri ilə əlaqəsində, onların dünya ilə əlaqəsində, tərəqqisində çox böyük işlər görür. O işlərdə də sizə uğurlar arzu edirəm. Elə mənim iş fəaliyyətim hazırda söhbət etdiyimiz Əli Kərim adına Sumqayıt Poeziya evi ilə bağlı olduğu üçün, ən çox Sumqayıt ədəbi gəncliyi ilə ünsiyyətdə oluram. Və onların inkişafı üçün də əlimizdən gələni edirik və edəcəyik. İndiki ədəbi gəncliyə bizim ədəbi gəncliyə nisbətən  niyə çox üstünlük verirəm, çünki siz ədəbi gənclik Azərbaycanın bağımsızlığının, müstəqilliyinin yazarlarısınız. Biz istənilən halda Sovet dönəminin içindən çıxmışıq . Düzdür, biz o zaman dissitentləri oxuyub, bilin, onların yolunu tutmaq, yazmaq, dirəniş göstərmək və sonra bunun nəticəsini Milli Azadlıq hərakatına gətirmək və s. bunları etmişik. Amma, bir də var ki, tam bağımsız bir dövlətin vətəndaşları olaraq dünyaya gələsən və gözünü açanda qürurlu bir vətəndaş olduğunun fərqində olasan. Bu sənin yazdıqlarına yansımalıdır istənilən halda. Ona görə də, nə xoş bizim müstəqillik dövrümüzün yazarlarlarının halına.  Onların yazdıqları daha uğurlu olacaq, mən belə düşünürəm.

 

-Sumqayıt ədəbi mühiti fərqli bir alan kimi diqqəti çəkir. Buradakı ədəbi mühiti necə qiymətləndirirsiniz? Bakı ilə rəqabət deməyim də, müqayisə aparsaq, necə qiymət vermək olar?

 

-Bilirsiniz, tarix, zaman göstərir ki, təbiilik, səmimiyyət, bəzən hətta səmimi bir sadəlövhlük, adətən meqapolislərdən kənarda baş verir. Yəni, bu səmimiyyət, millətin gələnəkləri daha çox ucqarlarda qorunur. Sumqayıt isə Azərbaycanın bütün bölgələrindən gələn insanların oluşdurduğu bir şəhərdir. Burada Azərbaycanın elə bir bölgəsi yoxdur ki, orada anadan olmuş insan yaşamasın. Yazarlar da tərkib olaraq onlardan hasil olub. Ona görə də, bizim ədəbi nəslə mənsub olan yazarların hərəsi Azərbaycanın bir bucağından gəlib. Bizdən sonrakı ədəbi nəsil isə burada doğulanlardır. Onlar Sumqayıtlı sənədi ilə, dünyagörüşü ilə ədəbiyyata gəliblər. Ona görə də Sumqayıtın Bakıdan əsas fərqi onda ola bilər ki, burada daha səmimi bir mühit olsun. Sumqayıt həm də əvvəldən öz ədəbi ənənələri olan bir şəhər olubdur. Bu mənada rəhmətlik Əli Kərimin, Vaqif İbrahimin, Xasay Cahangirovun adlarını çəkmək istəyirəm.  Onlar zaman-zaman bu ədəbi mühitə rəhbərlik ediblər, gəncliyə yol açıblar.  Və Ustadımız Əşrəf Veysəlli, Allah canını sağ eləsin. Bunlar Sumqayıt ədəbi mühitinin inkişafı üçün işlər görüblər. Sabir Sarvan rəhmətliyi də xatırlayıram, AYB-nin Sumqayıt bölməsinə uzun müddət rəhbərlik edib. Onun da bu şəhərin ədəbi mühitində ciddi xidmətləri var. Ona görə də Sumqayıtda bir ədəbi ənənə var. Onu da xatırlatmaq istəyirəm ki, virtual aləm yaranandan sonra bu məsələlər bir az sürüşmüş haldadır. Çünki, artıq hamı virtual aləmdədir, Bakı, Sumqayıt və digər şəhərlərimiz. Çünki, zamanın tələbinə uyğun olaraq gənclik hərəkətdədir, yalnız Sumqayıt çevrəsində qala bilməzlər. Bir halda ki, virtual aləm var, tərcümə olunmaq var, bu imkanlardan da yararlanırlar. Çünki, hamısı bu zamanın övladlarıdırlar. 

 

-Təşəkkür edirəm maraqlı söhbət üçün.

 

-Çox sağ olun.  Bir daha xoş gəldiniz.

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.