ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Əgər “istedad” sözü “fitri qabiliyyət” mənasını özündə ehtiva edirsə, bu kəlmənin heç bir peşəyə aidiyyətı yoxdur. Məsələn, “istedadlı insan” deyiləndə şair, yazıçı, rəssam və s. fitri qabiliyyətli adamlar yada düşməlidir. Aktyorluq istedadın məhsulu deyil, daha doğrusu, aktyorların istedadlısı olmur, mahiri olur. O da Azərbaycanın mahir aktyorlarından biridir. Yazıçıların yaratdıqları obrazları məharətlə canlandırmağı bacarır...

Uşaqlıq illərində aktyor olmağı ağlından belə keçirməyib. Arzusu ingilis dili tərcüməçisi olmaq idi. Məktəbdə oxuyarkən ingilis dili müəllimi ona deyib ki, tərcüməçi qadın peşəsidir, sən aktyor olmalısan. Və dərs dediyi müddətdə müəllimi ona yavaş-yavaş aktyor olmağı aşılayıb. Nəhayət inandırıb ki, ondan yaxşı aktyor alınar. O da orta təhsilini bitirəndən sonra bu inamla sənədlərini incəsənət universitetinə verib və iki il dalbadal qəbul imtahanlarından kəsilib. Üçüncü il imtahanları verərək nəticədə universitetə daxil ola bilib. Beləliklə, 1994-cü ildə universitetin teatr-kollektivinin rejissoru fakültəsini başa vuraraq ali təhsilə yiyələnib...

Deyir ki,- “Universitetə imtahan verən zaman məni aktyorluq imtahanından kəsən müəllim tamaşaların birində ayağımın altına gül qoyanda təəccüblənmədim. Bilirdim ki, imtahandan kəsəndə, o, məni tanımırdı. Əslində, məni imtahandan kəsməklə böyük kömək etmişdi. Daha da püxtələşmişdim, daha çox şeyləri öyrənmişdim. Ömrüm boyu ona minnətdaram.” 

Haqqında söhbət açdığım Pərviz Məmmədrzayev əvvəlcə Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrının nəzdində fəaliyyət göstərən, 2000-ci ildən dövlət statusu alan Pantomima teatr-studiyasında çalışıb. 2001-ci ildən həm də ADMİU-nun “Xoreoqrafiya sənəti və səhnə plastikası” kafedrasında (Səhnə hərəkəti, səhnə döyüşü, qılınc təlimi, plastika və pantomima fənnləri üzrə) və həmçinin "Musiqili teatr aktyoru" kafedrasında müəllim kimi fəaliyyət göstərir. 2010-cu ildən müstəqil fəaliyyətə başlayaraq "Simsar" teatr-studiyasını yaradıb. Teatr-studiya "Vaqa" adli ilk tamaşasını 2011-ci il yanvar ayında nümayiş etdirib. 2013-2016-cı illərdə Akademik Milli Dram teatrının studiyasında ritm və plastika üzrə müəllim və eyni zamanda həmin teatrın aktyoru kimi çalışıb. 2017-ci ildən Azərbaycan Dövlət Muisiqili teatrında aktyor kimi fəaliyyət göstərir. 2006-cı ildən əməkdar artist, 2018-ci ildən isə xalq artistidir...

Gənclik dövründə idmanın taekvando növü ilə də məşğul olub. Bu məşğuliyyət onu cəngavər kimi yetişdirib. Necə deyərlər, çevik adamdır. Bu çeviklik onun düşünmə tərzinə, hadisələri təhlil etmək qabiliyyətinə də sirayət edib...   

“Bir gün zalda məşq edirdim. Bəxtiyar Xanızadə içəri daxil oldu və mən məşqi dayandırdım. Bəxtiyar müəllim xahiş etdi ki, məşqi davam edim. Mən də dayanmadan öz çıxışımı bitirdim. Sonra o, məni yanına çağırıb çıxışımı çox bəyəndiyini dedi: "Səni indiyə kimi idmançı kimi tanımışam, bu gün səndə əsl aktyorluq gördüm". Ardınca da soruşdu ki, nə vaxtsa teatr yaratsa, məni dəvət etsə gedərəmmi? Təbii ki, böyük məmnuniyyətlə təklifini qəbul etdim. Beləliklə, bir müddət sonra Pantomima Teatrı yarandı və biz orada çıxışlara başladıq.”- söyləyir...

