Super User
İstanbulda “Qızıl alma-Şuşanın oyanışı” tamaşası nümayiş etdirilib
İstanbulda Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərə həsr olunan “Qızıl alma-Şuşanın oyanışı” tamaşası nümayiş etdirilib. Gültəpə Mədəniyyət Mərkəzində baş tutan tamaşa “Umut oyunçuları” teatrı tərəfindən ərsəyə gəlib.
Səhnə əsəri barədə AzərTAC-a məlumat verən “Umut oyunçuları” İstehsalat Birliyinin koordinatoru Ayhan Ünlü iki il əvvəl İstanbulun Kağıthanə Bələdiyyəsinin dəstəyi ilə eyni səhnədə Xocalı soyqırımına həsr olunan tamaşanın nümayiş etdirildiyini xatırladıb: “Türkiyənin də mənəvi dəstəyi ilə Azərbaycanın alınmaz deyilən Şuşanı 44 günlük qısa bir vaxt ərzində işğaldan azad etməsini bir daha qeyd etmək üçün belə bir layihəyə imza atdıq. Tamaşanın çox uğurlu alındığını düşünürəm. Səhnə əsəri səkkiz nəfərlik aktyor heyəti tərəfindən nümayiş edildi. Bu aktyorlardan dördü mütəmadi olaraq Türkiyədə televiziyalar və seriallarda rol alan və tamaşaçı tərəfindən tanınan şəxslərdir. Digərləri də teatrımızın aktyorlarıdır. Bu cür layihələrin bundan sonra da davamının gələcəyinə inanıram. Qismət olsa, tamaşamızı Azərbaycanda da nümayiş etdirməyi düşünürük”.
Səhnə əsərinin prodüser-koordinatoru Ayhan Ünlü, ssenari müəllifi Sevinc Mehrəliyeva, rejissorları Ümit Anaç və Şahin Deyirmenci, bədii rəssamı Ülkər Əbülfət, kostyum dizayneri isə Taha Yasin Ünlüdür. “Oğuzlar üçün hansı tərəfə gedərlərsə-getsinlər Zəfər əldə edilmədən əvvəl Qızıl Almadır” şüarı ilə baş tutan tamaşada Azərbaycan musiqilərindən istifadə olunub.
Rolları Ümit Anaç, Fatma Ayaz, Dilfuza Yorova, Emrehan Yavuz, Tülay Kurt, Sedat Ustaoğlu və Gökcan Yılmaz ifa ediblər
“Paris Notr-Dama ithaf” tamaşası göstərilib
Təkcə fransız ədəbiyyatında deyil, bütövlükdə dünya ədəbiyyatı tarixində roman janrının yaradıcısı sayılan Viktor Hüqonun 1831-ci ildə qələmə aldığı “Paris Notr-Dam kilsəsi” əsərinin ölməz qəhrəmanlarının taleyi az qala 200 ildir ki, yer kürəsinin müxtəlif qitələrində yaşayan milyonlarla oxucu və tamaşaçını maraqlandırır, düşündürür. Müxtəlif ölkələrin ən məşhur teatrları dönə-dönə bu əsərə müraciət edir, tanınmış kinorejissorlar sevimli qəhrəmanlarını daha geniş auditoriya təqdim etmək niyyəti ilə onların səhnə və ekran həyatını yaradırlar. "Paris Notr-Dam kilsəsi” və ya "Notr-Damlı Qozbel" adları ilə məşhur olan tamaşa və filmlərin yüz milyonlarla tamaşaçısı var.
Bu qəbildən bir tamaşa da Azərbyacan teatrının patına düşür.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Paris Notr-Dam” əsərinin motivləri əsasında quruluşçu rejissor Samir Qulamovun səhnələşdirdiyi "Paris Notr-Dama ithaf” tamaşası 10-cu dəfə nümayiş olunub.
Ideya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev olan bu səhnə əsəri bəşəriyyətin nadir tarixi memarlıq incisi, Avropanın əzəmətli simvollarından biri Paris Notr-Dam kilsəsində 2019-cu ilin aprelin 15-də baş vermiş yanğın hadisəsinə ithaf olunub.
