Super User

Super User

Monday, 06 February 2023 15:30

Günün fotosu: Roma Papası Sudanda

Günün fotosu: Roma Papası Sudanda

 

Roma Papasının Sudana səfəri major notlarla başa çatıb. Xristian dininin başbiləni Afrikadakı bu böyük xristian ölkəsinə səfər etməklə bir növ, həm Vatikanın, həm ümumən Qərbin ucqar xristian dünyasına qayğısını ortaya qoymuş oldu. 

Foto: AP

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2023)

Monday, 06 February 2023 13:30

“Mən necə aktyor oldum”

“Ədəbiyyat  və incəsənət” portalı yazıçı-dramaturq Əyyub Qiyasın tanınmış teatr və kino xadimlərinin həyatlarından qələmə aldığı maraqlı anları təqdim edir. Növbəti təqdim edilən Şahmar Ələkbərovdur.

 

ŞAHMAR ƏLƏKBƏROV

(1943-1992)

 

***

Orta məktəbdə yaxşı oxuyurdum. Riyaziyyatdan əla alırdım. Orta məktəbi 16 yaşın içində olanda bitirdim. Peşə seçməyimin zamanı çatmışdı. Evdə anam:

– Yaxşı, ay Şahmar, vaxta bir şey qalmadı, sənədlərini hara verəcəksən? – xəbər alanda, bir qədər fikirləşdikdən sonra:

– Yəqin, universitetin şərqşünaslıq fakültəsinə verərəm, – dedim.

Məktəbdən attestatımı alıb evə qayıdırdım. Təsadüfən İncəsənət İnstitutunda qəbul imtahanlarının daha tez keçirildiyi barədə elanı oxudum. Evdən xəlvət özümü sınamaq üçün sənədlərimi incəsənət institutuna verdim. Tale elə gətirdi ki, qəbul olundum.

Anam evdə bu xəbəri eşidəndə çox pərt oldu:

– Heç səndən aktyor çıxar? Nə qədər gec deyil, get sənədlərini götür. Gələn il şərqşünaslığa verərsən.

– Narahat olma, ana, – dedim, – əgər qəbul olmuşamsa, aktyor da olacağam…

 

 “Ədəbiyyat və incəsənət”

(06.02.2023)

 

 

Monday, 06 February 2023 15:00

İnanılmazı inanılan etdi

Öz üzərində daim çalışan, zirvələr fəth etməyə can atan velosipedçi Ramil Ziyadov Azərbaycan adına bir ilkə imza atıb.

 

O, ikitəkərli atı ilə Yer kürəsinin ən böyük materiki olan Avrasiyanın ən uzun yolunu - 15 050 km-lik Maqadan (Rusiya) - Saqreş (Portuqaliya) yolunu qət edib. 

Alqışlar həmyerlimizə!

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2023)

Gənclər Günü münasibəti ilə Gənclər və İdman Nazirliyi ən müxtəlif nominasiyalar üzrə il ərzində fərqlənən gəncləri “Gənclər mükafatı” ilə təltif edib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, "Ədəbiyyat" nominasiyası üzrə Orxan Cuvarlı və Aytac Sahəd laureat olublar və Gənclər və İdman Nazirliyinin təqdim etdiyi mükafatla təltif ediliblər.

Qeyd edək ki, təltifetmə mərasimi 2023-cü ilin "gənclər paytaxtı" seçilən Mingəçevir şəhərində baş tutub.

Foto: Zaur Mustafayevindir.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2023)

Monday, 06 February 2023 14:30

“Gəl birlikdə yanaq…”

“Ədəbiyyat və incəsənət” “Oxucularımızın yaradıcılığı” rubrikasında Səbinə Yusifin “Gəl birlikdə yanaq” essesini oxucularına təqdim edir. 

 

- Bilirsən mən necəyəm?

- Necəsən?

-Dalğaların sahilə atdığı balıq kimi çırpınıram.

- Niyə? Nə olub?

- Səbəbsiz.

- Bilirsən, Vurğun babamız nə deyib? Deyib ki, "Səbəbsiz deyildir həyatda nə qan,

Nə ölüm, nə sevda, nə dağda duman.

Bütün fəlakəti yaradır insan,

Mən bu həqiqəti səndən öyrəndim".

