Super User

Super User

 

Bu gün Azərbaycan Dövlət Akademik Filarmoniyasında 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunacaq. Mədəniyyət Nazirliyi və Filarmoniyanın birgə təşkilatçılığı ilə keçiriləcək tədbir faciənin 32-ci ildönümü münasibətilə təşkil olunmuş silsilə tədbirlər çərçivəsində reallaşacaq.

Tədbir vətənpərvərlik ruhunda bəstələnmiş əsərlərin yer aldığı bədii kompozisiya ilə davam edəcək.

Kompozisiya Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə təqdim olunacaq.

Bu il bir sıra yazıçı, şair və aktrisaların, həmçinin bədii əsərlərin, musiqi albomlarının, hər bir kinosevərlərin mütləq baxmalı olduğu filmlərin 100 yaşı tamam olur.

 

AzərTAC xəbər verir ki, sıralanmaya görə yüzlərlə müəllifin adını çəkmək olar, çünki 1922-ci il dünya ədəbiyyatında mühüm il olub. Məhz həmin il Fransada kitab satışı və çapı ilə məşğul olan Silvia Biç irland yazıçısı Ceyms Coysun o dövrün bütün ədəbi konvensiyalarını pozan və müasirliyin simvoluna çevrilən “Uliss” romanını nəşr edib.

“Siqaret çəkərək gözləyirəm” adlı tanqonun yaranmasından 100 il ötsə də, 1972-ci ildə buraxılmış və yarım əsr yaşı olan, say etibarı ilə daha çox musiqi vallarının adını çəkmək olar. Bunların arasında “Yes” rok qrupun “Close to the edge”, “Deep Purple” qrupun “Machine head” kimi rok musiqisinin şah əsərlərini və ispan dilində Argentinanın “Sui Generis” rok qrupunun "Vida" albomunu göstərmək olar.

Pop musiqisinə gəldikdə isə Maykl Ceksonun 14 yaşında ikən buraxdığı “Got to be there” albomunu xatırlatmaq yerinə düşər.

1972-ci il ispan popunda da silinməz iz qoyub, çünki Nino Bravonun son iki albomu - “Un beso y una flor” və “Mi Tierra” məhz həmin ildə buraxılıb.

Bu il həm də 1990-cı ildə vəfat edən, 50-60-cı illərin ən gözəl Hollivud aktrisalarından biri Ava Qardnerin anadan olmasının yüz illiyi tamam olur.

1922-ci il ədəbi mühitdə də yeni əsərlərin çapı ilə yadda qalıb. Belə ki, həmin ildə bütün dünyada əks-səda yaradan iki şeirlər toplusu - T.S. Eliotun “Boş dünya” və Sezar Vayexonun “Trilce” əsərləri də nəşr olunub. Eynilə, bu il 1998-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı almış Portuqal yazıçısı Xose Saramaqonun 100 yaşı tamam olur.

Müxtəlif janrlarda 100-dən artıq əsər yaradan türk yazıçısı Rəşad Nuri Güntəkin “Çalıquşu” romanını 1922-ci ildə bitirib. Əsərin qəhrəmanı Fəridənin - Çalıquşu simasında çətin və məşəqqətli həyat tərzinə baxmayaraq, öz məhəbbətinə sədaqət hissini qoruyub saxlayan əsl türk qızının obrazı bədii ustalıqla qələmə alınıb.

“Molla Nəsrəddin” jurnalının yaranmasından 116 il ötsə də jurnalın Bakıdakı ilk nəşri 100 il bundan öncəyə təsadüf edir. Yarandığı gündən Tiflisdə, sonra Təbrizdə (cəmi 8 nömrə) çap olunan jurnal 1922-ci ildən Bakıda fəaliyyətini davam etdirib.

Cari ildə xatırlanacaq filmlər arasında alman rejissoru Fridrix Vilhelm Murnaunun 1922-ci ildə premyerası olan və ilk dəfə Drakula hekayəsi əsasında çəkilmiş “Dəhşət simfoniyası, Nosferatu” adlanan ekran əsəridir.

1922-ci il Azərbaycan kino sahəsində də yaddaqalan iz qoyub. Məhz həmin il “Suraxanı neft mədənlərində yanğın” adlı sənədli filmin çəkilişləri tamamlanıb. Filmdə Suraxanı neft mədənlərində baş verən yanğından, onun söndürülməsində neftçilərin və yanğınsöndürənlərin fədakarlığından danışılır.

Böyük ekranlara çıxmasının 50 illiyi bu il tamam olacaq “qanqster” kinosunun klassiki sayılan Frensis Ford Koppolanın “Xaç atası” filmi də ən çox yaddaqalan ekran əsərlərindəndir.

 

 

Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib

 

Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib. “Zoom” proqramı vasitəsilə onlayn təşkil edilən iclasa nazirliyin rəhbərliyi və tabe müəssisələrin rəhbərləri qatılmışdı.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazir Anar Kərimov iclası açaraq iştirakçıları salamlayıb və 2021-ci ildə nazirlik tərəfindən mədəniyyətin müxtəlif sahələri üzrə görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib.

 

İncəsənət və qeyri-maddi mədəni irs

 

Anar Kərimov incəsənət və qeyri-maddi mədəni irs sahəsi üzrə həyata keçirilən layihələrdən söz açaraq dövlət başçısının sərəncamı ilə qeyd olunan yubileylər haqqında məlumat verdi. Bildirildi ki, Aşıq Ələsgərin 200, Mikayıl Abdullayev, Kamil Əliyev və Cahangir Cahangirovun 100 və digər yubileylərlə bağlı müxtəlif səpkili tədbirlər təşkil olunub. 

Bundan əlavə, il ərzində Vətən müharibədə Zəfərimizin ildönümü münasibətilə yaradıcılıq müsabiqələri keçirilib. Bəstəkarlar İttifaqı ilə birlikdə bəstəkarlıq müsabiqəsində həm gənc, həm də orta nəsil bəstəkarlar fəal iştirak ediblər. “4.4” Qısa Tamaşalar Festivalında dövlət və özəl teatrlar, eləcə də regionlarda fəaliyyət göstərən teatr kollektivləri yaradıcılıq nümunələrini ortaya qoyublar. Noyabrda 10 gün ərzində Zəfərimizin ildönümü münasibətilə sənətin müxtəlif sahələrini əhatə edən tədbirlər reallaşıb.

