Super User

Super User

 

Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatı tərəfindən gerçəkləşdirilən “Azərbaycan Aşıq sənətinin inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, xalq şairi, fərdi prezident təqaüdçüsü Zəlimxan Yaqubun “Şəhidlərim yatan yerdə” adlı şeiri qardaş Türkiyə Cümhuriyyətinin Kahramanmaraş şəhərində fəaliyyət göstərən Ebrar Vakfı Kültür Yayın orqanı olan “Usare” - iki aylık kültür, ədəbiyyat, sənət dərgisinin 27-ci sayında dərc olunub. Özü də Azərbaycan dilində. 

Bu barədə portalımıza Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

 “Azərbaycan Aşıq sənətinin inkişafına dəstək” layihəsinin rəhbəri və müəllifi Azərbaycan Aşıqlar Birliyinin katibi, “Ozan dünyası” jurnalının Baş redaktoru, Əməkdar mədəniyyət işçisi Musa Nəbioğludur.

Layihənin koordinatoru və məsul katibi Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Kümbet” və “Usare” dərgilərinin Azərbaycan təmsilçisi Kamran Murquzovdur.

Qeyd edək ki, bundan öncə gerçəkləşdirilən eyniadlı layihə çərçivəsində sevimli xalq şairimiz Zəlimxan Yaqubun “Ömrün yolları” şeiri qardaş Türkiyə Cümhuriyyətinin Bilecik şəhərində fəaliyyət göstərən “Kardelen” üçaylıq mədəniyyət, ədəbiyyat, incəsənət dərgisinin 109-cu sayında Azərbaycan dilində dərc olunmuşdu.

 

 -Ülkər, sən çox yorulmusan. Ayaq üstə yatırsan. Keç dəhlizdəki kresloda gözünün acısını al, mən burdayam, narahat olma.

-Yox, Afət, bir azdan xəstələrin hərarətin ölçməliyik, -deyib Ülkər saata baxır. Saat 03:15-dir. Sonra sözünə davam edir:

 -Elə bil səhər açılmayacaq, axşam olanda sanki boğuluram, xəstələrin də vəziyyəti pisləşir. Nənəm deyərdi ki, şər qarışan kimi şər qüvvələr ortaya çıxır (Başını bulayıb gülümsəyir). Deyəsən, başım xarab olur.

 -Ay qız, hamısı yorğunluqdandır. Düz bir aydır ki, gücləndirilmiş rejimdə işləyirik.

-Hə, təki insanlar sağalsın, dözərik, dözməliyik.

 -Amin.

Ülkər Lerikin dağ kəndindəndir. Tibb Universitetini fərqlənmə ilə bitirib. Sonra rezidenturanı Almaniyada oxuyub. Orada oxuya-oxuya özəl klinikaların birində işə düzəlib. Artıq 7 ildir, Almaniyada yaşayır. 30 yaşı var, amma ailə qurmaq barədə düşünmür. Deyir ki, mənim sevgim Talış dağlarında ya dumana düşüb, ya meşədə azıb, ya da uçurumdan yuvarlanıb.

Pandemiya ilə bağlı vətənə qayıdıb, qayıdıb ki, millətinə xidmət eləsin, insanların  sağlamlığının keşiyində dursun. Halbuki qayıtmaya da bilərdi...

 -Ülkər, bilirsən, mənə nə maraqlı gəlir

-Nə, əzizim? 

(Buradakı tibbi personalın əksəriyyəti bir-birini 1 aydır ki, tanıyır, amma aralarında çox səmimi və mehriban bir mühit yaranıbdır. Tam bir komandadırlar. Deyirlər, dar gün insanları birləşdirir)

-Xaricdə oxumağa gedən vətəndaşlarımızın çoxu oxuyub qurtardıqdan sonra Vətənə qayıtmaq istəmirlər. Bunun üçün əsaslı və əsassız səbəblər gətirirlər. Nə yaxşı sən qayıtdın, özü də belə çətin bir vaxtda? Halbuki, qayıtmamaq şansın vardı.

-Hə, Afət, burada bu sualı verən artıq beşinci insansan (Gülümsəyir).

 -Sən Allah, xətrinə dəyməsin, sadəcə, maraqlı gəldi deyə soruşdum.