Samir Qulamovun səhnələşdirdiyi tamaşada “Notre-Dame de Paris” müziklına görə “Ginnesin rekordlar kitabı”na düşən Riçard Konçiantenin və dünyaşöhrətli bəstəkarların – Rixard Ştraus, Tomaso Albinoni, Jorj Bize, Samuel Barberin əsərlərindən istifadə edilib.
Əsərin quruluşçu dirijoru və orkestrləşdirmənin müəllifi Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Leyla Ağayevlər, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi mətnlərinin müəllifi Azərbaycan Yazıçılar Birliyinin katibi, şair İlqar Fəhmi, dirijoru Səməd Süleymanlı, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada rolları Xalq artisti Pərviz Məmmədrzayev, Əməkdar artist– Nadir Xasıyev, aktyorlar – Mehriban Zalıyeva, Aydan Həsənova, Əmrah Dadaşov, Nicat Əli, İbrahim Əlizadə, Emin Zeynallı, Hidayət Əliyev, Hüseyn Əlili, Səmədzadə Xasıyev, Şaban Cəfərov, Telnaz Hüseynova, Murad Əliyev, Fərid Rzayev, Zaur Əliyev, Əli Kərimov, həmçinin xor və balet truppasının artistləri ifa ediblər.
Teatrsevərlərin hədsiz marağını nəzərə alaraq Azərbaycan Dövlət Akademik Musiqili Teatrı hər ay bu tamaşanı repertuar cədvəlinə əlavə edir.
Qeyd edək ki, Viktor Hüqonun 220 illik yubileyi ilə əlaqədar tamaşanın növbəti nümayişi fevralın 27-də saat 19:00-da baş tutacaq.
Sabah “Artım” layihə məkanında yeni tamaşa nümayişi olacaq
Yanvarın 16-da “Artım” layihə məkanında İsmayıl İmanın “Cəhənnəmə gedən özünə yoldaş axtarar” pyesi əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş ediləcək.
Rejissor Tərlan Rəsulovun səhnələşdirdiyi tamaşa müasir insanların bir-biri ilə ünsiyyət və münasibət qura bilməməsindən bəhs edir.
Səhnə əsəri eyni vaxtda “Artım”ın üç zalında üç dildə (Azərbaycan, rus, ingilis) səsləndiriləcək.
Saat 17:00 və 19:00-da nümayiş olunacaq tamaşaya baxmaq üçün öncədən qeydiyyatdan keçmək vacibdir.
Əyyub Qiyas: “Bu gün televiziya reytinq naminə bütöv ailələri pərən-pərən salır”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə layihəsi olan “Şənbə qonağı”ında İntiqam Yaşar bu dəfə sizi yazıçı və dramaturq Əyyub Qiyasla görüşdürür.
-Salam Əyyub müəllim, 2022-ci iliniz uğurlu olsun. 2021-ci il necə keçdi, yeni ildən gözləntiləriniz nələrdir?
-Salam. Əlbəttə 2021-ci il daha çox Qarabağ savaşında qazandığımız möhtəşəm zəfərə köklənməklə, qələbə, sevinc ovqatıyla keçdi. Biz buna susamışdıq, buna görə yaşayırdıq. Və bunu gördük. Möhtəşəmdir! Eşqdir! Eşqlidir! Məncə, 2022-ci il müharibədə qazandığımız zəfəri daha da möhkəmlətməklə, iqtisadi cəhətdən uğur qazanmaq və hərbi gücümüzü artırmaqla yadda qalacaq. Bilirsiniz, Azərbaycan çox qəribə coğrafi məkanda yer alır, belə götürəndə bir mahnıda deyildiyi kimi, doğrudan da hər qonşumuzda bir parça torpağımız əsirdir və məncə, o qonşular heç vəchlə bizim güclənməyimizi istəmirlər. Üzdə üzümüzə gülsələr də, müəyyən qədər xoş münasibət qursalar da istəmirlər və bu da təbiidir. Ona görə biz ölkə olaraq, cəmiyyət olaraq, vətəndaş olaraq ilk növbədə daxildə milli birliyimizi qoruyub saxlamalıyıq. Necə ki, 44 günlük müharibə dövründə bu milli birlik ən yüksək səviyyədə özünü göstərirdi, indi də hər hansı çətinliyi, problemli məqamı gözləmədən bunu qorumaq və sonsuza qədər davam etdirmək lazımdır. Heç nə Azərbaycanın müstəqilliyindən, ərazi bütövlüyündün üstün və böyük ola bilməz. O, ki qaldı bu il ədəbiyyat, mədəniyyət sahələrində gözləntilərimə, məncə, bu ildən başlayaraq artıq müharibəni əks etdirən maraqlı filmlər, romanlar, hekayələr pyesaya daxil olmağa başlayacaq. Çünki artıq il yarım ötdü və bu, yazmaq üçün, material toplamaq üçün bəsdir. Uzun sözün qısası, uğurlu il olmasını arzulayıram.
