ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Prezident İlham Əliyevin inaqurasiya  mərasimindən sonra onun çıxışına  münasibət bildirən yazıçı-publisist, "Olaylar" qəzeti və eyniadlı informasiya agentliyinin rəhbəri, siyasi şərhçi Yunus Oğuz fikirlərini “Ədəbiyyat və incəsənət” portalı ilə bölüşür. 

 

Fevralın 14-də Cənab Prezidentin andiçmə mərasimi keçirildi. İnaqurasiyadan öncə isə iki əsas məsələ daha qabarıq özünü göstərdi
Birincisi, fevralın 9-da İlham Əliyev və oğlu Heydər Əliyev Hərbi Hava Qüvvələrinin hərbi obyektlərində oldular və silahlanmaya yeni qəbul edilən "Akıncı" hücum PUA-larının uçuşunu izlədilər. İkincisi isə Azərbaycanla Ermənistanın şərti sərhədində bizim əsgərimizin yaralanması idi ki, buna da dərhal "Qisas" əməliyyatı ilə cavab verildi. Yəni cənab Prezidentin də dediyi kimi, Azərbaycan yeni hədəfinə sakit girmədi. Yeni Prezident seçkiləri, yeni dövr sakit daxil olmadı. Yeni geosiyasi dönəmdə, dünyanın geosiyasi baxımından sülhə yaxın olmaq məsələsində (Münhen konfransında razılaşdırmışdılar - Y.O.), bizim əsgərin yaralanması sülhü pozdu. Çoxları qeyd edir ki, bunu guya Rusiya edib, yarısı Qərbi günahlandırır. Amma elə hər ikisi edib, heç biri istəmir ki, Güney Qafqazda sülh olsun. Rusiya istəyir bölgə onun təsiri altında olsun və mən deyim ki, o terrorçu təşkilat da Rusiyaya bağlı təşkilatdır. Maraqlı bir tərəfi də odur ki, həmin ərazilərdə- Qafan ərazisində Qərbin "binokl diplomatiyası", missiyası var və onlar guya binokl ilə sərhədləri izləyirlər. Hər ikisinin əli var, amma fakt odur ki, nə Rusiya, nə də Qərb Güney Qafqazda sülh istəmir. Amma  Azərbaycan bunların təsiri altına düşmür və Prezidentin də dediyi kimi, biz özümüz vasitəçisiz sülh sazişi bağlamağa hazırıq.

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

- Dözə bilərsənmi?

-Yox mən dözmərəm.. Səbr edərəm.

- Nə fərqi var ?

-İnsan sevmədiyi şeylərə dözür. Səbr etməksə sevgidir. 

 

Sevgi bəzən cəsarət edib uğruna dünyanı qarşına almaq, sevgi bəzən inandıqların uğruna sonadək mübarizə aparmaq, bəzənsə lazım gəldikdə qorumaq naminə geri çəkilə bilməkdir.

Sevgi bəzən aldanış, bəzən tamamlanmaqdır.

Sevgi hörmət, sevgi sədaqət, sevgi ümid, sevgi güvəndir.

Sevgi bəzən anlayış, bəzən səbr göstərmək, sevgi bəzən qiymətləndirmək, bəzən dostluq, sirdaşlıq, bir ömür yoldaşlıqdır.

Sevgi illər sonra bəzən xatirə, bəzən yaxşı ki, bəzən kaş ki, bəzən peşmanlıqdır.

Sevgi bəzən xatırlamaq, bəzən xatırlanmaq,  bəzən bir qəlbdə daimi sakin olmaqdır.

Sevgi bəzən paylaşmaq, sevgi bəzən paxıllıqdır.

Sevgi iman, sevgi ibadət, sevgi əhdinə sadiq qalmaqdır.

Sevgi həya, sevgi abır, sevgi mərhəmiyyətdir.

Sevgi bəzən həsrət, bəzən intizar, sevgi bəzən vəfadarlıqdır.

Sevgi təvazökarlıq, sevgi dəyər vermək, sevgi qədr-qiymətə vaqif olmaqdır.

Sevgi bəzən küsmək, sevgi bəzən ummaqdır.

Sevgi sədəqə, sevgi mərhəmət, sevgi qayğıdır.

Sevgi səbat, sevgi iqrar, sevgi hürriyyətdir.

Sevgi bəzən bir pişiyi sığallamaq, sevgi bəzən bir körpəni qucaqlamaqdır. 

Sevgi bəzən göyərçinlərə yem atmaq, sevgi bəzən bir uşağın başını oxşamaqdır.

Sevgi bəzən ümid etmək, sevgi dua, sevgi bütün qəlbin və ruhunla inanmaqdır.

Sevgi bəzən doğmalarının yükünü çiyinləmək, sevgi bəzən qayğı çəkmək, sevgi bəzən əzaba qatlaşmaqdır.

Sevgi bəzən qabarlı, qırışlı, əsalı əllər, sevgi bəzən böyüdən, sevgi qucaqlayan, qoruyan qollardır.

Sevgi bəzən kitab oxumaq, sevgi bəzən mavi dalğalarda qərq olmaq, sevgi yol gözləməkdir.

Sevgi bəzən bir ömür yalnızlığı gözə almaq, sevgi bəzən yarım qalmaq, bəzən gəlməyəcək birini gözləmək, sevgi bəzən isti göz yaşlarıyla soyuq torpağı qucaqlamaqdır.

Sevgi bəzən yağış tək yağıb damla-damla torpaqda yox olmaq, sevgi bəzən simurqtək yanıb küllərindən yenidən doğulmaqdır.

Sevgi Rəsulzadənin istiqlal eşqi, hürriyyət həsrəti, sevgi Şükriyyənin ailəsinin namusu, şərəf və ləyaqəti bahasına həbs və ölümü gözə alaraq o məşum kağızı imzalmaqdan imtina etməsidir.

Sevgi Albert vəfası, sevgi bəzən də Fərizənin intihar günahıdır.

Sevgi həzrəti Fatimə səbri, sevgi həzrəti Abbasın suyun bir addımlığında olduğu halda sevdikləri susuzkən, su içməyi özünə sığışdırmamasıdır.

Sevgi ana laylası, sevgi Azərbaycan deyə başlayan himn sədasıdır.

Hər şeyin təməli, özü sevgidir, sevgisiz heç nə yoxdur...

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Bazar ertəsi, 19 Fevral 2024 14:00

Xoşbəxt donuzun balladası

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

 

1.

GİLEY

Mənə elə gəlir ki, ayda 8-10 min alanlar mənim 64, yaxud 67 yaşımda 200 manat alacağımı müzakirə edərkən, heç də səmimi deyillər.

 

2.

PROQNOZ

Elə bir gün gələcək ki, 9 xəstə tək sağlam adamın üstünə gedəcək ki, sən xəstəsən, çünki bizim kimi deyilsən. 

 

3.

ÇIXILMAZLIQ

Qadına baxırsan, deyirlər, şorgözdür. Baxmırsan, deyirlər, problemlidir.

 

4.

SİYASİ LƏTİFƏ

Amerikada demokratiyanın boğulduğu ölkələrin reytinqi dərc edilib. Burada Rusiya birincidir və Şimali Koreya və Venesuela ilə qonşuluq edir. 

Rusiyada “Öz reytinqinizlə basın bayıra” adlı reytinq dərc edilib. Burada Amerika birincidir. 

 

5.

GÜLMƏCƏ

Mamed dayı uşaq olanda ata-anasına sual  edərdi ki, mən necə peyda olmuşam, ata-anası da deyərdi ki, səni Hacıleylək quşu dimdiyində gətirib, yaxud deyərdilər ki, səni kələmlikdən tapmışıq. 

İndi Mamed dayının uşağı ondan soruşur ki, mən necə peyda olmuşam. O da İKT inkişafına rəğmən deyir ki, səni internetdən skaçat eləmişik. 

 

6.

KƏLAM

Dadlı kolbasa ancaq xoşbəxt heyvanların ətindən çıxır. 

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Hədik şorbasının hazırlanma qaydasını təqdim edəcəyik. 