-Xeyr, xətrimə dəymir, yaxşı elədin, səmimi olmaq lazımdır. Mən fikirləşirəm ki, orda qalmaq üçün yox, qayıtmaq üçün şansım olduğuna çox xoşbəxtəm. Bilirsən, Afət, mənim atam Qarabağda şəhid olub. Onda mənim 2 yaşım vardı, atamın üzünü xatırlaya bilmirəm. Anam deyir ki, bir dəfə yaralı gətirdilər, əməliyyat oldu, altı ay xəstəxanada yatandan sonra qazi kimi ordudan tərxis olunmaq şansı vardı, ancaq Vətən darda olduğu üçün yenidən cəbhəyə qayıtdı. Bax buna görə mən də qayıtmalı idim, Afət. Vətən dardadır...

(Səsi titrəyir, göz yaşlarını gizlətmək üçün əllərini üzünə tutur.)

Bir müddət əvvəl Rusiyadan vətənə qayıtmaq istəyən vətəndaşları gətirdilər. Analizləri götürülən, hərtərəfli yoxlanan vətəndaşlar karantinə yerləşdiririldi. Analizləri müsbət çıxanları klinikaya göndərdilər. Onları qəbul edənlər arasında Ülkər də var idi. Gələnlərin arasındakı sarışın, ucaboy, enlikürək, saçları pırpız oğlanı görəndə sanki Ülkəri cərəyan vurdu. Ancaq əynindəki xüsusi geyimə görə onun bu halını heç kim hiss etmədi. Heç oğlan da Ülkərin nə keçirdiyin hiss etmədi...

Bu o idi, illər əvvəl ucqar dağ kəndində - məktəbdə dağ havası kimi təmiz, saf sevgi ilə sevdiyi Rəsul...

Rəsul 11-ci sinifdə oxuyanda Ülkər 10-cu sinifdə oxuyurdu. O qədər həyalı və təmiz oğlan idi ki, özü utandığından Ülkərə bir söz deyə bilməmişdi. Axırda bacısını göndərmişdi ki, Ülkərə onu sevdiyini bildirsin.

Əslində Ülkər bunu çoxdan hiss etmişdi. Rəsulun oğrun-oğrun ona baxmasından, onu hər yerdə bir kölgə kimi izləməsindən.

Rəsul həm də bu sevgidən qorxurdu. Çünki bu dağ kəndində şəhid ailəsi hamının baş tacı idi. Şəhid qızını sevdiyi üçün sanki böyük bir günah işlədiyini, müqəddəs ayini pozduğunu düşünürdü...

 Rəsul çox gözəl dülgər idi, atası kimi. Orta məktəbi bitirib Bakıya peşə məktəbinə getdi. Peşəsini daha da təkmilləşdirdi. Bir il sonra Ülkər ali məktəbə qəbul oldu. Bakıda tez-tez görüşürdülər. Artıq kənddə də hamı bu sevgidən xəbər tutmuşdu.

Bir müddət keçmiş Ülkər Rəsulun onunla görüşə gələndə kefsiz olduğunu, ondan nəsə gizlətdiyini hiss edirdi. Amma “Bəlkə də, işdən yorğun gəlir, ona görədir”- deyib özünü təsəlli edirdi.

Bir gün Ülkərin qorxduğu başına gəldi. Rəsul yoxa çıxdı. Kəndə xəbər göndərdi, -Bura gəlməyib ,- dedilər. Tanıdığı ünvanlara getdi, soruşmalı olduğu adamlardan soruşdu... Amma Rəsuldan xəbər çıxmadı. Sanki iynə idi, samanlığa düşmüşdü.

Aylarla Ülkər əzab içində qovruldu, dərd çəkdi, anasının və yoldaşlarının köməyi ilə yalnız uzun müddət sonra özünə gəldi.

İndi bütün bunların səbəbkarı olan Rəsul qarşısında idi. Onu tapdığına sevinsinmi, bu illər ərzində ona yaşatdıqları üçün yaxasından tutub hesab sorsunmu, yoxsa virusa düşdüyü üçün onun halına yansınmı?

Qarışıq fikirlər qurd kimi Ülkərin beynini yeyirdi sanki.

Həkim yoldaşının: -Həkim, sizə nə olub, narahatsınız? - deməyinə özünə gəldi.

-Xeyr, hər şey yaxşıdır, - cavabını verdi.

-Hə, onda bu xəstələri palataya yerləşdirək.

***

Artıq bir həftə idi ki, Rəsul bu xəstəxanada  müalicə alırdı, qayğı görürdü. Özü  də illər əvvəl heç bir səbəb demədən tərk edib getdiyi Ülkərdən...

Ülkər yaxınlaşıb soruşdu:

-Vətəndaş Qurbanov, bu gün özünüzü necə hiss edirsiniz, əvvəlki kimi boğulma yoxdur ki?