- Əyyub Qiyas Sumqayıt ədəbi mühitindən danışsa, nələrə diqqət çəkər, nələri deyər?
-Təkcə Sumaqayıtın ədəbi mühiti deyil, elə Sumqayıtın elm, mədəniyyət, incəsənət mühiti də ölkə üçün əsas donorlardan biridir. Təsəvvür edirsizmi, hər il yüzlərlə sumqayıtlı abituriyent ən yüksək balla ali məktəblərə daxil olur. Bu göstəricilərə görə Sumqayıt həmişə ilk üçlükdə yer alır. Möhtəşəmdir, deyilmi? Bu gün ölkənin ən aparıcı teatrlarında Sumqayıt teatr məktəbinin yetirmələri, mən deyərdim ki, hətta bir vaxtlar klubların nəzdində fəaliyyət göstərmiş dram dərnəklərinin üzvləri təmsil olunurlar, özü də uğurla təmsil olunurlar. Sumqayıtda onlarla tanınmış elm xadimi, mühəndis, həkim, memar, dövlət adamı yetişib. Yəni Sumqayıt tarixinə görə gənc də olsa, çəkisinə görə ağır kişilərdəndir. Şəhər yarandığı ilk günlərdən burada sıx ədəbi mühit formalaşıb. Həvəskarlarla peşəkarlar həmişə paralel addımlayırlar, burda da belədir. Əlbəttə, yaxşı yazanlar da var, ədəbiyyata əziyyət verənlər də. Amma olsun da. Əsas odur ki, peşəkarlar, istedadlılar öz balanslarını qoruya bilirlər, elə üç-beş imza kifayət edir ki, Sumqayıt ədəbi mühiti ilə bağlı tam və nikbin təsəvvür yaransın. Ədəbi mühitin arxasınca sürünənlər isə həmişə olub və olacaq. Çünki insan şöhrətə meyllidir. Ədəbiyyat həm də adamı tez şöhrətə mindirə bilir. Bunun da iki başı olur, qaragüruh arasında şöhrətli olmaq var, bir də hər kəlməsindən bir pudluq daş asılmış bilginlər arasında şöhrətli olmaq var. Bu, tərkibi bir-birinə uyğun gəlməyən, bir-birinə qarışmayan kimyəvi maddə kimi bir şeydir. Bir-birinə qarışmaz.
-Yeni dövr tam fərqli, bir az da zamanı az, səbri az oxucuların olduğu dövrdür. Bunları göz önündə tutsaq, müasir yazarlar oxucunun istədiyi mətni təqdim edə bilirmi?
- Məncə, oxucu bütün hallarda haqlıdır. Çünki yazar da oxucudur. Yəni primitv bir məntiqlə yanaşsaq, oxucu çoxluqdu və tələblər çoxluqla müəyyən edilir. Bütün dövrlərdə sənət sənət üçün prinsipi olub və yenə olacaq. Üslubçu yazarlar əqidələrinə sadiq qalıb sona qədər sənəti sənət üçün yaradırlar, yəni onların kontingenti məhdud olur, amma çəkili olur. Ağıllı yazarlar isə sənəti həm sənət üçün, həm də hamı üçün yaradırlar, bax, məncə uğurlu üslub, uğurlu yanaşma budur. Kim deyə bilər ki, Markes üslubçu deyil, necə lazımdır üslubçudur, amma adam özünü təqdim eləməyin elə formasını tapıb ki, onu hamı sevə-sevə oxuyur. Pamuk da, son illərin parlayan ulduzu İşiqura da, Milan Kundera da Markes yoluyla gedənlərdir, həm dərin fəlsəfi-psixoloji mənalı, həm də hər kəsin diqqətini çəkə bilən formadan ustalıqla yararlanırlar. Bu, artıq başqa istedaddır. Oxucu həmişə öz mətnini, yazıçı da öz oxucusunu axtarır, nə oxucunu, nə də yazarı qınamaq olmaz, çünki hər kəs seçimdə azaddır. Azərbaycan oxucusu isə daha çox reklama meyllidir, kütlənin seçiminə üstünlük verir, özü seçib kimisə kəşf etməyə tənbəllik eləyir. Çünki buna görə kitabların arasında ömür keçirməlisən. Bizimkilər isə, hə, dostum oxudu, rəfiqəmin bacısı oxudu, bəyəndi, təriflədi, mən də oxuyum- belə deyirlər. Bu, prinsipsizlikdir, amma mənim bir yazar olaraq oxucuya verəcək konkret reseptim də yoxdur; onu məni oxumağa necə məcbur eləyim...
