Super User
Sadıq Qarayevin əsərlərində Heydər Əliyevin tərənnümü diqqət mərkəzində olacaq
Martın 3- də, saat 16.30- da Zığ qəsəbəsində yerləşən Heydər Əliyev adına Hərbi İnstitutda müəllim və kursant heyətinin yazıçı-alim Sadıq Qarayevlə görüşü keçiriləcək. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Sadıq Qarayev məlumat verib.
"HEYDƏR ƏLİYEV-100. Azərbaycançılıq məfkurəsi milli dövlətçiliyimizin işıqlı yoludur: Yazıçı- alim Sadıq Qarayevin əsərlərində Heydər Əliyev ideyaları və azərbaycançılıq" mövzusunda olacaq görüşdə yazıçı-alimin Ümummilli lider barədəki fikirləri diqqətə çatdırılacaq.
“Ədəbiyyat və incəsənət”
(27.02.2023)
“Səninləyik, Türkiyə!” adlı solo konsert keçirilib
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi zalının səhnəsində “Gənclərə dəstək” layihəsi çərçivəsində Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasının şagirdi beynəlxalq müsabiqələr laureatı Surə Rüfətin (Əməkdar müəllim, professor Fatimə İdiyatulinanın sinfi) “Səninləyik, Türkiyə!” adlı solo konserti keçirilib.
Filarmoniyanın mətbuat xidmətinin məlumatına görə, öncə qardaş Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yaralananlara Allahdan şəfa dilənib.
Musiqili gecədə Azərbaycan Milli Konservatoriyasının baş müəllimi Svetlana Əhmədova (piano), bədii qiraətçi Pərvanə Talıbova, beynəlxalq müsabiqələr laureatları Şəfəq Abdullayeva (orqan), Toğrul Məmmədov (piano) öz çıxışlarını dinləyicilərə təqdim ediblər.
Proqramda Azərbaycan və Qərbi-Avropa bəstəkarlarının əsərləri səslənib.
Sonda Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri konsertin iştirakçıları və təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.
“Ədəbiyyat və incəsənət”
(27.02.2023)
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli vətəndaşlarla görüşüb
Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifəsini icra edən Adil Kərimli fevralın 24-də Hökumət Evindəki Vətəndaş Qəbulu Mərkəzində (Bakı şəhəri, Ü.Hacıbəyli küçəsi, 84) vətəndaşları qəbul edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, qəbulda Bakı şəhəri üzrə 24 vətəndaşın müraciəti dinlənilib. Müraciətlər müxtəlif mövzuları əhatə edib, o cümlədən yaradıcı əməyin qiymətləndirilməsi, mədəniyyət və incəsənət xadimlərinə fəxri adların, fərdi təqaüdlərin verilməsi, sahə ilə bağlı təklif, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.
Bütün müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlər müvafiq qaydada qeydə alınıb. Hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qeyd olunan məsələlərin qanunvericiliyə uyğun həlli barədə struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verilib. Həmçinin qəbulda səslənən bir sıra məsələlərlə əlaqədar lazımi tədbirlərin görülməsi tapşırılıb.
Görüşdə şəhid ailələrinin qaldırdıqları məsələlərə xüsusi həssaslıqla yanaşılması, vaxtında və obyektiv baxılması məqsədilə hər bir müraciət qeydiyyata alınaraq nəzarətə götürülüb.
“Ədəbiyyat və incəsənət”
(27.02.2023)
Özümdən özümə məktub
“Ədəbiyyat və incəsənət” portalı “Redaksiyanın poçtundan rubrikasında Əməkdar mədəniyyət işçisi Zahirə Dadaşovanın“Özümdən özümə məktub” essesini təqdim edir.
Salam, əzizim. Necəsən? Bilirəm ki, məndən incimisən. Amma sənə yazdığım məktublar hamısı cavabsız qalmış, mənimlədir. O məktublar sənə çata bilməzdi, əsir idin. Bil ki, gözəlim, mən o məktubları sənə göz yaşlarım, ürəyimin qanıyla yazmışdım. Sənin necə də qəribə taleyin var?! Ömrümüzə qara yazılan illərdə hara getdimsə səni axtardım, aradım... Gecələr ulduzların arasında, çiçəkli yamyaşıl yamaclarda, dərələrdə, bulaqların şırıltısında, əsən küləklərdə, dağların zirvəsində, sevən könüllərdə, dərdli-qəmli ürəklərdə axtardım səni. Tapmadım...
