Super User

Super User

Yaxşı kitab da tarixin bir hissəsidir. Odur ki, günümüzün tarixini gələcək nəsillər üçün məhz bədii əsərlər yazmaqdadır.

"Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birliyi,  "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" layihəsinin icrasına start verib. Layihə çərçivəsində bir sıra tədbirlərin, görüşlərin keçirilməsi, yazıların nəşr olunması nəzərdə tutulub. Deyək ki, layihə həm də bədii ədəbiyyatın təbliğinə hesablanıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, avqustun 16-da Qaradağ rayonunda Heydər Əliyev Mərkəzində "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" layihəsi çərçivəsində "Cığır" tarixi romanının ictimai müzakirəsi keçirilib. 

Azərbaycan himninin səslənməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayan tədbirdə Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev vətənpərvərliklə bağlı fikirlərini bölüşüb. Bildirib ki, Heydər Əliyev Mərkəzində "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" mövzusunda tədbirin keçirilməsi təsadüfi deyil. Çünki bu Mərkəzdə Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə əlaqədar olaraq mütəmadi tədbirlər keçirilir. Həmin tədbirlər vasitəsilə Ulu Öndərin Azərbaycan xalqı, Azərbaycan tarixi qarşısında xidmətləri gənclərimizə çatdırılır: "Növbəti seminarımız da "Heydər Əliyev və Azərbaycan gənclərinin milli vətənpərvərlik tərbiyəsi" mövzusudur. Düşündük ki, milli vətənpərvərliyin təbliğində böyük xidmətləri olan, bu istiqamətdə çoxsaylı tarixi romanların müəllifi olan yazıçı-publisist Yunus Oğuzu dəvət edək. Xüsusən, yenicə çapdan çıxan "Cığır" romanı haqqında gənclərimizə məlumat verilsin". 

Yunus Oğuzun əsərlərinin dünya azərbaycanlıları arasında vətənpərvərliyin təbliğində mühüm rol oynadığını qeyd edən Q.Əliyev bildirib ki, bu təbliğat onun tərəfindən həm şəxsi fəaliyyəti, həm də əsərləri ilə aparılır: "Azərbaycan tarixinin şanlı səhifəsinə çevrilən 44 günlük Vətən müharibəsi vətənpərvərliyin əsl nümunəsidir. Bunun bədii əsərlərdə əks olunması isə xüsusi əhəmiyyət daşıyır". 

Tədbir iştirakçılarına bildirilib ki, layihə çərçivəsində yazıçı- publisist  Yunus Oğuzun "Cığır" tarixi romanı işıq üzü görüb. Romanda Şuşanın yaradılmasından tutmuş 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu və Ali Baş Komandanın qələbəsindən bəhs edilir. Əsərdə yazıçı Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan xalqının mərd, mübariz, döyüşkən ruhunu ortaya qoyub və Ali Baş Komandan İlham Əliyev  və onun Müzəffər Ordusunun uğurlu əməliyyatı nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini diqqətə çatdırıb.

Həmçinin qeyd edilib ki, "Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birliyi həyata keçirdiyi layihələrdə vətənpərvərlik mövzusuna xüsusi önəm verib. Layihə çərçivəsində çapdan çıxan "Cığır" kitabı da eyni amala xidmət edir. Ümumilikdə isə "Vətən müharibəsinin təbliğində və vətənpərvərlikdə ictimai rolun artırılması" layihəsi çərçivəsində vətənpərvərliklə bağlı on yazı dərc olunacaq, gənclərə təmənnasız olaraq "Cığır" kitabı paylanacaq. 

Vətənpərvərlikdə dövlət şüurunun önə çıxmasının vacib şərt olduğunu qeyd edən yazıçı-publisist Yunus Oğuzun sözlərinə görə, dərsliklərdə tariximiz yenidən yazılmalıdır. Xüsusən, ən yeni tariximiz gənclərə məcburi qaydada öyrədilməlidir. Azərbaycan gənclərinin vətənpərvərlik ruhunun yüksəlməsində Heydər Əliyevin fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edən Y.Oğuzun bildirdiyinə görə,  "Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birlik Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə yaranıb: "Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birliyin hədəfi təkcə Qarabağı işğaldan azad etmək deyil, həm də Güneydə baş verən prosesləri nəzarətdə saxlamaq idi. Hələ 1997- ci ildə Heydər Əliyev demişdi ki, "Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir". Bu dahi şəxsiyyət başdan ayağa dövlət idi, dövlətçi idi. O, qaçqın və məcburi köçkünlərlə görüşdə demişdi ki, "mən əminəm ki, Şuşaya qayıdacağıq". Onda fəhm var idi ki, biz Qarabağa qayıdacağıq. Mən "Cığır" romanını Şuşada yazdım. Vaqif poeziya gününün açılışı zamanı Şuşada olanda "Mən Şuşada yazıram" adlı bir məqalə yazmışdım. Cənab prezidentlə görüşəndə də dedim ki, "mən Şuşada yazıram". Əvvəl sakitcə baxdı, söz demədi, amma baxışlarından hiss edirdim deyirdi ki, "əlbəttə Şuşada yazmalısan, Şuşanı mən almışam sizin üçün". Təbii ki, Ali Baş Komandan olmasa idi işğal altında olan torpaqlarımızı azad etmək mümkün olmayacaqdı". 

