
Super User
UĞUR QAZANDIRAN KİTABLAR - Ayn Rend. «Atlant çiyinlərini düzəltdi»
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Gəlin əksər reytinq sıralamalarında yer alan «bizneçdə və peşəkar fəaliyyətdə uğur qazanmaq» mövzusunda ən populyar motivasiya bestsellerləri arasından sizinçün seçdiyim 10-luğa nəzər yetirək:
Ayn Rend. «Atlant çiyinlərini düzəltdi»
Ayn Rendin bu kitabını, təsadüfi deyil ki, hətta Qərbdə «İncir» kitabı ilə eyni səviyyəyə qaldırmaq tendensiyası müşahidə edilməkdədir. Çünki yüz minlərlə sahibkarlar öz sahibkarlıq fəaliyyətinə məhz bu 200 səhifəlik kitabı oxumaqla başlayıblar. Bu kitab dünyagörüşünü dəyişir, insan həyatının əsl anlamını açıb göstərir, sahibkarlığın əlifbasını öyrədir. Və həm də bu kitab cəsarətli, güclü və qətiyyətli olmağa da bir çağırışdır.
Əsl adı Alisa Rozenbaum olan bu xanım insanlara öyrətmək istəyir ki:
- İnsan düşüşünün yeganə forması məqsədi itirməkdir.
- «Mən səni sevirəm» söyləmək üçün ilk öncə «Mən» söyləməyi öyrənməlisən.
- İnsan yumor hissini itirəndə hər şeyini itirir.
- Öz qəlb məbədində insan tənhadır.
- Xüsusi adlardan başqa hər bir söz abstraktdır.
Ayn Rend yazır ki, özü nə istədiyini bilməyən adam üçün pul xoşbəxtlik gətirə bilməz. Yazır ki, öz yolunu gözübağlı seçən şəxsə pul məqsədi göstərə bilməz. Ayn Rendə görə, pulla səfeh özünə ağıl, ağıllı özünə şərəf, naqis özünə hörmət ala bilməz.
O yazır ki, əgər siz pul vasitəsilə özünüzü reklam edib özünüzdən yüksəkdə duran və özünüzdən ağıllı olan adamlarla əhatələnmək istəyirsinizsə və bununla nüfuz qazanacağınızı düşünürsünüzsə, onda əmin olun ki, sizdən aşağıda duranların qurbanına çevriləcəksiniz. Zira, ziyalılar dərhal sizdən üz döndərəcək, fırıldaqçı və oğrularsa pulunuzun işığına əhatənizə toplaşacaqlar ki, sizdən bir şeylər qopartsınlar. «İnsan heç vaxt öz pulunun həcmindən kiçik olmamalıdır. Əks halda, onu taptalayarlar».
“Ədəbiyyat və incəsənət”
(16.02.2024)
Şəhidlər barədə şeirlər – Məlik Zülfüqarov
“Ədəbiyyat və incəsənət” portalı Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün – Məlik Zülfüqarova həsr edilmiş şeirlə tanış olacaqsınız.
MƏLİK KAMRAN OĞLU ZÜLFÜQAROV
(27.07.2001.-21.10.2020.)
Əslən Kürdəmir rayonunun Karrar qəsəbəsindən olan, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi
ƏBƏDİ YAŞAR MƏLİK
Anan səni böyütdü Min bir əziyyət ilə.
Sən də sevdin ananı, Sonsuz məhəbbət ilə.
Qəlbin tər-təmiz idi, arzuların bir ümman.
Taleyi heç kim bilmir,onu yazır yaradan.
İllər keçdi, dolandı, oldu on səkkiz yaşın.
Əsgərliyə yollandın, hər əsgər bir qardaşın.
Cəsur bir əsgər oldun, razıydı komandirin.
Yerinə yetirirdin ləyaqətlə hər əmrin.
Müharibə başladı, Vətən qorunmalıdır.
Məqam gəlib, yağının burnu ovulmalıdır.
Atıldın döyüşlərə minlərlə əsgərtəki,
Heç qorxmadaın ölümdən Vətən yaşasın, təki.
Füzulinin uğrunda göstərdin çox rəşadət.
Tanrım özü vermişdi, sənə mərdlik, şücaət.