Gözəlim! Sən mərdliyinlə, qürurunla öyünürdün. Sənin gözəlliyinə kimlər məftun olmamışdı?! Yadlar gəldi, səni məndən almaq istədilər, ala bilmədilər. Səni sıldırım, əlçatmaz yerlərə apardım. Döyüşdüm. Nə qədər səni sevənlər qanlarını tökdülər, qoymadılar ki, Azərbaycan gözəli yadlar əlinə keçsin.
Qaşı qara, gözü qara, gözəllər gözəlim! İlk baxışdan sənin qara gözlərin, baxışın yağının gözündən qaçmadı. Səni əldə etmək üçün qəsdinə durdular. O müdhiş qaranlıq gecədə Şeytan mələk biçimində hiyləyə əl atdı. Yer titrədi, göy guruldadı, əcaib əjdaha sifətlilər səni əsir götürüb igidlərin tikdiyi qalada saxladılar. O qala şüşədən idi. Ona görə elə qala tikilmişdi ki, bir gün şüşə sınarsa o şüşələr Gözəlimi oğurlayanların üstünə tökülüb onları məhv etsin. Amma onlar səni məhv etmədi, əsir saxladı, tabe olmadığını görüb sənə zülm etdilər. Əllərin əlimdən uzaq düşdü. Ruhumu ruhuna bağladım, sənin həsrətinlə ağladım, ah-fəğan etdim. Leylini sevən Məcnun tək tənhalığa üz tutdum. Sevdiyin çiçəyi axtardım, şehsiz çiçəklərə rast gəldim.
Qəmdən, kədərdən uzaq yaranmış mələklər də ağladı, göz yaşı tökdü o gecə.
Sənin iniltini hər gecə eşitdim. Səsin həmişəki səs deyildi, zəngulə vurmurdu. O mehriban və səmimiyyət dolu səsində indi ağrı, kədər, inilti vardı, xəstə olduğunu duydum - sən heç vaxt bu əzabları mənə deməzdin, bildirməzdin!
Ölmək istədim, ölə bilmədim. Gözlər gəldi gözlərimin önünə. Hara gedirsən, özünü unudub hara gedirsən. Özünə kənardan baxa bilməyən o gözləri kor et əvvəlcə. Qəlbim parçalanıb muma döndü. Sənə olan sevgim sönməyən şama dönüb illərlə yandı. Qanlı göz yaşları axdı yanaqlarımdan. Məni yaşadan yalnız sənə olan sevgim oldu.
Ah, necə oldu axı, mən sənin içində qovrulan o ağrılı ruhunu duya-duya yaşadım. Yer xəcalətindən bir daha ətirli gül bitirmədi ki, gözəlim o gülün ətrini duymayacaq. O gülün yerində tikanlar bitdi yalnız.
Tanrım mənə dözüm verdi. Tanrıya güvəndim, möcüzə gözlədim. Sevginin məhv olduğu yerdə nifrət daha da güclənər deyirlər. Üzümüzə nurlu sabahın açıldığı bir yaz səhərində dedim: Daha bəsdir! Hayqırdım...Dağlar bu səsdən diksindi, yer, göy yandı, töküldü.. Yenə də sənə çata bilmədim. Yağı sənin qarşında çal-çağır edib mənə yanğı verdi. Bu dərdə necə dözdüm. Qanlı qaladan səni necə geri alacağımı fikirləşdim, fikir yollarında azıb qaldım, bir an keçənləri unudaraq yenə yaşamaq istədim. Bacarmadım. Necə yaşamaq olar? Günəşə həsrət qalan kor insan kimi yalnız bu kəlmələrlə özümü sakitləşdirdim: Gözlə, gələcəyəm! Mütləq səni azad edəcəyəm! Əllərimi uca tanrıya uzadıb möhlət istədim. Tanrıdan bir səs gəldi: - Səbr et, o gün gələcək. Səbr etdim, səbrimə “qorxdu” dedilər.
Bir nur üzlü pəhləvan peyda oldu, bəyan etdi ki, mən Azərbaycan gözəlini o əjdahanın əlindən qurtaracağam. Ağ atlı pəhləvan çox çətin bir yola çıxdı. Vətən torpağını sevənləri öz ətrafına topladı, onları qanlı döyüşə səslədi. “Allahu əkbər”- deyib, yağı üstünə atıldı. Qeyrətli, namuslu, Azərbaycan gözəlini onların əlindən aldı. O zəfər günü Şiş dağlarda sənin xilasına gələnlərə Tanrı da kömək etdi. Duman dağlara üz tutan xilaskarlarını düşməndən gizlətdi. Nəhayət sən əsirlikdən xilas oldun.
