Super User
Maqomayevin ABŞ-dakı yadigarı- Marina xanım atası haqqında…
ÖTƏN GÜN DAHİ SƏNƏTKARIN 81-Cİ DOĞUM İLİ İDİ
Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Deyir ki,- "Atam indi yaşadığım evimizi heç vaxt görmədi, xəstə vaxtlarına düşdü. Amma təkidlə tövsiyyə edirdi ki, evdə hökmən ağ royal və kamin olsun. Kaminin üstündə də İtalyanı əks etdirən rəsm. Mən 1962-ci ildə Bakıda doğulmuşam. Həmin gün qar yağırmış. Atam məni o vaxtdan "Qarqız" deyə çağırırdı"…
Marinanın anası Ofeliya əslən ağsulu Vəli Şəmsəddin oğlu Vəliyevin qızı olub. Anası isə Znaida Petrovna Temeryuk şəhərindən imiş. Müslümlə Bakı Musiqu məktəbində bir qrupda təhsil alıblar. Dediyinə görə, Ofeliya çox cazibədar qız olub. Hər ikisinin 18 yaşı olanda evləniblər...
Müslümün tez evlənməsinə narazılığını bildirən nənəsi Ofeliya ilə rəsmi nigaha girə bilməməsindən ötrü, bir müddət Müslümün pasportunu gizləyir. Sonradan nənəsini razı salaraq pasportu alıb Ofelya ilə rəsmi nigaha girirlər. Müslüm bir müddət qaynatasıgildə yaşayır. Və aradan çox vaxt keçməmiş gənc cütlük qərara gəlirlər ki, ev-eşik qurmaqdan ötrü, qazanc dalıyca Qroznıya getsinlər. Belə də edirlər. Qroznıda yaşayarkən gənclərin arasında fikir ayrılığı yaranır. Ofeliya Bakıya qayıdır. Və burada Marinanı dünyaya gətirir. Gənc Müslüm üçün də Çeçenstanda rahat olmur. Yavaş-yavaş tanınsa da oradan köçməyə qərar verir. Övladının dünyaya gəldiyi xəbərini alıb, Bakıya dönür. Bir müddət sonra Müslüm Ofeliyanı boşayır. Qaynanasının- "Sən heç vaxt yaxşı ər olmayacaqsan"- sözləri onun çox acığına gəlir. Və boşanarkən, qızını unutmayacağını, aliment ödəyəcəyini, ondan diqqətini əsirgəməyəcəyini söyləyir. Elə də olur, Marina Müslümün son nəfəsinədək sevimli qızı kimi qalır. Hətta müğənni qızının şərəfinə məşhur "Marina" mahnısını tədbirlərdə tez-tez oxuyurmuş…
Marinanın dediyinə görə, atası onu çox istəyib. Hər bir arzusunu həyata keçirməyə çalışıb. İllər keçdikdən sonra Müslüm etiraf edib ki, onun həyatında üç böyük sevgi olub- musiqi, qızı Marina və həyat yoldaşı Tamara…
Marina xeyli vaxtdır ki, ömür-gün yoldaşı Aleksandr Kozlovskiylə ABŞ-da yaşayır. Ailənin bir övladı- Allen Müslüm Maqomayevin nəvəsi olduğundan qürur hissi keçirir…
Ohayo ştatının Sinsinati şəhərində yaşayan Marina deyir ki,- "Bakıda doğulmuşam, bu şəhərdə böyüyüb boya-başa çatmışam. Azərbaycan mənim üçün doğma, əziz ölkədir. Sonuncu dəfə atamın dəfnində orada olsam da, Azərbaycan deyiləndə, içimdə isti bir rahatlıq yaranır. Mən bu ölkəyə sülh, əminamanlıq arzulayıram. İnsanlarını isə öz doğma bacı və qardaşlarım hesab edirəm…"
“Ədəbiyyat və incəsənət”
(18.08.2023)
İşə qəbul üzrə müsabiqənin müsahibə mərhələsi başlayır
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor, direktor müavini və müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi üçün qeydiyyat başlanır
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2023-cü il 4 aprel tarixli 3-24/3-1-f-63/2023 nömrəli əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu Qaydaları"na əsasən, məktəb və mərkəzlərə direktorların, direktor müavinlərinin və müəllimlərin işə qəbulu müsabiqə əsasında həyata keçirilir. Müsabiqə test imtahanından və müsahibədən ibarət olmaqla iki mərhələdə təşkil olunur. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı nazirliyə istinadən məlumat verir.
