Super User
“Film kimi maraqlı bir ömür yaşadım” - Anar
Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar 85 illik yubileyini qeyd etdi. Və yubiley sonrası onun yazdığı qeydləri “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edir.
85 yaşım tamam oldu. Ad gününün həyəcanları – sevincləri, qayğıları, təbrikləri, təlaşları, fərəhləri, acıları bitdi.
Bayram tətilləri başladı. Bu yeddi-səkkiz gündə yarımçıq qalmış işlərimi tamamlamağı düşünürəm. Amma bu gün – bəlkə də son otuz-qırx ildə ilk dəfə heç bir işə başlamıram. Nə idarədəyəm, nə də evdə kompüterin arxasına keçirəm. Televiziya qarşısında oturmuşam, Vivaçi kanalında Baxın ecazkar musiqisi səslənir.
Birdən-birə an içində gözlərim açıq ola-ola sanki yuxu görürəm. Xəyalmıdır bu, ya qəflətən canlanmış xatirələr?
Xəzər sahilindəyik. Mən və anam. Anam lap cavandır. Mən beş yaşındayam. Qızmar qumlar yalın ayaqlarımızı yandırmasın deyə ləpədöyənlə addımlayırıq. Arada qayaların kölgəsində dincəlirik. Mən əllərimlə kiçik quyucuq qazıram. Dəniz həmişəkindən daha mavidir. Göy üzü həmişəkindən daha geniş, daha açıqdır. İlıq meh incə nəvazişlə üzümüzü, saçlarımızı oxşayır.
İçimdə bu inanılmaz fərəh hissi, xoşbəxtlik duyğusu nədəndir? Bəlkə ondandır ki bütün ömrüm hələ qabaqdadır. «Bütün ömrüm hələ qabaqdadır» – bir bu cümləni həqiqət kimi təkrar etməyi dünyanın bütün nemətlərinə dəyişməzdim.
Amma şikayətçi deyiləm. Film kimi maraqlı bir ömür yaşadım. Heyif ki, təkrar etmək mümkün deyil.
Ad günüm münasibətilə məni təbrik edənlərə, varlığımı unutmayanlara, barəmdə xoş sözlər deyənlərə və yazanlara dərin minnətdarlığımı bildirirəm.
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)
Orxan Fikrətoğlu: “Azərbaycan kino sahəsində bu gün dahi yoxdur"
Azərbaycan kinosu yarandığı gündən azərbaycançılığa, milli düşüncəyə və ideologiyaya xidmət edib. Yəni hər bir dövrdə çəkilən filmlər janr müxtəlifliyindən asılı olmayaraq maarifçilik missiyasını yerinə yetirir. Fəxrlə deyə bilərik ki, 124 illik böyük tarixi yol keçən Azərbaycan kinosu cəmiyyətin inkişafında böyük rol oynayıb. Azərbaycançılığa, dövlətçiliyə töhfələr verən milli kinomuz heç vaxt öz yolundan dönməyib.
Mövzu ilə bağlı ssenarist, rejissor, “Xalça nəğməsi” filminə görə 1-ci Beynəlxalq Yalta kinofestivalının baş mükafatçısı, Əməkdar incəsənət xadimi Orxan Fikrətoğlunun Referans.az-a verdiyi müsahibəni Daycest bölümündə sizə təqdim edirik:
* Azərbaycanda güclü kino sənayesinin yaranması üçün nələr lazımdır və buna nələr mane olur?
"Çox təəssüf ki, bu gün Azərbaycanda çəkilən bir çox filmlər mövzu seçimi azadlığını, təqdim edilən kino nağılın vizual dərinliyini, obrazların milli və ya fərdi xüsusiyyətlərini vizual mədəni dəyərlər silsiləsi vasitəsi ilə auditoriyaya yetərincə çatdıra bilmirlər. Bu filmlər eyni zamanda cəmiyyəti tərbiyə etməli olan milli ideoloqunu, standart azərbaycanlı zövqünü və ümumiyyətlə bizim xalqın mədəni haləsini belə özündə əks etdirmir. Azərbaycanda çəkilən filmlərin əksəriyyəti nə milli ideoloji konteksdə nə də ki, dünya kino taxçası reallığında deyil. Avtonomdur. Ancaq özü üçündür. Və dünya standartlarına uyğun deyil. O, ki qaldı milli kinonun sənayeləşməsi prosesinə. Bunun özü də Azərbaycanda hələ ki bir proses olaraq təkmilləşməyib.
Azərbaycanda kino sənayesi ancaq iqtisadiyyat liberallaşdığı zaman, bir yeni mənzərə kimi formalaşa bilərdi. İqtisadi alanda reklam və digər müvafiq bazarlar həqiqətən işlək olacağı zaman, əsl rəqəbətin olduğu zaman milli kino Azərbaycanda sənayeləşə və gəlir gətirməyə qadir ola bilərdi. Monopoliya aradan tam qaldırıldığı zaman, “pulu verən musiqini sifariş edir” məntiqi aradan qaldırıldığı zaman, zövqlü və pəşəkar kino prodüserlər dövrü yaranacaqdır. Ancaq o zaman kinonun sənayeləşməsindən danışmaq mükün olacaq. Hələlik isə kim nə tutdu tutdu zamanıdır.
