Super User
Səməd Vurğun, Abbas Zamanov və erməni məsələsi
“Ədəbiyyat və incəsənət” portalı ictimai fəal Elnur Eltürkün bir arxiv araşdırmasını təqdim edir.
1960-ci ildə Səməd Vurğunun anadan olmasına həsr edilmiş ədəbi-bədii gecədə Naxçıvanın “erməniləşməsinə” qarşı çıxan professor Abbas Zamanovun sərt çıxışını təqdim edirəm!
– Əziz həmvətənlilər.... Əziz Səmədsevərlər, Vurğun xalqımızın kisəsindən getdi. Vurğun ruhu haqqında danışmaq azdır, onun canından da çox sevdiyi Azərbaycan torpağının taleyi, müqəddəratı uğrunda mübarizə aparmaq lazımdı. İndi elə bir az bundan əvvəl buraya gələndə köhnə naxçıvanlı bir alim (Bakıda ezamiyyətdə olan Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin katibi Əli Əliyev nəzərdə tutulur-red.) Vurğunun xatirə gecəsinə getdiyimi biləndə fikirli-fikirli dedi: “Abbas, Naxçıvanı ermənilərə verirlər.... Görəsən Səməd Vurğun sağ olsaydı, buna nə ad verərdi?” Dedim, sağ olsaydı, deyərdi: Qədim Naxçıvan torpağı Azərbaycanındır və biz onu heç kəsə verməyəcəyik!
Qeyd edim ki, Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olmuşdur.
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)
Günün fotosu: Ukrayna Challenger-lərə sevinir
Günün fotosu: Ukrayna Challenger-lərə sevinir
Britaniya tankları - ən ultramüasir tanklar hesab olunan Challenger-lər Ukraynaya gətirilib. Tanklarla birlikdə Britaniyada hərbi xidmət keçib bu tanklarla davranmağı öyrənən ukraynalı hərbçilər də vətənlərinə dönüblər.
Şəkildə də həmin hərbçiləri və Challenger-ləri görürsünüz.
Fotonun müəllif hüququ: Ben Birchall/PA
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)
“ Biz naməni yazdıq sənə göz yaşlarımızla...” – Xaqani Əmininin qəzəlləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Şeir vaxtıdır, Xaqani Əmininin qəzəlləri ilə tanışlıqdır.
QƏZƏL DE Kİ...
Xaqani ƏMİNİ
Hicranına dözmək mənə müşküldü, sözüm yox,
Amma elə zənn etmə ki, aşiqdə dözüm yox.
Saldın məni gözdən, könül, öz nalələrinlə,
İndi üzünə baxmağa cananın üzüm yox.
Səhraləri başdan-başa sərgəştə dolandım,
Hicranın əlindən, görəsən, harda izim yox?
“Yum gözlərini, bunca, – deyirsən, – mənə baxma,”
Nolar, elə billəm, koram aləmdə, gözüm yox.
Başdan-başa, Xaqani, vücudum dolu qəmdir,
Əks eyləyən ayinədə dərdimdir, özüm yox.
***
Məhşər günü cənnət, deməyin, zahidə qaldı,
Hardan axı haqqın kərəmi fasidə qaldı?!
Göz gördü, tökən qanımı qəmzəndi, danırsan,
Aləmdə gümanım bu iki şahidə qaldı.
Biz naməni yazdıq sənə göz yaşlarımızla,
Amma səni görmək, gözəlim, qasidə qaldı.
Sən getdin, əzizim, mənə üz verdi kədər–qəm,
Həsrət ürəyimdə əbədi abidə qaldı.
Xaqani, gədalıq edə bildik qapısında,
Söz mülkü Süleymanlıq edən Vahidə qaldı.
***
Çərxdən umma vəfa, sabit keçən dövranı yox,
Hər zaman bir tövr dövr eylər, onun səhmanı yox.
Var əzəl gündən bizim peymanımız peymanəyə,
Sındırıb peymanəni zahid, onun peymanı yox.
