Super User
Bu gün Çin mədəniyyəti günüdür
Milli İncəsənət Muzeyində Çinin mədəni irsi və tarixini əks etdirən sərgi açılacaq
Bu gün Milli İncəsənət Muzeyində Mədəniyyət Nazirliyinin, Çin Xalq Respublikasının Azərbaycandakı səfirliyinin və muzeyin birgə təşkilatçılığı ilə “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisinin açılış mərasimi olacaq.
Sərginin kuratoru və ideya müəllifi Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyevdir.
O, sərginin konsepsiyasını nümayiş olunan eksponatların Çin ailəsinin ənənəvi həyatının xalis əşyaları qismində göründüyü, “muzeyin sərgi salonlarında ənənəvi Çin evi ab-havasının yaradılması” kimi xarakterizə edib.
Sərginin təşkilatçıları ziyarətçilərə Azərbaycan Milli İncəsənət Muzeyində təqdim olunan Çin incəsənətinin zəngin kolleksiyası ilə tanış olmaq üçün unikal imkan yaradacaqlar. Dualistik varlıq konsepsiyasına əsaslanan xüsusi dünyagörüşün formalaşdığı Çin mədəniyyəti haqlı olaraq bəşəriyyətin ən qədim mədəniyyətlərindən biri hesab olunur. “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi təkcə tarixi eksponatlar toplusu deyil, həm də ziyarətçilərin Çin xalqının mədəniyyəti və adət-ənənələri ilə yaxından tanış olması üçün bir fürsətdir. Hər bir sərgi salonu qədim tanrıların və müdriklərin heykəlcikləri ilə bəzədilmiş Çin ailəsinin qonaq otağının interyerini canlandırır, Çin mənzərələri olan toxuculuq məhsulları, xəttatlıq panelləri, qapalı bitkilər, çini vazalar, oyma taxta mebellər, divarlardakı rəsmlər və qrafik əsərlər Çin fəlsəfəsinə uyğun olaraq, semantik yük daşıyır və evdə sülh və əmin-amanlıq kimi simvolizə edilir.
Sərgisi təkcə Çin mədəniyyəti və incəsənətini sevənlər üçün deyil, həmçinin Çinin mədəni irsi və tarixi haqqında daha geniş məlumat əldə etmək istəyən hər kəs üçün maraqlı olacaq.
Qeyd edək ki, “Çin incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasından” sərgisi Azərbaycan Milli İncəsənət Muzeyinin 2016-cı ildən başlanmış genişmiqyaslı layihəsinin multikultural sərgilər silsiləsi çərçivəsində təşkil edilir.
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)
İlk pianoçu xanım Xədicə Qayıbovanın xatirəsi anılacaq
Mayın 1-də Beynəlxalq Muğam Mərkəzində muğam variasiyalarını ilk dəfə fortepianoda ifa edən azərbaycanlı ilk pianoçu xanım Xədicə Qayıbovanın 130 illiyinə həsr edilmiş xatirə gecəsi təşkil olunacaq.
Xatirə gecəsində tarzən, Əməkdar artist Sahib Paşazadənin müşayiətilə musiqi solistlərinin ifasında yerli və xarici bəstəkarların musiqiləri səsləndiriləcək.
Qeyd edək ki, Xədicə Qayıbova (1893-1928) Azərbaycanın ilk qadın pianoçularından biri olub. Ailənin altıncı övladı olan Xədicə Qayıbova Tiflisdə ünlü ruhanilərdən Osman bəy Müftizadənin ailəsində dünyaya gəlib. X.Qayıbova ilk təhsilini “Müqəddəs Nina” Qızlar Məktəbində alıb. 1911-ci ildə dərslərini və musiqini mükəmməl öyrənən Xədicə “Qızıl xaç nişanı” ilə orta təhsilini başa vurub. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilib, uşaq xoru yaradılıb və birbaşa onun iştirakı ilə azərbaycanlı qadınlar üçün “Musiqi-dram” studiyası yaradılıb. O, həm Şərq, həm də Avropa musiqisinin gözəl bilicisi kimi respublikanın mədəni həyatında fəal iştirak edib. Dövrünün görkəmli sənətkarları ilə çalışaraq Azərbaycan musiqi folklorunun toplanması istiqamətində öz səylərini əsirgəməyib.
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)
Azərbaycanda ən çox satılan kitab yenidən nəşr olunub
Yazıçı Varisin «Sonuncu ölən ümidlərdir» romanı yeni redaktədə, 7-ci dəfə təkrar nəşr olunub. “Azərkitab” Yayınlarında nəfis tərtibatla çıxan kitabı bu gündən etibarən bütün kitab satışı nöqtələrindən, o cümlədən “Bakı Kitab Mərkəzi”ndən, “Ali və Nino”, “Libraff”, “Kitab evim” mağazalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, «Sonuncu ölən ümidlərdir» Varisin 2008-ci ildə - tam 15 il bundan öncə işıq üzü görən, 90-cı illərin sonlarında yazdığı ilk romanıdır.