Güclü improvizə bacarığına, yüksək səhnə mədəniyyətinə, rolu məharətlə ifa etmək səriştəsinə malikdir. Geniş dünyagörüşü var. Məzmunlu və maraqlı adamdır...

Deyir ki,- “Sənət mənim yaşam tərzimdir. Hər dəfə səhnəyə çıxanda sevgilimlə görüşə çıxırmış kimi qəribə bir həyəcan və həzlə çıxıram. Səhnə mənim üçün başqa meydandır. Səhnəyə- içimdəki o sevgiyə, o sevgiliyə heç vaxt xəyanət etmərəm. Özünə, sənətinə xəyanət edən adam heç zaman yüksələ bilməz. Teatr ailəmdən sonra mənim rahat nəfəs aldığım, bütün gözəl hisslərimin, duyğularımın yaşandığı bir məkandır. Teatr mənim üçün həqiqətləri demək, ağrı-acılarımı dilə gətirmək və ən əsası sevgimi göstərmək üçün mükəmməl yerdir...”

Bu gün - fevralın 13-ü xalq artistinin doğum günüdür, 53 yaşı tamam olur. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, işlərində müvəffəqiyyətlər arzulayıram...

Bəli, yalnız MAHİR aktyorlar İSTEDADIN yaratdığı obrazları məharətlə canlandıra bilirlər...

Yeni yaşınız mübarək, Pərviz bəy!

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”

 

Hazırda dünya kino industriyasında yalnız fantastika və savaş janrlarının gəlir gətirməsini ortaya qoyan kino tənqidçiləri dram janrının mövqelərini itirməsindən, art kinonun isə tam fiaskosundan dəm vururlar. 

Bəs onda bu gətirəcəyimiz fakta necə don geydirmək olar? 

Rus yazıçısı Mixail Bulqakovun eyniadlı romanı əsasında rejissor Mixail Lokşinin çəkdiyi  “Ustad və Marqarita” filminin gəlirləri rekord həddə çatıb. Rusiya mənbələri xəbər verir ki, film 1,4 milyard rubldan çox gəlir əldə edib.

Dram janrında çəkilən ekran əsərində əsas rolları Yevgeni Tsıqanov, Yuliya Snigir və Avqust Diehl canlandırıblar. 

Yeganə interpretasiya - fentezi çalarları ilə filmin zənginləşdirilməsi sayıla bilər. 

“Ustad və Marqarita” cari il yanvarın 25-dən ekranlara çıxıb. Və çox qısa müddətdə triumf əldə edib.  Nəzərə alın ki, “Ustad və Marqarita” roman olaraq da öz quruluşu və məzmunu cəhəti ilə xeyli mürəkkəbdir, geniş kütlə üçün əlçatan deyil. Onda roman əsasında çəkilən filmin belə kütləvilik qazanması təəccüb doğurur və insanların kino zövqünün heç də primitiv olmadığını sübut edir. 

Xatırladaq ki, “Master və Marqarita” romanına buna qədər də müraciət olunub, 1972-ci ildə İtaliya və Yuqoslaviya kinematoqrafiyasının birgə istehsalı olan eyniadlı film də kifayət qədər uğur qazana bilib.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Çərşənbə axşamı, 13 Fevral 2024 10:15

Teatra əsaslanan pedaqoji təlim sınaqdan keçiriləcək

Gənclərin ən böyük və mütəşəkkil təşkilatı olan “İRƏLİ” İctimai Birliyinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə “Act2Learn – Teatr əsaslı təlim vasitəsilə tədrisin təkmilləşdirilməsi” layihəsinə start verilir. “Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə İctimai Birliyin mətbuat xidməti məlumat yayıb. 

