Super User

Super User

Friday, 11 August 2023 09:30

Sabah Xəzər dənizi günüdür

ÇOX TƏƏSSÜF Kİ, XƏZƏR EKOLOJİ FƏLAKƏT GİRDABINDADIR

 

Dünyanın ən böyük gölü, adına dəniz dediyimiz Xəzərin sahilində yaşayırıq. Və sabah - avqustun 12-si Xəzər Günüdür. 2006-cı ildən başlayaraq hər il avqustun 12-də beş Xəzəryanı dövlət - Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan Xəzər Dənizi Gününü qeyd edirlər. “Ədəbiyyat və incəsənət”in növbəti yazısı bu barədədir. 

 

17 il əvvəl 12 avqustda Xəzərin dəniz mühitinin mühafizəsi üzrə Tehran Konvensiyası qüvvəyə minib. Ətraf mühitin mühafizəsi və Xəzər dənizinin dəniz mühiti sahəsində beynəlxalq hüquq statusu almış Konvensiya dənizin mühafizəsinin hüquqi bazasına çevrilib. Konvensiya dəniz mühitinə insan təsirinin tənzimlənməsinin, Xəzər dənizinin bioloji ehtiyatlarının mühafizəsi və bərpasının əsas istiqamətlərini müəyyənləşdirir.

Okean mənşəli dünyanın ən böyük daxili su hövzəsi olan Xəzəri haqlı olaraq əsl relikt və heyrətamiz təbiət abidəsi adlandırmaq olar. Bu günədək qorunub saxlanılan ən zəngin flora və fauna aləmi bütün bəşəriyyətin mülkiyyətidir. Dənizin dərinliklərində və sahilyanı ərazilərdə Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı Kitabına daxil edilmiş 500-dən çox bitki və 850 növ heyvan, o cümlədən nadir və endemik növlər yaşayır.

2020-2023-cü illərdə Xəzər dənizinə və Xəzərə axan çaylara 20 milyon 600 mindən çox balıq körpəsi buraxılıb.

Bütövlükdə regionumuzda Xəzər böyük iqlim əmələgətirən təsirə malikdir. Eyni zamanda, Xəzər və dəniz ekosistemi iqlimin istiləşməsinə həssasdır. Qlobal temperaturun sürətlə artması son onilliklərdə özünü daha güclü göstərməkdədir. Bu, ümumilikdə azalan su ehtiyatlarından istifadənin artması fonunda dənizə tökülən çayların axınının azalmasına gətirib çıxarır. Digər tərəfdən, temperaturun artması dəniz səthindən buxarlanmanın artmasına səbəb olur.

XX əsrdə səviyyənin ən aşağı göstəricisi 1977-ci ildə, yəni dəniz səviyyəsindən 29 metr aşağı qeydə alınıb. Lakin, 1995-ci ilə qədər sonrakı onilliklərdə, nisbətən qısa müddətdə səviyyə -26,5 metr həddinə çatıb. Bu da 18 il ərzində səviyyənin 2,5 metr yüksəlməsini göstərirdi. 1995-ci ildən bu günədək 28 ildir ki, Xəzər yenidən səviyyəsinin aşağı düşməsi mərhələsindədir. Hazırda Xəzərin səviyyəsi dünya okean səviyyəsindən 28,6 metr aşağıdır. Keçən əsrin minimumundan isə bizi 40 santimetr fərq ayırır.

Xəzər dənizinin səviyyəsinin dinamikasının proqnozlaşdırılması mürəkkəb və mübahisəli məsələlərdəndir. Xəzərin qapalı su hövzəsi olduğunu nəzərə alaraq, çay axını, yağıntı miqdarı və buxarlanma üzərində aparılan hesablamalarla onun su balansının proqnozu verilə bilər. Lakin, həmin komponentlərin hər birinin proqnozunda çox böyük qeyri-müəyyənliklərlə üzləşirik. Alimlər Xəzərə axan çayların sululuğunu bilsələr də, əslində bu suyun nə qədərinin dənizə çatacağı məlum deyil. Həmçinin qeyri-iqlim amillər, məsələn, Xəzərin dibində tektonik proseslər də baş verir. Bu baxımdan, dəniz səviyyəsinin real azalması ilə bağlı gələcək tendensiyaların proqnozlaşdırılmasında yalnız iqlim modelləşdirməsinə etibar etmək kifayət deyil. Hələ ki, heç kim Xəzər dənizinin səviyyəsinin uzunmüddətli dəqiq dinamikasını proqnozlaşdıra bilməyib.

