Super User
Amerika Kinoakademiyasının seçimi doğrumu idi? - “CODA: Kar valideynlərin övladı" filminin “Oskar” mükafatı qazanmasına münasibət birmənalı deyil
Xəbər verdiyimiz kimi, rejissor Şan Heyderin çəkdiyi "CODA: Kar valideynlərin övladı" “Ən yaxşı film” nominasiyası üzrə “Oskar” mükafatı qazanıb.
“Ədəbiyyat və incəsənət” portalı Kommersant.ru-ya istinadən məlumat verir ki, bu barədə 94-cü Amerika Kino Sənəti Akademiyasının mükafatlandırma mərasimində bildirilib. Mərasim “ABC” telekanalı vasitəsilə canlı yayımlanıb.
Və elə buradaca qeyd edək ki, bu filmi klassik kinostudiyalar ərsəyə gətirməyiblər, Apple TV+ striminq servisinin onlayn platformasında istehsal olunub bu film.
Tək elə bu faktın özü “CODA: Kar valideyinlərin övladı”nın dünyanın əsas kino mükafatına layiq görülməsini bir qədər gözdən salmış olur və təsadüfi deyil ki, bu fakt medianın gündəmindən düşmür.
Düzdür, süjet maraqlıdır: Komediya-dram janrında çəkilən film ailənin yeganə eşidən üzvü olan yeniyetmə qızın hekayəsindən bəhs edir. Məktəb xorunun rəhbəri qızı çətin seçim qarşısında qoyaraq onu musiqi məktəbinə getməyə razı salır.
Rejissor işi də yaxşıdır. Aktyor ifasında da bir qüsur tapmazsan.
Filmdəki rolların əksəriyyətini kar-lal aktyorlar canlandırıb. Onlardan biri - baş qəhrəmanın atası rolunu oynayan Troy Kotsur “Ən yaxşı ikinci plan aktyoru” nominasiyasında “Oskar” da alıb. Rejissor Şan Heyder özü isə eyni filmə görə “Ən yaxşı adaptasiya edilmiş ssenari” mükafatını da qazanıb.
Amma və lakin…
İndi isə baş mükafatı qazanan filmin daha bir “qəbahəti”. Sən demə o, heç də orijinal film deyil,
"CODA: Kar valideynlərin övladı" fransız filmi "Beliye ailəsi" filminin (La famille Blier, 2014) remeykidir.
Yəni, bu qədər filmin içində orijinal bir film tapılmadı ki, kürsüyə qaldırılsın?
Deyəsən Amerika kinoakademiyası başbilənləri sənət şedevrlərini seçmək işini yadırğayıblar.
Və onu da nəzərə alaq ki, bütün dünya “Oskar”ın əsas nominasiyasında Düni Vinyovun “Dyünlər” filminin qalib gələcəyini gözləyirdi.
Necə deyərlər, sən saydığını say, gör Amerika Kino Akademiyası nə sayır.
Türkiyə səhnəsinin “Uşaqlığ”ı
İstedadlı gənc dramaturq Ülviyyə Heydərovanın müəllifi olduğu "Uşaqlıq" monopyesi ilk dəfə qardaş Türkiyədə səhnələşdirilir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, quruluşçu rejissor Rasim Aşın əsərə Türkiyənin Malatya şəhərində səhnə həyatı verir. Baş rolun ifaçısı Malatya Bələdiyyə Teatrının aktrisası Hatice Görgeçdir. Əsəri Türk dilinə yazıçı Humay Yılmaz tərcümə eləyib.
27 mart Beynəlxalq Teatr Günü münasibətilə Malatyada "Uşaqlıq" əsərinin ictimai baxışı da keçirilib.
Tamaşanın premyerasının tarixi hələ müəyyənləşdirilməyib.
