Super User

Super User

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Deyir ki;- “Poeziyaya gələndə hərfləri təzə öyrənmişdim. Bir dəfə rəhmətlik atamla o zamanki yeganə televiziya kanalı, Az tv-ni izləyirdik. Məktəbli bir qız Bəxtiyar Vahabzadənin "Ana" şeirini söyləyirdi. Atam köks ötürüb dedi ki, kaş mənim də üç övladımdan biri şeir yazardı. Dedim, nə var ki, şeir yazmağa. Mən yazaram. Elə o vaxtdan, hər gecə atam zavoddan yorğun işdən gələndən sonra, rəsm albomuma yazdığım “şeirlərimi” atama oxuyurdum. Sonra uzun illər yazmadım.”

 

Onu “Facebook” sosial platformasından tanıyıram, necə deyərlər, üzünü görmədiyim dostlarımdandır. Heç bilmirəm, harada çalışır, nə işlə məşğul olur, bircə onu bilirəm ki, gənc şairlərdəndir. 

 

“Asosial insanam, özümü sosial şəbəkələrdə daha rahat ifadə edə bilirəm. Qoy, elə aktivliyim də, “məşhurluğum” da sosial şəbəkədə qalsın. Həmişə deyirəm ki, mən dördayaqlılardan yox, ikiayaqlılardan qorxuram. Düzdür, meşədə ayı ilə rastlaşsaydım, bəlkə də qorxardım. Adətən xanımlar, itdən, pişikdən qorxurlar. Amma onlara deyirəm, qorxmayın, rahatlıqla keçin gedin. Siz heyvanlara dəyməsəniz onlar sizə toxunmazlar.”- söyləyir.

 

Şairi tanımağa nə var ki? Yetər ki, bir neçə şeirini oxuyasan. Mən də sosial şəbəkədən onun bir neçə şeirini tapıb oxudum. “Şəhid evi” şeirində yazır:

 

Mən elə bir məmləkətdə doğuldum ki,

Gənc ömürlər, yarpaqlardan öncə solur.

Köçəri quşlardan öncə, şəhidlər uçur cənnətə

Belə gəlir payız fəsli bu yerlərə.

Bahardan doymayan pöhrələr…

Atadan doymayan körpələr…

Xəzan anaların saçından başlayır burda.

Torpaq ataların ürəyindən başlayır çürüməyə…

Mən elə bir məmləkətdə doğuldum ki,

Şəhid evləri, UÇUQ-SÖKÜK damlardan asılmış

TƏZƏ bayraqlardan bəlli olur...

Mən elə bir məmləkətdə doğuldum ki,

Kişilər ya şəhid olur ölür,

Ya da utandığından ölür...

 

Bu gün yaşadığımız həqiqətləri gözəl ifadə etməyibmi? Bu poeziya nümunəsində həm giley-güzar, həm biganəlik və həm də qeyrət hiss olunmurmu? Və ya məhəbbət şeirlərindəki həsrət yanğısını duymamaq mümkün deyil. Obrazlı desək, sanki bu yanğını təsəllinin vasitəsilə soyutmağa çalışır. Və “Soyuq əllər” şeirində yazır:

 

Ayrı-ayrı yaşayırıq,

Eyni hava, eyni şəhər

Sən o yanda, mən bu yanda

Eyni gecə, eyni səhər.

 

İsitdiyin əllər indi

Soyuqdur sənsiz boş qalıb

Barmağının ucunadək

Darıxıram, yada salıb.

 

Bir çırpınır iki ürək,

Gecələrin birindəyik

Buludlar da sevdamıztək

Qaralıb, qəm içindəyik.

 

Pay gətirir sənə yellər

Dəli bir eşq, şirin yuxu

Məndə qalsın soyuq əllər

Yuxusuzluq, bir də qoxun...

 

Deyir ki;- “Bir dəfə sosial şəbəkədə də bununla bağlı paylaşmam vardı: Elə etki, bir də şeir yazmayım, mən xoşbəxt olanda yaza bilmirəm. Yazmasam, demək ki, başım xoşbəxtliyimə qarışıb. Təki xoşbəxt olaq, bütün xanımlara, bunu arzu edirəm.”