Ey, Azad Azərbaycanın məğrur gözəli! Üzündən xəcalət rübabını götür. Qoy bütün dünya bilsin ki, Sən azadsan! Yaralarını sağaldacaq məlhəmlərin hazırdır. Tez bir zamanda sağalacaq, yenə də mənə qayıdacaqsan. Artıq Vətənsevənlər od nəfəsləriylə sənə uzanan xain əlləri yandırdılar, kül etdilər. Həmin anda sən od saçan gözlərə, qaynar nəfəslərə baxıb, zənciri qırılan qollarını irəli, mənə uzatdın:- “Mən səni gözləyirdim, inanırdım ki, gələcəksən. Sənin eşqinə, sevginə inanırdım. Sən, qanqal dolu yollarla ayaqyalın gəldin yanıma, mənim xilaskarım. İndi əllərimi sənə uzadıram, tut əllərimdən məni ayağa qaldır. Mən azadam, sənə qayıdıram. Bizləri ayıran yollar artıq bir ünvandadır. Biz birlikdəyik!”
Zülmət dolu acılı günlər sevinclə əvəz olundu. İçimdən bir səs gəldi, bağırdım:- Daha yanındayam, səni heç kəsə bir daha vermərəm!
Uşaq kimi sevinib, qədəmlərinə “qurban” dedim.
“Ədəbiyyat və incəsənət”
(27.02. 2023)
“Azərbaycan” pavilyonunda “Xoca” filminin qapalı nümayişi keçirilib
Moskvada, Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində yerləşən “Azərbaycan” pavilyonunda azərbaycanlı rejissor Vahid Mustafayevin Xocalı soyqırımına həsr olunmuş “Xoca” hərbi filminin qapalı nümayişi keçirilib.
AzərTAC xəbər verir ki, filmin nümayişindən əvvəl tədbir iştirakçıları Xocalıya həsr olunmuş xatirə guşəsinin önünə gül qoyublar.
“Azərbaycan” pavilyonunun direktoru Səadət Qədirova tarixin gənc nəslə ötürülməsinin vacibliyindən danışıb. O deyib: “Biz dəhşətli faciənin qurbanlarının xatirəsini anırıq. Bu, tariximizin ən kədərli və faciəli səhifəsidir. 1992-ci ildə yatmış dinc Xocalı şəhərinə erməni silahlı birləşmələrinin hücumu yadımızdadır. Bu faciə biz azərbaycanlılar üçün başlanğıc nöqtəsi oldu”.
S.Qədirova qeyd edib ki, bu gün filmin nümayişinə gənclər dəvət olunub, çünki məhz gənclər bizim gələcəyimizi quracaq. “Biz gənc nəslin öz tarixini bilmələrini çox mühüm hesab edirik. Bu ağrı-acı bizim ürəyimizdə həmişə yaşayacaq. İkinci Qarabağ müharibəsində düşmənə Qələbə ilə cavab verdik və bütün dünya birliyinə sübut etdik ki, biz özümüzü müdafiə etməyi və müqavimət göstərməyi bacaran xalqıq”, - deyə S.Qədirova sözünə yekun vurub.
Sonra Azərbaycan alimi və tarixçisi, Qafqaz Tarixi Mərkəzinin direktoru, UNESCO bölməsinin dosenti Rizvan Hüseynov tədbirdə onlayn rejimdə çıxış edib.
Pavilyonda, həmçinin Xocalı hadisələrinə həsr olunmuş fotosərgi də təqdim olunub.
