ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Lobyalı şorbanın hazırlanma qaydasını təqdim edəcəyik. 

 

 

DÜSTUR:

§ Lobya – 80 qr

§ Soğan – 20 qr

§ Yağ – 20 qr

§ Un – 10 qr

§ Pomidor suyu (və ya tomatın sulu məhlulu) – 180 qr

§ Kartof – 50 qr

§ Quru nanə – 3 qr

§ Keşniş – 11 qr

§ Duz – 6 qr

 

HAZIRLANMASI:

Lobya bir gün əvvəldən suda isla- dılır. Soğan yağda qovrulur, üzərinə un, duz, istiot, tomat suyu, lobya və kub formasında doğranmış kartof əlavə olunur. Bişənə yaxın xörəyə quru nanə və ya təzə keşniş qatılır.

 

Ədəbiyyat və incəsənət”

(15.02.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Xalq şairi Bəxtiyar Vahabzadə Sovet dönəminin sonlarında və müstəqilliyimizin ilk illərində poeziyamızda parlayan ən parlaq ulduz olub. Onun bir neçə şeiri poeziyamızın qızıl fondunu təşkil edir. Vətəndaşlıq mövqeyi Bəxtiyar Vahabzadə şeirlərinin əsas qayəsidir. 

 

ÖMÜR

 

Deyirlər, çox azdır yüz il, əlli il,

İnsana bir ömür kifayət deyil.

Hələ isitməmiş öz yerimizi

Ölüm cəllad olub haqlayır bizi.

 

Deyirlər, şirindir dadı dünyanın,

Kaş iki olaydı ömrü insanın.

Nola, çalışsaydıq ömrün birində,

Sonra əylənəydik biz digərində. 

 

Hərə öz ömrünə bir cürə baxmış,

Hərə bu dünyanı bir cürə anlar.

Cahanda bəs nədən zövq alacaqmış

Zəhmətin özündən zövq almayanlar?

 

Yüz-yüz ömür belə azdır doğrusu

Bir ömrü insana az sayanlara

Haramdır bu hava, haramdır bu su

Əylənmək eşqilə yaşayanlara.

 

Yaşamaq, yanmaqdır, yanasan gərək,

Həyatın mənası yalnız ondadır

Şam əgər yanmasa, yaşamır demək

Onun da həyatı yanmağındadır.

 

Ömrü az olsa da, qartal yenmədi

Dedi, səmalarda öz oylağım var.

Ömrün azlığından gileylənmədi

Ömrü insan kimi başa vuranlar.

 

«Bu dünya beş gündür»,- deyib hər yerdə

Sağ ikən qəbirdə uzanan da var.

Öz alın tərilə bircə ömürdə

Yüz insan ömrünü qazanan da var.

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2024)

Poetik Qiraətdə bu gün sizlərə təqvimi nəzərə alaraq bir sevgi şeiri təqdim edirik. Müəllifi şairə, redaktor Şəfa Vəlidir. O, “Səni sevmək” deyəcəkdir. 

 

 

SƏNİ SEVMƏK

 

Dünyanın yarısıdı,

Süleymanın qarısıdı.

Bəxt gülünün sarısıdı,

  Səni sevmək...

 

Utanan bir üz tapmaqdı,

Ömrə əbədi qonaqdı.

Quş qanadında uçmaqdı,

 Səni sevmək...

 

Ziyanın yarısı kardı,

Sevən sevilənə yardı.

Xəyalda da bəxtiyardı,

 Səni sevən. 

 

Qonaqlı-qaralı ömrüm,

Sevdası qaralı ömrüm.

Günahlı, qaralı ömrü...

 Səni sevən...

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2024)

Cümə axşamı, 15 Fevral 2024 10:00

Bəli, Liderləri Allah seçir...

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin andişmə mərasimi oldu.

 

Adəmin də, Nuhun da, lap elə həzrəti Məhəmməd peyğəmbərin də vaxtında 2-ni 2-yə vuranda 4 eləyirdi, indi də elədir. Amma bu cəmin 5 olduğunu sübut etməyə çalışanlar və ya necə deyərlər, üç "altı"yla oyunu aparmağı arzulayanlar, üç “tuz”un qarşısında “pas”a atıb, yenə də məğlub oldular...