 

Layihənin əsas məqsədi təhsildə yeni yanaşmaların tətbiqi üzrə müəllimlərin bilik və bacarıqlarını artırmaq, eləcə də təhsilverənləri öz peşə fəaliyyətlərində yaradıcı və innovativ strategiyalardan istifadəyə hazırlamaqdan ibarətdir.

Layihə çərçivəsində ilkin mərhələdə 30 pedaqoqun təlim kursuna cəlb olunması nəzərdə tutulur. Kurslar martın 23-dən 27-dək Lənkəranda keçiriləcək.

Proqram qeyri-formal təhsilin əsas istiqamətlərdən biri kimi teatra əsaslanan pedaqoji texnikanın istifadəsi ətrafında müzakirələr, eləcə də bu sahədə təlimlər və seminarlardan ibarət olacaq.

Layihə müddətində istifadə olunacaq metod olan teatr əsaslı təlim güclü, əyləncəli və cəlbedici bir öyrənmə mühitini əhatə edir. Teatra əsaslanan öyrənmə öyrənənlərin ehtiyacları nəzərə alınmaqla hazırlanır, real ssenarilər yaratmaq üçün peşəkar aktyorlardan istifadə edilir. Sessiya zamanı nümayəndələr səhnələrin təqdim etdiyi problemin həlli üçün müxtəlif strategiyaları araşdıra bilirlər. Müsahibə vermək və ya personajların “isti oturacaqları” tamaşaçılara “xarakter” nöqteyi-nəzərindən məsələ haqqında düşünməyə imkan verir.

Həmçinin layihənin faydalılığının artırılması və daha çox şəxsin məlumatlandırılması məqsədilə iştirakçı müəllimlərlə birlikdə teatr əsaslı təlim mövzusunda əl kitabçası hazırlanacaq. Bu kitabçada müəllimlərin tədris müddətində istifadə edə biləcəkləri qeyri-formal təhsil üsulları, əsasən də teatr əsaslı təlim metodikası barədə ətraflı məlumat veriləcək. Bu kitabçaların daha sonra çap olunaraq, paytaxt və bölgələrdə yerləşən ümumtəhsil məktəblərinə paylanılması planlaşdırılır.

İlk baxışdan çox maraqlı layihədir, uğur qazanacağı şübhə doğurmur. 

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Nyu-York şəhərindəki “Karneqi-holl” zalının səhnəsində Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisi, Azərbaycanın Əməkdar artisti, professor, tanınmış pianoçu Nərgiz Əliyarovanın konserti olub.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, dünyaşöhrətli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, akademik Arif Məlikovun 90 illiyinə həsr olunmuş musiqi axşamı anşlaqla keçib.

 

Nərgiz Əliyarova Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən fortepiano üçün pyesi ifa edib. Baletin süjet xətti və bu əsərin Arif Məlikovun yaradıcılığında mərkəzi rolunu qeyd edən pianoçu vurğulayıb ki, bu əsər dünyanın onlarla ölkəsində səhnəyə qoyulub və musiqi sənəti xəzinəsinə daxil edilib. Proqramda, həmçinin Bethoven, Şopen, Debüssi və Metnerin əsərləri səsləndirilib.

 

Tamaşaçılar musiqiçinin ifasını maraqla qarşılayıblar. Nərgiz Əliyarova, həmçinin alqışlar altında təkrarən Şopenin valsını ifa edib. Konsert musiqi həvəskarlarının sürəkli alqışları ilə başa çatıb.

 

Nərgiz Əliyarova Nyu-Yorkda yaşayan dünyaşöhrətli azərbaycanlı pianoçu və klassik musiqişünasdır. O, doqquz yaşında verdiyi ilk konsertindən bəri dünyanın 40-dan çox şəhərində solist qismində, kamera və simfonik orkestrlərlə çıxış edib. N.Əliyarova Azərbaycan Respublikasının Əməkdar artistidir və 2010-cu ildə Polşa hökuməti tərəfindən “Şopen irsinə verdiyi görkəmli töhfəyə görə” mükafatına layiq görülüb. Nərgiz xanım 25 il Bakı Musiqi Akademiyasında professor kimi dərs deyib. O, bu müddət ərzində fəlsəfə doktoru elmi dərəcəsi alıb və 20-dən çox elmi məqalənin, eləcə də bir neçə kitabın müəllifidir. Pianoçu, həmçinin Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin təsisçisidir.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Çərşənbə axşamı, 13 Fevral 2024 15:30

Müəllim qələmi olan yox, sərvəti olandır - AKTUAL

Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”

 

Müəllim... Nədir mənası? Kimdir müəllim?