Günün fotosu: Əfqanıstanda qızların təhsil hüququnun qaytarılması tələbi ilə mitinq keçirilib
Günün fotosu: Əfqanıstanda qızların təhsil hüququnun qaytarılması tələbi ilə mitinq keçirilib
Əfqanıstanın paytaxtı Kabul şəhərində qızların təhsil hüququnun qaytarılması tələbi ilə qadınların mitinqi keçirilib. Belə ki, bir neçə gün əvvəl hakimiyyətə yiyələnmiş Taliban rejimi 11 yaşdan yuxarı qızlara məktəbə getməyi qadağan edib.
Malala Yusufzay - Nobel mükafatçısı olan hüquq müdafiəçisi nümayiş edən qadınları dəstəkləmişdir.
Foto: Euronews
Tanınmış azərbaycanlı yazar vəfat edib
Rza Bərahəni Torontoda (Kanada) vəfat edib. Bu barədə onun oğlanları Oqtay və Arslan Bərahəni sosial mediada məlumat veriblər.
Bəlkə də çoxları Bərahəninin yaradıcılığına bələd deyil. O, 1935-ci ildə Təbrizdə doğulub. Azərbaycan türküdür.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Rza Bərahəninin vəfatı ilə bağlı tanınmış Azərbaycan ədibi Firuz Mustafa belə söyləyib:
-Mən Rza bəylin yaradıcılığı ilə çoxdan tanışam. Təbrizdə əksər evlərdə Şəhriyarla yanaşı onun fotolarını da görmüşəm. Rza bəylə cəmi bir dəfə AYB-də görüşmüşəm. O görüş Xalq şairi Sabir Rüstəmxanlının təşəbbüsü ilə baş tutmuşdu. Amma onunla sosial şəbəkədə uzun müddət yazışmışam. Çox səmimi, doğma, duyğusal bir insan idi. Qərb ölkələri onun əsərlərini çox qiymətləndirirdi. Kanadada PEN klubun rəhbəri idi. Dünyanın bir neçə universitetində ingilis dilində mühazirələr oxuyurdu. O, nəsr əsərlərini fars dilində yazırdı. Seirlərinin bir qismini Azərbaycan türkcəsində qələmə almışdı. Vətənimizi çox sevirdi. O, çox böyük nasir idi. Bir neçə dəfə Nobel mükafatına təqdim edilmişdi. Azərbaycanın müstəqilliyini, Krım tatarlarının bağımsızlığını öz yazılarında müdafiə etmişdi.
Allah rəhmət eləsin!
Qari Çapmandan sevginin dilini öyrənəcəyik
“Qanun” nəşriyyatında Qari Çapmanın “Sevginin dili” romanı çapdan çıxıb. Məşhur Nyu-York Tayms bestselleri olan, uzaq 1992-ci ildə ilk dəfə işıq üzü görən roman, naşirin təbirincə, ailə sütunıarını möhkəmlətməyə xidmət edir. “Ərlə arvad sevginin mövcud olan 5 dilini öyrəndikdən sonra bir-birinin dərin emosional ehtiyaclarını bilmiş olacaqlar”.
Romanı Azərbaycan dilinə Sadiq Musa tərcümə edib. O, yeni kitabın çıxması sevincini sosial mediada bu cür bölüşüb:”Sayca 7-ci tərcümə kitabım işıq üzü gördü və beləcə, sevginin daha beş dilini öyrənmiş oldum. Artıq sevgi məsələləri bəndənizdən sorulur.”
Kinoda ilin ən pisləri müəyyənləşdirildi
İlin ən pis filmi, rejissoru və aktyorlarının seçildiyi “Qızıl moruq” mükafatının builki sahibləri bəlli olub.
«Ədəbiyyat və incəsənət” portalı Lenta.ru-ya istinadən xəbər verir ki, qalib adına 10 nominasiya üzrə namizəd olan “Diana: The Musical” filmi beş kateqoriyada, o cümlədən əsas – “İlin ən pis filmi” kateqoriyasında mükafata layiq görülüb. Təqdimat zamanı Şahzadə Diananın həyatından bəhs edən filmin 2020-ci ildə bu nominasiya üzrə birinci olan “Cats” adlı ekran işindən də pis olduğu bildirilib.
