AzTV-də yeni layihə - Azərbaycan polisinin “Bir gün”ü

Gündəm

 

 

Azərbaycan Televiziyası bu il daha bir layihəyə start verib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AzərTAC-a bildirilib ki, “Bir gün” adlı layihədə müxtəlif peşə sahiblərinin birgünlük fəaliyyəti əks olunur. Belə ki, bir sahə seçilir, o sahənin peşəkarı olan real bir şəxs verilişin qəhrəmanı olur. Çəkiliş komandası isə onun səhərdən axşama kimi birgünlük iş fəaliyyətini lentə alırlar. Beləcə, tamaşaçı seçilən peşə sahibinin bir gündə hansı işlər gördüyündən məlumatlı olur.

“Bir gün” layihəsi üzrə “Azərbaycantelefilm”in istehsalı olan ilk film kombaynda işləyən yeganə pambıqçı qadına həsr olunsa da, sonradan pandemiya, həmçinin Vətən müharibəsinin başlaması səbəbindən planda dəyişiklik edilib, layihənin silsilə şəkildə yayımlanması təxirə salınıb.

Azərbaycan polisinə həsr olunan film – “İsti izlərlə” isə artıq hazırdır. Filmdə polis zabitinin birgünlük yaşamı lentə alınıb. “İsti izlərlə”də polisin keçirilən əməliyyatlardakı peşəkar fəaliyyəti ilə yanaşı, onun həm də bir insan olaraq keçirdiyi hiss və həyəcanı da əks olunub.

Layihənin müəllifi Elçin Musaoğlu, filmin operatoru Elxan Rüstəmov, səs rejissoru Ceyhun Ağayev, prodüseri isə Fatimə Əzimovadır.

Filmlərin silsilə şəkildə davam etdirilməsi nəzərdə tutulub.

“İsti izlərlə” filmi fevralın 23-ü saat 18:30-da AzTV-də yayımlanacaq.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.