Super User
Arzu Muradın “Məktub”ları
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün qarşınızda Arzu Murad və onun məktublarıdır. 3 məktubdur cəmi. Buyurun, 2-cini oxuyun.
MƏKTUB 2
Görən, necə ayrılırlar sevənlər?
Bilirsənsə, de, eləcə ayrılaq...
Məni ən çox üzən odur ki, hardasa öləcəm və sən bu xəbəri ən son eşidən adam olacaqsan. Mən sənə olan duyğularımın əslini deyə bilməyəcəm: sənin var olmağının da mənim nəfəs almağıma yetdiyini, darıxanda üzərimdə saxladığım qoxunu, şəkillərə baxıb həmin vaxtları təkrar xatırlamağımı, burnumun ucunun göynədiyini, bu həsrətin hüceyrə səviyyəsində iliklərimə kimi işlədiyini...
Bir gün hər şey bitir. Necə ki, kofe bitir, kurabiyə bitir, likör bitir, sevgi də onlar kimi bitir. Deyirdin, inanmırdım. Gözəl isbat etdin. Mən isə gic kimi əbədiyyətə inanırdım. Dalaşsaq da, həmişə bir yerdə olacağımızı düşünmüşdüm.
"Bir gəlsəydin, bütün mövsümlər yaz olacaqdı, bir gülsəydin, bütün yağmurlar günəş olacaqdı. Nə gəldin, nə də güldün – yaz da olmadı, günəş də olmadı və əllərim çox üşüdü...".
Havalar bir az qaş-qabağını tökəndə narahatlıqlarım səndən yana olur. Görəsən, əyni qalındırmı, üşümür ki, isti şorbası, çayı varmı, zəncəfil-limon dəmləməyə tənbəllik etmir ki?
"Acı-acı düşünərək yorğun gözlərini yumdu adam, guya yatacaqdı, amma qəribə bir hiss vardı, gözlərinin içində dərin-dərin baxan bir cüt baxışlar vardı. Qurtulması imkansız idi. Adam tam olaraq indi anladı. Anladı ki, Onu gözlərində saxlayır. Ürəyi də, ruhu da gözlərinə çevrilmişdi. Göz qapaqlarını təkrar-təkrar yumub açdı. Hər dəfə dərinliklərinə işləyən bir hissin şirin ağrısıyla bütün vücudu qıvrılıb açıldı". Bir zamanlar səndən gələn məktubların ardı-arası elə kəsilib ki, sanki heç yoxmuş kimi. Amma dünyanın harasındasa var olduğunu bilirəm. Buna əminəm. Mandarini yenə saplarıyla yediyini, banan qabıqlarının güllərə faydalı olduğunu deyib atmadığını, günün ortası olmasına baxmayaraq, hələ də ac gəzdiyini, axşamlar tənbəllikdən xörəyi isitmədən, soyuq-soyuq yediyini, gözlərinin pəncərədə ilişib qaldığını, kədərə qərq olduğunu çox gözəl duyuram. Bu kədərin mənimlə nə kimi əlaqəsi var, onu da bilmirəm. Bildiyim bir şey dəqiqdir ki, tez-tez əzbərdən dediyin:
Ölərəm-qalaram, sən məni vaz keç,
Bəlkə də, getməkdə sən daha haqsan.
Sadəcə, oturub düşündünmü heç
Sən məndən nə təhər sağalacaqsan?
şeiri bütün ruhuna hopub. Onu da bilirəm ki, hələ ki evinin heç bir nöqtəsindən izlərimi silə bilmirsən. Birini atırsan, digəri qalır, heç cür silinmir. Zaman lazımdır. Darıxma, bir dənəm, keçəcək. Nə keçmir ki bu həyatda? Sən e, Allahın səni belə mənim həyatımdan getdin. Deməli, heç nə qalıcı deyil.
"Biləklərində – tam nəbzinin döyündüyü nöqtələrdə, ovuclarının içərisində, barmaqlarının uclarında, dodaqlarında xəfif bir göynərti vardı. İntizar dolu şirin bir göynərtiydi. Başını yastığa, biləklərini gözlərinin üstünə sıxdı ehmalca. Gecənin bitməsini gözlədi...".
Bir dəfə sən uzağa gedərkən bir məktub yazdım sənə:
– Bu gün ilk gecədir ki, səhər səni görmə ehtimalım 0-dır.
İşə bax, o vaxt mənimçün kabus kimi görünən o gecə indi hər gün təkrarlanır. Daha həyəcanla yatmıram, özümü yuxuya verməyə çalışmıram. Çünki səhərə sənlə görüş vədələşməmişik. Səhər yeməyini bərabər yemək, günortanı iştahsız da olsaq, bir-birimizə baxıb ötürmək, axşam Ağ şəhərdə göyün üzünə tamaşa etmək... Həyatda hər şey olur, bu ehtimalı düşünməmişdim. Mən bir gün sənsiz qalacam ehtimalını ağlımın ucundan da keçirməmişdim.
Xoşbəxtlik hormonunu işə salan şeylərdən biri də səni düşünmək idi. Biixtiyar üzümdə çiçəklər açır, kəpənəklər uçuşurdu. Sən mənim həyəcanım idin. Həyəcanımı, sevinclərimi itirdim. Bilirsən, nəyə fikir verirəm? Bu gün ay da boynubükük və kədərli baxır. Sanki sözü yerə düşmüş kimi bir halı var. Baxıb xatırladım ki, əvvəllər uzaqda olduğum zaman darıxanda səndən aya baxmağını istəyərdim. Baxışlarımız ayın üzərində birləşərdi. İndi nə sən varsan, nə də ay o aydır. Daha bizi heç nə bir araya gətirə bilmir. Artıq Cem Adrianın mahnılarının da bizi barışdırmağa gücü yetmir. Hirai Zerdüşün səsi belə xoş günləri xatırlatmır.