Bir sağalmaz dərdə düşdüm, dərd dərd üstən gələr,
Dərdə bax ki, dərd əlindən dərdimin dərmanı yox.
Düşməmiş eşqində aşiq mənfəət sevdasına,
“Var-yox” fərqində yox ki, vəsli var, hicranı yox.
İndi ki, Xaqani eylər iddia aşiqliyi,
Eşq meydanında cananın düşünsün, canı yox.
***
Görsəydi Züleyxa bu gözəl yarı, düzün de,
Heç gör səni istərdimi, ey Yusif, özün de.
Göstər ona, görsün necə gülşəndə solub gül,
“Qalmaz bu gözəllikdə sənin də gül üzün”, – de.
Öz dərdini könlüm deyə bilmir, dili yoxdur,
Ey badi-səba, yarə bu biçarə sözün de.
Tök gözlərim üstə bir ovuc torpaq öləndə,
“Qoy qalmasın arxamca o dünyadə gözün”, – de.
Öz cənnətinə bağlıdı zahid, nə qanır eşq,
Yox xeyri nəsihətlərinin, gündə yüzün de.
Səndən bizi, Xaqani, əgər kim xəbər alsa,
Aşiqlərin ünvanını ancaq göy üzün de.
***
Bu canı eşqdə bir sərvnazə verdim mən,
Xəyali-vəsl ilə ömrüm güdazə verdim mən.
Həqiqi eşqimi zahidlərə bəyan elədim,
Heyif ki, sirrimi əhli-məcazə verdim mən.
Cahan məhəbbəti dəryadə qərq edib çoxusun,
Bilib bunu, özümü çox dəyazə verdim mən.
Yaxardı qəm səni axır bədəndə qalsaydın,
Nə yaxşı, çıxmağa, ey can, icazə verdim mən.
Cəmali-yarımı, Xaqani, qiblədir bildim,
Odur ki, fikrimi ancaq nəmazə verdim mən.
***
Gərçi gülşəndə gülün xarə təmənnası olur,
Gülə axırda qalan bülbüli-şeydası olur.
Yar əgər istəsə, biganə məni incitməz,
Bülbülü dərdə salan öz güli-rənası olur.
Göz yumub eşqinə bənd olma vəfasız gözəlin,
Gec-tez axır bu işin sonradan əmması olur.
Adı dillərdə gəzər canlı bir əfsanə kimi,
Yaşadan aşiqi qəlbindəki sevdası olur.
Yetməsə vəslinə Xaqani, deyin ağlamasın,
Kim bilir, ayrılığın, bəlkə də, mənası olur.
***
Saldı sevdayi-səri-zülfü könül başımıza,
Nə qara gündür, əcəb gəldi bu il başımıza.
Dərdi ərz eyləmək artırdı cəfasın yarın,
Bir bəla oldu məhəbbətdə bu dil başımıza.
Ey könül, heyrət edirsən ki, sitəm daşı yağır,
Yoxsa bu çərx, sanırdın, səpə gül başımıza?
Aldanıb zahidə cənnət həvəsiylə yaşadıq,
Almadıq saqi əyağın ələ, kül başımıza!
Ələ al saqi əyağın, başa çək, Xaqani,
Başa düş, başqa dəva çarə deyil başımıza.
***
Sevgilim, hər gəlişin qəlbə diləklər gətirər,
Dilinə eşqimizi odlu ürəklər gətirər.
Bir gözəlsən ki, mələklər də çəkir həsrətini,
Nə verər mislini dünya, nə fələklər gətirər.
Aşiqin dönsə də torpaqlara, səndən dönməz,
Onu hər gün qapına gizli küləklər gətirər.
Bil ki, dünyadə qəmindən yıxılan aşiqini,
Qaldırıb məhşərə çiynində mələklər gətirər.
Qəbrimin torpağı, Xaqani, dönər gülzarə,
Gündə cənnətdən enib huri çiçəklər gətirər.