Təbii ki, xüsusi qoruyucu paltarda, üzü bağlı olan Ülkəri tanımadan Rəsul cavabında söylədi:

-Xeyr, həkim, Allah köməyiniz olsun, bu gün çox yaxşıyam. Bizə yaman əziyyət çəkirsiniz, hamınız 24 saat biz xəstələrin qulluğundasınız, sizin haqqınızı necə ödəyəcəyik? Burdakı xəstələr bəs etmirmiş kimi, biz də gəlib sizə yük olduq...

Ülkər narazı və qəti şəkildə dedi:

-O nə sözdür, siz də bizdənsiniz. Soydaşımız, canımız, qanımızsınız. Heç vətəndaş da vətənə yük olarmı? Elə söz danışmayın, xahiş edirəm.

Rəsul xəfifcə gülümsədi:

-Uşaq vaxtı nənəm deyərdi ki, bala, ağ qanadlı mələklər səni qorsun. Elə deyəsən, o mələklər sizsiniz. Ağ qanadlı yox, ağ xalatlı mələklər, - dedi.

Ülkər də bu sözlərdən çox xoşlandı və o da gülümsədi. Rəsul ilk dəfə onun açıqda qalmış gözlərini gördü. Xatirələr ox kimi beyninə, qəlbinə batdı, onu keçmişə çəkdi. Bir an xəyala daldı.

Nəsə soruşmaq istəyəndə Ülkər bunu hiss edib: -Siz dincəlin, mən digər xəstələrə baş çəkməliyəm, -deyərək palatadan çıxdı...

Günorta yeməyində bütün həkimlər dilxor idi, bəziləri hətta ağlayır, çoxu yemək belə yemirdi. Halbuki 24 saat gücləndirilmiş rejimdə işləmək üçün mütləq yeməlisən ki,ümmunitetin zəif düşməsin, yoxsa nə geyinməyinə baxmayaraq, virusa yoluxma riskin çoxalar...

Bu dilxorçuluğa səbəb isə 67 yaşlı Rüstəm kişi idi. Şəkərli diabet olduğu üçün virusa qalib gələ bilməmişdi. Bu gün vəfat etmişdi.

Tibb bacılarından  biri: -Rüstəm dayı çox müdrik və ölümdən qorxmayan biri idi, ailəsi ilə hər dəfəsində görüntülü danışırdı. Həyat dolu insan idi. Yoldaşı, oğlu, nəvələri onun sağalacağına çox inanırdılar. Bizə inanırdılar, heyif ki, onu qurtara bilmədik, -deyib hönkür-hönkür ağladı.

Həkimlərdən biri əlavə etdi:

-Süni nəfəs aparatına qoşulandan sonra ailəsi ilə ancaq bu gün danışmaq istədi. Sanki sağalmışdı, normal nəfəs alırdı. Ailə üzvləri ilə danışandan sonra yoldaşına dedi ki, uşaqları otaqdan çıxart, sənə sözüm var. Qadına vəsiyyət elədi, halallaşdı, qadın orda ağlayırdı, mən də donub qalmışdım, bilmirdim nə edim. Sözünü qurtaran kimi, rəngi ağardı, boynu düşdü yana. O an çox pis vəziyyətə qaldım, yaxşı ki,Ülkər həkim gəldi. Telefonda “Rüstəm, baba, ata,” qışqırtıları hələ də qulağımdan getmir.

Həkim ağladı. Hamı kövrəldi.

Tibb bacılarından biri aranı sakitləşdirmək, yoldaşlarını gərginlikdən çıxartmaq üçün televizorun səsini yüksəltdi.

Televizorda polislərin küçəyə icazəsiz çıxan, karantin rejimini pozan vətəndaşlara xəbərdalıq etməyi, tabe olmayanları cərmələməyi barədə xəbərlər verirdilər.

Afət replika atdı:

-Hələ də insanlara bu xəstəliyin ciddiliyi çatmır. Hamı deyir ki, boş söhbətdir, Çinin, Amerikanın oyunudur.

Digər tibb bacısı da münasibət bildirdi:

-Kimin işidir, kimin oyunudur, bilmirəm. Bu böyük bir bəladır və insanlarımız ayılmalıdır. Qoyulan qaydalara ciddi yanaşmalıdır. Əgər ölkəmizdə pandemiya krizi yaransa, uzaq olsun, çox pis nəticəsi olacaq.

-Hə, hə...elədir.

Yerbəyerdən ağ xalatlılar dilləndilər.