“Netflix” tərəfindən ekranlaşdırılan filmin ilk sırada yer aldığı digər nominasiyalar isə “Ən pis rejissor” (Kristofer Eşli), “Ən pis ssenari” (David Bryan və Joe DiPietro), “Ən pis aktrisa” (Janna de Vaal) və “Ən pis ikinci plan aktrisası” (Cudi Key) olub.
Bundan başqa, “Space Jam: The New Generation” filmi də “Ən pis remeyk”, “Ən pis ardıcıllıq” nominasiyalarının qalibi olub. "Warner Bros" kinokompaniyası tərəfindən lentə alınan ekran işində baş rolu canlandıran basketbolçu LeBron Ceyms isə "Ən pis aktyor" adına layiq görülüb.
Aktyor Cared Leto “The House of Gucci” filmindəki roluna görə “İkinci planda ən pis aktyor” seçilib.
“Qızıl moruq” 1981-ci ildən ən pis filmlərə və aktyorlara verilir. Ənənəyə uyğun olaraq pislərin adları “Oskar” qaliblərinin adlarının açıqlanmasına bir gün qalmış elan olunur.
Şəkildə: “Diana: The Musical” filmindən kadr
Pampersli vəzifə əhlimiz, Fortepiano günü və Putinin gəlişi
28 - 29 martın təqvimi Varisin təqdimatında
Çöplə yemək günü
Hər vaxtınız xeyir olsun!
Əvvəllər təkcə hamının tanıdığı dondurma, bir də uşaqların sevə-sevə yediyi şirin xoruz çöp üzərində olardı, indi çöp üzərində kabab, kartof qızartması və digər ərzaqlara rast gəlinir. Get-gedə bu sahə zənginləşir. Təqvimə də ayrıca bir bayram salıblar. Ağa deyir sür dərəyə, sürək də. Haydı, çöp üzərində bir şey tapıb yeməyə!
Pişiyə nəvaziş günü
Əslində, bizim insanlar pişiklərə olmazın nəvaziş göstərirlər, əllərində yemək evdən çıxıb pişik yemləməyə gedən adamlar da az deyil. Amma bu gün Pişiyə nəvaziş günüdürsə, gərək hamı, hətta pişiklərdən zəndeyi-zəhləsi gedənlər də pişiklərə nəvaziş göstərsinlər. Qarşınıza çıxan qara pişiyə belə acıqlanmağa ixtiyarınız yoxdur bu gün, biləsiniz.
Azərbaycan Milli Təhlükəsizlik Orqanı əməkdaşlarının peşə bayramı
1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti qurulduqdan sonra 1919-cu il martın 28-də Azərbaycanda ilk milli təhlükəsizlik orqanı yaradıldı. Lakin azadlıq çox çəkmədi və 1920-ci ildə rus-bolşevik ordusu tərəfindən Azərbaycan yenidən işğal edildi. Azərbaycanda SSRİ DTK-sı şöbəsi yaradıldı. Sovet İttifaqı süquta uğrayandan sonra 1991-ci il noyabrın 1-də Milli Təhlükəsizlik Nazirliyi yarandı. Hazırda bu idarə Dövlət Təhlükəsizliyi Xidməti adı altında fəaliyyət göstərir.
Peşə bayramının məhz 28 martda keçirilməsi də məhz Cumhuriyyət dönəmində yaradılmış milli təhlükəsizlik orqanının yaranması tarixi ilə bağlıdır. Prezident Heydər Əliyevin 1997-ci il 23 mart tarixli fərmanı ilə 28 mart – Milli təhlükəsizlik orqanları işçilərinin peşə bayramı günü elan olunub.
Peşə bayramınız mübarək, Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları!
Alyaskada Syuard günü
Adətən mətbəx bayramı qeyd edən amerikalılarda bu gün şərəfli bir bayram da qeyd edilir. Alyaskanın ruslardan alınmasının ildönümü bayramıdır bu. Amma amerikalılar adətlərinə xilaf çıxmadan bu gün mətbəxə aid bayrama da sevinəcəklər. Onlarda bu gün həm də “Qara meşə” adlanan tort günüdür. Bəs niyə qara meşə? Bu, Schwarzwalder Kirschorte adlı məşhur alman desertinin ingiliscə tərcüməsidir, Black Forest Cake.
