ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Bazar ertəsi, 29 İyul 2024 14:05

GÜLÜŞ KLUBUnda Qoc bürcü

Sərtyel, “Ədəbiyyat və incəsənət” 

 

1.

İnkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrdən narazıdırlar. “Xeyir olsun, onlar inkişaf etməkdədir?”

 

2.

Sıra ilə gah daşları atmaq, gah yığmaq zamanı gəlir, daim növbələşirlər. Kaş ki, biryolluq daşları ələ almamaq zamanı gələydi…

 

3.

-Həkim, çox xahiş edirəm, məni müalicə edin.

-Vətəndaş, mən baytaram. 

-Heç zad olmaz. Mən onsuz da qoç bürcündənəm.

 

4.

Oğlanla qız tanış olanda oğlan yaxın bir neçə saat, qızsa uzaq-uzaq illər barədə düşünür.

 

5.

-Alkoqolun qiymətini niyə qaldırırlar?

-Adamlar az içsinlər deyə.

-Siqatetin qiymətini niyə qaldırırlar?

-Adamlar az çəksinlər deyə.

-Kommunal xidmətlərini bəs niyə qaldırırlar?

-…

 

6.

Saxta pulkəsən arvad uşaq pul xərclədilcə onları tətifləyir, daha çox xərcləməyə ruhlandırır. 

 

7.

Avtobusda istəmədən gəirdim. Dərhal dörd nəfər mənə tərəf çöndü. Özümü “O səs Azərbaycan”dakı kimi hiss etdim. 

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

Bazar ertəsi, 29 İyul 2024 16:00

RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..

Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

Özünü nə qədər soyuqqanlı aparsa da, ona Ruhanə deməyimdən tutulduğu gözümdən qaçmadı. Amma bu yalnız bir an çəkdi və o özünü tez ələ ala bildi. Yenə bir qədər pauza verdim. Sonra dedim:

- Əgər əyləşib məni diqqətlə dinləsəniz, başa düşərsiniz ki, əvvəlki adınızın Ruhanə olması, mənim iki gündə öyrəndiklərimin içərisində ən az önəmli olanıdır.

Maraqla mənə baxan ev sahibəsi qəribə şəkildə gülümsəyib ikinci kresloya oturdu.

- Sizi dinləyirəm.

Baxışları yenə də soyuq idi və heç nə ifadə etmirdi. Hələ ki, onun üzərində üstünlük əldə edə bilmədiyimi öz - özümə etiraf etdim. Bu qadınla söhbət doğrudan da çətin olacaqdı. Qaldığım yerdən davam etdim:

- Etiraf edim ki, əvvəllər Ruhanə olduğunuzu öyrənməkdən başqa adınızla bağlı başqa bir şey öyrənə bilməmişəm. Sonradan adınızı niyə dəyişməyinizin səbəbi mənə məlum deyil. Ancaq dediyim kimi, araşdırmamda bu heç də vacib məqamlardan olmadığı üçün bunun üzərində çox dayanmamışam. Lazım bilsəniz özünüz deyərsiniz. İndi isə daha maraqlı şeylərə keçək. Bilin ki, mən səmimi olacam, sizdən də eyni şeyi gözləyirəm.

Bunları deyib həmsöhbətimin reaksiyasına baxdım.

Onun üzünün bir cizgisi də tərpənmədi. Susub heç nə demir, sakitcə daha nə deyəcəyimi gözləyirdi. Bu başa düşülən idi. Xeyli danışsam da, əslində hələ ki, heç nə deməmişdim. Qarşımdakı ağıllı qadınsa bütün kartlarımı açmadan nəsə deməyi lazım bilmirdi. Amma mən də boş - boş danışan biri olmadığım üçün, bu danışdıqlarım elə belə deyildi. Artıq qarşımdakı qadının strategiyasını müəyyən etmiş, söhbətimizi haradan başlayıb haraya gətirəcəyimi bilirdim.

Davam etdim:

- Əvvəlcə ayın 11 - i və 13 - ü tarixlərində gəlmiş qonaqlarınızdan başlayaq. Onlar kim idilər, nə məqsədlə gəlmişdilər, ən əsası da bunu Fərman müəllimlə məndən niyə gizlətmisiniz?