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə direktor, direktor müavini və müəllimlərin işə qəbulu üzrə test imtahanı 16 iyul 2023-cü il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi ilə birgə keçirilmişdir.
Müsabiqənin müsahibə mərhələsində direktor və direktor müavinlərinin işə qəbulu üzrə test imtahanında direktor vəzifəsi üzrə 50 bal (Bakı şəhərinin məktəbləri üzrə 70 bal, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə 60 bal), direktor müavini vəzifəsi üzrə 45 bal (Bakı şəhərinin məktəbləri üzrə 63 bal, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə 54 bal);
müəllimlərin işə qəbulu üzrə test imtahanında 35 bal (Bakı şəhərinin məktəbləri üzrə 49 bal, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə 42 bal), simli alətlər (violonçel və kontrabas), klassik və milli nəfəsli alətlər, xoreoqrafiya ixtisasları üzrə 30 bal (Bakı şəhərinin məktəbləri üzrə 44 bal, Sumqayıt və Gəncə şəhərləri, Abşeron rayonu üzrə 37 bal) toplamış namizədlər iştirak edə bilərlər.
Müsahibə mərhələsi üzrə qeydiyyat və vakansiya seçimi 18 avqust 2023-cü il saat 09:00-dan etibarən aşağıdakı linklər vasitəsilə aparılacaqdır https://bit.ly/3QZZ00b (direktor və direktor müavini vəzifələri üzrə) http://bit.ly/45aSEiI (müəllimlər üzrə).
Qeyd: Mədəniyyət Nazirliyinin tabeliyində olan uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsində 2022-ci ildə iştirak etmiş namizədlərin əldə etdikləri nəticələr (toplanmış ballar) 2 (iki) il qüvvədə qalır (2022 və 2023-cü illər). Bununla əlaqədar, 2022-ci ildə test imtahanında müvafiq minimal balı toplamış namizədlər birbaşa müsahibə mərhələsi üzrə qeydiyyatdan keçə və vakansiya seçimi edə bilərlər.
“Ədəbiyyat və incəsənət”
(18.08.2023)
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Xalq artisti İlhamə Quliyeva anılıb
Müasir Azərbaycan estrada sənətinin tanınmış nümayəndələrindən biri, Xalq artisti İlhamə Quliyevanın doğum günü münasibətilə məzarı ziyarət olunub.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin nümayəndələri, bir sıra tanınmış mədəniyyət və incəsənət xadimi və ictimaiyyət nümayəndələri mərhum sənətkarın məzarı üstünə güllər düzüb, onunla bağlı xatirələrini bölüşüblər.
Qeyd edilib ki, milli musiqimizin inkişafında böyük xidmətlər göstərmiş bir ailənin nümayəndəsi olan İlhamə Quliyeva, bütün fəaliyyəti dövründə müasir musiqi mədəniyyəti xəzinəmizin zənginləşməsinə böyük əmək sərf edib. O, görkəmli Azərbaycan bəstəkarlarının bir çox mahnılarının ilk və mahir ifaçısı kimi tanınıb.
Diqqətə çatdırılıb ki, İlhamə Quliyeva milli musiqimizi nəinki Azərbaycanda, hətta ölkəmizin hüdudlarından kənarda təşkil olunan konsert proqramlarında uğurla təmsil edib.