Müəllim - biliyin qapılarını üzümüzə açan, ilk dəfə balaca əllərimizdən tutub bizə oxumağı, yazmağı öyrədən insandır.

Müəllimlərdən bəhs edərkən ağlımıza ən çox öz məktəb illərimiz düşür. 

Bizə dərs keçən müəllimlərin ən çox işlətdiyi sözlər, ən çox sevdiyimiz dərs, sinif yoldaşlarımız, müəllimlərimizin siması gözümüzün önündə canlanır.

Bilmirəm, bu düşüncə necə yaranıb, bu fikri kim irəli sürüb, amma Azərbaycanda ikinci müəllim anlayışı da var. 

Məsələn, pullu adamlar, bir çox iş yerlərindəki müdirlər, loru dildə desək, rusiyətdən qayıtmış daydaylar hamısı müəllimdir.

Özü də ki, fərqi yoxdur, ali təhsilli, ya orta məktəb bitirmiş işçilər müdirə müəllim deyirlər. 

Bu hələ harasıdır ki, məktəblərin çoxunda şagirdlər kitabxanaçı, katibə ilə müəllim fərqini anlaya bilmir, müəllim deyir onlara da və bu şagirdlərin günahı deyil.  

Mənim fikrimcə, 1-ci sinifdən etibarən şagirdlərlə müəllimlər tərəfindən xadimə, kitabxanaçı, katibə və digər işçilər kimdir və onlara necə müraciət, rəftar etmək lazımdır öyrədilməlidir.

"Müəllim" adı müqəddəsdir.  Bu adı ilk növbədə elə müəllimlər özləri qorumalıdır.

Məişət mövzusu olaraq davam edək. 

Uşağın yanında müəllimi söyüb, müəllim nə desə cavabını qaytar deyən valdeyinlər də var. Həmən adamlardı hansısa yekəqarın, bahalı maşından düşən, cibində oynayan pulların hardan gəldiyi məlum olmayan adamın qabağına baş əyib deyir ki, “Ay müəllim, sən mənim canım orda oturma, burda otur.”

“Ay uşaq, bax filənkəs müəllim böyük adamdır ha neçə yerdə evi var.”

Daha söz tapa bilmirəm. Nə deyim, kimə deyim, kim anlayacaq?

Söhbət açılsa, oturub saatlara bu mövzunu müzakirə etsəm belə insanlarla, dəyişən tək şey səs tonum olacaq.

Bəli, ölkədə "müəllim qələmi olan yox, sərvəti olandır".

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Çərşənbə axşamı, 13 Fevral 2024 10:45

“Himayədar” üçün himayədarlar

Könül, “Ədəbiyyat və incəsənət”

 

 

Azərbaycan tarixində elə şəxsiyyətlər olub ki, onlar barədə durmadan romanlar yazılsa, filmlər çəkilsə, yenə də kifayət etməz. Elə Hacı Zeynalabdin Tağıyevi götürək. Milli burjuaziyanın bu nümayəndəsi həqiqətən də böyük himayədar olub, mədəniyyətin, elmin, səhiyyənin himayədarı olub. 

 

Bakı Media Mərkəzinin istehsalı olan çoxseriyalı “Himayədar” filminin çəkilişləri yekunlaşıb.

Filmin baş prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman və Zaur Qasımlı, rəssamı Vüsal Rəhimdir.

Ekran əsəri Hacı Zeynalabdin Tağıyevin vəfatının 100-cü ildönümü ilə əlaqədar çəkilib. Filmdə XIX əsrin sonu – XX əsrin əvvəlində Bakıda və bölgədə baş verən mühüm tarixi hadisələr də əks etdirilir.