-Ədəbi janrlardan indiki dövr üçün hansıları uğurlu hesab edirsiniz, hansılar dövrlə ayaqlaşır, hansılar köhnəlib?
-Əziz İntiqam, məncə janr prinsipial məsələ deyil. Kim özünü hansı janrda daha dolğun ifadə eləyə bilirsə, o janra da üstünlük verir. Birində şeir, digərində roman, bir başqasında esse yaxşı alınır, yəni adam özünü, sözünü çətinlik çəkmədən deyir. Zənnimcə, janrlar heç vaxt köhnəlmir. Bu gün kim deyə bilər qəzəl köhnəlib, ya da qoşma, gəraylı köhnəlib? Sadəcə, o janrların klassik səviyyəsini bu gün müasir formada təqdim edəcək oğul lazımdır. Məmməd İlqar bu gün də aşıq şeirinin ən gözəl, hələ deyilməmiş sözlərini, ifadələrini deyir, özü də gözəl deyir. İlqar Fəhmi əruzda çox gözəl nümunələr yazır. Bunlar azdır, amma var. Bir də var ki, çoxluq sərbəstdə, ya da hecada şeir yazır. Nəsr haqqında isə məncə, bundan əvvəlki sualda az-çox danışdıq. Yəni kim hansı formada uğurludursa, ondan bərk yapışır. Normaldır.
-Yaradıcılığınızda ssenari istiqaməti də var. Televiziya üçün serial ssenarisi yazdınız. İstədiyiniz nəticəni aldınızmı? Ümumiyyətlə, hazırda ölkəmizdə ekran-efir işləri sizi qane edirmi?
-Mən peşəkar ssenaristəm və istəsəm də, istəmsəm də yaradıcılığımda bu, öz əksini tapır. Bilirsiniz, kino ədəbiyyatından danışırıqsa, nəzərə alaq ki, serial ssenarisi bunun ən sonuncu və ən sonda yaranmış növlərindən sayılır. Üstəlik, bu seriallar yüngül ədəbiyyatı, yüngül romanları vurub sıradan çıxarır. Özü də çox pis formada. Əlbəttə, televiziya industriyası öz efir saatını doldurmaq və rəngarəngliyi təmin eləmək üçün seriallarsız keçinə bilməz, amma buna yanaşma fərqli olmalıdır. Azərbaycan televiziyalarında yaranan ilk uğurlu seriallarda işlədim. Düşünürdüm ki, gələcəkdə bizim təcrübəmizdən yararlanacaq, imkanlar artdıqca, bizim də iş ovqatımız dəyişəcək. Amma serial sənayemiz inkişaf etmək əvəzinə tənəzzülə uğradı. Bəsit dramaturgiya, hadisələrin təkrarçılığı ürəkaçan deyil. Televiziya çox ciddi məsələdir, mən deyərdim ki, ailələrin həm sosial, həm də psixoloji formalaşmasına birbaşa təsir eləyir. Bu gün televiziya tamaşaçı qazanmaq, reytinq tutmaq naminə elə mövzuları ekrana gətirir ki, onlar bütöv ailələri pərən-pərən salır, gənclərin, yeniyetmə oğlan və qızların beynini, ağlını dəyişir. Birbaşa ailə institutuna təsir eləyir. Artıq, bir balaca xərcə düşüb, tarixi, əxlaqi, mənəvi faktorları əks etdirən seriallara vaxt ayırmağın zamanı çatıb. Ucuz ətin şorbasıyla bəslənməyimiz yetər məncə. Ümumiyyətlə, kino böyük maliyyə tələb edən incəsənət sahəsidir. Burada kim düşünürsə ki, mən az maliyyə ilə uğurlu film çəkə bilərəm, yanılır. Bilməz! Boş şeydir. Açığı, bu gün ölkədə serial yox, mən deyərdm ki, müasir, bir qədər inkişaf etmiş televiziya tamaşaları çəkirlər. Kino ovaqtı yox, tele-tamaşa ovqatı hiss olunur. Yəni, seriallarımız məni qane eləmir...