Deyilənə görə, çox dadlı olur.
Balkar xalqının dirçəlişi günü
Şimalı Qafqazdakı öz tarixi vətənlərindən qovulan türkdilli balkar xalqı 1957-ci ilin bu günündə SSRİ Ali Sovetinin qərarı ilə vətənlərinə qaytarılıblar, orada paytaxtı Nalçik olan Kabardin-Balkar muxtar Respublikası yaradılıb. Balkarlar bu günü böyük təntənə ilə qeyd edirlər.
Yaponlardan tibetlilərəcən
Bu gün Yaponiyada çay mərasimi günü qeyd olunacaq. Yaponlar hamılıqla çay süfrəsi arxasında əyləşəcəklər. Tibetlilər Çinin qul əsarətindən azadolunma günlərinə sevinəcəklər. Çexlər və slovaklar müəllim, serblər konstitusiya gününü qeyd edəcəklər.
Konstantinapolun İstanbula çevrilməsi
2008-ci ilin bu günündə əzabkeş Ukraynada Vikipediya məqalələrinin 100000 həddinə çatması qeydə alınıb. 1970-ci ilin bu günündə Sovet avtomobil sənayesi “Jiqulu” avtomobillərinin istehsalına başlayıb. Yerli bazar üçün VAZ-2101,02, 03 və 06, xarici bazar üçünsə Lada-1200, 1300, 1500 və 1600 növləri buraxılıb. 1930-cu ilin bu günündə Türkiyədə yunan adlı Konstantinopol və Anqora şəhər adlarını İstanbul və Ankaraya dəyişiblər.
Ledi Qaqanı sevənlərin menyüsünə
1986-cı ilin 28 martında hazırda dünyanın ən şöhrətli müğənnilərindən biri olan, amerikalı Ledi Qaqa dünyaya gəlib, qaqasevərlər instaqramdan təbrik edə bilərlər onu. 1974-cü ilin bu günündə Azərbaycanın ilk reperi, mərhum Anar Nağılbaz, 1964-cü ilin bu günündəsə eks vergilər naziri Fazil Məmmədov dünyaya gəliblər. Nazir ikən ad günündə onu təbrik etmək üçün uzun növbələr yaradan, təzim edə-edə bahalı hədiyyələr təqdim edənlərdən bircəciyi onu təbrik edəcəkmi görəsən?
1928-ci ilin 28 martında dünya siyasətinin ən ünlü isimlərindən biri, siyasi idarəetmə elminin atası, polyak mənşəli ABŞ politoloqu Zbiqnev Bzejinski, 1924-cü ilin 28 martında Azərbaycan mədəniyyətinin tanınmış nümayəndəsi, şuşalı şair, bir müddət mədəniyyət nazirinin müavini olmuş Teymur Elçin doğulublar.
1897-ci ildə pampersi kəşf edən Amerika mühəndisi Viktor Millz döğulub. Düz 100 il yaşayan bu şəxs pampersi uşaqlar üşün nəzərdə tuturdu. O vaxt onun ağlına belə gəlməzdi ki, vaxt gələcək, vəzifədən getmək istəməyən qosqoca və tam xəstə insanlar da kresloda duruş gətirmək üçün pampers taxacaqlar.
1895-ci ilin bu günündə görkəmli Azərbaycan ədəbiyyatşünası Əziz Şərif doğulub. Maksim Qorki adı kimə tanış deyil ki. Bu gün həm də məşhur rus sovet yazıçısının ad günüdür.154 illiyidir.
1709-cu ildə Aleksey Razumovskiy – ukraynalı feldmarşal dünyaya gəlib. O, Çar sarayında Ukraynanın maraqlarını lobbiləşdirən ən məşhur şəxsiyyət olub.
