Super User

Super User

Wednesday, 11 January 2023 18:00

Prezident İsrailə ilk səfirimizi təyin etdi

 

M.M.Məmmədovun Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Muxtar Məmməd oğlu Məmmədov Azərbaycan Respublikasının İsrail Dövlətində fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 11 yanvar 2023-cü il

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

Wednesday, 11 January 2023 16:30

İncəsənət adamı belə vəhşilik edərmi?

 

Ən çox oxunam xəbər çox inanılmazdır: Amerikalı məşhur müğənni Madonna afrikalı uşaqların alverində, onların cinsi istismarında, həmçinin homoseksuallığı və transseksuallığı təbliğ etməkdə ittiham olunub.

 

“Ədəbiyyat və incəsənət” xarici KİV-ə istinad edən oxu.az-a istinadən xəbər verir ki, "Ümumdünya Efiopiya Federasiyası"adlı xeyriyyə təşkilatı dövlət başçısı Lazarus Çakveradan sənətçi haqqında araşdırma aparmağı tələb edib.

Prosesin başlanması tələbinə səbəb müğənninin 2006-cı ildə Afrika ölkələrindən birində təsis etdiyi "Education Malawi" fondu olub. Təşkilatın işi sayəsində Avropa və ABŞ sakinləri afrikalı uşaqları övladlığa götürə biliblər.

"Uşaq alveri, cinsi istismar, cinsi köləlik, məcburiyyət, hədələr, fırıldaqçılıq, aldatma və səlahiyyətlərdən sui-istifadə ilə bağlı təhqiqat aparılana qədər Madonna və onun tərəfdaşlarının afrikalı uşaqlarla ünsiyyəti ehtiyat tədbiri olaraq məhdudlaşdırılmalıdır", - federasiyasının bəyanatında deyilir.

Təşkilat həmçinin Madonnanı "digər qadınla ədəbsiz davranışda" ittiham edərək, ölkədə belə hərəkətlərin qanunla cəzalandırıldığını qeyd edib.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

Wednesday, 11 January 2023 16:00

20 yanvar yaxınlaşır

 

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan tarixinə əbədi yazılıb. Hər bir xalqın özünü dərk etməsində dönüş nöqtəsi olan, qan yaddaşında silinməz iz qoyan hadisələr var, bizdə də bu, 20 yanvar hadisələridir. 

 

Bu gün yanvarın 11-idir, növbəti ildönümündən bizi cəmi 9 gün ayırır. Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş o qanlı gecədən artıq 33 il keçir...

Ayın 18-də Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində “Bir qərinə keçsə də, unutmadıq!” adlı tədbir keçiriləcək.

Tədbirdə 20 Yanvar hadisələrindən söhbət açılacaq, o qanlı gecənin günahsız qurbanlarına həsr olunmuş videoçarx nümayiş etdiriləcək. Beynəlxalq hərbi mahnılar müsabiqəsinin mükafatçısı Rauf Məmmədzadənin, respublika və beynəlxalq müsabiqələr laureatı pianoçu Əli Vahidov və tələbələrinin ifasında vətənpərvərlik ruhunda musiqi nömrələri səsləndiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

 

Osloda "Deichman Bjorvika" Mədəniyyət Mərkəzində Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya etnodizaynçılar Assosiasiyasının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru, modelyer-dizayner Gülnarə Xəlilovanın “Northern Stories by Cizgi” (“Cizgi”nin Şimal hekayələri) adlı ekspozisiyasının açılışı olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbir Oslodakı “Azərbaycan Evi” və Norveç üzrə Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurası tərəfindən təşkil olunub. 

Tədbirdə "Azərbaycan Evi" nin sədri, Norveç üzrə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurasının koordinatoru Ramil Əliyev, "Azərbaycan Evi"nin nümayəndələri Arzu Rzayeva, Günay Əliyeva, ictimaiyyətin və yaradıcı ziyalıların nümayəndələri iştirak ediblər. 

Qonaqlara Gülnarə Xəlilovanın Norveç və Qarabağ ornamentləri ilə əl işləri, ipək yaylıqlar və libaslar təqdim olunub.

Gülnarə Xəlilova: “Mən öz əsərlərimi Norveçdə, görkəmli arxeoloq, səyyah və yazıçı Tur Heyerdalın vətənində təqdim edirəm, hansı ki, uzun illər aparılan araşdırmalardan sonra belə nəticəyə gəlib ki, vikinqlər əslən Azərbaycandan gəliblər-qədim zamanlarda məhz ölkəmizin ərazisindən Skandinaviyaya yolları başlayıb. Keçən ilin may ayında Oslo şəhərinin məşhur Cosmopolite konsert salonunda Qarabağ bölgəsinin milli geyim ənənələrini əks etdirən "Xarıbülbül və Qarabağ" defilesini təqdim etdim. Bu dəfə sərgi formatında Norveçin ornamentlərinə üstünlük verərək əsərləri təqdim etdim və bu da qonaqların böyük marağına səbəb olub. Onlar təkcə yaradılan kompozisiyaların dəqiqliyinə deyil, həm də ilk dəfə olaraq onların milli ornamentlərinin ipək üzərində təqdim olunmasına xoş təəccübləndilər. Ümumiyyətlə, Norveç ornamentləri ənənəvi olaraq toxunma və tikiş üslubu ilə əks olunur". 