10000 nüsxəlik ilkin tirajı və sonrakı 6 təkrar nəşri ilə, üstəlik, günü bu gün də qeyri-leqal konveyerlərdən çıxan on minlərlə pirat nüsxələri ilə, internetdən pdf formatının yarım milyona yaxın yüklənməsi göstəricisi ilə kitab sözün həqiqi mənasında kütləvilik qazanıb. «Bakı Kitab Klubu» «Sonuncu ölən ümidlərdir»in ölkədə ən çox satılan kitab olduğunu rəsmən bəyan edib.
Universitetlərdə və kolleclərdə tələbələrin, həbsxanalarda məhkumların kitabı oxumaqçün növbə siyahıları tutmaları, hərbi hissələrdə əsgərlərin gecə yatmaq əvəzinə mütaliəyə alüdə olmalarına son qoymaq üçün komandirlər tərəfindən kitab nüsxələrinin sobalara atılması, Bakının bir çox yerində işbazların «Albatros» adında mağazalar, moda evləri açıb gələnlərə buranın məhz əsərdəki Nailənin «Albatros»u olmasını iddia etməklə müştəri qazanmaları, əsəri oxuduqdan sonra onlarca yüngül həyat tərzi keçirən qadının tövbə etməsi, əski zamanlardakı kimi metro qatarlarına, avtobuslara əlikitablı insanların qayıdışı... Bunlar romanın Azərbaycandakı populyarlığının bəzi fraqmentləridir.
Özbəkistanda “Darakçi” roman-qəzetində 126 minlik astronomik tirajla çıxması, Tbilisidə – Şeytanbazar məhəlləsində ilk dəfə azərbaycanlı ailənin kitab oxuduğunu görub həmin kitabın möcüzəsini duymaqçün bir gürcü xanımının Azərbaycan dilini öyrənməsi, Türkiyədə bir biznes-ledinin 3000 ABŞ dolları xərc çəkərək özünün oxuması üçün romanı türk dilinə çevirtdirməsi, Moskvanın Qorki adına Ədəbiyyat İnstitutunda romanın “Publisistika ilə bədiiliyin qarşılıqlı əlaqəsi” adlı doktorluq dissertasiyasının mövzusu olması...
Bunlar da əsərin beynəlxalq miqyasda yaratdığı ajiotajın bəzi nümunələridir.
Roman 90-cı illərdə ölkə paytaxtında baş vermiş bir kriminal hadisəsinin araşdırılması nəticəsində ərsəyə gəlmişdir, amma janr etibarı ilə detektiv deyil, sevgi romanıdır. İlk baxışda yeni dövrün sevgisini xarakterizə edir, amma daha dərinliklərə varır, yüz illərdir dünyada statistik insanın devizinə çevrilmiş “Məqsəd vasitələri doğruldur” təmrininə qarşı əks arqumentlər qoymaqla, bir növ didaktik əsər funksiyasına keçid edir.
Romanda ayrıca hər bir hissədə Azərbaycan poeziyasının ən gözəl lirik nümunələrinin təqdim edilməsi onun rənginə xüsusi rəng qatmaqla diqqət çəkir. Roman olduqca dramatik süjetli, təhkiyə olduqca sadə, oxunaqlıdır. Məhz bu da romanı geniş oxucu kütləsi üçün əlçatan edir.
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)
Qatarlar burdan-ora, ordan-bura gedirdi…
Sizcə 3 aya nə qədər qatar sərnişini olub ölkəmizdə?
“Ədəbiyyat və incəsənət” portalının sevilən Açıq Portfel rubrikasında növbətçi Malik Məmmədli bu dəfə sizə çox maraqlı bir statiatika təqdim edəcək. Novruz bayramında nə qədər insan qatarlarla səfərə çıxıb.
Demək, Novruz bayramı ilə əlaqədar əhalinin təhlükəsiz, vaxtında və rahat şəkildə bölgələrə səyahətinin təmin edilməsi üçün “Azərbaycan Dəmir Yolları” (ADY) QSC martın 18-dən 26-dək gücləndirilmiş iş rejimində fəaliyyət göstərib. Ölkə tarixində ilk dəfə olaraq Bakıdan şənbə, Qəbələdən isə bazar günləri hərəkət etməklə martın 18-də Bakı-Qəbələ-Bakı marşrutu üzrə sürətli qatarlarla sərnişin daşımaya start verilib. Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq Bakı-Qəbələ-Bakı marşrutu üzrə günaşırı əlavə reyslər təyin olunub və bayram günlərində 1148 sərnişinə xidmət göstərilib.
Elə bu yerdə növbətçimizin diqqətini o da cəlb edib ki, qatarla səfərə çıxanlar çox razı qalıblar. Məsələn, tanınmış travel blogeri Qərib Azər Qəbələyə qatarla səfərini öz sosial media hesabında okivar tərifləyib.