Şaqal, Eyzenhauer və Qroznı
Bu gün dünyadan köçənlərə gəlincə, 1985-ci ildə yəhudi əsilli fransız rəssamı, böyük impressionist Mark Şaqal, 1969-cu ildə ABŞ-ın 34-cü prezidenti, döyüş sərkərdəsi, “Ayk” ləqəbli qorxubilməz Duayt Eyzenhauer, 1943-cü ildə məşhur rus bəstəkarı və pianoçusu Sergey Raxmaninov, 1941-ci ildə ədəbiyyatda modernizm cərəyanının banisi, ingilis yazıçısı Vircinya Vulf vəfat ediblər. 28 mart həm də tarixin ən qəddar insanlarından biri, öz doğma övladına belə rəhm etməyən ilk rus çarı İvan Qroznının vəfatı günüdür. Həmin xoş tarix 1854-cü ilə təsadüf edir.
29 mart
Ümumdünya fortepiano günü
Musiqi xadimi Nils Framın təşəbbüsü ilə ilin 88-ci günündə bütün dünya bu sirli-sehirli, ecazkar çalğı alətinin gününü bayram edir. Niyə 88? Çünki fortepianonun məhz 88 dili var.
Fortepiano tapa bilməsəm də mən şəxsən bu gün pianoda ifa edərək bu özəl günü özlüyümdə qeyd edəcəyəm. Sizə də məsləhətdir.
Tüstü və güzgü bayramı
Qəribə bayramdır, elə? Əslində, günün sadə adı ilyuzionist, yəni gözbağlayıcı günüdür. Bu maraqlı sahədə çalışanların da öz peşə bayramları var imiş.
Bir dəfə bulvarda bir səhnənin şahidi olmuşdum. Bir gözbağlayıcı bir nəfərdən bir manatlıq alıb manatlığı ovcunda saxladıqdan sonra ona əvəzində iki dənə manatlıq qaytarmışdı. Xoşbəxt olan şəxs bu dəfə ona yüzlük vermişdi. Ovucdan iki yüzlüyün çıxacağını gözləyən biçarə ordan ümumən pul çıxmadığını görəndə gözbağlayıcının üzərinə yerimişdi. O da demişdi ki, bayaq alındı, indi alınmadı, neynəmək olar?
Necə deyərlər, artıq tamah baş yarar.
Niaqara şəlaləsi quruyan gün
Aətən saniyədə 3160 tonn su keçən Niaqara şəlaləsi 1848-ci ilin 29 martında buzlaqlar səbəbindən qurumuş, şəlalə funksiyasını itirmişdi. İnsanlar dəhşətə gəlmiş, bunu Allahdan gələn bəla hesab etmişdilər. Sonrakı günlər su tədricən axmağa başlamışdısa da insanların suyun yenidən quruya biləcəyi qorxu-hürküsü bitməmişdi. O vaxtdan da bu gün, bir növ, “faciə qaşla göz arasındadır” anlamında qeyd edilməkdədir.
Amerika trilogiyası
Dünyanın lider dövlətində bu gün 3 bayram bir-birinə qarışacaq. Vyetnam müharibəsi veteranları günü. Kiçik biznes sahiblərinin bayramı. Və təbii ki, bir də qida bayramı – milli şifon biskviti günü.
Qolodomor, Cola-nın ad günü, Bethovenin səhnəyə ilk gəlişi
1999-cu ilin 29 martını bu gün – Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə fonunda hamı təəssüflə xatırlamalıdır. Çünki həmin gün Rusiya prezidenti Boris Yeltsin Rusiyanın Təhlükəsizlik Şurasına heç kəsin tanımadığı Vladimir Putin adlı bir şəxsi sədr gətirdi, ilin sonunda da çox yorulduğunu bəyan edib onu öz yerinə prezident təyin elədi.
Sovet dönəmləri filmlərini xatırlayırsınızmı, onlardan biri – Vladimir Vısotskinin çəkildiyi “Görüş yerini dəyişmək olmaz” çox populyar idi. Odessa kinostudiyasının çəkdiyi həmin filmin premyerası 1979-cu ilin bu günündə baş tutmuşdu.