Vurğulanıb ki, mərhum sənətkarın müasir Azərbaycan musiqi mədəniyyətinin inkişaf etdirilməsi sahəsində xidmətləri hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
Sonra çıxış edənlər unudulmaz müğənninin sənət dünyasından, insani keyfiyyətlərindən danışaraq, onunla bağlı xatirələrini bölüşüblər.
Bildirilib ki, İlhamə Quliyeva səhnəyə qədəm qoyduğu ilk vaxtlardan milli ifaçılıq məktəbinin zəngin ənənələrini davam etdirməklə yanaşı, həm də Azərbaycan estrada sənətinə yeni nəfəs bəxş edib.
“Ədəbiyyat və incəsənət”
(17.08.2023)
“Devlə” döyüşəcək Nicatdan çempionluq gözləyirik
HƏRÇƏND, ONUN YARIMFİNALA ÇIXMASI ÖZÜ SENSASİYADIR
Bakıda keçirilən şahmat üzrə dünya kuboku yarışı başa çatmaq üzrədir. Əsas silahlarımız - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov və digər güclü şahmatçılarımız məğlubiyyətə uğrayaraq turniri erkən tərk etsələr də
gənc qrossmeyster Nicat Abbasov ard-arda möhtəşəm qələbələr qazanaraq adını yarımfinalçılar sırasına yazdıra bilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Hindistanın güclü qrossmeysteri Vidit Santosa, dəfələrlə Rusiya çempionu Pyotr Svidlerə, şahmatçıların dünya reytinq cədvəlində 2775 balla yeddinci yerdə olan hollandiyalı Aniş Qiriyə qalib gələn Nicat bu uğurun təsadüfi olmadığını, gərgin əməyin, davamlı məşqlərin bəhrəsi olduğunu sübut etdi.
Nicat Abbasov finala çıxmaq üçün yarımfinalda ən yüksək reytinqli şahmatçı (2835), dəfələrlə dünya çempionu norveçli Maqnus Karlsenə qalib gəlməlidir. Gəlin ümid edək ki, Nicat bu sevinci də bizə yaşadacaq. Bu qələbədən sonra o, adını həm də dünya şahmat çempionluğu uğrunda mübarizə aparacaq 8 idmançı sırasına yazdıra biləcək.
“Ədəbiyyat və incəsənət”
(17.08.2023)
“Onun durnaları hələ də səmadadır” - Bu gün Müslüm Maqomayevin doğum günüdür
Yan Frenkelin Rəsul Həmzətovun sözlərinə bəstələdiyi “Durnalar” mahnısı var, bu mahnını ilk dəfə Frenkel özü oxuyub, sonra estafeti verib Mark Bernesə. Və həmin mahnı milyonların sevimlisinə, sovet məkanının bir nömrəli hitinə çevrilib.
Müharibədə şəhid olanların durna qatarına çevrilməsini poetik ifadə edən bu mahnını heç kəs oxumağa cəsarət etməyib ki, Bernesin yanında cılız görünəcək. Amma Azərbaycanın fəxri, dünyaşöhrətli müğənnimiz Müslüm Maqomayev “Durnalar”ı oxuyub, elə oxuyub ki, Bernes kölgədə qalıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu gün SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 81-ci ildönümü nəinki doğulduğu Azərbaycanda, həm də dünyanın bir çox yerlərində qeyd ediləcək.
On dörd yaşında doğma şəhəri Bakıda dənizçilər klubunda çıxış edən Müslüm Maqomayev ilk uğurunu 1962-ci ildə qazanıb. Maestro Niyazinin tövsiyəsi ilə tələbə və gənclərin Helsinkidə keçirilən VIII Ümumdünya Festivalına yollanan Müslüm oradan medalla qayıdıb. Bu münasibətlə populyar “Oqonyok” jurnalı onun portretini və “Bakılı gənc dünyanı fəth edir” sərlövhəli məqalə dərc edib.