Həkimlərdən biri dedi:

-İnaşallah, olmaz. Biz burada, polislərimiz küçələrdə gecə-gündüz dayanmadan işləyirik ki, bunun qarşısı alınsın. İki uşaqla anamı evdə tək qoyub gəlmişəm, bilirsiniz.

-Hə, bilirik, onların vəziyyəti necədir?

Yerdən soruşdular.

-Yaxşıdır. Binadan bir neçə gənc ərzaq alıb gətirib, anam da deyib ki, bala çox sağ olun. Bu yardımı ehtiyacı olana verin. Bizə köməyiniz o olsun ki, pul verim, bizə bazarlıq edin. Gənclər indi hər gün nə lazım olsa,alıb gətirirlər.

Dil-ağız eləyənlər dərhal tapıldı:

-Hə sağ olsunlar. Millətimizin belə çətin gündə birləşə bilməyi adama qürur verir.

-Hə. Elədir. Qızımla oğlum deyirlər ki, müəllimlərimiz də telefonda onlayn qrup yaradaraq dərslərimizi keçirlər, - həkim söylədi.

-Hə, bizim uşaqlar da elə deyir, -deyə tibb bacısı təsdiqlədi.

Televizorda növbəti xəbər eşidildi:

“Qarabağın erməni icmasının üzvləri Azərbaycan icmasının sədri Tural Gəncəliyə kömək üçün müraciət edib.”

Bir tibb bacısı “Elə hamısı qırılsa yaxşıdır. Lənətə gəlmişlər...” – söylədi.

Sevda həkim ani sakitlik yarananda söhbətə qoşuldu:

-Qızlar, hamınıza bir sual verim: Əgər sabah Qarabağ alınsa, orada yaşayan erməniləri virusdan sağaltmaq üçün ora gedərsiniz? Səmimi olun.

Müxtəlif cavablar oldu. Amma son sözü Ülkər həkim dedi:

-Bilirəm ki, bütün olanlara baxmayaraq, hamımız gedərik və onlara bir vətəndaş kimi xidmət edərik. Çünki biz çox hümanist xalqıq. Elə başımıza da nə gəlirsə bunun ucbatından gəlir.

***

Artıq Rəsul tam sağalmışdı, klinikadan evə buraxılırdı. Dəhlizdə Ülkərlə üz-üzə gəldilər.

Rəsul:

-Sizə nə qədər təşəkkür etsəm, azdır. Var olun, Allah sizin hamınızı qorusun, həkim. Bura düşməyənə qədər bu xəstəliyin necə bir bəla olduğunu zənn etməzdim. 

Ülkər:

-Şükür ki, sağaldınız, yaxınlarınıza, doğmalarınıza mütləq deyin, gigeyena qaydalarına ciddi yanaşsınlar.

Və qəfildən Ülkər özünü “yandırdı”: -Yəqin, Lerikə gedəcəksiniz.

Rəsul təəccübləndi və şübhələri daha da artdı:

-Siz hardan bilirsiniz ki, mən Lerikdənəm? Yoxsa, siz...

-Sizin sənədlərdə yazılıb haradan olduğunuz.

Rəsul inanmadı, amma razılaşdı həkimlə:

-Hə, heç olmasa üzünüzü görmədim ki, məni xilas edən insanı tanıyım.

Ülkər gülümsəyərək: -Nənəniz deməmişdi, mələklər barədə? Mələyin üzünü görmək olmaz axı.., - deyib gülümsədi.

Və -Xoşca qalın,- deyərək Rəsula getməsinin zamanı çatdığına işarə elədi.

-Sağ olun. Xudahafiz, -deyib Rəsul da bu istəyə tabe olub aralanmaq istədikdə bu zaman tibb bacısı yaxınlaşıb: -Bağışlayın, Ülkər həkim, sizi Sevda həkim gözləyir, -dedi.

Rəsul təəccüb və sevinc içində: -Ülkər, bilirdim, bilirdim, bu sənsən. Sadəcə şübhəli qalmışdım. Kənddən demişdilər, Almaniyadasan. İnanmırdım ki, qayıdarsan bura. Gör harda qarşılaşdıq? 

Ülkərin gözləri doldu, səsi titrədi:

-Bəli, Rəsul bəy, mənəm, Ülkər. Sənin Ülkər ulduzun...Öyrənmişəm hamısını, bacın danışdı. Niyə qəfildən yoxa çıxmısan, niyə getmisən, hara getmisən? Heyif, o sevgiyə, o məhəbbətə, Rəsul...

Rəsul pərt halda:

-Mən səhvimi anlamışam,Ülkər. Sadəcə uzaqda olduğun üçün sənə doğru gələ bilmədim. Uşaqca qısqanclığın bəlasına düşdüm mən...