Y. Oğuz qeyd edib ki, cəmiyyət bütövlükdə müharibənin ruhunu verə biləcək bir roman gözləyirdi ki, bu da "Cığır" romanıdır: "Bu roman həm də hamının arxa cəbhədə yaşadığı bir həyat dövrüdür. Romanda uydurulmuş heç kim yoxdur. Bütün qəhrəmanlar öz adı ilə verilib. Hətta cənab Ali Baş Komandanın bədii obrazı romanda əksini tapıb. Ümumilikdə "Cığır" bizim qalib ruhumuzdur, vətənpərvərliyin təbliğidir. 44 günlük müharibə bir daha göstərdi ki, xalq özü qəhrəmandır, çünki xalqla ordu birləşərək vahid orduya çevrildi". Tədbirdə Heydər Əliyev Mərkəzinin əməkdaşı Səbinə Şirinzadə və YAP Qaradağ rayonu Davam Tarix klubunun sədri Sudavə Dursunəliyeva çıxış edib. 

Sonra yazıçı-publisist Yunus Oğuz gənclərin vətənpərvərliklə bağlı suallarını cavablandırıb və "Cığır" romanını iştirakçılara hədiyyə edib.

 

“Ədəbiyyat və incəsənət”

(17.08.2023)

 “Ədəbiyyat və incəsənət” portalının oxucuları üçün professor, yazıçı, motivasiya spikeri Əlibala Məhərrəmzadənin “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsinin təqdimini davam etdiririk. Sizi liderlik nəzəriyyələri ilə tanış etməkdəyik.

 

«Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.

Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.

Bu kitab lider olmaq istəyən, liderlik eşqi ilə alışıb yanan şəxslər üçün liderlik karyerinə başlamaqçün bir tramplin hesab olunur. Eyni zamanda da o, təcrübəli liderə də liderlik xüsusiyyətlərini daha da yaxşılaşdırmaq imkanı qazandırır. Mən bu kitabdan bəhrələnənlərin siyahısını verməyəcəyəm. Ən azı onu deyə biləcəyəm ki, bu, şəxsən mənim stolüstü kitabımdır. Bu kitabı bir neçə dəfə oxumuş, yüz dəfələrlə də vərəqləmişəm. Bizə ilk baxışda sadə görünən bu mürəkkəbliklərdə birincilik əldə etməyin yolları o qədər asan, mənimsənilən halda göstərilib ki, o yolu getməmək, sadəcə günahdır. Yeri gəlmişkən, ev tapşırığımızda bu qanunları əzbərdən bilmək də yer alır!

Beləliklə, 21 qanun var. Hər gün onlardan biri ilə tanışlığının baş tutacaq. Bu gün sırada 4-cü qanundur:

 

4.Naviqasiya qanunu

«Gəminin sükanını hər kəs fırlada bilər, ancaq kursu tapmaq üçün lider lazımdır».

Bəzi şturmanlar limanı tərk etməzdən öncə bütün baş tutacaq səyahəti beyin süzgəclərindən keçirə bilirlər. Onlar gözəl bilirlər ki, lazım olan məntəqəyə çatmaq üçün nə qədər güc sərf etmək, komandaya ekspedisiyanın uğur qazanması üçün kimləri salmaq lazımdır. Onlar üfüqdəki maneələri hamıdan tez görürlər.

Lider elə bir şəxsdir ki, başqaları görəndən daha çox görür, başqaları duyandan daha çox duyur.

Bəzən eyni zamanda dörd təyyarənin məhv olmasından danışılır. Bu ona görə olur ki, qırıcı təyyarə dördlükdə sıx halda uçanda mütləq onlardan birinin pilotu aparıcı olur, lider olur. O, öndə gedir, digər üçü ardınca gedərək onun hərəkətlərini təkrarlayır. Bu təkrarlama sonadək, hətta lider sürəti itirib dağa çırpılanda belə davam edir.

Naviqatorlar üçün hər bir keçmiş uğur və uğursuzluq özlüyündə informasiya, müdriklik mənbəyidir. Uğurlar insana özünü daha yaxşı tanımağa, öz bacarıq və istedadına daha çox güvənməyə imkan verir. Uğursuzluqsa səhvləri görüb onların üzərində işləməyə, onları düzəltməyə imkan yaradır.

Naviqatorlar bir çox mənbələrdən informasiya toplayır, aşağı səviyyədə nə baş verdiyini öyrənmək üçün komanda üzvləri ilə daim təmasda olurlar. Onlar situasiyanı dərindən öyrənməyə çalışırlar.