Bilmirəm harda günah etdik? Əmir Teymurun qəbrini açmadıq axı, niyə ayrıldıq, niyə qanlı bıçaq olduq? Bəlkə, sulara qərq etdiyin o pinqvinin ahı tutdu bizi? Doğrudan, görəsən, necə oldu onun taleyi? Üzə-üzə Antarktidaya vara bildimi? Tam xatırlamıram, ola bilsin, bəlkə də, gözündən öpmüşdüm deyə, ayrıldıq.
"Ne hasta bekler sabahı,
Ne taze ölüyü mezar.
Ne de şeytan bir günahı
Seni beklediğim kadar".
Daha başqasını əzbərləməyə nə zamanım, nə hövsələm var. Halbuki sənin qəhvəni az şəkərli içməyindən tutmuş, hansı zamanlarda üşüdüyünə kimi əzbər bilirdim.
Həyatıma gəlişin Səlib yürüşü kimidir. Gəlib dağıdıb getdin, amma buna görə sənə qətiyyən hirsli deyiləm. Sən hər şeyinlə gözəl idin. Gəlişin də, gedişin də mənimçün əzizdir, çünki sənə aiddir. Təbii ki, könül qalmandan yana idi, lakin nə edək ki, taleyimiz çox zaman öz əlimizdə olmur. Sən həyatına davam et, mən harda olsan, gəlib tapacam səni, yetişəcəm sənə. Sən ağrılarımın ən gözəli, kədərlərimin ən ağrılısısan. Mən hər şeyi dərk edəcək yaşdayam. Kimin həyatının harasında və nə qədər olduğumun fərqindəyəm. İşin ən qəribə tərəfi odur ki, bu məni incitmir. Taleyi ilə barışmış adamlar miskin olur, amma mən qətiyyən miskin deyiləm. Hətta bir az da üz versən, məni sevmədiyinçün sənə az qalsın təşəkkür edəcəm.
Kulağına doğru eğilsem,
Desem,
Sen gülsen, gülümsesen...
Kulağına doğru eğilsem,
Söylesem,
Sen dursan, bir düşünsen...
Gözlerine baksam,
Söylemeden sussam,
Sen kaşlarını çatsan...
Gözlerine baksam,
Konuşmadan anlatsam,
Sen kızsan...
Sənə duyduğum sonsuz ehtiyacı heç zaman bildirməyəcəm, nə bu dünyada, nə o dünyada. Əslində isə, gözlərinə baxmaq da nəfəs almama yetərlidir. Hisslərim ən ağır vəziyyətini yaşayır. Halbuki rahatlıqla gözümü yumub başımı qoyacağım bir çiyinə ehtiyacım vardı. Xatırlamıram, hansı şair deyib, yorğun gözlərimin dincliyi sənsən. Mənim də yorğun gözlərim sənə baxanda, səni xəyal edəndə dincəlirdi. Sadəcə, beynimi və ürəyimi bir sual çox məşğul edir:
– Gedəcəkdinsə, niyə gəldin? Həyatım səninçün keçid məntəqəsi-zaddır?
Ay Allahsız, axı mənimçün sevgi həm də sırf sən sevirsən deyə, darçınlı çaya boyun əymək idi, boynumu niyə bükdün?
“Ədəbiyyat və incəsənət”
(10.08.2023)
Yanvar-iyun aylarında təbii qazın həcmi artıb
Növbəti Açıq Portfel xəbərini Dövlət Statistika Komitəsinə istinadən veririk. Cari ilin əvvəlinə olan ehtiyatlar da nəzərə alınmaqla 2023-cü ilin yanvar-iyun aylarında ölkədə əmtəəlik təbii qaz istehsalının həcmi 18177,8 milyon kubmetr təşkil edib.
Təbii qaz üzrə ehtiyatların 29,9 faizi ölkə daxilində istehlak edilib, 56,5 faizi ixrac olunub, 1,5 faizi itkiyə getmiş, 12,1 faizi isə iyul ayının əvvəlinə ehtiyat kimi qalıbdır.
Ölkə daxilində istehlak edilmiş təbii qazın 59,6 faizi istehsal ehtiyaclarına sərf edilib, 40,4 faizi isə əhaliyə satılıb.
2023-cü ilin yanvar-iyun aylarında 11800,0 milyon kubmetr və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,0 faiz çox təbii qaz ixrac edilib.
Əhali tərəfindən 2527,7 milyon kubmetr və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,1 faiz çox təbii qaz istehlak edilib, onun 38,6 faizi Bakı şəhərinin, 2,8 faizi Naxçıvan Muxtar Respublikasının, 11,3 faizi Abşeron-Xızı, 6,1 faizi Gəncə-Daşkəsən, 5,9 faizi Lənkəran-Astara, 5,8 faizi Qazax-Tovuz, 5,7 faizi Mərkəzi Aran, 5,0 faizi Quba-Xaçmaz, 4,9 faizi Şəki-Zaqatala, 4,5 faizi Qarabağ, 3,6 faizi Mil-Muğan, 3,4 faizi Şirvan-Salyan, 2,4 faizi isə Dağlıq Şirvan iqtisadi rayonlarının payına düşüb.
“Ədəbiyyat və incəsənət”
(10.08.2023)
“Qulu Ağsəs nəsri: təzadların harmoniyası” – Elnarə Qaragözova
“Ədəbiyyat və incəsənət” portalı AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözovanın “Qulu Ağsəs nəsri: təzadların harmoniyası” yazısını diqqətinizə çatdırır.