 

Bəlkə də bu söhbəti heç açmazdım. Şəxsən tanımıram deyə, haqqında danışmağa sözüm çox azdır. Onun “Facebookda” indicə paylaşdığı- “Ad günümdür bu gün. Çoxlu-çoxlu təbrik edin, tərifləyin məni”- sözləri bir kövrək ruhlu şair xanımın səmimiyyətinə biganə qala bilmədim. Yəqin ki, o, sizin də dostluğunuzda var- Günel Balakişini deyirəm...

 

“Nifrət ürəkdə qalmağın bir formasıdır. Sevgimin ən çarəsiz halında nifrətinə də razıyam, Zeyd. Sevmirsənsə, nifrət et. Yetər ki, unutma məni, Zeyd.

Nifrət ümiddir. Nifrət nə zamansa yenidən sevilmək ehtimalıdır. Unudulmaqsa sondur. Unutma məni, Zeyd, unutma...”- söyləyir…

Təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(17.08.2023)

Mədəniyyət Nazirliyinin dəstəyi və Azərbaycan Animasiya Assosiasiyası və “PERİ FİLM” MMC-nin təşkilatçılığı ilə uşaqlar və böyüklər üçün nəzərdə tutulmuş ənənəvi 6-cı ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı sentyabrın 6-dan sentyabrın 10-dək Nizami Kino Mərkəzində keçiriləcək. Artıq festivalın bilet satışına başlanılıb. 

 

Festivalın direktoru, Azərbaycan Animasiya Assosiasiyasının sədri Rəşid Ağamalıyev bilet satışından əldə olunacaq bütün gəlirin qadın rejissorlara dəstək məqsədilə ianə ediləcəyini bildirib.

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, 6-cı ANİMAFİLM Festivalına üç əsas proqram daxildir. Festivala 46 ölkədən daxil olan 174 film arasından seçim komissiyası müsabiqəyə 13 ölkədən 39 film qəbul edilib. Həmin filmlər 2 beynəlxalq və 2 yerli kateqoriyalar üzrə yarışacaq. Bütün seçilmiş filmləri beynəlxalq münsiflər və uşaq tamaşaçılar qiymətləndirəcək və qaliblər festivalın bağlanış mərasimində mükafatlandırılacaq. Festivalın mükafat fondu 2,3 min ABŞ dolları təşkil edir.

Festivalın müsabiqədənkənar proqramında “Qadınların qadınlar üçün çəkdiyi filmlər” proqramı, Yaponiyanın “Ghibli” studiyasının “Oskar” mükafatına namizəd “Qırmızı tısbağa” (“The Red Turtle”) və “Oskar” mükafatı qazanmış “Ruhlarla sovrulanlar” (“Spirited Away”) tammetrajlı filmləri, mükafata layiq görülmüş Hindistan animasiya filmləri nümayiş etdiriləcək. 

Qeyd edək ki, “Qadınların qadınlar üçün çəkdiyi filmlər” tədbirində İranda etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən qətlə yetirilmiş Hədis Nəcəfi haqqında çəkilmiş “Hədis” filmi, müsəlman aləmində demokratik yolla seçilmiş ilk müsəlman qadın millət vəkili Pərixanım Sofiyeva haqqında gürcü filmi nümayiş etdiriləcək.

Festivalın peşəkarlar üçün proqramı çərçivəsində yerli animasiya film layihələri təqdim olunacaq və beynəlxalq münsiflər heyəti, eləcə də xüsusi qonaqlarla görüşlər, ustad dərsləri və vörkşoplar təşkil ediləcək. Proqram çərçivəsində “Oskar” mükafatı qazanmış rejissor Michaël Dudok de Vittin, kanadalı animator Matthev Lyonun master-klasları, uşaqlar üçün isə gürcüstanlı rejissor Ana Chubinidze və hindistanlı Tehzeeb Khurana animasiya vörkşopları keçirəcək.