-Bu gün yazılı mediaya yazarların çıxışı, əsərlərin təbliği məhdudiyyətsizdir. Televiziyalar barədə bunu demək olmaz. Necə düşünürsünüz, izləyənlərimiz oxuyanlarımızdan çoxdursa, təbliğatı televiziyalarda genişləndirmək kitabın auditoriyasını genişləndirməzmi?
-Televiziyaların mahiyyəti daha çox şouaya köklənib, çünki tamaşaçı əksəriyyəti də bu ovqatda olanlar – şouyameyyllilərdir. Müstəqil telekanllar ümumiyyətlə maarifləndirici verilişlərdən qaçırlar. Yenə yaxşı ki, dövlət kanallarında müəyyən tok-şoular var ki, maraqlı, aktual məsələlərə toxunur. Bilirsiniz, bu gün informasiya çevikliyi baş alıb gedir ey, özümüz hər şeyi adiləşdiririk. Yaxşı bir şey yazan kimi onu kütləviləşdirməyə səbrsizlənirik. Tez paylaşırıq və özümüz öz reklamımıza mane oluruq. İnternet, sosial şəbəkələr olmayan dövrdə oxucu sevdiyi müəlliflərin hər təzə kitabını həsrətlə gözləyirdi. Bu gün əgər oxucu o müəllifin şeirini, hekayəsini gündəlik olaraq Feysbukda oxuya bilirsə, hərifdir, gedib kitaba pul versin?! Yəni günah televiziyada, mediada deyil, birbaşa özümüzük günahkar. İçi mən qarışıq... Şeir kitabdan oxunmalıdır. Bizsə bəh-bəhlə tərif laykları oxumağın acıyıq elə bil. Nə isə...
- "İtvuran" hekayənizdən danışaq, o hekayə çox böyük diqqət çəkmişdi. Ciddi oxucu reaksiyaları oldu. Bir az o hekayə haqda müəllifin öz dilindən eşidək.
-“İtvuran” mənim üçün də doğmadır. Əlbəttə, uğurlu hekayədir, həm də acı dolu, ağrı dolu hekayədir. Müəllif olaraq eyni ovaqatda, eyni durumda olan insanın və itin paralelini verməyə çalışmışam və bu hekayədə güclü, yaxud qalib tərəf yoxdur. Bu hekayədə güclü olan ehiyacdır, qalib gələn də ehtiyacdır, məğlub olan da ehtiyacdır. Sadəcə bunu adi məişət söhbəti, məişət mənzərəsi fonunda yox, psixoloji çərçivənin içində, amma oxucunu yormadan verməyə çalışmışam. Mən o itvuranı tanyırdım. Əlbəttə, hekayədə yazıçı fantaziyası çoxdur, final ilahi ədalətlə bitir. Amma qəddar sonluqdur mənim üçün. Buna görə məni qınayanlar çox oub. Dəyişmədim finalı, çünki o elə doğulmuşdu.