 

DÜSTUR 

§ Noxud – 30 qr

§ Qarğıdalı (qurusu) – 30 qr

§ Qaragöz lobya – 30 qr

§ Maş lobya – 30 qr

§ Mərci – 30 qr

§ Lərgə – 30 qr

§ Qırmızı lobya – 30 qr

§ Kərə yağı – 25 qr

§ Soğan – 25 qr

§ Sarıkök – 0,1 qr

§ Cirə – 0,1 qr

§ Duz – 6 qr

§ İstiot – 0,05 qr

Xörək əlavəsi:

§ nanə – 3 qr, mərzə – 3 qr, reyhan qurusu – 3 qr, nar turşusu (məti) – 20 qr

 

HAZIRLANMASI:

Paxlalar ayrılıqda təmizlənir, yuyulur, isladılır. Noxud və qırmızı lobyanın bişməsi üçün çox vaxt tələb olunduğundan əvvəlcədən bişirilir. Qazana kərə yağı əlavə olunur və xır- da doğranmış soğan qızardılır. Əvvəlcə su, qaynadıqda isə paxlalar bişmə müddətinə görə əlavə olunur. Qarğıdalı, qaragöz, maş, lərgə, bir az son- ra mərci əlavə edilir. Bişmə müddəti 1 saat, noxudla lobyada isə 1,5-2 saatdır. Sonra bunlar da qazana tökülür. Üzərinə duz, istiot, meyvə turşusu (məti), sarıkök, cirə əlavə olunaraq qarışdırılır. Tam bişdikdə bir az yer dəmi alır. Sonra yanında nanə, mərzə, reyhan qurusu, nar turşusu (məti) ilə süfrəyə verilir.

 

QEYD: 

Bişmə müddəti dedikdə bütün xörəklərdə qaynadıqdan sonrakı müddət nəzərdə tutulur. Bu xörək ətli və ətsiz bişirilir. Çox qüvvəli yeməkdir.

 

Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

AMEA-nın N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun Baş elmi işçisi

Prof.Dr. Asif Rüstəmlinin 70 yaşı tamam oldu. Onu - tanınmış ədəbiyyatşünası, ictimai və elm xadimini 70 illik yubileyi ilə bağlı çoxları təbrik etdilər, yeni uğurlar dilədilər! 

 

Asif Rüstəmli Azərbaycan Yazıçılar Birliyinin üzvü (1996), Birliyin Cəfər Cabbarlı Komissiyasının sədri (2015), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi Şurasının üzvü (2003-2018), “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzinin (indiki Folklor İnstitutunun) direktoru (1991-1995), institutun Elmi nəşrlər bölməsinin (1995-1999), Mətbuat tarixi və publisistika şöbəsinin (2014-2018) müdiri, BDU Dissertasiya Şurasının üzvü (2013-2018), 2018-ci ilin sentyabr ayından Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) Humanitar, ictimai elmlər və sənətşünaslıq, 2020-ci ilin mart ayından 2022-ci ilin oktyabr ayınadəksə Akkreditasiya şöbəsinin müdiri, habelə AAK Kollegiyasının üzvü olaraq məhsuldar ictimai, elmi yaradıcılıq yolu keçib. 

Onun elmi fəaliyyətinin əsas yönünü cabbarlışünaslıq təşkil edir. O, Cəfər Cabbarlının kitablarına salınmamış 6 pyesini, 4 hekayəsini, 30-dək lirik və satirik şeirini, 60 ədəbi-tənqidi məqaləsini ilk dəfə toplayıb, ərəb qrafikasından transliterasiya edib, önsöz, qeydlər və şərhlər yazaraq “Ədirnə fəthi” adı ilə 1996-cı ildə “Elm” nəşriyyatında nəşr etdirib. 

C.Cabbarlının Azərbaycan Prezidenti İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli Sərəncamı əsasında nəşr olunan 4 cildlik “Əsərləri”nin də tərtibi, önsözü və şərhləri ona məxsusdur. Onin bu nəşrə yazdığı “Bədii həqiqətlər ustası” başlıqlı önsöz yeni faktlarla zəngindir. Sovet senzurasının yersiz redaktələrinə məruz qalmış əsərləri müəllifin əlyazmaları əsasında o bərpa etmiş, bir sıra örnəkləri ilk dəfə çoxcildliyə daxil etmişdir. 

“Molla Nəsrəddin” Ensiklopediyası”na (“Elm”, 2020) onun 33 məqaləsu daxil edilib.

O, Ümummilli lider Heydər Əliyevin ədəbiyyat, mədəniyyət və incəsənət mövzusunda 30 illik dönəmi əhatə edən məruzələrini, çıxışlarını söhbətlərini toplayıb tərtib edərək, 2000-ci ildə “Nəcib, mənəvi idealların tərənnümü” (“Ozan”, 2000) başlığı ilə nəşr etdirib.

Elmi məqalələri bir neçə xarici ölkədə yayınlanıb.

O, 15 kitabın, 350-dən çox elmi, publisistik məqalənin və məruzənin müəllifi, 20 kitabın tərtibçisi, 2 kitabın tərcüməçisi, çoxsaylı kitabların redaktoru və rəyçisi olmuş, onlara önsöz yazmışdır. 

Onun ssenariləri əsasında “Günəş Şərqdən doğur” (2003), “İstiqlal fədaisi” (2004), “Nurlu gələcək naminə” (2005), “Bir kərə yüksələn bayraq. Azərbaycan Cümhuriyyəti – 100” (2018) sənədli filmləri çəkilib, nümayiş olunub.

O, həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Mətnşünaslıq, Redaktənin əsasları, Ədəbi redaktənin əsasları fənlərini tədris edib(1996-2019).

Haqqında “Fədakar tədqiqatçı-alim” adlı məqalələr toplusu gün üzü görüb.

Arif Rüstəmli (Ankara (1991), Bağdad (1994), Tehran (1995), Təbriz (1998), Bəsrə (1999), Urmiya (2004, 2011), Varşava (2007), Tomski (2008), Elazığ (2008, 2012, 2013), Budapeşt (2010), Diyarbəkir (2013), Astana (2014), Balıkəsir (2018) və b. şəhərlərdə) keçirilən bir sıra beynəlxalq elmi konfrans və simpoziumun uğurlu iştirakçısı olub. 

Belə ziyalılarımızla qürur duymağa dəyər!

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Bazar ertəsi, 19 Fevral 2024 13:30

Yağmasan da guruldamağı bacarmalısan - AKTUAL

Qoşqar İsmayılzadə, “Ədəbiyyat və incəsənət”

 

Demək, təkamülün belə bir xassəsi var ki, verilən şəraitə ən yaxşı uyğunlaşmağı bacaran növ, canlı həyatda qalmağı bacarır. Ana təbiətdə humanist yanaşmadan çox, daha ağıllı, daha çevik, daha güclü və adaptivlər qalib gəlməyi bacarırlar. Bir sözlə adaptiv kamuflyajlıq lazımdır. Homolar isə istifadə, taktiki gediş əmsalını təmsil edir.

 

Həyatda qeyri istəklərə "yox" demək mühüm elementlərdən biridir. "Yox" deməyə çoxumuz qorxuruq. Qorxuruq ki, qarşı tərəf bizdən inciyər, yaxud biz kobud təsiri bağışlayarıq. Etdiyimiz yüz yaxşılıq bir yanlış addım qarşılığında unudulmağa məhkum qalır. Əgər, özümüzün yazdığımız həyat ssenarimiz yoxdursa, o zaman başqalarının yazdığı ssenari ilə davam etməyə məcburuq. Hər zaman verilən "hə" cavabı, səni üzüyola, qeyri - ciddi  görkəm modelinə bənzədir və beləliklə də, hər dəfə ifadə olunan fikir daha zəif təsirə məruz qalır. Elə bil cəmiyyətdə daha yüksəkdən, daha mübaliğəli, daha pafoslu danışdıqda daha çox diqqət cəlb edirsən və səni daha ciddi qəbul etməyə başlayırlar. Bu daha çox kollektiv iş mühitlərində belədir.

 Yağmasan da guruldamağı bacarmalısan. 

 

"Yox" cavablarına keçid etdikdə, artıq həmin şəxs və ya şəxslər sizdən daha əvvəlkitək istifadə edə bilmədikləri üçün standart olaraq "dəyişilmisən, daha əvvəlki kimi deyilsən" damğasını vurmağa başlayırlar. İnsan mühiti onsuz da dəyişkəndir. Niyə axı ürəkdən istənməyən bir şeyə təsdiq verməlisiniz və ətrafa yalançı görkəm formalaşdırmalıyıq?! 