Azərbaycanda gerçək iş adamlarının vergilərdən tam azad olunması şərti ilə kinematoqrafiyaya pul yatırımları etməsi də sənayeləşmə baxımından Azərbaycan kinosunun inkişafına xidmət edə bilər. Amma bir müşkül də var. Təəssüf ki,bir çox iş adamlarının kino zövqü hələ ki, tam formalaşmayıb. Bu gün Azərbaycanda Nağıyevlər, Tağıyevlər, Əsədullayevlər yetişmir. Maarifçilik, mental zövq anlayışları də fərqlidir. Amma kino səneyesinin inkişafı baxımından iş adamlarının yəni ki biznesin kinoya yatırım qoyması gərəkliliyi mühümdür. Və biznesin qatqısı bu sahədə mütləqdir.
Amma dövlətin milli ideoloji zəminində sifariş verəcəyi və dövlətin nəzarətində olmalı olan mövzularla bağlı filmlərin çəkilişi və bu sahənin məhz dövlət ideolojusu reallığında mövcudluğu da, mütləq təmin edilməlidir. Bu artıq dövlət sektoruna aid işdir.
Zövqsüz kino sənayesinin yaratdığı filmlərinə örnəyi Azərbaycanda var. Bu gün də mollarda, supermarketlərdə nümayiş etdirilən bəsit Azərbaycan komediyaları. Əlbəttə bu filmlər Azərbaycan mədəniyyətinin göstəricisi kimi təqdim oluna bilməz. Bununla belə kino səneysi, kino biznesi dediyimiz amil nə yaradırsa o yaradılanla da razılaşmağa məcburuq. Bu gün milli mentallıq bu səviyyədədir. Təhsil və mədəniyyət bu gün bu tip tamaşaçı zövqü formalaşdırıb. Sifariş budur. Və sənaye onu satır. Hələki Azərbaycan kino biznesi intellektual baxımdan Azərbaycan mentallığını tam əks etdirməyən bu təbəqə ilə işləyir. Müəlif kinosu anlayışı isə yeni-yeni formalaşır.
Müəllif və festival filmləri tamam ayrı mövzudur.Bu faktor daha çox adla,istedadla bağlıdır. Yeni və daha yüksək zövqlü kinomotoqraf da Azərbaycanda daha çox intellektual rejissorların, ssenaristlərin və operatorların özlərinin birbaşa biznes ilə qura biləcəyi təmasından yaranacaq. Bu da kino sənayesinin bir qoludur. Yəni onu demək istəyirəm ki, Azərbaycanda yaranacaq kino sənayesi əlbəttə ki, polifonik reallıqda inkişaf edəcəkdir. Bununla belə kino sənayesinə maneə olan ən mühüm amil kinonun bu gün bir əldən, bir mənbədən yəni dövlət tərəfindən maliyyələşməsidir. Və eyni zamanda həmin maliyyəni öz ağlında bölən, həmin maliyyə ilə işləyən qurumların səriştəsizliyidir. Çünki kino bildiyimiz kimi ən əvvəl peşəkarlıq və zövq məsələsidir. Ona görə də kinoya pul verən qurum ən əvvəl zövqlü, peşəkar və obyektv olmalıdır ki, bütnü tərəfləri əhatə etsin.
Mənim “Turan atı” adlı bir ssenarim var. Bu ssenarini Türkiyə kinematoqrafçular dərnəyinin başqanı oxuyub bəyəndi və onun əsasında film çəkmək istəyini dedi. Və həmin adam o zaman Azərbaycana gəldi, mənim ssenarimi aldı, mənimlə müqavilə də imzaladı. Həmin məktubu o zaman kinostudiyanın direktoru olan dostum Müşviq Hətəmova da verdim. Hətta İran tərəfi da bunu maliyyələşdirmək istəyirdi.Rejissor Babək Şirinsifət də işin içində idi. O zaman mən də Mozalan satikrik kinojurnalının direktoru idim. Türklər Azərbaycandan sadəcə logistik dəstək istəyirdilər. Düz bir il ərzində biz o logistik dəstəyi mədniyyət və turizm nazirlyindən ala bilmədik. Ala bilmədiyimizə görə onlar məndən inciyib getdilər. Və o film çəkilmədi. “Turan atı” Nuru paşanın Bakını işğaldan azad etməsi ilə bağlı bir ssenari idi.Və bizim dünyada tənhalığımızı əks etdirirdi. Bu təbii ki, məsələ bu gün mənim incikliyim deyil. Sadəcə sonra Qarabağı biz işğaldan azad etdikdən sonra,Türkiyənin prezidenti Rəcəb Təyyib Ərdoğan Azərbaycana gələndə bizim ona göstərməyə hər ikimizin taleyi ilə bağlı bir film tapılmadı. Halbuki mən bu ssenarini yazmışdım. Bu gün də Kino Agentliyi bütün situasiyalara hazır olmalıdır. Və bizim üçün sokral olan mövzular ilə bağlı Azərbyacnan tarxinin şərəfli səhifələri ilə bağlı, milli ideoloji zəmində filmlər çəkilməlidir. O ki, qaldı səneyələşməyə bu iş Azərbaycanda altı amildən aslıdır.
1.İqtisadiyyatın liberallaşması;
2. İş adamlarının, kinematoqrafiyaya pul yatıran insanların vergidən azad olunması;
3.Düzgün kino konsepsiyasının yazılması və qəbul olunması;
4. Kinemotoqrafiyanı idarə edəcək daha çevik, obyektiv və işlək mexanizmlərin yaradılması və təkmilləşməsi;
5. Kino təhsilnin bərpa edilməsi;
6. Kino industriyada çalışan mütəxəssislərin daha çox xaricdə praktika keçmələri və Azərbaycana qayıdıb həmin artıq işlək olan mexanizmləri Azərbaycanda tətbiq etmələri."
* Kino-aktyor məktəbi hansı səviyyədədir? Bunu necə qiymətləndirirsiniz?