“Ədəbiyyat və incəsənət”
(27.02.2023)
Vilnüsdə litvalı jurnalistin “Xocalıya ədalət!” adlı fotosərgisi açılıb
Litva paytaxtındakı Jurnalistlər Evində Xocalı soyqırımının şahidi, Qarabağ müharibəsi həqiqətlərini dünyaya çatdıran litvalı jurnalist Riçardas Lapaitisin “Xocalıya ədalət!” adlı fotosərgisi açılıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatına görə, sərgidə Azərbaycanın Litvadakı səfirliyinin əməkdaşları, Azərbaycan icmasının, yerli ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Azərbaycanın Litvadakı səfiri Tamerlan Qarayev ölkəmizin başına gətirilən bu dəhşətli faciəni unutmağın qeyri-mümkün olduğunu bildirib. “Hər bir ölkədə bədbəxt hadisələr olur. Amma Xocalı soyqırımı elə faciədir ki, dünya ona susdu. Xocalıda həlak olanların sayını bilirsiniz? Mən dəqiq sayı deməyəcəm. Çünki hələ də onlarla insan tapılmayıb, onların taleyinin necə olduğu bilinmir. Əgər Xocalı faciəsinə qarşı hansısa reaksiya olsaydı, əminəm ki, bu gün dünyada bənzər hadisələr baş verməzdi”, - deyə səfir nəzərə çatdırıb.
Xocalı soyqırımını işıqlandıran azsaylı insanlara, o cümlədən də Riçardas Lapaitisə təşəkkürünü bildirən diplomat vurğulayıb ki, 30 il ədalət gözləməkdən yorulan Azərbaycan xalqı ölkəmizə və mülki azərbaycanlılara qarşı olan zorakılığa cavab vermək üçün 2020-ci ilin payızında hərbi gücə əl atmağa məcbur oldu və torpaqlarımızı işğaldan azad etdi.
Riçardas Lapaitis çıxışında vurğulayıb ki, dünya ictimaiyyəti hələ də Xocalı soyqırımı ilə əlaqədar ədalətli mövqe bildirməyib. Jurnalist 1992-ci ildə Xocalı qətliamından sonra çəkdiyi şəkillərin tarixçəsi barədə danışıb.
Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Xocalı soyqırımı haqqında broşürlər, nişanlar və "Sonsuz dəhliz" filminin diskləri tədbir iştirakçılarına paylanıb.
“Ədəbiyyat və incəsənət”
(27.02.2023)
Dünən Park Sinemada Xocalı ilə bağlı filmlər ödənişsiz nümayiş olunub
Azərbaycan Televiziyası Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə 3 bədii-sənədli film hazırlayıb. Bu filmlərdən biri “Ağrı”, digəri “Xocalı səmasının şahidləri”, o biri isə “Ağrılı ümidlər: Xocalı hekayəsi” adlanır.
Fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş soyqırımını lentə alanlar gördüklərini ilk dəfə Azərbaycan Televiziyasında nümayiş olunan “Ağrı” filmində danışıblar.
“Xocalı səmasının şahidləri” filminin qəhrəmanları isə Xocalı faciəsinin ilk şahidləridir. Məhz onların ötürdükləri informasiyadan sonra dünya bu amansız faciədən xəbər tutub. Çəkilişlər faciənin baş verdiyi məkanda aparılıb. Xocalı faciəsinə işıq tutan xatirələr izləyiciləri o illərə aparır.
Xocalının işğaldan sonra ən yaxın görüntüləri ilk dəfə “Ağrılı ümidlər: Xocalı hekayəsi” filmində nümayiş olunub. Çəkiliş qrupu indiyə kimi heç bir televiziya kanalının gedə bilmədiyi nöqtələrdən çəkilişlər edib.
Çəkiliş qrupu Xocalı qırğını vaxtı lentə alınan real kadrların izi ilə araşdırma aparıb. Filmin baş qəhrəmanı o zaman Ağdam məscidinin qarşısında belə bir fikir səsləndirmişdi: “Heydər Əliyev hakimiyyətdə olsaydı, Xocalı faciəsi baş verməyəcəkdi”. Adi bir gəncin o vaxt cəsarətlə söylədiyi fikir filmin leytmotivini təşkil edir.
Hər üç film AzTV ilə yanaşı “Park Bulvar”da yerləşən “Park Cinema” kinoteatrında da ödənişsiz nümayiş olunub.
“Ədəbiyyat və incəsənət”
(27.02.2023)
“Kədər doğmalaşdırırmış, pis gün yaxınlaşdırırmış...” – Maya İmranın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə nəsrdir, Maya İmranın “Şəhid eşqi” hekayəsini təqdim edirik.
Axşam saat 20:47...
Telefonumun mesaj zəngi bu dəfə qulağıma daha həyəcanlı gəlir:
“Uşaqlar, hazır olun. Bir neçə saata işə çağıra bilərik sizi. 50 şəhidimiz var.
