Super User
Bu gün Turan Kitab Festivalı açılır
Xəbər verdiyimiz kimi, bu gün - yanvarın 11-də Bakıda Birinci Turan Kitab Festivalı açılacaq. “Pasaj-1901” sərgi salonunda təşkil olunacaq festival “Çapar yayınları”nın təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin, DOST Agentliyinin, Bakıdakı Yunus Əmrə İnstitutunun təşkilati dəstəyi ilə reallaşacaq.
Təşkilatçı tərəflərdən biri, Bakıdakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıçın açıqlamasına görə, festivalda 40-a yaxın nəşriyyatın, 20-yə yaxın kitab mağazası iştirak edəcək. Onun sözlərinə görə, festivalda Türkiyədən olan bir sıra yazarların da iştirakı nəzərdə tutulur.
Festival günlərində kitab təqdimatları, imza saatları, qiraət saatları, mühazirələr olacaq, müəlliflərlə görüşlər keçiriləcək.
“Xarici qonaqlarla eksklüziv görüşlər, alimlərlə diskussiyalar, zəngin proqram 2023-cü ilin ilk kitab bayramında zamanınızı səmərəli keçirməyə kömək edəcək”, - deyib Səlçuk Karakılıç.
Festivalın bağlanışı yanvarın 15-də olacaq.
“Ədəbiyyat və incəsənət”
(11.01.2023)
Euronews-un versiyasında 2022-ci Ilin 20 ən yaxşı fotosu - Ənənəvi Tarraqon festivalı
Nüfuzlu Euronews yola saldığımız 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar.
Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir.
Tarraqondakı ənənəvi festival. İnsanlardan ibarət qüllədüzəltmək mərasiminə hazırlıq gedir. 2 oktyabr, 2022-ci il.
Foto: Josep Lago/AFP
“Ədəbiyyat və incəsənət”
(11.01.2023)
YouTube-da “Arşın mal alan” filminin kadrarxası görüntüləri yayımlanıb
Az TV-nin YouTube kanalında 1945-ci ildə çəkilmiş “Arşın mal alan” bədii filminin çəkilişlərinin kadrarxası məqamlarını əks etdirən görüntülər üzə çıxıb.
“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, lent yazısında aktyorlarla yanaşı filmin ərsəyə gəlməsində zəhməti olan şəxslərin də kadrları yer alıb.
Filmin rejissoru Rza Təhmasib və Nikolay Leşşenko, operatorları Əlisəttar Atakişiyev və Muxtar Dadaşovdur. “Arşın mal alan” tammetrajlı bədii filmi 1945-ci il oktyabrın 1-də tamaşaçılara təqdim olunub. Filmdə gənc tacir Əsgər rolunu Xalq artisti Rəşid Behbudov, Gülçöhrə rolunu isə Xalq artisti Leyla Bədirbəyli ifa ediblər.
Bu film Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilib.
“Ədəbiyyat və incəsənət”
(11.01.2023)
“İlan vuran ala çatıdan qorxar” - bir aktrisanın acı taleyi
ATV-də gedən “Bir qadın” serialı kifayət qədər maraqla izlənilir. Tamaşaçı sevgisi qazanan aktrisalardan biri də Sona Babayevadır. “ATV səhər” proqramı Sona Babayevanın evində olaraq ondan müsahibə götürüb. 81 yaşlı aktrisa başına gələn zillətləri tamaşaçılarla bölüşüb.
Onun danışdıqlarını dinlədikcə həyatın necə də keşməkeşli olması anlamına gəlirsən. Sona Babayeva danışır:
“Bütün həyatım gözümün önündədir. Atam müharibədə (2-ci dünya müharibəsi - red.) yaralandı. Çox yaşamadı. Həmçinin də anam. Anam heç yadıma düşmür. Bacımı isə sonradan tapdım. O, evdə mən isə uşaq evində böyümüşdüm. İsinişə bilmirdim.