 

Bəli, O, güclüdür- rəqiblərinə baxanda bunu aydın görmək olur…

O, müdrikdir- işıqlı gələcəyə yol açır...

 

Qazilərə, köçkünlərə, hərbiçilərə ev verilir, üstəgəl avtomobillər- heç bir ölkənin rəhbəri bu səxavəti göstərməyib…

 

Böyük işlər görülür- yollar, körpülər, məktəblər, bağçalar, xəstəxanalar, salınan şəhərciklər buna bariz nümunədir…

 

Yaxşıları dəyərləndirmək asandır, pisləri cəzalandırmaq çətin- bilmir ki, bilmir-lər baş aparır…

 

Hamının sevimlisi olmaq mümkün deyil- aramızda nadanlar, xəbislər, naşükürlər var…

 

Hamını sevmək də olmur- naxələf, namərd, satqın az deyil…

 

Müstəqilliyi qorumaq çətindir- şimal, cənub, şərq, qərb. Axı qonşuların hamısı dost deyil. Üzümüzə güləni də var, diş qıcıyanı da, arxadan vuranı da…

 

Heç bir rəhbərin əlində sehirli çubuq yoxdur- ölkə zaman-zaman dirçəlir, inkişaf edir…

 

Hər bir ölkəni təmsil edən simvollar var- himn, bayraq, gerb və prezident!

 

Bu simvolların canlısı, ən cavanı, prezident İlham Əliyevi növbəti prezidentlik dönəmi münasibətilə təbrik edir, ona növbəti möhkəm can sağlığı arzulayırıq. 

 

Demişdim, deyirəm, yenə də deyəcəm: Liderləri Allah seçir...

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində portalımızın Güney təmsilçisi Əli Çağla bu dəfə sizlərə Vüqar Nemətin şeirlərini təqdim edir.

 

EŞQİN PƏRDƏARXASI

 

Gör bir kimi sevdim mən arxadaş!

Üzümə, üzümə durdu.

Gözləri əsla eşitməz

Və qulaqları kordu!..

 

Durdum gecə boyu yoxluğunun qapısında

Uçdum sözcüklərin qanadlarında

Özgə-özgə düşünüb

Ağladım öz yerimə

Heç bir kimsə bilmədi

Gülüşlərim qanadı

Mən bir sevda yolçusuydum

Uyur-gəzərlər kimi.

Sətir-sətir gəzərdim

Bu yağış ölkəsini.

Yoluma işıq tutardı onun gözləri

Gözlüyünü saxlamaq üçün

Yaxşıca tasarlanmışdı

Qulaqları və burnu!..

 

Həsrətdir, kədərdir, acıdır, qəmdir

Eşqin pərdə arxası cəhənnəmdir.

Durmadan qaralar qanlar

Özünü div aynasında görən bunu nə anlar?!

Göy üzünü dilə-dişə saldılar

Ölü göz adamlar.

Aktyor adamlar.

Bir də, adı pisə çıxmış bir ölüm!..

 

Gör bir kimi sevdim mən arxadaş!

Üzümə, üzümə vurdu.

Gözləri əsla eşitməz

Və qulaqları kordu!

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Onu bal arısına da bənzətmək olar, çiçəklərin şirələrini çəkib bal hazırlayan zəhmətkeş arıya. Ötən ömrünü elmə, yaradıcılığa həsr edib. Öyrənib bildiklərini təfəkkürünün süzgəcindən keçirərək ortaya sanballı işlər qoyub. Hələ şagird olduğu vaxtlardan başlayaraq dövri mətbuatda məqalələri və bədii yazıları çap olunub. Jurnalistlik fəaliyyətinə "7 gün" qəzetində başlayıb və bir müddət "Müxalifət" qəzetində çalışıb. 1996-cı ildə "Şərq" qəzetini təsis edib. Həmin vaxtdan etibarən "Şərq"in baş redaktorudur. Ciddi tədqiqatçı, istedadlı jurnalist kimi, onu ölkədə çox adam tanınıyır. Adını çəkməsəm də söhbətin kimdən getdiyini bilənlər inanıram ki, az deyillər. Bəli, bu bəstəboy oğlan Akif Aşırlıdır...