Qarşıdakı illərin tendensiyaları isə Xəzəryanı ölkələrin alim və mütəxəssisləri tərəfindən müzakirə olunur. 

Xatırladaq ki, ötən il Azərbaycan tərəfinin təşəbbüsü ilə təşkil edilən beynəlxalq konfransda iqlim dəyişmələri nəticələrinə uyğunlaşmanın mümkün ssenariləri və tədbirləri müzakirə edilib.

Əvvəlki illərdə olduğu kimi, bu il də avqustun 12-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Xəzər dənizinin Azərbaycana aid bölməsinin şimaldan cənuba bütün sahil ərazilərində silsilə tədbirlər keçiriləcək.

Amma biz vətəndaşlara səslənirik. Bir baxın, sahili nə vəziyyətdə qoyursuz. Dənizdə çimir, quma uzanıb qaralır, sonra da orada yeyib içərək pet və şüşə butılkaları, qarpız və tum qabıqlarını, meyvə çəyirdəklərini yerə tullayıb gedirsiniz. 

İnsafınız olsun!

Bir ucdan Xəzərə zəhərli tullantılar və çirkab sularını axıdan müəssisə rəhbərlərinə və buna göz yumanlara isə “sizə ar olsun” deyirik. 

 

Şəkildə: Xəzər sahilində ölmüş suiti cəmdəyi. 

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən 2023-cü il 23 avqust tarixində saat 10:00-da Tovuz rayonu Nizami adına Mədəniyyət Evində (Tovuz rayonu, Bəhram Əsgərov küçəsi 3) Tovuz, Ağstafa, Qazax, Şəmkir və Gədəbəy rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

 

Vətəndaşlar 16 avqust 2023-cü il tarixinə qədər nazirliyin This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsi ilə və  “Whatsapp” xidmətinə  (0 777 147 147) müraciət etməklə qəbula yazıla bilərlər.

 

“Ədəbiyyat və incəsənət”

(11.08.2023)

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə sabah - avqustun 11-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz olacağı gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 24-28°, gündüz 35-39°, bəzi yerlərdə 41-42° isti olacaq.

 

Abşeron çimərliklərində cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturunun şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 27-28° isti, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıxda 28-29° isti olacağı proqnozlaşdırılır.

Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 22-27°, gündüz 36-40°, bəzi yerlərdə 42-43° isti olacaq. 

Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 17-22°, gündüz 25-30°, bəzi yerlərdə 34-37° isti olacağı proqnozlaşdırılır. 

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli az yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 16-21°, gündüz 24-29°, bəzi yerlərdə 33-36° isti olacağı bildirilir. 

Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarında hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 35-40°, bəzi yerlərdə 42° isti olacağı ehtimal edilir.

Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi yüksək dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi əsəcək, gündüz bəzi şərq yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 34-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 15-20°, gündüz 26-31° isti olacağı ehtimalı var.

Şirvan şəhərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava günəşli olacaq. 

Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 23-28°, gündüz 35-40°, bəzi yerlərdə 42-44° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava günəşli olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-27°, gündüz 34-39° isti, dağlarda gecə 22-24°, gündüz 29-33° isti olacağı proqnozlaşdırılır.

Özünüzü günəşdən qoruyun!

 

“Ədəbiyyat və incəsənət”

(10.08.2023)

 

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı, “PMD Hospitality”nin tərəfdaşlığı ilə həyata keçirilən və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 3-cü “YAŞAT” düşərgəsi maraqlı və əyləncəli anlarla davam edir.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, dördüncü həftənin 3-cü və 4-cü günlərində uşaqların feysart, idman və hovuz saatları, eləcə də psixoloqlarla görüşləri davam etdirilib.

Həftənin ən yaddaqalan hadisəsi düşərgə iştirakçıları ilə gənclər və idman naziri Fərid Qayıbovun görüşü olub. O, uşaqların bir-birindən maraqlı suallarını cavalandırıb, sonda onlara hədiyyələrini təqdim edib.

Düşərgə iştirakçıları fərqli qruplara bölünərək “Booo.az” komandasının təşkil etdiyi oyunlara qatılıblar.