Çağdaş Azərbaycan ədəbi prosesi Qulu Ağsəsi şair kimi tanıyır, fərqli poetik nümunələrin yaradıcısı kimi təqdim edir. Qulu Ağsəsin poetik yaradıcılığı dekadentizm, realizm və modernizmin sintezi olaraq ədəbiyyatımızda özünə mövqe qazanmağa nail olub. Yazıçının poetik kimliyi ədəbiyyatşünaslığımızın araşdırma predmetinə çevrilsə də, nəsr yaradıcılığı nisbətən kölgədə qalıb.
Qulu Ağsəsin poetik yaradıcılığını sinkretik elementlərin, cərəyanların çulğalaşma nöqtəsi kimi xarakterizə etmək olar. Yazıçının nəsr yaradıcılığı isə daha çox realist motivlər üzərində qurulub. Lakin bu nəsrdəki realizm klassik realizm deyil. Qulu Ağsəsin nəsri nağılvari təhkiyənin, simvolik elementlərin, lirik məqamların da yer aldığı neorealistik bir nəsrdir.
Qulu Ağsəsin hekayələrinin əsas qəhrəmanları sənət adamlarıdır. Yazıçı "Qədir gecəsi" hekayəsində xanəndə Qədir Rüstəmovun, "Dörd sim" hekayəsində kamança ustası Habil Əliyevin, "Solo konsert" hekayəsində tarzən Möhlət Müslümovun, "Bəbiş kişinin qızı" hekayəsində Sara Qədimovanın, "Peyğəmbərin məqbərəsində qətl" hekayəsində Abdal Qasımın, "Qarğış" hekayəsində xanəndə Süleyman Abdullayevin obrazını fərqli rakursdan yaratmağa nail olub. Bu hekayələrin hər biri öz üslubuna, obrazın təqdim üsuluna görə fərqlənir. Habil Əliyevə həsr edilmiş "Dörd sim" və Möhlət Müslümovun obrazının yaradıldığı "Solo konsert" hekayələri monoloq kimi qələmə alınıb. Bu hekayələrdə müəllifin varlığı, dialoq elementləri hekayənin əsasında duran monoloqun müəyyən məqamlarında çox cüzi hiss edilir. "Solo konsert" hekayəsində Qulu Ağsəs Möhlət Müslümovun dilindən yazır: "Deyəsən, çox danışdım. Solo konsert belədi də; bir də görürsən, çalanın ürəyi ağrıyır, eşidənin başı... Özü də birinci dəfədi kitabda tar çalıram. Mən bilən, pis alınmadı. Qulağıma alqış səsləri gəlir..." Yazıçı obrazın dilindən bu verdiyi cümlələrdə hekayələrinin əsas məğzinin, çətinliyinin - mətndə sənət adamının obrazını yaratnağın elə "kitabda tar çalmaq" kimi olduğunu bildirir. Fikrimizcə, Qulu Ağsəs bu çətin missiyanı adı çəkilən hekayələrdə layiqincə yerinə yetirə bilib.
Qulu Ağsəsin Xanəndə Qədir Rüstəmovla müsahibədən bəhs edən "Qədir gecəsi" və Sara Qədimova ilə görüşü işıqlandıran "Bəbiş kişinin qızı" hekayələri yuxarıda qeyd olunan hekayələrdən fərqli olaraq monoloq yox, dialoq üzərində qurulub. Lakin bu hekayələr dialoq üzərində qurulsa da, iki nəfərin söhbəti ilə məhdudlaşmır, digər real şəxslərin bədii obrazı da mətnə daxil edilir, məhz həmin şəxslərin fəal iştirakı ilə dövrün, sənətkarın dolğun obrazı yaradılır.
Abdal Qasımın bədii obrazının yaradıldığı "Peyğəmbərin məqbərəsində qətl" hekayəsində yazıçı nəqletməni əhvalat, xatirə, əfsanə effektləri üzərində qurmaqla yanaşı, prospeksiyadan da istifadə edərək mətni müasir dövrə yaxınlaşdırmağa nail olur.
"Qaynaqçı" hekayəsi isə sənət, musiqi xiridarı olan sadə bir qaynaqçı olan Aydın Əliyevdən bəhs edir. Qulu Ağsəs bu obrazın vasitəsilə sənət aləminə bu dəfə tam fərqli bucaqdan nəzər salır. Bu hekayədə digər hekayələrdən fərqli olaraq sənətkarın sənətə baxışı yox, dinləyicinin sənətə, sənətkara baxışı mətnə gətirilir. Yazıçının sənət xiridarına baxışı, sənət xiridarı obrazı isə bu mətnin bir başqa aspektidir. Qulu Ağsəsin sənət adamlarına həsr olunmuş hekayələri içində "Qarğış" əsəri özəlliklə seçilir. Xanəndə Süleyman Abdullayevə həsr olunmuş hekayənin təhkiyəsi fəlsəfi aura ilə realist notların vəhdətindən ibarətdir. Bu kiçik nəsr əsərində yalnız Süleyman Abdullayevin deyil, həm də Qarabağ musiqi irsinin görkəmli nümayəndəsi Seyid Şuşinskinin bədii portreti yaradılıb. Əsərdə əsas xətt məhz Qarabağla bağlıdır. Hekayə Süleyman Abdullayevin obrazı vasitəsilə Qarabağın taleyinə, itkilərimizə, torpaq ağrısına işıq tutur: "Nağıl dili yüyrək olar. Ay ötdü, il dolandı, Süleyman hər telin bir xeyir işə yandırdı, hər gecəsin gözünün oduyla aydınlatdı, zülməti əliynən qova-qova gəlib Dədə yaşına çatdı. Bir də gözün açıb sağına baxdı - ustadların görmədi, soluna baxdı - dostların. Qayıdıb kəndində ölüncə baş girələmək fikrinə düşdü, dönüb yurduna baxdı, Qoçəhmədli nə gəzirdi..." Hekayədə Qarabağ həm səsin, həm də doğma yurdun simvolu kimi bədii obraza çevrilir. Əsərdə Qarabağın səsinin simvoluna çevrilən Dədə Süleyman Qarabağın əsirlikdə qalan səsinin harayını duyur, aləmi heyran edən ecazkar səsinin kökündə duran, azad olmaq istəyən, çırpınan Vətən Səsinin qarğışını, söyüşünü eşidir: "Torpaq Dədə Süleymanı söyürdü... Dədə əyilib torpaqdan söyüşü götürdü, öpüb gözünün üstünə qoydu, maşının ağzın geri çevirdi.