 

Səhv etmirəmsə, mərhum şair Hüseyn Arifin sözləridir- “Adam haralı olar? Əlbəttə Qazaxlı.” O da, 1969-cu ildə söz-sənət beşiyi Qazax rayonunun Daş Salahlı kəndində anadan olub. Qayğsız uşaqlıq illərini orada keçirib. Orta təhsilini Daş Salahlı kənd 1 saylı orta məktəbdə bitirib. Əsgərlikdən geri dönəndən bir qədər sonra BDU-nun tarix fakültəsinə daxil olub. BDU-da təhsil aldığı illərdə paralel olaraq Azərbaycan Jurnalist Sənətkarlığı İnstitutunda oxuyub. Bununla kifayətlənməyərək "Təfəkkür" Universitetində jurnalist ixtisası üzrə magistr dərəcəsi alıb.

1993-cü ildə ABŞ-nin rəsmi dövlət agentliyi YUSİA-nın dəvəti ilə bu ölkədə olub. 2005-ci ildə İsveçin Stokholm şəhərində keçirilən Dünya Azərbaycanlıları Konqresində Məclis üzvü və məclis katibi seçilib. 2007-ci ilə qədər bu vəzifəni icra edib. Bir qrup ziyalı ilə birgə 1918–1920-ci illərdə fəaliyyət göstərən Azərbaycan Türk Ocağı təşkilatını barpa edib. 2019-cu ildən Azərbaycan Türk Ocağının başqanıdır...

 

Deyir ki,- “Bu gün Azərbaycan ədəbi dili şəhərdə yox, kənddədir. Söhbət canlı danışıq dilindən gedir. Var quru dil, var oynaq dil, var şirin dil. Əsl Azərbaycan türkcəsi canlı dildir. Bizim gənc yazarlarımız gedib kəndlərdə oturmalı, kənd adamları ilə söhbət etməlidir. Bu da əsərlərdə özünü göstərməlidir. Şəhər ədəbiyyatından İlqar Fəhmini çox bəyənirəm. Onun “Bakı tarixindən kollaj” əsəri həm dil baxımından, həm faktlar baxımından çox zəngindir. Kənd və şəhər təfəkkürünün sintezini gözəl verib. Yazıçı şəhərdən çıxdı, kənddən gəldi, bunun fərqinə varmaq lazım deyil. “Qazaxşina”, “Qarabağşina”, “Cənubşina” söhbətlərinə son qoyulmalıdır. Ziyalı Azərbaycanı bütöv götürməlidir. Turançı olmalı, türk dünyasının bütövlüyü üçün çalışmalıdır...”

 

İndiyədək "Ağlama, Damcılı bulağı", "Türkün Xocalı soyqırımı", "Nəriman Nərimanovun Kremildə qətli", "Cümhuriyyət mətbuatında Qafqaz İslam Ordusu", iki cilddə "Azərbaycan mətbuatı tarixi" kitablarının müəllifi, "Bağanıs Ayrım soyqırımı" kitabının həmmüəllifidir. Türkiyədə "Sarıqamış əsirlərinin dramı- Nargin", "Xocalıda türk soyqırımı", "Azərbaycanda Türk Ocağı", "Cümhuriyyət dövrü mətbuatında Qafqaz İslam Ordusu hərəkatı" və s. kitabları çap olunub.

2016-cı ildə AMEA-nın Tarix institunda "Qafqaz İslam Ordusu Cumhuriyyət dövrü mətbuatında" adlı dissertasya işini müdafiə edərək tarix elmi üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yüksəlib. Azərbaycan Xalq Cümhuriyyəti dövrü və Mətbuat tarixi ilə bağlı çoxsaylı elmi publisistik məqalələri var. Mətbuat Şurası idarə heyətinin üzvüdür. Əsərləri Türkiyə, Gürcüstan və Ukraynanın populyar elmi jurnallarında dərc olunub...

 

“Doğrudur, ömrümün uşaqlıq illəri Sovet dövründə keçib, amma o dövrün də özünün maraqlı cəhətləri var idi. Gəncliyim çox maraqlı keçib,  Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə iştirak etmək üçün tarix mənə də fürsət verdi. Milli Azadlıq hərəkatında iştirak edə bildim. O dövrün qəzet və jurnallarında çıxışlarım çoxdur. Uzun illər “Yeni gün” və “Müxalifət” qəzetlərində çalışsam da, daha sonra “Şərq”  qəzetini yaratdım. Belə bir həyat yaşadığım üçün heç də peşman deyiləm. Amma etiraf edim ki, otuz yaşında etdiklərimi indi edə bilmirəm, adama çətin gəlir. Ona görə də geriyə baxanda elə də kədərlənmirəm. Yaşadığım illər ərzində xeyli sayda kitablarım, məqalələrim, araşdırmalarım çıxıb. Düşünürəm ki, o qədər də məhsuldar olmasam da gələcək nəsillər üçün nəsə saxlaya bilmişəm.”- söyləyir...