"Kino bildiyimiz kimi kollektiv sənətdir. Onu bir adam yaratmır. Aktyorlar kinoda çox mühüm bənd olsalar da, ən mühüm bənd deyillər. Bununla belə aktyorsuz kino olmur. Azərbaycanda kino aktyor məktəbi həmişə olub, bu gün də o ənənə pis və ya yaxşı şəkildə yaşanmaqda və görünməkdədir. Bununla belə mən daha çox kinoda ikinci dərəcəli kino mütəxəssisləri adlandırılan təbəqədən danışmaq istəyərdim. Bu təbəqə kinonu çiyinlərində daşıyan adamlardır. Onlar, ikinci operatorlar, səs rejissorları, assistentlər, dekorçular, kostyumçular, dekor və geyim rəssamları, kino administratorlardır. Bu eşelon artıq Azərbaycanda yox olmaq üzrədir. Bu insanlar uzun illər kino sahəsində çalışmış və illərlə təcrübə qazanmış insanlar olmalıdırlar. Təəssüf ki, biz bu ikinci eşelon peşəkarlarını artıq itirmişik. Azərbaycanda çox az belə peşəkar qalıb. Ola bilsin ki, dediyim peşələrə uyğun hər hansı bir universitetdə bu kimi ixtisaslar tədris olunur. Hər il müəyyən sayda operatorlar, rejissorlar bu universiteti bitirirlər də. Amma üzə çıxan həmin o yükü daşımağa qadir olan peşəkarlar bu gün yetişmir. Mən uzun illər kinemotoqrafya sahəsində çalışdığım üçün çox şadam ki, o azman sənətkarları görmüşəm. Onlarla birlikdə işləmişəm. Bu gün onlar sağ olmasalarda, Azərbaycan kino məktəbinin əsasını qoymuş şəxslərdir. Bununla belə Azərbaycanda kino- məktəbinin yenidən həmin qaydalarla bərpa olunmasına ehtiyac var".
* Ssenari yaradıcılığı ilə bağlı nə deyə bilərsiniz? Rejissorlarımız tez-tez deyirlər ki, çəkməyə ssenari yoxdur. Nə dərəcədə razısınız.
"Əgər hansısa rejissor söyləyirsə ki, onun çəkmək üçün ssenarisi yoxdur ümumiyyətlə ssenari tapmır, deməli o rejissor deyil. Çünki rejissor kinematoqrafiyaya öz mövzusu ilə gəlməlidir. Əgər onun sözü, ssenarisi və ssenaristə sifariş verməyə beynində mətni, hekayəsi yoxdursa o ümumiyyətlə kinematoqrafiyaya gəlməməlidir. O, rejissor ki, 20 il sonra nə çəkəcəyini bilmirsə ,o rejissor deyil. Mən əminəm ki, Azərbaycan ədəbiyyatında 10-a yaxın dünya çaplı ssenari var, sadəcə bunu çəkəcək rejissor yoxudr. Məsələn, Tağıyevin əhvalatı. Özü -özünü yaradan milyonçunun əhvalatı. Nuru paşanın əhvalatı, Tusinin əhvalatı. Bunları ona görə deyirəm ki, şəxsən mən bu ssenariləri yazmışam və məndə əhvəlatlar var. Mənim ssenari faylımda 10-a yaxın çəkilməmiş ssenarim qalıb. Düşünürəm ki, onları da zamanı gələndə hər hansı gənc rejissor tərəfindən çəkiləcək. Amma bu gün çəkilsə daha yaxşı olardı. Ümumiyyətlə bizim ssenari sahəsində korluğumuz yoxdur".
* Beynəlxalq festivallarda son zamanlar az-az filmlərimiz iştirak edir. Bunu daimi etmək üçün, bu uğuru qazanmaq üçün nə lazımdır?
"Azərbaycan kinosunun beynəlxalq festivallara çıxmaq istəyi düşünürəm ki, təbiidir. Çünki tanınmaq, Azərbaycan marağını və mövzusunu dünyaya çıxarmaq hər bir rejissorun istəyidir. Bu təbii istəkdir. Amma bir şərtlə, gərək Azərbaycan marağı festival şərtləri ilə redaktələrə məruz qalmasın.
Beynəlxalq festivallara çıxmaq üçün beynəlxalq standartlara uyğun filmlər çəkmək lazımdır. Filmin texniki tərəfləri,mövzu standartları da nəzərə alınır. Kadr və nağıl peşəkar səviyyədə qurulmalıdır. Aktyorun üzünə qədər düşünülməlidir. Və nəhayət ən vacib amil istedad olmalıdır".
* Yeni yaradılan Kino Agentliyi ilə bağlı nələr demək istərdiniz? Bu qurumdan hansı gözləntiləriniz var?
"Yeni yaranmış Kino Agentliyinə ən əvvəl obyektiv olmağı tövsiyyə edirəm. Azərbaycan kino sahəsində bu gün dahi yoxdur. Ona görə də hamıya iş verilməlidir. Gözləntilərim çoxdur. Azərbaycanda kinonun dirçəldilməsi birinci şərtdir. Azərbaycanda kinematoqrafiya sistemi daha yeni modeldə və formtada yenidən təşkilatlanmalıdır. İstedadlı adamları zövqündən, mövqeyindən, hər hansı bir təşkilata aid olub olmamasından asılı olmayaraq bütün ciddi kinematoqrafçıları həmin bu agentlik öz ətrafında toplamağı və onlara düzgün sifarişlər verməyi bacarmalıdır. Azərbaycan kinosunun dünyaya çıxarılması zəminində konstruktiv və real addımlar atmağı bacarmalıdır. Mənə elə gəlir ki, Azərbaycanda bu Kino Agentliyi daxil olmaqla administrativ heyətlər həddndən artıq çoxdur.İş isə az. Məsələn, iki dənə kinematoqrafçılar ittifaqı var. Boynumuza alaq ki,Azərbaycan üçün bu çoxdur.