Müslüm Maqomayev XX əsrin 60-cı illərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, Milanın dünyaşöhrətli “La Skala” teatrında təcrübə keçib.
Ötən əsrin 60-70-ci illərində Müslüm Maqomayevin məşhurluğunun həddi-hüdudu yox idi. Konsert salonlarındakı yerlər azlıq etdiyindən o, stadionlarda minlərlə dinləyici qarşısında çıxış edir, daim qastrol səfərlərində olurdu. Mahnıları yazılan vallar çox böyük tirajla buraxılırdı. Məhz buna görə də onu sovet estradasının son yarım əsrdəki ən parlaq ulduzu, kralı, rəmzi adlandırırlar. Keçmiş SSRİ-də klassik opera ariyalarını estradaya məhz Müslüm Maqomayev gətirib. Təsadüfi deyil ki, o, 31 yaşında SSRİ Xalq artisti fəxri adına layiq görülüb.
Dünyaşöhrətli müğənninin repertuarında 600-dək əsər var. O həm də gözəl mahnılar müəllifidir. Müslum Maqomayevin ecazkar səslə ifa etdiyi mahnıların sırasında dahi Üzeyir Hacıbəylinin Nizami Gəncəvinin qəzəllərinə bəstələdiyi “Sənsiz” və “Sevgili canan” romanslarının xüsusi yeri var. Ona görə ki, burada üç dahi sənətkarımızın - şair, bəstəkar və müğənninin ruhu görüşür. Onu da etiraf etmək yerinə düşər ki, bu romanslar Müslümə qədər korifey sənətkarların ifasında səslənib. Amma o, bu romanslara elə çalarlar, elə bənzərsiz intonasiyalar gətirdi, elə sevgi ilə yanaşdı ki, onları fərqləndirməyi, özününküləşdirməyi bacardı, fəlsəfi yüksəkliyə qaldırdı.
Onun Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan, vətənimizin himni kimi əzəmətli səslənən "Azərbaycan" mahnısı da ölkəmizə ithaf olunmuş ən gözəl əsərlərdəndir. Müğənni həm də “Oxuyur Müslüm Maqomayev”, “Nizami”, “Moskva notlarda” filmlərində çəkilib.
Müslüm Maqomayev çoxşaxəli sənətkar idi. Belə geniş diapazonu, ürəkləri fəth edən həm lirik, həm də güclü səsə çox az rast gəlinir. Müslüm Maqomayev ifa etdiyi hər mahnıda, ariyada yeni bir dünya, öz dünyasını yaradırdı.
Azərbaycan xalqının zəngin musiqi ənənələrinin qorunub saxlanılmasında və müasir dövrdə layiqincə inkişaf etdirilməsində Müslüm Maqomayevin yaratdığı və rəhbərlik etdiyi Azərbaycan Dövlət estrada-simfonik orkestri mühüm rol oynayıb. Orkestrin rəngarəng proqramlarında M.Maqomayev əsl sənətkara xas əzmkarlıqla hər bir ifasını bir aktyorun teatrı səviyyəsinə qaldırmağa nail olub.
M.Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafı sahəsində mühüm nailiyyətləri yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycanın ali mükafatları – “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib. Ecazkar səsi ilə dünyanı fəth edən Müslüm Maqomayevin 70 illik yubileyi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə silsilə tədbirlərlə qeyd olunub.
Dünyaya göz açdığı 17 avqustu Azərbaycan təqvimində əlamətdar günə çevirən ölməz Müslüm Maqomayev qəlblərdə elə bir sənət abidəsi ucaldıb ki, onu sevənlərin sayı heç zaman azalmayacaq.
Bakıda monumental abidəsi ucalır, amma hər ürəkdə onun bir abidəsi var.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(17.08.2023)
Xalq yazıçısı Çingiz Abdullayevdən “Yalnız özümüzünkülər” gəlir
Onun hər bir yeni romanını yüz minlərlə oxucu kütləsi səbirsizliklə gözləyir.