Uşaq evindən çıxdıqdan sonra qalmağa yerim yox idi. Kolların arasında olan gizli oturacaq var idi. Girirdim ora, balış əvəzi çantamı başımın altına qoyub həmin oturacaqda büzüşüb yatırdım. Səhər tezdən isə küçələrdə təmizlik işləri görənlər gəlirdi. Onların süpürgələrinin səsini eşidən kimi dururdum ayağa və oradan qaçırdım. Altı ay mən çöldə qaldım”.
S.Babayevanın ailə həyatı da acı olub, həyat yoldaşı ona aktrisa rəfiqəsi ilə xəyanət edib:
“Teatrda işləyəndə yaxşı günlərim olurdu. Səhnədə olanda mən xoşbəxt olurdum. Amma bu xoşbəxtlik sona kimi olmadı. Ailəmi sevib qurmuşdum. Lakin həyat yoldaşım naxələf çıxdı. Aramıza rəfiqəm girdi. O da aktrisa idi. Rəhmətə gedib. Ona öz bacım, qızım kimi baxırdım. Ancaq ərim mənə onunla xəyanət etdi. Boşandıq. Bundan sonra hər kəsə deyirdim ki, uşağımın atası ölüb. Oğlumu tək böyütdüm. Ona sənət də verdim. İnsanlar var idi ki, mənimlə ailə qurmaq istəyirdilər. Ancaq ilk həyat yoldaşım naxələf çıxdığına görə ikinci dəfə ailə həyatı qurmaqdan qorxdum”.
İndi Sona Babayevanın yeganə təsəllisi səhnə həyatı, çəkiliş meydançalarıdır. “Bir qadın”dakı uğuru onu bir az da həvəsləndirib.
Qapaq şəklində: Sona Babayeva “ATV səhər” proqramında.
Şəkillərdə: Aktrisanın gənclik fotoşəkli; O, “Bir qadın” teleserialında.
“Ədəbiyyat və incəsənət”
(11.01.2023)
Dünya Gənc Türk Yazarlar Birliyindən yeni kitab-İstanbulda təqdimatı olacaq
Dünya Gənc Türk Yazarlar Birliyinin yeni nəşri işıq üzü görüb. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə təşkilatın başqanı şair-publisist İntiqam Yaşar məlumat bildirib.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Dünya Gənc Türk Yazarlar Birliyinin təşkilatçılığı ilə “Türk dünyasından Şuşaya-Şuşadan Türk dünyasına” layihəsi çərçivəsində Türk ölkə və topluluqlarından olan yazarların Azərbaycanın Mədəniyyət paytaxtı Şuşa şəhərinə həsr olunmuş müxtəlif janrlarda olan qələm nümunələri kitab şəklində çap olunub. “Türk dünyasından Şuşaya – Şuşadan Türk dünyasına” adlı kitabda Azərbaycan, Özbəkistan, Türkiyə, Qazaxıstan, Qırğız Respublikasından olan yazarların Şuşa movzusunda qələmə aldıqları şeir, məqalə, esse və hekayə janrlarında olan qələm örnəkləri yer alıb. Adıçəkilən kitabın Türkiyənin İstanbul şəhərində 14 yanvar saat 14:00-da Türk Ədəbiyyatı Vəqfinin konfrans salonunda təqdimatı baş tutacaq.
“Ədəbiyyat və incəsənət”
(11.01.2023)
Böyük Nizaminin ruhu şad olacaq
Milli Kitabxanada Nizami Gəncəviyə aid nadir əlyazmaların elektron və çap nüsxələri təqdim edildi
Anonsunu verdiyimiz böyük hadisə nəhayət ki, baş tutdu. Yanvarın 10-da Milli Kitabxanada böyük Azərbaycan şairi Nizami Gəncəvinin qəzəllərinin yer aldığı ilk əlyazma olduğu ehtimal edilən “Şeirlər məcmuəsi”nin (Tehran, 1295-ci il) əldə olunmuş digital variantının və kitabxananın fondu üçün nəşr olunan nüsxəsinin, habelə tərtibat baxımından unikal hesab olunan Nizaminin “Xosrov və Şirin” poemasının və digər əlyazmalarının (cəmi 156 əlyazma) təqdimatı keçirildi. Tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi və Milli Kitabxana idi.