Kino Agentliyi kino ictimaiyyəti ilə birbaşa təmasda olmamışdan əvvəl özünün milli ideoloju zəmində “kinematoqrafik konsepsiyasını” işləyib hazırlamalıdır. Və bu layihəni müzakirə üçün gündəmə çıxarmalıdır. Peşəkər kinematoqrafçular bunu ən azından müzakirə etməlidirlər.
Mənim kinodan istədiklərim ilk növbədə istedadlıra yolun verilməsidir.. İnsanların kinodan uzaqlaşdırılmamasıdır. Yaşından, başından asılı olmayaraq bütün kino qüvvələri həmin bu Kino Agentliyi ətrafında işlə təmin olunmalıdır.
Kino Agentliyi bugünki reallıqda həm daxili bazarı həm də xarici kinematoqrafik reallığı çox dərindən və dəqiq mənimsəməli və bu reallıqlara uyğun filmlər sifariş verməlidir.
Festivala gedən müəllif filmlərinin çəkilməsinə də kömək edilməlidir. Amma bu o demək deyil ki, bir tərəfi maliyyələşdirib, o biri tərəfi tam nəzarətdən kənarda qoyasan. Həm dövlət sifarişi ilə çəkiləcək filmlər, həm müəllif filmləri, həm koomersiya filmləri. Bir sözlə bütün sahələri əhatə edən filmlər eyni proporsional qaydada nəzarətdə saxlanılmalıdır.
Eyni zamanda kino məktəbinin açılması, kino təhsilinin bərpa olunması, Azərbaycanlı gənclərinin xaricdə kino təhsili almaq üçün göndərilməsi, kinematoqrofın hörmətinin özünə qaytarılması, televiziyalarla və sosial şəbəkələrlə düzgün qurulamalı olan işlər... Bütün bunlar əlbəttə ki, Kino Agentliyini üstünə düşən çətin məsələlərdir.
Son 3-4 ildə çəkilən filmlər hardadır? Bu filmlər də ictimaiyyətin müzakirəsinə çıxarılmalıdır ki, görək dövlətin vəsaiti hara xərclənib. Filmlər pisdir ya yaxşıdır bu sonrakı söhbətdir. Əsas məsələ odur ki, həmin filmlər hardadır? Niyə insanlara göstərilmirlər ?
Axı kino cəmiyyətin aynasıdır. Gərək orda hər zad olduğu kimi görünə".
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)
Dilarənin 60 illiyinə gecikmiş yazı
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlı qələmdaşı Dilarə Quliyevanın 60 illik yibileyi münasibəti ilə qələmə aldığı yazısını oxuculara təqdim edir.
Onun adı Dilarə! "Sosialist Sumqayıtı" qəzetinə kiçik xəbərlər yazdığım illərimin ilk tanışlığı. İlk jurnalist həmkarlığı, ilk munis gözəllik görüntüsü... Bu o illər idi ki, biz 1980-ci illərdə Sumqayıt şəhərində məktəbi bitirib azad həyata atılmışdıq.
Doğulduğumuz şəhərin qəzetində ilk imzalarımız görünürdü. Sonra yollarımız 1991-ci ildə "168 saat" qəzetində birləşdi. O gündən bu günə heç nə dəyişmədi. Sonra bifəva dünyanın rüzigarı bizi "7 gün" qəzetinə apardı. Ancaq bir-birimizə hər zaman bacı, sirdaş olduq, küsdük də, incidik də, ancaq dönmədik. Bizim bir-birimizə olan hörmətimiz, ehtiramımız əbədi dostluq sevgisidir. Biz bir-birimizə ruhən bağlıyıq. Bizi bir-birimizə bağlayan həm də jurnalist məsləkimizə olan sevgimizdir. Bu günlərdə Dilara Quliyevanın yubileyi oldu. Əzizimin sonuncu iş yeri Azərbaycan Dövlər Televiziyasıdır. 17 ildir ki, burada çalışır. Onun yaratdığı sənədli filmlərlə Azərbaycan Dövlət Televiziyasının sənədli verilişlər fondu - portretlər, tarixi abidələr, Azərbaycan təbiəti, xalqımıza məxusus milli -mənəvi dəyərlər, ölkəmizin tanınmış alimlərinin yaradıcılığından bəhs edən verilişlərlə zənginləşdi. Dilarə Quliyeva o qədər zəngin, o qədər müdrik bir juranlistdir ki, onun hər sözü bir dərs kitabıdır. Dilarə Quliyeva juranalistikamızın ləyaqət rəmzidir. Onun dünya haqqında, vətən haqqında, həyat, musiqi, ayrılıq, dövlətimiz, Azərbaycan haqqında fikirlərini dinləyəndə, elə bil ki, müdrik filosofları Əflatunu, Ərəstunu... dinləyirsən. Dilarə Quliyevanın öz mizan-tərəzisi var ki, dünya onun tərəzisində çəkilsəydi, dəyərlər onun tərəzisində ölçülsəydi, heç zaman dünyanın mizan-tərəzisi pozulmazdı.