Həmçinin martın 18-dən gündəlik qrafik əsasında fəaliyyət göstərən Bakı-Ağstafa-Bakı marşrutu üzrə artan sərnişin tələbatı nəzərə alınaraq hər istiqamətə əlavə 16 reys təyin olunub. 18-26 mart tarixlərində müvafiq marşrut üzrə 10 min 900 sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu üzrə bayram günlərində ümumilikdə 64 min 811 sərnişinə xidmət göstərilib. 2023-cü ilin ilk rübünün statistikasına əsasən, 1 yanvar tarixindən 26 mart tarixinə kimi müvafiq marşrut üzrə 1 milyon 330 min 297 sərnişin daşınıb. 1 milyon 330 min e, ay kişilər! Bu göstərici ötən ilin birinci rübü ilə müqayisədə 43 faiz çoxdur.
Xatırladaq ki, 2022-ci ilin ilk rübündə Abşeron dairəvi dəmir yolu ilə 933 min 234 sərnişin daşınıb.
Demək, insanlarımız lap keçmiş Sovet dönəmlərindəki kimi qatarlara meyl etməyə başlayıblar. Bunun nəyi pisdir ki?
Qatar gəlir uzaqdan,
Tak-tak, tak-tak, tak-tak, tak.
Gözləyirəm bayaqdan,
Tak-tak, tak-tak, tak-tak, tak.
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)
Aqil Abbas çay qırağında bitib susuz qalan ağaclar haqqında sağlıq deyir
Martın 30-u saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda tanınmış yazıçı, millət vəkili Aqil Abbasın kitab təqdimatı baş tutacaq.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yeni nəşr olunan "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına” kitabının təqdimat mərasimində Aqil Abbasın yazar dostları, oxucularının iştirakı gözlənilir.
Yeni romandan bir parçanı oxucularımıza təqdim edirik.
*
Şakir maşını Qəssab Qulamgilə yox, Anbardar Həsəngilə sürdü, siqnalladı. Anbardar Həsən çıxdı, üzünü Şakirə tutub heç salam da vermədi, dedi:
- Xeyirdimi, ə, lotu?
- Ə, nemes, məndən heç ziyan görmüsən?
- Heç xeyir də görməmişəm.
- Sədrin qonaqları var, dedi ki, yaxşı bir toğlu versin.
Anbardar Həsən dilxor oldu. Hamı bilirdi ki, Həsən gedib Ağcabədidən say-seçmə quzular alır, böyüdüb bazarda babat qiymətə satır. Anbar öz yerində, bundan da babat pul qazanır, asan deyil Bakıda üç uşaq oxutmaq. Bayramda-filanda da sədrə bir heyvan göndərərdi.
- Ə, mən ferma müdiriyəm? Mən zapçast, yanacaq işinə baxıram ey, nə qədər istəyirsən benzin verim, salyarka verim. Dədəyin Mozdokdakı goru haqqı, uşaqların əyin-başını zorla yetirirəm. Hələ o Bakıdakı namərd müəllimləri demirəm.
- Ə, zarıma. Bu anbarı dədəyin malı kimi işlədirsən, kolxozun yox. Maa dediklərini də Sədrin özünə deyərsən. Vermirsən, cəhənnəmə ver. - dedi və getdi maşına tərəf. - Gedib kişiyə deyim ki, vermədi də.
Anbardar Həsən qorxdu:
- Ə, dayan görüm. Məni zibilə salma. - dedi və gəlib oturdu maşına; - sür aşağı, uşaq orda otarır. Gedək lap birini özün seç.
Anbardar Həsən gedərdi Ağcabədiyə yalvarıb-yaxarıb qaradolaq cinsi alıb gətirərdi. Qaradolaq cinsinin də ceyrandan bircə fərqi o idi ki, qoyun idi vəssalam, amma dadı-tamı ceyran ətinin dadı-tamını verərdi. Uzunboylu ceyrana oxşayan qoyun idi.
- Şakir, sən dədəyin goru, qaradolaq cinsinə dəymə, onları döl almaq üçün gətirmişəm.
- Bir əlli manat ver, onlara dəymiyim.
Anbardar Həsən Şakirin Mozdokda qalan dədəsinin goruna ürəyində söyə-söyə çıxarıb əlli manatı verdi.
Şakir də qara toğlulardan birini götürüb sonra maşını sürdü Qəssab Qulamgilə.
- Ə, nemes, bunu kəs, sonra da hamısını kabablıq doğra. Kişi yuxarıda gözləyir.
Qəssab Qulam gördü bu toğlu deyil, ceyrandı:
- Şakir, onu ver mənə, hazır cəmdəklərdən birini kabablıq eləyim, apar.
- Hə, sən öl, sən ağzının dadını bilirsən, kişi ağzının dadını bilmir?! Davay!
Qəssab Qulam:
- Şakir, sən öl, bir əllilik verirəm. Hayıfdı, qoy o qalsın.
- Ə, yox, kişiyə namərdlik edə bilmərəm.
Yolda bağa girib bir az kal üzüm yığdı ki, vursun ətə, olsun məcun. Qalxdı Abdala.