Qeyd edək ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları ABŞ, Böyük Britaniya, İsveç, Avstriya, Rumıniya, Türkiyə, Rusiya, Çin, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Bolqarıstan, Norveç və digər ölkələrdə keçirilən moda həftələrində və beynəlxalq tədbirlərdə uğurla nümayiş etdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

Bir qrup elm adamı qara qutu hazırlayıb. Qutu bütün həyatı sona çatdıracaq fəlakətdən sonra dünyada baş verənləri təsvir etmək üçün dizayn edilib. Avstraliyanın Tasmaniya əyalətində tənha bir yerdə yerləşəcək və hər şeyi qeyd etməyə planlaşdırılmış bu struktur bir çox sirləri özündə ehtiva edəcək.

 

Publika.az-ın məlumatına görə, son illərdə təsiri hər mənada hiss edilən iqlim dəyişikliyi dünyanın sonunun xəbərçisi kimi şərh olunur.

Böyük əksəriyyət kütləvi məhvin mümkün olmadığına inansa da, alimlər insanların kütləvi yox olduqdan sonra bəşəriyyətin sonunun nə ilə nəticələndiyini izah etmək və bir vaxtlar dünyada baş verənləri gələcək nəsillərə ötürmək ideyası ilə sözügedən layihəyə imza atıblar.

Bu fonda Avstraliyanın Tasmaniya əyalətinin ucqar bir küncündə qara qutu qalacaq. Siz bunu uçuş zamanı təyyarədə müəyyən məlumatları qeyd etmək üçün qara qutu kimi düşünə bilərsiniz.

Lakin həmin layihənin təfərrüatları budur:

Son zamanlar bütün dünya alimlərinin müzakirə etdiyi bir mövzu var: şiddətli quraqlıq, xüsusən də buzlaqların əriməsi iqlim dəyişikliyinin ən çox hiss olunan təsirlərindən biridir. Bu dəyişikliklərin dünyanın sonunu gətirəcəyinə inanan alimlərin məqsədi baş verə biləcək fəlakətdən sonra gələcək nəsillərə məlumat verməkdir.

 

Hər şeyi qeydə alır

 

Ötən ilin ortalarında Tasmaniya Universitetinin alimləri, "Celemnger BBDO" marketinq agentliyi və "Glue Society" kreativ agentliyi ilə birgə layihə hazırlanıb. Onlar layihəni "Yerin Qara Qutusu" adlandırdılar. Bu layihənin yaradıcıları bəşəriyyətin mümkün sondan sonra sağ qalıb-qalmaması ilə bağlı qərarsız olsalar da, planetdə yenidən başlayacaq həyatın mümkünlüyünü nəzərə alaraq gələcəyə bir növ "yaddaş" qoyurlar. Uzun illərdir tədqiq edilən qara qutu, dünyanı məhv etmə ehtimalı yüksək olan nüvə müharibəsindən belə təsirlənməyəcək şəkildə dizayn edilib. Düzbucaqlı şəklində dizayn ediləcək möhkəm bir daşa bənzəyən bu quruluşun digər məqsədi də dünyanın gedişatını təhlil etmək üçün məlumat toplamaqdır.

"Hekayəmizin necə bitəcəyi tamamilə bizdən asılıdır. Bu layihə ilə bağlı bir şey dəqiqdir, indi sizin hərəkətləriniz, hərəkətsizliyiniz və qarşılıqlı əlaqəniz qeydə alınır."

Yerin Qara qutusu bəşəriyyətin və planetin sonunu gətirən problemləri qərəzsiz şəkildə izah etmək məqsədi daşıyır. Ancaq bu layihəni faydalı hesab edənlərlə yanaşı, yararsız hesab edənlər də var. Bəzi elm adamları planetin sonunu gətirəcək problemlərin həlli yollarını tapmaq əvəzinə, başqa layihələrə vəsait xərcləməyi yersiz hesab edirlər. Layihənin yaradıcılarının sözlərinə görə, qara qutu bir çox aspektlərdə maarifləndirmə məqsədi daşıyır.