Azərbaycan Dövlət Televiziyasının arxivində saxlanılan ən qiymətli sənədli filmlər- təbiətimiz, vətənimiz, elm xadimlərimiz haqqında kimsə onun qədər dəqiq və əhatəli veriliş hazırlamadı. Dilarə Quliyeva həmsöhbəti ilə elə danışdı ki, həmin insanın kim olduğunu, vətənə nə qədər gərəkli oduğunu bütün çılpaqlığı ilə tamaşaçıya çatdırdı.
Dilarə Quliyevanı AzTV unutmayıbsa, qoy sevinsin ki, 66 yaşlı bu TV-nin belə dəyərli bir əməkdaşı var.
Əziz Dilarəm, sözüm, söhbətim, sevinc və dərd ortağım, nə yaxşı ki, varımsan. Sən mənim "Qalibiyyət: şəhidlər və şahidlər" kitabımın redaktoru oldun. 2020-ci ilin Vətən Müharibəsi şəhidləri haqqında isə ölməz bir kitab ərsəyə gətirdin: "Məni göylərdə axtarın" kitabında 40 şəhidimin həyatını bir ana kimi, bacı kimi yazdın. “39 düyün" hekayələr kitabın isə bir dünya sirrdir.
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)
Aşıq Hüseyn Bozalqanlının 155 illiyinə
Azərbaycan aşıq sənətinin inkişafında özünəməxsus rolu olan ustad sənətkar Hüseyn Bozalqanlının anadan olmasının 155 illik yubileyi bu ilə təsadüf edir.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 1868-ci ildə Tovuzda anadan olmuş və XIX əsrin sonları, XX əsrin birinci yarısında ustad aşıq kimi təkcə Gəncə-Tovuz bölgəsində deyil, Azərbaycanın hər yerində, eləcə də Göyçədə və Borçalıda da məşhur olan Hüseyn Bozalqanlının 155 illik yubileyinin qeyd olunması üçün Azərbaycan Aşıqlar Birliyinin ayrıca tədbirlər planı var. Bu sıradan ilk tədbir kimi “Mədəniyyət” televiziya kanalında həftəlik yayımlanan “Saz-söz axşamı” verilişinin bir buraxılışı bütövlükdə ustada həsr olunacaqdır. Müxtəlif bölgələrdən ustad aşıqların dəvət olunduğu həmin verilişdə Hüseyn Bozalqanlının şeirləri ifa olunacaq, dastan və rəvayətlərindən parçalar söyləniləcəkdir.
Eyni zamanda bu böyük sənətkarın 160 illik yubileyi münasibəti ilə Tovuzda, Gəncədə və Bakıda tədbirlər keçirilməsi nəzərdə tutulur.
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)
Rəsm qalereyası: Soltan Soltanlı, “Biçinçi".
Rəsm qalereyası: Soltan Soltanlı, “Biçinçi".
Kətan, yağlı boya. 51x39 sm. 2023.
www.soltan-soltanli.com
“Məleykə Əsədovanı rayondan Bakıya – teatra mən gətirmişəm”
Bəzən jurnalist müsahibindən söz ala bilmir. Necə edəsən ki, müsahibin danışsın? “Ədəbiyyat və incəsənət” portalı tanınmış tənqidçi Əsəd Cahangirlə “Ustad dərsləri” rubrikasını təqdim edir. Burada Əsəd Cahangirin müxtəlif illərdə götürdüyü ən maraqlı müsahibələr tarixi ardıcıllıqla təqdim olunur.
Gənc Tamaşaçılar Teatrının aktrisası Lətifə Əliyevadan21.04.1998-ci il tarixində götürülmüş müsahibə.
-Lətifə xanım, aktyorun həyatda da oynaması vacibdirmi?
-İki şeyi həmişə unutmuşam: qaynana və aktrisa olduğumu. Teatrdan çıxan kimi unutmuşam ki, aktrisayam. Birdən ya birinin baxışından, ya sözündən yadıma düşüb ki, mən aktrisayam. Məncə, aktrisa sadə da ola bilər. Mən Özbəkistanda, Türkmənistanda, Gürcüstanda elə sadə xalq artistləri görmüşəm ki, heç deməzsən ki, bunlar aktrisadırlar.
- Sizə nə əcəb fəxri ad verilməyib?
-(Fikrə gedir). Səhnə mənə nə verib ki, fəxri ad da versin. Mən ilk dəfə tamaşaya çıxanda səhnəni diz çöküb öpmuşdum. O vaxt mənə gülənlər olmuşdu. İndi belə etmərəm. Belə etməməyə mənim haqqım var. Ömrümün 30 ilini, ailə saədətimi, səhnəyə qurban verdim. Əvəzində nə gördüm? Atam vaxtilə aktrisa olmağımı istəmirdi. İndi görürəm ki, haqlı imiş. Mən vaxtilə sənətə gəlməyimə etiraz edənlərin yanında xəcalətliyəm. Oğluma aktyor olmağı məsləhət görəndə qışqırdı üstümə ki, “kəs səsini, aktyor olmaq sənə nə verdi ki, mənə də nə versin”. Bəlkə də, düz deyirlər. Bəyəm doğulduğum yerdə yaşayıb, toyuq-cücəsi, qoyun-quzusu, həyət-bacası olan bir kənd qadını ola bilməzdim?
- Yəni doğrudanmı, sizin qədər məşhur aktrisaya bu otuz ildə bircə dəfə də olsun fəxri ad vermək barədə düşünməyiblər?
-Mən indi Xalq artisti olmalıydım, amma heç Əməkdar da deyiləm. Bir dəfə on il əvvəl mənə Əməkdar artist adı verməliydilər. Mədəniyyət nazirliyinin işçisi Elmira Əlyeva zəng vurub məni təbrik etdi, dedi Əməkdar artist adı almağın barədə qəzetdə məlumat veriləcək. Sabahısı məlum oldu ki, adı veriblər Gülşən Qurbanovaya. Teatrın o vaxtkı rəhbərliyi mənə üzrxahlıqla bildirdi ki, Lətifə, bizdən olmadı bu, biz sənin adını yazıb vermişdik, yuxarıdan zəng vurub dedilər ki, filankəs olmalıdır.