Sovet xalqından gizlədilən gerçəklikləri 1933-cü ildə uelsli jurnalist Qaret Jons üzə çıxararaq dünyaya bəyan etmişdi. O, ukrainlərə qarşı həyata keçirilən dəhşətli qolodomordan, insanların aclıqdan qırılmasından bəhs etmişdi.
1910-cu ilin bu günündə Marseldə tarixdə ilk dəfə səmaya hidroplan qaldırılıb, pilotu Albert Fabr olub. Kolasevərlər, məlumunuz olsun ki, bu gün sevimli içkinizin 136 yaşı tamam olur. 1886-cı ilin bu günündə Atlantada Con Pemberton hazırkı Coca Cola-ya “müalicəvi içki” adı altında patent alıb. 1847-ci ilin bu günündən Lev Tolstoy gündəlik tutmağa başlayıb. 1795-ci ildə isə dahi alman bəstəkarı Lüdviq van Bethoven Vyanada ilk konsertini verib.
Tanınmış mədəniyyət xadiminin doğum günü
Bu gün tanınmış aktyor, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədri Gəray Əlibəyovun doğum günüdür. Gəray Ayaz oğlu Əlibəyov 1955-ci ildə Füzulu rayonunun Dədəli kəndində dünyaya göz açıb. Səkkizilliyi həmin kənddə, orta məktəbi Füzuli rayonu B.Sərdarov adına məktəbdə bitirib. 1973-1977-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstutunda təhsil alaraq Gəray Əlibəyov bütün həyatını teatra və kinoya həsr edib. O, Sumqayıt Dövlət Teatrında aktyor, şəhərin “Veteran” klubunda direktor, Bakıdakı “Araz” kinoteatrında direktor müavini və direktor, "Sinema" kiçik dövlət müəssisəsində direktor, Mədəni İnkişaf Mərkəzi İctimai Birliyinin sədri, ULUS FİLM prodüsser mərkəzinin direktoru vəzifələrində çalışıb.
Gəray Əlibəyov “Tütək səsi”, “Sevinc buxtası”, “Gözlə məni” və “Qanlı zəmi” kimi populyar filmlərdə yaddaqalan obrazlar yaratmışdır.
O, Azərbaycan kinematoqrafiyasının nailiyyətlərindən hesab olunan "Cavad xan” filminin təbliğatına və yayımına rəhbərlik edərək Moskva, Tehran, Budapeşt, Varşava, Kiyev və Nyu-York şəhərlərində təqdimatının keçirilməsinə nail olmuşdur.
2005 -ci il tarixdən 565 №-li Şəhadətnamə ilə Azərbaycan Respublikası Əsilzadələr Məclisinin üzvüdür.
2021-ci il iyul ayından Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya sədrlik edən Gəray Əlibəyov ölkənin mədəni həyatında canlanma yaratmağa nail olaraq bir çox layihələrin həyata keçməsini təmin etmişdir. Bakıda keçirilən xalq teatrlarının festivalı, Sumqayıtda keçirilən Mədəniyyət forumu və digərləri dediyimizə əyani sübutdur.
Gəray Əlibəyovu doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona mədəniyyətimizin çiçəklənməsi yolunda yeni-yeni uğurlu layihələrə imza atmağı arzulayırıq.
Elşən Xəzər və Qovoruxin
Meyxanasevərlər bu gün Elşən Xəzəri təbrik etməyə tələsəcəklər, istedadlı meyxanaçı ömrünün 49-cu baharına qədəm qoyacaq.
1936-cı ilin 29 martında tanınmış rus-sovet kinorejissoru Stanislav Qovoruxin, 1873-cü ilin 29 martında isə Güney Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, satirik şair Mirzə Əli Möcüz dünyaya gəliblər.
Çalındı suri-israfil və bidar oldu hər millət,
Ayılmır xabi-qəflətdən hələ bu bixəbər millət.
Yüz il öncə Mirzə Əli Möcüzün söylədikləri görün necə indimizdə də aktuallığını qoruyub saxlayır.
Allah amanında!