Ədəbiyyat və incəsənət xadimlərinin əlamətdar yubileyləri münasibətilə Azərbaycan Dövlət Akademik Filarmoniyası və Heydər Əliyev Sarayında  konsertlər təşkil olunub. İl ərzində “Mədəni yenilənmə” layihəsi çərçivəsində xaricdə yaşayan yaradıcı soydaşlarımızın iştirakı ilə ustad dərsləri və görüşlər keçirilib. Layihənin bu il də davam etdirilməsi nəzərdə tutulur.

 

Muzey və qalereyalar

 

Muzey və qalereyaların fəaliyyəti barədə danışan nazir bildirdi ki, nazirliyin tabeliyində 133 muzey və 59 Heydər Əliyev Mərkəzi var. Bu məkanlarda ötən il müxtəlif sərgilər keçirilib, tədbirlər təşkil olunub. Diqqətə çatdırıldı ki, il ərzində “British Council” ilə muzey işində inklüzivlik üzrə birgə layihələr həyata keçirilib. Eyni zamanda görkəmli rəssamlar Mikayıl Abdullayev və Kamil Əliyevin 100 illik yubiley sərgiləri keçirilib. Milli İncəsənət Muzeyində Zəfər Gününə həsr olunmuş “Mədəniyyətimizin incisi – Qarabağ” sərgisi, Milli Xalça Muzeyi tərəfindən “Qarabağın xalça xəritəsi” layihəsi əsasında Zəfər xalçasının kəsimi gerçəkləşib.

İl ərzində aparıcı qalereyalar tərəfindən uşaq və gənclərin yaradıcılığının inkişaf etdirilməsi, həmçinin əlamətdar tarixi hadisə və yubileylərlə bağlı müxtəlif müsabiqə, sərgi və plenerlər keçirilib.

 

Mədəni irsin qorunması

 

Mədəni irsin qorunması və bərpası sahəsində görülən işlərdən söz açan Anar Kərimov nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidməti tərəfindən qoruqlarda aparılan işləri diqqətə çatdırdı. Dedi ki, ötən il 155 abidə pasportlaşdırılıb, 10 abidənin mühafizə zonası təyin edilib. Bu abidələrin ümumilikdə 42-si Qarabağa, 30-u isə Şuşaya aiddir. Eyni zamanda Çıraqqala abidəsində bərpa və konservasiya işləri davam etdirilib.

 

“Nizami ili”: ölkəmizdə və xaricdə

 

Dövlət başçısı tərəfindən ölkəmizdə elan edilən “Nizami ili” çərçivəsində Azərbaycanda və xaricdə 100-dən artıq tədbirin təşkil olunduğunu bildirən nazir vurğuladı ki, TÜRKSOY və UNESCO-da dahi Nizamiyə həsr edilən tədbir və sərgilər böyük şairin irsinin təbliğində mühüm addımlar idi. Qeyd olundu ki, ötən “Nizami ili”nə həsr olunan VII Beynəlxalq Kitab Sərgisində 12 ölkədən 40-dan çox xarici təşkilat və nəşriyyat iştirak edib. Bakıda, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qarşısında "İşıq festivalı” adlı audiovizual layihə həyata keçirilib. Rusiyanın Sankt-Peterburq şəhərindəki Dövlət Ermitaj Muzeyində Nizaminin 880 illik yubileyi qeyd olunub.

Bundan əlavə, Bakıda və Nizaminin yurdu Gəncədə beynəlxalq festival təşkil olunub. Bu festival çərçivəsində Bakıda 5 ölkədən 40-dan çox nizamişünasın iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Forumu təşkil edilib. İl ərzində dahi şairin “Xəmsə”sinin nəşri də həyata keçirilib.   

 

Kitab işi

 

Bildirildi ki, Mədəniyyət Nazirliyi tərəfindən kitabxanaların fondlarının yeni nəşrlərlə zənginləşdirilməsi və komplektləşdirilməsi diqqətdə saxlanılıb. “Nəşrlərin satınalınması müsabiqəsi”nin təşkilində şəffaflıq və səmərəliliyin təmin edilməsi məqsədilə müsabiqəni nazirlik tərəfindən yaradılan “Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satınalınması üzrə komissiya” həyata keçirib. Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində 60 mindən çox kitab toplanıb. F.Köçərli adına Respublika Uşaq Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası il ərzində vətənpərvərlik mövzusunda layihələr həyata keçiriblər.

Nazirlik tərəfindən ötən il elan edilən “Nizami Gəncəviyə məktub” beynəlxalq esse müsabiqəsi də başa çatıb. Müsabiqəyə 9 ölkədən 225 esse təqdim olunub. Hazırda müsabiqənin qiymətləndirmə prosesi aparılır və qaliblər bu il elan ediləcək.

 

Qarabağa Böyük Qayıdış

 

Anar Kərimov il ərzində mədəniyyətin Qarabağa qaytarılması, işğaldan azad edilmiş ərazilərin mədəni irsinin və infrastrukturunun bərpası istiqamətində dövlətimiz tərəfindən ardıcıl işlərin həyata keçirildiyini bildirdi. Qeyd etdi ki, işğaldan azad olunmuş Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Laçın və Kəlbəcər rayonları ərazisində Mədəniyyət Nazirliyi tərəfindən ilkin monitorinqlər aparılıb. Bu monitorinqlərin nəticələri beynəlxalq instansiyalara təqdim olunacaq.

Məlum olduğu kimi, dövlət başçısı tərəfindən 2022-ci il ölkəmizdə mədəniyyət paytaxtımızın 270 illiyi şərəfinə “Şuşa İli” elan edilib. Nazirlər Kabinetinin qərarına əsasən, Mədəniyyət Nazirliyi bir sıra dövlət qurumlarının rəylərini nəzərə almaqla əlamətdar il münasibətilə tədbirlər planı hazırlayacaq.

Bildirildi ki, Qarabağımızı mədəniyyətin qaytarılması ötən il diqqətə saxlanılıb, “Böyük Qayıdış – mədəniyyətin dirçəlişi” beynəlxalq konfransı təşkil edilib. Eləcə də Heydər Əliyev Fondu ilə birlikdə uzun illərdən sonra Şuşada “Xarıbülbül” musiqi festivalı, Vaqif Poeziya Günləri keçirilib. Həmçinin Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının bir neçə konserti dahi bəstəkarın yurdu Şuşada gerçəkləşib.