«Əgər siz açıq gözlərlə fəaliyyət göstərməsəniz həyat daim sizə qurşaqdan aşağı gözlənilməz zərbələr vuracaq», - yazır müəllif. O yazır: «Optimizmlə realizmi, intuisiyayla planlaşdırmanı, inamla faktları balanslaşdırmaq çox çətindir. Amma yol göstərən lider kimi effektiv olmaqçün məhz bunlar vacibdir».

Con Maksvell kitabın bu bölümündə öz liderlik fəaliyyətində daim istifadə etdiyi strategiyanı da göstərib:

 - Bütün fəaliyyət ardıcıllığını öncədən düşünmək;

 - məqsədi lokallaşdırmaq və sistemləşdirmək;

 - prioritetləri ünvanlı korrektə etmək;

 - əsas personalı müəyyənləşdirib onu məlumatlandırmaq;

 - planın bəyənilməsi üçün vaxt rezervasiya etmək;

 - reallaşdırmaya fəal qoşulmaq;

 - gözlənilən problemlərə uyğunlaşmaq;

 - uğurları təbii şəkildə görmək və qeyd etmək;

 - hər gün öz planına nəzarət etmək.

Con Maksvellin naviqasiya qanununun əsas məğzi – hazırlıqdır.

 

***

İlk 3 qanunla isə ötən günlər tanış olmuşdunuz:

1.     Tavan qanunu.

«Liderlik qabiliyyətini insanın effektivliyi müəyyənləşdirir».

Şəxsin liderlik effektivliyi tavanla xarakterizə edilir. Şəxsin insanları öz ardınca apara bilmək qabiliyyəti nə qədər azdırsa, onun potensial imkanlar tavanı da o qədər alçaqdır.

Liderlik keyfiyyətləri həmişə individuumun təşkilatda effektivlik tavanı yaratmasını təmin edir. Liderlik güclüdürsə, tavan da yüksək olacaq. Ölkə çətin duruma düşəndə yeni prezident, firma pullarını itirəndə yeni baş direktor, kilsə ziyarət olunmayanda yeni baş pastor, idman komandası ardıcıl məğlubiyyətlərə uğrayanda yeni baş məşqçi axtarışına çıxırlar. Liderliklə effektivlik arasındakı qarşılıqlı əlaqə ən çox idmanda özünü göstərir. Hər bir komandada istedadlar olur. Amma komandaların fərqini məşqçi və bir neçə əsas oyunçunun təmin etdiyi liderlik yaradır. Komandanın effektivliyini dəyişmək üçün məşqçi tərəfindən onun liderlik çəviyyəsini yüksəltmək lazımdır. Bax bu da fəaliyyətdə olan tavan qanunudar.

2.Təsir qanunu

«Liderliyin həqiqi ölçüsü təsirdir».

Əgər insan başqalarına təsir edə bilmirsə, heç vaxt öz ardınca adam apara bilməz. Əsl liderlik heç vaxt hansısa posta təyin olunmaqla baş tutmur, o, yalnız təsir edə bilmək qabiliyyətindən asılıdır.

3.Proses qanunu

«Lider bir gün ərzində deyil, günbəgün olurlar».

Liderə çevrilmək prosesi haradasa aksiya bazarında müvəqqəti kapital investisiyasına bənzəyir. Siz bir günə varidat toplamaq istəyirsinizsə, uğur qazanmağa əsla şansınız yoxdur. Burada ən vacib olan olduqca uzun məsafəyə qaçışda sizin gündəlik hərəkətlərinizdir. Liderlik – çox mürəkkəb məfhumdur. Onun olduqca çox aspektləri var: təcrübə, emosional güc, hörmət, insanlarla ünsiyyət təcrübəsi, nizam-intizam, perspektiv, uzaqgörənlik, vaxtında qərarvermə bacarığı, hücuma keçmə əzmi. Bunların hamısı qeyri-maddi şeylərdir, onları birdən-birə əldə etmək mümkünsüzdür. Məhz buna görə də liderlərə effektiv olmaq üçün belə uzun müddətlik möhkəmlənmə, güclənmə lazım gəlir.

Con Maksvell iddia edir ki, liderliyin bir çox aspektlərini o özü məhz uzun illərdən sonra 51 yaşında hiss etməyə başlayıb. Liderləri digərlərindən fərqləndirən əsas cəhətlər məhz öz bacarıqlarını inkaşaf etdirmək, yaxşılaşdırmaq qabiliyyətidir. Uğurlu liderlər öyrənməyi bacarır və sevirlər. Və öyrənmə prosesi onlarda ömür boyu davam edir.

«İnsan nəyi bilmədiyini bilmirsə, o inkişaf edə bilməz».

Liderlik – inkişaf qanunlarına tabedir.

 

 “Ədəbiyyat və incəsənət”

(17.08.2023)

 

Məşhur amerikalı müğənni Madonna səhhəti ilə əlaqədar olaraq təxirə salınan "The Celebration" yubiley konsertinin tarixini açıqlayıb. 

 

TASS xəbər verir ki, ilk çıxış cari il oktyabrın 14-də Londonda təşkil olunacaq.