- Dədəm mənə kənddən nə gətirib?
Nəvəsinin səsiydi.
- Söyüş gətirib.
Qarabağın səsiydi..."
"Nabran novellası" Qulu Ağsəs yaradıcılığın fərqli nümunəsi kimi diqqəti cəlb edir. Bu əsər Qulu Ağsəs mətninin əsas fərqləndirici keyfiyyətinin - adilikdə qeyri-adiliyin, carilikdə əbədiliyin təsviri cəhdinin belə demək mümkünsə, retrospeksiyasıdır. Əgər digər mətnlərində Qulu Ağsəs adi hadisələrin məcrasını fəlsəfi, yüksək bədii ideyalar aləminə yönəldirsə, "Nabran novellası"nda bu tendensiyanın tam əksi müşahidə edilir. Nabranda dincələrkən suyun üzərində uzanıb saatlara göyə baxıb düşüncələrə dalan insanı görən yazıçı öz aləmində həmin şəxslə bağlı fərqli situativ ssenarilər qurur. Naməlum şəxsi dahi, qeyri-adi idrak sahibi, filosof, sufi qismində təsəvvür edən yazıçının marağına yenilib, cəsarətlənib əldə etdiyi məlumatla bütün bu ilahi-estetik-fəlsəfi örtüyün altındakı məişət elementi ortaya çıxır: "Sən demə, bu "nacins mujik"in (İ.Bunin) gözünün ağı-qarası beş baş inəyi varmış, hər gün onları dəniz kənarına otlamağa gətirirmiş, göyə-zada baxmırmış, buludları güdmürmüş, Allahla kəlmə kəs-məyi ağlına belə gətirmirmiş, Sokratın adını belə eşitməyibmiş, sadəcə, nabranlı peşəkarlığıyla suyun dalğa tutmayan hissəsində uzanıb heyvanlara göz qoyurmuş ki, başına gün vurmasın..." Qulu Ağsəs bu dəfə cariliyi fəlsəfi örtüyə bürümür, əksinə, fəlsəfi örütüyün altındakı cariliyi üzə çıxarır. Fikrimizcə, "Nabran novellası" Qulu Ağsəsin bədii üslubuna yenilik gətirməklə yanaşı, həm də ədəbi cameəyə sarkastik baxış siqləti ilə seçilən əsərdir. "Nabran novellası" ədəbi mühitdə hər süjeti, hər qəhrəmanı süni fəlsəfi-bədii boyalarla təqdim etmə, mövzunun açılımı üçün gərək olmayanda belə süni altmətn yaratma cəhdlərinə parodiyadır.
Qulu Ağsəsin poeziyasında da, nəsrində də, publisistikasında da cari, adi, hətta bəzən məişət söhbəti effektli təhkiyə qəflətən fəlsəfi örtüyə bürünərək yaxud əksinə - fəlsəfi təhkiyəli mətn məişət səciyyəli mətnə çevrilərək əsərin gedişatını, məğzini, ideyasını dəyişir və mətnin daxilindən yeni bir mətn yaranır. Qeyd etməliyik ki, bu carilikdən əbədi mövzuya və əksinə keçid Qulu Ağsəs imzalı mətnlərdə anidən baş versə də, kəskinliyi ilə səciyyələnmir. Əksinə, müəllif bu keçidi çox təbii, qanunauyğun şəkildə, ustalıqla həyata keçirdiyindən mətn bütövlüyünü və harmonikliyini qoruyub saxlaya bilir.
“Ədəbiyyat və incəsənət”
(10.08.2023)
Ən çox gəlir gətirən dəhşət filmi məlum oldu
Bütün dünya “Barbi” filminə alüdə ikən və bu film ən kassalı film kimi milyonları öz kassasına kürüyərkən dəhşət filmləri arasında ən çox gəlir gətirənlərin də ayrıca siyahısı açıqlandı.
“Ədəbiyyat və incəsənət” portalı Kino.ru- ya istinadən xəbər verir ki, “Stage 6 Films” və “Blumhouse Productions” kinostudiyalarının birgə istehsalı olan “Astral 5: Qırmızı qapı” filmi 182,5 milyon dollar gəlir əldə edərək, cari ilin ən çox gəlir gətirən dəhşət filmi olub.
Patrik Vilsonun rejissorluğu ilə çəkilən ekran əsəri nümayişlərdən gələn gəlirə görə, 180,8 milyon dollar qazancı olan “M3Qan” filmini üstələyib.
Ekran əsərində əsas rollarda Rous Börn, Tay Simpkins, Lin Şaye və Li Uannell çəkiliblər.
Qeyd edək ki, bu günə qədər “Astral” layihəsinin bütün bölümləri dünya üzrə 735 milyon dollardan çox gəlir əldə edib.