Anar Kərimov bildirdi ki, nazirlik Zəfər və İşğal muzeylərinin yaradılması üzrə fəaliyyətə başlayıb. Ağdam, Füzuli və Cəbrayıla səfəri zamanı Prezident İlham Əliyev bu muzeylərin təməlini qoyub: “Mədəniyyətin Qarabağa qaytarılması”  layihəsi çərçivəsində digər çoxsaylı layihələr də var ki, nazirlik olaraq öz töhfəmizi verməyə çalışırıq. Bu töhfələrdən biri də Heydər Əliyev Fondu və Şuşa qoruğu ilə birlikdə 3 məscid və 3 kilsənin bərpasıdır”.

 

Audiovizual və interaktiv media

 

Nazir qeyd etdi ki, ötən il audiovizual və interaktiv media sahəsində görülən işlərin əksəriyyəti Qarabağımızın qurtuluşuna həsr olunub. Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakı Media Mərkəzi və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyası tərəfindən hazırlanan “Biz”, “Şuşa, sən azadsan” və “Fulya” filmi “İstimai” TV ilə birlikdə “Görünməyən qəhrəmanlar” 5 hissəli sənədli filmləri bu silsilədəndir: “Ötən il ərsəyə gələn filmlərimiz beynəlxalq festivallarda uğur qazanıb. Qəhrəmanlıq səhifəmizi əks etdirən filmlər üzərində iş davam edir. Qarşıda isə Vətən müharibəsində Zəfər mövzusunda bədii filmin istehsalı nəzərdə tutulur. “Böyük qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinin qalib layihələrinin filmlərinin çəkilişləri bu il də davam edəcək. “Nizami ili” ilə əlaqədar lentə alınan “Sevgi hekayəsi” filminin bu il başa çatdırılması nəzərdə tutulur”.

Hesabat məruzəsində eyni zamanda “Azərbaycanfilm”də aparılan islahatlar, 12-ci Beynəlxalq Qısametrajlı Filmlər Festivalı, IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı barədə də söz açıldı.

 

Yaradıcı sənayelər və rəqəmsal inkişaf

 

Anar Kərimov qeyd etdi ki, nazirlikdə ayrıca Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbə yaradılıb. 2022-ci ildə bu sahə prioritet istiqamətlərdən biri olacaq. Yeni mədəni dəyərlərin yaradılması, yaradıcı sənayelərin inkişafı hədəfi üzrə Azərbaycan Dizaynerlər Assosiasiyası, Azərbaycan Çağdaş İncəsənət İnstitutu və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının yaradılması da 2021-ci ilin uğurlarındandır. Bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi də qarşıda duran vəzifələrdəndir.

 

Beynəlxalq mədəni əməkdaşlıq

 

Ötən ilin beynəlxalq mədəni əməkdaşlıq mənzərəsinə nəzər salan nazir diqqətə çatdırdı ki, Azərbaycan ilə Gürcüstan arasında “Yaradıcılıqda qırmızı körpü” yaradılıb. İCESCO Baş direktorunun ölkəmizə səfəri zamanı işğaldan azad edilmiş ərazilərimizə də səfər edib. Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən “Mədəniyyət naminə sülh” qlobal kampaniyası, Şuşa şəhərinin qarşıdakı illərdə İslam və Türk dünyasının mədəniyyət paytaxtları elan edilməsi ilə bağlı İCESCO və TÜRKSOY-la səmərəli əməkdaşlıq davam etdirilib. İSESCO-nun Şuşada regional ofisinin yaradılması təklifi də ötən il müzakirə edilib.

Anar Kərimov UNESCO-nun işğaldan azad edilmiş ərazilərimizə texniki heyət göndərmək məsələsində ikili standartlarla qarşılaşdıqlarını bildirdi. Ancaq mədəni irsimizin tanıdılması istiqamətində UNESCO ilə əməkdaşlıq davam etməkdədir. UNESCO ilə əməkdaşlıqda yeni pilot layihələrin hazırlandığını bildirən nazir təşkilatla əlaqələrin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətlərini xüsusi vurğuladı. Dedi ki, UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına salınması məqsədilə “İpəkçilik və toxuculuq üçün ənənəvi ipək istehsalı”, “Sədəf sənəti”, “Pəhləvan – ənənəvi zorxana oyunları və idman növləri”, “Molla Nəsrəddin şifahi xalq ədəbiyyatı”, “Çay mədəniyyəti” və “Balaban sənətkarlığı və ifaçılıq sənətləri” nominasiya faylları üzrə müraciət ediləcək.

Anar Kərimov 2021-ci ildə Türkiyə, Gürcüstan, Özbəkistan, İtaliya və Misirə rəsmi səfər etdiyini də diqqətə çatdırdı.

 

Media və kommunikasiya

 

Media və kommunikasiya sahəsində həyata keçirilən işlər barədə danışan nazir bildirdi ki, ənənəvi olaraq CNN və “Euronews” kanallarında il ərzində mədəniyyətimizi təbliğ edən çarxlar nümayiş etdirilib. Eləcə də nazirliyin Media və kommunikasiya şöbəsinin reallaşdırdığı “Mədəniyyətimizin simaları”, “Xristian irsimizi tanıyaq”, “İslam irsimizi tanıyaq”, “Səhnədən səngərə: Şəhidlər” və “Səhnədən səngərə: Qazilər” layihələri ictimaiyyət tərəfindən maraqla qarşılanıb. “Mədəniyyətimin simaları” layihəsi üzrə 56 videoçarx hazırlanaraq təqdim olunub.

 

*

Sonra nazir Anar Kərimov çıxış üçün sözü Naxçıvan MR mədəniyyət naziri Natəvan Qədimovaya verdi. Natəvan Qədimova hesabatında qeyd etdi ki, muxtar respublikasının Mədəniyyət Nazirliyi tərəfindən il ərzində NMR Ali Məclisi sədrinin fərman və sərəncamlarından, qəbul edilmiş dövlət proqramlarından irəli gələn vəzifələr icra edilib. C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Nizami Gəncəvinin “Sirlər xəzinəsi” poeması əsasında “Nizaminin sirlər xəzinəsi” adlı tamaşanın onlayn premyerası keçirilib. Ümumilikdə nazirlik il ərzində 75 tədbir reallaşdırıb. Nazirliyin təşkilatçılığı ilə solo oxuma – vokal və xanəndəlik üzrə muxtar respublika müsabiqəsi gerçəkləşib.