Girişdəki restoranda vur-çatlasın vardı, Abdal Qəhrəman saz üstündə oxuyurdu. Ətrafı səs-küy bürümüşdü. Maşını saxladı və yeməkxananın müdirini çağırdı:
- Ə, bu nə səs-küydü?
- Bilmirəm, Surxay müəllimin Bakıdan qonaqları gəlib, Qəhrəmanı da çağırıblar onlar üçün çalıb-oxuyur.
- Ə, nemes, onlara deynən səslərini bir az aşağı salsın, yuxarıda Katibin qonaqları var.
- Şaka, mən nətəər deyim? Bakıdan gəliblər, gələnlərin biri də Aqil Abbasdı.
- Kim? Nə Aqil Abbas ə, yox bir Həzrət Abbas. O kimdi ki?
- Məşhur jurnalistdi, Abdal Qasımın anekdotlarını yığan oğlan, Aşıq Xaspoladın da dostu. O qaz iyirmi dörd də onundu.
- Ə, istiyir Aqil Abbas olsun, istiyir nə Abbas. Get onlara denən ki, yuxarıda Katibin qonaxları var. Heç Aqil Abbas onların dırnağına da dəyməz. Bir az özlərini adam kimi aparsınlar.
- Baş üstə, Şakacan!
Qonaqlar nərd oynayırdılar. Katib də çay içə-içə Şairə burda görəcəyi işlərdən danışırdı:
- Görürsən də Amfiteatr hazırdı. O üç mərtəbəsi hazır olan da oteldi. Kateclərin sayını xeylaq artıracam. Sanatoriya da işləyir, meşədə Turşsu çıxır, onu da bura çəkdirirəm. Day mineral vannadan ötrü Kislovodskiyə getmək lazım deyil. Buranı Kislovodskidən də gözəl edəcəm, Əyləncə Mərkəzi-zad da düzəldəcəm.
Şakir ətlə qoranı möhkəm-möhkəm qarışdırdı, sonra bir az dincə qoydu ki, ət qoranın suyunu canına çəksin, manqalı qaladı. Surenin verdiyi böyürtkan arağını da qoydu stolun üstünə.
Katib:
- Bu nədi, ə, çaxırdı?
- Yox, yoldaş Katib, böyürtkan arağıdı.
- Nə arağıdı?
- Böyürtkan. Suren bağışlayıb.
- Böyürtkan arağını birinci dəfədi eşidirəm. Şeytanın ağlına gəlməyən bu ermənilərin ağlına gəlir də. Bir süz görüm. Xoşum gəlsə Səyavuşa tapşıraram bir qurğu da bunun üçün qoydurar.
Katib əvvəl-əvvəl bakaldakı arağı iylədi:
- Ə, bundan heç araq iyi gəlmir axı bəlkə kompotdu?
- Vallah, içməmişəm.
Katib bir qurtum içdi, dodaqlarını yaladı:
- Ə, bu araq deyil ey, baldı-məcundu.
Badələr dolduruldu, böyürtkan arağı hamının xoşuna gəldi.
Katib:
- Qalanını qoyarsan maşına, axşam Qonaq Evində qarışdırmayaq.
Doktor Şakirin əyri-üyrü sifətinə baxıb dedi:
- Şakir, Leninqradda Gözəllik İnstitutu var, dostlarımdı, istəyirsən səni göndərim ora, sir-sifətinə bir əl gəzdirsinlər, lap olasan Alen Delon.
- Ay doktor, mənim sir-sifətimi nemesler də yığıb düzəldə bilməz. Mənə zbor baş lazımdı.
Hamını gülmək tutdu.
Şair:
- Şakir, deyirlər sən yaxşı sağlıqlar bilirsən, bəlkə birini deyəsən?
- Deyirsiz deyim də.
Şakir özünə də bir az böyürtkan arağı süzdü, badəni yuxarı qaldırıb dedi; - İçək çay qırağında bitib susuz qalan ağacların sağlığına.
Qonaqlar təəccüblə hamısı bir-birinə baxdı:
- Şakir, bu nə sağlıqdı, çay qırağında bitib susuz qalan ağacların sağlığına…
- Vallah, nə bilim, Ağdamın özündən deyən oğlanları həmişə bu sağlığa içirlər.
Professor alnını qırışdırdı, bir az fikrə getdi və dedi:
- Mən bundan gözəl sağlıq eşitməmişdim. Bu çox müdrik bir kəlamdı. Yəni demək istəyirlər ki, içək bu millətin sağlığına.
Şair:
- Professor, bəlkə bir açıqlayasınız.
- Burda açıqlamalı bir şey yoxdu. Hər şey aydındı. Su qırağında bitib susuz qalan ağaclar! Dəniz qırağında bitib o dənizin balıqlarına həsrət qalan balıqçılar. Nöyütün ortasında bitib nöyütsüz qalan ağaclar. Bir milyon ton pambıq verib kəfənsiz qalan ağaclar. Dünyaya elm bəxş edib özü bu elmdən kənar qalan ağaclar… Sayım, bəsinizdi? Çay kənarında bitib susuz qalan bu millətdi də.