Müğənni daha sonra Belçika, Danimarka, İsveç, İspaniya, Portuqaliya, Fransa, Almaniya, İtaliya və Hollandiyada çıxışlarını davam etdirəcək.

Xatırladaq ki, iyulun 10-da müğənninin bakterial infeksiyaya yoluxması səbəbi ilə konsertləri təxirə salınmışdı. 

 

“Ədəbiyyat və incəsənət”

(17.08.2023)

Thursday, 17 August 2023 11:30

“Elə tənhayam ki...”

RAHEL BLUVŞTEYNİN ŞEİRLƏRİ SƏLİM BABULLAOĞLUNUN TƏRCÜMƏSİNDƏ

 

“Ədəbiyyat və incəsənət” portalı sizə şair və tərcüməçi Səlim Babullaoğlunun təqdimatında XX əsr yəhudi şeiri nümunələrini təqdim edir.

Xanım Rahel Bluvşteyn 1890-cı ildə Rusiyada - Saratovda anadan olub. Uşaqlığı və gəncliyi Poltavada keçib. Yəhudi məktəbində oxuyub, həmin vaxtlarda da şeir yazmağa başlayıb. 1909-cu ildə Rusiyanı tərk edərək indiki İsrail dövlətinin Rehovot şəhərinə köçüb. 1913-cü ildə aqronom olmaq məqsədilə Tuluza (Fransa) şəhərinə təhsil almağa gedib. Az keçməmiş Birinci Dünya müharibəsi başlayıb və geri qayıda bilməyib. Rusiyaya gedərək orada yəhudi qaçqınlarının uşaqlarına qulluq edib. Vərəm xəstəliyinə yoluxub. Elə ən yaxşı şeirlərini bu zaman - tənha və ağır xəstə vəziyyətində yaşadığı vaxtlarda yazıb.

Bu dövrdə bədii tərcümə ilə də ciddi məşğul olub.  Şeirlərinə çoxlu mahnılar qoşulub. İsrailin milli şairəsi olaraq qəbul edilir.
1931-ci ildə Tel-Əvivdə  vəfat edib

 

***

Titrək əllərinlə sığal çəkəndə
saçıma, istidən üşüdüm, dondum,
çəkilməz dərdlərin məngənəsində
qaldım, qəfil kədər ruhuma qondu.

 

Bizdən yer üzündə biri-birinə
göydəki ulduzlar daha yaxınmış,
içək badəmizi, enək dibinə -
tale yazısını beləcə yazmış,


***

Görüş, yarımgörüş, qaçaraq baxış,
asta salamlaşma... kimsə udqunur.
Hər şeyi elə bil yuyur bir yağış-
səadət dalğası, dərdin uçqunu.

 

Deşilib bərəsi unutqanlığın,
Dəf etməz tufanı, duruş gətirməz.
Çökürəm diz üstə, neyləyim axı,
içirəm, bu yanğı çiçək bitirməz.

***

Nə şirin misralar,
nə xoş kəlmələr
yazmadım adına
gözəl vətənim.
O çay kənarında
o palıd ki var,
mən əkdim,
o  izlər mənimdir, mənim.

 

Bilirəm,  ay anam,
yoxdur bir şübhə -
qızının sovqatı
yaman kəmdir, kəm.
Bir azca qəhqəhə-
günəş doğanda,
Bir azca göz yaşı-
bədbəxtliyimdən.

***

Qapı taqqıltısı, kilid, cingilti,
Səngiyir addımlar bu gecə vaxtı.
Neyçündür çağırış, qüssə, inilti,
Sən ki eşitmirsən...zavallı baxtım.

 

Hə qürur, ürəyə qoy bir işarə.
Hə kədər, qəlbimə dol, doldur məni.
Elə tənhayam ki, eh, mən biçarə-
Meydanda yol azmış kor adam kimi.

 

***

Qollarımda qara qandal qıvrılanda ağrılardan,
Ehtiyacın dar zamanı sızıltılar dərdli-dərdli
Boyunbağı salacaqmış vərəqlərə misralardan,
Bəyaz-bəyaz kitabları doğacaqmış fərqli-fərqli.

 

Sınacaqmış xəzinənin qapısı da, bacası da,
Mənim küskün ürəyimdə qövr eləyən
Yaraların - incilərin cavanı da, qocası da
Yağmalanıb köçəcəkmiş vərəqlərə.

 

“Ədəbiyyat və incəsənət”

(17.08.2023)

“Ədəbiyyat və incəsənət” portalı növbəti Açıq Portfel xəbərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə istinadən verir. 

 

Bu ilin 7 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 15 faiz (439 milyon manat) çox olmaqla 3 milyard 319 milyon manat vəsait yönəldilib.

-a verilən məlumata görə, pensiya təminatı sahəsində islahatlar bu il də davam edərək, cari il fevralın 1-dən minimum pensiya 240 manatdan 280 manata çatdırılıb. Eyni zamanda, keçən il pensiyaçılara verilən maddi yardımlar 2023-cü ilin əvvəlindən onların pensiyaları tərkibinə daxil edilib və həmin artımdan sonra pensiyalar ötən il üzrə orta aylıq əməkhaqqının illik artım tempinə uyğun olaraq 14,7 faiz indeksləşdirilməklə artırılıb.