- Həyatda çoxmu pisliklə qarşılaşmısınız?
-Mən həmişə maneə hiss etmişəm. Gözləmişəm ki, nə vaxt mənə arzusunda olduğum dramatik rollar verəcəklər. Gözləyə-gözləyə də gəlib 54 yaşa çatmışam. Bircə dəfə mənə bir dramatik rol verdilər. Onu elə müvəffəqiyyətlə oynadım ki, daha rol vermədilər. Mənim, ümumiyyətlə, bir səhvim olub. Mən hiyləgərlik bilməmişəm. Nəyim varsa, elə məşq prosesindəcə açıb-tökmüşəm ortalığa. Ona görə ehtiyat ediblər ki, gələcəkdə kiminsə yerini dar edərəm. Tez başlayıblar mənə mənfi tipajlar, komik, epizodik personajlar verməyə. Bir dəfə teatrımıza xarici qonaqlar gəlmişdilər, tamaşamıza baxdılar, mənim obrazlarımı çox tərifləmişdilər. Mən də sadəlövhlüyümdən açıb bunu Firəngiz xanım Şərifovaya deyəndə qayıdasan ki, “səsini kəs, bu barədə bir adama bir kəlmə də demə. Yoxsa səni atdıraram bayıra”. Mənim heç vaxt, heç kəsin rolunda gözüm olmayıb. Sadəcə olaraq, mən də bir aktrisa kimi inkişaf etmək istəyirəm. Qoy lap “prosmotru, premyeranı” oynasın, 5-6 tamaşanı da dalbadal oynasın. Amma insandır da, bir dəfə toya gedər, Allah eləməsin, xəstə olar, mən oynaram. Təxminən 2-3 il əvvəl Firəngiz xanım, məni çağırıb deyir ki, “niyə mənim dublyorum olmaq istəyirsən, nə istəyirsən məndən?” Nə vaxta qədər bitki, meymun rolu oynayım?
- Amma deyilənlərə görə, sizin meymununuz hətta xarici sənətşünasların belə diqqətini cəlb edib.
- (Gülür) Olub belə şey. Xanım rolunu oynamağa nə var ki. Amma insan ola-ola heyvan rolunu oynamaq çox çətindir. Axı, mən bilirəm ki, içimdəki başqa şeydir. Mənim Gertrudam meymun olub, Dezdemonam sarmaşıq. Meymun rolunda sözüm də yox idi. “Qaraca qız” adlı tamaşanın quruluşçu rejissoru Ulduz xanım Rəfibəyli idi. Tamaşaya baxan xarici qonaqlara Ulduz xanım süfrə açmışdı. Tamaşadan sonra düşündüm ki, mənim o məclisdə oturmağıma ehtiyac yoxdur. Onda lap utancaq idim. Teatrdan, arxa qapıdan gizlicə çıxdım. Gecə növbəsində xəstəxanada sanitar işləyirdim. Növbəni təhvil almalı idim. Bir də gördüm Ulduz xanım ardımca düşüb, məni çağırır. “Sənə nə olur, haqq olur, sən ölməlisən!” dedi. Məni zorla geri qaytardı (gözləri dolur). Nə yaxşı ki, belə insanlarla da rastlaşmışam həyatda. Sən demə inanmayıblar ki, meymun rolunu oynayan insandır, elə biliblər ki, meymundur elə. Baxmaq istəyirmişlər ki, görək axı, bu, necə aktrisadır. Hamısı əlimdən öpürdülər. Dedilər ki, Praqada festival olacaq, əgər bu tamaşa festivala getsə, meymun rolu orada ən yaxşı yerlərdən birini tutar. Bu rolumdan sonra Ulduz xanımın köməyi ilə iki otaqlı ev verdilər mənə.
- İndi həmin evdə yaşayırsınız?
- Yox, bu evi iki ayrı-ayrı birotaqlı mənzillə dəyişmişəm. İki oğlum var. Hərəsi öz ailəsi ilə bu mənzillərin birində yaşayır.
- Bəs, siz harada olursunuz?
- Bir həftə birinin, bir həftə o birinin evində, rəfiqələrimin yanında.
- Kraliça Lir vəziyyətinə düşməkdən ehtiyat etmirsiniz ki?
- (fikrə gedir, ağır-ağır) Edirəm...
- Həyatda rastlaşdığınız pislik və haqsızlıqlar sizə pislik edənlərə eyni formada cavab vermək arzusu doğurmayıbmı?
- Mənim şüarım yaxşılıq olub. Düşmənlərimi belə sevirəm. Özüm də özümün bu cəhətimə nifrət edirəm. Tale məni əyib, həyat məni sındırıb. Yaxşı ki, Hüseynağa Sadıqov, Tariyel Qasımov kimi insanlar var imiş. Bu adamlar çətin günlərimdə mənə arxa durmasaydılar, yəqin ki, intihar edərdim.
- Heç intihar etmək istəmisinizmi?