Suallarıma dərhal cavab vermədi. Bir xeyli gözünü mənə dikib beləcə oturdu. Onu tələsdirmirdim. Nəhayət dilləndi:

- Sizi ilk dəfə görəndə başa düşdüm ki, çox ağıllı adamsınız. Əminəm ki, indi verdiyiniz sualların cavablarını da bilirsiniz.

Qısa cavab verdim:

- Bəzilərinin.

- Elə isə deyin, mən də bilim.

Diskussiya aparmaq özü bir elmdir və bu qadın o elmdən kifayət qədər xəbərdar imiş. Bəli, tanıdıqca Ruhanə adını sonradan Sənubərə dəyişmiş bu qadın məni daha çox təəccübləndirirdi. Hiss elətdirmədən söhbətimizdə məni sual verən tərəfdən cavab verən tərəfə çevirməyə çalışır. Onun çaldığı ilə oynamağa çalışacağam, amma yenə də çox informasiya vermədən:

- Deyək ki, o gələnlərdən birinin on beş il həbs cəzasına məhkum olunmuş, üç ay əvvəl azadlığa çıxmış biri olduğunu bilirəm.

- Elə isə, onda siz çox şey yox, hər şeyi bilirsiniz.

- Yeri gəlmişkən, sizə Sənubər, yoxsa Ruhanə deyə müraciət edim?

- Necə istəyirsiz.

- Elə isə, adınızı dəyişməyinizin səbəbini bilmədiyim üçün əvvəlki kimi Sənubər xanım deyəcəm.

- Olsun. Artıq mənimçün heç bir fərqi yoxdur. Sizə çay gətirim, yoxsa kofe?

Aha, gözəl xanım fikirləşmək üçün vaxt udur.

- Zəhmət olmasa çay.

Qalxıb mətbəxə keçdi. Maraqla onun arxasınca baxdım. Bu xanım həqiqətən də bahalı ətirinin otaqdan mətbəxə qədər qoyduğu gözəl rayihə qədər xoş, həvəslə söhbət ediləcək qədər maraqlı bir xanım idi. Söz almaq üçün məharətlə istifadə etdiyi «onda siz hər şeyi bilirsiniz» cümləsi əslində incə bir sual idi. Qarşısındakı adamın daha nələr bildiyini öyrənmək üçün verilmiş, amma sual kimi səslənməyən sual…

Təbii ki, Sənubər kiminlə söhbət apardığının fərqində idi. Bunu başa düşürdüm. Onu da başa düşürdüm ki, buna baxmayaraq son iki gündə topladığım məlumatın dərəcəsini maksimum öyrənməyə çalışıb söhbəti uzatmağa çalışacaq. Onun haqqında kifayət qədər məlumata malik olsam da, əsas bir məqamı özüm üçün hələ də müəyyən edə bilməmişdim. Ona görə də bildiyim hər şeyi deməyə tələsmir, onun özünün danışmağa başlamasını istəyirdim. Dediyim məqam iki variantda ola bilərdi. Birincisi Sənubər uşağı qaçıranlarla əlbir idi və onlara şəraiti özü yaratmışdı. Bəli, kriminalistikada belə hallara da rast gəlinir. Bu halda o özü cinayətin iştirakçılarından birinə çevrilirdi. Mən indi dediyim ehtimala inanmaq istəməsəm də, təxminən 3 ay əvvəl həbsxanadan azadlığa çıxmış birinin bu yaxında Sənubərin evinə qədər gəlməsi, orada bir saatadək qalması, bundan sonra uşağın qaçırılması bu ehtimalı istisna etməyə mane olurdu. Üstəlik, əgər hər şey düşündüyüm kimidirsə, onda uşaq üçün heç bir təhlükə yoxdur və tələb olunan pullar qarşı tərəfə çatan kimi onu maşınla şəhərin harasındasa düşürüb evə getməsini tapşıracaqlar. Ona görə də anasının ürəyi çox rahatdı. İkinci variantda isə, Sənubər buna hansısa səbəbdən məcbur edilə bilərdi. Əlbəttə heç bir ana bu halda belə övladını öz əli ilə təhlükəyə atmaz, ən pis sonluğu da gözaltına alıb zərbəni özünə götürərdi. Çox güman ki, burada onu inandıra bilmiş, böyük ehtimalla isə aldatmışlar və indi o, bərk narahatlıq içindədir. Bu halda o, qurbana çevrilir. Çarəsiz, susmağa məcbur olan qurbana. Ancaq möhkəm dayanıb nigaranlığını büruzə vermir. Bəlkə də hələ nəyəsə ümidi var. Əgər belədirsə, bu halda onun iradəsinə yalnız və yalnız qibtə etmək olar. Bu halda onun belə addım atması və sonradan susması üçün çox tutarlı səbəblər olmalıdır. O isə bu səbəbləri demək istəmir, ya da ki, deməyə qorxur. 