Hacı Nərimanoğlunun “Qardaşlığın Zəfəri” kitabı çapdan çıxıb
Tarix üzrə fəlsəfə doktoru, yazıçı publisist Hacı Nərimanoğlunun “Qardaşlığın Zəfəri” kitabı nəşr olunub.
Türkiyə Prezident Administrasiyasının təhlükəsizlik və xarici siyasət komissiyasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri professor Aygün Attarın “İki liderin, iki dövlətin bənzərsiz qardaşlığı” adlı “Ön sözü” və qardaş ölkənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıçın məsləhətçiliyi ilə çıxan kitab 44 günlük Vətən müharibəsində xalqımıza qələbə sevinci, şərəf, qürur yaşadan ordumuza, şəhid və qazilərimizə, bu möhtəşəm Zəfərin qazanılmasında, tarixi ədalətin bərpasında müstəsna xidmətləri olmuş Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətlərinə həsr edilib.
Kitabda Vətən müharibəsində müzəffər Ordumuzun misilsiz qəhrəmanlığı sayəsində işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri, mənfur düşmənin murdar ayaq izlərinin itirilməsi, məhv edilmiş mülki, sosial obyekt və infrastrukturun yenidən dirçəlişinə Türkiyənin dəstəyi, dövlətlərimizin başçılarının və xanımlarının Qarabağ və Şərqi Zəngəzur regionuna səfərləri, tarixi Şuşa Bəyannaməsinin siyasi, hərbi, ictimai-mənəvi əhəmiyyəti sənədlər, fotoinformasiya materialları, analitik təhlillərlə qeyd olunub. Müəllifin eyni soy-kökə, dil və dinə mənsub iki ölkənin, xalqın tarixin müxtəlif dövrlərində sınaqdan çıxmış qardaşlığına dair elmi-publisistik araşdırmaları, Vətən müharibəsinin ilk günündən başlayaraq yazdığı, KİV-də yayılan hərbi-vətənpərvərlik motivli məqalələrinin bir hissəsi də kitaba daxil edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyinin həyata keçirdiyi “Şərqi Zəngəzura qayıdışa mənəvi dəstək” layihəsi çərçivəsində rəngli formatda çapdan çıxan kitabın nüsxələri işğaldan azad edilmiş rayonlar başda olmaqla, respublikamızın təhsil, mədəniyyət obyektlərinə, kitabxanalara, yerli icra strukturlarına, iki ölkənin QHT-lərinə və KİV-inə paylanıb.
Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turunun müsabiqə mərhələsi davam edir
Mart ayının 20-i yenicə yola çıxmış Beynəlxalq Silkway ədəbiyyat festivalının (Silkway International Literary Festival) Azərbaycan turunun müsabiqə mərhələsinə start verilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, festival ədəbiyyatımızın həm ölkə daxilində, həm beynəlxalq miqyasda təbliğinə yönəlib, gənc yazarların yaradıcılığına dəstək məqsədi güdür.
Silkway International Writers Union təsisatının təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın, Dünya Gənc Türk Yazarlar Birliyinin, “Şahdağ Quba Truskavets” Sanatoriyasının təşkilati dəstəyi, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə keçirilən festivalın devizi belədir: Sonda ədəbiyyat qalib gələcək!
Beynəlxalq Silkway ədəbiyyat festivalının Azərbaycan turu 2 mərhələdən ibarət olacaq.
1-ci mərhələ:
Martin 20-dən aprelin 20-dək yaşı 35-dək olan gənc yazıçı və şairlər
Müsabiqə mərhələsinə qatıla biləcəklər. Bu mərhələdə iştirakçılar 12-lik Times New Roman qarniturunda, poeziyada maksimum 4 şeir, nəsrdə maksimum 7500 işarə həcmində yazılarını, özləri haqda qısa məlumatı və əlaqə nömrələrini This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına yollamalıdırlar. Kriteriyalara cavab verən, yüksək ədəbi zövq aşılayan 30 ən dəyərli işin müəllifi gizli ekspertlər
tərəfindən müəyyənləşəcək və final mərhələsinə adlayacaq.