- Hə, demək belə. Deyirsən, səbəbsiz deyil çırpınmağım. Həqiqəti bilmək istəyirsən?

- Bəli.

- Səbəbi sənsən.

 

*

- Nədən qovuşması mümkün olmayan bir sevgi üçün əziyyət çəkməliyik?

- Hansı iş ki, asanlıqla alınır, orda Eşq yoxdur. Eşq olan nə varsa sıldırımlı yollardan keçir. Əziyyət olur, iztirab olur, göz yaşı olur. Fikirlərin bir-birinə qənim kəsildiyi anlar olur. Yunis İmrəni yada sal:

"Mən yürürüm yana-yana,

Eşq boyadı məni qana,

Nə aqiləm, nə divana,

Gəl gör məni eşq neylədi!"

- Onsuz olmazmı?

- Yanmasan həqiqi Eşqi tapa bilməzsən.

- Onda gəl birlikdə yanaq!

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2023)

Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərovun vəzifəsinə xitam verilib.

Teatrın direktor müavini İntiqam Hacılı direktor vəzifəsini müvəqqəti olaraq icra edir. Hazırda teatrda təhvil-təslim işləri aparılır.

 

İntiqam Hacılı isə bildirib ki, Lənkəran teatrında hazırda aparılan təhvil-təslim prosesi indiyə kimi bu formada aparılmayıb.

“Belə bir təhvil-təslim prosesi indiyə kimi bizim teatrda aparılmayıb. Yəni nə varsa, hər bir şeyin hesabatını aparırıq. Tofiq Heydərov əvvəl bu prosesi bir az ləngitdi, ona görə proses yanvarın 28-dən başladı. Bir neçə günə, yəqin ki, bitər”.

Mədəniyyət Nazirliyi Lənkəran Dövlət Dram Teatrının direktorunun işdən çıxarılması məsələsinə aydınlıq gətirib.

Bu barədə APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Tofiq Heydərov Nazirliyin müvafiq əmri ilə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatması ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verilib.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2023)

Fransanın paytaxtı Parisdə Azərbaycanın Dostları Assosiasiyasının (ADA) toplantısı və Azərbaycanın tanınmış skripkaçısı, bəstəkar və dirijor Anar İbrahimovun konserti keçirilib.

 

“Ədəbiyyat və incəsənət” “Report”a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Fransadakı səfirliyinin dəstəyi və Fransada Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin Fransadakı səfiri Leyla Abdullayeva, Türkiyənin Fransadakı səfiri Ali Onaner, Azərbaycanın Dostları Assosiasiyasının (ADA) vitse-prezidenti, UNESCO-nun xoşməramlı səfiri Hedva Ser, ADA-nın fəxri prezidenti Jan Fransua Mansel, incəsənət xadimləri, yerli jurnalistlər və digər şəxslər iştirak ediblər.

 

Tədbiri ADA-nın baş katibi Mirvari Fətəliyeva açaraq Assosiasiyanın 2022-ci ildə həyata keçirdiyi layihələr və 2023-cü ildə nəzərdə tutulmuş layıhələr haqqında məruzə edib.

 

Leyla Abdullayeva Fransanın Azərbaycandakı ilk səfiri Jan Perən tərəfindən yaradılmış, hazırda sabiq deputat Jerom Lamberin rəhbərliyi altında fəaliyyət göstərən Asossiyasoyanın fəaliyyətinin dəyərləndirdiyini bildirib.

 

Səfir hər iki ölkə arasında körpü rolu oynayan, ADA nın Azərbaycanın tarixininin, mədəniyyətinin fransız ictimaiyyətinə çatdırılmasında gördüyü işlərin əhəmiyyətini vurğulayıb. L.Abdullayeva xüsusilə ADA üzvlərinə Azərbaycan xalqının çətin anlarında dəstəyini əsirgəmədikləri üçün təşəkkürünü bildirib.

 

ADA-nın idarə heyətinin üzvü Jerom Begən Asossiasiyanın üzvlərinə son dövrlər Azərbaycanda baş verən siyasi və ictimai vəziyyət haqda, qurumun fəaliyyətinin genişləndirməsi məqsədi ilə 2023 cü ildə Azərbaycanın zəngin mədəniyyətini tanıtmaq üçün Fransanın müxtəlif regionları ilə sıx əlaqələr qurulması barədə danışıb.