Hər dəfə verilən "necəsən?" sualına niyə yorğun olanda yorğun, xəstə olanda xəstə, pis olanda pis demirsiniz?!

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Poetik Qiraətdə bu gün sizlərlə Yardımlıda yaşayıb yaradan şair İqbal Nəhmət görüşür. O, sözünü deyən adam olduğunu vurğulayır. Düzü, indi çoxları özgə sözü dediyindən, şairin qaldırdığı məsələ günümüzdə önəm kəsb edir. 

 

Çörəyimi öz suyumda, 

İsladıb yeyən adamam!

Bir tək olan Allahıma,

Başımı əyən adamam!

 

Halsızam hallar içində,

Qalmışam lallar içində, 

Bu qədər kallar icində,

Yetişib, dəyən adamam!

 

Yaşam yox ürək atmasa,

Yuxum yox gözüm yatmasa,

Heç kimə gücüm çatmasa,

Özümü döyən adamam!

 

Alışmaram ,,döz" deməyə

Özgə mala ,,öz" deməyə,

Söz taparam söz deməyə 

Sözümü deyən adamam!

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Əsgərlikdə olarkən, günlərin birində anasının ölüm xəbərini alır. Tez gedib hadisəni komandirinə məruzə edir və təcili evə getməyinə icazə istəyir. Komandiri isə teleqramın üzərində Qazax rayon hərbi komissarının imzası və möhürü olmadığını bəhanə edib, ona icazə verməkdən boyun qaçırır. Anasından başqa kimsəsi olmadığını nə qədər desə də, komandir eşitmək istəmir. Əsəbləri gərilir, necə deyərlər, özünü saxlaya bilmir. Çiynindəki avtomatı komandirin üstünə çəkir. Komandir qorxusundan əllərini qaldırıb, onun çıxıb getməsini işarə edir. 

 

Binadan çıxanda görür ki, onu mühasirəyə alıblar. Avtomatı yerə qoymasını tələb edirlər. O da: “heç kim yaxın gəlməsin, vuraram!”- söyləyərək, oradan qaçıb uzaqlaşır. Qazaxa çatanda silahı qohum evinə qoyub qəbiristanlığa, anasının dəfninə yollanır. Dəfndən sonra xidmət etdiyi hərbi hissəyə qayıdır və əzablı günləri başlayır...

 

Bu ərəfədə hərbi hissədə şairlərin görüşü keçirilirmiş. Nigar Rəfibəyli, Rəsul Rza da bu görüşdə iştirak edirmişlər. Nigar Rəfibəyli onu tanıyıb tədbirdə şeir oxumasını təklif edir. O da ağlayaraq oxuya bilməyəcəyini söyləyir. Sonra baş verən hadisəni Nigar xanıma danışaraq, ondan kömək istəyir və bildirir ki, bu görüşdən sonra onu ağır cəza gözləyir. Azadlıqdan məhrum oluna bilər. Nigar xanımın israrlı xahişindən sonra hərbi hissənin komandanlığı onu bağışlayır...

 

Qəribə hekayədir, deyilmi? Bunu ötən gün  93 yaşını qeyd edən, qosqoca şairimiz Nəriman Həsənzadə söyləyib. Onun yaradıcılığı, davranışı adama həzin bir musiqini xatırladır. İnsanı düşündürən, xəyalən uzaqlara apara bilən musiqiyə. Bəlkə də ondan irəli gəlir ki, şairin söz-söhbəti, səsi də həzindir…

 

1931-ci ildə anadan olub. Bir yaşında atasını, iyirmi üç yaşında isə anasını itirib. Erkən gəncliyindən həyata təkbaşına atılıb. Həsən bəy Zərdabi adına indiki Gəncə Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində ali təhsilə yiyələnib. Sonra SSRİ ordu sıralarında hərbi xidmətdə olub. Daha sonra Azərbaycan Yazıçılar İttifaqı onu Moskvadakı ikiillik ədəbiyyat kursuna göndərib. Bu kursu başa vuraraq Maksim Qorki adına Ədəbiyyat İnstitutuna daxil olub. Beş il də orada təhsil alıb. Uç il Azərbaycan Dövlət Universitetinin "Azərbaycan Ədəbiyyatı tarixi" kafedrasının aspiranturasında oxuyub.  "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib. 

Ötən müddətdə müxtəlif vəzifələrdə çalışıb. Mətbuat və İnformasiya nazirinin birinci müavini vəzifəsinədək yüksələ bilib. Azərbaycan Respublikası Ali Sovetinin deputatı olub. Azərbaycanın xalq şairidir. "Şöhrət", "Şərəf" və "İstiqlal" ordenlərinə layiq görülüb. Prezidentin fərdi təqaüdçüsüdür. İndiyədək 30-dan yuxarı kitabı işıq üzü görüb…

 

Deyir ki,- "Şair olmaq bədbəxçilikdir. Daim öz aləmində olursan, qəm-qüssə çəkirsən, duyğularla yaşayırsan..." 

 

Yəqin ki, bütün xoşbəxtlər kimi, onun da öz xoşbəxtliyindən xəbəri yoxdur. Erkən gəncliyindən kimsəsiz qalsa da, necə deyərlər, bütün ömrü boyu kimsəsizlər KİMSƏSİNİN kimsəsi olub. Allah ondan heç nəyi əsirgəməyib- İstedad, ailə, ağıllı övladlar, rahat həyat, şan-şöhrət və ən başlıcası uzun ömür. Uzun ömür isə Allahın bəndəsinə olan  xüsusi mərhəmətidir. Elə bil, səni can borcunu geri qaytarmağa heç kim tələsdirmir…

 

Bəli, xalq şairi Nəriman Həsənzadə ömrünün ixtiyar çağlarını- qocalığını yaşayır. Elə yaşayır ki, ağlı, yaddaşı, nitqi, ədəb-ərkanı, davranışı, düşüncə və hərəkətləri ilə QOCALIĞI insanlara sevdirə bilir. Necə deyərlər, qoca olanda da Nəriman Həsənzadə kimi QOCA olasan...

 

Xalq şairinin növbəti ad günü oldu, hələlik bir əsrdən yeddi il balacadır. Ona can sağlığı, ağrı-acısız günlər arzulayırıq. 

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

Bazar ertəsi, 19 Fevral 2024 13:00

“Pulqabı“ - İlkin Əbəlfəzin hekayəsi

“Ədəbiyyat və incəsənət” portalının poçtundan İlkin Əbəlfəzin “Pulqabı” hekayəsini diqqətinizə çatdırırıq.

 

1-ci hissə

Dünəndən başladığım kitabın bir neçə səhifəsini oxuyub kənara qoydum. Artıq kitab oxumağa da əvvəlki kimi həvəsim qalmamışdı. Deyəsən, hər şey kimi bunun da dadı qaçmışdı. Hərəkətli bir günün sonunda üstümə çökən ağırlıq məni yatağa pərçimləmişdi. Nə qədər ürəyim çay içmək istəsə də, ayağa durmağa heyim yox idi. Yorulmuş gözlərimi qan çanağına dönənə qədər ovxalayıb dərindən gərildim. “Heç bir qadına, heç bir kişiyə oğurluğu yaraşdırmıram. Qəhbəliyin və oğurluğun ömrü qırx gündür. Sən o boyda yalan danış, oğurluq elə, sonra da yalandan yalvar ki, nolar məni bağışlayın?! Ay hay, haradadır o bəxt səndə? Hamı necə, sən də elə. İndi cəzalanarsan, ağlın başına gələr...”

Oxuduğum əsərdəki obrazları beynimdə mühakimə elədiyim vaxt telefonuma zəng gəldi. Tanımadığım nömrədən idi.

- Salam. Emin bəylə danışıram?

- Salam. Bəli, Emindir. Buyurun.

- Sizi polis şöbəsindən kapitan Əmir Əmirov narahat edir. Sizin barədə axtarış var. Siz bir həftə qabaq...