Deyilənə görə, qara qutu çoxlu saxlama bankları ilə doldurulacaq və bu banklar üzərindəki günəş panelləri ilə internet bağlantısı qura biləcəklər. Batareyalar enerji saxlamağa imkan verəcək. Günəşin ilk şüaları ilə qara qutu elmi məlumatları endirəcək və alqoritm internetdən iqlim dəyişikliyi ilə bağlı materialları toplayacaq. Qeydiyyat prosesi başlayıb. Sayta daxil olarkən məlumatların qeydə alındığı barədə xəbərdarlıq edildiyini görmək mümkündür.

"Glue Society"-nin həmtəsisçisi Conatan Kneebone Amerikanın ABC telekanalına verdiyi açıqlamada, "Bu qutu hamımızdan daha çox yaşamaq üçün hazırlanıb. Bu qutu şəbəkə batdıqda belə işləməyə davam edəcək". "Clemenger BBDO" marketinq agentliyinin kreativ direktoru Cim Kurtim müsahibədə deyib: "Əgər dünya iqlim dəyişikliyi nəticəsində dağılacaqsa, bu sarsılmaz qeyd cihazı ondan dərs alan hər kəsin yanında olacaq".

"Yerin Qara Qutusu" layihəsi gələcək nəsillərin yox olduqdan sonra qutudakı məlumatları necə əldə edəcəyik? sualını da ağıllara gətirib.

Mövzu ilə bağlı qutunun memarları layihə üzərində çalışdıqlarını bildirərək, bu məsələyə belə aydınlıq gətiriblər: "Qara qutudakı məlumatları binar sistemlə kodlayacağıq və qutunun üzərinə təlimatları həkk edəcəyik".

Görünür, layihə haqqında daha çox öyrənmək üçün bir müddət gözləməli olacağıq.

Qeyd edək ki, saxlanan məlumatlara quru və dəniz temperaturu, okeanın turşulaşması, atmosfer CO2, növlərin yox olması, torpaqdan istifadənin dəyişməsi, həmçinin insan əhalisi, hərbi xərclər və enerji istehlakı daxildir. Qəzet başlıqları, sosial media yazıları və ÇNL iqlim dəyişikliyi görüşləri kimi əsas hadisələrdən xəbərlər kimi kontekstual məlumatlar da toplanacaq.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

 

Wednesday, 11 January 2023 15:35

Yuxusuzluğun səbəb olduğu 4 fəsad

 

Yuxusuzluq ən böyük problemlərimizdən biridir. Normal yuxu rejimi olmayan insanlar özlərini gün ərzində çox əzgin və yorğun hiss edir. Yuxusuzluq enerji səviyyəsi və əhvalımızla yanaşı, həmçinin sağlamlığımıza, işinizə də ciddi təsir edir.

 

 

 

Yuxusuzluq başqa hansı problemləri yaradır?

 

Beləliklə, xarici KİV-ə istinadən yuxusuzluğun törətdiyi fəsadları təqdim edirik:

 

 

Həddindən artıq çəki

 

Normal yuxu rejimi olmayan insanlarda artıq çəki probleminin olması bir çox təcrübələr nəticəsində sübut olunub. Belə ki, yuxusuzluq iştah hormonlarının - leptin və qrelinin pozulmasına səbəb olur. Bu da piylənməyə şərait yaradan amillərdən biridir.

 

 

Qırışlar

 

Yuxu hormonu - melaton çatışmazlığı dərinin pisləşməsinə səbəb olur. Onun istehsalı səhər saatlarında 2 dəfə aşağı düşür. Ona görə də gec yatanların dəri hüceyrələrinin  yenilənməsində problemlər yaranır. Bu da qırışların əmələ gəlməsinə gətirib çıxarır. Dəri daha yaşlı və solğun görünür.

 

 

Xərçəng riskinin artması

 

Həkimlər yuxusuzluğun kolon xərçənginə səbəb ola biləcəyini aşkarlayıblar. Gündəlik 8 saat yatmadıqda, bədənin qoruyucu müqaviməti azalır. Bu halda isə xərçəngə səbəb olan onkogen transformasiya ilə nəticələnmə ehtimalı çoxalır.

 

 

Artan narahatlıq

 

Müntəzəm yuxunun olmaması ilə beyin emosiyaları yaratmaqdan və idarə etməkdən yorulur, bu da əsəbilik və narahatlığı artırır. Tədqiqatlar göstərir ki, xroniki yuxu çatışmazlığı narahatlıq pozğunluqlarını yaradan əsas amillərdəndir.

 

Mütəxəssislərin sözlərinə görə, bu problemlərdən uzaq olmaq üçün 18-60 yaşlı insanlar gün ərzində 7 saatdan az yatmamalıdır.

 

“Ədəbiyyat və incəsənət”

 

(11.01.2023)

 

Wednesday, 11 January 2023 19:00

“Məndə əzablardı, məndə kir deyil…”

“Ədəbiyyat və incəsənət” Poetik qiraət rubrikasında sizlərə şair Əlizadə Nurinin yeni şeirini təqdim edir. 