Sənubər qayıdıb əlindəki sinini iki kreslonun arasındakı jurnal masasının üzərinə qoydu. Sinidəki çay stəkanını mənimçün, kofe süzdüyü kiçik bardağı özü üçün qoyduqdan sonra kreslosuna oturdu. Oturan kimi bardağı götürüb kiçik qurtumlarla kofedən içməyə başladı. Bu məni dinləməyə hazır olduğuna işarə idi. Mənsə daha söhbəti uzatmaq fikrində deyildim. Onsuz da bu qadın heç nə danışmayacaqdı. Onun kofeni şəkərli, ya şəkərsiz içdiyini bilmirəm. Amma indi deyəcəklərimin bu son dərəcə məğrur qadın üçün ən acı kofedən də acı olacağına şübhəm yox idi.

Danışmağa başladım:

- Şübhə yoxdur ki, dediym hər iki adamla tanışlığınız var. Yoxsa onları heç evinizin kandarına da buraxmazdınız. Özü də evdə tək ola - ola. Birinci gələn haqqında heç nə bilmirəm, kimdir, nəçidir? Amma ondan sonra gələn çox maraqlı keçmişə malik olan Ağamirzə Cəfərov adlı biridir. Vaxtilə qətl törətdiyinə görə məhkum olunub. Həbsdə olarkən valideynləri rəhmətə gedib. Qohumları onların evini satıb dəfn, yas xərcini çəkiblər, qəbrin üstünü götürüblər. Qalan pulu isə mənimsəyiblər. Həbsi on beş il əvvəl baş verib, valideynləri isə bundan dörd - beş il sonra rəhmətə gediblər. Bunları öyrənən Ağamirzə Cəfərov hələ o vaxt, həbsdə olarkən qohumlarının üstündən xətt çəkib. Belə məlum olur ki, qohumları da həbsdə olan birisi ilə ünsiyyət saxlamaq eşqi ilə alışıb yanmırlarmış. Beləcə qohumlar arasında bütün əlaqələr kəsilib. Bu dediyim Cəfərovla onun qohumlarının problemidir. Evin satışından qalan pulun kim tərəfindən mənimsənilməsi mənə qətiyyən maraqlı deyil. Bunu ona görə dedim ki, hal - hazırda Ağamirzə Cəfərovun yaşadığı şəhərdə nəinki qalacağı bir evi, heç gedəcəyi yeri də yoxdur. Əyin - başı da normal əyin-baş deyil. Amma birdən - birə belə birisi sizə qonaq gəlir? Yoxlatdırmışam, qız vaxtı yaşadığınız ünvanda qonşu olmamısınız, üstəlik ayrı - ayrı orta məktəblərdə oxumusunuz. Aranızdakı münasibət nədirsə sonradan yaranıb və adi münasibət olmayıb. İndi deyəcəklərimi nəzakətsizlik kimi qəbul etmənizi istəməzdim. Amma mən qaçırılmış oğlunuzun axtarışlarını həyata keçirən detektivəm və hər şeyi olduğu kimi deməliyəm. Münasibətlərinizin daha dərin olduğunu ehtimal etməyə əsasım var: Ağamirzə, dediyim kimi 15 il əvvəl həbs olunub. Oğlunuzun da 15 yaşı var və o da Ağamirzə adını daşıyır. Burada bir qəribəlik görmürsünüz ki? Bəlkə nəhayət danışmağa başlayasınız?