Sən şəhid oldun, Məlik, əbədi yaşar, ölməz…
Adın xalqın qəlbində ürəklərdən silinməz.
Əziz anan Yeganə, bilirsən, nə eylədi?
Məlik qəhrəman olub, başqa yol yox, söylədi.
Şəhid müavinətin bağışladı orduma:
-Ordum qüvvətli olsun, müjdə versin yurduma.
Dünyaya gəldin, Məlik, Karrar adlı bir eldə.
Səni sevənlər vardır indi artıq hər yerdə.
Məlik, səni həmişə xatırlayar xalqımız.
Mərdləri unutmağa yoxdur bizim haqqımız.
“Ədəbiyyat və incəsənət”
(16.02.2024)
Nemət Tahirin ilk kitabı işıq üzü görüb
İstedadlı gənc yazar Nemət Tahirin ilk kitabı işıq üzü görüb. "Kəpənək ümidlər" adlanan kitaba müəllifin şeir və hekayələri daxil edilib. “Mücrü” nəşriyyatında çıxan kitabın naşiri Müşfiq Xandır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Rüstəmli Nemət Qəzənfər oğlu (Nemət Tahir) 1987-ci ildə Ağdam rayon Qiyaslı kəndində anadan olub. 1995-ci ildə Mingəçevir şəhərində yerləşən Ağdam rayon 128 saylı köçkün tam orta məktəbinin 1-ci sinfində təhsil almağa başlayıb.
2006-cı ildə orta məktəbi bitirib, Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olub.
Müxtəlif zamanlarda mətbuatda dərc edilib. Üç il "168 saat" qəzetində reportyor kimi fəaliyyət göstərib. Son illər həmçinin xarici mətbuatda da şeir və hekayələri çap olunub.
2020-ci ildə Mir Cəlal Paşayevin yaradıcılığına həsr olunmuş "Ədibin evi" hekayə yarışmasında 8 ölkədən 549 hekayə arasında hekayəsi 3-cü yerə layiq görülüb.
“Kəpənək ümidlər” adlndan da göründüyü kimi, geniş anlamda ümidlərdən, onların qanadlanıb pərvazlanmaslndan bəhs edir. Bəyəniləcəyinə əsla şübhə etmirik.
“Ədəbiyyat və incəsənət”
(16.02.2024)
Əlişir Nəvainin 583 illiyi qeyd edilib
Əlişir Nəvainin 583 illiyi Özbəkistanda - TÜRKSOY və yeni yaradılmış Kokand Universiteti (KU) tərəfindən beynəlxalq elmi-nəzəri konfrans çərçivəsində təntənə ilə qeyd edilib.
Azərbaycanı bu mötəbər tədbirdə filologiya elmləri doktoru, nəvaişünas alim Almaz Ülvi (Almaz Binnətova) təmsil edib.
“Ədəbiyyat və incəsənət” portalı Almaz Ülviyə istinadən xəbər verir ki, konfransın işində TÜRKSOY-un Baş katibi Sultan Raev də iştirak edib.
Bir çox nəvaişünas alimlərin - Vahit Türk, Jabbor Eshonkul, Nurboy Jabbarov, Zeboxon Qobilova, Ergash Оçilov, Maqsud Asadov, Zokirjon Mamajonov və digər qazax, qırğız, özbək alimlərinin qatıldığı konfransda iştirakçılar biri-birindən məzmunlu, elmi dəyərli gözəl məruzələr dinləyiblər, yeni dostlarla tanış olublar, konfrans gəzi proqramı ilə davam edib.
TÜRKSOY bütün natiqləri Təqdirnamələrlə mükafatlandırıb.
“Ədəbiyyat və incəsənət”
(16.02.2024)
Səlim Babullaoğlu ilə görüş keçirilib
Bakı Modern Beynəlxalq Məktəbində şair Səlim Babullaoğlu ilə maraqlı görüş təşkil olunub. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Nadir Yalçına istinadən xəbər verir.
Nadir Yalçın deyir: “Tədbirdə çıxış edən məktəblilər çox sərbəst, kompleksiz, enerjili idilər, hamısı ingilis dilində rahat ünsiyyət qururdular. Səlim müəllimin şeirləri ilə yanaşı ingilis ədəbiyyatından poetik nümunələr səsləndirdilər. Səlim Babullaoğlunun ana dili ilə bağlı şagirdlərə verdiyi tövsiyələr xüsusi əhəmiyyət kəsb edirdi. Belə bir səviyyəli təhsil ocağında ədəbiyyatın təbliği çox mühüm hadisədir və təqdirəlayiqdir.