Film saatında da maraqlı anlar yaşanıb. Görüşdə “Alma almaya bənzər” filmində Kərimov obrazı ilə tamaşaçıların sevimlisinə çevrilən, Azərbaycan Dövlət Film Fondunun direktoru Cəmil Quliyev müxtəlif tapşırıqlarla uşaqların aktyorluq bacarığını test edib. 

ASAN Radionun təşkilati dəstəyi ilə keçirilən konsert proqramında müğənnilər Rəsul Əfəndiyev və Sevil, Sevinc gənclərin ən sevdiyi mahnılarını səsləndirib, uşaqlarla əyləncəli vaxt keçiriblər.

Düşərgənin tərəfdaşları “PMD Hospitality” şirkəti, “Shamakhi Palace Sharadil” hoteli, baş sponsor Bakcell, sponsorları “Nar", “PAŞA Bank” ASC, “BRAVO” supermarketlər şəbəkəsi, media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV), ASAN Radiodur.

 

“Ədəbiyyat və incəsənət”

(10.09.2023)

Günün fotosu: İspaniya susuzluq girdabında

 

Kataloniyanın bəzi bölgələrində quraqlıqla bağlı fövqəladə vəziyyət elan edilib. Sakinlər su istehlakını azaltmağa çağırılır.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, keçən həftə Kataloniyada son 30 ay ərzində yağıntının olmaması səbəbindən 24 bələdiyyədə quraqlıq ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

Vəziyyət kritikdir. Su anbarlarında suyun səviyyəsi aşağıdır və quraqlıq səbəbindən su təchizatı məhdudiyyətləri bütün ölkədə tətbiq olunur.

İspaniyanın şimal-şərqindəki Darnius Boadella su anbarı yalnız 20% doludur.

 

Reuters-in fotomaterialı əsasında.

 

“Ədəbiyyat və incəsənət”

(10.08.2023)

Rəsm qalereyası: Kazım Kazımzadə, “Nağıl personajları”

 

Bu gün Xalq rəssamı Kazım Kazımzadənin doğum günüdür

 

Azərbaycan xalqı çox böyük rəssamlar pleadası yetişdirib. Bu sırada Xalq rəssamı Kazım Kazımzadə - Azərbaycan fırça sənətinin görkəmli nümayəndələrindən biri də əsas yer tutmaqdadır. Onu daha çox ədəbiyyat rəssamı adlandırırlar. Çünki

fırçasından çıxmış qrafik əsərlər yaradıcılığı üçün daha səciyyəvidir və üstünlük təşkil edir. Ayrı-ayrı bədii əsərlərə çəkdiyi illüstrasiyalar, kitablara verdiyi bədii tərtibat həmişə rəğbətlə qarşılanıb. O, Azərbaycan folkloruna və klassik ədəbiyyatına dərindən  bələd olaraq “Kitabi-Dədə Qorqud” eposuna, Nizami Gəncəvi, Şah İsmayıl Xətai, Mirzə Şəfi Vazeh və başqa klassiklərin əsərlərinə sənətkarlıqla illüstrasiyalar çəkib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Azərbaycanın Xalq rəssamı, Əməkdar incəsənət xadimi, SSRİ Dövlət mükafatı laureatı Kazım Kazımzadənin anadan olmasından 110 il ötür.

Kazım Kazımzadə 1913-cü il avqustun 10-da Bakı şəhərində doğulub. Əmək fəaliyyətinə də müəllim kimi başlayıb. Pedaqoji Texnikumu bitirdikdən sonra bir müddət Şabran rayonunda müəllimlik edib, kənd məktəbinin direktoru işləyib.

Hələ texnikumda təhsil alarkən rəssamlığa böyük həvəs göstərib. Texnikumda sənət dərslərini tədris edən müəllimləri onun rəssamlıq istedadını hiss edərək bu sahədə təhsil almasını məsləhət görüblər. Nəhayət Kazım Kazımzadə Bakı Rəssamlıq Texnikumunu da bitirib. Daha sonra bu sahədə ali təhsil alıb. Kazım müəllim o dövrün işıqlı simalarının əhatəsində olub, onlardan öyrənib. O, Əzim Əzimzadədən dərs alıb, Üzeyir Hacıbəyli, Səməd Vurğun kimi şəxsiyyətlərlə oturub-durub.