-Nəsə bunlar oldu, keçdi. Deyiləsi, soruşulası çox sözüm var, Rəsul, amma bura yeri deyil. Heç faydası da yoxdur.

-Mən səni gözləyim, icazə al, gedək, danışaq, Ülkər.. Bəlkə, bir şans...

-Xeyr, Rəsul. Yadındadır, ədəbiyyat müəllimimiz deyərdi ki, sevən insanlar qızardılmaq üçün doğranmış soğan kimidir. Yağ tökülməli, qızardılmalıdır, yəni sevginin odunda soğan kimi qızarmalıdırlar, əl-ələ tutmuş sevgililərin yanaqları kimi, həyadan, təbiilikdən qızarmalıdırlar. Tez götürsən, soğan çiy qalar, gec  götürsən, soğan yanar, kömür olar. Biz gecikdik, Rəsul...

Rəsul üzüntüylə sual etdi:

-Ülkər, qəlbində mənə heçmi yer qalmayıb?

Amma Ülkər qətiyyətli idi:

-Xeyr, sən mənim qəlbimdəsən. Həmişə də orada olacaqsan. Müqəddəs və toxunulmaz bir büt kimi. Anam deyir ki, kişini Allahdan çox qadın yaradıb, ona görə də kişi qadına çox bağlıdır, bəzən sitayiş edir. Kişi bir qadının bətnindən doğulur, başqa qadının qəlbində dəfn olunur. Anam öz ürəyində atamı, mən isə səni dəfn etmişəm, Rəsul... Məndən ümidini üz, get qızının yanına. Hər şeyi bilirəm, evlənmisən, qızın dünyaya gələndə yoldaşın ölüb. Onu eşidəndə çox pis oldum. Qızın da, sən də yetim qalmısınız... Qızının adı nədir?

Rəsul başını aşağı salıb pərt və tutqun halda: -Günəş, - söylədi.

-Hə, gözəl adı var. Adı ilə böyüsün. Xoşbəxt olsun. Get, get ona bərk-bərk sarıl. Ətrafında pərvanə ol. Yetimliyin nə olduğun mən yaxşı bilirəm. Anasını itirib, Allah səni ona çox görməsin... Ülkər ulduzunu itirdin, xahiş edirəm, Günəşinisə  itirmə, Rəsul...

Azacıq susub sual etdi:

-Sənə olan sevgim bilirsən nəyə bənzəyir?

-.....??

-Şahın zülmündən qurtulmaq üçün qaçıb Əsabi-Kəhf mağarasında 300 il yatanlara... Sənə olan sevgim də sənsizliyin zülmündən qəlbimdən qaçıb Talış dağlarındakı mağaraya getdi.... Səbrin çatarmı 300 il gözləməyə???....

Artıq Rəsul klinikanın pilləkənləri ilə düşürdü. Ülkər isə ikinci mərtəbənin pəncərəsindən için-için ağlaya-ağlaya ona baxırdı...

İçində rahatlıq tapmışdı. İtkin düşmüş oğlunun cəsədini tapan ana kimi...

Bir anda içəridən həkimlərin sevinc səsi yüksəldi. Ülkər ona tərəf qaçan tibb bacısını gördü:

-Ayıldı, həkim,süni nəfəs aparatında olan xəstə ayıldı....

Günün fotosu:

Avroittifaq ölkələrinə gələn turistlərin vaksin nəzarəti ləğv edilib

 

Avropa ittifaqı ölkələrinə gələn turistlərin vaksin nəzarəti 27 ölkədə ləğv edilib. Qərar dünəndən qüvvəyə minib.

 

Foto:Euronews

 

Mart ayının 2-dən 6-dək Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Teatr baharı” festivalını keçirəcək.

Xalq artisti, İctimai Şuranın teatr və kino ilə bağlı işçi qrupunun rəhbəri Vidadi Həsənov qeyd edib ki, “Teatr baharı” festivalı Bakıda 17-ə yaxın müstəqil teatrların ilk tədbiridir. O deyib:

“Festivalda panellər keçiriləcək, tamaşaların müzakirəsi aparılacaq, eyni zamanda müxtəlif insanlarla görüşlər olacaq. Bütün teatr sevərləri, gəncləri və tələbələri bu festivalda görmək istəyirik”.

Qeyd edək ki, festivalın 2 məkanda - Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı səhnəsində və Şah Mat Teatrında keçiriləcəyi planlaşdırılır.

Festivalın proqramını ilə aşağıdakı fotodan tanış ola bilərsiniz.