Animasiya peşəkarları üçün proqram çərçivəsində bu il bir sıra qapalı tədbirlər də təşkil olunacaq. Bunlara İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyinin dəstəyi ilə həyata keçirilən “Animasiya filmləri vasitəsilə qadın haqları” adlı vörkşop və maliyyə proqramı layihəsinə seçilmiş 5 qadın rejissor üçün avropalı mentorlar — isveçrəli rejissor İsabelle Favez, fransalı prodüser Olivier Catherin ilə təlimlər, individual görüşlər daxildir. Seçilmiş animasiya layihələri “ANIMAFILM School: Pitçinq müsabiqəsi”ndə ictimaiyyətə təqdim olunacaq. Pitçinq müsabiqəsində izləyici kimi hər kəs iştirak edə bilər.

Festivalın gedişində, həmçinin Azərbaycan milli animasiya sənayesinin kommersiyalaşdırılması və ixrac imkanları perspektivləri mövzusunda dəyirmi masa təşkil olunacaq.

Həmçinin, Azərbaycan kinosunun 125, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yaradılmasının 100 illiyi münasibətilə “Klassik Azərbaycan animasiya filmləri” tədbirində milli animasiyamızın inciləri olan filmlərin nümayişi keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət”

(17.08.2023)

​​​Almaniyanın mədəniyyət mərkəzlərindən sayılan Bavariyanın Badendorf şəhərində “İmmlinq” Beynəlxalq Opera Festivalının bağlanış mərasimi keçirilib.

Mərasimdə “Bavariya” Festival Orkestri üç müxtəlif ölkənin tanınmış dirijorunun rəhbərliyi altında çıxış edib. 
Festivalın bədii rəhbəri Korneliya fon Kersenbrok (Almaniya/Avstriya), Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri, Əməkdar artist Əyyub Quliyev və Gürcüstan Dövlət Konservatoriyasının professoru Mixail  Edişaraşvilinin ifasında operalardan uvertüra, ariya, duetlər, ansambllar və müxtəlif musiqi parçaları dinləyicilərə təqdim olunub. 
Minə yaxın insanın izlədiyi konsert salonunda yer çatışmazlığı və pərəstişkarların xüsusi marağı nəzərə alınaraq, əsas giriş qapısı açılaraq küçədə əlavə oturacaqlar yerləşdirilib. Dörd saata yaxın davam edən konsertdə Almaniya, Meksika, Çili, Uels, Avstriya, Kosovo, Qazaxıstan, Ukrayna, Koreya və Gürcüstandan dəvət olunmuş istedadlı müğənnilər böyük məharətlə çıxış ediblər. 
Gecənin sonunda dirijor Ə.Quliyevin rəhbərliyində ifa olunan dahi Azərbaycan bəstəkarı Qara Qarayevin “Yeddi gözəl” baletindən fraqmentlər musiqisevərlər tərəfindən sürəkli alqışlarla qarşılanıb.
Qeyd edək ki, ənənəyə sadiq olaraq festivalın son konsertində yekun əsər Azərbaycan bəstəkarına məxsus olur. 
2022-ci ildə dahi Üzeyir Hacıbəylinin “Koroğlu” operasına uvertürası, 2021-ci ildə isə Maestro Niyazinin “Qaytağı” simfonik rəqsi dirijor Ə.Quliyev və “Bavariya” Festival Orkestri tərəfindən səsləndirilərək böyük rezonansa səbəb olub. 
Xatırladaq ki, iyunun 10-da Rixard Ştrausun “Salomeya” operası ilə başlayan “İmmlinq” Beynəlxalq Festivalı iki ay ərzində bir sıra əsərlərin yeni quruluşda təqdimatı ilə - C.Verdinin “Nabukko”, A.Piazzolanın “Mariya Buenos Ayres” operaları və Q.Malerin ikinci simfoniyasının uğurlu ifaları ilə yadda qalıb.
Xəbər Oxu.az-dan iqtibas edilib.

“Ədəbiyyat və incəsənət”
(16.08.2023)

 

Cəlilabad rayonunun Hacıismayıllı kəndi ərazisində tarixi qəbiristanlıq aşkar olunub.

"Report" xəbər verir ki, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin əməkdaşları orta əsrlərə aid qəbiristanlığı nəzarətə götürüb.