Sənubər yenə susurdu. Nəhayət əlində tutub hərdən içdiyi kofedən növbəti qurtumu alıb dedi:

- Mənim oğlumun yaşının kiminsə həbsi ilə nə əlaqəsi var? Ağamirzə adı da nə qədər istəsəniz var. Siz bununla nə demək istəyirsiniz? Və mən nəhayət nəyi danışmalıyam?

İndi susmaq növbəsi məndə idi. Bir xeyli susdum. Çünki növbəti deyəcəklərimi indi bu qadına deməmək üçün bayaqdan uzaqdan - uzağa danışır, əsas mətləbin üstünə gəlmədən nəsə öyrənməyə çalışırdım. Ancaq bu qadından hələ ki, bircə lazım olan kəlmə də ala bilməmişdim.

Onun gözlərinin içinə baxıb dedim:

- Əminəm ki, məni həqiqətən də ağıllı adam kimi tanımısınız və bayaqdan dediklərimin heç də əsassız olmadığını başa düşürsünüz. İndi ardına qulaq asın. Bunu özünüz istədiniz. Az əvvəl dediklərimdən başa düşdünüz ki, ötən vaxtı boşuna ötürməmişəm. Bütün bu danışdıqlarımla yanaşı başqa şeylər də öyrənə bilmişəm. Ağamirzə Cəfərovla yanaşı müşahidə dairəmə «Molla» ləqəbli qatı bir cinayətkar da düşüb. Altmış yaşı var. Ondan otuz beşini müxtəlif həbsxanalarda keçirib. Üç dəfə həbs olunub. Hamısı da ölüm işi ilə bağlı. Bundan başqa illər əvvəl ana və iki körpəsini qətlə yetirməkdə şübhəli kimi istintaq altında yatıb. Sübutlar kifayət etmədiyindən sərbəst buraxılsa da, işi aparan müstəntiq həmin ailənin qətlini məhz onun törətdiyinə əmin olduğunu bildirib. Bəs niyə soruşmursunuz bunları sizə niyə danışıram?

 

 “Ədəbiyyat və incəsənət”

(29.07.2024)

Bazar ertəsi, 29 İyul 2024 11:16

Şəhidlər barədə şeirlər - Xalid Hassan

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

 

Şəhid Xalid Hassan

 

Xalid Hassan 1995-ci il yanvarın 26-da Sumqayıt şəhərində anadan olub. Atası Mahmud Hassan əslən Misirdən, anası Maya Quliyeva isə əslən Ağdam rayonunun Saybalı kəndindən idi.

1995-ci ilin iyul ayında — Xalid Hassan 6 aylıq olanda Hassan ailəsi Sumqayıt şəhərindən Qazaxıstanın Almatı şəhərinə gəldi, burada yaşamağa başladı. Bir müddət sonra Hassan ailəsi yenidən Azərbaycana qayıtdı və Xalid Hassan birinci sinfə Bərdə rayonu ərazisində Ağdam şəhəri 2 nömrəli tam orta məktəbində getdi. Daha sonra ailəsinin işi ilə bağlı yenidən Qazaxıstanda yaşayan Xalid Hassan 10-cu sinifə qədər Almatı şəhərində təhsil aldı. Tam orta təhsilini Azərbaycanda bitirib. Ailəli idi. Məryəm adında bir qızı yadigar qaldı.

Xalid Hassan 2014-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin Tovuz döyüşləri zamanı general-mayor Polad Həşimovun şəhid olmasından sonra öz istəyi ilə Ağdam Rayon Hərbi Komissarlığına müraciət edib.

Azərbaycan Ordusunun əsgəri olan Xalid Hassan 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə, həmçinin Talış və Ağdərə istiqamətlərində gedən döyüşlərdə savaşıb. Xalid Hassan noyabrın 4-də Kəlbəcər-Şuşa yolunun Ağdərə sahəsində şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Hassan ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xalid Hassan ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

Salam, könüllü əsgər,

Könüllü şəhid, salam.

Bu şeiri sən danış,

Mən susuram, mən lalam.