Baxmayanlar üçün: film mənzillərində möcüzəli şeylər baş verən bir Amerika ailəsi barədədir. Qorxudan mənzillərini dəyişirlər, amma kabus yeni mənzildə də onlardan əl çəkmir…
Şəkildə: Filmdən kadr
“Ədəbiyyat və incəsənət”
(10.08.2023)
Hersey və Blanşardın şərait liderliyi modeli
“Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Sizi liderlik nəzəriyyələri ilə tanış etməkdəyik.
Qısaca olaraq söyləyim ki, bu model, şəraitin ən həlledici faktoru olaraq liderin qarşıya qoyduğu öhtəlikləri yerinə yetirəcək bacarıqlı və həvəsli, bir sözlə, kamil ardıcıllarının mövcud olmasını özündə ehtiva edir.
Modeldə yetişkənlik iki tərkib hissəsinə bölünür:
a) Peşəkar kamillik;
b) Psixoloji kamillik.
Peşəkar kamillik – bura bilik, bacarıq və vərdişlər, təcrübə və qabiliyyətlər aid edilir və ardıcılların direktivlərə, göstərişlərə ehtiyac duymadığını şərtləndirir.
Psixoloji kamillik ardıcılın tapşırığı yerinə yetirməsinə olan böyük həvəsini və motivasiyasını nəzərdə tutur.
Modelin müəllifləri eyni zamanda kamilliyin 4 mərhələsini də müəyyənləşdiriblər:
a) insanlar həm bacarmırlar, həm də işləmək istəmirlər; onlar ya diletantdırlar, ya da onların özlərinə güvənləri yoxdur;
b) insanlar bacarmırlar, amma işləmək istəyirlər; onların motivasiyası var, ancaq bacarıq və vərdişləri yoxdur;
c) insanlar bacarırlar, amma işləmək istəmirlər; onların bacarıq və vərdişləri var, amma motivasiya olunmadıqlarından iş onları cəlb etmir;
d) insanlar həm bacarırlar, həm də işləmək istəyirlər; onlar həm bacarıqlı, vərdişlidirlər, həm də liderin təklif etdiyi işi görməyə motivasiyalıdırlar, həvəslidirlər.
Ardıcılların işləmək arzusunun 4 halı (adətən, tez-tez, hərdən, çox az) və işləmək qabiliyyətlərinin 4 halı (lazımı həddə, kifayət qədər həddə, müəyyən həddə, aşağı həddə) nəticəsində formalaşan kamilliyinə uyğun olaraq 4 lider stilinin (iştirakçı, inandırıcı, əmrverici, nümayəndəlik) kvalifikasiyası Hersey-Blanşard modelinin əsasını təşkil eləyir.
Ardıcılların aşağı kamilliyi həddində əmrverici stil ən effektli hesab olunur. Bu stildə lider yüksək direktivlik nümayiş etdirməklə, tam nəzarət tətbiq etməklə öz üzərilərinə məsuliyyət götürmək həvəsində olmayan və buna qadir də olmayan işçilərindən məhsuldar iş ala bilir.
Ardıcılların müəyyən kamilliyi həddində inandırıcı stil daha effektiv hesab olunur. Burada lider həm direktivlik, həm də təbliğat, dilətutma, başasalma hesabına nəticə almağa müvəffəq olur.
Ardıcılların kamilliyinin lazımi həddə olması bu dəfə liderdən iştirakçı stilini tələb edir. İşləmək arzusu və işləmək qabiliyyəti lazımi həddə olan, amma işin nəticəsinə tam maraqlı olmayan ardıcıllar daha çox motivasiya almaqçün liderin timsalında özlərinə həmkar arzulayırlar, lider də bu arzuları reallaşdırmaq zorunda qalır.
Ardıcılların kamilliyinin kifayət qədər həddə olması isə, nəhayət, liderdən nümayəndəlik stilini tələb edir ki, bu da idarəetmə və rəhbərlikçün ən ali stil hesab olunur. Bu stildə çox az direktivlik və ardıcılların tam dəstəklənməsi əsas amildir. Və yeri gəlmişkən, məhz bu stil işə yaradıcı yanaşmanın inkişafına dəlalət edir.
Və son olaraq onu da söyləyim ki, olduqca çevik və sadə olduğuna görə bu model menecment işində böyük maraq doğurur və geniş tətbiq olunur.
“Ədəbiyyat və incəsənət”
(10.08.2023)
Bu gün “Təbiətimizin sovqatı” müsabiqəsinə əsər qəbulu başa çatır
“Zeytun bağları” brendi və Xətai Sənət Mərkəzinin təşkilatçılığı və dəstəyi ilə yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və gənc nəsildə ekoloji təfəkkürün inkişafı və ekoloji maarifləndirməyə xidmət məqsədilə “Təbiətimizin sovqatı” adlı respublika uşaq rəsm müsabiqəsinə əsər qəbulu bu gün başa çatır.
Mərkəzin yaydığı məlumata görə, yaşı 10-17 olan istedadlı gənclər və yeniyetmələr 2023-cü il avqust ayının 10-na qədər (yəni bu gün son gündür) rəsm əsərini fotosu ilə bərabər əsərin adı, müəllifin soyadı, adı, təvəllüdü, təhsil aldığı məktəbi və əlaqə nömrəsini This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ünvanına göndərməklə müsabiqəyə qatıla bilərlər.
Ölçü və texnika sərbəstdir. Əsərlər tək-tək yerləşdirilməli, məlumatlar dolğun olmalı, ən çoxu 2 əsər göndərilməlidir. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi və uşaqların öz düşüncələri ilə işlənmiş əsərlərə üstünlük veriləcək.
Müsabiqədə xarici ölkə vətəndaşları da iştirak edə bilər. Seçim 10-17 yaş kateqoriyasında aparılacaq. Sərgilənmək üçün 150 əsər seçiləcək. Sərgilənən əsərlərin müəlliflərinə sertifikat təqdim olunacaq və “Zeytun Bağları” brendinin məhsulundan hədiyyə alacaqlar.