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)
Rəsm qalereyası: Nəvai Mətin, “Kəpəz dağı”
Bu gün Xalq artisti Əlibaba Məmmədovun xatirəsi anılacaq
Bu gün Beynəlxalq Muğam Mərkəzində Xalq artisti, ustad xanəndə Əlibaba Məmmədova həsr olunmuş xatirə gecəsi təşkil olunacaq.
Əməkdar mədəniyyət işçisi İlqar Fəhminin aparıcılığı ilə keçiriləcək konsert proqramında Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artist Səbuhi İbayev, eləcə də digər xanəndələrin ifaları səslənəcək. Gecəni tarzən Rüstəm Müslümovun müşayiəti ilə ansambl idarə edəcək.
Qeyd edək ki, Bakının Maştağa kəndində anadan olan Əlibaba Məmmədov musiqi təhsilini 1953–1958-ci illərdə Azərbaycan Dövlət Musiqi Məktəbində xanəndə Seyid Şuşinskinin sinfində alıb. 1945-ci ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının və 1978–1988-ci illərdə "Azkonsert birliyi"nin solisti olub. 1968-ci ildə Filarmoniyanın nəzdində maestro Niyazinin təşəbbüsü ilə "Hümayun" xalq çalğı alətləri ansamblını yaratmış və ömrünün sonuna kimi həmin ansambla rəhbərlik etmişdir. Əlibaba Məmmədov Azərbaycanın görkəmli xanəndələrindən bəhrələnərək, muğam sənətində öz yolunu açan ustad xanəndə kimi tanınıb. Xanəndənin ifa etdiyi "Rast", "Bayatı-Şiraz", "Rahab", "Dəşti" və başqa muğam-dəsgahlarının səs yazıları AzTV-nin fondunda saxlanılır. Əlibaba Məmmədov 100-dən artıq mahnı və təsniflər yaradıb və onlar bir çox xanəndələrin repertuarlarına daxil edilib. M.Füzuli, Ə.Vahid, M.Müşviq, S.Rüstəm, B.Vahabzadə kimi Azərbaycan şairlərinin sözlərinə yazılmış "Yaşa məhəbbətim, yaşa ürəyim", "Gəl bizə, yar", "Bir dənəsən" və bir çox digər mahnılar AzTV-nin fondunda görkəmli xanəndələrin lent yazısında qorunub saxlanılır. O, 1963-cü ildən Bakı Musiqi Kollecində, 1988-ci ildən isə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində muğamdan dərs deyərək gənc xanəndələr nəslinin yetişməsində böyük əmək sərf etmişdir. Görkəmli xanəndə, Xalq artisti Əlibaba Məmmədov 2022-ci il fevralın 25-də 92 yaşında vəfat edib və birinci Fəxri xiyabanda dəfn olunub.
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)
Sovetskili məşhur jurnalistin doğum gününə
İlqar Əlfinin ulduzu 80-lərin sonu, 90-ların əvvəlində “Dalğa” teleproqramı ilə parladı. Bu gün “Ədəbiyyat və incəsənət” onun doğum günü ilə bağlı Elman Eldaroğlunun yazısını təqdim edir.
Beş yaşınadək keçmiş “Sovetsk”idə- “Həmşəri palanı” küçəsində, 7 kvadrat-metrlik bir evdə böyüyüb. Sonra yeni mənzilə köçüblər. Daha sonra orta məktəb, institutut, əsgərlik, bədii yaradıcılıq, televiziya və “Dalğa” verilişi. Onu Azərbaycana tanıdan da elə “Dalğa” oldu…
Deyir ki,- “Səmimi bir etiraf edim: atamın mənim üçün kim olduğunu hələ tamamilə dəqiqləşdirə bilməmişəm. Hətta həyatımda oynadığı rolu da. Bilirəm ki, məndə nə varsa, hamısı atamdandır. Amma nə vaxt verib, necə verib, hansı mexanizmlə verib, bilmirəm”...