 

Danış, görüm necədi

Şəhidliyin zirvəsi?

Haqqın axan çayları,

Cənnətinin meyvəsi?

 

Necədi anan üçün

Yuxu olmaq, səs olmaq?

Necədi vətən üçün

Ölüb, müqəddəs olmaq?

 

Özün de, doğmalara

Uzaqdan baxmaq necə?

Səkkiz aylıq qızından

Sarı darıxmaq necə?

 

Necə olur ananı,

Ağlayanda izləmək?

O yatanda başının

Üzərində gözləmək?

 

Özün danış, özün de,

Vaxt ötür, gecə keçir?

Şəhidlər arasında

Qələbə necə keçir?

 

Dayan, hara gedirsən?

...Yaxşı yol, gülə-gülə.

Hamıya salam denən,

Hamını təbrik elə.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

 

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda qəbullar keçirilir, vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxılır.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirıiyinə istinadən xəbər verir ki, mədəniyyət naziri Adil Kərimli bu gün - iyulun 29-da saat 10:00-da Gədəbəy rayon Heydər Əliyev Mərkəzində (Heydər Əliyev prospekti 1) Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarından olan vətəndaşları qəbul edəcək.

 

“Ədəbiyyqt və incəsənət”

(29.07.2024)

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Yaxşı bir söz eşitmişəm. Deyirlər ki, "Gələcəyin nəğməsi elə bu gündən oxunur".

Bəli, mən də tamamilə razıyam. Düşünürəm ki, bu gün yaşanılan əksər hadisələr keçmişdə etdiyimiz səhvlərin, düzlərin nəticəsidir.  Bizim bu gün oynadığmız musiqilər elə keçmişdə oynadıqlarımızdır. Gələcəkdə oynayacaqlarımızdan bezməmək üçün indiki seçimlərimizə, hadisələrin gedişinə, hərəkətlərimizə fikir verməliyik. Ən əsası, özümüzə inanmalıyıq. Özümüzə inanmamaq öz hislərimizə xəyanət etmək deməkdir. Və xəyanətin hər zaman ödənməli olan bir bədəli vardır.

 

Hə, bu dünyada hamı cənnəti arzulayır. Hamı da öz ağlının bir hissəsində cənnətə gedəcəyindən əmindir. İnsan zənn edir ki, əgər adam öldürməmişəmsə, oğurluq etməmişəmsə və bu kimi pis əməllərim yoxdursa, deməli, mən cənnətə gedə biləcəm. 

Amma unutduqları bir şey var.

Hər zaman deyilir ki, Kəbə evini yıxmağa bərabərdir qəlb sındırmaq. 

 

Həqiqətənmi qəlb sındıranlar özlərini yaxşı insan zənn edirlər?

Başqalarını bu qədər incitməklə, başqalarına bu qədər xəyanət etməklə, digər bu kimi pisliklər edə- edə bir paralar özlərini yaxşı insanmı hesab edirlər?

Bəzən həqiqətən də insan etdiklərinin fərqində olmur. Amma bəzən də insanların gözləri nə qədər kordur deyə düşünürəm. Çünki əgər gözləri görsə, öz əməllərini də görərlər. Beyinləri düzgün işləsə, nə qədər səhv  fikirləri öz beyinlərinə yüklədiklərini də analiz edə bilərlər. 

Əminəm ki, (və dəfələrlə şahidi olmuşam ki) insanların başlarına nəsə pis hadisə gələndə düşündükləri tək bir şey var. “Görəsən, bu qədər yaxşılıqlarım hara getdi?” Bir dəfə də bu qədər incitdiyiniz o könüllərin ahının hara getdiyini düşünsəniz, əslində onda heç bir problem olmayacaq. 

Yazımın əvvəlində vurğuladığım kimi, pis ya da yaxşı, bu gün oynadığınız bütün rollar keçmişdəki seçimlərinizin nəticəsidir.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Aydın Sabahın  şeirlərini təqdim edir. 

 

 

 

 

 

Aydın Sabah

 

Təbriz

 

 

 

AĞLADIM BU AXŞAM

 

 

 

Sənə dalğalı gözümlə pinar ağladım bu axşam.