 

2022-ci ilin 22 fevral tarixində mədəniyyət naziri Anar Kərimovun BMT-nin Sivilizasiyalar Alyansının (BMTSA) ali nümayəndəsi Migel Angel Moratinos ilə qarşı tərəfin təşəbbüsü ilə onlayn formatda görüşü baş tutub.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə Azərbaycan və BMTSA arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək perspektivləri barədə fikir mübadiləsi aparılıb və davamlı əməkdaşlığın əhəmiyyətindən bəhs edilib.

 

Bu kontekstdə, 2021-ci il ərzində Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülmüş və BMTSA və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə tərəfdaşlığı ilə həyata keçirilən “Mədəniyyət naminə sülh” Qlobal Kampaniyası (“Peace for Culture”) və bu Kampaniyanın Fəaliyyət Planı layihəsinin hazırlanması barədə müzakirələr aparılıb.

Gündəm

 

 

Azərbaycan Televiziyası bu il daha bir layihəyə start verib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAC-a bildirilib ki, “Bir gün” adlı layihədə müxtəlif peşə sahiblərinin birgünlük fəaliyyəti əks olunur. Belə ki, bir sahə seçilir, o sahənin peşəkarı olan real bir şəxs verilişin qəhrəmanı olur. Çəkiliş komandası isə onun səhərdən axşama kimi birgünlük iş fəaliyyətini lentə alırlar. Beləcə, tamaşaçı seçilən peşə sahibinin bir gündə hansı işlər gördüyündən məlumatlı olur.

“Bir gün” layihəsi üzrə “Azərbaycantelefilm”in istehsalı olan ilk film kombaynda işləyən yeganə pambıqçı qadına həsr olunsa da, sonradan pandemiya, həmçinin Vətən müharibəsinin başlaması səbəbindən planda dəyişiklik edilib, layihənin silsilə şəkildə yayımlanması təxirə salınıb.

Azərbaycan polisinə həsr olunan film – “İsti izlərlə” isə artıq hazırdır. Filmdə polis zabitinin birgünlük yaşamı lentə alınıb. “İsti izlərlə”də polisin keçirilən əməliyyatlardakı peşəkar fəaliyyəti ilə yanaşı, onun həm də bir insan olaraq keçirdiyi hiss və həyəcanı da əks olunub.

Layihənin müəllifi Elçin Musaoğlu, filmin operatoru Elxan Rüstəmov, səs rejissoru Ceyhun Ağayev, prodüseri isə Fatimə Əzimovadır.

Filmlərin silsilə şəkildə davam etdirilməsi nəzərdə tutulub.

“İsti izlərlə” filmi fevralın 23-ü saat 18:30-da AzTV-də yayımlanacaq.

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsi fevralın 24-dən “Kölgə oyunu” filminin nümayişinə başlayacaq.

Mark Vilyamsın rejissorluğu ilə çəkilən filmdə baş rolları Liam Nison, Aydan Kyuin, Emmi Rever-Lempman canlandırır. 

Filmin xronometrajı 120 dəqiqədir.

O, Federal Təhqiqatlar Bürosu (FTB) üçün müxtəlif işlərdə çalışıb. O, lazımsız suallar vermir, sadəcə öz vəzifəsini yerinə yetirirdi. Amma nəvəsinin xətrinə oyunu tərk etmək qərarına gəldikdə, şöbə ondan imtina edir. İndi o, sistemə meydan oxumağa və hakimiyyətin yuxarı postlarına qədər gedən bütün sui-qəsdləri üzə çıxarmağa hazırdır.

Qeyd edək ki, film Çin, Avstraliya və ABŞ-ın birgə istehsalıdır.

Azərbaycanda istehsal olunmuş “100 illik şərəfli ömür – Hacı Zeynalabdin Tağıyev” və “Stalinin qaranlıq keçmişi” sənədli filmləri Braziliyada “RNAB” festivalında ölkəmizi təmsil edəcək. “RNAB" festivalı 13 ildir fəaliyyət göstərir. Bütün seçilmiş filmlər ölkənin nüfuzlu məkanlarında böyük ekranda nümayiş olunacaq. İkinci filmimiz isə “RENUAC” festivalında uğur qazanıb və Çilinin paytaxtı olan Santyaqo şəhərində yerli və xarici media nümayəndələrinin iştirak edəcəyi nüfuzlu məkanlarda göstəriləcək.