Bəli, mən o itvuranı tanıyırdım. Arıq, uzun kişiydi. İşlədiyim idarənin pəncərəsindən onun güllələdiyi it leşlərini qalaqladığını görmüşdüm. Onda da hekayədəki kimi qar yağırdı. Haradasa 300-400 metrlik yerdə qar qana bulaşmışdı. Adamın gözünə girirdi qar üzərindəki o qırmızı ləkə. İtvuran isə məmnun idi, buna görə maaş alırdı. Bir gün yaxın qohumlarımızdan biri infeksion şöbədə müalicə olunub evə yazılırdı. Şöbə müdiri dostum idi, otağında qohumu gözləyirdim, birdən dəhlizdən qəribə, tükürpədən ulartı səsi eşitdim. Elə bil it ulayırdı, amma dəhşətli ulartıydı bu. Gözlərimi şöbə müdiri olan həkimə dikdim. Dedi ki, şəhərdəki itvurdandır, it dişləməsindən quduzluq xəstəliyinə yoluxub, ölüm ayağındadır. Təsəvvür eləyirsiz, elə xəstələrin əl-ayağını çarpayıya bağlayıb, ölməyini gözləyirlər. Əlbəttə, bu o idi, bir vaxtlar itləri gülə-gülə gülləyən həmin o itvuran idi. Bunu necə yazmamaq olardı? Özü də necə başqa cür yazmaq olardı... bilmirəm...
- Bu il yeni kitab gözlənilirmi?
-Yəqin olacaq. Ümumiyyətlə, qismət olsa bu il də daxil olmaqla bir-neçə il ərzində bütün əvvəl çap olunan romanları yenidən və yeni yazdıqlarımı ilk dəfə çap etdimək fikrindəyəm. Nəşriyyatlarla söhbət gedir, görək kim bu yükün altına girəcək.
-“Ədəbiyyat qəzeti”ndə "Varislər" layihəsini aparırsınız. Layihə varislər və oxucular tərəfindən necə qarşılanır?
-Mənim üçün maraqlıdır. Çox maraqlı faktlar, talelər, söhbətlər eşidirəm, maraqlı adamlarla tanış oluram. Məncə, elə varislər də bu layihədən məmnun olurlar. Əgər hər söhbətin oxucu sayı 1000-2000 arası dəyişirsə, məncə bu da yaxşı rəqəmdir. Qalanını oxucu özü daha dəqiq bilər. Amma mənə layihə haqqında hələ ki, ancaq xoş sözlər, minnətdarlıq dolu fikirlər deyiblər. Həm də bu, mənim bir insan kimi vəfa borcumdur. Çalışıram, böyüklərimizi unutmağa qoymayım. Əlimdən bu qədəri gəlir. Və bunu imkanım daxilində davam edəcəyəm.
- Təşəkkür edirəm.
-Eşqlər.
Ukrayna prezidenti Əlibala Məhərrəmzadəni təltif etdi
Ukrayna Prezidenti Volodimir Zelenski üç Azərbaycan vətəndaşını orden və medalla təltif edib.
“Ədəbiyyat və incəsənət” portalı Ukrayna Prezidentinin rəsmi internet səhifəsinə istinadən xəbər verir ki, Zelenski bununla bağlı sərəncamı ötən gün imzalayıb.
Sərəncama görə, Məhərrəmzadə Əlibala Səttar oğlu və Qasımov Mehralı Süleyman oğlu III dərəcəli “Xidmətə görə” ("За заслуги") ordeni, Kərimova Lesya Volodimir qızı isə “Əmək və qələbəyə görə” ("За працю і звитягу") medalı ilə təltif edilib.
Xatırladaq ki, Azərbaycanda Ukrayna Ticarət Evinin baş direktoru olan Əlibala Məhərrəmzadə hər iki ölkənin mədəniyyətinə də öz sənədli və bədii kitabları ilə töhvə verməkdədir.
Təltif olunanları təbrik edirik!
“Ən soyuq düşmən” filminin treyleri yayımlanıb
Amerikanın yayım şirkəti “Netflix”in istehsalı olan filmin baş rolunu izləyicilər tərəfindən böyük maraqla qarşılanan “Taxt-tac oyunları” (Game of Thrones) teleserialından tanıdığımız Nikolaj Koster-Valdau canlandırır.
Danimarkalı rejissor Peter Flinthin çəkdiyi “Ən soyuq düşmən” (Against The Ice) filmi Qrenlandiyanın böyük bir parçadan ibarət bir ada olduğunu sübut etmək üçün ekstremal şəraitdə həyatda qalmaq uğrunda mübarizə aparan iki tədqiqatçının macara dolu hekayəsindən bəhs edir və filmdə dostluğun, sevginin və yoldaşlığın heyranedici gücü diqqət mərkəzinə alınıb.