 

Ürəyimlə bağça-bağça çinar ağladım bu axşam.

 

 

 

Nəyimə gərək açılsın tozanaqlı yollarım, ah...

 

Baş açan sıxıntılarla nə var ağladım bu axşam.

 

 

 

Dağa bağlı olmuşamsa, daşı könlümə döşəndim,

 

Sənə bir qucaq hay ilə havar ağladım bu axşam.

 

 

 

Yenə çırpınar yolunda ovucum qünutlu hər gün,

 

Dilə bağlı əşhədimdə məzar ağladım bu axşam.

 

 

 

Dolaşıq düşübdü yollar dura bilmirəm diz üstə,

 

Sənə gör nə boyda yanmış zumar ağladım bu axşam.

 

 

 

Hələ ayrılıq əlindən baş alıb gedir bu şerim,

 

Baxısan nə dağlı-dağlı, xumar ağladım bu axşam?!

 

 

 

Daha gözlərim su içmir, gələsən butaqlaşam mən,

 

Sənə dalğalı gözümlə pinar ağladım bu axşam.

 

 

 

“Ədəbiyyat və incəsənət”

 

(29.07.2024)

 

 

 

 

Bazar ertəsi, 29 İyul 2024 12:29

YARADICILIQ EMALATXANASInda Aysel Fikrətdir

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Bu dəfə " Yaradıcılıq emalatxanası" rubrikasının qonağı Fikrət Sadıq yadigarı- qızı,  AYB-nin üzvü, Prezident təqaüdçüsü sevimli yazar, publisist, pedaqoq Aysel xanım Fikrətdir.

 

ÜLVİYYƏ ƏBÜLFƏZQIZI

İsti yay günlərində xoş gördük Sizi, dəyərli Aysel xanım. 

Aysel xanım, yaddaşların sadiq qalıb unutmadığı misralarda söylənilir ki:

 

Bir də görürsən ki, açılan solur, 

Düşünən bir beyin bir torpaq olur. 

Bir yandan boşalır, bir yandan dolur, 

Sirrini verməyir sirdaşa dünya. (Səməd Vurğun)

 

Aysel xanım üçün " Dünya" nədir? Aysel xanımın öz "Dünya"-sı ilə real Dünya arasında hansı fərqlər var, onun dünyası hansı rənglərlə boyanıb? Bu əvvəlinci sualım. 

 

Allah, yuxum gəlir,

Söndür Dünyanı yatım.

Acı dadan ruhumu,

Şəkərə, qəndə qatım.

 

Elə çox yuxum gəlir,

Sökülür gözümdə dan,

Bir anlıq yer üzünü,

Yelləncəkli nənni san.

 

Dünyanın saman olmuş,

Diləyindən əl çəkdim.

Suyundan, Havasından,

Çörəyindən əl çəkdim.( Aysel Fikrət)

 

Aysel xanım, " Dünya"-nı niyə söndürək? Bu da növbəti sualım. 

 

AYSEL FİKRƏT

Dünya indi çox soyuq yerdi mənim üçün. Yaşa dolduqca doğmalarımı itirdikcə, dostlarım yox olduqca, ayrılıqlar artdıqca, insanlıq azaldıqca yalanı həqiqətdə daha tez parladıqca bu baş verdi.

Əvvəllər isə ipisti idi ana, atamın, qardaşlarımın doğma səsləri gələn evimizin ətrində bu dünya son dərəcə gözəl və işıqlı idi, gələcəyimi hələ bilmədiyim üçün  sehrli idi.

Nə yalan deyim ki, zamanla özümü bu dünyanın içində hiss etmədim. Həmişə sevincimin önündə kədər oldu. Mən bu dünyanın havasından suyundan heç ürəklə yararlanmadım. Etmədiyim, bacarmadığım o qədər olmazlar oldu ki, axırda anladım ki, mən bu dünyanın doğması deyiləm. Öz işıqlı əmin dünyamı yaratdım, orda söz-söz, şeir - şeir yaşamaq üçün. Ən çox Allaha yaxın olmaq üçün, yəni. Mən dünyayla heç düz gəlməyən bir bəndəyəm - bu dəqiq gəldiyim qənaətdir.