 

Ünsiyyətdə çox sadə, təvazökar adamdır. Yaxşı yoldaşlığı, dostluğu var. Vəfalı olduğu üçün xəyanətə dözümsüzdür. Yalançı, aravuran adamlar gözünün düşmənləridir. Onda zərrəcə paxıllıq hissi tapmazsan, xəbislikdən çox uzaqdır. Elə bu xüsusiyyətlərinə görə də sevilir, səmimi hörmətlə qarşılanır.

Çox zəhmətkeşdir. Bundan sonra heç nə etməsə belə saysız-hesabsız məqalələr yazıb, reportajlar hazırlayıb. Cəbhə bölgələrində çox olub, Ağdərə döyüşlərindən, Tərtərdən reportajlar hazırlayıb. 1992-1993-cü illərdə Qazaxın, Tovuzun sərhəd kəndlərindən hazırladığı reportajları bu gün də qoruyub saxlayır. Taleyinə ABŞ-ın 7 ştatına səfərə getmək də yazılıb. Hətta orada jurnalistika kursu da keçib. Bunların hər biri onun həyatında silinməz izlər buraxıb. Söhbətin bu yerində yadıma ABŞ-da yaşadığım illər düşdü. Mən də orada jurnalistika kursu keçən bir adam kimi, yaxşı yadımdadır ki, rusdilli bir yəhudi müəllimdən sovet dövrünün oçerklərini darmadağın edən, portret janrının yeni üslubunu öyrəndim. Onun mənə bir tapşırığı var idi- “Bütün öyrətdiklərimi milliləşdir, öz xalqının dilinə, mentlitetinə uyğunlaşdır.”

Peşəkar jurnalist olmaq üçün öz üzərində çox çalışıb. Mütaliə etməyi heç zaman unutmayıb. 

 

Deyir ki,- “Hər bir qələm adamı yazdıqlarına cavabdeh olmağı bacarmalıdır. Hansı mövzular ki, təmsil etdiyin cəmiyyət üçün maraqlıdırsa, o mövzuları işləməlisən. İndi jurnalistlər məhkəmələrə çox çəkilmir, mənim vaxtımın böyük hissəsi məhkəmələrdə keçib. Yazdığım faktların doğru olduğunu, haqqı tərənnüm etdiyimi, yeri gələndə məhkəmələrdə sübut etmişəm. Doğrudur, məhkəmələrin həm ədalətli, həm də ədalətsiz qərarları da olub, amma bütün bunlar məni ruhdan salmayıb, əksinə əzm və iradəmi mökəmləndirib. Bəli, jurnalist öz üzərində daha da çalışmalıdır. Cəmiyyət görəndə ki, onun sabit fikirləri var, öz fikirlərini doğru ifadə etməyi bacarır, öz fikirlərinin arxasındadır, həmin jurnalistin qələminə hörmətlə yanaşır...”

 

Arzuları çoxdur. Həyatda yaxşı ömür sürmək, demokratik cəmiyyətdə yaşamaq, ailədə, cəmiyyətdə hüzurlu olmaq onun arzuları sırasındadır. “Xalq arasında məşhur olmaq şans işidir, həm də alın yazısıdır. Amma gərək bunun üçün yorulmadan əmək sərf edəsən, zəhmət çəkəsən. Gərək daim çalışasan ki, cəmiyyətə, yaxın ətrafına xeyir verəsən. İndi bilmirəm, mən buna nə qədər nail olmuşam.”- söyləyir...