Pensiyaların orta aylıq məbləği bu ilin yanvar-iyul aylarında 18 faiz artaraq 435 manata, o cümlədən yaşa görə pensiyaların orta aylıq məbləği 17 faiz artaraq 466 manata çatıb.

Həmin dövrdə 19,5 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 90 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(17.08.2023)

“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Kubra Quliyevanın esse və hekayələrinin dərcini davam etdirir. Bu dəfə sizlərə “Hallüsinasiyanın oğruları” hekayəsi təqdim ediləcək.

 

Yorğunluqdan göz qapaqlarım yumulurdu və tələm-tələsik çarpayıma uzandım. Xoş xəyallarla yuxuya dalacağımı düşünürdüm...
Tam əksi, gözlər yumulur, özümü bir xarabalığda tapıram. İlk dəfə idi belə bir bina görürdüm mən, düz uçurum kənarında hündür, doqquzmərtəbəli, uçuq-sökük binanın 4 ya 5-ci mərtəbəsində idim. Ətrafa göz gəzdirdim. Qorxudan sinəm sıxılır, nəfəsim daralırdı, hər yerdə keçmişimlə bağlı xatirələr var idi sanki. Azca külək əsən kimi bütün bina lərzəyə gəlirdi adəta, qaçmağa, uzaqlaşıb canımı xilas etməyə çalışırdım, amma hansısa bir qüvvə özünə doğru çəkirdi məni.

Gözlərim yenə yumulur və açılır.

Uzun müddət yan-yörəmi gözdən keçirdim bir daha. Yerdə içki şüşələri və qan damcıları var idi. Diqqətlə və ürkək baxışlarla ətrafı nəzərdən keçirdim. Qışqırmağa, səsimi çıxarmağa çalışdım, amma sinəmin üstündə bir ağırlıq çökmüşdü sanki. Avazım çıxdığı qədər çığırsam da, heç nə eşidilmirdi. Öz çığırtılarım içimdə boğulduqca özümü havalanacaq dərəcəyə çatmış kimi hiss edirdim. Birdən gözüm sökülmüş pəncərəyə sataşdı. Pəncərənin küncünə düzülmüş bir xeyli şəklim var idi. Uşaqlığım, məktəb illərim və gəncliyim fotoşəkillər arasından gülümsəyirdi mənə.
Birdən gözüm bir şəklə sataşdı və ilk dəfə idi ki, səsim əks-səda verərək eşidildi.
Ağlayırdım, nəfəs almadan ağlayırdım, gördüyüm şəkil hər şeyi izah edirdi mənə.
Şəkildən mənə baxan babamdı və qucağında olan da mən idim.
Əsl xoşbəxtlik nədir desələr şəkildə gülümsəyən bu iki cüt gözü göstərərdim yəqin ki.
Birdən ağlamağım kəsildi və qeyri-ixtiyari yuxarı mərtəbəyə doğru qaçmağa başladım. 7-ci mərtəbəyə qalxanda geniş mətbəxdən mənə gülümsəyən anamı gördüm. Bir dəqiqə...
Yox-yox, dayanmaq olmazdı, mətbəxdən gələn bihuşedici ətri də geridə qoyub yuxarı qalxdm, tam 9-cu mərtəbəyə.
Budur, baba orda idi və məni gözləyirdi.
Siması son günlərinin əksinə, çox gözəl idi, şəkillərdən gülümsəyən adam indi canlı-canlı qarşımda idi..
-Axı, axı, axı sən, ssəən axıı...
-Hə, mən ölmüşdüm.
-Baba, məni niyə qoyub getdin?
-Burdayam, gözəlim, burdayam, getmədim heç yerə.
-Baba, nə olar, bir dəfə qucaqlasam səni, axı nə olar?
-Olmaz qızım, olmaz, sənə demişdim axı, yaşamalısan sən.
-İstəmirəm, istəmirəm, sənsiz yaşamaq istəmirəm mən.
-Öyrəşməlisən, mənsizliyə də, mənnən sonra həyatına gəlib gedəcək olan hər kəsin yoxluğuna da öyrəşməlisən. Biraz yaxınlaş və qarşıdakı güzgüdən özünə bax.
-Baxdım.
-Nə görürsən orda?
-Aşağı mərtəbələri və yuxarını.
-Təsvir elə, aşağı və yuxarını.
-Bax, baba, aşağı çox pisdi, qırıq sökük, uçurum və vahimə doludu.
-Bəs yuxarı?
-Yuxarı isə tam əksinə parlaqdı, işıqlıdı, geniş və hüzur doludu.
-Afərin, gözəlim mənim, gəl indi baba sənə izahını versin bu güzgüdəki əksinin.
Bu uçurum kənarındakı bina tamamilə sənə aiddi. Sən və daxili aləminin yanıması kimi düşün. Aşağı mərtəbələr sənin keçmişində yaşadığın mənfi xatirələr və acı səhnələrdir.Yuxarı qatlar isə özünü yetişdirib həyatı dərk etdiyin çağlarda qazandığın uğurları, çatdığın hədəfləri əks etdirir. Sən hal-hazırda bu iki qat arasında bir boşluqdasan, amma bir şeyi düşün, yuxarı qalxanda heç bir pilləkən olmadan havalana bildin sən. Səncə, bunu necə bacardın?
-Necə?
-Məqsədin məni görmək idi və yuxarıda bir yerlərdə mənim səni gözlədiyimi bildiyin üçün heç nə düşünmədən düz yuxarı havalandın sən. Yaşadığın həyat da eynilə belə olacaq, mənim gözəlim. Məqsədlərinə çatmağa çalışdıqca pilləkənlərə və maneələrə əhəmiyyət verməyəcək, dümdüz hədəfə yol alacaqsan.
-Baba..
-Tezdi, qızım, hələ çox tezdi, geri dönüb təslim olmaq üçün çox tezdi, amma hədəflərinə çatmaq üçün qarşında böyük bir cığır açılıb. Hər çöküşündə məni və verdiyin sözləri xatırla. Məni heç vaxt unutma, mən sən qalxdıqca yuxarılarda olacaq və bir gün sənin gəlişini gözləyəcəyəm.
-Ba-ba-ba babaaaa.

