Super User

Super User

 

Xalq rəssamı Əşrəf Heybətovun “Muğam aləmi” sərgisinə sözardı

 

“Yaxşı rəsm musiqidir, melodiyadır” deyib dünya şöhrətli italyan rəssamı Mikelancelo. Beynəlxalq Muğam Mərkəzində (BMM) sentyabrın 28-də açılışı keçirilən Xalq rəssamı Əşrəf Heybətovun “Muğam aləmi” adlı fərdi sərgisi də musiqi ilə rəssamlığın bir-birinə çox yaxın olduğuna əyani sübut idi.

BMM-in direktoru, Xalq artisti Murad Hüseynovun rəssamın yaradıcılığında milli üslubdan söz açması, muğama olan sonsuz sevgidən yaranan bu əsərlərin muğam ifaçılarının ən dərin meditasiyadan tutmuş, ən yüksək emosional yüksəlişə qədər olan həssas-ekspressiv hallarının dinamikasını simvolizə etməsini açıqlaması lap yerinə düşdü. 

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayevanın sərgi münasibətilə rəssamı təbrik etməsi, Xalq rəssamının Şuşa, Qarabağ, ümumən Vətən mövzusuna özünəxas münasibətin əsərlərində hər zaman ön planda olmasını qeyd etməsi də öz yerində.

Əşrəf Heybətovun xeyir və şər mövzusunun, milli-mənəvi dəyərlərimizin ehtiva olunduğu elementlərin çoxluq təşkil etdiyi əsərləri sənətsevərlərə yaxşı tanışdır. Rəssamın əsərləri bu ilin aprelində Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının Zəfər Qurultayında da sərgilənmişdi.  Əşrəf Heybətovun işlərinin əsas mövzusu Azərbaycandır, xalqımızdır. Onun yaradıcılığında xalqımızın tarixi, mədəniyyəti və folkloru önəmli yer tutur.

Azərbaycan Milli Konservatoriyasının (AMK) elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova rəssamın əsərlərinin  bir çox ölkələrin, eləcə də BMT, UNESCO, NATO kimi beynəlxalq təşkilatların sərgi zallarında nümayiş etdirildiyinə diqqət çəkir, qeyd edir ki, rəssam öz sənəti, yaşam fəlsəfəsi ilə Azərbaycan mədəniyyətini dünyada layiqincə tanıdır. 

Lalə Hüseynovanın fikrincə, “Muğam aləmi” sərgisinin səciyyəvi cəhəti rəssamın lirik məqamları emosional intensivliklə birləşdirə bilməsi, rənglər palitrası vasitəsilə çatdırmasıdır. Bu əsərlərdə rənglərin səs ştrixləri rolunu öz üzərinə götürməsi diqqət çəkir.

Filologiya üzrə fəlsəfə doktoru, AMK-nın dosenti Fəxrəddin Salim isə burda rənglərin improvizasiyasının mükəmməlliyinə diqqət çəkir. 

İndiyədək bir çox ölkələrdə fərdi sərgiləri təşkil edilən Əşrəf Heybətov Azərbaycan Rəssamlar İttifaqı, Rusiya Rəssamlıq Akademiyası, Qərbi Avropa Elm və Mədəniyyət Akademiyasının üzvüdür.

“Muğam aləmi” sərgisində rəssamın 25 əsəri nümayiş olunub. Bu əsərlərdə sənətkar xarakterik təsviri üslubda muğamların ifasını səciyyələndirən xüsusi texnikadan, bədii temperamentdən, mənəviyyatdan bəhs edib. Parlaq rəngarəng vurğular tamaşaçını melodik pafosun dərinliyinə və nüfuzuna kökləyirdi. Bədii kətanlara baxarkən onlarda nəyin “səsləndiyini” tanımağa çalışırdın: “Bayatı” və ya “Dilruba”, “Şur” və ya “Humayun”...