Sərgidən seçilmiş 30 əsərin müəllifi xüsusi hədiyyə ilə mükafatlandırılacaqlar və həmin əsərlər “Zeytun Bağları” brendinin ofisinin ekspozisiyasını bəzəmək üçün istifadə olunacaq və geri qaytarılmayacaq. Sərgi Xətai Sənət Mərkəzində keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(10.08.2023)
“Günümüzdə düşünülməmiş şəkildə qurulan ailələr ciddi problemlərlə üz-üzədir” - MÜSAHİBƏ
Səbinə Məmmədli, “Ədəbiyyat və incəsənət”
Yaşam Klinikasının klinik psixoloqu, ailə və uşaq psixoloqu, AMAC ana və uşaq biliyinin təsisçisi Ruhiyyə Rüstəmova ilə müsahibəni təqdim edirik.
– Bu gün dünyada psixologiya elmi yüksəliş mərhələsindədir. Artıq ailə problemləri, uşaqlarla bağlı məsələlər böyüklərin məsləhəti ilə yox, daha çox psixoloji konsultasiyalar vasitəsilə həll olunur. Ölkəmizdə necə, bu baxımdan insanların yanaşması müsbətə doğru dəyişibmi və ümumiyyətlə, sizə əsasən hansı problemlərlə üz tuturlar?
– Müasir dövrdə psixoloqa müraciət böyük əksəriyyət üçün normal hesab edilir. Problemə bağlı olaraq dövrümüzdə müraciətlər daha çox yeniyetmələr, ailə münaqişələri, ailə daxilində valideyn-uşaq münasibəti, cütlüklər arasında ünsiyyət məsələləri və anlaşmazlıqlar üzrə olur.
– Ruhiyyə xanım, sizcə, ailə psixoloqu ailələrin qorunub-saxlanmasında nə dərəcədə önəmli rol oynayır?
– Müasir dövrdə düşünülməmiş şəkildə qurulmuş ailələrdə problemlər çoxalıb. Sosial şəbəkə üzərində tanışlıqlar, qısa ünsiyyət sonrası evliliklər, ailə müdaxiləsi ilə edilən evliliklərdə yanlışlar, ailənin dağılması ilə naticələnir. Bu baxımdan ailələrin qorunub saxlanılmasında, cütlüklər arasında psixoloji bağın yaranmasında, anlayış və davranış yönümlü dəyişikliklərdə psixoloji konsultasiyaların önəmli rolu vardır. Burada sağlam valideyn ünsiyyəti nəticəsində sağlam övladların böyüdülməsi və yetişdirilməsi üçün ehtimallar artır.
– Tanınmış hüquqşünaslardan biri deyir ki, boşanmağa qərar verənlərin bir çoxu evliliyə özü qərar verməyənlərdir. Sizcə, həqiqətən belədirmi?
– Mən belə deməzdim, düzgün psixoloji yanaşma iki insanın biri-birini daha yaxından, daha düzgün tanımasına imkan verir. Bu da insanların böyüdüyü ailədə aldıqları tərbiyədən, milli-mənəvi və mədəni dəyərlərindən asılıdır. Yəni, sevib sonrasında ailə quran və ya sevməyib, şərti ailə quran insanlar var ki, ailə daxilindəki düzgün qurulmuş münasibətlər nəticəsində evliliyi davam etdirə bilərlər və ya düzgün olmayan psixologiya nəticəsində, şüuraltı travmaların təsiri ilə ailəni dağıda bilərlər.
– Azərbaycanda son illər boşanmaların sayının artması mütəmadi olaraq müzakirə obyektinə çevrilir və bu istiqamətdə müxtəlif fikirlər səsləndirilir. Məsələn, boşanma və ya evlilik proseduru çətinləşdirilsin kimi təkliflər var. Sizcə, bu faydalı olarmı?
– Boşanmalar zamanı qanuni olaraq, cütlüklərə düşünmək üçün müəyyən zaman verilir. Bu zaman ərzində nadir hallarda boşanma proseduru dayanır və cütlük barışır. Çünki əksər hallarda boşanmağa qərar verən insanlar, münasibətdəki bütün bağlar qırılmış halda məhkəməyə müraciət edirlər. Məhz bu baxımdan gənc ailələrə düşünmələri üçün daha çox zaman verilməlidir. Digər hallarda isə çətinləşdirilməyə heç bir ehtiyyac görmürəm, yetkin insanlar verdikləri qərar üzərində daha çox məsuliyyət daşıyırlar, qərarlarının fərqindədirlər.
– “Bütün kişilər xəyanət edir” – bu, təkcə bizdə deyil, elə dünyada da qəlibləmiş fikirdir. Adətən, səbəb kimi onların yaradılışı məsələsi irəli sürülür. Ruhiyyə xanım, xəyanət etməyən kişi var?
– Kişiləri üçün onlara verilən azadlıq, qadınlar üçün isə, kişilərin onlara göstərdiyi diqqət önəmlidir. Diqqət əskik olduqda, qadınlar deyingən, kişilər isə səbəbi anlamadan deyingən qadına diqqəti daha da azaldırlar. Münaqişə, çığırtılı səslə tərəflərin bir-birini ittiham etməsi, zidd fikirdə olması sevgini azaldır, nəticə olaraq, bunlar sevgi üzərində qurulan münasibəti belə bitirə bilir. Düşünürəm ki, müasir evlikliklərdə, evlilik öncəsi psixoloqlara müraciət etməli, evliliyin onlar üçün nə ifadə etdiyini, qarşılıqlı gözləntiləri, kortəbii deyil, məntiqli şəkildə ailə dəyərələrinin nə olduğunu anlamalıdırlar. Bu zaman hörmət, sevgi və anlayış üzərində qurulan ailələrdə xəyanətdən qaçmaq olar. Bu baxımdan evliklərdə məsuliyyət tək qadının deyil, hər 2 tərəfin olmalıdır.