Dəstəyin o biri tərəfindən gələn səsi artıq eşitmirdim. Şiddətli ürək döyüntülərimin yaratdığı həyəcandan qulağımda yaranan uğultu onu tam eşitməyimə əngəl olurdu. Əllərim buz bağlamış, telefon qulağımda, gözümü bir nöqtəyə zilləyib hərəkətsiz dayanmışdım. Son sözündə polis məni sabah polis şöbəsinə dəvət etmişdi.

Onun telefonda şifahi verdiyi izahatla beynimdə yadıma düşənlər tam üst-üstə düşürdü. Yerimdən cəld sıçrayıb gödəkcəmin döş cibini yoxladım. Bəli, pulqabı orada idi. “Necə unutmuşam bunu! Çox pis. Amma yaxşı oldu ki, rəis zəng elədi. Sabah aparıb özlərinə təhvil verərəm.”

Ayağa durmuşkən ağlıma ilk gələn şey çay tələbatımı ödəmək istəyi oldu. Yaxşı ki çaydan isti idi. Bir fincan çay süzüb pəncərimin altındakı qızdırıcının yanında oturub qaranlığa baxdım. Çay qutarana qədər düşünməyə vaxtım var idi.

 

2-ci hissə

Bir həftə əvvəl...

Yanvar qış ayı olsa da, bu gün özünü yaz ayı kimi aparırdı. Səhərin hələ erkən saatlarına baxmayaraq, havada ilıq istilik vardı. Ancaq dünən günortadan başlayan çiskinli hava axşama doğru yağışa çevrildiyindən yollarda, səkilərdə su çalalarını görmək olurdu. Bununla belə hava gözəl idi. Avtobusdan düşüb iş yerimə qədər olan məsafəni iti addımlarla gedirdim. Saat doqquz olmağına beş dəqiqə qalmışdı. Yeni müdirimizin xasiyyəti o qədər pisdir ki, maksimum beş dəqiqə işə gecikən hər kəsi pulla cərimələyirdi.  Maksimum gecikməni də nəzərə alsaq, mənim hələ doqquz dəqiqəm vardı. Onuncu dəqiqəm cərimə idi. Qarşıdakı binanın tinindən sola dönəndə bizim ofis idi.

Maşın yolunu keçib bir mağazanın qarşısından keçirdim ki, yerdə xaki rəngli pulqabı gördüm. Ətrafımda heç kimin olmadığına əmin olduqdan sonra pulqabını götürüb içini yoxlamadan cibimə qoydum. Bir daha geriyə boylandım. Mənim beş addımımdan sonra bir yaşlı qadın nəvəsinin əlindən tutub nəsə danışa-danışa gəlirdi. “İnşallah, içərisində vəsiqə filan olar. Kimindirsə, ya polisə verərəm, ya da bacardığım qədər özüm tapıb yiyəsinə təhvil verərəm. Zavallı, bəlkə də, indi bunu axtarır” düşüncələri ilə işə çatdım.

Yenə eyni işlər, eyni insanlar, eyni ssenarilər. Monoton teatr səhnəsinin ruhsuz və ya əcəmi aktyorları kimiyik bu aralar. Ətrafımdakılardan heç kim ona verilən həyat rolunu ürəklə, can-başla oynamırdı. Hər hərəkətin sonunda mütləq bir narazılıq, bir hüzn hiss olunurdu. Ancaq hansısa başqa teatr səhnəsində hansısa başqa bir aktyor, mütləqdir ki, indi öz rolunu həvəslə, uğurla oynayır və həyat da buna görə həmin aktyorunu mükafatlandırırdı. Hədiyyənin isə “böyüyü-kiçiyi olmaz” deyiblər. Bir gün bu həyatın mənə də verəcəyi hədiyyənin ümidi ilə yaşamışam indiyə qədər...

 

3-cü hissə

Dedikləri vaxtda polis bölməsinin qarşısında idim. Telefonla son danışığımı yekunlaşdırıb binaya daxil oldum. “Əslində, nə qədər xoşum gəlməsə də, yaxşı ki, bu polislər var. Yoxsa ölkədə gör nə qədər problemlər olardı. Polis olmasa idi pul qabının yiyəsi də tapılmazdı. Görəsən, mənə zəng edən polis haradadır? Bunu verib, tez də gedərdim.”

Geniş girişdən irəliləyib bir sağ, bir sol dəhlizə boylanıb, otaqların üstünə göz gəzdirdim.

- Vətəndaş, dayanın. Siz kimi axtarırsınız?

Böyük şüşəli otaqdan bir polis əməkdaşı məni səslədi. Şüşənin üstünə “Növbətçi hissə” yazılmışdı.

- Mən Əmir bəyi axtarırdım, müəllim. Dünən zəng eləmişdi ki, bu gün üçün burada görüşək.

- Müəllim sənin dərs aldığın məktəbdə olur. Görmürsən ulduzları? Mən leytenantam.

- Bağışlayın, rütbənizə fikir vermədim, yoldaş leytenant.

Yaxşı yer deyil ki, adamın yolu tez-tez düşə, necə hərəkət edəcəyini, hara gedəcəyini və kimə necə xitab edəcəyini biləsən. Amma səhv məndə idi. Gərək rütbəsinə baxardım.

- Ə, yaxşı. De görək niyə gəlmisən? Şikayətin nədir?

Cibimdəki pulqabını çıxarıb ona uzatmaq istəyəndə bu vaxt dünənki nömrədən telefonuma zəng gəldi. “Əmir müəllimdir” deyib zəngi açdım.

- Sən şöbədəsən?

- Bəli, müəllim. Elə indicə çatdım. Siz haradasınız?

Cümləmi bitirməmiş zəngi söndürmüşdü. Heç beş saniyə keçmədi ki, qənşərimdə dayanan leytenanta zəng gəldi.

- Bəli, yoldaş kapitan... Yanımdadır... Emin sənsən, ə? - astaca başımı yellədim.- Dünənki oğru bu imiş, deməli?... Oldu, yoldaş kapitan.

Zəngi bitirən kimi uca səslə yanındakı köməkçisinə göstərişlər verdi:

- Tez ol, bunu sal kameraya. Ə, elə bil ki, üç gün olar, bunun işini mən araşdırıram.

Yerimdə donub qalmışdım. Dünən danışmışdıq ki, pulqabını təhvil verib gedəcəyəm. İndi rastlaşdığım mənzərə tamam başqa idi. Nəsə demək istəsəm də bayaqkı leytenant məni susdururdu.

- Vətəndaş, rəis kameradan bizə baxır. Zəhmət olmasa, cibinizdə nə qədər metal əşya varsa çıxarın buraya qoyun. Açar, telefon, boyunbağı...- Köməkçisi nisbətən mülayim tərzdə davranırdı. Bəlkə bu, mənə düşdüyüm vəziyyətdə kömək edə.- Kəmərinizi də çıxarın, zəhmət olmasa.

“Növbətçi hissə” ilə üzbəüz iki otaq var idi. Məni sağ otağa saldılar. Deməli, kamera bura imiş. Qorxu və qəhər məni boğdu. Çox keçmədi ki, bayaqkı polisin simasını dəmir barmaqlıqlar arxasından gördüm.

- Deməli, həminki oğru sənsən, ə? Neçə gündür biz də səni axtarırıq.

- Rəis, bu qoçaq neyləyib ki?

Köməkçisi ilə leylenant əl-ələ verib gülüşdülər.

- Ə, kameralardan tapdığımız oğru budur da. Niyə yadından çıxıb ki? Camaatın pulqabını, obyektləri “şumon eləyib”.

- Ay müəllim, sizin qadanız alım, nə “şumon”, nə oğurluq? Mən hansı obyektdən oğurluq eləmişəm? Kimin pulqabını oğurlamış?

Səsimdəki qəhərdən çox danışa bilmədim. Nəmlənən gözlərimi silib əllərimlə dəmir barmaqlıqlardan bərk-bərk yapışdım.

- Mən heç bilmirəm ki, siz məni buraya niyə saldınız? Mən Əmir müəllimi görüb gedəcəkdim.

Əlbəttə, sözümə məhəl qoymadan telefonu ilə məşğul idi. Köməkçisi əlindəki kağızı oxuya-oxuya otaqdan dəhlizə çıxdı:

- Zərərçəkmiş burada qeyd edib ki, pulqabımda üç yüz əlli dollar pul, yüz manata qədər milli valyuta, şəxsiyyət vəsiqəsi və bank kartları olub. Rəis, bax gör hamısı yerindədir?