Dövlət Xidmətindən bildirilib ki, ərazidə müxtəlif ölçülərdə və formada olan məzar daşlarının üzərində bir-birindən fərqli simvollar, işarələr mövcuddur: "Bəzi məzar daşlarının üzərində ərəb qrafikalı əlifba ilə yazılan yazılara da rast gəlinir. Tarixi əhəmiyyəti nəzərə alınaraq ərazinin daşınmaz tarix-mədəniyyət abidələrinin reyestrinə daxil edilməsi üçün lazımi tədbirlər görüləcək".

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2023)

 

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının xor artisti vəfat edib.

Bu barədə "Report"a teatrın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, teatrın xor artisti Kubra Quliyeva uzun sürən xəstəlikdən dünyasını dəyişib.

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2023)

 

İrəvan xanının varisi Əmir Əli Sərdari İrəvani Diasporla İş üzrə Dövlət Komitəsinin dəvəti ilə Naxçıvana gəlib.

Komitədən AzərTAC-a bildiriblər ki, o, Naxçıvanda keçirilən “Heydər Əliyev – 100” Diaspor Gənclərinin IV Yay Düşərgəsi çərçivəsində baş tutan panellərin birində məruzəçi kimi çıxış edəcək.

Səfərin ilk günündə Əmir Əli Sərdari İrəvani Naxçıvanın görməli yerləri ilə tanış olub, tarixi məkanlara səfər edib.

“Mənə bu fürsəti yaratdıqları üçün Komitəyə təşəkkür edirəm. Doğum günümə ən yaxşı hədiyyə Naxçıvanda, İrəvanın sərhədində Ağrı dağına baxmaq oldu. Mən əcdadlarıma yaxın olduğumu hiss etdim. Təsəvvür edə bilmirəm ki, bir vaxtlar əcdadlarım orada at çapıb, düşmənləri ilə vuruşublar. Burada olmaq gözəl hissdir”, - deyə İrəvan xanının varisi qeyd edib.

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2023)

 

ZƏLZƏLƏ OLDU, AMMA BİZDƏ YOX

 

Yenidən mobil şəbəkə vasitəsilə abonentlərə zəlzələ xəbərdarlığı gəlməkdədir. Bu gecə saat 5-dən etibarən yenə insanlar təlaş içindədirlər. 

 

Respublika Seysmoloji Xidmət Mərkəzinin informasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı mediaya açıqlama verib ki, telefonlara gələn zəlzələ xəbərdarlığı ilə bağlı məlumatın Azərbaycanla heç bir əlaqəsi yoxdur.

Onun sözlərinə görə, zəlzələ Türkmənistan ərazisində baş verib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Türkmənistanda yerli vaxtla saat 05:37-də 5,0 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri yenə də Xəzər dənizində olub. Və son vaxtlar seysmik cəhətdən Xəzər dənizi çox aktivdir.

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2023)

 

Bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin doğum günüdür

 

Sovet dönəmində ciddi senzura şəraitində 15 respublikada yaşayan xalqlar zorən sovet xalqı formalaşdırmaqda, milli keyfiyyətlərdən məhrum edilməkdəydi. Ümumi xqlq, ümumi dil, ümumi ideologiya. Belə bir zamanda ədiblər iki cəbhəyə bölünmüşdü, bir qismi kommunizmə ləbbeyk deyir, digər qismi haqsızlıqla vuruşub dissident olurdu. Həmin dövrdə Azərbaycan dilinin keşiyində dayanan və Azərbaycanın rus və fars imperiyaları tərəfindən ikiyə bölünməsini “Gülüstan” poeması ilə diqqətə çatdıran Bəxtiyar Vahabzadə sözün həqiqi mənasında qəhrəman idi. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 98-ci ildönümü tamam olub.

Müasir Azərbaycan ədəbiyyatının ən parlaq simalarından olan Bəxtiyar Vahabzadə öz yaradıcılığı ilə bədii fikrimizin zənginləşməsində mühüm rol oynayıb. Böyük söz ustası xalqımızın yüz illər boyu təşəkkül tapmış yüksək milli-mənəvi dəyərlərinin qorunması, adət-ənənələrimizin yaşadılması naminə altmış ildən artıq bir müddət ərzində yorulmadan yazıb, yaradıb. O azərbaycançılıq məfkurəsinə dərindən bağlı olan və özünüdərkə çağıran çoxsaylı əsərləri ilə ədəbiyyatımızın inkişafına töhfələr verib. Azərbaycan xalqının tarixinin qədim dövrlərdən bəri müxtəlif mərhələlərində baş vermiş taleyüklü hadisələr, böyük şəxsiyyətlərin parlaq simaları ustad sənətkarın diqqət mərkəzində olub.