“Muğam aləmi” sərgisi ənənəvi Azərbaycan musiqisinin tərənnümüydü. Rəssam doğma yurdunun mədəniyyətindən ilham alaraq tamaşaçıları yenidən öz mədəni irsinə, tarixi köklərinə cəlb edirdi. 

Əşrəf Heybətovun “Muğam aləmi” fərdi sərgisi oktyabrın 1-də yekunlaşdı. 

 

L.Azəri

Cari ilin 5-7 oktyabr tarixində İndoneziya Respublikasının Turizm və Yaradıcı İqtisadiyyat Nazirliyi tərəfindən Bali adasında “İnklüziv yaradıcılıq: Qlobal bərpa” mövzusunda Yaradıcı İqtisadiyyat üzrə III Ümumdünya Konfransı keçirilir. 

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, konfransda yaradıcı sənayelərin iqtisadiyyatda rolunun artırılması, o cümlədən sahəvi inkişaf proseslərinin təmin olunması ilə bağlı müzakirələr aparılır.

 

Cari ilin 6 oktyabr tarixində keçirilən konfransın Nazirlər sessiyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyev onlayn formada iştirak etmişdir. Qeyd olunan sessiyada ilk öncə İndoneziyanın Turizm və Yaradıcı İqtisadiyyat naziri, eləcə də Xarici İşlər naziri tərəfindən açılış çıxışları edilmişdir. Daha sonra Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) tərəfindən hazırlanan qlobal hesabat təqdim olunmuşdur.

 

Sessiyanın sonunda ölkələri təmsil edən çıxışçılara söz verilmişdir. Bu hissədə çıxış edən Elnur Əliyev ölkəmizdə Mədəniyyət və Yaradıcı Sənayelər sahəsində baş verən son proseslər, Nazirliyin bu istiqamətdə yanaşması, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, eləcə də işğaldan azad edilmiş ərazilərə yaşayış və mədəniyyətin qayıdışından bəhs etmişdir.

 

Sonda isə “Bali baxışı: Yaradıcı İqisadiyyat üçün Yol Xəritəsi” başlıqlı sənəd layihəsi nəzərdən keçirilərək qəbul olunmuşdur.

 

Oktyabrın 6-da Şəki rayonu Mədəniyyət Mərkəzində tarixi romanlar yazarı, publisist Yunus Oğuz ilə görüş keçirilib.


“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunmuş, 44 günlük Vətən müharibəsinin keçdiyi yol, Vətən müharibəsindən sonrakı nailiyyətlər və mədəniyyət paytaxtımız Şuşa şəhərinin tarixindən bəhs edilən tarixi romanın - "Cığır"ın müzakirə olunduğu tədbirdə 2 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Tərlan Məmmədov, Azərbaycan Silahlı Qüvvələrinin ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə və ölkəmizin haqq işinə dəstək məqsədi ilə öz təqaüdündən cəbhəyə dəstək göndərən Şəki şəhər sakini Hikmət Musayev qonaq qismində iştirak ediblər.
Tədbirin aparıcısı Şəki Mərkəzi kitabxanasının oxuculara xidmət şöbəsinin bölmə müdiri Dilbər Yaqubova Yunus Oğuzun həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verdikdən sonra qonaqlar "Cığır" romanı haqqında fikirlərini səsləndiriblər.
Tədbirin sonunda tədbir iştirakçılarına "Cığır" romanı hədiyyə edilib və xatirə şəkli çəkilib.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Bakı Ekspo mərkəzində təşkil olunan Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində mərkəzi “Natəvan” guşəsində yazıçı Varislə görüş və imza saatı keçirilib .

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, görüş zamanı Varis ölkəmizdə bu cür kitab sərgilərinin keçirilməsinin böyük önəm kəsb etdiyini vurğulayıb, Mədəniyyət Nazirliyinin yüksək təşkilatçılıq qabiliyyətinə önəm verib. O, yazdığı əsərlərindən, onların yaranma səbəbindən, kitabının qəhrəmanlarından və onları oxucuya sevdirən səbəblərdən, habelə səsli kitabların gündəmimizə necə sürətlə daxil olmalarından danışıb. 