Filmin hekayəsi real bir hadisəyə əsaslanır. 1909-cu ildə danimarkalı kapitan Ejnar Mikkelsen Qrenlandiyanın ABŞ-ın iddia etdiyi kimi iki ayrı qurudan ibarət olmadığını sübut etmək üçün ekspedisiyaya başlayır və bununla da ABŞ-ın Şimali Qrenlandiya iddiasını təkzib edir.
Bu gün məşhur rejissor Eduard Qayday bakılılar qarşısına çıxacaq
Bu gün Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında rus dilində “Qoğal” tamaşası nümayiş ediləcək.
Bu tamaşanın quruluşçu rejissoru Rusiyadan dəvət edilən məşhur rejissor Eduard Qayday, quruluşçu rəssamı Tatyana Melnikova, bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarovdur.
Rus xalq nağılı əsasında səhnələşdirilən “Qoğal” daha əvvəl azərbaycanlı azyaşlılara təqdim edilsə də, dəvətli rejissor bu dəfə məşhur nümunəyə fərqli yozum verib, onu tam yeni, musiqi ilə zəngin bir formada, mətn ilə yükləmədən təqdim edib.
Bir saatlıq tamaşada uşaqlar kukla oyununun bütün zərifliklərini usta kuklaçı ifalarında izləyə biləcəklər.
Yaponiyada nəşr olunmuş kitabda Azərbaycanın Yanardağ abidəsi haqqında məlumat verilib
Yaponiyada nəşr olunan “Enerjiyə səyahət, sivilizasiya tarixi və gələcəyimiz” adlı yeni kitabda Azərbaycanın Yanardağ abidəsi barədə də ətraflı bəhs edilir.
AzərTAC xəbər verir ki, əsasən iş adamları üçün nəşr edilən kitab, Asiyanın enerji mənbələri mövzusuna həsr olunub. Hazırda bütün dünya qarşısında dayanan və ciddi problemə çevrilən enerji təminatı barədə nadir məlumatların əks olunduğu kitabın müəllifi Tsunesuke Kodatedir. Kitab ötən ilin sonlarında “Eiji Press” nəşriyyatı tərəfindən nəşr olunub.
Bəşəriyyətin enerji təminatı və karbon qazının olmadığı cəmiyyətin yaradılması son illər tədqiqatçıları düşündürən əsas mövzulardan birinə çevrilib. Həmin mövzuda kitablar, demək olar ki, bir-birinin ardınca fasiləsiz şəkildə nəşr olunur. Yaponiyada yeni nəşr edilən kitabda isə enerji məsələsi və iqlim dəyişmələrinə qarşı tədbirlər mövzusu maraqlı bir formada təhlil edilir. Neft və təbii qazın hasilatı ilə məşğul olmuş şirkətdə çalışan müəllif “İnsanlar nə üçün böyük miqdarda enerji sərf edirlər və enerji nədir?” sualına cavab tapmağa çalışır.
Bəşəriyyətin inkişafında enerjinin rolunu araşdırmağı səyahətə bənzədən müəllif təkcə elmi şərhlərdə yox, həm də tarixdə, fəlsəfədə, ədəbiyyatda enerjinin əsl mahiyyətini anlamağa çalışır. Bəşəriyyətin inkişafında enerjinin rolunu təhlil edərək, həm iqtisadi fəallığa, həm də ətraf mühitin mühafizəsinə nail olmaq üçün insanları narahatlığının səbəblərini tapmaq istəyir. Müəllifin fikrincə, maraqlı məqam “enerji məsələləri haqqında düşüncə, bəşəriyyətin necə yaşaması haqda fəlsəfi düşüncəyə uyğundur” nəzəriyyəsinin irəli sürülməsidir.
Kitabda müəllif Azərbaycanın Abşeron rayonunun Məmmədli kəndindəki Yanardağ abidəsini və Yaponiyanın Toyama prefekturasındakı Kurobe bəndində enerji ziyarətgahlarını xatırladaraq, insanların belə təbii enerji mənbələrinə müqəddəs münasibətindən bəhs edir. Bildirir ki, bu sirli yer hələ 800 il əvvəl məşhur səyyahi Marko Polonun da diqqətini cəlb edib. Məhz Yanardağ sayəsində Azərbaycan “Odlar yurdu” kimi tanınıb.