Bakı Modern Beynəlxalq Məktəbinin direktoru Sevinc Seyidovaya xüsusi təşəkkür düşür.”
“Ədəbiyyat və incəsənət”
(16.02.2024)
ARKA film müsabiqəsinin qalib layihələrinin maliyyələşdirilməsi məsələsinə aydınlıq gətirib
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilmiş “Tammetrajlı bədii film layihələrinə dəstək 2022” film layihələri müsabiqəsinin qalib layihələrinin maliyyələşdirilməsi məsələsinə aydınlıq gətirmək məqsədi ilə “Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) sorğu ilə müraciət etmişdir.
ARKA-dan bildirmişlər ki, qalib layihələrin maliyyələşdirilməsi işləri müvafiq qaydada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində həll edilmişdir.
Mədəniyyət nazirinin əmri ilə nazirliyin 2022-ci ildən qalmış borcu ilə bağlı ARKA tərəfindən ödənilmək üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müvafiq məktub göndərilmişdir.
ARKA müsabiqə qaliblərini əmin edir ki, Mədəniyyət Nazirliyi yaranmış bütün borcları qanunamüvafiq qaydada ödəyəcəkdir.
“Ədəbiyyat və incəsənət”
(15.02.2024)
“Xalqın mədəni sərvəti” layihəsi davam edir
“Xalqın mədəni sərvəti” layihəsi növbəti dəfə əbədiyaşar bəstəkarımız, SSRİ Xalq artisti Qara Qarayevə həsr olunub.
Gəncə Dövlət Filarmoniyasından AzərTAC-a bildirilib ki, layihənin ilk günü Gəncə şəhər Heydər Əliyev Mərkəzində Qara Qarayevə həsr olunmuş konfrans keçirilib.
Konfransda çıxış edən layihənin ideya müəllifi, bədii rəhbəri, Gəncə Dövlət Filarmoniyasının direktoru Ramil Qasımov ilk növbədə layihənin gerçəkləşməsində əməyi keçən Mədəniyyət Nazirliyi və Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinə təşəkkürünü bildirib. O, layihənin əsas məqsədinin bugünkü nəsli maarifləndirmək, eyni zamanda, milli-mənəvi dəyərləri əks etdirən sənətkarlarımızı təbliğ etmək olduğunu qeyd edib.
Ramil Qasımov "Xalqın mədəni sərvəti" layihəsinin silsilə şəklində əbədiyaşarlarımıza həsr olunacağını vurğulayıb.
Daha sonra Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun müdiri Nurəddin Babazadə çıxış edərək layihənin Azərbaycan mədəniyyətinin təbliğində böyük rol oynadığını qeyd edib.
Konfrans zamanı Qara Qarayevin yaradıcılığında opera, balet, simfoniya janrı mövzuları ətrafında məruzələr dinlənilib, fikir mübadilələri aparılıb.
“Ədəbiyyat və incəsənət”
(15.02.2024)
Rəsm qalereyası: Nigar Nərimanbəyova, “Tariel - balaca Harri Potter”
Azərbaycanlı rəssamın əsərləri Parisdə beynəlxalq müasir incəsənət sərgisində nümayiş olunur
Parisdə “Grand Palais Ephemere”də (Böyük Saray) “ART EN CAPITAL 2024” beynəlxalq müasir incəsənət sərgisi açılıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tanınmış Azərbaycan rəssamı Vidadi Nərimanbəyovun işinin davamçısı olan Nigar Nərimanbəyovanın əsərləri beynəlxalq müasir incəsənət sərgisində nümayiş olunur. Artıq üç ildir bu sərgidə iştirak edən N.Nərimanbəyova bu il digər əsərləri ilə bərabər nəvəsinə həsr etdiyi “Tariel - balaca Harri Potter” adlı yeni rəsm əsərini də sərgiləyib.
Qeyd edək ki, N.Nərimanbəyova 2016-cı ildə Fransa Milli Mədəniyyət Federasiyası Müstəqil Fransa Rəssamlarının məşhur “Payız Salonu”nun “TOILE D'OR” ali mükafatına layiq görülüb.
