“Avroviziya” beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) “Avroviziya-2023” müsabiqəsində ölkəmizi təmsil edəcək ifaçı və mahnı seçimi üçün çoxsaylı müraciətləri nəzərə alaraq qəbul vaxtını uzadıb.
İTV-dən AzərTAC-a bildirilib ki, seçimlərdə iştirak etmək istəyən Azərbaycan ifaçıları və bəstəkarları 15 yanvar saat 22:00-dək öz ifalarını, demo şəklində bəstələdiyi mahnılarını, yaxud öz ifasında olan və “Avroviziya” üçün hazırlanmış yeni mahnılarını This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron ünvanına göndərməlidirlər.
Göndəriləcək mahnıların demo versiyaları tam hazır (sözlər, ifa, xronometraj) və “Avroviziya” mahnı müsabiqəsinin qaydalarına uyğun olmalıdır. Avropa Yayım Birliyinin (EBU) qaydalarına əsasən, mahnının xronometrajı 3 dəqiqədən çox olmamalıdır. Mahnı 2022-ci il sentyabrın 1-dən əvvəl kommersiya məqsədilə buraxılmamalı, ictimai resurslarda və KİV-də (televiziya, radio və ya internet vasitəsilə) yayımlanmamalıdır. Seçimlərdə iştirak edəcək hər kəs özü haqqında qısa məlumat təqdim etməlidir.
Qeyd edək ki, “Avroviziya-2023” mahnı müsabiqəsi Böyük Britaniyanın Liverpul şəhərində mayın 9, 11 və 13 tarixlərində keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(10.01.2023)