-Bir neçə dəfə istəmişəm. Amma, görünür, Allah məni saxlayıb. İki il əvvəl Prezident teatrımıza gəlmişdi. Məni onun görüşünə buraxmadılar ki, sənin “zvaniyan" yoxdur. Bu, o demək idi ki, get çatla, öl! Ağlaya-ağlaya gedirdim. Kim bilir, bəlkə də, mən o gün özümü metronun altına ata bilərdim. Birdən tanımadığım bir nəfər üzümə baxıb qayıtdı ki, “sən “İtkin gəlin”də Cahan rolunu oynayan deyilsən? Nə olar, sən Allah, belə qocalma!” Bu söz məni saxladı. Sonra başa düşdüm ki, bunu Allah dedirdib ona.
-Butun bunlar sizin adamlara qarşı kin bəsləməyinizə səbəb olmayıbsa, onda sizə heykəl qoymaq lazımdır.
-Baş rejissorumuz Ağakişi Kazımov bir dəfə mənə dedi ki, sən bütün pislikləri qatlayıb qoymusan dizinin altına. Bu, özümdən asılı deyil. “Kərgədan buynuzu” filminə bizimlə birlikdə çəkilən 100 yaşlı qoca bir rus aktrisası var idi. Onda görücülük qabiliyyəti var idi. Birdən-birə o bamının içində mənə baxıb dedi: “Sən ancaq xeyir işlər görməlisən, bu sənin ömrünü uzadar”.
- Xeyir işlər görmüsünüzmü?
-Elədiklərimi gərək yaxşılıq etdiklərim deyəydilər. Bəlkə də, onlardan bir çoxu indi məşhurlaşıb, utanırlar deməyə ki, bizə beç bir fəxri adı olmayan Lətifə kömək edib. Rayona qastrola gedəndə Məleykə Əsədovanı Bakıya – teatra mən gətirmişəm. Xahiş etdilər ki, kömək et, gətirdim Bakıya, teatra işə düzəltdim, indi heç yerdə demir ki, məni bu sənətə kim gətirib və necə gətirib.
- Oğlanlarınızdan razısınız?
-Razıyam. Böyük oğlum Etibar mənimlə birlikdə özümün yaratdığım “Haray” teatrında işləyir. Kiçik oğlum Arif kompyuterçidir. Dörd nəvəm var. Mənə də Xannənə deyirlər. İranda “Divlər zindanı” filminin çəkilişinə gedəndə iranlı bir kino işçisi mənə belə demişdi. Bunu eşidib nəvələrim də belə deyirlər.
-“Haray” teatrından gələn gəlir dolanışığınıza bəs edir?
-Biletin birini ya min, ya da beş yüz manata (devalvasiyadan əvvəlki pul – red.) satıram. Rayonlara qastrola gedirəm. Gedəndə pul borc götürürəm, qayıdanda borcu qaytarıram, özümə qalan xırda-xuruş da bəs edir ki, acından ölməyim. Sağ olsun Ağakişi müəllimi, kömək etdi, bu teatrı yaratdım. Bu olmasa, neyləyərdim? Düzdür, o hələ bir rejissor kimi indiyədək mənə rol verməyib. Amma teatr yaratmağıma kömək edib.
-Təsəvvür edin ki, sehrli xalçaya minib gələcəyə gedirsiniz. Geri dönməyəcəksiniz. Özünüzlə bir şey götürməyə icazə verirlər. Nəyi götürərdiniz?
-Yaxşılıqlarımı...
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)
Kulinariya da bir elmdir
Bəli, həqiqətən də kulinariya bir elmdir, ən azından, qədim mətbəx ənənələri olan əksər ölkələrdə bunu belə qəbul edirlər. Biz uzaqdan uzağa Fransadan, İtaliyadan, Birləşmiş Ştatlardan söz açmayacağıq, elə qonşumuz Gürcüstanı misal gətirəcəyik. Bu gün gürcü çaxırı, xinqali, xaçapuri, xarço kimi yeməklər elmi əsası, nəzəriyyəsi olan ərzaq hesab edilir. Milli mətbəximizə aid nəsnələrin ən azından bədnam ermənilər tərəfindən oğurlanması gerçəkliyində biz də bu yöndə qəti addımlar atmalıyıq.
Və bu barədə “Ədəbiyyat və incəsənət” portalına Milli Kulinariya Mərkəzinin baş direktoru Orxan Fikrətoğlu açıqlama verib.
“Kulinariya sahəsinin tədrisi müəyyən edilməlidir. Artıq bununla məşğuluq. Bunun üçün Almaniya və İtaliyadan mütəxəssislər dəvət olunub. Azərbaycan milli kulinariya tarixi və milli kulinariya ənənəsi ilə bağlı dərsliklərin hazırlanmasına başlanılıb. Fransa ilə də müəyyən yanaşmalar var. Lakin bəzi siyasi məsələlərə görə, hələ işlər dayanıb. Amma İtaliya və Almaniya ilə memorandumlar imzalanıb. Düşünürük ki, tamamilə yeni yanaşma və metodologiya ilə tədris işini quracağıq”, - deyə Orxan Fikrətoğlu bildirib.
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)
Aysel Kərim də Heydər Əliyev ilinə töhfə verir
Bildiyimiz kimi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2023-cü il "Heydər Əliyev İli" elan edilib. 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yaradıcı gənc Aysel Kərim də bu ilə öz töfhəsini verərək "Türkün dədəsi Heydər" adlı bəstəsini təqdim edir. İthaf əsərin ifası əməkdar artist Mətanət İsgəndərliyə, qiraəti Nürəddin Mehdixanlıya, söz və musiqisi Aysel Kərimə məxsusdur.