– “Kişi evə qaçırsa, səbəbkar qadındır, kişi evdən qaçırsa, səbəbkar yenə qadındır”. Bütün məsuliyyəti qadının üzərinə yükləmək nə dərəcədə doğrudur?
– Heç bir zaman keçmiş ilə yaşaya bilmərik, həyat dəyişir, qanunlar dəyişir, dünya görüşləri dəyişir, bu da düşüncələrin dəyişməsinə səbəb olur. Və belə ki çox az ailəlrədə keçmiş qanunlara bağlılıq qalır, istər kişi, istər qadın mən azad fərdəm, toxunulmazam, şəxsi həyatıma müdaxilə olunmamalıdır şüarı altında münasibətləri üstün tuturlar. Bu da uzunmüddətli ailə bağlarının möhkəmliyinə təsir edir.
– İldən-ilə tərbiyə prosesində də qaydalar, bir çox anlayışlar yeniləri ilə əvəzlənir. Ümumiyyətlə, yeni nəsillə öncəki nəsil arasında tərbiyə, anlayış, qavrayış və davranış məsələlərində fərqlər hiss olunurmu və sizcə, valideyn-övlad münasibətləri necə qurulmalıdır? Bunun təməl prinsipləri necə olmalıdır?
– Övlada ata və ana olmaqla bərabər, dost olmağı da bacarmaq lazımdır əlbəttə ki, bu yanaşmanı yalnız validyenlərə həvalə etmək olar. Əlbətt ki, uşaqlıq travmaları olan valildeynlər , övladlarına yalnış davranışla yanaşarlarsa, ailədə sağlam övlad yetişə bilməz, bu da davamlı şəkildə gələcək nəsillərdə sağlam olmayan münasibətlərin təməl daşını qoya bilər.
– Son illərin aktual problemlərindən biri də insanların bir-birinə qarşı zorakılığıdır. İnsanlarda yaranan bu aqressiyanın səbəbi nədir?
– Bunun əsas səbəbi kimi sosial-iqtisadi və psixoloji problemlər, müasir dövrdə insanların yaşayışı üçün problemlər yaratdığı üçün insanları arasında aqressiya artmışdır. Şəxsi həyatına, işinə, cəmiyyətə aqressiv olan insan, cəmiyyətdə aqresiyasını başqalarına qarşı da yönəldə bilər. Əlbəttə ki, burada bağ böyüdüyümz ailələrlə bağlanır. Biz cəmiyyətə ailədən aldğımnız tərbiyəni gətiririk. Kiçik cəmiyyət olan ailədə öyrədniklərimizi, böyük cəmiyyətdə tətbiq edirik.
– Belə bir deyim var ki, dərzi öz söküyünü tikə bilməz. Siz psixoloq kimi bir çox insanın mənəvi məlhəmi olursunuz. Bəs özünüz? Yəni psixoloqun da psixoloqa ehtiyacı olduğu anlar olurmu?
– Psixoloq da bir insandır , o da cəmiyyətdə inkişaf edir. Psixloqlar da ümumi problemlərə qarşılaşa bilərlər, bu zaman psixoloqlar yanma (tükənmə) sindromu yaşadıqları an supervayzerlərlə, yəni güvəndikəri psixoloq dostları ilə bölüşüb paylaşa bilərlər. Bu da normal insan psixlogiyasıdır. Əlbəttə ki, yaş, təcrübə, psixloqların həyatında önəmlidir. Çünki, əksər hallarda baş verən hadisələrin içində psixloqun şüuraltısı daha fərqli çalışır və psxioloq özünə yardım edə bilər. Mənim ən yaxın psixoloqum, ailə üzvlərim, övladlarımdır, bir gəminin kapitanı, gəmini düzgün idarə etməzsə, gəmi batar. Mənim gəmi ekiajım ən yaxın psixoloqlarımdır.
“Ədəbiyyat və incəsənət”
(10.09.2023)
Məqsəd türk xalqlarının gənc düşüncə adamlarını üzə çıxarmaqdır
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un, onun nəzdində yaradılan Türk Dövlətləri Yazarlar Birliyinin, UNESKO-nun və Avrasiya Yazarlar Birliyinin dəstəyi ilə Azərbaycan da daxil olmaqla türk dünyasının 30-dan çox türk xalqları arasında "VII Beynəlxalq Kaşqarlı Mahmut hekayə müsabiqəsi" keçirilir.
TÜRKSOY-un Baş Katibi, qırğızıstanlı yazıçı Sultan Rayev müsabiqənin türk dünyası ədəbiyyatı nümayəndələri arasında daha istedadlı qələm adamlarını aşkar etmək və onları dünyaya tanıtmaq məqsədilə keçirildiyini qeyd edib.
Bu yerdə Rayevin öncəki günlərdə Report-a açıqlamasını xayırlayaq. Rayev demişdi:
"Bizim qırğız xalqı Çingiz Aytmatov kimi bəşəri dəyərləri özündə daşıyan, hələ sovetlər dönəmində cəsarətli fikirləri ilə təkcə qırğız cəmiyyətində deyil, dünyada tanınan azad düşüncə adamı yetişdirib. Məqsədimiz türk xalqlarının gənc düşüncə adamlarını üzə çıxarmaq, onları tanıtmaq, dostlaşdırmaq, aralarında fikir mübadiləsinə zəmin yaratmaqdır".