 

Bəlkə günah elə baxışlardadı,

Bəlkə də bu dünya heç kifir deyil?

Məni yağışlar da yuya bilmədi-

Məndə əzablardı, məndə kir deyil…

 

Qoy, girim altına- söz də çətirsə…

Yola yol deyərəm, səni gətirsə.

Allah hamımızın içindədirsə,

Onda səhv etmişik- allah bir deyil.

 

Ölü anladanda, diri anlaya,

Gərək pirə gedə, piri anlaya!

Biri başa düşməz, biri anlayar-

Dünyada heç kimsə həmfikir deyil.

 

Baha başa gəlib- bu bahardısa,

Qəmi də dərərlər,qəm də bardısa.

Əgər bu dünyada allah vardısa-

Deməli, dünyada heç nə sirr deyil.

 

Üzünü dəyişsən, üzünə baxmaz,

Tüstün əyri çıxsa, közünə baxmaz!

Bu qələm özgənin sözünə baxmaz-

Sürgünə getsə də, o, əsir deyil…

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

Müharibə zamanı da onlar BMT-də bizə qarşı bir təşəbbüsə əl atdılar. O vaxt alınmadı, Qoşulmama Hərəkatına üzv olan ölkələr bunun qabağını aldı.

 

AzərTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində Fransanın anti-Azərbaycan mövqeyindən danışarkən bildirib.

Praqa görüşünü xatırladan dövlətimizin başçısı deyib: “Bu, Brüssel formatının davamı idi, sadəcə olaraq, Fransa Prezidenti iştirak etmişdi. Amma bir həftə ondan sonra nələr demişdi Azərbaycan haqqında. Mən də ona cavab verməli oldum. Ona görə biz, sadəcə olaraq, cavab verirdik. Onların Senatı, Milli Assambleyası anti-Azərbaycan qətnamələr qəbul edir, bizim Milli Məclis cavab olaraq bəyanat qəbul edir. Frankofoniyada uğursuzluğa düçar oldular, bir neçə ölkəni təzyiq altında saxlamaqla heç nə əldə edə bilmədilər. BMT-də heç nə əldə edə bilmədilər”. 

Prezident İlham Əliyev qeyd edib ki, bu, qeyri-normal bir vəziyyətdir və onu bu səviyyəyə çatdıran biz olmamışıq. Ona görə əgər bu vəziyyəti normallaşdırmaq fikri olarsa, əlbəttə ki, təşəbbüskar biz olmayacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

Ən çox oxunan: “İki ay idi infarkt keçirəcəyimi hiss edirdim. Ailə üzvlərimi qorxutmaq istəmirdim. Qızım Qarabağa getməli idi. Həyat yoldaşım nəvəmi götürüb, qızımı yola salmağa getdilər. Gördüm ki, ürəyim sancır. Gəlinimdən ürək dərmanı istədim. Dərmanı içib, yuxuladım. Gecə saat ikidə gördüm ki, ürəyim dağılır. Ürəyim qoymadı yatmağa".

 

“Ədəbiyyat və incəsənət” bizim.media-ya istinadən bildirir ki, bu sözləri bir neçə həftə əvvəl ürəyindən infarkt keçirən Xalq artisti Vahid Əliyev "Elgizlə izlə" ictimai-sosial verilişində deyib.

Səhhəti ilə həyat sınağından keçən sənətkar başına gələnləri bu cür ifadə edib:

“Təcili yardım çağırdıq. Sonra getdim həkimə. Onlar mənə açıq ürək əməliyyatı keçirməyimi məsləhət gördülər. Ürək nə etsin? Ürək nə qədər tab gətirə bilər? Sənət adamını öldürmək çox asan məsələdir. İşləyən, zəhmətkeş insanın rollarını əlindən al, laqeyidlik göstər... Qadın ki, bir baxışdan məhv olur. Səhnə adamı da laqeyidlikdən məhv olunur. Həyatdır da... Çox maraqlı həyatdır... Tamaşaçılar məni həyatda olmayan zaman anlayıb, başa düşəcəklər".

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

Azərbaycanlı rejissor, ölkə xaricində yaşayan Anar Hüseynov vəfat edib. “Ədəbiyyat və incəsənət” axşam.az-a istinadən bildirir ki, bu barədə müğənni Rəqsanə İsmayılova sosial şəbəkədə məlumat yayıb.

 

Qeyd edək ki, Anar Hüseynov Xalq artisti Aygün Kazımova, mərhum sənətçi Rəhim Rəhimli, müğənnilər Lətifə Soyuöz və Rəqsanə İsmayılovanın kliplərini lentə almışdı. O, uzun müddətdir Rusiyada yaşayırdı.

 

“Ədəbiyyat və incəsənət”

(11.01.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.