- Əlbəttə, yerindədir. Mən heç onun içini açıb baxmamışam. Heç kimə aid olduğunu da bilmirəm.

Leytenant pul qabını yoxlayaraq yenidən gülməyə başladı:

- Ə, Fuad, mən sənə deyirəm bu oğrudur, camaatı “şumonlayır”, sən hələ deyirsən ki, pulqabını yoxla? Ə, mənə inanmırsan ki, sən bəs niyə? Budur bax, burada iki yüz dollar, qırx beş manat da xırda pul var.

Nə deyəcəyimi bilmirdim. Bu mümkünsüzdür. Dedikləri ağ yalandan başqa bir şey deyildi. Dəqiq yadımdadır ki, həmin gün mən o pulu tapanda heç içini açıb baxmamışdım, nəinki içindəki pulu götürəm. Mən bunu eləməmişəm axı.

 Özləri üçün danışıb gülüşürdülər. Diqqətimdən bir şey də qaçmadı. Bayaqdan bəri “rəis” deyən köməkçi, “ə”lərini sıralayan leytenantdan yaşca böyük görünürdü.

- Gedib pulları dəyişdirib bir həftədən sonra üzə çıxmısan. Dünən biləndə ki, buraya gələcəksən, tez pulları qoydun yerinə? Ə, bəs xərclədiyin pullar hanı? Onları gətir ey, buraya.

İnsan nə qədər həyasız olarmış?! Göz görə-görə üzə durmaq belə olurmuş. Eləmədiyim bir günahın əvəzini ödəyirdim. Onlara pula əl vurmadığımı sübut edə bilmirdim. Gücüm yalnız yalvarış dolu ifadələrə çatırdı.

- Mən o pulqabını kiminsə cibinə girib oğurlamamışam. Bəli, yerdən tapmışam. Gördüm, götürdüm qoydum cibimə. Yadımda idi ki, yiyəsini tapıb təhvil verim. Sonra necə oldusa, yadımdan çıxdı. Pulu cibimə necə qoymuşdumsa, elə də indi sizə verdim. Mənim heç bir suçum yoxdur, yoldaş... Adınız yadımdan çıxdı.

- Mənim adımı neyləyirsən ki? Ə, Həsən, tutaq ki. Sonra? Kameralara bir-bir özüm baxmışam ey. Pul qabını görürsən. Əyilib yerdən götürüb xəlbətcə cibinə qoyursan. Ətrafa da boylanırsan ki, heç kim görməsin. Sonra tez oranı tərk edirsən. Özüm incələmişəm ey, bir-bir.

- Bəli, düz deyirsiniz. Mən o pulu oğurlamamışam, yerdən tapmışam. Mənim yeganə səhvim həmin vaxt polisə məlumat verməməyimdir. Sonradan isə...

Leytenantın iti baxışlarının arxasında ilan görürdüm. Sanki bəbəklərinin kənarı boyu sürünən ağ ilan nifrətini düz üstümə sıçradırdı. Məni baxışları ilə zəhərləmişdi.

- Mən dünən Əmir müəllimlə danışmışam. Xahiş edirəm, məni onunla görüşdürün.

- Bu gün bazardır. Kapitan işə sabah gələcək. Bugünlük qonağımızsan.

Köməkçi deyəndən sonra yadıma düşdü ki, bu gün bazar günüdür. İş günü deyil axı. Yəqin ki, Əmir müəllim, həqiqətən, bu gün işə gəlməyəcək, sabah gələcək.

- Qardaş, ağlayıb özünü çox üzmə. Onsuz da bu gün buradayıq. Gəl otur, söhbət edək.

Arxadan gələn səsə diksindim. Sən demə, kamerada məndən başqa da adam var imiş. Necə fikirli olmuşam ki, heç onu görməmişəm.

 

 

4-cü hissə

  Bir gün yaranan, bir gün də ölüb gedəcəkdir. Həyatda milyardlarla insan var və bu o deməkdir ki, ən az milyardlarla da həyat tərzi var.

Bir nəfər düşünün. Bütün həyatı boyu çalışır, vuruşur, dişi ilə, dırnağı ilə crımaqlaya-cırmaqlaya nəsə qazanmağa çalışır. Onun alın təri ilə qazandığı bir qarın çörək dünyanın başqa bir yerində başqa bir adamın zəhmətsiz qazandığı var-dövlətdən daha dəyərli olur. Çünki başqa yerdəki həmin adam topladığı var-dövləti könül xoşluğu, can rahatlığı ilə yeyə bilmir. Hər dəqiqəsində başının üstünü alacaq qara buludların onu üstələyəcəyini bilir. Ancaq bizim düşündüyümüz zəhmətkeşin isə hər tikəsi ona halaldır və yediyi çörəyin dəyərini anlayır. Həyat, məhz, belə insanlara görə dəyərlidir. Necə deyərlər, dünya onlara görə hələ də fırlanır....

İş rejimim, işim nə qədər çətin olsa da, gördüyüm işi sevirdim. Səhərin qaranlığından axşamın qaranlığına qədər çöldə olur, Bakı küçələrini qarış-qarış gəzirdim. İşim şirkətin məhsullarını müştərilərə təqdim etmək və satışını həyata keçirməkdən ibarət idi. Aylıq maaşım o qədər çox olmasa da, əlavə bonuslarla birlikdə özümü dolandıra bilirdim. Bu yerdə subaylığın xeyrini görürdüm.

Havalar da bizim kimi dəyişkən keçirdi. Gün ərzində dörd fəslin dördünü də yaşamaq mümkün idi. Səhərlər payızı xatırladan sərin külək və soyuqluq, günortaya doğru aprelin, mayın mülayim istiliyi, günorta beşə kimi əsl yay havası, axşama doğru isə dönən hava, alatoranlığın içində zəif küləklə müşahidə olunan sulu qar və qar havası insanların həyat tərzinə təsirsiz ötüşmürdü. Küçədə kimi nazik pencəkdə, qalın gödəkcədə, kimi də paltoda, uzun plaşda o yan-bu yana var-gəl edirdi. Bu aralar mən də geyimimi bir neçə dəfə dəyişmiş, ən sonda çox sevdiyim boz rəngli paltoda qərar tutmuşdum. Bu paltonu iki-üç il əvvəl almışdım. Çox keyfiyyətli çıxmışdı. Havalar açılsa idi, nazik pencəyə keçərdim. Qalın gödəkcələr, soyuq havalar mənlik deyil.

 

 

5-ci hissə

- Səni niyə tutublar?

- Öz səhvimin ucbatından. Kaş eləməzdim.

- Kim öz xoşundan bura gəlir ki? Hamı bir səhvə görə bura düşür də.

Sözüm kamera yoldaşımı məmnun eləməmişdi. Üzünü turşudub, əlləri ilə başını tutdu.

Cavabın gəlməyəcəyini görüb gözümü ondan çəkdim. Kamera dedikləri balaca dəmir çərçivəli nəfəslikdən və iki matrasdan ibarət idi. Matrasın biri dəmir taxtın üstünə, digəri isə quru döşəməyə sərilmişdi. Matrasların rəngi çirkdən qaralmışdı, üzərlərində ayaqqabı izləri aşkar görünürdü. Bir neçə yeri cırılmış, siqaret yanıqları var idi. Nəfəsliyin altındakı qızdırıcının üzəri siqaret kötükləri ilə dolu idi. Qızdırıcı işləyirdi, ancaq içəridə ağır hava vardı.

- Məni xoruz döyüşdürdüyümə görə tutublar.

- Xoruz döyüşdürdüyünə görə? Bu cinayətdir ki?

- Hmm...- kamera yoldaşım başını yellədi.- Deyirlər qumardır, qumar oynamısan. Adım Seyrandır. Bu tərəflərdə hamı məni Sako kimi tanıyır.

- Mən də Emin. Şad oldum.

- Birinci dəfə deyildi xoruz döyüşdürürdüm. Qazancımız bundan çıxır, neyləyim? Bu dəfə kimsə polisə xəbərçilik elədi.

- Yəni qumar oynadığını boynuna alırsan?

Cavab vermədi. Bir az keçmiş növbəti sualımı verdim:

- Heç bir yerdə işləmirsən ki? Ali təhsilin yoxdur?