Sirr deyil ki, dünyada ən çox məhz iki janrda kitab oxunur: non-fiction və getektiv. Azərbaycanda isə detektiv bir nömrədir. Və Çingiz Abdullayev də kitabları ən çox satılan lider yazıçılardandır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Azərbaycanın xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin Birinci katibi Çingiz Abdullayevin yeni romanı işıq üzü görüb. “Yalnız özümüzünkülər” adlanan bu detektiv roman Teas-press nəşriyyatında ərsəyə gəlib.
Avqustun 24-ü, saat 19.00-da “Libraff”ın Park Akademiya filialında kitabın təqdimatı və imza günü olacaq.
Əziz kitabsevərlər, Qərbin ən kübar kitab satışı məkanlarının eynisi olan, sizə rahat və əsrarəngiz atmosferdə bir fincan qəhvə dadaraq mütaliə həzzi yaşadan “Libraff”a gedin və sevimli yazıçınız Çingiz Abdullayevlə görüş şansını qaçırmayın.
“Ədəbiyyat və incəsənət”
(17.08.2023)
O torpaqlar yolumuzu gözləyir – Erməni vandalizmi silsiləsindən
“168 saat” qəzeti AMEA-nın Tarix İnstitutunun əməkdaşı Faiq İsmayılovun “Ermənistanda dağıdılan Azərbaycan mədəni irsi” sərlövhəli məqaləsini təqdim edir.
Qədim Şinuayr kəndi Qərbi Zəngəzurun Gorus rayonu ərazisində yerləşir. Azərbaycan dilində Gülab (ətir qoxulu ərazi) kimi mənalandırılan və ermənilər tərəfindən dəyişdirilərək Şinuayr adlandırılan kənd Qərbi Zəngəzurun Gorus rayonundan 9 kilometr cənub tərəfdə, Oxçuçayın sol sahilində dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşir. Şinuayr kəndini Qafan rayonundan 68 kilometr məsafə ayırır. Sovet dövründə Yelizavetpol quberniyasının tərkibinə verilən Zəngəzur qəzası 1930-cu ildə heç bir əsas olmadan Şinuayr kəndi ilə birlikdə Ermənistan SSR-in tərkibinə qatıldı. Şinuayr kəndinin əhalisinin etnik tərkibi bütün dövrlərdə Azərbaycan türklərindən ibarət olub.
Ermənilər kəndin XVII əsrdə salındığı iddia etsələr də, Şinuayrın ərazisində eramızdan əvvəl I-II minilliyə aid Oğuz-az mədəniyyətinə məxsus daş nümunələri, at-qoç fiqurları, eləcə də Alban dövrü daş sənduqələr, kitabələr, bədii daş nümunələri müşahidə edilməkdədir. Köhnə Şinuayr kəndində XVII-XVIII əsrə aid 300-dən çox yaşayış evi, ictimai bina və məscid olub.
1988/1990-cı illərdə Ermənistanda baş qaldıran millətçilik və separatizm meyilləri bu kənddən də yan keçməyib. Şinuayrın azərbaycanlı əhalisi etnik təmizləməyə məruz qalaraq kəndi tərk edib, oradakı bütün yaşayış evləri, tarix və mədəniyyət abidələri dağıdılaraq xarabalığa çevrilib. Kəndin daxilində 300, ətrafında isə 200-ə yaxın tarixi əhəmiyyətli bina və qurğu, bədii daş nümunələri, qəbirlər və qəbirüstü abidələr ermənilər tərəfindən dağıdılaraq məhv edilib.
Ermənistan rəhbərliyi 2000-ci ildə köhnə Şinuayr kəndinin yaxınlığında yeni Şinuayr kəndi inşa edərək orada xaricdən gətirdiyi erməni əsilli 2666 insanı məskunlaşdırıb. Lakin məskunlaşdırılan ermənilərin 667-si 2020-ci ilə qədər yaşayış yerini tərk edib.