Kazım Kazımzadə Böyük Vətən müharibəsinin iştirakçısı olub, həmin illərdə, hətta müharibədən sonra bu mövzuda dəyərli əsərlər yaradıb. Rəssamın əsərləri keçmiş SSRİ-nin müxtəlif guşələrində, habelə xarici ölkələrdə keçirilən sərgilərdə uğurla nümayiş etdirilib. Kazım müəllim teatr və kino rəssamlığı sahəsində də çalışıb, onun eskizləri əsasında gözəl xalçalar toxunub. O, sənət sahəsindəki uğurlarına görə Əməkdar incəsənət xadimi, Xalq rəssamı fəxri adlarına, Dövlət mükafatına layiq görülüb, orden və medallarla təltif edilib.

Xalq rəssamı, öndə qeyd etdiyimiz kimi, əsasən kitab illüstrasiyası və dəzgah qrafikası sahəsində fəaliyyət göstərib. Nizaminin “İsgəndərnamə”, “Sirlər xəzinəsi”, “Leyli və Məcnun”, “Xosrov və Şirin” poemalarına, eləcə də uşaqlar üçün işlənmiş “Fitnə”, “Sehrli üzük”, “İsgəndər və çoban” kitablarına çəkdiyi illüstrasiyalar onu daha da məşhurlaşdırıb.

Yaradıcılığında siyasi plakat və karikaturalara da geniş yer ayıran rəssamın “Cəbhə yollarında” rəsmlər silsiləsində İkinci Dünya müharibəsinin fəlakətləri əks etdirilib.

Bütün bunlarla yanaşı, Kazım müəllim milli dəyərlərimizin təəssübkeş qoruyucusu və təbliğatçısı olub. Yarım əsr Dövlət İncəsənət Muzeyində direktor vəzifəsində çalışan K.Kazımzadə bu sahədə də səmərəli fəaliyyət göstərib. Məhz onun rəhbərliyi dövründə muzeyin fondları ən dəyərli sənət əsərləri ilə zənginləşdirilib, eyni zamanda, Azərbaycanda, habelə dünyanın bir çox guşələrində nümayiş etdirilib, təsviri sənətimizin təbliğinə, fırça və tişə ustalarımızın geniş miqyasda tanınmasına, şöhrətlənməsinə mühüm təsir göstərib.

Dövlət İncəsənət Muzeyi 1951-ci ildə, məhz Kazım müəllimin rəhbərliyi dövründə Bakının mərkəzində ikimərtəbəli binaya köçürülüb. 1991-ci ildə Kommunist Partiyasının ləğvindən sonra Bakı Şəhər Partiya Komitəsinin binası da muzeyə verilib. Kazım müəllimin rəhbərliyi ilə qısa müddətdə burada muzeyin yeni ekspozisiya bölmələri yaradıldı, fond və xidmət otaqlarının sayı artırılıb.

Kazım müəllim dünya miqyasında tanınan muzey mütəxəssisi idi. O, 1954-cü ildən Beynəlxalq Muzeylər Şurası Sovet Komitəsinin üzvü olub, 1992-ci ildə isə yeni təsis edilmiş Azərbaycan Milli Komitəsinin üzvü seçilib.

Respublikamızda muzey şəbəkəsinin inkişafına da dəyərli töhfələr bəxş edən Kazım Kazımzadə Bakı şəhərində Səməd Vurğun və Üzeyir Hacıbəylinin ev-muzeylərinin, Qazaxda Səməd Vurğun Poeziya evinin, Lənkəran Tarix-Diyarşünaslıq Muzeyinin ilk bədii tərtibatını verib. O, eyni zamanda, respublikamızda sənətşünasların və muzey kadrlarının yetişdirilməsinə böyük əmək sərf edib.

Xalq rəssamı Kazım Kazımzadə 1992-ci il oktyabrın 4-də dünyasını dəyişib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(10.08.2023)

 

Avqustun 12-də, saat 16:00-da “Davam” Gənclər Hərəkatının Bakı ofisində “Davam” Kitab Klubunun təşəbbüsü ilə yazar, ədəbiyyatşünas Ramil Əhmədin təqdimatında “Yaradıcı yazarlıq təlimi: Nəzəriyyə və Praktika” adlı təlim baş tutacaq.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, təlimdə yaradıcı yazarlıq (creative writing) təhsilinin inkişaf dinamikası, pedaqoji əsasları, yazarlığın öyrənilməsinin mümkün olub olmaması kimi məsələlərdən söhbət açılacaq. 

Təlimdə iştirak etmək sərbəstdir! 