Bəxtiyar Vahabzadənin bir alim kimi də Azərbaycan elmi qarşısında xidmətləri danılmazdır. Onun şifahi ədəbi irsimizin, klassik və müasir Azərbaycan ədəbiyyatının öyrənilməsi sahəsində axtarışlarının bəhrəsi olan əsərləri daim elmi ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Bəxtiyar Vahabzadə ədəbi və elmi yaradıcılığı pedaqoji fəaliyyətlə uğurla əlaqələndirərək, uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycanda yüksəkixtisaslı kadrların hazırlanmasına töhfələr verib. 1951-ci ildə "Səməd Vurğunun lirikası" mövzusunda namizədlik, 1964-cü ildə isə "Səməd Vurğunun həyat və yaradıcılığı" mövzusunda monoqrafiyasını müdafiə edib, filologiya elmləri doktoru alimlik dərəcəsini alıb. O, 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. 2000-ci ildən isə AMEA-nın həqiqi üzvü olub.

Yetmişdən çox şeir kitabı ilə böyük oxucu sevgisi qazanan B.Vahabzadə 2 monoqrafiyanın, 11 elmi publisist kitabın və yüzlərlə məqalənin müəllifi olaraq əsl alim kimi öz sözünü deyib.

Haqsızlığa, ədalətsizliyə qarşı üsyan Bəxtiyar şeirinin əsas leytmotivlərindəndir. Görkəmli söz ustası hələ ötən əsrin 60-cı illərindən ölkəmizdə sovet imperiyasına qarşı milli azadlıq hərəkatının öncüllərindən biri olub. 1959-cu ildə yazdığı "Gülüstan" poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirərək, imperiya pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğurundakı ədalətli mübarizəsinə qoşulub.

Bəxtiyar Vahabzadə yaradıcılığında baş mövzulardan biri də ana dilidir. Onun qəti qənaətinə görə, dil xalqın varlığının nişanələrindən biri olub, onun ən qiymətli sərvətidir, üstəlik nəsillər silsiləsini birləşdirən, babaların vəsiyyətini nəvələrə çatdıran qüdrətli tərbiyə vasitəsidir. Görkəmli şərqşünas alim Əhməd Şmide yaradıcılığını dərindən öyrəndiyi, əsərlərini alman dilinə tərcümə etdiyi Bəxtiyar Vahabzadə barədə belə deyib: "Bir insanın öz xalqını və öz doğma dilini dəlicəsinə sevə bilmək qabiliyyətini mən Bəxtiyar Vahabzadədən öyrəndim. Bəxtiyar Vahabzadə realist şairdir. Dolaşıq və müəmmalı ifadələr, aydın olmayan tərkiblər və əllaməlik onun sənətinə yaddır".

Bəxtiyar Vahabzadənin tariximizin bir çox hadisələrini canlandıran dram əsərləri gənc nəslin tərbiyəsində böyük rol oynayır. Müasir həyatdakı ziddiyyətlərin, qarşıdurmaların və mənəvi sarsıntıların təsviri ilə yanaşı, yüksək, pak və ülvi hisslərin tərənnümü ədibin dramaturgiyasında təcəssümünü tapıb. Təsadüfi deyil ki, onun pyesləri Azərbaycan, eləcə də xarici ölkə teatrlarının səhnələrində uğurla tamaşaya qoyulub, müəllifinə böyük şöhrət gətirib. Onun müasir mövzularda qələmə aldığı "İkinci səs", "Vicdan", "Yağışdan sonra", "Yollara iz düşür", "Hara gedir bu dünya?", "Fəryad", "Cəzasız günah", "Dar ağacı", "Rəqabət" və "Özümüzü kəsən qılınc" kimi lirik-psixoloji pyesləri günün aktual problemlərindən, müasirlərimizin daxili dünyasından, daim təzələnən həyat və insan münasibətlərindən söz açmaqla gerçəkliyin ən müxtəlif tərəflərinə diqqət cəlb edib, layiqli səhnə təcəssümü taparaq, yarım əsrədək bir müddətdə Azərbaycan səhnəsindən düşməyib. O, tarixi və müasir mövzuda 20-dən artıq irihəcmli poemanın müəllifidir.