Tədbirin aparıcısı yazıçıya xarici ölkələrdə bestseller sırasına düşən kitabları, ədəbiyyata necə gəlməsi, mütaliəsi ilə bağlı suallar ünvanlayıb. Eyni zamanda çoxsaylı izləyicilər yazıçıdan onları maraqlandıran qəhrəmanların taleləri ilə bağlı bilgilər alıblar.

Görüşdə daha çox sual isə yazıçının dövlət sifarişi ilə çap olunan, Heydər Əliyev Fondunun “Xocalıya ədalət” kampaniyası çərçivəsində təbliğ olunan “Qırmızı ləçəklər” kitabı ilə bağlı olub. 

Sonda yazıçı oxucular üçün kitablarını imzalayıb. 

Görüşdən sonra yazıçı “Audiokitab” stendini ziyarət edərək orada toplaşmış oxucuları ilə də görüşüb, onlarla ünsiyyət qurub. Sərgini ziyarət edən gözdən əlil oxucuların “Son məktub” romanının pdf variantını axtarmaları müqabilində onlara kömək edəcəyinə də söz verib. O deyib: “Bu həssas əhali təbəqəsinin  kitab sevgisini yaşatmağa borcluyuq”.

“Audiokitab” əməkdaşları arasında bu brend altında işıq üzü görmüş “Sonuncu ölən ümidlərdir” və “Bir ovuc torpaq” romanlarını səsləndirənlərlə fikir mübadiləsi aparılıb. Yazıçıya tezliklə onun “Metamorfoz” kitabının audio versiyasının da təqdim ediləcəyi barədə məlumat çatdırılıb. 

Özbəkistandan sərgiyə təşrif buyurmuş tanınmış naşir Xasiyyat Rustamova ilə fikir mübadiləsi aparılarkən Varisin Özbəkistanda çap edilmiş və ötən il ən çox satılan kitablar arasında Rəşad Nuri Güntəkinin “Yaşıl gecə” romanından sonra ikinci yerdə qərarlaşmış “Sənə inanıram” romanından söz açılıb. 

 

Həmin gün Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində mərkəzi “Natəvan” guşəsində yazıçı Varislə görüşdən əvvəl və sonra xalq yazıçısı Çingiz Abdullayevlə və Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilə də izdihamlı və maraqlı görüşlər keçirilib. 

 

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “İrəvan necə varsa: keçmişdən bu günə” kitabı çapdan çıxıb. VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində kitabın təqdimatı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov kitabın tarixi əhəmiyyətindən danışıb. Bildirdi ki, dövlətimiz tərəfindən qədim Azərbaycan torpağı olan İrəvandakı mədəni irsimizin öyrənilməsinə və təbliğinə böyük önəm verilir: “İrəvanda Azərbaycan mədəniyyətinə, tarixinə aid çoxlu izlər, əsərlər var ki, geniş ictimaiyyətə təqdim edilməlidir. Eyni zamanda beynəlxalq səviyyədə biz bunu təbliğ etməliyik. Əsrlər boyu İrəvan torpağında olan mədəni irsimizin dağıdılması, onun saxtalaşdırılması kimi faktlar ictimaiyyətə beynəlxalq səviyyədə təqdim olunmur. Ona görə də İrəvanda, Zəngəzurda olan mədəni irsimizi tədqiq edərək ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Bu sahədə alimlərimizin üzərinə çox önəmli iş düşür. Bu kitabın ərsəyə gəlməsində də məhz o yanaşma sezilir”.