 

*

Daha sonra Azərbaycan Mədəniyyət Nazirliyinin 2021-ci ilə dair hesabatı təsdiq edildi. 2022-ci ilin I yarısı üzrə İş planı müzakirə olundu. Müzakirələrdə Milli Kitabxananın direktoru Kərim Tahirov və Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətov öz təkliflərini səsləndirdilər.

Çıxışlardan sonra nazir Anar Kərimov İş planına təkrar baxılmasının vacibliyini qeyd etdi. Diqqətə çatdırdı ki, irəli sürülən layihələr real büdcəyə əsaslanmalıdır. Buna görə də şöbələr iş planını yenidən nəzərdən keçirərək təqdim etməlidirlər.

Sonda nazir bir daha 2022-ci ildə kollegiya üzvlərinə uğurlar arzulayaraq dedi: “Bu il də fəaliyyət və hədəflərimiz məqsədyönlü olmalı və hər birimiz bunun üçün səmərəli fəaliyyət göstərməliyik. Çalışmalıyıq ki, 2022-ci ildə “Şuşa İli” fəaliyyətimizdə ana xətt kimi özünü göstərsin. Mədəniyyət sahəsində çalışan bütün əməkdaşlara cansağlığı və uğurlar arzulayıram”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib.

AzərTAC xəbər verir ki, dövlətimizin başçısı metronun “İçərişəhər” stansiyasının qarşısındakı meydanda ucaldılan abidənin üzərindəki örtüyü götürdü.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə ucaldılan abidə bürüncdəndir. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti 2019-cu ildə heykəlin hazırlanması üzrə açıq müsabiqə elan etmişdi. Müsabiqəyə təqdim olunan layihələr arasından Xalq rəssamı Xanlar Əhmədovun layihəsi qalib seçilib. Abidənin önündə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan və ingilis dillərində hazırlanan müvafiq məlumat lövhəsi quraşdırılıb. Eyni zamanda, Heydər Əliyev Fondu görmə qabiliyyətini itirmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə lövhədə əks olunan məlumatları Brayl əlifbası ilə də təqdim edib.

Xalq rəssamı Xanlar Əhmədovu salamlayan Prezident İlham Əliyev dedi:

-Çox gözəl abidədir.

Xanlar Əhmədov: Çox sağ olun.

Prezident İlham Əliyev: Bir çox təkliflər var idi.

Xanlar Əhmədov: Bildiyiniz kimi, müsabiqə elan olundu.

Prezident İlham Əliyev: Bilirəm, əlbəttə.

Xanlar Əhmədov: Bacardığımı etmişəm.

Prezident İlham Əliyev: Yox, çox gözəldir. Necə deyərlər, həm onun əzəmətini əks etdirir, həm də memarlıq baxımından çox gözəldir və oxşatmısınız.

Xanlar Əhmədov: Çalışmışam, üstündə çox işləmişəm. Özü də yeri də yaxşıdır, tarixi yerdir. Tarixi İstiqlaliyyət küçəsidir.

Prezident İlham Əliyev: Bəli, tarixi yerdir. Tarixi qala divarları. Bakının ən gözəl yerlərindən biridir. Yadımdadır, o vaxt bir neçə yer təklif edilmişdi. Mən buranı seçdim ki, onun abidəsi məhz burada olmalıdır.

Xanlar Əhmədov: Möhtəşəm bir yerdir.

Xatirə şəkli çəkdirildi.

Xanlar Əhmədov: Çox şadam ki, mənim Qarabağdakı “Güllələnmiş heykəllər” əsərimi də ikinci dəfə Siz açdınız.

Prezident İlham Əliyev: Bəli, çox gözəl qeyd etdik. Belə işiniz çox olacaq. İndi bizim tarixi şəxsiyyətlərimizin heykəllərinin ucaldılması prosesi davam edir.

Xanlar Əhmədov: Biz işləmək üçün həmişə şadıq.

Prezident İlham Əliyev: Sizi bir daha təbrik edirəm.

Xanlar Əhmədov: Çox sağ olun, minnətdaram.

Prezident İlham Əliyev: Açıq müsabiqədə qalib gəlmisiniz. Bu abidə burada əbədi duracaq. Müəllifin adı burada var?

Prezidentin köməkçisi Anar Ələkbərov: Əlbəttə ki, var. Həm Azərbaycan dilində, həm də ingilis dilində qeyd etmişik. Müsabiqədə 26 işdən məhz Xanlar müəllimin əsəri seçilib.

Prezident İlham Əliyev: Bəli, bilirəm. Çox sağ olun, sizə yeni uğurlar arzulayıram.

Xanlar Əhmədov: Çox sağ olun.

Sonra dövlətimizin başçısı çıxış etdi.

 

Prezident İlham Əliyevin

çıxışı

 

- Bir neçə dəqiqə bundan əvvəl Zeynalabdin Tağıyevin abidəsinin açılışını qeyd etdik. Abidə metronun girişinə yaxın olduğuna görə insanlara problem yaratmamaq üçün mən əziz xalqımı bu münasibətlə buradan təbrik edirəm.

Bu abidənin açılması çox əlamətdar hadisədir. 2020-ci ildə mənim tərəfimdən Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması ilə bağlı müvafiq Sərəncam imzalanmışdır. Açıq müsabiqə elan edilmişdir və Xalq rəssamı, məşhur heykəltaraş Xanlar Əhmədovun işi müsabiqədə qalib gəlmişdir. Ondan sonra mənə abidənin ucaldılması üçün bir neçə yer təklif edildi və mən məhz bu yeri seçdim. Çünki Zeynalabdin Tağıyevin adına layiq olan bir yerdir, Bakının tarixi yerlərindən biridir, şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, tarixi qala divarının önündədir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir.

Çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdır. Ancaq tarixdə o, zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı. Onun təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. Onların arasında, əlbəttə ki, Bakıya təmiz içməli suyun gətirilməsi layihəsini xüsusilə qeyd etməliyəm. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir, bu günə qədər Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir. Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə etmişdir. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası inşa edilmişdir, bir çox sənaye müəssisəsi inşa edilmişdir, azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılmışdır. Deyə bilərəm ki, müsəlman aləmində ilk dünyəvi məktəb məhz Bakıda azərbaycanlı qızlar üçün Tağıyevin vəsaiti və təşəbbüsü ilə yaradılmışdır. Bakıda tramvay xətlərinin açılması da Tağıyevin adı ilə bağlıdır. Bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların müəllifi, yəni ki, təşəbbüskarı məhz Tağıyev olmuşdur. Biz Bakının müxtəlif yerlərində onun memarlıq əsərlərini görə bilərik. Baxmayaraq ki, o, kasıb ailədə doğulub və o dövrün mühitində böyüyüb, amma Bakının gözəlliyini təmin etmək üçün xaricdən memarlar dəvət etməsi onun mütərəqqi fikirdə olmasından xəbər verir. Qızlar üçün məktəbin açılması gələcəyə yönəlmiş bir addımdır. Hər kəs bilir ki, o, yüzlərlə tələbəni Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərcini öz üzərinə götürmüşdür və bu da gələcəyə yönəlmiş bir addım idi, gələcəyi düşünürdü. Mən artıq bunu bir dəfə demişəm, bir daha demək istəyirəm ki, o tələbələrin arasında mənim babam Əziz Əliyev də olmuşdur. Əziz Əliyev qədim Azərbaycan torpağı olan İrəvan xanlığı ərazisində doğulmuşdur. O da Tağıyev kimi kasıb ailədən idi, oxumaq istəyirdi. Tağıyevə məktub yazmışdı, xahiş etmişdi ki, ona maddi kömək göstərilsin. Tağıyev də onu təbii ki, tanımırdı, sadəcə olaraq, bir gəncin təhsilə olan belə marağını nəzərə alaraq ona pul göndərmişdir və Əziz Əliyev bu pul hesabına o vaxt Sankt-Peterburq Hərbi Tibb Akademiyasında oxumuşdur. Hesab edirəm ki, bu hadisə onun gələcək taleyində həlledici rol oynamışdır. Çünki o, həm gözəl həkim, eyni zamanda, böyük dövlət xadimi olmuşdur. İkinci Dünya müharibəsində onu Bakıdan Dağıstana ezam etmişlər. Bir neçə il Dağıstanın rəhbəri vəzifəsində işləmişdir və dağıstanlıları sürgündən xilas etmişdir. Çünki o vaxt başqa Qafqaz xalqları ilə bərabər, dağıstanlıları da Qazaxıstana sürgün etmək istəyirdilər, sovet hökumətinin belə planları var idi. Məhz Əziz Əliyevin qətiyyətli mövqeyinə görə bu, baş vermədi. Dağıstanlılar bunu yaxşı bilirlər, yaxşı xatırlayırlar və təsadüfi deyil ki, Mahaçqalada dağıstanlıların təşəbbüsü ilə Əziz Əliyevin abidəsi ucaldılmışdır.

Zeynalabdin Tağıyev Qurani-Kərimi Azərbaycan dilinə tərcümə etdirmiş və eyni zamanda, bu sahədə də təşəbbüskar olmuşdur. İlk dəfə olaraq Qurani-Kərim Azərbaycan dilinə tərcümə edilmişdir. Onun təşəbbüsü və maliyyə vəsaiti hesabına Azərbaycanda bir çox dini abidə inşa edilmiş və təmir olunmuşdur. Onun təhsillə bağlı təşəbbüsləri təkcə Bakı ilə məhdudlaşmırdı. Eyni zamanda, Naxçıvanda, Gəncədə, Şamaxıda, Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə onun pulu hesabına məktəblər açılmışdır.

Yəni, onun haqqında çox danışmaq olar. O, böyük şəxsiyyət idi, xalqa bağlı olan, xalqı qəlbən sevən, xalqın gələcəyini düşünən bir insan idi. Onu da bildirməliyəm ki, XIX əsrdə xeyriyyəçilik ənənələrini məhz Zeynalabdin Tağıyev qoymuşdur. Bu ənənələr sovet dövründə təbii ki, davam etmədi. Onu da bildirməliyəm ki, Azərbaycan Xalq Cümhuriyyəti süqut edəndən sonra sovet hakimiyyəti onu bütün imkanlardan məhrum etmişdir, onun bütün əmlakları əlindən alınmışdı, tək bir bağ qalmışdı, orada da o, ömrünün sonuna qədər yaşamışdır. O, uzun ömür yaşadı, dolğun ömür yaşadı. Ancaq əfsuslar olsun ki, ömrünün sonunda bu cür ədalətsizliklə üz-üzə qaldı və həyatdan çox narahat getdi.

Bu gün isə müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri, onun qoyduğu xeyriyyəçilik ənənələri davam edir, geniş vüsət almışdır. Bildirməliyəm ki, bu sahədə ən böyük xeyriyyəçi nəinki Azərbaycanda, Cənubi Qafqazda Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlar uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir. Bu gün Heydər Əliyev Fondu qarşısında yeni vəzifələr dayanır. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Təkcə sadaladığım dini abidələrimizin sayı 8-ə bərabərdir və əminəm ki, Fond digər layihələrdə də fəal iştirak edəcək. Bildiyiniz kimi, məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət almışdır və mənim iştirakımla Qobu qəsəbəsində bir neçə böyük, çoxmərtəbəli evlərin inşası təmin edilmişdir.

Yəni, bu ənənələr var, davam edir, cəmiyyətdə çox yüksək qiymətləndirilir. Müharibədən sonra mənim təşəbbüsümlə Qarabağ Dirçəliş Fondu, “YAŞAT” Fondu yaradılmışdır. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm “YAŞAT” Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xüsusilə xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir. Bu, bir daha onu göstərir ki, xeyriyyəçilik hər zaman Azərbaycan xalqının ayrılmaz əlaməti olubdur. Sadəcə olaraq, buna şərait yaradılmalı idi, dövlət tərəfindən bu siyasət dəstəklənməli idi və bu gün biz bunu görürük.