 

İllər necə gəlib keçir adam hiss etmir. Budur, 55 də gəlib çatıb. Amma bu hələ o demək deyil ki, qəhrəmanım artıq qocalıb. Bu yaş qocalığa gedən ömür yolunun gənclik çağlarıdır. Yenə də hər zamanki kimi səhər yaradıcılıq ovqatıyla ayağa durub iş başına tələsir, yaradıcılıqla məşğul olur. Hesab edir ki, insan üçün ən yaxşı hal onun sevdiyi peşə ilə məşğul olması və illərlə yol gedəcəyi sədaqətli dostları ilə münasibətlərini qorumasıdır. “Həyat insana həm ailəsi- övladları və həm də dostları ilə maraqlıdır.”- söyləyir.

Bəli, haqqında söhbət açdığım Akif Aşırlı xoşbəxt adamlardandır. Xoşbəxtdir ona görə ki, həyatından razıdır, həmişə ətrafına fayda verib...

 

Bu gün - fevralın 15-i “Tərəqqi”, "Azərbaycan Xalq Cümhuriyyəti- 100" medallarına layiq görülən, əməkdar jurnalist Akif Aşırlının 55 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayırıq. 

Çox yaşasın!

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Açığı, Cəlil Cavanşirin poeziyasını nəsrindən qat-qat çox sevirəm. Bu adam yazan şeirlər qəlbi titrətmirmi, titrədir. İndi Cəlil bəy özünün yaratdığı C.C. Literary Agency ilə prodüsserlikdən başqa, səhnə performansına da keçid alıb. Necə, nə cür? Ətraflı aşağıdakı xəbərdə. 

 

“Qanun” Nəşriyyatı, M Teatr və C.C. Literary Agency birlikdə yeni layihəyə başlayır: “M.Teatr"da yaradıcılıq gecələri! Layihənin ideya müəllifi və rəhbəri tanınmış şair, ssenarist Cəlil Cavanşirdir.

Və layihənin ilk buraxılışı bu gün - 15 fevral, 2024-cü il, saat 19:00-da baş tutacaq və Cəlil Cavanşirin yaradıcılığına həsr olunur. Səhnədə onunla bərabər Röyal Musa da olacaq. 

 "M. Teatr"ın səhnəsində onlara Cavid Baba, Tamilla Həsən, Ramiz Qəmbər və İlahə Zahid yoldaşlıq edəcək.

Şeirli, musiqili, necə deyərlər sazlı-sözlü bir gecə tamaşıçıları gözləyir. 

"Sevgililər Günü"ndən dərhal sonra "Sevgi"Sizlər" Günü"ndə tamaşaçılarla  görüşəcək bu layihə üzvləri qeyd edirlər ki, onlar üçün ən böyük sevgi elə tamaşaçılardır. Xüsusilə "Sevgililər günü"ndə kim tək qalıbsa, bu poeziya gecəsi onlar üçün lap yerinə düşəcək.

 

Biletlər iTicket.AZ saytında (link aşağıdadır) satışda olacaq və qiyməti büdcənizə hökmən uyğundur.

 

https://iticket.az/events/theatre/sevgi-sizler-gunu/110760?fbclid=IwAR3Bxpajq2rFfFnjFORBD8iITgSEB_Slhf3Oro4jRPYvgmCoVX-IMjmEW2c

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2024)

Cümə axşamı, 15 Fevral 2024 12:30

Tanrı kölgə - TƏRANƏ DƏMİRİN HEKAYƏSİ

“Ədəbiyyat və incəsənət” portalı Təranə Dəmirin yeni hekayəsini təqdim edir. “Tanrı kölgə” - həmişə olduğu kimi bu dəfə də müəllif insanla Yaradan, insanla təbiət, insanla cəmiyyət arasındakı ziddiyyətləri açmağa çalışır. 

 

Başının üstündə gecə, ayağının altında yer qaçırdı. Adama elə gəlirdi ki, yeriyən o deyil, dünyadı. Məchulluğa üz tutub gedirdi qaranlıq qarışıq. Yaxasını açmışdı. Ürəyinə hava çatmırdı sanki. Təngnəfəs idi. Özü də bilmirdi ki, yolu hayanadı. Hərdən əllərini cibinə salıb dəmir pulları sayırdı. Pulları tanıyırdı barmaqları. 

“Bu 5 qəpiklikdi, bu 20, bu 50". 

Beynində əlli kərə saymışdı qəpikləri ən azı. Gecənin səssizliyində cingildəyirdi pullar . Yorulmuşdu adam. Arada ətrafına nəzər salırdı ki, görsün bir daşdan-zaddan yoxdu ki, üstündə oturub bir hovur dincini alsın.