Daha öncə Bakı Media Mərkəzinin yaydığı məlumatda da bildirildiyi kimi, “Himayədar” filminin on beş aylıq hazırlıq və çəkiliş dövründə rəssam komandası tərəfindən 150-dən çox əsas qəhrəmanın geyim eskizləri və geyimləri, 400-dən çox geyim növləri, 100 aksesuar – zərgərlik nümunələri hazırlanıb. Səkkiz seriyadan ibarət olması nəzərdə tutulan filmin çəkilişləri 70-dən çox məkanda aparılıb.

Bəli, Zeynalabdin Tağıyev dövrünün himayədarı olub. İndi də Bakı Media Mərkəzi səlnaməçi kimi o böyük şəxsiyyət barədə film çəkməklə, bir növ, ona himayədarlıq edirlər.

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Çərşənbə axşamı, 13 Fevral 2024 12:15

“Yazıqlar olsun!” - Güneyli Vüqar Nemətin şeirləri

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan təmsilçisi Əli Çağla bu hün sizlərə növbəti Güney şairini təqdim edir: Vüqar Neməti. 

 

 

KİMDİ BU DƏLİ?

 

Görəsən kimdi bu dəli?

Biz keçdik, bizi söymədi.

O tanrını qaraladı,

İt-pişik payı qoymadı.

 

Söydü, yeri-göyü söydü,

Döydü, kölgəsini döydü,

Hamının ağzını əydi,

Zorbaya, zora əymədi.

 

Getməz, o üzdən getmədi,

Bilmədik davası nədi?!

Birazdan çaldı, oynadı,

Artıq heç kəsi saymadı.

 

Ağıl axtara-axtara,

Gör bir gəlib çıxıb hara?!

Bu dünyaya, pula, vara,

Uymaz, heç nəyə uymadı.

 

Həm buralı, həm oralı,

Görəsən kimdir bu dəli??

Hamı yolun çaşdı, vəli

O öz yolunu caymadı!..

 

 

EŞQİN PƏRDƏ ARXASI

 

Gör bir kimi sevdim mən arxadaş!

Üzümə, üzümə durdu.

Gözləri əsla eşitməz

Və qulaqları kordu!..

 

Durdum gecə boyu yoxluğunun qapısında

Uçdum sözcüklərin qanadlarında

Özgə-özgə düşünüb

Ağladım öz yerimə

Heç bir kimsə bilmədi

Gülüşlərim qanadı

Mən bir sevda yolçusuydum

Uyur-gəzərlər kimi.

Sətir-sətir gəzərdim

Bu yağış ölkəsini.

Yoluma işıq tutardı onun gözləri

Gözlüyünü saxlamaq üçün

Yaxşıca tasarlanmışdı

Qulaqları və burnu!..

 

Həsrətdir, kədərdir, acıdır, qəmdir

Eşqin pərdə arxası cəhənnəmdir.

Durmadan qaralar qanlar

Özünü div aynasında görən bunu nə anlar?!

Göy üzünü dilə-dişə saldılar

Ölü göz adamlar.

Aktyor adamlar.

Bir də, adı pisə çıxmış bir ölüm!..

 

Gör bir kimi sevdim mən arxadaş!

Üzümə, üzümə vurdu.

Gözləri əsla eşitməz

Və qulaqları kordu!..

 

 

YAZIQLAR OLSUN

 

Mən bir fidan əkdim, “tutmaz” – dedilər,

Mənsə tutan bildim, yazıqlar olsun!

“Bu hicran, bu həsrət bitməz” – dedilər,

Nəsə bitən bildim, yazıqlar olsun!

 

Mənim o ulduzum, de, harda qaldı?

Ya göyə çəkildi, ya yerdə qaldı,

Mənə “Tən” deyənim bəs harda qaldı?

Mən onu tən bildim, yazıqlar olsun!

 

Sənə nə “Get” – dedim, nə də ki, “Qayıt”,

Buna göy şahiddir, buna yer şahid,

Bu yolda hər zaman özümü şəhid

Səni vətən bildim, yazıqlar olsun!..

 

 

İNSAN HEÇ NƏYƏ BƏNZƏMƏZ

 

İnsan heç nəyə bənzəməz yavrum mənim

Gülü, güldür

Tikanı, tikandır dünyanın.