Mən Zeynalabdin Tağıyevin şəxsiyyətinə həmişə böyük hörmətlə yanaşmışam. Hələ 2000-ci illərin əvvəllərində, - mən hələ Prezident deyildim, - onun qəbrinin yerləşdiyi Pirhəsən ziyarətgahı mənim təşəbbüsümlə abadlaşdırıldı və qəbrin ətrafında olan ərazi yeni görkəm aldı. Prezident seçiləndən sonra dərhal mənim təşəbbüsümlə onun evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir edildi, həm onun yaşadığı evin bir hissəsi muzey kimi qaldı, eyni zamanda, Tarix Muzeyində bizim tariximizin müxtəlif dövrlərini əhatə edən eksponatlar nümayiş etdirilir.

Bu gün mən çox şadam ki, Zeynalabdin Tağıyevin abidəsi Bakıda ucaldılıb. O, buna layiq idi. Azərbaycan xalqı qarşısında, tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır.

Bir daha əziz xalqımı bu münasibətlə ürəkdən təbrik etmək istəyirəm, Azərbaycan xalqına yeni uğurlar, yeni qələbələr arzulayıram. Sağ olun.

 

“Ədəbiyyat və incəsənət” portalı Daycest bölümündə tanınmış memar, Dünya Reklamçılar Assosiasiyasının üzvü, nüfuzlu festivalların mükafatçısı, Türkdilli Ölkələrin Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının professoru Cahid Həsənovun Bakıvaxtı.az saytına verdiyi müsahibəsini təqdim edir.
Müsahibənin müəllifi Etibar Cəbrayıloğludur.

 

İstedadlı memar Cahid Həsənov son illər mühüm layihələrə imza atıb. Sumqayıt şəhərində yenidən qurulan Şəhidlər Xiyabanı, Sumqayıt bulvarı, Gəncədəki park-bulvar kompleksi, Ağstafada Heydər Əliyev Mərkəzi, Muğam Mərkəzi məhz Cahid Həsənovun layihələri əsasında inşa edilib. Ölkə başçısının sərəncamı ilə o, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.

Cahid Həsənov bu günlərdə Azərbaycan Reklamçılar İttifaqı (ARİ) İctimai Birliyinin icraçı direktoru seçilib.

 

- Yeni vəzifəsiniz də mübarək olsun. Təbriklər öz yerində, planlarınızı, görmək istədiyiniz işləri bilmək olarmı?

 

- Təşəkkür edirəm, təbii ki, hər yeni vəzifə yeni məsuliyyət, yeni yanaşma, yeni layihələr deməkdir. Azərbaycan Reklamçılar İttifaqı İctimai Birliyi ölkədə ən stajlı qeyri-hökümət təşkilatlarından biridir. Qurumun əsası 1995-ci ildə Hacıəmi Atakişiyev tərəfindən qoyulub və İdarə Heyətinin ilk sədri də məhz Hacıəmi müəllim olub. Mərhum sədrimizin təcrübəsi, şəxsi əlaqələri sayəsində ARİ Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına mühüm töhfələr verib. Biz də bu ənənədən yararlanıb mühüm işlər görməyi planlaşdırırıq, təbii ki, qurumun idarəçiliyini, gündəlik fəaliyyətini müasir tələblərə, yeni yanaşmalara və çağrışlara uyğun quracağıq. Onu da qeyd edim ki, qurumun yeni sədri Etibar Əbdülqasımov reklam sahəsində təcrübəli, bacarlqlı insandır, uzun illərdir bu sahədə çalışır, müxtəlif  beynəlxalq konfranslarda Azərbaycanı layiqincə təmsil edib. Etibar müəllim yeni heyətdə həm yaşlı, təcrübəli mütəxəssislərə, həm də gənc marketoloqlara yer verib. Təbii ki, əsas məqsədimiz ölkə  iqtisadiyyatının inkişaf dinamikasından bəhrələnərək reklam bazarının da güclənməsinə nail olmaqdır. Bu gün  reklam bazarında özünə nəzarət mexanizmində müəyyən boşluqlar var və bu problemi aradan qaldırmaq üçün beynəlxalq təcrübədən yararlanmaq fikrindəyik.

 

- Boşluqlar deyərkən konkret nələri nəzərdə tutursunuz?

 

- Məlum olduğu kimi, bu gün sosial şəbəkələrdə böyük reklam axını var və bu reklamların nə qiyməti məlumdur, nə forması, nə də həcmi. Hələ mən reklamın bu formasından gələn gəlirləri demirəm. Bu vəziyyət digər sahələrə də ziyan vurur.

 

- Birini də mən deyim: reklamların dil problemi…

 

- Doğru qeyd edirsiniz, həqiqətən də acınacaqlı bir durum var. Kim necə istəyir, nə istəyir yazır. Sonda da Azərbaycan dilinə, qlobal götürəndə mədəniyyətimizə ciddi zərbə dəyir. Bu, təkcə sosial şəbəkələrdə deyil, açıq hava reklamlarında da tez-tez rast gəlinir. Biz istəyirik ki, dilçi alimlərimiz, tanınmış ziyalılarımız, o cümlədən də istedadlı jurnalistlərimiz bu prosesə cəlb olunsun, onların dəyərli fikirləri, məsləhətləri öyrənilsin. ARİ-nin iş planında bununla bağlı dəyirmi masaların, müzakirələrin keçirilməsi nəzərdə tutulub. 