Anar Kərimov qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən qonşu ölkələrin arxivlərində araşdırmalar aparılacaq: "Türkiyə, İran, Rusiya və Gürcüstanın arxivlərində araşdırmalara başlayacağıq ki, belə elmi mənbələr, bu sahədə olan kitablarımız daha da çoxalsın. Belə layihələrimiz çox olmalıdır. “İrəvan necə varsa: keçmişdən bu günə” bu layihə üzrə nəşr olunan ilk kitabdır. Növbəti mərhələdə bu kitabın xarici dillərə tərcümə edilməsi də planlaşdırılır. Beynəlxalq ictimaiyyət bilməlidir ki, indiki Ermənistan ərazisi olan İrəvan tarixi Azərbaycan torpağıdır. Onun da əyani sübutları məhz İrəvanda olan tarixi irsimizdir”.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan tarixşünaslığında İrəvan məsələsi daha çox Ermənistan mövzusunun tərkib hissəsi kimi öyrənilib: “Kitabın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, burada İrəvan qalası haqqındakı rəvayətlərdən tutmuş, İrəvan şəhərinin salınmasından başlayaraq günümüzə qədər ki dövrü, onun ətrafında olan məsələlər zəngin arxiv sənədləri, ilkin mənbələr əsasında ictimaiyyətə təqdim edilir. İrəvan şəhərini XIX əsrin ortalarına qədər idarə edənlərin hamısı azərbaycanlılardır. Bu və ya digər faktlar bir daha onu göstərir ki, İrəvan birmənalı şəkildə Azərbaycan şəhəri olub. Kitabda tədqiq edilən bütün problemlər Qərbi Azərbaycan tarixi və həmin bölgə üzrə həyatın bütün sahələrinə dair materiallar kontekstində nəzərdən keçirilib. Bu da kitabın əhəmiyyətini daha da artıraraq, onu bu sahə üzrə unikal mənbəyə çevirib”.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov bildirib ki, kitabda ilk dəfə olaraq Azərbaycanın tarixi İrəvan şəhəri kompleks şəkildə tədqiq olunub: “Kitaba baxanda onun üzərindəki rəng diqqəti cəlb edir. Bu rəng təsadüfi seçilməyib, İrəvan xanlığının bayrağından gələn bir rəngdir. Həmin rəngin fonunda Azərbaycan mədəni irsinin bir nümunəsi olan Göy məscid verilib. Bu, İrəvanın müsəlman şəhəri olmasının bir göstəricisidir”.

Daha sonra çıxış edən tarixçi Səbuhi Hüseynov kitab haqqında məlumat verdi. Dedi ki, kitabın birinci fəsli İrəvan şəhərinin coğrafiyası və tarixinin əsas dövrlərindən bəhs edir. İkinci fəsildə ermənilərin və Ermənistan dövlətinin İrəvanın azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə siyasəti, üçüncü fəsildə İrəvan şəhəri və ümumən Qərbi Azərbaycanın (indiki Ermənistan ərazisi) toponimiyası və epiqrafik abidələri araşdırılıb. Dördüncü fəsildə Azərbaycanın mədəniyyət mərkəzlərindən biri kimi Azərbaycan dilinin İrəvan dialekti, orada Azərbaycan məktəbləri və müəllimləri, folklor, ədəbi mühit, mətbuat, teatr, memarlıq və s. məsələlər öyrənilib. Beşinci fəsil İrəvan tarixinin erməni saxtalaşdırıcılarının tənqidinə həsr edilib. İrəvan şəhərində Azərbaycan mədəni və tarixi irsinin sonuncu yadigarı – Təpəbaşı məhəlləsinin tarixi, bu günü və mühafizəsi məsələləri isə nəşrin altıncı fəslində araşdırılıb.

Kitab strukturu, irəli sürülən problemlərin əhatə dairəsi və həllinə görə Azərbaycan irəvanşünaslığına böyük töhfə olmaqla onun yeni istiqamətlərini də müəyyən etməyə imkan verir.

Qeyd edək ki, kitab Mədəniyyət Nazirliyinin 1 aprel 2021-ci il tarixli əmri ilə təsdiq olunmuş Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satınalınması üzrə komissiyanın qərarına əsasən, “Aspoliqraf LTD” MMC-nin mətbəəsində çap olunub. Kitabın elmi məsləhətçisi mədəniyyət naziri Anar Kərimov, layihənin rəhbəri və elmi redaktoru AMEA Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürovdur.