Bunu AzərTAC-a açıqlamasında filmlərin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib. O qeyd edib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir. 2019-cu ildə istehsal olunan ekran əsəri 14 beynəlxalq film festivalında uğur qazanıb. Filmin çəkilmə səbəbləri ilə bağlı fikirlərini bölüşən C.Qasımov deyib: “Hacı Zeynalabdin Tağıyev harada yaşamasından asılı olmayaraq soydaşlarının imdadına çatıb, Azərbaycan xalqının maariflənməsi, istedadlı insanların yüksək təhsil alması, kütləvi savadsızlığın aradan qaldırılması, ölkədə iqtisadiyyatın hərtərəfli inkişafının təmin olunması, habelə milli kadrların hazırlanması üçün zəruri tarixi missiya həyata keçirib. Hələ Bakı Dövlət Universitetində oxuduğum illərdən başlayaraq, bu görkəmli sahibkar və xeyriyyəçi insan haqqında çoxlu məlumatlar əldə etmişdim. Bir sözlə, onunla bağlı çap olunan bütün materialları yığırdım. Amma ağlıma da gəlməzdi ki, nə vaxtsa bu sənədlər, kitablar, fotoşəkillər mənim sənədli filmimin çəkilməsində başlıca rol oynayacaq”.

O, XX əsrin əvvəllərində baş verən tarixi, siyasi proseslərə, eləcə də böyük xeyriyyəçinin həyatının müxtəlif məqamlarına güzgü tutan kadrların Almaniya arxivlərindən əldə olunmasına xeyli vaxt sərf etdiyini bildirib.

C.Qasımov söyləyib ki, ekran əsərinin gələcəkdə müxtəlif beynəlxalq festivallarda nümayişi haqqında da düşünür. Bu barədə fikrini bildirərkən qeyd edib ki, ekran əsəri vasitəsilə azərbaycanlı milyonçunun ötən əsrin əvvəllərində xalqının inkişafı naminə gördüyü çoxsaylı işləri geniş auditoriyaya çatdırmaq çox faydalıdır. Bu, gənc nəsildə vətənpərvərlik hisslərini daha da yüksəltməyə, insanların faydalı işlər görməyə hazırlanmasına hesablanmış bir addımdır.

“SSP Production” şirkətinin ekranlaşdırdığı daha bir film olan “Stalinin qaranlıq keçmişi” adlanır. Filmə Əkbər Qoşalı redaktorluq edib, mətni isə Xalq artisti Eldost Bayram oxuyub. Ekran əsərində kapitalizmin ən böyük düşməni, minlərlə insan ölümünün baiskarı kimi tanınan qəddar Stalinin ömür yoluna, xüsusilə də Bakıdakı fəaliyyətinə xüsusi yer ayrılıb. “Biz kommersiya məqsədilə yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza istehsal etmişik. Çəkdiyimiz filmlərin beynəlxalq festivallarda aldığı mükafatların hamısı ssenari mövzusunun ideyasına verilib. Düşünürəm ki, hər bir yaradıcı insan qismən də olsa, ölkəmizin təbliği işinə töhfə verməlidir”, - deyə C.Qasımov fikrini yekunlaşdırıb.

 

İqtisadiyyat, mədəniyyət, qabaqcıl texnologiya və innovasiyaları özündə birləşdirən yaradıcı və mədəniyyət sənayeləri dünyada dinamik inkişaf edir. Ədəbiyyat, dizayn, musiqi və teatr, memarlıq, moda və təsviri sənət, film, video və foto sənəti, reklam və s. kimi sahələrdən ibarət olan yaradıcı sənaye həm də biznes sahəsidir. Azərbaycanda da bu sahənin inkişafı və biznes imkanları genişdir.   

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, ölkəmizdə yaradıcı sənayenin inkişaf etdirilməsi, bu sahədə biznesin  dəstəklənməsi, yaradıcı şəxslərin və biznes subyektlərinin təşkilatlanması, müvafiq sektorda dövlət və özəl sektor arasında əlaqələrin genişləndirilməsini müzakirə etmək məqsədilə “Yaradıcı sənayelərdə çağırışlar və biznes imkanları” mövzusunda ictimai müzakirə təşkil olunub. 

Mədəniyyət Nazrliyinin, Əqli Mülkiyyət Agentliyinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi, KOBİA yanında İctimai Şuranın və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının təşkilatçılığı ilə keçirilmiş tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri və yaradıcı sənaye sahəsində fəaliyyət göstərən sahibkarlar iştirak ediblər. 