Amma insan

Özünə belə bənzəməz.

Baxarsan

Adam kimi adam

Əl uzadsan yanar əllərin

Yaxınlaşsan ürəyin üşüyər!..

 

Qış, qışdır

Yaz da yazdır, bilirsən.

Yaz

İnsan heç nəyə bənzəməz mənim gülüm

Hər şeyə bənzədiyi kimi!..

 

 

QARĞA

 

Yenə nə qar-qar edirsən,

Qoy get öz işinə qarğa!

Həp öz sözünü deyirsən

Bəxtəvər başıma qarğa!

 

Sən ağa, mən ağa ancaq,

Buludları kim sağacaq?

Tələsmə, qar da yağacaq,

Bu qalan işinə qarğa!

 

Bəxtin qara, üzün qara,

İnanma qarla ağara,

Ağlıq nədir ay avara?!

Düşübsən peşinə qarğa!

 

Sən yatarsan, səsin yatmaz,

Heç kimin ağlına batmaz,

Əlin çatar, ağlın çatmaz,

Dünyanın daşına qarğa!

 

Payız gəlir, əsin düşür,

Küləklə də bəhsin düşür,

O səsindən ağ dən düşür,

Mənim də başıma qarğa!

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Çərşənbə axşamı, 13 Fevral 2024 17:00

Layla dedim, yatasan...

Oruc Ələsgərov, “Ədəbiyyat və incəsənət”

 

Layla dedim, yatasan,

Qızılgülə batasan…

Hardan gəlir bu səs-səda?

Bəlkə, illər arxasında

Layla çalır gəlin ana?  

(X.R.Ulutürk)

 

Dünənki kimi yadımdadır, həmin zaman məktəbə yeni qəbul olmuşdum. O vaxtlar ailəmlə babamgilə tez-tez gedib-gəlirdim, onlara yaman bağlı idim, hətta həftəsonları babamgildə qalmağa təkid edirdim. Elə Xocalı soyqırımının 20-ci ildönümü günü 2012-ci ilin 26 fevral gecəsində də onlarda idim, babama qısılıb efirdə göstərilən proqrama baxdığım da yadımdadır. Proqramda göstərilən səhnədə bir qadın fəryad dolu səslə qucağındakı körpəsinə layla çalırdı. Bütün nəzərim televizora cəmlənmişdi ki, babamın xırıltılı öskürəyi və “Qəribə həyatdır...” deyə səslənişi ilə dik atıldım. “Həyatın nəyi qəribədir?”, “Babam niyə elə dedi?”, “Niyə layla bu gün belə ağır səslənir? O ki çox həzin bir nəğmədir.” deyə düşüncələr 6 yaşlı mənə hələ aydın deyildi. Sonra anladım ki, həmin fevral gecəsində laylanın belə ağır, nalə dolu səslənişi onun özündə 20 ilin yorğunluğunu daşımasından irəli gəlir. Axı həmin gecə onlarla ailə son axşam yeməyini yedi, atalar son dəfə övladları ilə oynadı, analar son dəfə öz körpə balalarına layla çaldı, axı o gecə bir çox ailənin birlikdə son gecəsi oldu. Bəlkə layladakı bu yorğunluğun səbəbi bizdən inciməsidir? Bəlkə beşikdə ruhunu Yaradanın haqq dərgahına təslim edən uşaqlar üçün sona qədər səslənmədiyinə görə incidi bizdən layla? Bəlkə elə Xocalıda əsir götürülən, valideynini itirib fəryad edən uşaqların dilində son dəfə səslənib sonra Xocalı uşaqlarının ruhu ilə göylərə uçdu? Bəlkə nəğmələr gülüstanı Qarabağa küsdü layla?