Dəfnlər çəkilməlidir...”
Bir televiziya işçisi üçün cəbhədən gələn qara xəbər budur..
Ardınca mövzuya uyğun cavab mesajları yazılmağa başlayır:
– Aydındır...
– Baş üstə.
– Hazırıq.
Beş dəqiqə keçməmiş növbəti mesaj:
“Şəhid balamız Səbuhi Əhmədov sabah 09:30-da II Fəxri xiyabanda dəfn
olunacaq. Şəhidimizin bizdən başqa heç kimi yoxdur. Sabah onu son mənzilə
hamılıqla yola salaq, ilk dəfə yetimliyini hiss etməsin...”
***
Səhər hava tutqundu. Taksi sürücüsü əhvalsız, radio səmirsiz, gözə görünən hər
şey kədərli görkəm alıb.
Səbəb hər kəsə aydındır, amma heç kimin deyəcək sözü yoxdur. Sanki hər kəs
hönkürüb, haray qoparmaq üçün bir kəlməyə bənddir. Amma bu kəlməni deməyə
kimsənin “cürəti” çatmır. Şirkətin əsas dəhlizindəki böyük monitor “Şəhidlər ölməz, Vətən bölünməz” şüarını yayımlayır. Amma 2020-nin 44 günündən sonra sanki “Şəhidlərin ölməzliyi” belə onların yoxluğuna təsəlli ola bilmək gücünü itirmişdi.
Zənnimcə, o sehirli güc 44 günə güc-bəla ilə yetmişdi. Daha gənckən torpağa qarışan igidlərin yoxluğuna təsəlli ola biləcək söz, fikir yox idi. Ona görə görüb, oxuduğum bu fikir kədərimi zərrə qədər də azaltmadı.
***
– Hələ cənazə gətirilməyib axı. Bir saat əvvəldən niyə gedək?
– Tez getməyin ziyanı yoxdur. İzdihamda hərəkət etmək çətin olacaq.
Əvvəlcədən kameraya uyğun yer seçə bilək.
***
Bizi II Fəxri xiyabanın hündürboy, 30-35 yaşında mühafizəçisi qarşılayır.
– Xanım, hələ içəriyə girməyə icazə verilmir. Ziyarətçilər üçün qapılar yarım
saat sonra açılacaq. Zəhmət olmasa, səbirli olaq, gözləyək.
Gecədən bəri gördükləri, yaşadıqları alicənablığına xələl yetirməmişdi.
Kədərdən qaralmış kimi idi. Barmaqları arasında tüstüləyən siqaretin külü də xeyli
yığılmış, deyəsən, tüstüsünü ciyərinə çəkməyi də unutmuşdu. Dağınıq, kədərli, amma işindən dolayı deyəcəklərini, davranışını yerində edəcək qədər şüurlu idi. Sanki gün başlayandan Səbuhi Əhmədovun yad olan bacı-qardaşları ona yaxınlaşıb dəfn üçün xiyabana girməyə icazə istədikcə o, mənsub olduğu xalqın birliyindən güclənir, icazə vermədiyinə görə utanır, “Yox”u belə dərin təşəkkür hissinə qarışmış halda söyləyirdi.
Biz bu günlərdə kədərdən birləşən, güclənən xalq olduq. Biz elə bil bu günlərdə
öyrəndik tanımadıqlarımızla doğmalaşmağı, qucaqlaşmağı. Kədər doğmalaşdırırmış, pis gün yaxınlaşdırırmış..
...Və budur. Qapılar açılır, Səbuhinin tanımadığı doğmaları onu ilk və son dəfə
görmək üçün sıralanırlar. Zaman heç vaxt bu qədər ağır irəliməmişdi, saniyələr belə uzun çəkməmişdi. Ötən hər dəqiqə ürəyimin yağını çəkib aparırdı özü ilə. Qəhər zəli kimi boğazıma çökmüş, gözlərimdən axacaq hər damla yaşa qənim kəsilmişdi. İnsan ağlamadan, səssizcə fəryad edə bilərmi?! Bax onu yaşayırdım şəksiz-şübhəsiz!
Əlimdəki mikrofon gözümdə təyinatını itirmişdi, bura “iş səbəbilə” gəldiyimə görə
utanırdım hətta. Burda olmaq vicdan, şəhid sevgisi, onun ölümünə üzülmək, bu acını özündən olanlarla bölüşmək məqsədi daşımalıdır yalnız! Bəlkə, buna görə qapıdan birlikdə girdiyimiz operatorun harada olduğundan xəbərsiz idim.