Kəndin cənub hissəsində hündür sal qayalar üzərində IV-V əsrlərdə inşa edildiyi güman olunan, Qafqaz Albaniyası memarlığının çox möhtəşəm nümunələrindən biri sayılan Şinuayr məbəd kompleksinin qalıqları yerləşir. Kompleks 10-a yaxın yardımçı bina, arakəsmələr, kiçik otaqlar və üçnefli böyük bazilikadan ibarət olub. Kompleksin arxa və sağ tərəfi mühafizə divarları, ön və sol tərəfi isə keçilməz sıldırım qayalarla əhatələnib. Bazilikanın ümumi memarlıq quruluşu onun kilsə və ya monastır olmadığını sübut edir. Kompleksin yardımçı bina və otaqları 1988-ci ildə ermənilər tərəfindən vəhşicəsinə dağıdılıb.
Ermənilər 2000-ci ildən sonra bazilikanı erməni kilsəsi kimi təqdim etsələr də, kompleksin ötən əsrin sonlarında erməni millətçiləri tərəfindən nəyə görə dağıdıldığına aydınlıq gətirmirlər.
“Ədəbiyyat və incəsənət”
(17.08.2023)
Tullantı içində 41 min manat dəyərində gümüş
Kriminal xəbərlər içində bəzən çox maraqlıları olur. Məsələn bu: Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə İrandan Türkiyəyə “pambıq lifinin tullantıları” yükü aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Və…
Dövlət Gömrük Komitəsinin məlumatına görə, yoxlama zamanı yük nəqliyyat vasitəsinin qoşqusunun ön hissələrindəki boşluqlardan 11 ədəd külçə formasında, üzəri falqa ilə örtülmüş 14 bükümdə isə qırıntı halında olmaqla 990 əyarlı, ümumilikdə çəkisi 36,946 kq, dəyəri 41 min 436 Azərbaycan manatı olan gümüş aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Maraqlıdır deyilmi?
“Ədəbiyyat və incəsənət”
(17.08.2023)
Rəsm qalereyasi: Soltan Soltanlı, “Şəlalədə sərinləyən atlar".
“Bir gün onsuz da yaşayacaqdıq bu ayrılığı” - Gülay Tahirli
“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikası bu dəfə güzarını Naxçıvandan salır gənc şair Gülay Tahirlinin bir lirik şeirini sizlərə təqdim edir.
Bir gün onsuz da yaşayacaqdıq bu ayrılığı,
Amma deyirəm ki,
Kaş daha çox öpəydim səni,
Dodaqlarım su içəydi
Çiyinlərinin quyusundan.
Bəlkə, bu qədər yanmazdı canım.
İndi quruyub dünyanın bütün bulaqları
Və bulaq başındakı ağacları aparıb
Səhrada əkdiklərini düşün.
Bir gün onsuz da yaşayacaqdıq bu ayrılığı.
Kaş əzbərləyə biləydim əllərini.
Ovuclarından xətlər necə keçir, məsələn?
Bizim kimi ikiyə bölünüb keçir,
Yoxsa yanaşı dayanıblar
Onuncu planetin küçəsində?
Hansı quşların uçuşu qaldı səsində?
Heç olmasa, sonuncu baxışının
Şəklini çıxar, göndər mənə,
Görüm, necəyəm?
Bəlkə, sənin üçün sonuncu gündüz,
Bəlkə, aysız gecəyəm…
Bir gün onsuz da yaşayacaqdıq bu ayrılığı.
Adamların toplama qanununda
Tək olur sonda cəmimiz.
Toplanan, toplanan, tək…
Kaş dənizdə bataydı,
Yandı.
Sahildə yandı bizim gəmimiz.
“Ədəbiyyat və incəsənət”
(17.08.2023)