“ART EN CAPITAL 2024” beynəlxalq müasir incəsənət sərgisində nümayiş olunan əsərlər Fransa Rəssamlıq Akademiyasının üzvlərindən ibarət böyük münsiflər heyəti tərəfindən seçilib. Bu, ən nüfuzlu peşəkar incəsənət sərgisidir. Sərgi fevralın 18-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(15.02.2024)
Əbu-Dabidə UNESCO-nun mədəniyyət və incəsənət təhsili üzrə Ümumdünya Konfransı keçirilib
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə UNESCO-nun mədəniyyət və incəsənət təhsili üzrə Ümumdünya Konfransı başa çatıb.
AzərTAC “Emirates” informasiya agentliyinə istinadla xəbər verir ki, Əbu-Dabi Milli Sərgi Mərkəzində üç gün davam edən tədbir zamanı mədəniyyət və incəsənət təhsili üzrə qlobal Çərçivənin müzakirəsində dünyanın müxtəlif ölkələrindən təhsil və mədəniyyət nazirləri, alimlər, mədəniyyət müəssisələrinin rəhbərləri, ekspertlər iştirak ediblər.
UNESCO-nun mədəniyyət və incəsənət təhsili üzrə Ümumdünya Konfransı üzv dövlətlər, siyasətçilər, BMT-nin agentlikləri və digər tərəfdaşlar üçün “Mədəniyyət və İncəsənət Təhsili üzrə Çərçivə” sənədini qəbul etmək istiqamətində platforma təmin edib. Konfransın proqramı UNESCO-nun İncəsənət Təhsili üzrə Yol Xəritəsini təqdim edən 2006-cı il Lissabon Konfransına, eləcə də 2010-cu Seul Konfransına əsaslanır. Tədbirdə sözügedən sahələr üzrə təcrübə mübadiləsi aparılıb, inteqrasiya olunmuş siyasətlər və yaradıcı təşəbbüslər vasitəsilə təhsildə mədəniyyəti möhkəmləndirməyə kömək edə biləcək tövsiyələr verilib.
Konfransda çıxış edən UNESCO-nun mədəniyyət və incəsənət təhsili üzrə Ümumdünya Konfransının həmsədri Məhəmməd Xəlifə Əl Mübarək deyib: “Davamlı təhsilin idarə edilməsi ənənəsinə əsaslanaraq, biz bu strateji mühüm tədbiri təşkil etməkdən qürur duyuruq, çünki burada dialoqa təkan veririk, eyni zamanda, qlobal mədəniyyət və incəsənət təhsilinin problemlərini müzakirə edirik. Qlobal Mədəniyyət və İncəsənət Təhsili Çərçivə Proqramı əsasında burada verilən tövsiyələri məktəb kurikulumlarında və ondan kənarda həyata keçirmək məqsədilə üzv dövlətlər üçün yeni təlimat hazırlanacaq”.
Tədbirdə yeddi mövzu ətrafında müzakirələr aparılıb. Bunlar, mədəniyyət və incəsənət təhsilinə bərabərhüquqlu çıxış; mədəni müxtəliflik daxilində və onun vasitəsilə keyfiyyətli və müvafiq ömürboyu öyrənmə; davamlı, ədalətli gələcəkləri formalaşdırmaq bacarıqları; mədəniyyət və incəsənət təhsili ekosistemlərinin sistemləşdirilməsi və qiymətləndirilməsi; rəqəmsal texnologiyalar və süni intellekt vasitəsilə mədəniyyət və incəsənət təhsili; mədəniyyət və incəsənət təhsilinin dəstəklənməsi üzrə tərəfdaşlıq və maliyyələşdirmə; monitorinq, araşdırma və məlumat mübadiləsidir. Tövsiyələrdə rəssamların rezidentura proqramları və təbliğat təşəbbüsləri də daxil olmaqla, resursların və vasitəçilik fəaliyyətlərinin inkişafına təkan verilməsi, təhsil işçiləri üçün müxtəlif mədəni fənlər üzrə illik təlim proqramlarının həyata keçirilməsi məsələləri də yer alıb.
“Ədəbiyyat və incəsənət”
(15.02.2024)