Azərbaycan xalqının müstəqilik ideyalarının ilk carçılarından idi Bəxtiyar Vahabzadə. Bu azadlığın çətin və şərəfli iş olduğunu duyaraq bir an belə seçdiyi yoldan nəinki dönmədi, əksinə daim mübarizənin ön cərgəsində oldu. Bəlkə də bu səbəbdəndir ki, 20 Yanvar faciəsi ilə bağlı qələmə aldığı "Şəhidlər" poeması ilə yeni bir tarix yazdı.

Bəxtiyar Vahabzadə millətin məhəbbətinə layiq olduğunu təsdiq etmək üçün ziddiyyətlər içində keçən həyatının bütün cəfalarına çəkinmədən tab gətirib, heç vaxt sarsılmayıb. Elə buna görədir ki, o unudulmayacaq.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2023)

Wednesday, 16 August 2023 13:15

Yaddaqalan adam Seyfəddin Hüseynli

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

 

Bəzən illərlə bir yerdə çalışdığın, hər gün ünsiyyətdə ollduğun adam haqqında yazmağa söz tapa bilmirsən. Ayrılandan bir qədər sonra unutduqlarından birisi olur. Amma elə adam da var ki, onunla bir neçə saat birlikdə olmaq ömrünün sonunadək bəs edir. Heç vaxt, heç zaman unudulmur. Bizim jurnalist, yazıçı, filoloq Seyfəddin Hüseynli kimi...

 

Deyir ki;- “Son illər bizdə ədəbiyyat, kitab, kitabçılıq işində ciddi hərəkətlənmə var. Yaxşı haldır ki, bu hərəkətlənmə daha çox praktikdir. Yəni daha nələrinsə vacibliyindən, zəruriliyindən danışılmaqdan çox, o yöndə konkret iş görülür. Nəşr sahəsindəki aktivlik kitabı cəmiyyətin bəlli bir çevrəsində önə çıxardır. Ancaq istənilən sahədə olduğu kimi ədəbiyyat sahəsindəki aktivlik də bir qədər işin ziyanına ola bilər. Yəni elə bir məqam gəlib çatar ki, bu dinamizm, fəallıq bir yandan da cəmiyyəti bezdirə bilər. Əks-effekt gözlənilən haldır, xüsusən də, işlər keyfiyyət yox, kəmiyyət hegemonluğu altında görülürsə, “sayı çox, sanbalı yox” düsturu özünü doğruldursa, çoxlu neqativ nəticələr qaçılmaz olur. Yəni indiki gedişlə günün birində ayılıb görərik ki, bütün uğur hesab etdiklərimiz hay-küydən başqa bir şey deyilmiş. Görünür, bu məsəldə yeri gələndə geri çəkilmək, özünü bir guşəyə vermək, səbirlə işləmək lazımdır. Elə bilirəm, biz özümüzə kənardan baxmağı da öyrənməliyik, ancaq ortada laqeyd, mövqesiz, hərəkətsiz dayanmaq da olmaz.”

 

Seyfəddin Hüseynli uzun illərdir ki, “525-ci qəzetin” redaktoru vəzifəsində çalışır. Mətbuatda peşəkar tərcümələr, esselər və tənqidi yazılarla çıxış edir. 