Heç nə gözünə dəymirdi. Ayağını sürüyürdü dalınca. Bu yol harda bitəcəkdi, onu da bilmirdi. Köhnə, qupquru çəkmələrdə ayaqları suluqlamışdı. Göynəyirdi barmaqları. Yeridikcə ufuldayırdı. Bircə onu bilirdi ki, tək- tənhadı bu boyda dünyada.

...Qaranlıqda qurda-quşa yem olmaqdan qorxdu birdən-birə. Üşəndi. Özünə sığındı. Telefonunu da unutmuşdu evdə. Guya unutmasaydı nə olacaqdı? Gecə yarısı hansı nömrəni yığıb köməyə çağıracaqdı? Hamı şirin yuxudaydı bu vaxt. Adam evdə təkliyin əlindən otura bilməmişdi. Özünü atmışdı çöllərə gecə yarısı. 

Birdən Tanrı düşdü yadına. Nəsə pıçıldamağa başladı. Dua edirdimi? Yox. Ömründə dua etməmişdi. Heç Tanrı da yadına düşməmişdi axı ömür boyu. İndi gecənin qaranlığında, bu tənha yolda, zülmətin içində Tanrı hardan düşdü yadına? Ömründə ilk dəfə Onu düşünməyə başladı. Nədənsə adama elə gəldi ki, Tanrı da onunla birgə addımlayır. 

Qorxusu yavaş-yavaş  yox olurdu. Üzündə doğma nəfəs hiss edirdi. Əl atıb yanaqlarını ovuşdurdu. Sonra Tanrı adamdan qabağa keçdi. Yox, dəli olmamışdı. Kölgəni görürdü açıq -aydın. Qaranlıqda kölgə olmaz ki. Amma indi var idi.

Bir az da ürəkləndi. Addımlarını yeyinlətdi. Artıq tək deyildi. Tanrı onunlaydı. Qorxusu  keçib getmişdi. Birdən ayağı çökəyə düşdü. Səndirlədi. Tez müvazinətini toplayıb yoluna davam etməyə başladı. Kölgəni gözündən qoymamağa çalışırdı. Qarabaqara   izləyirdi  kölgəni. Göy üzünə baxdı. Aydınlıq idi. Hiss etdi ki, bir az uyuşan kimidi. Yəqin soyuqdan idi.  Birdən gözünün  önündə  kölgələr çoxalmağa başladı. Bir, iki, üç... 10, 20... Gözlərinə inanmadı. Əlləriylə gözünü ovxaladı. Yuxu deyildi. Qarşıda saysız-hesabsız kölgə var idi. "Bu necə ola bilər axı? Axı Tanrı təkdi. Bu kölgələr hardan çıxdı?  Məni hara gətirib çıxarıb Tanrı? Bura haradı? Qorxsa da gücünü toplayıb irəliləməyə başladı. Yaxınlaşdıqca heyrətə gəldi. Hər tərəfdən daş adamlar baxırdı gözünün içinə. Uşaq, gənc, yaşlı…

Hamısı da daşlaşmış,  bir  boyda. Birdən qulaqlarına qəhqəhə səsi gəldi. Ayaqları yerə kilidlənmişdi. Nə irəli gedə bilirdi, nə geri. Əllərini cibinə saldı. Dəmir  pulları barmaqları ilə saymağa başladı bir də. 

20, 40, 50... Pullar əlinin təmasından cingildədikcə içindəki qorxu bir az da artmağa başladı. Başını qaldırıb göy üzünə baxdı qorxa-qorxa. Gözünə heç nə dəymədi. Təklikdə gecənin səsi də yeknəsək olurmuş sən demə. 

Əllərini cibindən çıxarıb qulaqlarına tutdu. Heç nə eşitmək istəmirdi. Səs bir az da artdı. Bu dəfə başının səsi qulaqlarını batırdı. Nə fikirləşdisə yerindən götürüldü və var qüvvəsi ilə geri qaçmağa başladı. Arada ayağı daşa ilişdi. Üzüqoylu yerə yıxıldı və durub təzədən qaçmağa başladı. Qəribəydi.  Bayaqkı yorğunluğundan əsər-əlamət qalmamışdı. Ayaqlarının suluğu da incitmirdi daha onu. Heç nə hiss etmirdi. Eləcə qaçırdı. Zəhri yarıla-yarıla qaçırdı. Kölgəsi də onunla qaçırdı adamın. Bir addım özündən irəli. Sanki ona yol göstərirdi kölgəsi. "Bəs Tanrı hanı?  O ki mənlə birgə idi. Hara yoxa çıxdı". Çevrilib arxasına baxdı. Sonra ətrafına. Gözünə görünmədi Tanrı...