Hamı bir-birinin üzünə baxdı. Professorun ağzından od tökülürdü. Sonra professor qalxdı ayağa, badəsini qaldırdı və dedi:
- Su qırağında bitib susuz qalan millətin sağlığına.
Hamı qalxdı ayağa və bu sağlığa ayaq üstə içildi. Bayaq sağlıq deyəndə bir az qorxan Şakirin qırışığı açıldı:
- Professor, belə çox sağlıq bilirəm ey, qalsın gələn dəfəyə.
Və getdi kababını çəkməyə.
Sədrin sürücüsü pıçıltı ilə Şakirə dedi:
- Ə, qaqa, bunların donuzu əskikdi, bunlar niyə hökumətin əleyhinə danışır.
Şakir:
- Ə, nemes, istəyirlər sənlə mənim də donuzum əskik olsun da.
Yendi Kəhrizə. Qadınlar pal- paltarlarını yuyurdular, uşaqlar da Kəhrizin qabağında düzəltdikləri gölməçədə çimişirdilər. Doyunca su içdi, sonra əl-üzünü yudu.
Bu vaxt Kəhrizin qabağında bir maşın saxladı. Maşından bir cüt ər-arvad düşdü. Arvadın qucağında bir uşaq vardı. Ərklə verdi ərinə, bir az da əsəbi halda:
- Ala!
Əri də xanımından qorxa-qorxa uşağı aldı.
Bu vaxt Şakiri gülmək tutdu:
- Ay bacı, ərindən muğayat ol, arvad eşalonnandı, kişi talonnan.
Kəndin bütün arvadlarını gülmək tutdu. Şakir bunu deyən vaxt restorandan bir nəfər alt köynəkdə, bir az da kefi kök düşürdü Kəhrizə tərəf.
Şakir onun qarşısını kəsdi:
- Ə, nemes, get əyin-başını düzəlt, burda arvad-uşaq var.
Kəhrizə düşən adam Şakirin sir-sifətindəki halı görüb özünü düzəltdi və qayıtdı geri.
Şakir də Kəhrizdən bir bardaq su götürüb qayıtdı qonaqların yanına.
Qonaqları yola salandan sonra yenidən özü bir yüz qram vurdu , sonra da yendi kəhrizə, möhkəm-möhkəm əl-üzünü yudu, ovuclarını doldurub doyunca su içdi və bütün kefliliyi getdi. Sonra qalxdı yeməkxananın qabağına. Sakitlik idi.
Xörəkpaylayandan soruşdu:
- Nə sakitlikdi? Deyəsən, qonaqlarınız gedib.
- Hə, Şakir əmi, elə indicə getdilər.
Əyləşdi maşınına, düşdü aşağı, evlərinə tərəf. Abdal yolundan dönüb idarəyə çatanda gördü ki, məhlələrinə xeyli adam toplaşıb. Maşını yolun bir kənarına verib saxladı. Yaxınlaşdı adamlara tərəf.
- Nə olub, ə? Nə yığışmısınız bizim evin qabağına?
Market Vəliş:
- Şaka, başın sağ olsun, eşşəyini maşın vurub öldürüb.
Adamlar aralanıb ona yol verdilər. Gördü ki, bayaq yeyib-içən oğlanlardı, təlaş içindədirlər. Eşşəyi də uzanıb yolun ortasına. Üzünü yığışan adamlara tutub dedi:
- Bu bəxtəvərin nə çox qohum-əqrəbası varmış, ə? Nə yığışmısınız, dağılın xarabanıza.
Amma heç kim dağılmadı.
Yeyib-içən oğlanlar, başda Aqil Abbas olmaqla, başladılar ona yalvarmağa:
- Şakir əmi, sən Allah, bağışla, bir xətadı əlimizdən çıxıb. Eşşəyin qiymətini de, nə qədər desən pul veririk. Yüz manat, iki yüz manat, beş yüz manat… Nə qədər istəsən.
Şakir bu eşşəyi qayınatasının danlağından sonra qonşu Bağbanlar kəndindən əlli manata almışdı. Arvadı atasına şikayət eləmişdi ki, bulaqdan səhənglə su daşımaqdan çiynim əyilib Rəmiş kimi gedirəm.
Qayınatası da Şakirə hirslənmişdi ki, bu boyda kənddə eşşək yoxdur ki, qız səhənglə su daşıyır?! Şakir də cavabında demişdi:
- Niyə yoxdu, elə birini də sizin kənddən gətirmişəm.
Qayınatasının danlağından sonra kənddə eşşək hamıya lazım olduğu üçün öz camaatlarından satın almağa eşşək tapmamışdı, düşmüşdü Bağbanlar kəndinə və birini tapıb almışdı.
Sonra yemək-içmək vaxtı bağbanlılar ona söz atmışdılar:
- O qotur eşşəyi də əlli manata sırıdıq sənə.
Və gülüşmüşdülər. Amma Şakir elə bir söz demişdi ki, bağbanlıların dəymişi dura-dura kalı tökülmüşdü:
- Heç vecinizə almayın, bizim o böyük gədə var ey, onu indiyəcən min manatlıq…
Və yazılası mümkün olmayan söz demişdi.