Nikbin, məğrur, zəmanəylə ayaqlaşan, ətrafında cəryan edən hadisələrə həssas, səbrsiz insandır. Gördüyü iş ürəyincə olmayanda, ideyaları tükənəndə, bəzən dünyadan bezir. Amma böyük işlər görmək həvəsi heç zaman onu tərk etmir. Gözlərində qəribə bir kədər var. Keçmişin acı xatirələri onu heç vaxt rahat buraxmır. Odur ki, güləndə sanki ürəkdən gülmür…
Atası Əlfi Qasımov əslən Ağdam rayonunun Poladlı kəndindən olub. Azərbaycanın tanınan yazıçılarından biri idi. Eyni zamanda jurnalist, publisist və tərcüməçi kimi yaddaşlarda qalıb...
Yüksək intuisiya, hissetmə qabiliyyətinə malikdir. Bəzən həmsöhbətini gipnoz etməyi bacarır. Qəribə xasiyyətləri çoxdur. Həzin musiqi səsindən, şam işığından, tənhalıqdan ilhamlana bilir. Mübariz, haqsızlığa qarşı amansızdır. Yanında kiminsə haqqı tapdalananda sərt reaksiya verir. Buna görə də bəziləri onu acıdil adam kimi tanıyırlar. Heç zaman ruh düşkünlüyünə mübtəla olmur. Əksinə çətinliklə üzləşəndə daha əzmkar, daha döyüşkən olur. Sadə geyinməyi xoşlayır. Onun üçün insanların libası yox, daxili keyfiyyətləri əsasdır…
Deyir ki,- “Ömrüm 20 yaşına qədər acı bağırsaq kimi uzanırdı. 20-60 arası isə heç bilmədim necə keçdi. İndi hər günümü dəyərləndirirəm - görəsi o qədər iş var ki. Sadəcə, planlar qurub, Allahı özümə güldürmək istəmirəm - məsləhət Onunkudur”…
Güclü yumor hissinə malikdir. Şən və gülərüzdür. Atmacaları ilə aranı qarışdırıb, müzakirə meydanına çevirməyi bacarır. Şəhər uşaqlarına məxsus jestləri var. Necə deyərlər, əsl centelemendir. Nəvaziş göstərməkdən zövq alır. Ana dilimizin məftunudur. Lazım gələrsə, onun uğrunda mücadiləyə girə bilər.
El arasında belə bir ifadə var- canlara dəyən adam. Bir sözlə, İlqar Əlfioğlu doğrudan da canalara dəyən oğlandır...
Onun 68 yaşı tamam oldu. Bu münasibətlə onu təbrik edir, möhkəm can sağlığı arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)
Bu gün “Sevil” operası nümayiş olunacaq
Bu gün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli bəstəkar Fikrət Əmirovun "Sevil" operası nümayiş olunacaq.
Səhnə əsərində Sevil obrazını teatrın solisti Fatimə Cəfərzadə canlandıracaq.
Operada digər əsas rolları Əməkdar artistlər İnarə Babayeva, Tural Ağasıyev, Səbinə Vahabzadə, teatrımızın solistləri Atəş Qarayev, Mahir Tağızadə, Fəhmin Əhmədli, Esmira Məmmədova, Sadiq Məlikov və Nəzər Bəylərov ifa edəcəklər.
Əsər qadınların cəmiyyətdəki rolundan, onların çəkdiyi əzablardan, apardıqları mübarizədən və nəhayət onların geridə qalmış patriarxal ənənələr üzərindəki qələbəsindən bəhs edir.
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)
Bu gün iki nakam şairin - Mikayıl Müşfiqin və Vitautas Maçernisin poeziya gecəsi keçiriləcək
Bu gün Bakı Marionet Teatrında nakam Azərbaycan şairi Mikayıl Müşfiqin və nakam Litva şairi Vitautas Maçernisin yaradıcılığına həsr edilmiş “Yenə o bağ olaydı” mövzusunda poeziya gecəsi keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Stalin repressiyasının qurbanı olan və qısa ömür sürən Mikayıl Müşfiqlə Vitautas Maçürnisi birləşdirən məhz elə hər ikisinin qısaömürlü olmasıdır. Vitautas cəmi 23 il yaşayıb, 8 dil bilən və 9-cu dili - ivrit dilini öyrənən gənc şair 1944-cü ildə 2-ci dünya müharibəsi bombardmanı zamanı aldığı qəlpə yarasından dünyasını dəyişib.