Digər bir vacib məsələ qanunvericiliklə bağlıdır. Təşkilatımızın bu vacib məsələ ilə bağlı da xeyli təklifləri var, həmin təklifləri sisetemləşdirəndən, mütəxəssislərlə məsləhətləşəndən sonra ictimai müzakirəyə təqdim edəcəyik. Reklam sahəsində problemlərdən söz açarkən bir məsələyə də toxunmağı vacib hesab edirəm. Xaricdə istehsal olunub burada satılan malların reklamlarını biz gündəlik həyatımızda çox rastlaşırıq. Lakin biz istərdik ki, bu məsələ də yeni qanunla tənzimlənsin. Yəni xaricdə Azərbaycanda əmtəələrini satan əcnəbi firmalar mütləq ölkəmizdə öz reklam nümayəndəliklərini açmalıdırlar. Bunun sayəsində də biz həm yeni iş yerləri yarada bilərik, həm də vergi yolu ilə dövlət büdcəsinə əlavə vəsaitin toplanmasına nail olarıq.  Məsələn, Vətən müharibəsində qazanılan tarixi zəfərimizlə bağlı çox maraqlı, kreativ sosial layihələr hazırlanır, amma təəssüf  ki, bunu reallaşdırmaq üçün sponsorlar tapmaq müşkülə dönür. Ölkəmizdə milyonlarla vəsait qazanan bəzi xarici şirkətlərin burada reklam nümayəndəlikləri yoxdur ki, biz onlarla bu məsələni müzakirə edək. Həmin şirkətlərin nümayəndələri ilə danışmaq üçün mən niyə  Rusiyaya, Qazaxıstana, Türkiyəyə getməliyəm? İndiki vəziyyət həmin şirkətlərə sərf edir, çünki qanunda boşluqlar var. Qazaxıstanda və ya başqa bir şəhərdə reklam nümayəndəliyi açan o firmalar Azərbaycan məkanında reklam yayımı üçün hansısa yerli reklam şirkətləri  ilə iş birliyi yaradaraq  “reklam fəailiyyəti” göstərirlər. Reklam sahəsində hərc-mərclik çoxlarına sərf edir. Belə şirkətlərin marağında deyil ki, yaxşı reklam layihələri brend firmalara bilavasitə təqdim olunsun.

 

- Artıq bir neçə ildir ki, Azərbaycanda Dövlət Reklam Agentliyi fəaliyyət göstərir. Bir mütəxəssis kimi bu qurumun işindən razısınızmı?

 

- Adından da göründüyü kimi, bu qurum Dövlət Reklam Agentliyidir, amma səlahiyyəti təkcə açıq məkanlarda yayımlanan reklamalara aiddir. Metroda, digər nəqliyyat növlərində yayımlanan reklamalara cavabdeh deyil.

Digər bir məsələ isə idarəçilik mexanizmi ilə bağlıdır, təəssüf ki, bu qurum düzgün reklam strategiyası qura bilmədi.  İlk gündən açıq məkan reklamına qoyulan qiymətlərin baha, standart olması reklamın açıq məkan sahəsinin inkişafında gerilik yaratdı. Qiymət siyasəti düz qurulmadığına görə açıq məkandan imtina edən şirkətlər isə əksinə burada uddu. Çünki digər sahələrdə, hansı ki, qiymələr standart deyil, bazarla tənzimlənir, o sahəyə öz reklamlarını yönəltdilər. Bu qurum bilavasitə açıq məkanda reklam vergi yığımı qurumu kimi fəailiyyətdədir. Bayaq standart qiymətlər termini işlətdim. Bu nə deməkdir? Dünyada reklamda standart qiymətlər yoxdur. Reklamçılar İttifaqı İctimai Birliyi də təklif edir ki, dünya təcrübəsindən yararlanaq. Tutaq ki, dondurmanın reklam qiymətində yayda bir, qış mövsümündə isə tamam fərqli tarif olmalıdır. 

 

- Sosial reklam sahəsində vəziyyəti necə dəyərləndirərdiniz?

 

- Reklamın ən vacib sahəsi ilk olaraq sosial reklamdır. Azərbaycanda müxtəlif qurumlar tərəfindən sosial reklamlara tez-tez rast gəlirik. Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi,  belə reklamlardan istifadə edirlər. Lakin digər qurumların da bu vasitədən istifadə etməsi lazımdır. Burada əsas güc respublikamızda fəailiyyət göstərən reklamverici şirkətlərə düşür. Ümumiyyətlə, sosial reklam dedikdə heç də bəziləri kimi hansısa konsertlərə sponsor olmaq deyil. Sizə deyim ki, reklamla bağlı qanunvericilikdə də sosial reklamların verilməsi məcburidir. Yaxşı olardı ki, reklamverici şirkətlərə öhdəçilik qoyulsun ki, sosial reklama ayrılan vəsaitin bəlli bir faizi regionlarda tətbiq edilsin. Bakı şəhərinin müxtəlif ərazilərində, xüsusi ilə rayon və şəhərlərimizə gedən beynəlxalq yollar ətrafında və rayonların, şəhərlərin mərkəzi ərazilərində vətənpərvərlik mövzulu sosial reklamların quraşdırılması yaxşı olardı. Qalib və qüdrətli Azərbaycanın tarixi, zəngin mədəniyyəti barədə tanıtım reklamlarına da böyük ehtiyac var. Təəssüüf ki, kommersiya reklamları üçün xüsusi firmalara yer verilir və  belə reklamlar yayılması üçün digər firmalara  şərait yaradılmır. Yəni kommersiya maraqları mədəni maraqları üstələyib açıq məkan reklamlarında.

 

- Bəzən tamaşaçılar gileylənir ki, telekanallar reklamlara həddindən çox yer verir…

 

- Belə narazılıqlar hər zaman olacaq, təsəvvür edin ki, tamaşaçı hansısa bir proqramı maraqla izləyir, amma birdən reklamlar efirdə yayımlanır. Lakin gərək telekanalların da marağını, iqtisadi durumunu nəzərə alaq, reklam olmadan  onlar necə gəlir əldə edə bilərlər? İzləyicilərin reklamların dili, səviyyəsi  barədə narazılığı isə əsasən haqlıdır. Söhbətimizin əvvəlində bu məsələyə toxunduq, əksər hallarda mətnlər primitiv olur, dil qaydalarına əməl edilmir. Bizdə çox vaxt xaricdə istehsal olunan reklamları dublyaj edib  göstərirlər. Tərcümənin,  səsləndirmənin keyfiyyəti urəkaçan olmur. ARİ-nin hazırladığı təkliflər paketində bu məsələ də nəzərə alınıb. Yerli reklamçılara  sifariş verən iri şirkətlərə müəyyən güzəştlər edilsə məqsədəmüvafiq olar, bu, həm də yeni iş yerlərinin açılmasına, reklam sahəsində yerli kadrların yetişməsinə stimul ola bilər. Bizdə ədatən şou-biznes nümayəndələrini reklam çarxlarına çəklirlər, təbii ki, bu da yeksənəklik yaradır. Görkəmli alimləri, şair və yazıçıları, ziyalılarımızı, Vətən savaşında igidlik göstərən əsgər və zabitlərimizi də reklamlara çəkməliyik. Bundan çəkinmək lazım deyil, dünya belə praktikadan çoxdan yararlanır. 