İndi şəhərin yeyib-içən uşaqları əlli manatlıq eşşəyə beş yüz manat oxuyurdular.
- Ə, bu zəhrimarı bir az az için də. Biz içmirik ölürük? Pulunuzu da soxun filan yerinizə. Götürün eşşəyi də atın baqajınıza. Eşşəyi öldürənə sürütdürərlər. Aparın bir dərədə basdırın.
Şəhərli uşaqlar nə qədər əlləşdilər eşşəyi yerdən qaldıra bilmədilər. Kənd camaatı kömək elədi, sonra birtəhər sürüyüb baqaja qoya bildilər. Amma baqajın qapısı örtülmədi. Uşaqlar sevinə-sevinə maşına oturub tərpəndilər.
Şakir yenə üzünü tutdu camaata:
- İndi gedin xarabanıza. Yas-zad verməyəcəm.
Sonra da bir kənarda dayanıb ağlayan balaca oğluna yaxınlaşdı, təpəsinə də bir qapaz saldı:
- Ə, niyə ağlayırsan? Eşşək oğlu eşşək. Dədən ölüb? Sabah sənə ondan qəşəng eşşək alacam, nə qədər istəsən minərsən.
Və uşağın əlindən tutub gətirdi Market Vəlişin dükanına:
- Ə, ordan buna bir paçka peçenye ver.
Market Vəlişin oğlu:
- Şakir əmi, qağama denən bir paçka da maa versin.
Şakir üzünü tutdu Market Vəlişə:
- Ə, niyə ölüb yerə girmirsən, uşağa peçenye ver də. kasıf düşəssən? Pulunu məndən çıx.
Sonra da oğlunun əlindən tutub getdi evinə.
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)
Animatorlardan uşaqlara gözəl tohfə gəlir: “Bizimkilər” animasiya toplusu
Animator əmilərdən balacalara əsl hədiyyə gəlir. Maşa və Medvedlərin əsarətindən, deyəsən, uşaqlarımız qurtulacaq.
“Bizimkilər: Cırtdan, Bahar qız, Şahzadə və Qəhrəman” animasiya toplusu “Park Cinema” və Nizami Kino Mərkəzində nümayişə çıxarılır.
Son dövrlərdə istehsal olunmuş yerli animasiya filmlərini bir yerə toplayan “Bizimkilər: Cırtdan, Bahar qız, Şahzadə və Qəhrəman” adlı milli animasiya toplusu azyaşlı tamaşaçılara əyləncəli anlar yaşadacaq.
“Azərbaycanfilm” kinostudiyasının təşəbbüsü ilə ekranlara çıxan animasiya toplusu “Cırtdan və sehrli xalat” (2019), “Mənim balaca Şahzadəm” (2019), “Tarix” (2022) və “Baharın oğurlanması” (2023) filmlərindən ibarətdir. “Baharın oğurlanması” filminə tamaşaçılar ilk dəfə olaraq baxacaq.
“Azanfilm” studiyası, “Salnaməfilm” studiyası və “OB film”in istehsalı olan ekran əsərlərinin rejissorları Aleksandra Şirinova, Rəşad Əfəndiyev, Arif Məhərrəmov və Ceyhun Türksoydur.
Qeyd edək ki, bu milli animasiya filmlərinin yerli kinoteatr şəbəkəsində nümayişinin ilk təşəbbüsüdür.
İndi də cizgi filmlərini şərh edək. “Ədəbiyyat və incəsənət” bu işi iTicket.az-ın köməkliyi ilə həyata keçirəcək.
“Baharın oğurlanması”
Burada Bahar qız div tərəfindən oğurlanır. Bunu görən balaca qəhrəman Baharı xilas etmək istəyir. Balaca qəhrəmanla Bahar birləşib divin qəsrindən qaça bilirlər. Bundan sonra Bahar hər tərəfi gül-çiçəyə qərq edir.
“Cırtdan və sehrli xalat”
Burda Şahzadə qız əhalini bədheybət Təpəgözdən xilas etmək üçün Cadu nənədən kömək istəyir. Cadu nənə Sehrli xalatın göstərişi ilə 21-ci əsrdə yaşayan Cırtdanı köməyə çağırır. Cırtdan keçmişə gedir və Sehrli xalatın köməyi ilə Təpəgözə qalib gəlir.
“Tarix”
Burda kiçik yaşlı oğlan Qarabağ ərazisindəki rayonların işğal tarixlərini əzbərləməklə bağlı ev tapşırığını yerinə yetirməyə çalışır. Hərbi oyuncaqları ilə oynayaraq yuxuya gedən qəhrəmanın yuxusunda oyuncaqlar hərəkətə gəlir və səmada müxtəlif döyüş tapşırıqlarını yerinə yetirir. Yuxudan oyanan qəhrəman kitabçasındakı işğal tarixlərinin üzərindən xətt çəkildiyini görür.