 

“Bir dəfə tanınmış yazıçılardan biri demişdi ki, “525-ci qəzet” qapısını ədəbiyyatın üzünə aralamaqla düz elədi, ancaq taybatay açanda vəziyyət qəlizləşdi. Bu baxımdan uzun illərdir ki, çalışdığım “525-ci qəzet”də cəmiyyətimiz, ədəbi mühitimiz mətn seçimində bizi yaman sıxışdırır. Bu qəzeti uzun müddət ədəbiyyatla bağlı yeganə ünvan kimi tanıyıblar. Bir xeyli yazar, müəllif çap edilib. Bəzilərinin üzündən keçilməyib, bəzilərinin rəhbərliklə yaxşı münasibətləri olub, haqlı olaraq ərk edənlər tapılıb. Ancaq təsəllimiz bundan ibarət olub ki, hər nömrədə ən azı bir neçə yaxşı mətn çap edə bilmişik. Çox sayda yaxşı müəlliflər və mətnlərlə işləmişik ki, bunun da nəticəsində bu gün ədəbiyyatın hörmətli ünvanlarından biri “525-ci qəzet”dir. İmzasını təsdiq eləmiş onlarla yazar saya bilərəm ki, ilk dəfə “525-ci qəzet”də çap olunublar. Bizim üçün bədii mətnin əlahiddə seçim meyarları yoxdur, yaxşı bədii mətn, əsl ədəbiyyat nümunəsi deyilən nədirsə, biz onlara üstünlük verməyə çalışırıq.”- söyləyir.

 

Bizi Səlim Babullaoğlu tanış edib. İllər öncə Şabrana birlikdə səfər etmişdik. Elə o vaxtdan da aramızda salam əleyküm var. Sadə, təvazökar, məntiqli və təmkinli adamdır. Ədəbiyyata, ümumiyyətlə həyata yanaşma tərzi çox fərqlidir.

 

Deyir ki;- “Bu gün təkcə ədəbiyyatımız yox, ümumən həyatımız, təfəkkürümüz də dünyadan geri qalır. Həyata ədəbiyyatçı, romançı gözüylə baxmayana qədər, təfəkkürümüz tam yenilənməyincə, nə haqqında yazmağınızdan aslı olmayaraq, arzulanan səviyyədə əsərlər meydana gəlməyəcək. Şeir daha çox intuitivdir, spontandır bəlkə, ancaq roman rasional məsələdir. Əslində, çoxdandır ki, dünya poeziyasında fərqli proses gedir, yəni qəlblə, duyğuyla yanaşı ağlın, məntiqin də iştirakı ilə yaranır poetik nümunələr. Biz bəzən şeirin konstruksiya tərəfini dünyadan götürüb mənimsəyirik, belə olanda da şeirin emosional tərəfi yaddan çıxır. Halbuki şeirimizin həm konstruktiv, həm də intuitiv qollarının uzlaşdığı vaxtlar olub. Eləcə də bizdə postmodernist mətnlər az-çox yaranıb artıq, ancaq bütövlükdə biz o düşüncədən doğan həyatı yaşamamışıq deyə, vəziyyət birtərəflidir. Deyəsən, heç yaşamağa meylimiz də yoxdur o düşüncəni və elə həyatı. Fərd olaraq, ayrı-ayrı imzalar olaraq irəliyə gedənlər, indi hardasa ədəbiyyatda mistikanın əhəmiyyətinə vurğu salanlarımız ola bilər, amma ümumən postmodern düşüncəni köhnəltmədən, tükətmədən yeni bir mərhələyə keçmək inkişafı axsadar, yarımçıqlıq duyğusu yaradar.”

 

Ötən gün-avqustun 15-i Seyfəddin Hüseynlinin növbəti ad günü idi. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı arzulayırıq.

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2023)

Şuşa şəhərində növbəti kütləvi məzarlıq aşkarlanıb.

AzərTAC-ın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, müvafiq qurumların, o cümlədən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının əməkdaşları hazırda kütləvi məzarlığın aşkarlandığı ərazidədirlər.

Avqustun 1-15-dək aparılan qazıntı işləri nəticəsində Şuşa həbsxanası ərazisində 17 şəxsə aid ehtimal edilən insan qalıqları aşkar olunub. 

Xatırladaq ki, cari ilin iyununda da Şuşa həbsxanasının ərazisində kütləvi məzarlıq aşkarlanıb.

İşğaldan azad edilən ərazilərdə indiyədək Ağdam rayonunun Sarıcalı, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkar edilib. 

 

“Ədəbiyyat və incəsənət”

(16.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.