Nə də olsa, bura niyə gəldiyimizi unutmadığına inandırdım özümü. Bizim
burda gördüklərimizi burda ola bilməyən daha neçə insana məhz biz çəkib göstərməli
idik.
***
“SOS Uşaq Kəndləri Azərbaycan” adından əklil gəldi. Uşaqlığını,
yeniyetməliyini yaşadığı bu “ev”dən Səbuhiyə son hədiyyə idi. Bəlkə də, həm də ilk.
Bilmirəm, elə uşaqlığı, o “ev”in divarlarına sığdırdığı kədəri, kimsəsizliyi də bundan daha “dəyərli” hədiyyə görmüşdümü?! Ruhuna zərrə qədər xoş gələ bilmişikmi Səbuhinin?! Qədərindən küskünlüyünü heç azalda bilmişikmi?! Bəlkə də, tanımadan küsmüşdür hər birimizdən. Bəlkə, istəyi, bizdən gözlədiyi başqa olub illərlə. Lap o gözü yolda qalan vaxtlarda. Müəlliminin dediyi kimi, “gözü pəncərəyə boylandığı illərdə” arzulamışdı bizi, bəlkə də. Birimizi, beşimizi heç olmasa. Bu qədər göz yaşı da yox, bəlkə, təbəssüm istəyibmiş o vaxtlarda. Daha asan olanı. Bu qədər sevgi də yox, lap kiçik bir toxunuş, sığal. Amma o zamanlarda! Ehtiyacı olanda!.. Bizim onu tanımadığımız vaxtlarda arzulaşmışdı bizi, bəlkə də! İndi – onun o sığalsız, o gülüşsüz, o sevgisiz böyüyüb, bərkiyib torpağa döndüyü zamanda istəyirmi yüzlərlə gözdən axan yaşı?! İstəyirmi onun saçına dəyməyib, indi torpağını qucaqlayan əlləri?!
***
– Çəkilin, qoyun mən anası kimi ağlayım onu! Qoyun mən onun anası olum bu
gün! – SOS-da ona analıq etmiş sarısaç, ortayaşlı qadın izdihamın içindən çətinliklə keçərək, özünü torpağa vurdu. “Gözəl balam” deyib fəryad edirdi qadın. Bayaqdan qərənfilə bürünmüş, nəm məzarın küncünə bükülmüş gənci qucaqlayıb, “Səbuhisiz nə edəcəksən sən?” deyə haray qoparırdı.
– Bax indi yetim qaldın sən! Sən bu günə qədər yetim deyildin, ay Sənan!
Mənasını itirmiş, donuq gözlər qərənfilə dikilmişdi. Heç bir məna kəsb
etmədən. Kim bilir, nələri xatırlayır, nələr düşünürdü?! Kim bilir, qardaşsızlığın,
yetimliyin dərinliyində necə çabalayırdı! Kürəyinə dəyən “möhkəm ol” yumruqları
yetimliyinin quyusuna atılan daş kimi silkələyirdi onu. Möhkəm dayanmışdı – soyuq, hərəkətsiz, hissiyyatsız, daxili qırıq-sökük olsa da, qamətini düz dayanmağa məcbur edərək. Bu gün anasını, atasını itirmişdi o həm də. Anasını istəyəndə qucaqladığı kürəyi, atasını istəyəndə tutduğu qardaş biləyini, kimsəsizliyinə yeganə həmdəm olan, doğma bildiyi yeganə adı bu gün torpağa verirdi... Torpaq üçün.
Səbuhi təbəssüm dolu baxışını əsirgəmirdi insanlardan. Hər kəs ağlayır, o isə
şəkildən gülümsəyirdi. Bəlkə, bir yaşından həsrətini çəkdiyi anasının gülüşü
qarşılamışdı onu oralarda. Qucaqlamış, doyunca sarılmışlar bir-birinə cənnətdə.
Anasının dizində yuxuya getmiş, sığalıyla yorğunluğunu unutmuşdu illərin. Hər kəs onsuzluğa ağlayır, o isə anası ilə görüşdüyünə uşaqtək sevinirdi orda. Bəlkə də...