Zaman-zaman Azərbaycanın yetişdirdiyi ən böyük tarixi şəxsiyyətlərdən olan Nizami Gəncəviyə farslar sahib çıxmaq istədilər, onun əlyazmaları Vatikan, Drezden kitabxanalarında dustaqlıq həyatı sürdü, onun ana vətəni Gəncənin qapıları belə gürcülərin Gelati monastrında əsir saxlanıldı. Çox şükür ki, müstəqillik qazanandan sonra Azərbaycan öz dahi oğluna sahib çıxmağa çalışır və bu işdə Azərbaycan dövləti, hökuməti, Heydər Əliyev Fondu təxirəsalınmaz işlər həyata keçirir.
Sözügedən tədbir də bu aspektdə görülən işlərin bariz nümunəsidir.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq Nizami Gəncəvinin Azərbaycan ədəbiyyatındakı rolundan, ötən tarixi dövr ərzində onun əlyazmalarının, həmçinin xalqımızın milli sərvətlərinin xarici ölkələrə aparılmasından, həmin əlyazmaların dünyanın ən məşhur kitabxana və muzeylərində nümayiş olunmasından, kitabxananın Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondu ilə birgə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimizin Vətənə qayıdışı” layihəsindən, bu layihə çərçivəsində dünyanın ən zəngin kitabxanalarında mühafizə olunan Azərbaycan klassiklərinin əlyazmalarının digital nüsxələrinin Milli Kitabxanaya gətirilməsindən bəhs etdi.
Natiq bildirdi ki, 2021-ci ilin Prezident İlham Əliyevin “Nizami Gəncəvi İli” elan etməsi ilə əlaqədar dahi şairin 156 nadir əlyazmasının digital (elektron) nüsxələrinin Milli Kitabxanaya gətirilməsi təmin olunub və bu iş gələcəkdə də davam etdiriləcək.
O, eyni zamanda, AMEA-nın Əlyazmalar İnstitutu ilə birgə müştərək komissiyanın yaradılması layihəsindən, bu layihə əsasında yeni əlyazmaların araşdırılaraq üzə çıxarılması və məxsusi formada nəşr olunmasından bəhs etdi. Diqqətə çatdırdı ki, son bir il ərzində araşdırma nəticəsində əldə edilən əlyazmaların arasında dahi Nizaminin şeirlərinin də yer aldığı 1295-ci ildə köçürülən – böyük şairin ən qədim əlyazması olduğu ehtimal edilən nüsxənin olduğu və 1312-ci ildə köçürülmüş ən qədim “Xəmsə” əlyazması da aşkar olunub.
Həmçinin bildirdi ki, bu qiymətli əlyazmaların 30 nüsxəsi hər biri 1 nüsxə olmaqla nəfis şəkildə çap olunaraq Milli Kitabxananın “Nadir kitablar fondu”na daxil edilib.
Sonra akademik, Əlyazmalar İnstitutunun baş direktoru Teymur Kərimli, Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, AMEA-nın Ədəbiyyat İnstitutunun Qədim əlyazmaları şöbəsinin müdiri professor İmamverdi Həmidov, Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova, Əlyazmalar İnstitutunun elmi katibi, dosent Əzizağa Nəcəfov çıxış edərək Nizami yaradıcılığından, onun Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, təqdim olunan əlyazmaların ədəbiyyatşünaslar üçün böyük əhəmiyyətindən, Milli Kitabxananın bu istiqamətdə həyata keçirdiyi çox böyük işlərdən bəhs etdilər. Bütün mütəxəssislər bu günədək Azərbaycan elminə məlum olmayan qədim əlyazmalarımızın aşkar olunaraq mütəxəssislərə təqdim etdiyinə görə Milli Kitabxanaya öz təşəkkürlərini bildirdilər.