Müəllif keçirdiyi hissləri portalımıza bu cür ifadə edib: “Dahi şəxsiyyətə həsr etdiyim bu əsər onun vətən üçün fədakar fəaliyyətinə, mədəniyyət qarşısında tarixi xidmətlərinə dərin ehtiramım və həmçinin vətəndaş olaraq mənəvi borcum idi. Əsərin ərsəyə gəlməsinin "Bahar bayramı"na təsadüf etməyi olduqca yerinə düşdü. Belə ki, Heydər Əliyevin gəlişi bu dövlətin yazına-baharına, çiçəklənməyinə səbəb olmuşdu. Ruhu şad olsun. Azərbaycan gənci olaraq onu daima Heydər baba kimi xatırlayıram."
Qeyd edək ki, Aysel Kərim Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Bəstəkarlar İttifaqının və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. İki dəfə Prezident təqaüdçüsü və Gənclər Mükafatçısıdır.
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)
Ceyn Ostinin “Qürur və Qərəz”ində sevginin təcəssümü
“Ədəbiyyat və incəsənət” portalı ədəbiyyatşünas Sərvanə Dağtumasın seçmə məqalələrinin dərcini davam edir. Bu gün müəllif ingilis yazıçısı Ceyn Ostinin “Qürur və Qərəz” romanı barədə danışacaq.
Romanın ilk adı “İlk Təəssürat” idi. Əsər romantik ədəbi hərəkatın bir hissəsi olan sevgi romanıdır, sevgi romanının arxetipidir. Müəllif əsəri dövrün adətlərindən təsirlənərək yazır. Roman anonim şəkildə nəşr olundu, çünki zadəgan bir qadının karyera qurması qəbuledilməz idi. Xanımlar xəbərlərdən, aktual hadisələrdən təcrid olunmuşdu, bir xanımın sosial həyatının əsas məqsədi yaxşı, uğurlu bir evlilik idi. Lakin cəmiyyətin “uğurlu evlilik” anlayışına nələr daxil idi?
O dövrdə sərvət əmlakla ölçülürdü, statusa, imtiyaza önəm verilirdi. Qadınlar tam azad deyildilər, qız uşaqlarına yük kimi baxılırdı. O zaman sevdiyin insanla evlənməkdənsə, öz statusunda olan biri ilə evlənmək daha vacib idi. Zəngin ailədə qız doğulmasa, zəngin, varlı ər tapmaq mümkünsüz idi. Kişilər çox vaxt mövqelərindən istifadə edərək, qadınların qərarlarının çoxunu özləri verirdilər. “Qürur və Qərəz” romanında da eyni zamanda cəmiyyətin ailə birliyinə nə qədər dəyər vermədiyini görürük. Britaniya qanunları o zaman qadınlara əmlakın miras qalmasına icazə vermirdi. O vaxt qadın olmaq çətin idi, onların gələcəkləri üzərində az səlahiyyətləri vardı. Evliliklərdə sevgi az idi. Halbuki insanları ürəklərinə görə qiymətləndirmək daha vacibdir.
Elizabet bacısı kimi kor-koranə, hansısa məqsədə görə evlənmək istəmirdi. O, ağıllı idi. Sevərək, evliliyə hazır olan zaman evlənmək, səbrlə o günü gözləmək istəyirdi, evlənmək xatirinə və ya qarşı tərəfin sosial statusuna görə evlənmək Elizabetə absurd və gülməli gəlirdi. Elizabet Bennet və Cənab Darsinin ilk başda bir-birlərindən xoşları gəlməsə də, sonradan zamanla qarşılıqlı hissləri yaranır. Elizabetin Darsi ilə qarşılaşması onu çox qürurlu olduğuna inandırır, bu səbəbdən ona qarşı qərəzli olur. Cütlük birlikdə olmaq üçün fikir ayrılıqlarını həll etməlidir. Bir-birlərinə qarşı artan hisslər, birinin digərini yanlış şərh etməsi, sevginin insanı dəyişdirməsi əsərin süjet xəttini təşkil edir. Qürur və qərəzlərini dəf etməyi bacaran cütlüyün sevgi hekayəsi bir çox insanın arzuladığı xoşbəxt sonluq hekayəsidir. O, bu səbrinin mükafatını aldı və Darsi ilə xoşbəxt həyata qədəm qoydu. Çünki Elizabet evliliyə, münasibətə hazır idi, yalnız bioloji olaraq yox, həm də psixoloji olaraq, hazır idi. Həyatımızı birlikdə keçirəcəyimiz insanın qüsurlarını mümkün qədər az bilmək daha yaxşıdır. Onunla ortaq dəyərlər yaratmağı bacarmalıyıq.
Adların da romanda simvolikası var. Elizabetin adı “Allahım anddır, bolluqdur” mənalarını verir. Elişeva adının variasiyasıdır. Elişeva Harun peyğəmbərin arvadı idi. Darsi adı isə “tünd saçlı”, “qaranlığın nəsli” mənalarını verir.
Qürur romanın qəhrəmanlarını intim əlaqələr qurmaqdan saxlayan əsas mövzudur, həm də insanın qüruruna qalib gəlməyin mümkün olduğu göstərilir. Qərəz isə sevgi münasibətləri qurmaqda başqa bir maneədir. Darsi Qürurun, Elizabet Qərəzin simvoluna çevrilir. Bu da əsərin əsas qayəsidir.
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)
Tanınmış türk müğənnisi Hadise yenidən Bakıda konsert verəcək
Mayın 7-də Bakı Konqres Mərkəzində məşhur türk ifaçısı Hadise konsert proqramı ilə çıxış edəcək.
Populyar mahnıları, şouları və səhnə performansı ilə insanların rəğbətini qazanan müğənni repertuarındakı məşhur mahnılarla, habelə yeni bəstələrlə pərəstişkarları qarşısına çıxacaq.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(28.03.2023)