Tədbirin təşkilatçısı Litvanın Azərbaycandakı səfirliyidir. Gecədə şair və musiqiçilər Eqidius Navikas, Natəvan Məcidova, Fərizə Babayeva, Gülnur Məmmədova və Cəlal Səmədov Müşfiqin və Maçernisin ən məşhur əsərlərindən parçaları deklamasiya deyəcəklər. Gecənin aparıcısı rəssam Adilə Əfəndidir.
Gecədə yaradıcı ziyalıların nümayəndələri iştirak edəcəklər.
Qeyd etdik ki, Azərbaycan şairi Mikayıl Müşfiqi və Litva şairi Vitautas Maçernisi birləşdirən onların nakam olmalarıdır. Onlar hər ikisi Sovet rejiminin qurbanı olublar. O rejimin ki, bu gün də Rusiya dövləti şəklində keçmiş müstəmləkələrinə diş qıcayır. Amma rejim Litvadan tam əlini çəkib. O gün olsun, bizdən də əlləri üzülsün.
Amin!
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)
Lalələr, lalələr… - İstanbul lalələr festivalına qucaq açıb
Məşhur Rəşid Behbudovun mahnısı yadınızda olar:
Yazın ortasında, Gəncə çölündə,
Çıxıblar yenə də düzə lalələr…
Bəli, “Ədəbiyyat və incəsənət” portalı bu yazısında lalələr barədə danışacaq. Amma Gəncədəki deyil, İstanbuldakı lalələr barədə.
Əvvəl ordan başlayaq ki, Niderland zanbaqlar ölkəsi olduğu kimi, İstanbul da lalələr şəhəri olmağa iddialıdır. Lalə mövsümü İstanbulda baharın gəlişinin müjdəçisidir. Hər il İstanbulun göz önündə olan yerləri rəngbərəng bahar lalələri ilə bəzədilir. Bu da ziyarətçilərə şəhərin parlaq gözəlliklərini ehtiva edən zövqlü mənzərə ziyafəti təqdim edir. Məsələn, laləçiliyin akvakultura üsulundan istifadə edilərək Sultanahmet meydanında geniş lalə xalçası toxuyurlar. Bu nəfəs kəsən mənzərə həm yerli, həm də xarici ziyarətçiləri ovsunlayır. İstanbulda Emirgan bağı, Gülhanə Parkı, Yıldız bağı, Soğanlı Botanik Parkı, Beykoz bağı, Büyük və Kiçik Çamlıca bağlarında və digərilərində bənzər mənzərə ilə qarşılaşmaq mümkündür. Emirgan bağı lalə festivalının ana məkanı hesab edilir. Burada hər il 3,5 milyon lalə yetişdirilir!
Türkiyənin nukteler.com saytının məlumatına əsasən, İstanbul məşhur lalə mövsümünə hazırdır. Və bu mart günlərindən ta ki mayın ortalarınadək nəhəng şəhər lalə festivalına evsahibliyi edəcək.
Əsasən çöl çiçəyi olan lalə XVI əsrdən başlayaraq Osmanlının paytaxtı İstanbulda yetişdirilməyə başlanıb və şəhərin hər yerində bağ çiçəyi kimi əkilib. Qanuni Sultan Süleyman dövründə ölkədə lalə bitkisinin fərqli növ və sortları artıb. Özəlliklə şəhərin simvolu olan İstanbul laləsi bu dövrdə ortaya çıxıb. Sultan III Əhmədin dövründə gülün 2000-ə yaxın növü yayılıb və məhz bunun nəticəsidir ki, XVIII əsrin əvvəlini lalə dövrü adlandırırlar.