Hazırda həmin ərazidə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yaradıldığını diqqətə çatdıran müəllif qeyd edir ki, abidə Azərbaycana gələn əcnəbi turistlərin xüsusi marağına səbəb olur. Eramızdan əvvəl bir çox tayfaların məskunlaşdığı bu yerlərdə atəşpərəstliyi təbliğ edən zərdüştlüyün çiçəklənməsinin müşahidə olunduğunu qeyd edir. Bildirir ki, məhz bu amil atəşpərəstləri Yanardağda məbəd tikməyə sövq edib. Qeyd edir ki, qədim insanlar heç vaxt sönməyən bu atəşə səcdə edirdilər və alovun sehrli gücünə inanırdılar.
Kitabda son vaxtlar xam neftin qiymətinin artmasının enerji problemini daha da qabartdığı oxucuların diqqətinə çatdırılır. Bildirilir ki, bu problem daha da ciddiləşdiyinə görə, Yaponiya hökuməti qeyri-adi cavab olaraq ölkənin neft ehtiyatlarının bir hissəsini sərbəst buraxmağa qərar verib.
Müəllif vurğulayır ki, bütün bu amillər enerjinin rolu barədə insanları daha çox düşünməyə vadar edir.
Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin gənc teatr xadimləri ilə görüşü barədə daha ətraflı
Xəbər verdiyimiz kimi, yanvarın 13-də mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev gənc teatr xadimləri ilə görüş keçirib. Görüş Azərbaycan Teatr Xadimləri İttifaqında baş tutub. “Ədəbiyyat və incəsənət” portalı görüş barədə Mədəniyyət Nazirliyinə istinadən daha geniş məlumatı diqqətinizə çatdırır.
Teatr Xadimləri İttifaqının binasında fəaliyyət göstərən laboratoriyalara, Mustafa Mərdanov səhnəsinə baxış keçirən Elnur Əliyev Bakıda fəaliyyət göstərən özəl və dövlət teatrlarında çalışan gənc teatr sənətçilərini bir arada görməkdən məmnunluq duyduğunu vurğulayıb. Mədəniyyət Nazirliyi olaraq, mədəniyyətimizin dayanıqlı inkişafı məqsədilə aparılan islahatlardan danışıb. Mədəniyyət sahəsinin idarə edilməsində insan resurslarının müasirləşdirilməsi, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılması, müasir tələblərə cavab verən və insan inkişafına yönəlmiş mədəniyyət infrastrukturunun qurulması üçün yaradıcı gənclərin dəstəyinə ehtiyac duyulduğunu bildirib.
O, həmçinin teatr sənətçilərinin intellektual potensialını, ixtisas bacarıqlarını inkişaf etdirmək üçün Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilən silsilə tədbirlərin, ustad dərslərinin vacibliyini, əhəmiyyətini diqqətə çatdırıb.
Gəncləri prosesdə aktibv iştirak etməyə səsləyən E.Əliyev daha sonra sözü gənclərə verib, onların fikirlərini dinləyib. Gənc teatr aktyorları, rejissorlar və teatrşünaslar Azərbaycan teatrının bugünkü vəziyyəti barədə fikirlərini bölüşüblər. Onlar teatrın inkişaf etməsi, qlobal arenaya çıxması və yeni ideyalara açıq olması barədə arzu və təkliflərini nazirliyin nümayəndələrinə təqdim ediblər.
Görüşün sonunda Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev iştirakçılara işlərində uğurlar arzulayıb.
Gənclərin ən sevdiyi türk yazıçısı Miraç Aktaş Bakıdadır
“LIBRAFF” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında Türkiyənin sevilən yazıçısı Miraç Çağrı Aktaşın imza günü keçiriləcək.
“LIBRAFF” ən çox soruşulan müəllifi oxucuları ilə görüşdürəcək. Gənclər arasında kitabları rəğbətlə qarşılanan müəlliflə görüş bu gün baş tutacaq.
Daha ətraflı məlumatı “LIBRAFF”ın sosial media hesablarından əldə etmək mümkündür.
Qeyd edək ki, pandemiya vəziyyətini nəzərə alaraq yerlər məhdud olacaq.