2-ci mərhələ:
Aprelin 30-da 30 nəfər iştirakçı, eləcə də görkəmli ədəbiyyat və incəsənət xadimlərindən ibarət münsiflər heyəti səfalı Quba bölgəsinə səfər edərək üç gün iki gecə beşulduzlu “Şahdağ” otelində yaşayacaq, final mərhələsinə qatılacaqlar (bütün xərcləri təşkilatçı tərəf qarşılayır).
Final mərhələsində iştirakçılar öz əsərlərini özləri səsləndirməklə münsiflərdən 10 ballıq qiymətləndirmə yolu ilə qiymət alacaqlar.
Ayrıca, xalq yazıçılarının və xalq şairlərinin ustad dərsləri, Quba bölgəsinin yazarları ilə tanışlıq, bölgənin görməli yerlərinə ekskursiyalar da təşkil olunacaq.
Qala gecə:
Musiqi ilə, təbrik nitqləri ilə, zəngin banket süfrəsi ilə müşayiət olunacaq Qala gecədə bütün iştirakçılar “festivalın finalçısı” Fəxri Diplomları ilə, 3 ən yüksək bal toplayan iştirakçı isə 1-ci, 2-ci və 3-cü yerləri tutmaqla qiymətli hədiyyə və Sertifikatlarla mükafatlandırılacaqlar.
Daha bir iştirakçı-qalib isə 30 iştirakçının səsverməsi nəticəsində müəyyənləşəcək.
Festivalın qalibinin kitabının nəşri, piarı, beynəlxalq miqyasda tanıdılması, eləcə də finalçıların əsərlərindən ibarət antologiyanın dərci də nəzərdə tutulur.
Festivalın Təşkilat Komitəsi gənc yazarları müsabiqəyə qatılmağa, öz güclərini sınamağa dəvət edir.
“Şuşa İli” çərçivəsində Niderlandda konsert olub
Haaqada Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və “Odlar Yurdu” Niderland-Azərbaycan Assosiasiyasının təşkilatçılığı ilə “Şuşa İli”nə həsr edilmiş konsert olub.
AzərTAC xəbər verir ki, əvvəlcə Vətən müharibəsində canlarını qurban vermiş igid Azərbaycan oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Prezident İlham Əliyevin Sərəncamı ilə 2022-ci ilin “Şuşa İli” elan edildiyi və bu şəhərin ölkəmizin mədəniyyət paytaxtı olduğu bildirilib. Sonra Şuşa haqqında film nümayiş etdirilib və şəhərin tarixi barədə məlumat verilib.
“Odlar Yurdu” Cəmiyyətinin sədri Firəngiz Bağırova bildirib ki, Qarabağ bölgəsi, Şuşa şəhəri hər bir azərbaycanlı üçün müqəddəs yerdir. Konsertin məqsədi dinləyiciləri virtual olaraq Şuşa ilə tanış etməkdir.
Tədbirdə ümummilli lider Heydər Əliyevin “Şuşa Qarabağın incisidir və Şuşasız Azərbaycanı təsəvvür etmək mümkün deyil” fikri səsləndirilib.
Sonra Cavid Səlimov (tar), Elcan Rzayev (piano-vokal), Firəngiz Bağırova (vokal), Azərbaycanın Əməkdar artisti, kamança ustası Xəyyam Məmmədov, Vyana Konservatoriyasının tələbəsi, gənc pianoçu Ayan Məmmədli və Almaniyadan gələn xanəndə Vüsalə Cabir dünya və Azərbaycan bəstəkarlarının əsərlərini, eləcə də xalq mahnıları ifa ediblər.
Konsertin dinləyiciləri arasında Azərbaycanın Niderlanddakı səfirliyinin, eləcə də bu ölkədə akkreditə olunan diplomatik korpusun təmsilçiləri, Beynəlxalq Cinayət Məhkəməsinin əməkdaşları, Azərbaycan diasporunun üzvləri, yerli ictimaiyyətin nümayəndələri olublar.