“Mənim balaca şahzadəm”
Burda pilot səhrada balaca şahzadə ilə qarşılaşır. Balaca şahzadə pilota yaşadığı yer haqqında danışmağa başlayır. O, tək yaşadığı planetində çox sevdiyi gülə qulluq edir. O, gülünə daha faydalı olmağın yollarını araşdırmaq üçün başqa planetlərə səyahət edir. Bu planetlərdə balaca şahzadə müxtəlif şəxslərlə qarşılaşır. Onun ziyarət etdiyi son planet Yerdir. Yer planeti digərlərindən fərqlənir.
Bir sözlə, çox maraqlı və əyləncəli, üstəlik, düşündürücü!
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)
Narla qız rəsminin Yaponiya triumfu
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Fikrət Əmirov adına 6 nömrəli incəsənət məktəbinin Rəssamlıq şöbəsinin şagirdi Ziyad Qasımlı (müəllim Elmar Ağamirzə) Yaponiyada keçirilən Kanagava Biennalesi Beynəlxalq Uşaq İncəsənət Sərgisində uğurla iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalı Baş idarənin verdiyi məlumata istinadən xəbər verir ki, Ziyad Qasımlı çəkdiyi rəsmlər, xüsusən manşetimizi bəzəyən “Narla qız” rəsmi sayəsində "Xüsusi mükafat"a layiq görülərək istedadı və işinin keyfiyyəti ilə yaşıdlarından xeyli fərqlənib.
Qeyd edək ki, Kanagava Biennalesi Beynəlxalq Uşaq İncəsənət Sərgisi müxtəlif ölkələrin gənc rəssamlarının əsərlərini bir araya gətirməklə, incəsənətin gücünü və uşaq yaradıcılığını nümayiş etdirmək üçün ənənəvi olaraq hər il keçirilən müsabiqədir.
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)
Saralan yarpaqlar, gənclik şövqü, popun və rokun vəhdəti
“Bakı Payızı” 35 ildən sonra qayıdır
Bir vaxtlar ölkəmizin musiqi həyatında “Bakı payızı” adlı festival aparıcı yer tuturdu. Amma 35 il öncə son festival keçirildi, heyət dağıldı, təşkilatçılar qapını çırpdılar, not dəftərləri saraldı. Zira, ayrılığın sonu hər halda var imiş.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, “Golden Arts entertainment”, “Best cast” heyətinin təşəbbüsü və Mədəniyyət TV-nin tərəfdaşlığı ilə “Bakı Payızı” müsabiqəsi yenidən keçiriləcək və öz missiyasını - istedadları kəşf etmək missiyaaını davam etdirəcək. İlk dəfə bu barədə təşkilatçılar hələ yanvar ayında məlumat veriblər.
“Bakı Payızı 2023 - 35 il sonra” adı ilə keçiriləcək müsabiqə Heydər Əliyevin 100 illiyinə həsr olunur. Müsabiqənin sosial şəbəkə hesabında bildirilir ki, müsabiqə beş istiqamət üzrə keçiriləcək:
müasir vokal,
orijinal janr,
müasir xoreoqrafiya,
bəstəkarlar,
pop və rok ifa.
Layihənin əsas məqsədlərindən biri də dünya azərbaycanlılarını sosial platformada birləşdirmək və Azərbaycan mədəniyyətini bütün dünyaya tanıtmaqdır. Bu layihə təkcə vokal istedadlar üçün deyil, həm də dörd janr – qruplar, orijinal janr, xoreoqrafiya və bəstə üzrə böyük müsabiqəyə çevriləcək.
O, xaricdə yaşayan azərbaycanlılara müraciət edərək onları layihəyə qoşulmağa dəvət edib.
Qeyd edək ki, “Bakı Payızı” müsabiqəsi ilk dəfə ötən əsrin 60-cı illərin ikinci yarısında təşkil olunsa da, uzun müddət keçirilməyib. Təxminən 20 ilə yaxın uzun fasilədən sonra, 1980-ci illərdə yenidən estrada musiqisinə töhfələr verməyə başlayıb.
Müsabiqə keçirilən illərdə sonradan Azərbaycanda məşhurluq qazanan neçə-neçə ifaçı “Bakı payızının” iştirakçısı olub. Onların arasında Faiq Ağayev, Zülfiyə Xanbabayeva, Tünzalə Ağayeva, Samir Bağırov, Aygün Kazımova və başqaları var.
Sonuncu dəfə 1988-ci ildə Bakı Şəhər Mədəniyyət İdarəsi ilə Azərbaycan Televiziyası və Radio Komitəsinin birgə səyi nəticəsində təşkil olunub.
Konsert günü iştirakçılar ilk dəfə Eldar Mansurovun, Vaqif Gərayzadənin, Faiq Sücəddinovun və Mikayıl Vəkilovun bəstələrini ifa ediblər. Müsabiqədə ən yaddaqalan məqam isə bəstəkarlar Mikayıl Vəkilov və Firuz İsmayılovun şair Malik Fərruxun sözlərinə bəstələdikləri “Azərbaycanım” mahnısının konsertin ulduzları tərəfindən birgə ifası olub.