Əlaqə vasitəsi:

+994 70 561 65 60

Ünvan: Bakı Dayaq Mərkəzi (Səbail rayonu, Əbdülkərim Əlizadə 6/8)

 

“Ədəbiyyat və incəsənət”

(10.08.2023)

 

Azərbaycan Animasiya Assosiasiyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə sentyabrın 6-10-da Bakıda, Nizami Kino Mərkəzində 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı keçiriləcək.

 

AzərTAC xəbər verir ki, festivalının seçim komissiyası müsabiqə proqramına daxil edilmiş filmlərin siyahısını elan edib.

Filmlər beynəlxalq münsiflər heyəti və uşaq tamaşaçılar tərəfindən qiymətləndiriləcək, qaliblər festivalın bağlanış mərasimində elan olunacaq. 

Festivala 46 ölkədən 174 film daxil olub. Seçim komissiyası müsabiqəyə 13 ölkədən 39 film qəbul edib. Bu filmlər 2 beynəlxalq və 2 yerli kateqoriyalar üzrə yarışacaq.

Qaliblər üçün aşağıdakı mükafatlar nəzərdə tutulub:

Beynəlxalq müsabiqənin “Ən yaxşı qısametrajlı animasiya filmi ¬ GRAND PRIX” kateqoriyası üzrə mükafatı – 1000 ABŞ dolları.

Beynəlxalq müsabiqənin “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları.

Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 500 ABŞ dolları.

Yerli müsabiqənin “Ən yaxşı Azərbaycan tələbə qısametrajlı animasiya filmi” kateqoriyası üzrə mükafatı – 300 ABŞ dolları.

Xatırladaq ki, 2022-ci ilin payızında Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda keçirilmiş 5-ci ANİMAFİLM Beynəlxalq Animasiya Festivalının devizi “Bir bilet = bir ağac” idi. Beynəlxalq tədbir “İqlim dəyişikliyi” mövzusuna həsr olduğuna görə bilet satışlarından əldə olunan bütün vəsait (4119 AZN = 412 ağac) işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə edilib. Beləliklə, bu il ANİMAFİLM festivalının dəstəyi İlə Zəngilanda 412 ağac əkildi.

ANİMAFİLM festivalı 2018-ci ildən etibarən hər il təşkil edilən gerçək bir platformaya çevrilib.

Festival uşaq və gəncləri, animasiya rejissorlarını və studiyaları bir araya gətirərək onları beynəlxalq təcrübə ilə tanış edir, peşəkar yerli və xarici animasiya ustaları ilə onları görüşdürüb yüzlərlə animasiya filmləri nümayiş etdirir, ustad dərsləri, konfranslar, konsertlər, tamaşalar və sərgilər keçirir.

 

“Ədəbiyyat və incəsənət”

(10.08.2023)

Thursday, 10 August 2023 13:15

Tətildən 100 gün keçdi

 

Yüzlərlə film mütəxəssisi Hollivudun əsas studiyaları qarşısında yürüş etməkdədir. Çərşənbə günü yazıçı və ssenaristlərin tətillərinin 100 günü tamam oldu. Bu barədə “Ədəbiyyat və incəsənət”in əməkdaşı Euronews-un süjetinə istinadən məlumat verir. 

 

"Biz burada qalacağıq" deyə AFPTV yazıçısı Ayrin Turner söyləyir. 

“Studiyalar nə qədər pul qazandıqları barədə danışmağı dayandırmalı və bizim pulları ödəməlidirlər."  

Aktyorlar Uilyam Qoldman və Dan Qarza üçün tətilin ən qorxulu hissələrindən biri tətilin Los-Anceles şəhərinə təsiridir. 

"Bir çox müəssisə bu sahədən asılıdır, buna görə yalnız film və televiziya deyil, onlarla əlaqəli hər şey bağlanır" deyə Qoldman söyləyir. 

Mütəxəssislər tətilin avqustda bitəcəyini söyləyirdilərsə, bu təsdiq edilməyib. Hələ bundan sonra da inadcıl ssenaristlər tətillərini davam edəcəklərini iddia edirlər.

Xatırladaq ki, 100 gün bundan əvvəl Amerika Kino Gildiyası zəhməthaqlarını ala bilməyən ssenaristlərin tətilini təşkil etmişdi.

Hollivud deyəsən çökmək üzrədir.

 

“Ədəbiyyat və incəsənət”

(10.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.