***
Molla aramla surələri oxuyur, şəhidlərə Allahdan rəhmət, həyatda olanlara səbir
diləyir. Bu zaman kəsiyində qışqırıq, fəryad səsləri səngiyir, ürəklər, gözlər toxtaqlıq tapır. Gedişat sona çatmaq üzrədir. Molla işini yekunlaşdırır, bu yaraya yaxından- uzaqdan bağlılığı olmayan insanlar özünü öhdəsinə düşəni etmiş hesab edərək II Fəxri xiyabanı tərk edirdilər...
Günortadan keçmişdi... Torpaq üçün can verib torpağa qarışan igidlərin
sıralanan məzarları, gedişləri ilə yetim qoyduqları, bu dərdi bir ömür qaldıra
bilməyəcək, yoxluqlarını sonsuzadək unuda bilməyəcək sayılı insan qalmışdı yerlə
göy arasında – zamanın durduğu, həyatın dayandığı bu yerdə. II Fəxri xiyaban daha bir qonağının gəlişi ilə qürurlanır. Hələ də məzarın küncündən ayağa qalxa bilməyən kimsəsiz qardaş isə gözünü torpağa dönən qardaşından ayıra bilmirdi. Bəlkə də, ayağa qalxsa, yanına gedəcək kimsəsinin olmamasına görə. Bəlkə də, uzun-uzun düşünməsinin səbəbi həm də budur. Ayağa qalxıb hara getsin, kimə getsin?!
Kimsəsizliyin içində azmışdı qardaş...
***
Seyrəlir izdiham... Günəş bugünlük sağollaşır, həyat daha bir səhifəsini
vərəqləmək üzrədir. Daha bir gün keçmişə çevrilməyə hazırlaşır. Yarımçıq
hekayələrin, torpağa dönən arzuların təsirindən çıxmaq, yəqin ki, çox sabahlar tələb edəcək... Bir də gizli olub, gizli ölən eşqin vidasını unutmağı bacarmayacam.
Gedərkən tez-tez geri çevrilib Sənanı izləyirəm. Səbəbini bilmirəm – bəlkə,
nigaranam deyə, bəlkə, sadəcə, qardaşı ilə son dialoqunu görmək, dinləmək istəyirəm.
Sənan üzünü nəm torpağa söykəyib hönkürtü ilə ağlamağa başlayır. Saatlardır
göstərdiyi təmkin, səssizlik bədəlini ödəyir. Yumruqlarını torpağa çırparaq, üzü
səmaya qışqırır, göylər eşitməsə də. Bəlkə də, bu məzarlar da bezmişdi fəryad,
qışqırıq səsindən. Amma göylər hər zaman xəbərsizdir bu səs-küydən. Bəlkə, bu səs- küy göyün qulağına çatsaydı, səma da həmişəlik qaranlıq olardı.
Sənan qardaşı ilə uzun, hüznlü söhbətindən sonra üst-başını təmizləyib,
gözlərini silib, kimsəsizliyin, əbədi qaranlığının ilk gününə addımlayır ağır-ağır...
***
Səbuhi yenə təbəssümlə ətrafına boylanır. Bəlkə, hələ də gözlədiyi, görmək
istədiyi kimsə var.
Addımlarımı yavaşladıb, diqqətimi qara geyimli xanıma cəmləyirəm.
Ala-qaranlıq məzarlığın yeni sakininə – gül-çiçəyə bürünmüş, qərənfil qoxulu,
yaş torpaqlı məzara bir qız yaxınlaşır. Başında qara yaylıq, əlində qalın dəftərçə, iki qərənfil və təpədən-dırnağa sevgidən ibarət...
Pıçıltısını eşitməyə çalışmıram, son görüşlərinə mane olmaq istəmirəm. Sadəcə,
əbədi eşqi – şəhid eşqini izləmək, şəhidin eşqinə əbədiyyətdən olan etirafını eşitmək istəyimə qarşı gələ bilmirəm.
“Görüş” saatdan artıq çəkir... Hörükləri yaylığının altından çıxan xanım ara-sıra
onu alnına doğru çəkir, sanki xoşbəxtlik havasında uçuşmağa alışmış saçlarını bu
gündən qara yaylığa alışdırmağa çalışırdı. Sonra torpağı ovuclayıb, bir dəftərlik quyu düzəltdi. Gətirdiyi gündəliyi öpərək Səbuhiyə bağışladı. Ovuclayıb təpəcik düzəldiyi torpağı dəftərin üstünə səpməyə başladı. Torpağa qoydu, Səbuhi ilə bərabər əbədiyyətə qovuşdurdu sevgisini. Bu gün dəfn etdi Səbuhili günlərini, ilk sevgisini...