“Xocalıdakı günlərimdən danışanda anamın qoynunda yatmağım, atamla qarajda gördüyüm it yadıma düşür. Mən Xocalıdan qaçanda beş yaşım var idi. Həmin faciədə gözümü açanda bir kişinin kürəyində meşənin içi ilə getdiyimizi gördüm. Geri dönüb baxanda Xocalımdan qalxan qara tüstü və alov ilə üzləşdim. Həmin qocaya yük olduğuma görə kürəyindəki şalı açıb məni buraxdı və meşədəki dərəyə doğru yuvarlandım. O dərədə dəfələrlə “ay ata” deyə səslənişim də yadımdadır. Sonradan öyrəndim ki, atam da həmin zaman “Mehdi” deyə qışqırıb nalə çəkirmiş. O dərədən məni 6-7 saat sonra erməni hərbçiləri tapdı. Qaranlıq otaqda oyananda əsirlərin qışqırıq səsləri gəlirdi. Gözümü işıqlı dünyanın qaranlıq otağında neçə dəfə yumub-açdığım, neçə günün keçdiyini bilmirəm. Daha sonra əsirdəyişmə məntəqəsində mən də qaytarıldım. Babamla birlikdə Bakıya gəldim. Nənəmlə, dayımla yaşamağa başladım. Nənəmi özümə ikinci ana bilirdim...”-bu sözləri Xocalı faciəsinin qaranlıq üzü, beş yaşında bütün ailəsini itirən Mehdi Əliyev o gecəni xatırlayarkən dilə gətirir. O, Xocalıda ailəsinin hər bir üzvünü itirən 25 uşaqdan biridir. Onun indi 36 yaşı var. Bu yaşında hər gün beş yaşlı uşağı axtaran Mehdi heç böyümədi. İllər keçəcək, amma Mehdi daim o uşağın axtarışında olacaq...

 

Xocalı soyqırımından sonra doğulan uşaqlar Xocalıda öldürülən uşaqlardan indi daha yaşlıdı. Onlar qocalacaq, amma Xocalıdakı uşaqlar elə o yaşda da qalacaqlar. Mənim isə o uşaqlar üçün əlimdən gələn tək bir şey varsa, o da pıçıltı ilə bizdən küsən Laylanı yenidən oxumaqdır.

 

Layla dedim, yatasan,

Qızılgülə batasan.

Qızılgülün içində

Şirin yuxu tapasan...

 

İndi Xocalımız azaddır. Bir zamanlar kiçik qiyamətə şahid olan bu torpaqlar indi küllərindən yenidən doğulan simurq kimi canlanır, bu ərazilərdə geniş quruculuq  tədbirləri həyata keçirilir. Bəs görəsən bizdən küsən Layla yenidən bu ərazilərdə doğulacaq körpələrə xatir bir daha Xocalıya qədəm qoyacaqmı?

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Çərşənbə axşamı, 13 Fevral 2024 15:00

Siçan tələsi

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

DİALOQ

-Əziz tələbə, sizdə bu depressiya axı necə ola bilər? Həyat bunca gözəldirsə?

-Əziz müəllim, bəs sizdə astma xəstəliyi necə ola bilər, ətrafda bu qədər hava varsa? 

 

AKSİOM

Ağıllı olmaq odur ki, suallara düzgün cavab verə biləsən. 

Müdrik olmaq odur ki, düzgün suallar verə biləsən. 

 

REALLIQ

İnsan hər şeyi bacarır, amma bir işi başlayana qədər. 

 

QAYDA

Pulsuz pendir ancaq siçan tələsində, özü də ikinci siçan üçün olur. 

 

SUAL

Tənha adam kimə şikayət etsin ki?

Bir tərəfdən də, kimdən şikayət etsin ki?

 

“Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Əvəlik şorbasının hazırlanması qaydasını şərh edəcəyik. 

 

DÜSTUR:

§ Əvəlik – 50 qr

§ Un – 80 qr

§ Soğan – 35 qr

§ Yağ – 30 qr

§ Duz – 6 qr

 

HAZIRLANMASI:

Qaynar suda əvəliyin qara rəngi çıxarılır. Üzərinə təmiz su əlavə olunub sıxılır. Soğan yağda qızardılır, üzərinə su və ya işgənə əlavə olunur. Daha sonra umac hazırlanıb suya əlavə edilir. Qaynadıqdan sonra əvə- lik əlavə olunur və bişirilir.

 

Ədəbiyyat və incəsənət”

(13.02.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.