Dekabrın 23-də Heydər Əliyev Sarayında Azərbaycanın görkəmli musiqiçisi, Xalq artisti Ənvər Sadıqovun ilk böyük solo konserti keçiriləcək.

 

Konsertdə musiqiçini bədii rəhbəri olduğu "Qaytağı" instrumental ansamblı və tanınmış incəsənət ustaları müşayiət edəcəklər. Həmçinin Ənvər Sadıqov ilk böyük solo konsertində Əməkdar artist Emil Əfrasiyab ilə birgə yeni layihələrini musiqisevərlərə təqdim edəcəklər.

Konsertin biletlərini şəhərin kassalarından və iticket.az saytından onlayn əldə etmək olar.

 

Bakı Şəhər Mədəniyyət Baş Təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında “Qonumuz var” layihəsinin yeni qonağı Xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri, görkəmli aktyor Rasim Balayev ilə görüşdü. 

 

Baş İdarənin araşdırmasına görə “Ədəbiyyat və İncəsənət” portalı xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, onların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. tədbiri açıq elan edən Günay Firudinqızı Rasim Balayevin həyat fəaliyyəti və yaradıcılığı haqqında məlumat verib.

Daha sonra aktyorun oynadığı "Nəsimi", "Babək", "Dədə Qorqud", "Cavid ömrü və başqa filmlərdən fraqmentlər nümayiş olunub".

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhər Mədəniyyət Baş direktoru İbrahim Əliyev, Xalq rəssamı Əşrəf Heybətov, rayon fəaliyyətini və sənətkar sevərlər iştirak edirlər.

Görüş zamanı Rasimayev aktyorluq peşəsinə qəlməyindən, milli kinematoqrafın hazırkı vəziyyətdən söz açıb, kinoda olan obrazlar, sevdiyi rollar haqqında danışıb və maraqlandıran suallara cavab verib.

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Bakı Şəhər Mədəniyyət Baş Sənətindən İbrahim Əliyev aktyorun söz açaraq, onun çəkildiyi filmlərin Azərbaycan kinematoqrafiyasının ən parlaq səhifəsinə yazıldığını hər şeylər.

 

Dövlət Turizm Agentliyinin inzibati binasında Birinci Qarabağ müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəman Sərdar Səfərovun barelyefinin açılış mərasimi keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə Milli Qəhrəmanın ailə üzvləri, dövlət rəsmiləri, ictimaiyyət nümayəndələri, həmçinin Vətən müharibəsi qaziləri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə şəhidin nümunəvi xidmət dövründən, keçdiyi qəhrəmanlıq yolundan və şəhidlik zirvəsinə ucalmasından bəhs edilib.

Daha sonra Sərdar Səfərovun xatirə barelyefinin açılışı olub.

Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qurumun inzibati binasında tarixdə izini qoymuş Milli Qəhrəmanın barelyefinin olmasının kollektiv üçün qürurverici hadisə olduğunu bildirib. Fuad Nağıyev torpaqlarımızın Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə məhz Sərdar Səfərov kimi qəhrəmanların nümunəsində milli ruhda formalaşmış şanlı Ordumuz tərəfindən azad olunmasını qeyd edib. 

Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanov Milli Qəhrəman Sərdar Səfərovu uşaqlıq illərindən tanıdığını bildirərək, onunla bağlı xatirələrini bölüşüb. Nazir müavini vaxtilə Milli Qəhrəmanın azadlığı uğrunda döyüşdüyü torpaqların indi azadlığa qovuşduğunu və onunla yanaşı, bütün şəhidlərimizin ruhunun şad olduğunu vurğulayıb.