Lalələrin rənglərinə görə fərqli mənalar ifadə edirlər. Lalə çeşidləri artdıqca hər rəng başqa bir məna ifadə etməyə başlayıb. Qırmızı lalə eşqi, bəyaz lalələr isə saflıq və məsumiyyəti təmsil edir. Bənövşəyi çiçəklər “ləyaqət və romantizmi”, sarı çiçəklər “ümidsiz sevgi”ni ifadə edir. Nadir qarşılaşdığımız qara lalə “əlçatmazlıq və nadir”liyi ifadə etdiyi halda, zolaqlı lalə isə “gözəl gözlərin var” mesajı ötürür.
Türk mədəniyyətində bu qədər önəmli yeri olan möhtəşəm çiçək XV əsrin ikinci yarısında əvvəlcə Avstriyanın Vyana şəhərinə, daha sonra Hollandiyaya gətirilərək Avropaya təqdim edilib. Qısa müddətdə Hollandiyada məşhurlaşan lalə Kanadanın paytaxtına gətirilir və bütün dünyada məşhurlaşır.
Hazırda Anadoluda çoxlu lalə növü yetişdirilir. Bikirik ki, oxucularımız indi sual verəcəklər ki, məsələn, hansı növləri. İnanın ki, cavab sizi qane etməyəcək. Çünki lalə adları adama heç nə demir:
* Papaver atlanticum Coss.
* Papaver belangeri Boiss.
* Papaver bracteatum Lindl.
* Papaver californicum A. Gray
* Papaver canescens Tolm.
* Papaver chibinense N. Semen.
* Papaver czekanowskii Tolm.
Və beləcə altmışa yaxın növ…
Ən nəhayət, lalə festivalın qatılmaq istəyənlər üçün gözəl xəbərimiz var. Bu il festivalda iştirak ödənişsizdir. Yalnız otoparkdan istifadə edənlər 10 TL ödəyirlər.
Foto: İstanbul, Emirgan bağında lalə xalçası
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)
“Səni məhv etmələrinə icazə vermə” – Maykl Cordan
Professor Əlibala Məhərrəmzadə “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini təqdim etməkdədir. Bu dəfə o, uğur barədə ümumi giriş edəcək.
«Uğur» - hər bir kəsə aid ola bilən ümumi anlayışdır
«İnsanlar sənə uğursuz olacağını və ya kifayət qədər uğurlu olmayacağını dedikləri zaman ayaqlarını yerə daha möhkəm bas, güclü ol və səni məhv etmələrinə icazə vermə. Liderliyin sirri heç kimin sənə inanmadığı zamanlarda belə özünə sonuna qədər inanmağındadır».
Mayk Cordan
Heç vaxt düşünməyin ki, siz heç nəyə qadir deyilsiniz. Valideynlər, heç vaxt övladlarınıza deməyin ki, «səndən bir şey çıxmayacaq». Uğur libası ölçüsüz olduğundan, o, hər kəsin ölçüsünə uyğun gələ bilər. Yetər ki, onu geyinmək istəyi olsun.
İdmanda uğur qazanma etalonlarından biri sayılan məşhur amerikalı basketbolçu Maykl Cordanın yuxarıda qeyd etdiyim kəlmələrini çox bəyənirəm və onu uğur qazanmağa çalışan gənclərə bir örnək heçab edirəm.
İlk dövrlərdə uğurun həmişə ondan yan keçdiyindən üzülən, amma içindəki inam hissinə öz hədsiz çalışqanlığı və məqsədyönlülüyü ilə təkan verən Maykl Cordan sonradan dünya basketbol tarixinin ən yaxşı müdafiəçisi, ikiqat Olimpiya, altıqat NBA çempionu oldu, basketbolun dünyada populyarlaşmasında əvəzsiz rol oynadı. Təsəvvür edin, 1984-cü ildə Nike firması məhz Maykl üçün Air Jordan adlı idman ayaqqabısı hazırladı ki, indi Air Jordan böyük satış həcminə malik məşhur bir brendə çevrilib. Bu gün bu şəxs Oakley Inc. kompaniyasının rəhbəri, «Şarlott Xornets» basketbol klubunun sahibidir. Haqqında hətta film də çəkilib, Çikaqo şəhərində abidəsi də qoyulub.