Sonra öz kölgəsi də yoxa çıxdı.

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2024)

Cümə axşamı, 15 Fevral 2024 10:30

Portağal ətirli həyatımız - ESSE

Kubra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Deyəsən yazarın qələm eşqi alovlanıb yenə. Yenə sətirləri dilə gətirmək düşüb könlünə. Gəl üç-beş sətiri canlandıraq o zaman. Nəydən yazım, niyə yazım, bilmirəm düzü. Həyatdanmı yazsam biraz? Düzü, həyat yazılacaq olsa cümlələr yetməz, ya da dünyadakı insan sayı qədər müxtəlif rənglərdə qələmlər olmalı idi ki, hər kəs həyatını yazsın və sonda ortaya rəngarəng mənzərə çıxardı. Tragediyası komediyasına qarışmış bir həyat. Bəzən layiq olmadığımız qədər çox qırılıb- incidildiyimiz,bəzən də layiq olduğumuzdan daha artıq sevildiyimiz və biryerlərdə əlbət bir gün sevib sevindiyimiz həyat.

Qəribə aroma hiss edirəm burnumda hal-hazırda. Təzə yetişən portağal dolu ağacın xoş aroması kimi, məsələn. Bilirsən, məncə həyat elə aroması ilə tamamlanan portağal ağacı kimi idi. Turş aromanın ahəngində şirin qoxu, qabığının acılığından içəri süzüləndə isə meyxoş portağal ləti. Həyatın qısa bənzətməsini bir meyvə ağacından yola çıxaraq etməyə çalışıram. Çölü sərt və acımasız görünən həyatın daxili dərin mənəviyyat və hüzurla doludur, düzünə qalsa. Necə ki, portağala qabığını soyandan sonra dəyər veririk, həyatın da dəyərini acı-ağrıların dadına baxaraq hiss edirik. Zaman-zaman yorulub tükənsək belə xoş aroma vardır əlbət biryerlərdə, qoxunu düzgün almağımızı gözlər. Bəzən doğru zaman, bəzən doğru məkan, bəzən də doğru insan gətirər o ağacın ən seçmə portağalını özü ilə.

Önəmli olan biraz səbr, biraz dözüm və bir xeyli ümidin olmasındadır. Önəmli olan hörmət edib anlayış göstərməkdir.

Zatən həyat alnına yazılanları yaşadacaqdır sənə..

Cümlələrim yarım kəsilir nədənsə. Duyğularıma bənzətməyə çalışırlar sanki özlərini.

Tamamlanmamış cümlələrin, tamamlanmamış sözlərin, tamamlanmamış həyatların xətrinə tamamlayıram son sətirlərimi.

Ümidini üzmədən daim həyat dolu olman diləyi ilə yaşanılacaq həyata doğru.

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2024)

Cümə axşamı, 15 Fevral 2024 14:00

Günahkar kağız parçası

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

-Əzizim, mən səni sevirəm. Sevgililər günümüz də mübarək olsun. Hər zaman bir-birimizin yanında olaq. 

- Sən məni doğrudan sevirsən ? 

-Əlbəttə, əzizim. Sən mənim ilkimsən. Mən hələ indiyədək heç kimə "səni sevirəm" deməmişəm. Sənin yanında özümü çox xoşbəxt hiss edirəm. Sənsiz yaşaya bilmərəm. 

Ofisiant: -Üzr istəyirəm müəllim, bu kağız parçası bayaq içəri girəndə sizdən düşüb. 

-Nə kağız parçası, başa düşmədim?!

Ofisiant: -Üzərinə Nara yazılıb, nömrə var, bir də dodaq boyası ilə öpüş şəkli. 

- Əzizim, nə danışır bu?! Nə nömrə, nə Nara, nə dodaq ?!

-Bi bi bi bilmirəm…

 

“Ədəbiyyat və incəsənət”

(15.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.