Sonda iştirakçılar Milli Kitabxananın fondu üçün nəşr edilən Nizami əlyazmalarının sərgisi ilə tanış oldular.
Tədbir zamanı “Nizami Gəncəvinin əlyazmaları dünya kitabxanalarında” adlı Elektron məlumat bazası da iştirakçılara təqdim olundu.
Tezliklə dahi şairimizin nadir əlyazmalarının orijinal nüsxələrinin də Vətənimizlə və şairin ruhuyla qovuşması ümidi ilə.
“Ədəbiyyat və incəsənət”
(11.01.2023)
Diqqət! “Avroviziya-2023”də Azərbaycanı təmsil edəcək ifaçı və mahnı seçimi üçün qəbul vaxtı uzadılıb
“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2023” müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçimi üçün çoxsaylı müraciətləri nəzərə alaraq qəbul vaxtını uzadıb.
İTV-dən AzərTAC-a bildirilib ki, seçimlərdə iştirak etmək istəyən Azərbaycan ifaçıları və bəstəkarları 15 yanvar saat 22:00-dək öz ifalarını, demo şəklində bəstələdiyi mahnılarını, yaxud öz ifasında olan və “Avroviziya” üçün hazırlanmış yeni mahnılarını This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına göndərməlidirlər.
Göndəriləcək mahnıların demo versiyaları tam hazır (sözlər, ifa, xronometraj) və “Avroviziya” mahnı müsabiqəsinin qaydalarına uyğun olmalıdır. Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2022-ci il sentyabrın 1-dən əvvəl kommersiya məqsədilə buraxılmamalı, ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Seçimlərdə iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir.
Qeyd edək ki, “Avroviziya-2023” mahnı müsabiqəsi Böyük Britaniyanın Liverpul şəhərində mayın 9, 11 və 13 tarixlərində keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(10.01.2023)
Qanunsuz ağackəsmə faktları üzrə cinayət işləri başlanıb
Təbiətə qənim kəsilənlər - belələri daim aşkarlanır və cəzalandırılır. Növbəti fakt: Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində respublikanın dörd rayonunda qanunsuz ağackəsmə faktları ilə bağlı araşdırma aparılıb. Bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb.
Araşdırma zamanı Ağdam, Balakən, Qusar və Ağsu rayonu ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahələrində 398 ağacın qanunsuz kəsilməsi nəticəsində ümumilikdə 68 min manatdan çox ziyan vurulmasına əsaslı şübhələr yaranıb.
Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanaraq aidiyyəti istintaq orqanlarına göndərilib.
Gəlin unutmayaq, təbiəti qorumaq hər birimizin vicdan borcudur.
“Ədəbiyyat və incəsənət”
(10.01.2023)
Günün fotosu: Putinə orden verdilər
Bu gün işğalçı müharibə aparan Rusiyanı çox az ölkə və xalq dəstəkləyir. Onlardan biri serblərdir. Budur, Bosniya serbləri Rusiya Prezidenti Vladimir Putini öz əsas mükafatları olan Serb Respublikası Ordeninə təqdim ediblər. Sərəncamda Putin “xüsusi vətənpərvərlik qayğısı və sevgiyə görə” təltif olunur.
Foto: Radivoje Pavicic/Copyright 2023 The AP.
“Ədəbiyyat və incəsənət”
(10.01.2023)
VI ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı bu ilin sentyabrında keçiriləcək
“Hazırda VI ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı ilə bağlı hazırlıq işlərinə başlamışıq. 2023-cü il ən böyük və ən əsas planımız bu festivalı layiqincə keçirməkdir.
Artıq 6-cı festivala film müraciətləri qəbul olunur. Festivalı keçirmək bu ilin sentyabrında nəzərdə tutuluq.”
Sitat Azərbaycan Animasiya Assosiasiyasının sədri, ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının təsisçisi və direktoru Rəşid Ağamalıyevdəndir.
“Ədəbiyyat və incəsənət”
(10.01.2023)