 

Azərbaycanlı skipkaçı Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin, Tamara İbrahimovanın, dünya bəstəkarlarından Edvard Edqar, Antonyo Vivaldinin və eləcə də Azərbaycanın mədəniyyət beşiyi Şuşaya həsr etdiyi əsərini ifa edib. Anar İbrahimovu pianoda Anastasiya Avdejeva Bramo müşayiət edib.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2023)

Hindistanda Beynəlxalq Hotel İdarəetmə İnstitutunun təşkilatçılığı ilə “Beynəlxalq Gənc Aşpazlar Olimpiadası 2023” (Young Chef Olympiad 2023) başa çatıb.

“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, 9-cu dəfə keçirilən yarışda 53 ölkənin gənc aşpazları mükafat uğrunda mübarizə aparıblar. 

 

Olimpiada iştirakçıları ilkin mərhələdə qruplara bölünərək Hindistanın müxtəlif şəhərlərində mübarizə aparıb. Ən uğurlu 10-luq siyahısına düşən komandalar Kəlkütə şəhərində final mərhələsində yarışıblar. Dünyaca tanınmış kulinarların və aşpazların, o cümlədən alman, fransız mütəxəssislərin daxil olduğu münsiflər heyətinin qərarına əsasən Azərbaycanı təmsil edən gənc aşpaz Emil Zeynalzadə nüfuzlu yarışın qalibi olub. İkinci yeri Tailand, üçüncü yeri isə Hindistan aşpazı tutub.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2023)

Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq”  layihəsini sizlərə təqdim edir

 

 

 

Əslində, uğur formulası ümumi olduğu qədər də spesifikdir, yəni bir xalq üçün lazım olan uğur qazanmaq keyfiyyətləri başqa bir xalq üçün aparıcı olmaya da bilər. Məsələn, Azərbaycanda (ümumən Şərqdə) uğur formulasında mental qayda-qanunlara, davranış tərzinə istinadı, möhkəm ailə faktorunun, nümunəvi tərbiyənin rolunun hegemonluğunu, milli kökə və dini mənsubiyyətə bağlılıq faktorunu spesifikliyə aid edə bilərik.

Mən öz şəxsi təcrübəm, eləcə də illərdir ki, davam edən müşahidələrim nəticəsində uğurun qazanılmasında aşağıdakı parametrləri xüsusi olaraq qabardardım:

 

Milli kök və dini mənsubiyyətə bağlılıq.

Hər bir fərd öz milli kökünə bağlanmalıdır, dininə hörmət etməlidir. Min illər boyu gələn adət-ənənələr, davranış qayda-qanunları, atalar sözləri, məsəllər və digər folklor nümunələri, oyunlar və ayinlər birləşərək fərdin milli xarakterini formalaşdırır.

Milli kökə bağlı insan öz qabında olan insandır, başqa qabda isə insan heç vaxt özünü rahat hiss eləyə bilməz.

Milli kökü, dini olmayanın istinad nöqtəsi olmaz. İnsan nə qədər kosmopolit olsa belə yenə milli xarakterini qorumalı, nə qədər ateist olsa belə yenə xalqının dini inanclarına hörmət etməlidir.

 

 “Ədəbiyyat və incəsənət”

(06.02. 2023)

 

“Heydər Əliyev İli” çərçivəsində Dənizkənarı Milli Parkda konsert proqramı təşkil olunub. Bu barədə Yeni Azərbaycan Partiyasının saytında məlumat verilir.

 

Qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planı çərçivəsində bir sıra idman növü üzrə yarışların, mədəni-kütləvi konsert proqramlarının təşkili nəzərdə tutulur.

Tədbirlər Planına uyğun olaraq, fevralın 5-də Dənizkənarı Milli Parkda konsert proqramı keçirilib. “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan konsert proqramında tanınmış gənc ifaçılar çıxış ediblər. 

Konsert proqramının təşkil olunmasında məqsəd yeniyetmə və gənclər arasında milli-mənəvi dəyərləri təbliğ etmək, sağlam və narkomaniyadan uzaq gəncliyin formalaşmasına töhfə verməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(06.02.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.