Səmada nazik ay görünür, uzaqdan azan səsi eşidilirdi..
“Ədəbiyyat və incəsənət”
(27.02. 2023)
Qazaxıstanda yaşayan 140-dan artıq xalqı və milləti təmsil edən insanlar bu faciəni unutmur
Almatıdan qazax araşdırmaçı-jurnalisti Nasiha Kumarqızı “Ədəbiyyat və incəsənət” portalı üçün yazır.
İnsanlıq tarixininın ən dəhşətli, ən böyük faciəsi, genosidi, fəlakəti olan Xocalı soyqırımının 31-ci ildönümüdür. Dünyadakı 16 sivil dövlətin parlamenti, ABŞ-ın 24 qanunverici orqanı azərbaycanlıların başına gətirilən Xocalı soyqırıımını tanıyıb. Bu fəlakət Xatın, Liditsa, Oradurom, Srebrenitsa fəlakətləri ilə eyni ağırlıqdadır...
O dəhşətli qarlı bir gecədə 26 fevral 1992-ci ildə Xocalıda 613 dinc sakin güllələndi, 63 günahsız körpə, 106 qadın, 70 qoca, 8 ailə əzablar içərisində, zülm içərisində yandırılıb külə döndülər. 25 uşaq həm atasını, həm anasını itirdi. Yetim böyüdülər. 27 ailəni yer üzündən sildilər, hər ailədən bu soyqırıma şahid 1 insan sağ qaldı. Sağ qaldılar ki, azərbaycanlıların dərdini anlamayanlara öz gözləri ilə gördüklərini danışsınlar.
Bu gün beynəlxalq aləmdə də sübut olunub ki, bu cinayətin səbəbkarı həmin illərdəki Ermənistan rəhbərliyinin siyasi elitası olub.
Biz Qazaxıstanlılar, Qazaxıstanda yaşayan 140-dan artıq xalqı və milləti təmsil edən azadlıqsevər və sülhsevər insanlar bu faciəni unutmuruq. Dünən Almatıdakı Dostluq Evində Azərbaycan Assosasiyasının üzvləri ilə Xocalı soyqırımında şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdik.
Anım tədbirimizdə etnik mədəni mərkəzlərin nümayəndələri, Azərbaycan Assosiasiyasının gəncləri iştirak edirdi. Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının sədri Əbülfəs Xamedov, Qərib Məmmədov və mən bu qanlı tarixə qədər olan ffaciələrimizdən, türk xalqının bir daha belə fəlakətlərlə üzləşməməsi üçün görəcəyimiz işlərdən danışdıq.
Sonra Xocalıda şəhid olanların, Türkiyədə zəlzələ nəticəsində həyatını itirənlərin xatirəsinə Quran oxundu. Anım tədbirində Türkiyənin və Azərbaycanın diplomatik nümayəndəliyinin üzvləri də iştirak edirdilər.
Tanrı bütün şəhidlərə rəhmət eləsin!!!
“Ədəbiyyat və incəsənət”
(27.02.2023)
Tanınmış fransız şairi Hamid Larbinin yeni kitabı çıxıb
Tanınmış fransız şairi Hamid Larbinin yeni kitabı işıq üzü görüb.
"Entre paroles et l'infini" (“Lirika və sonsuzluq arasında”) adlanan kitab
Le lys Bleu nəşriyyatında çıxaraq Fransanın bütün kitab mağazalarında, digər ölkələrdə, eləcə də internet satış platformalarında satışdadır. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı ünlü yazarın sosial media hesabına əsaslanaraq məlumat verir.
Şair yazır: “Sizləri öz pz oxucularım sırasında görməkdən məmnunluq duyardım. Yaradıcılığıma maraq göstərən hər bir oxucuya minnətdaram”
Xatırladaq ki, Hamid Larbi 2019-cu ildə Bakıda BMT-nin patronajlığı ilə Avrasiya Millətlər Assambleyasının və Heydər Əliyev Fondunun birgə keçirdikləri Ədəbiyyat üzrə 3-cü LiFFt Festivallar Festivalının mükafatçısı olub.
“Ədəbiyyat və incəsənət”
(27.02.2023)