Qeyd edək ki, müsabiqə Türkiyə Cümhuriyyətinin quruluşunun 100, TÜRKSOY-un yradılmasının 30 illiyinə həsr olunub. Müsabiqənin mövzusu sərbəstdir. Hekayələr sentyabrın 15-dək qəbul olunacaq.
İndi isə mükafat fondu barədə:
Birinci yerin qalibi 35 min, ikinci yer 25 min, ücüncü yer 20 min Türk lirəsi ilə mükafatlandırılacaq. 10 min türk lirəsi isə bir nəfər fərqlənənə həvəsləndirici mükafat kimi veriləcək.
Qaliblərin müəyyənləşdirilməsi oktyabrın 1-də, beynəlxalq mükafatlandırma mərasimi isə dekabrın 4-də Ankarada keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(10.08.2023)
Qayıt, sahmana sal bu kainatı…
Xalq artisti Oqtay Kazıminin vəfatından 13 il ötür
Dünən onun anım günü idi. Məzarı tər çiçəklərə qərq olunmuşdu. Onu doğmaları, keçmiş kolleqaları ilə yanaşı, sadəcə, əsərlərinə aşiq olan sadə insanlar da yad etdi. Söhbət görkəmli bəstəkar, Xalq artisti Oqtay Kazımidən gedir.
Və təsadüfən onun adını eşitməyənlər qoy Aybəniz Haşımovanın ifasında “Qayıt” mahnısına qulaq assınlar. Oqtay Kazımi ruhu bu mahnıdadır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, 1932-ci il dekabrın 27-də Astara şəhərində anadan olan Oqtay Kazımi 1950-ci ildə A.Zeynallı adına Bakı Musiqi Texnikumunun xor dirijorluğu şöbəsində orta musiqi təhsilini almağa başlayıb və paralel olaraq bəstəkarlıqla məşğul olub. O, 1957-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının xor dirijorluğu fakültəsinə daxil olub, bir il sonra isə bəstəkarlıq fakültəsinə keçərək Xalq artisti, professor Cövdət Hacıyevin sinfində təhsilini davam etdirib. 1965-ci ildə konservatoriyanı bitirdikdən sonra müstəqil yaradıcılıq yoluna qədəm qoymuş O.Kazımi musiqi sənətinin müxtəlif janrlarında öz qələmini sınayıb. “Qızıl toy”, “Danabaş kəndinin əhvalatları”, “Dəli dünya”, “Meşədə futbol” musiqili komediyalarının, “Dədə Qorqud - nəğmələri” adlı epik operanın, “Qəhrəmanlıq” və “Şəhidlər” simfoniyalarının, “Qarabağ lövhələri”, “Sumqayıt lövhələri” simfonik süitalarının, “Hophopnamə”, “Peyğəmbər”, “Murovdağ nəğmələri” oratoriyalarının, “Nəğməmsən, Azərbaycan” kantatasının, piano və orkestr üçün poema-konsertin, xalq çalğı alətləri üçün konsertin, “Millətin oyaq gecəsi” vokal-simfonik poemasının, “Qarabağ rapsodiyası”nın, təntənəli uvertüranın, xor və simfonik orkestr üçün “Trilogiya”, eyni zamanda kamera-instrumental əsərlərin, xalq çalğı alətləri orkestri və estrada orkestri üçün pyeslərin müəllifidir.
Bəstəkarın yaradıcılığında mahnı janrı xüsusi yer tutub. Onun 200-dən artıq mahnısı - “Həyat, sən nə qəribəsən”, “Qaytar eşqimi”, “Bakının qızları”, “Bayram olsun” və s. mahnıları gözəl, lirik melodikası ilə dinləyicilərin qəlbinə yol tapıb. Bəstəkarın mahnıları respublikamızın görkəmli müğənniləri Rəşid Behbudov, Şövkət Ələkbərova, Oqtay Ağayev, Yalçın Rzazadənin və başqalarının repertuarında möhkəm yer tutub. Onun “Həyat, sən nə qəribəsən” mahnısı 60-70-ci illərdə məşhur olan “Qaya” vokal-instrumental ansamblının ifasında çox populyarlıq qazanıb.
O.Kazımi ictimai musiqi xadimi kimi respublikanın musiqi həyatında fəal iştirak edib. Azərbaycan Dövlət Filarmoniyasının musiqi redaktoru, Sumqayıt estrada orkestrinin bədii rəhbəri vəzifəsində çalışıb. O, həmçinin 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü idi.
Ömrünü Azərbaycan musiqisinin inkişafına həsr etmiş Xalq artisti Oqtay Kazımi 2010-cu il avqustun 9-da vəfat edib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(10.08.2023)
Azərbaycan Milli Xalça Muzeyi “Ekspertlərin Seçimi Mükafatı 2023”ə layiq görülüb
Azərbaycan Milli Xalça Muzeyi peşəkarların rəyləri əsasında, Bakının ən yüksək reytinqli görməli yerlərindən biri kimi dünyanın ən yaxşılarının siyahısında yer alaraq, “Ekspertlərin Seçimi Mükafatı 2023”ə layiq görülüb.
AzərTAC xəbər verir ki, dünyanın məşhur səyahət saytlarından olan “Tripexpert”in təqdim etdiyi mükafat 100-dən artıq səyahət bələdçilərinin, jurnal, eləcə də qəzetlərin rəy və materiallarına əsasən təqdim olunur.
Qeyd edək ki, ən gözəl rəyləri alaraq qalib olan turizm obyektləri ilə bağlı xəbərlər “The New York Times”, “The Daily Telegraph” və “GQ” kimi önəmli nəşrlərdə işıqlandırılır.
“Ədəbiyyat və incəsənət”
(09.08.2023)