- Yox. İş var ki, işləyəm? Hara gedirəm sənət istəyirlər, diplom istəyirlər. Qaqaş, iyirmi üç yaşımda da ata əlinə baxmalıyam? Mən də belə dolanıram da, neyləyim?

Səs tonunun qalxdığını hiss edib tez yavaşladı. Nəsə demək istəsə də, bu dəfə susdu.

- Səsini eşidərlər. Yavaş danış. Yaxşı, bəs həmişə elədiyin şeyi indi niyə xəbərləyirlər ki?

- Bilmirəm, amma mən qonşumuzdan şübhələnirəm. Bu aralar qazancım yaxşı olurdu. Yaxşı pul qazanırdım. Bir-iki gün qabaq da məndən borc istəmişdi. Verməmişdim. İndi fikirləşirəm ki, yüz faiz o deyib.

 Dayandı. Altdan yuxarı sərt baxışlarla süzüb davam elədi:- Bəs sən niyə tutulmusan? Eşitdiyimə görə oğurluq eləmisən.

- Oğurluq eləməmişəm. Yerə düşən pulqabını tapmışam. Sadəcə yadımdan çıxıb qalıb başqa gödəkcəmin cibində. Səhvim də odur ki, vaxtında polisə deməmişəm.

Matrasın bir tərəfində də mən oturdum. Həyəcandan nəfəsim daralırdı. “Allahım, nə olar məni bağışla. Mən bir səhv elədim. Sən məni əfv et. Sən bağışlayan və mehribansan. Nolar məni bu quyudan xilas elə!” Bayaqdan bəri bildiyim bütün surələri, duaları gah pıçıltıyla, gah da uca səslə deyirdim. “Əstəğfurullah”, “sübhənallah”, “Lə həvlə və lə quvvətə illa billah” zikrləri dilimdən düşmürdü.

- Qaqaş, sən canın bəsdir. Bayaqdan eləmədiyin dua qalmadı. Bu işlər dua ilə, aminlə düzələn işlər deyil. Dayan, görək neyləyirik.

Dediyi kimi də elədim, susdum. Ancaq içimdə hələ də bir qorxu, həyəcan var idi. Gecəni bu dörd divar arasında qalmaq istəmirdim. Ümumiyyətlə, burada qalmaq istəmirdim. Bilmədən elədiyim bir səhvə görə burada idim. Heç evdəkilərin də xəbəri yoxdur ki, mən buradayam. Kaş onlara zəng edə bilərdim.

- Qaqaş, elə bilirəm ki, səni tez buraxacaqlar. Sənə atamın nömrəsini deyəcəyəm. Çölə çıxan kimi atama zəng edib deyərsən ki, Sakonun vəziyyəti pisdir. Onu bu gün mütləq oradan çıxardın. Mütləq!

Sonra üç-dörd dəfə telefon nömrəsini təkrarladı. Ona “yadımda qaldı” desəm də, yerindəcə unutdum. Çünki bu dəqiqə hansısa rəqəmləri yadda saxlayacaq halda deyildim. Kaş Əliyə zəng edə biləydim. Əli mənim uşaqlıq dostumdur. Bir-birimizə çətin vaxtlarımızda az dəstək olmamışdıq. Ən azından olduğum yeri bilərdi. Yanıma gələrdi. Məni buradan çıxardardı. 

Vaxt keçdikcə başımın ağrımasından aclığımı da hiss edirdim.

Vaxt ağır gedirdi. Qolumdakı saatı da bura girəndə çıxarıb köməkçiyə təhvil vermişdim. Saatdan xəbərimiz yox idi. Bura çox ağır bir yer imiş. Bir anlıq fikrim beşillik, onillik, ömürlük cəza çəkənlərə getdi. Görəsən, onlar nə düşünürdülər indi? Bura hələ normal şəraitli kameradır. Bəs, görəsən, ağır şəraitdə cəza çəkən dustaqlar nə edirdilər? Mən bir gün burada dözə bilmirəm, illərini həbsxanalarda çürüdənlər nə fikirləşirlər, görəsən?

Gözüm divardakı yazılara sataşdı. “Ruslan Biləcəri”, “Namiq Nasosnu”, “Lənkəranlı Əli”, “Oruc Qazax 11.01”... Oruc dörd gün qabaq burada olub. Ay Oruc, sənin nə işin var axı buralarda ki, gəlib kameraya düşəsən? Gör nə qədər yazılar var. Hər kəs də bir yazı yazıb gedib. Bakı mavi balina kimi ağzını açaraq minlərlə insanı bu qaranlıq sularda udmağa davam edir. Bir də ki, Bakının nə günahı var axı, sən əgər düzgün yaşaya bilmirsənsə?

 

***

Kamera artıq doğmalaşır, yaşadığım dəqiqələr adiləşirdi. Kamera yoldaşım Seyran qardaşının gəlişi ilə azadlığına qovuşmuşdu. Çıxarkən mən də ona dostumun nömrəsini əzbərlətmişdim. Artıq bir saatdan çoxdur ki, Əlidən xəbər yox idi. Yəqin ki, Seyran da mən elədiyim kimi etmişdi, nömrəni unutmuşdu.

Yandakı kameraya ayrı-ayrı vaxtlarda iki nəfər gətirdilər. Birincisi taksi sürücüsü idi. Yardımlıya getmək istəyən xanım müştəriyə əxlaqsız təklif edibmiş. Müştəri də bütün danışıqları gizli kameraya çəkib yerindəcə polisə şikayət edib. İndi xanımın rayonundan zəng gözləyirdilər ki, onu oraya yola salsınlar. Taksi sürücüsünün isə heç nə vecinə deyildi. Bayaqkı leytenantın suallarına dilucu cavablar verirdi.

- Xoşum gəldi, danışmaq istədim.

- Dedim nömrəni ver, əlaqə saxlayarıq. O da vermək istəməyəndə, məcbur zor tətbiq elədim.

- Dədəmin goru, boş ev də var. Razı olsa idi, ürəyi istədiyi qədər kirayə qala bilərdi. Səydi da.

Çox maraqlı insandır. Buna baxanda mənim elədiyimə şükür. 

Digər tutulan isə ağac kəsdiyinə görə kamerada idi. O, nisbətən günahsız idi. Dediyinə görə, adi fəhlədir. Müştərisi mağazasının qarşısına talvar qurmağı tapşırıb. Bu da dəmir sütunları betonla bərkitdikdən sonra talvarın üstünü bağlamaq üçün mağazanın qarşısındakı ağacın budaqlarını kəsməli olub. Və sonra da bura gətirilib. Əslində, bir neçə saatın içində burada çox şey öyrəndim. Dar çərçivəli həyat tərzindən çıxıb ətrafa geniş düşüncə ilə baxmaq lazımdır. Həyatda gərək hər zaman diqqətli olasan.

Bir neçə saat da keçdi. Artıq növbə dəyişir, işçilər şöbəni tərk edirdilər. Bu müddət ərzində çox xahişdən sonra bir dəfə telefonla danışmağıma icazə vermişdilər. Əliyə burada olduğumu və özünü təcili yanıma çatdırmağını demişdim. Nəfəslikdən çöldəki havanın artıq qaraldığını görmək olurdu. Qızıdırıcının sağ tərəfində ürəyin içərisində yazılmış yazı isə məni bir az da məyus eləmişdi. “Anam xəstədir. İllərdir iynə-dərmanını güclə alıram. Tək övladı mənəm. Atam bizi tərk edib. Axırda gücüm çatmadı. Aptekə girib soyğunçuluq elədim. Aptekçinin üstünə bıçaq çəkərək, anama lazım olan dərmanları artıqlaması ilə götürdüm. Sonra da özüm polisə təslim oldum.” Allah köməyin olsun. Gör necə həyatlar var dünyada?! Bu günümüzə nə qədər şükür etsək azdır!....