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov Sərdar Səfərovun və onun döyüş yoldaşlarının müasir gənclərimizə örnək olduğunu, Vətən müharibəsində məhz bu cür igidlərimizin son damla qanlarınadək döyüşdüklərini diqqətə çatdırıb. O qeyd edib ki, məhz belə qəhrəmanlarımızın şücaəti və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi hesabına tarixi Azərbaycan torpaqları işğaldan azad olunub. 

Tədbir zamanı şəhidin ailə üzvləri və yaxınları tərəfindən onun haqqında xatirələr yada salınıb.

Həmçinin diqqətə çatdırılıb ki, barelyefin qarşısındakı küçəyə 1994-cü ildə Sərdar Səfərovun adı verilib.

Sərdar Səfərov 1960-cı il avqustun 12-də Kəlbəcər rayonunda anadan olub. 1977-ci ildə burada məktəbi bitirdikdən sonra kolxozda işləyib. 1979-1981-ci illərdə hərbi xidmətdə olub. 1982-ci ildə Bakı Avtomobil Zavodunda əmək fəaliyyətinə başlayıb. Bir müddət burada çalışdıqdan sonra daxili işlər orqanlarında işləmək arzusu onu Rusiya Federasiyasının Tula vilayətinə aparıb. O, Zaoks rayonunda 3 il Daxili İşlər Şöbəsinin mühafizə bölməsində milis nəfəri kimi xidmət edib. Təhsilini davam etdirmək üçün xidmət etdiyi şöbədən keçmiş SSRİ DİN-in Kaunas Xüsusi Milis məktəbinə göndərilib. 1987-ci ildə təhsilini başa vuraraq öz iş yerinə qayıdıb. Nümunəvi milis işçisi kimi sahə müvəkkili vəzifəsinə təyin olunub. Sərdar Səfərov Azərbaycana qayıtdıqdan sonra 1991-ci ildən Qusar Rayon Daxili İşlər Şöbəsində sahə müvəkkili kimi xidmətə başlayıb.

1991-ci il sentyabrın 25-də erməni silahlılarının Əsgəran rayonu ərazisində sərnişin avtobusuna hücumundan sonra köməyə gələn istintaq qrupunun tərkibində müstəntiq kimi çalışan baş leytenant Sərdar Səfərov da olub. Hadisə yerindən qayıdan istintaq qrupunun üzvləri Şuşa yaxınlığında erməni yaraqlılarının hücumuna məruz qalıblar. Sərdar Səfərov yoldaşlarını xilas edərkən qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli Fərmanı ilə mayor Sərdar Mədət oğlu Səfərova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

Milli Qəhrəmanın məzarı Kəlbəcər rayonundadır.

 

VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Xalq yazıçısı Çingiz Abdullayevlə görüş və imza saatı keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, böyük maraqla qarşılanan görüş zamanı Çingiz Abdullayev ölkəmizdə analoji kitab sərgilərinin keçirilməsinin böyük önəm kəsb etdiyini vurğulayıb. 

O, yazdığı əsərlərindən, onların yaranma səbəbindən, kitabının qəhrəmanlarından və onları oxucuya sevdirən səbəblərdən danışıb. “Məndən dəfələrlə soruşurlar ki, siz Dronqonu kimdən yazmısınız? Mən həmişə istəmişəm ki, Azərbaycan qəhrəmanı yaradım. Düşünürdüm ki, bu qəhrəman elə olmalıdır ki, onu bütün dünya qəbul etsin”.

Xalq yazıçısı oxucuları arasında bir çox ölkələrin prezidentlərinin də olduğunu qeyd edib və yazıçı üçün bunun böyük ilham mənbəyi olduğunu söyləyib: “Bu, təbii ki, bir yazar üçün qürurvericidir. Mən Şuşada Şahmat turnirində olanda orada iştirak edən bir çox mötəbər, öncül insanlar mənim fəal oxucularım olduqlarını bildirirdilər. Bu da məni çox sevindirirdi”.