KOBİA yanında İctimai Şuranın sədri Fərhad Qaraşov tədbirin yaradıcı sənaye sahəsində biznes potensialının müzakirə olunması, bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qarşılaşdıqları çətinliklərin dinlənilməsi və dövlət-özəl əməkdaşlığının gücləndirilməsi məqsədilə təşkil olunduğunu diqqətə çatdırıb.   

Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov iqtisadiyyatın bir sahəsi olan yaradıcı sənayenin qlobal miqyasda sürətlə inkişaf edərək prioritet sektorlardan birinə çevrildiyini və bu sahəyə böyük marağın olduğunu bildirib. Qeyd olunub ki, yaradıcı sənayenin inkişafı istiqamətində nazirliyin fəaliyyəti çoxşaxəlidir. Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası ilə birgə bu sahədə yaxşı təcrübənin və sektorun problemlərinin öyrənilməsi, satış platformalarının yaradılması və digər istiqamətlərdə işlər aparılır. 

Tədbirə onlayn formatda qoşulan Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov təqdimatında Agentliyin müvafiq sahədə fəaliyyəti barədə məlumat verib, əqli mülkiyyət və kreativlik anlayışlarının sıx təmasda olduğunu, kreativ sənayenin və müəlliflik hüququna əsaslanan sahələrin ÜDM-də payının artdığını diqqətə çatdırıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov yaradıcı sənayenin dünyada sürətlə inkişaf edən sektorlardan biri kimi qlobal səviyyədə hər il orta hesabla 2 trilyon ABŞ dollarından artıq gəlir yaratdığını, 30 milyon iş yerini təmin etdiyini qeyd edib. Azərbaycanda da yaradıcı sənayenin inkişafı üçün geniş potensialın olduğunu vurğulayan KOBİA sədri kreativ sahibkarların reyestrinin formalaşdırılmasına, yaradıcı turizm istiqamətinin genişləndirilməsinə, kreativ klasterlərin yaradılmasına, kreativ şəxslərin sahibkarlıq fəaliyyətinə başlaması üçün onlara lazımi dəstəyin göstərilməsinə, sektorun ixrac potensialının artırılmasına dair təkliflər səsləndirib. 

Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının İdarə Heyətinin sədri Vasif Eyvazzadə qeyd edib ki, yaradıcı sənaye sahəsinin üç prinsipial istiqamətdə inkişaf etdirilməsi zəruridir. Bunlar hüquqi, institusional və maliyyə mexanzimlərinin təkmilləşdirilməsi istiqamətləridir. Eyni zamanda yaradıcı sənaye sahəsində hökumət, qeyri-hökumət və özəl sektor arasında inkluziv münasibətlərin qurulması bu sahənin iqtisadi məzmununun gücləndirilməsinə kömək edəcəkdir.

Tədbirdə yaradıcı sənayenin müasir biznes çağırışları, bu sahədə dövlət-özəl əməkdaşlığının inkişafı, yaradıcı şəxslərin sahibkarlıq fəaliyyəti ilə bağlı bilik və bacarıqlarının artırılması, effektiv sahəvi təşkilatlanma, sektorun problemləri və inkişafı ilə bağlı digər məsələlər müzakirə edilib, kadrların hazırlanmasına, təlimlərin təşkilinə, sektor üzrə müəyyən güzəştlərin edilməsinə, sərgilərə və reklama dəstəyin göstərilməsinə dair fikir və təkliflər səsləndirilib. Həmçinin, tədbir çərçivəsində müvafiq qurumların nümayəndələri sahibkarlıq subyektlərini maraqlandıran sualları cavablandırıblar.

Böyük Britaniyanın “Broken Pot Media” şirkətinin istehsalı olan “Oğul” sənədli araşdırma filmi 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsi zamanı itkin düşən hərbi əsir Natiq Qasımovun axtarışından bəhs edir.

Filmin rejissoru və ssenari müəllifi Karan Sinq üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb. Natiq Qasımov erməni zabitləri tərəfindən dindirilən zaman italyan müharibə fotoqrafı Enriko Sarsini də orada olub. Filmdə fotoqrafın müsahibəsi də yer alır. 30 ilə yaxın vaxt keçməsinə baxmayaraq, ana oğlunun sağ olduğuna və qayıdacağına inanır.

Filmin görüntü rejissoru Simon Stanforddur. 46 dəqiqəlik filmdə faktın bərpası üçün azərbaycanlı aktyorların ifasından da istifadə olunub.

Qeyd edək ki, filmin ilk təqdimatı 28 fevral 2022-ci il tarixində Nizami Kino Mərkəzində baş tutacaq. Təqdimatda yaradıcı heyətlə birlikdə Natiq Qasımovun ailəsi də iştirak edəcək.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.