 

6-cı hissə

Metro həmişəki kimi basabas idi. Monitorda “Dərnəgül” yazısı yazılanda hamı gələn qatara minmək üçün irəli şığıdı. Mən irəlidə olduğum üçün çox da əziyyət çəkmədim. Kütlə özü məni içəri itələmişdi. İki stansiyadan sonra boş yerlərin birində oturdum. Günün verdiyi müdhiş yorğunluq ayaqlarımdan süzülüb bədənimi tərk edirdi. Bütün varlığımla, ruhumla bu gün həyəcan və qorxu hisslərinə təslim olmuşdum. Tamahıma məğlub olub ondan qat-qat ali olan qürur hissimi tapdalamışdım. Özüm öz gözümdə zəifləmiş, alçalmışdım.

Oturduğum yerdə başımı qaldırıb heç kimin üzünə baxa bilmirdim. Hamı məni günahkar hesab edirdi. Hamının beynində bir fikir var idi: “Gərək vaxtında polisə məlumat verərdin.” Elə bil hamının mənim bugünki göz yaşlarım və yalvarışlarımdan xəbəri var idi. Utanırdım. Kiminsə üzünə baxmağa utanırdım. Üzbəüzümdə oturan yaşlı kişi sərt baxışlarla düz gözümün içinə baxırdı. Elə bil o baxışlarla mənə “Əgər sənin şəxsi marağın olmayıbsa, mənim ölümə-dirimə lənət olsun!” deyirdi. Yanımda oturan qadın hərdənbir çevrilib mənə baxır, başını yelləyirdi. Bu da yəqin ki, “Boynundan, buxunundan utanmırsan? Bu yaşda oğurluq edirsən? Ayıb olsun!” deyirdi. “Bu, niyə başını yelləyir? O, niyə mənə elə baxır? Yoxsa bunların da bu gün olanlardan xəbəri var?”

Operatorun çoxdan gözlədiyim səsini, nəhayət ki, eşitdim. “Qapılar bağlanır! Növbəti stansiya “Memar Əcəmi”!”

Çox şükür bir stansiya qaldı. Artıq bunların əzici baxışlardan azad olurdum. Azadlıq çox gözəl şeydir. Gərək qədrini biləsən. Ancaq, həqiqətən də, bəzi şeylərin ömrü çox qısa olurmuş!

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə Biri ikisində layihəsində bu gün Ədəbi tənqid zamanıdır, sizlərə filologiya elmləri doktoru, professor Buludxan Xəlilovun Xalq yazıçısı Mehdi Hüseynin “Nizami” pyesi barədə yazdığı məqaləsi ilə tanışlıqdır.

 

 

 Mehdi Hüseynin “Nizami” pyesi:

 “DÜNYADA ƏBƏDİ OLAN BİR ŞEY VARDIR: MƏHƏBBƏT!..”

 

Mehdi Hüseyn “Nizami” pyesində Nizaminin dili ilə bu sözləri deyir: “Dünyada əbədi olan bir şey vardır: Məhəbbət!..” Pyesdə memar obrazı olan Əbdək Nizamidən soruşur ki, dünyada səadət varmı? Nizami deyir:, “İnsan olan yerdə səadət də vardır, gözəllik də!” Bu zaman Əbdək “Lakin bu gözəllik əbədi deyildir” söyləyir. Nizami isə belə cavab verir: “Dünyada əbədi olan bir şey vardır: Məhəbbət!.. Bu gözəlliyi məhəbbət yaşadacaqdır”. Nizami əlini qardaşı Qivaminin çiyninə qoyaraq aşağıdakı şeiri oxuyur:

 

Bərdə nə gözəldir, oh, nə göyçəkdir!

Yazı da, qışı da güldür, çiçəkdir!

Yayında dağlara lalələr səpər;

Qışını baharın nəsimi öpər...

Oxuyur kəkliyi, ötür turacı,

Qırqovul yuvası hər sərv ağacı...

Səssizlik içində dincəlir gülşən,

Torpağı azaddır qayğı, kədərdən...

Quşlar yığılırkən bu gözəl yurda,

Quş südü istəsən, taparsan burda…

Belə şux, sevimli gülşən harda var?

Harda var xəzinə saçan bu diyar?!

      

Nizaminin bu sözləri Əbdəkin qəlbinin kədərini artırır. Nizami ona deyir ki, qəhrəman insanların ən böyük düşməni məyusluqdur. Əbdəkdən soruşur ki, onun kədərinin səbəbi nədir? Əbdək öz kədərinin səbəbini açıqlayır. Qeyd edir ki, bu görünən sarayları quran, onlara baxdıqca ən çox sevinən odur. Ancaq ürəyinin dərdi odur ki, gözəl Bərdəni fəlakət gözləyir. O deyir ki, Xəzərlər onun yaratdığı bu sənət abidələrini uçurub xarabaya döndərməyə gəlirlər. Əbdək Nizamiyə söyləyir: “Budur, dünəndən bəri at belində Bərdənin istehkamlarını gəzərək yoxlayırıq... Ümidimizi yalnız öz qolumuzun gücünə bağlayırıq... Dedilər ki, Şirvan hökmdarı Bərdəyə ova çıxmışdır. Biz onunla görüşüb kömək istəyəcəyik. Dərbənd əmiri bizə kömək verməkdən boyun qaçırtdı. Bərdənin dostu yoxdur”. Nizami Bərdənin kimsəsiz olmadığını deyir və bu torpağın oğullarının hər şeydən yoxsul olsalar da, namusdan yoxsul olmadıqlarını söyləyir. Nizami özü Gəncədə yaşasa da, Bərdə cəngavərlərinə qüvvət verir, onların qəlbinə yaxın olduğunu belə söyləyir: “Eşidirsinizmi? Ölərik, amma basılmarıq! Siz də eşidin, igid dostlarım. Nizami yalnız Azərbaycan igidlərinin eşqilə yaşayır”. Cəngavərlərə ruh verən Nizami təkcə şair kimi deyil, həm də ovçu kimi mahirdir. O nişan alır və ceyran ovlayır. Bu zaman Şirvan şahı öz adamları ilə gəlir. Vəzir Şirvan şahına deyir ki, o ovçulara (yəni Nizami, Əbdək və Nizaminin dostu Yusifə) deyərik ki, vurulmuş ceyranı sizə bağışlasınlar. Şirvan şahı belə bir ovun heç bir qiyməti olmadığını söyləsə də, vəzir bu yerlərə onların bələd olmadığı üçün belə bir ovun məqbul olduğunu deyir. Birdən Şirvan şahı ovçuların (Nizami, Əbdək və Yusifin) onlara tərəf gəldiyini görür. Vəzir onların Şirvan sarayından olduqlarını deyir. Bu məqamda Nizami vurulmuş ceyranı gətirir və deyir: “Alın! Hər şeydə taleyim belə gülsə, xoşbəxtlikdə heç kim mənimlə rəqabətə girişməz...” Yusif xəncərini qınından çıxararaq Nizamiyə uzadır və deyir ki, al, ceyranın başını kəs. Nizami “Şair baş kəsməz” deyir, bu işdə Yusifin məharətinin daha çox olduğunu ona deyir. Şirvan şahı görür ki, o, şair Nizami ilə üz-üzədir. O, Nizamidən soruşur ki, sən şair Nizamisən? Nizami deyir ki, bəli, ancaq mən hələ özümü şair adlandırmağa cəsarət etmirəm. Şirvan şahı Nizamiyə deyir: “Yox, belə təvazökar olma! Bu ad sənə layiqdir. Xaqani səni təriflədi. Mən sənə ürəkdən vuruldum”. Nizami Şirvan şahına Xaqani ilə məktublaşmasından, Bərdəyə xəzərlər tərəfindən hazırlanan hücumdan danışır. Nizami Şirvan şahını düşündürməyə çalışır. Bu baxımdan Mehdi Hüseynin “Nizami” pyesindən Nizaminin fikirlərini xatırlatmaq yerinə düşər: “Xaqanini mən hələ görməmişəm. Mən onu yalnız məktublarından tanıyıram. Böyük şair nədənsə son məktublarını mürəkkəblə yox, göz yaşları ilə yazır…Onun sözlərindən Azərbaycanın dərin kədəri oxunmaqdadır… Ey şah, Bərdəyə hazırlanan hücumdan xəbərdarsınızmı?” Şirvan şahı isə Nizamiyə deyir ki, şair bütün dərdini unut, sarayıma gəl. “Məcnun eşqinə dair dürr kimi bir söz de! Bacarsan, bakirə Leyli kimi iki-üç kəlmə bakirə söz yarat!” Vəhşi xəzərlərin Bərdəyə hücum edəcəkləri xəbəri şah üçün təzə xəbər olsa da, “...Bərdə Şirvan hökmdarının ixtiyarında deyildir” deyə söyləyir. Bu məqamda Nizami ilə Şirvan şahı və vəziri arasındakı fikir mübadiləsini Mehdi Hüseyn belə verir:

“Nizami (dərindən köksünü ötürərək). Elədir, Odlar yurdu on yerə parçalanmışdır. Hər dərənin bir hökmdarı var! Nə üçün, ey şah? Məgər bir insanın qəlbi belə xırda hissələrə bölünərkən, yaşaya bilərmi?