***
Uçurumun kənarına gəlirəm, binanın ən hündür mərtəbəsindən aşağı baxanda hər şeyin o qədər qorxunc olmadığının fərqinə varıram.
3,2,1 – budur, möhtəşəm uçuşum gerçəkləşdi. Uçurumun təpəsindən ən dərininə doğru uçuşum reallaşmışdı artıq.

***
Neçə gün yatmışam, necə yatmışam, xəstəxanada nə işim var, əllərim niyə sarğıdadı, bilmirəm, amma gözümü açıb həkimin xoş simasını görəndə sevindim.
Ölməmişdim, əksinə, ruhumu arındırıb yenidən doğulmuşdum mən.
Budur həyat, budur azadlıq, budur xoşbəxtlik.
Bəli mən buyam, küllərindən doğulan Semiramidayam mən.

 

“Ədəbiyyat və incəsənət”

(17.08.2023)

 

 

 

Redaksiyaya yazı göndərən müəlliflərin nəzərinə!

Əziz müəlliflər. Poçtumuzda hər çün daha çox müəllif məktublarına rast gəlirik. Sizlər hansısa xəbəri, bədii yaradıcılıq nümunələrinizi bizə yollayıb dərcini xahiş edirsiniz.

“Ədəbiyyat və incəsənət” sizin xəbərlərinizi BİZƏ YAZIRLAR, bədii nümunələrinizi isə OXUCULARIMIZIN YARADICILIĞI rubrikalarında mütəmadi dərc edir. (Əlbəttə ki, burda söhbət peşəkar jurnalist və yazıçılardan getmir, həvəskarlardan gedir).

Amma çox təəssüf ki, əksərən yazılar qüsurlu, redaktəsiz, korrektə səhvləri ilə dolu gəlir. Email vasitəsilə göndərilən yazını məktubun “mövzu” hissəsinə yükləyənlər, yazını pdf formatında göndərənlər, hətta əllə yazılan yazının telefonla şəklini çəkib yollayanlar da olur.

Xahiş edirik ki, yazınızın dərcini istəyirsinizsə, lütfən qaydalara əməl edin.

Müəllifin özü haqda qısaca bilgi və fotonu əlavə etməklə yazını Word formatında, Times New Roman qarniturunda, 12-lik şriftlə göndərməsi mütləqdir.

Sizə bol oxucu arzulayırıq!

 

“Ədəbiyyat və incəsənət”

(17.08.2023)

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində növbəti üç gündə sizlərə Əvəz Qurbanlının 14 şeirini təqdim edəcəyik. Hamısını birdən niyə vermirik? Çünki şeir çox olanda dadı-duzu qaça bilər.

 

 

TAPILDI

Kimsə anlamadı itirdiyini,

Bir şair evində ölü tapıldı.

İntihar məktubu axtarırdılar,

Cibində beş qəpik pulu tapıldı...

 

Arsız qapılarda dabanı çıxdı,

Mədəni bildiyi yabanı çıxdı.

Evindən yarımçıq divanı çıxdı

Qalan əşyaların külü tapıldı.

 

Dünya dilindəki sözə dəymədi,

Ona atılanlar sizə dəymədi.

“Nekro-gicləmələr” gözə dəymədi,

Qəddar səssizliyin dili tapıldı...

 

Bəlkə, bir gecəsi min aya düşdü?

Bir sözü min dənə mənaya düşdü.

Yoxsa şəhid oldu, minaya düşdü?

Hansısa şeirdə qolu tapıldı...

 

Bitdi o günəşin vaxtı o gecə,

Bir ulduz göylərdə axdı o gecə.

Bir bulud doyunca yağdı o gecə,

Bir cüt də göz vardı, dolu tapıldı...