Artıq müraciətlərin qəbuluna start verilib. İfa olunan nömrənin videoçarxı və iştirakçı haqqında məlumat This email address is being protected from spambots. You need JavaScript enabled to view it. e-poçtuna göndərilməlidir.
Layihənin təşkil edilməsində məqsəd ölkədə müasir estrada sənətinin inkişafına təkan vermək, gənclər arasında yeni istedadlı ifaçıları üzə çıxarmaq və onların peşəkar inkişafında, böyük səhnələrə və beynəlxalq arenalara çıxışlarına dəstək olmaqdır.
“Bakı Payızı-2023”də bəstəkarlar arasında ən yaxşı mahnı müsabiqəsi də keçirilir. Müsabiqənin ənənəvi xarakter alacağı və Azərbaycan estrada sənətinin inkişafına yeni təkan verəcəyi planlaşdırılır.
Arxiv fotoları 1988-ci ilin “Bakı payızı” festivalını əks etdirir. Müğənnilər Tamilla Ağamiyeva və Yevgeni Baxtin birinci, Faiq
Ağayev isə ikinci yerə layiq görülür.
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)
Opera və Balet Teatrının aprel repertuarı
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı aprel ayı üçün repertuarını açıqlayıb. Repertuarı təqdim edirik.
1 aprel – “Koroğlu” (opera)
2 aprel – “Xanım vı Xuliqan” (balet), “Balero” (balet)
5 aprel – “Jizel” (balet)
8 aprel – “Bohema” (opera)
9 aprel – “Çəkməli pişik” (opera)
12 aprel – “Orfey və Evridika” (opera-balet)
15 aprel –“Natəvan” (opera)
16 aprel –“Dahi hekayəçi” (balet)
23 aprel – “Yeddi gözəl” (balet)
26 aprel – “Arşın mal alan” (musiqili komediya)
29 aprel – Bakı Xoreoqrafiya Akademiyasının buraxılış konserti.
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)
Və ağlasığmaz gəmi qəzaları, korsarların oğurluqları, sevgi ehtirasları, məkrli xəyanətlər…
“Korsar”ın Bakı premyerası olduqca uğurlu alındı
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baletsevərlərə dünyaca məşhur bir baletin premyerası təqdim olunub. Belə ki, sənət ocağı bu dəfə görkəmli fransız bəstəkarı Adolf Adanın “Korsar” baletini səhnəyə qoyub.
Dünya balet sənətinin ən populyar əsərlərindən olar "Korsar" baleti gənc yunan qızı Medora ilə korsar Konrad arasındakı məhəbbətdən bəhs edir. Və mütləq qeyd edək ki, “Korsar” baletinin müəllifi Adolf Adan baleti ərsəyə gətirərkən dünyaşöhrətli Cüzeppe Verdinin eyniadlı operasından illama gəlib. Balet və opera isə məşhur ingilis şairi Corc Bayronun eyniadlı poeması əsasında yazılıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, baletin müəllifi Adolf Adan 1803-cü ildə Fransanın paytaxtı Paris şəhərində doğulub. Romantizm dövrünün fransız bəstəkarı çoxsaylı operaların, baletlərin, operettaların müəlifidir. Onun əsərləri dünyanın ən məşhur teatr səhnələrinin repertuarına daxil edilib.
İndi isə baleti ərsəyə gətirənlər barədə: Truppanın mövsümün əvvəlindən bəri üzərində çalışdığı səhnə əsərində əsas rolları teatrın gənc solistləri Ayan Eyvazova, Seymur Qədiyev, İslam Məmmədov, Fatimə Xələfova və başqaları ifa edib. Quruluşçu baletmeyster və liberotto müəllifi Əməkdar artist Samir Səmədov olan balet dirijor Orxan Həşimov tərəfindən idarə olunub. Səhnə əsərində dekorasiya və kostyum eskizlərinin müəllifi Dmirtri Çerbadjidir.
Baletin süjetində tamaşaçı sevgisi qazanmaq üçün hər şey var: ağlasığmaz gəmi qəzaları, piratların tarixi, oğurluqları, sevgi ehtirasları, məkrli xəyanətlər… Bunlardan başqa al-əlvan kostyumların şərq koloriti, ekzotik rəqslər, klassikanın təntənəli hormoniyası… Və elə bu səbəblərdəndir ki, balet 150 ilə yaxındır ki, dünya repertuarında yer almaqdadır.
Və ən nəhayət, baş rolun ifaçısı Ayan Eyvazovadan (şəkildə) danışaq. Ayan Azərbaycan balet sənətini beynəlxalq miqyasda uğurla təmsil edir. Polad Bül-büloğlunun "Eşq və ölüm", L.Minkusun "Paxita", P.Çaykovskinin "Qu gölü", A.Adanın "Jizel" baletlərində müxtəlif rollar ifa edib. Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülüb. “Korsar” isə Ayanın növbəti uğurlu işidir.
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)