Şah. Əzəldən belə olmuşdur, şair… Bunun günahı məndə deyil, tarixdədir.

Nizami. Əsl qüvvət də, tarixin səhvini düzəldən hökmdardadır. Azərbaycanın belə bir hökmdara ehtiyacı vardır. Siz də çalışın, bir ürək on yerə parçalanmasın. Bunu sabah sizdən bütün xalq tələb edəcəkdir!

Şah. Səndən cavab gözləyirəm, şair, sənin kimi mahir bir şeir ustadı sarayda, naz-nemət içində yaşamalıdır!

Nizami. Məncə, şair hər şeydən əvvəl insanların qəlbində yaşarsa, daha gözəl olar, ey şah! Bir də, mən də bu yerlərdə ötən quşlar kimi azadə nəfəs almaq istərdim. Mən bu yerləri sevirəm. Sevgi isə mənim ən böyük ilham mənbəyimdir.

Vəzir. Sizcə, bu yerlərdən uzaqda yaşayan saray adamlarının hamısı bədbəxtdirmi?

Nizami. Baxın, bu gün mənim bəxtimdən ceyran sürülərinin sayı-hesabı yoxdur. İzninizlə biz gedək.

Şah. Buyurun, mən sizi saxlamıram. Amma yaxşı düşün!..

Nizami. Mən ömrüm boyu düşünəcəyəm... Dünyanın, həyatın sirlərini kəşf etmək istəyən bir insan üçün düşünmək həm ilk, həm də son vəzifədir. Yusif, qardaşım, gəl! (Gedirlər)

Şah. Vəzir, Nizami saraya gəlib mənim qanadım altında böyüməlidir. O, Gəncədə nə qədər çox qalarsa, bizə bir o qədər də ziyan verə bilər. İndi biz buradan Gəncəyə gedirik. Demək, qət olundu. Qoy Nizaminin şöhrəti mənim sarayımla bağlansın...”

Nizami Gəncəvini Odlar yurdunun, yəni Azərbaycanın on yerə parçalanması narahat etdiyi halda, Şirvan şahı bunun günahını tarixdə görür və əvvəldən belə olması ilə təsəlli tapır. Nizami tarixin səhvini düzəldən hökmdara ehtiyac olduğunu bildirdiyi halda, Şirvan şahı şairin naz-nemət içində yaşamalı olduğunu deyir. Nizami şairin insanların qəlbində yaşamasını, azad nəfəs almasını, sevginin (yaşadığı yerə sevginin) ən böyük ilham mənbəyi olduğunu təsdiq etdiyi halda, Şirvan şahının vəziri bu yerlərdən uzaqda yaşayan saray adamlarının heç də bədbəxt olmadıqlarını söyləyir. Nizami hər bir insanın ömrü boyu həyatın sirlərini kəşf etmək istəyi ilə düşünməsini ilk və son vəzifə hesab etdiyi halda, Şirvan şahı Nizaminin sarayda yaşamasını, onun qanadı altında böyüməsini, bununla da sarayının şöhrətinin artmasını istəyir. Bütün bu söhbətlərdən sonra yenə də məhəbbət və gözəllik hər şeyin fövqündə dayanır. Nizaminin "İnsan olan yerdə səadət və gözəllik vardır, dünyada əbədi olan bir şey məhəbbətdir, gözəlliyi məhəbbət yaşadacaqdır" fikirləri Mehdi Hüseyn tərəfindən pyesdə bir daha qabardılır. Belə ki, Afaqın (O, Əbdəkin bacısıdır), Dəstəgülün (Bərdə cəngavəri Toğrulun bacısı), Bərdə qızlarının ceyran ovundan sonra Nizami, Qivami və Yusiflə qarşılaşması səhnəsini verir. Bir daha səadət, gözəllik, məhəbbət dünyanın fövqündə dayanan nemətlər kimi təqdim olunur. Nizami qızlara yaxınlaşaraq Bərdənin gözəlliklərini salamlayır, dağları, dərələri gəzib yorğun düşmüş qərib ovçulara su vermələrini istəyir. Afaq el-obasının qonaqsevər olduğunu deyir, qərib ovçuların onların gözləri üstündə yeri olduğunu söyləyir. Bardağı su ilə doldurub Nizamiyə verir. Nizami Afaqı süzür, onun gözəlliyinin qarşısında sarsılır və öz-özünə deyir: “Aman Allah, onun gül yanaqlarına, dağ çeşməsi kimi qaynayan gözlərinə baxdıqca ürəyimin çırpıntılarını nə qədər aydın eşidirəm! Bəlkə, o, göydə axtardığım ulduzdur? (Afaqa) Pərilər sultanı, sən bir həqiqətsən, yoxsa xəyal?” Təbii ki, bu, (yəni Afaq) xəyal deyil, həqiqətdir. Bu həqiqətin qarşısında Nizaminin əli titrəyir, bardaq əlindən yerə düşüb qırılır. Pərilər sultanı Afaqın verdiyi su ona qismət olmur. Onun eşqi, məhəbbəti şərab kimi qədəhə tökülsə də, əlindən düşüb daşlara toxunur. Afaq belə olan vəziyyətdə Nizamiyə ovcunda su vermək istəyir. Ancaq Nizami yox deyir və ona belə söyləyir: “Sən səadət timsalı olan bu qara gözlərindən mənə həyat suyu verdin... Sağ ol...” Afaq qəmgin bir görkəm alır. Dəstəgül ona təskinlik verir, deyir ki, təki sınan bardaq olsun. Afaq deyir: “Yox, sınan o deyil, Dəstəgül, sınan ürəyimdir! O gözlər… o baxışlar... ömrümün sonuna kimi mən o gözləri unutmaram! Görəsən, o, həqiqətdir, yoxsa xəyal?!” Bəli, o, həqiqətdir. Bəli, Nizami də, Afaq da həqiqətdir. Onların hər ikisinin qəlbində bir-birinə məhəbbət var.

Mehdi Hüseyn Nizaminin “Dünyada əbədi olan bir şey vardır: Məhəbbət!..” fikrinə aşağıdakı açıqlamalarla aydınlıq gətirir.

a) Yer kürəsi böyükdür. Yer kürəsini gəzdikcə hər budaqda bir bülbülün səsini eşidirsən , çiçəklərin dilini öyrənirsən;

b) İnsanın gözləri heç zaman İlahinin yaratdğı gözəllikdən doymayacaqdır;

c) İlahinin yaratdığı ən böyük gözəllik insandır;

ç) İnsan olan yerdə səadət, gözəllik və məhəbbət vardır. Gözəllik əbədi olmasa da, məhəbbət əbədidir və o, gözəlliyi yaşadacaqdır;

d) Nizami Gəncəvi Azərbaycan igidlərinin eşqi ilə yaşayır, Odlar yurdunun, yəni Azərbaycanın parçalanması onu narahat edir. Ona görə də Nizami Azərbaycanın tarixi səhvləri düzəltməyi bacaran hökmdarlara böyük ehtiyacı olduğunu bəyan edir;

e) Nizamiyə görə, dünyanın, həyatın sirlərini kəşf etmək istəyən insan üçün düşünməyin ilk və son vəzifə olduğu unudulmur;

ə) Nizami insanların qəlbində yaşamağı, azad nəfəs almağı sarayda naz-nemət içində yaşamaqdan üstün tutur;

i) Nizami gözəllik və məhəbbət qarşısında acizdir. O, insanın gözəlliyi və məhəbbəti ömrünün sonuna qədər unutmayacağı bir nemət və bir həqiqət hesab edir.

 

“Ədəbiyyat və incəsənət”

(19.02.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.