Özünəinam bir görün nələrə qadirmiş!
Heç vaxt uğurlu insanlara uğurun qızıl nimçədə qismət olmasını da düşünməyin. Bütün zirvəyə gedən yollar daşlı kəsəklidir, şümal, rahat yola əsla rast gəlinməz.
Bəşər elmində ən cahanşümül nailiyyətə imza atan Nisbilik nəzəriyyəsinin banisi Albert Eynşteyn 4 yaşına kimi danışa bilmir, 8 yaşına kimi oxumağı belə bacarmırdı. Dahi Ziqmund Freyd ilk dəfə alimlərə öz nəzəriyyəsini açıqlayarkən itələyib onu səhnədən qovmuşdular. XX yüzilliyin ən nəhəng siyasi lideri Uinston Çörçil yalnız 65 yaşında rəhbər posta gəlmiş, baş nazir kürsüsünə yiyələnə bilmişdi. Dəfələrlə tennis üzrə Devis Kubokuna layiq görülən Sten Smiti yeniyetməliyində yöndəmsiz adlandırıb tennis oynayanların toplarını daşımağa belə layiq bilməmişdilər. Amerikalı ulduz müğənni Bruno Mars uzun müddət istedadsız sayılır, uğur qazana bilmirdi, ailəsi ilə tavanı və döşəməsi olmayan evdə yaşamışdı. Dünya avtomobil sənayesinin ən nəhəng siması Henri Ford ilk dönəmlərdə gücünü fermer təsərrüfatında sınamışdı və qurduğu təsərrüfat tam iflasa uğradığından yarıtmaz adını almışdı. Məşhur Bakı milyonçusu Seyid Mirbabayev uzun illər müğənnilik etmiş, kasıbçılıq çəkmişdi. Dünyaca məşhur Lev Tolstoyu oxuduğu universitetdən dərslərə hazırlıq səviyyəsinin aşağı olması səbəbindən qovmuşdular. Frans Kafka və Vasiliy Rozanov isə ümumiyyətlə, sağlıqlarında gördükləri işin – yazıçılığın və filosofluğun bəhrəsini görməmiş, layiq olduqları qiyməti ala bilməmiş, ehtiyac içində, səfalətdə, ağır xəstəlik keçirərək dünyalarını dəyişmişlər. Yalnız ölümlərindən illər keçəndən sonra onların əsərləri əl-əl gəzmiş, dillər əzbəri olmuşdu.
Bütün uğur hekayətləri müxtəlif olsa belə, onların hamısında əvvəldən sonadək iki personaj iştirak edir: İnam və qətiyyət!
Mən əbəs yerə kitabın bu bölməsini ünlü Maykl Cordanın epiqrafı ilə başlamadım ki. Necə gözəl səslənir: «Liderliyin sirri heç kimin sənə inanmadığı zamanlarda belə özünə sonuna qədər inanmağındadır».
Mən özüm də nə vaxtsa sıfırdan başlamışam və o vaxt nə davranış qaydaları, nə işgüzar danışıqların aparılması, nə də bu yolda necə hərəkətə başlamaq barədə təsəvvürüm belə yox idi. İşə ciblərim boş halda, yalnız müstəqil və azad olmaq, heç kəsdən asılı olmamaq arzusu ilə başlamışdım. Ən əsası, özümə inanır və qətiyyətli idim!
Siz də qətiyyətli olun. Onda mütləq bacaracaqsınız. Özü də uğurla bacaracaqsınız!
“Ədəbiyyat və incəsənət”
(29.03.2023)