OLMUŞAM

Demirəm ki, uçan evin dirəyi,

Damsız evin təzə damı olmuşam.

Hamı kimi yaşamışam həyatda,

Adam-adam gəlib hamı olmuşam.

 

Beyin yorub, tökməmişəm tər sözə,

Sevib könül bağlamışam zər sözə.

Nə yaxşı ki, inanmışam hər sözə –

Avamların ən avamı olmuşam...

 

Özü gəlib qafiyələr, rədiflər,

Sıxıb məni yalan-yuluş təriflər.

O qədər söz veriblər ki, hər(i)flər

Axır dönüb söz adamı olmuşam...

 

GÖTÜRMÜRƏM

Çətini ilhamım coşanacandı,

Söz üçün üz qoyub, üz götürmürəm.

Sənətdə öz yolum, öz cığırım var,

Kiminsə yolundan iz götürmürəm.

Demirəm dünyanın gözü məndədi,

Bütün ölçülərin düzü məndədi.

Çox da ataların sözü məndədi,

Bəzən atamdan da söz götürmürəm.

 

İmanım, əqidəm, sözüm, əməlim

Üst-üstə düşürsə – düzdür təməlim.

Payımdan artığa uzanmaz əlim,

Ancaq payımdan da az götürmürəm.

 

Sözü doğru yerə yozanam mən də,

Elimin dərdini yazanam mən də.

Götürsən aşığam, ozanam mən də,

Nə olsun, əlimə saz götürmürəm?

 

Həyat sərt oyundu, şux oynamışam,

Bəzən ac olsam da, tox oynamışam.

Hər sözün nazıyla çox oynamışam,

Hər qızın nazından naz götürmürəm.

 

Bu başıdaşlıya neyləyər o daş?

Nə yaşım o yaşdı, nə başım o baş.

Gözün götürmürsə, məndən uzaqlaş –

Mən həssas adamam, göz götürmürəm!


DAŞ BAŞA DÜŞÜR...


Başımı itirrəm, çaşıb qalıram,

Haçan ki, bir işim çaşbaşa düşür.

Başını başlara qoşan da gəlir,

Tərslikdən mənimlə baş-başa düşür.

 

Tıxa qulaqları, boşa danışım,

Yüz dəfə qayıdım başa, danışım,

Buraxın, dərdimi daşa danışım

Təkcə xarabada daş başa düşür...

 

Kiridin Əvəzi, bəsdi zığıdı!

Bilmirəm yenə də nə dığ-dığıdı...

Əsas bir adamın razılığıdı –

Çağır gör neçəsi "daşbaş"a düşür...



SAXLAYA-SAXLAYA

Mizan vardı, düzən vardı qabaqlar,

Yol bilənə yol saxlaya-saxlaya.

Qaçaq vardı, ozan vardı qabaqlar,

Dolanardı el saxlaya-saxlaya.

 

Mizan itib, düzən pozuq, el qaçaq,

Gecə-gündüz qaçdığımız yol qaçaq.

Çörək atlı, biz piyada, pul qaçaq,

Dirəşirik hal saxlaya-saxlaya.

 

Çox öyünmə, çox da karvanbaşısan,

Yorularsan, karvan yükü daşısan.

Görürəm ki, bu yollarda naşısan,

Sür dalımca, gəl saxlaya-saxlaya.

 

Xarabada pis nə desən, istə – var,

Haya qaçan, küyə gedən dəstə var.

Çəpişimə qızırğanan xəstə var,

Qapısında fil saxlaya-saxlaya.

 

Get toyuğa, yumurtaya şükr elə,

Səhər yatıb, günortaya şükr elə.

Gecə-gündüz düş ortaya, şükr elə,

Can saxladın mal saxlaya-saxlaya.

 

Şükr elə ki, hələ canın diridi,

Dilə gəlib danışmağın yeridi?

Lal olmuş da ağzımızda kiridi

Hər nadana dil saxlaya-saxlaya.

 

Qorxdum, yoxsa heyfim gəldi barıta?

Qaldı düşmən donuzları darıda.

Qoydum bütün işlərimi yarıda

Dur deyənə əl saxlaya-saxlaya.

 

Gözlərimin qarasını ağ alar,

Bu yaralar, bəlkə, bir gün sağalar.

Nə iş görür qapındakı ağalar?

Mənim kimi qul saxlaya-saxlaya?

 

Day neynirəm quru əhdi, boş andı?

Olan oldu, yaşananlar yaşandı...

Neçə-neçə ailələr boşandı

Ər qıraqda dul saxlaya-saxlaya.

 

Ətəklərdən daş saldıra bilmədim,

Oynatdılar, qol qaldıra bilmədim.

Arzulara toy çaldıra bilmədim

Ümidlərə il saxlaya-saxlaya.

 

Yaş da gəlib qırx altını haqlamış,

Can evinin sütunları laxlamış...

Can da evdən çıxmır, Allah saxlamış,

Yaşa Əvəz, öl saxlaya-saxlaya.