 

- Erməni işğalından azad etdiyimiz Qarabağla əlaqəli reklam strategiyasını siz necə görürsünüz?

 

- Olduqca vacib məsələyə toxundunuz. Bu gün Qarabağda, işğaldan azad olunmuş ərazilərimizdə reklam işinin effektiv qurulması əsas hədəflərimizdən biri olmalıdır. Bunun üçün yeni təkliflər, qaydalar üzərində çalışırıq. Xüsusi ilə əcnəbi qonaqların Qarabağa müntəzəm səfərlərini nəzərə alıb elə etməliyik ki, hər bir şəhər və rayonumuz, yaşayış məskənimiz barədə onlarda doğru-düzgün məlumat olsun. Hər şəhərin özünəməxsusluğu, tarixi, mədəniyyəti, mətbəxi hökmən nəzərə alınmalıdır. Həmin  ərazilərdə reklam yerləşdirəcək hər hansı bir şirkətə hər 5 reklamdan bir sosial reklama sponsorluq etmək tələbi qoyulmalıdır ki, bu anda da oralarda sosial reklam çox geniş yayılar. Çox istərdik ki, yerli mütəxəssislərimiz bu işlərdə yaxından iştirak etsinlər.

Rusiyanın “Birinci kanal”ında yayımlanan “Непутевые заметки” verilişinin budəfəki buraxılışında Bakı və “Şahdağ” Turizm Mərkəzi haqqında geniş məlumat verilib.

Dövlət Turizm Agentliyindən AzərTAC-a bildirilib ki, Azərbaycan Turizm Bürosunun dəstəyi ilə hazırlanan verilişdə paytaxtın möhtəşəm memarlığı, özünəməxsus gözəlliyi, yeni il ərəfəsində mərkəzi Nizami küçəsində təşkil olunan xeyriyyə yarmarkası və paytaxt sakinlərinin qonaqpərvərliyindən bəhs olunub.

Verilişdə, həmçinin “Şahdağ” Turizm Mərkəzi, burada turistlərə təklif olunan xizəksürmə, dağda gəzinti, paraplan uçuşları və s. kimi əyləncə növləri, hotellər, eləcə də yaxınlıqda yerləşən və təbiəti ilə turistlərin diqqətini cəlb edən Ləzə kəndi və sakinləri haqqında ətraflı məlumat verilib.

1996-cı ildən Rusiyanın müxtəlif televiziya kanallarında Dmitriy Krılovun aparıcılığı ilə yayımlanan verilişdə bütövlükdə ölkənin zəngin mədəniyyət və tarixə malik olduğu, səyahət edənlərin unudulmaz təəssüratlarla geri döndüyü xüsusi vurğulanıb.

 

Verilişə baxmaq üçün https://bit.ly/329iecA linkindən istifadə etmək olar.

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı rusdilli tamaşaçıları üçün “Silva” operettasını nümayiş etdirib.

Görkəmli macar bəstəkarı İmre Kalmanın dünyaca məşhur operettanın süjet xəttində iki gəncin saf, təmiz sevgi hekayəsi dayanır.

Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq ətrafdakılar, xüsusi ilə də Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər. Bu qərardan sonra dinamik, gözlənilməz situasiyalarla zəngin olan operettada yeni mərhələ - iki gəncin öz sevgisi uğrunda mübarizəsi başlayır.

Qeyd edək ki, səhnə əsərinin quruluşçu rejissoru Boris Lukinski, quruluşçu dirijoru Nazim Hacıəlibəyov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.

Aktyor heyətinin məharətli çıxışı səhnə əsərini baxımlı edib, tamaşa maraqla qarşılanıb.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Bakıda ucaldılan abidəsinin açılışında iştirak edib.

Daha geniş matetial gün ərzində təqdim olunacaq.

Tuesday, 18 January 2022 13:30

Monteskyönün müdrik kəlamları

 

1689-cu ilin 18 yanvarında dünyaşöhrətli fransız mütəfəkkiri, dillər əzbəri olan müdrik kəlamların müəllifi Şarl Lui Monteskyö dünyaya gəlib. 

“Ədəbiyyat və incəsənət” portalı bu dahinin bir neçə kəlamını diqqətinizə çatdırır:

Mütaliə etmək – darıxma saatlarını həzz saatlarına çevirmək deməkdir.

Azacıq bilmək üçün lap çox öyrənmək lazımdır.

Ən böyük tiranlıq – Ədalət bayrağı altında, Qanun adı ilə həyata keçirilən tiranlıqdır.

“Sabah hər şey yaxşı olacaq” deyiminə yalnız sabah azad olmaqla çatmaq olar.

Hər xalq öz hökmdarına layiqdir.

Şəxsiyyətin azadlığı ilə vətəndaşın azadlığı həmişə üst-üstə düşmür.

Demokratiya prinsipi təkcə cəmiyyətdə bərabərlik ruhu yaratmaq demək deyil, həm də bu bərabərlik ruhunun elə bir həddinə çatması deməkdir ki, hər kəs özünə rəhbər seçdiyi şəxslə də özünü bərabər saya bilsin.

 

 

Hollivud istehsalı olan "Son baxışlar" (Last Looks) bədii komediya filminin ilk treyleri nümayiş olunub.

 

TASS agentliyi xəbər verir ki, Tim Kirkbynin rejissorluq etdiyi filmdə baş rolları ulduz aktyor Mel Gibson, habelə Çarlie Hunnam, Morena Baccarin, Lucy Fry, Dominic Monaghan, Jacob Scipio və Clancy Brovn canlandırır.

Filmdə Valdo obrazı cəngəllikdə minimalist həyat yaşayan keçmiş “LAPD” (Los Angeles Polis İdarəsi ) detektivini izləyir. Çarlie Valdo nüfuzdan düşmüş keçmiş “LAPD” detektividir. 

Meşədə özü üçün yeni bir dünya yaradan Valdonun sakit, stressiz həyatı, ani bir təkliflə yenidən dəyişir. Nə təklif? Bunu fiımə baxanda biləcəksiniz.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.