Görüş zamanı özbəkistanlı naşirlər Çingiz Abdullayevdən əsərlərini özbək dilinə çevirmək istədiklərini bildiriblər. Yazıçı qeyd edib ki, indiyədək əsərləri 32 dilə tərcümə olunub. Özbək dilinə tərcümə olunduqdan sonra onların sayı 33 olacaq. “Bu, məni hədsiz sevindirir. Rusiyada vaxtilə mənim əsərlərimin gələcək uğurlarına inanmayanlar bu gün kitablarımın fəal oxucularıdır. Mən həmişə bunu hamıya deyirəm, kitab bir möcüzədir və hamını kitab oxumağa səsləyirəm”,-deyə Xalq yazıçısı əlavə edib. 

Daha çox sual yazıçının qəhrəmanı Dronqo barədə olub. Yazıçı Dronqoya əcnəbi xanımların da simpatiya bəsləmələrindən qürurlandığını bildirib.

 

Oktyabrın 5-də VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində mədəniyyət naziri Anar Kərimov Bakı Dövlət Universiteti (BDU) və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) kitabxanaçılıq və informasiya ixtisası üzrə məzunları ilə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Bakı Ekspo Mərkəzində gerçəkləşən görüşdə çıxış edən nazir Anar Kərimov Mədəniyyət Nazirliyinin kitabxana sahəsi üzrə apardığı islahatlardan söz açıb. Bildirib ki, bu istiqamətdə prioritet məsələlərdən biri də müvafiq sahəni gənc və ixtisaslı kadrlarla təmin etməkdir: “Hazırda nazirliyin tabeliyində olan mərkəzləşdirilmiş kitabxana sistemlərində çalışan işçilərin 20 faizi ixtisaslı kadrlardır. Bu sahənin inkişafı üçün ən başlıca meyarlardan biri məhz peşəkar mütəxəssislərin cəlb olunmasıdır. Bu istiqamətdə həm şəffaflığı təmin etmək üçün, həm də müvafiq sahə üzrə əmək bazarında rəqabətin formalaşdırılması məqsədilə nazirliyin tabeliyində olan kitabxanalarda işəgötürmə prosesi artıq test və müsahibə mərhələsindən ibarət olmaqla imtahanla həyata keçiriləcək”.

Nazir qeyd edib ki, artıq imtahan prosesini tənzimləyən qaydalar da təsdiq olunub: “Sizlər bu prosesin ilk iştirakçılarısınız. Əminəm ki, qazandığınız nəzəri təcrübə, əldə etdiyiniz bilik və peşə hazırlığınız vasitəsilə ölkədə kitabxana sahəsinin inkişafına öz töhfələrinizi verəcəksiniz. Bəziləriniz karyeranıza regionlarda, bəziləriniz isə Bakı şəhərində başlamaq arzusunda olduğunuzu ifadə etmisiniz".

Anar Kərimov çıxışının sonunda məzunları təbrik edərək onlara gələcək işlərində uğurlar arzulayıb.

BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ələmdar Cabbarlı vurğulayıb ki, Azərbaycanda kitabxana sahəsinə diqqət və qayğının ənənələri var: “Ulu öndər Heydər Əliyev hər zaman kitabxana işinə, kitabxanaçı əməyinə yüksək qiymət verib. Bu ənənələr Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən layiqincə davam etdirilir. Mədəniyyət naziri Anar Kərimovun məzunlarla bugünkü görüşünü də bu ənənələrin davamı kimi yüksək qiymətləndiririk. Mən ilk dəfədir ki, bizim fakültənin məzunlarının nazir səviyyəsində qəbulunun şahidi oluram”.

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov söyləyib ki, bu il BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsinin 4 nəfər məzunu elm ocağında işlə təmin olunub.

Daha sonra çıxış edən Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli bildirib ki, hər iki universitet üzrə 178 nəfər 2021-2022 tədris ilinin məzunları arasından 20 nəfər işlə təmin olunmaq üçün seçilib. Seçilən gənclərin hər biri ilə fərdi qaydada müsahibə aparılıb.

Sonda görüş iştirakçıları ilə xatirə şəkli çəkdirilib.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.