 


“Ədəbiyyat və incəsənət”

(17.08.2023)

 

Thursday, 17 August 2023 10:15

Bu gün Bodrumda musiqi bayramıdır

DÜNYACA MƏŞHUR ROBBİ UİLYAMS KONSERT VERƏCƏK

 

Dünyaşöhrətli britaniyalı müğənni, 85 milyon albom satmış Robbi Uilyams bu gün - avqustun 17-də Bodrumda - ultra lyuks Lujo otelində konsert verəcək. 

 

Məşhur müğənni konsert zamanı populyar  mahnılarından - Let Me Entertain You, Millennium, Supreme, No Regrets, Angels - 

əlavə, əfsanəvi “Feel” adlı əsərini də ifa edəcək. 

Konsertin təşkil olunacağı otelin saytında verilən açıqlamada oteldə qalanların ödəniş etmədən konsertdə iştirak edə biləcəkləri qeyd olunub. 

Konsert biletinin 17 min 600 lirəyə (1105 manat) satışa çıxarıldığı da bildirilib.

Lujo oteli Bodrumda nömrə bir olmağa can atır, dünyaşöhrətli Robbi Uilyamsı da prestij xatirinə gətirib.

 

Konsertə biletlər o cümlədən Azərbaycanda da satılır. iTichket.az ölkəmizin varlı təbəqəsini Bodruma dəvət edərək kifayət qədər bilet satıb.

 

“Ədəbiyyat və incəsənət”

(17.08.2023)

Kanadanın Ontario əyalətində yerləşən Niaqara-Fols şəhərindəki “Mount Carmel Spiritual Centre” konsert zalında avqustun 26-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert təşkil ediləcək. Heydər Əliyevin milli incəsənət və onun incisi olan Azərbaycan muğamının ölkə hüdudlarından kənarda da tanınması və ən geniş mədəni ictimaiyyətin qəlbini fəth etməsi üçün əlindən gələni etməsi, Azərbaycan mədəniyyətinə daim diqqət və qayğı göstərməsi barədə məlumatı olan Beynəlxalq Niaqara Musiqi Festivalının (“Music Niagara Festival”) rəhbərliyi onun xatirəsini anmaq, əlamətdar Beynəlxalq Azərbaycan Muğamı Gününü (“International Day of Azerbaijani Mugham”) Ulu Öndərin 100 illik yubileyinə həsr etmək qərarına gəlib. 

 

Bu barədə AzərTAC-a “Music Niagara Festival”ın “İpək yolu” komitəsinin sədri, Kanadada “Mədəniyyətlərin və sivilizasiyaların dünya irsi” devizi altında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin prezidenti, Azərbaycanın Əməkdar incəsənət xadimi İsmayıl Hacıyev bildirib. 

“Azərbaycan muğamı bütün dünyada təntənəli surətdə və qalibiyyətlə irəliləyir və dünyanın ən geniş mədəni ictimaiyyətinin rəğbətini qazanır. Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyevin bütün sahələrdə, ilk növbədə, mədəniyyət sferasında böyük ənənələrini davam etdirərək və zənginləşdirərək Azərbaycanın dünyanın əsas mədəniyyət paytaxtlarından birinə çevrilməsi üçün əlindən gələni edir. 

Bu gün muğam bütün bəşəriyyətin nemətinə çevrilib ki, bu da Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətidir. Mehriban xanımın beynəlxalq fəaliyyəti Azərbaycan muğamının qədim yüksək mənəvi sənətinin inkişafına və tərəqqisinə, onun qədim ifa ənənələrinin dirçəldilməsinə məqsədyönlü şəkildə istiqamətlənib”, - deyə İ.Hacıyev qeyd edib. 

Dünyanın unikal möcüzəsi olan Niaqara şəlaləsinin yaxınlığındakı nüfuzlu “Mount Carmel Spiritual Centre” konsert zalında keçiriləcək tədbir Azərbaycanın təkcə hərbi-siyasi müstəvidə deyil, eləcə də beynəlxalq mədəniyyət cəbhəsində ön mövqedə qələbəsinin bariz nümunəsidir. 

“Kanadada Heydər Əliyev Mərkəzinin “Mədəniyyətlərin və sivilizasiyaların dünya irsi” adlı devizini diqqətə alaraq biz müxtəlif ölkələrdən olan musiqiçiləri konsertimizdə iştirak üçün dəvət etmək və tədbiri “One World Family” şüarı altında keçirmək qərarına gəldik. Konsertdə əsasən Böyük İpək yolu üzərində yerləşən ölkələrdən olan nümayəndələr – Çin, Hindistan, türk və İran əsilli musiqiçilər iştirak edəcəklər. 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək konsertdə Bakıdan istedadlı musiqiçi Elnur Mikayılov da iştirak edəcək. Elnurun kamançada ifasını əks etdirən yazıları onu dinləyən Niaqara festivalının direktorlar şurasının böyük rəğbətini qazanıb”, - deyə “İpək yolu” komitəsinin sədri bildirib.

 

“Ədəbiyyat və incəsənət”

(17.08.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.