Dünya güvənimi, sevgimi qazanmadı düzdür. Yalnız mən gözümü açdığım gözəl ata, anamı, ailəmi, övladlarımı, dostlarımı, əzizlərimi axı burda görmüşəm, ona görə dünyaya da şükür edib minnətdar olmağa çalışıram.

Belə tamamlayım: mən daha çox Allaha yaxınam, dünyaya yadam.

Öz dünyam haqqa sığınır, Allaha sığınır.

Fərqi də odur ki, saf və təmizdir. Məncə, ruhu çirkli olan şeir yaza bilməz. Çox təəssüf ,indi ədəbiyyat aləmində təsadüfi insanlar çoxdur, onlar ədəbiyyatı içəridən yeyir həşərat kimi. İçi qaranlıq adamlar ədəbiyyatı basıb, halbuki ədəbi aləm cəmiyyətin həyatda qalmağına mənəviyyata qulluq etməlidir. Çox yazıçının yazdığı şəxsiyyətini tamamlamır. Natamam şəxsiyyətin ədəbi aləmdə olması faciədir.

Mənim dünyam həm ətrində həm rəngində doğmalıq olan bir yerdir. O dünya Allah, söz ve məndən ibarətdir. Allahın lütfü olan yer nə rəngdə olar? Əlbəttə, ışıqlı rənglərdə.

Dediyiniz şeirdə dünyanı söndürüb yatmaq istəyən adam var, sadəcə. Yox, söndürməyin xoşbəxt, yaşayın, əzizim.

Mən Azərbaycan gənclərinin gözəl və sağlam düşüncəsinə, səhvsiz və məqsədli həyatına inanıram və belə görmək istəyirəm .

Amma özüm dünyanı söndürüb yuxuya getmək istəyirəm. Görünür, daha yorulmuşam. Təşəkkür edirəm.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət”, Naxçıvan nümayəndəsi

 

 

Azərbaycan və Çin arasında dostluq körpüləri Ulu Öndər Heydər Əliyevin dönəmində qurulub. 1994-cü ilin martında Ulu Öndər Heydər Əliyevin Çinə rəsmi səfəri zamanı dövlətlərimiz arasında səkkiz müqavilə imzalanıb. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə İpək Yolunun bərpası və inkişafı ilə bağlı ilk dəfə  Bakıda keçirilən beynəlxalq forumda dünyanın 42 ölkəsinin nümayəndəsi və səkkiz dövlət başçısı iştirak edib. Beləliklə də, Azərbaycan Şərqin Qərblə birləşməsinə tam imkan verən Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə başlayıb. 

Sonrakı illərdə bu öhdəliyi 2003-cü ildə Azərbaycan Prezidenti seçilən İlham Əliyev öz boynuna götürdü. 2015-ci ilin dekabrında “Azərbaycan ilə Çin Xalq Respublikası Hökuməti arasında İpək Yolu İqtisadi Kəmərinin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu” imzalanması ölkələrimizin əməkdaşlığında mühüm önəm daşıdı. Prezident İlham Əliyev Çinlə əlaqələr haqqında deyib: “Azərbaycan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü tam dəstəkləyir. Azərbaycan və Çin arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün çox yaxşı perspektivlər var”.

 

Azərbaycan “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyənlərdən biri kimi

 

Bu gün dünyanın söz sahiblərindən olan Çinin “Bir kəmər, bir yol” təşəbbüsü də Azərbaycanın maraqlarına tam cavab verir. Məhsulların birgə istehsalı, ümumi inkişaf və faydalılıq yaradan “Bir kəmər, bir yol” layihəsi bu yol ətrafında olan bütün dövlətlərin inteqrasiyasını təmin edir. Şərqi Çindən başlayıb Qərbi Avropanın son nöqtəsinə qədər uzanan bu marşrutu Azərbaycanın dəstəkləmək məqsədi bu yolun ölkəmizdən keçməsidir. Və inanırıq ki, gələcəkdə Zəngəzur dəhlizinin işə düşməsi ilə Xəzər dənizi üzərindən keçərək Qazaxıstan və Azərbaycxanı birləşdirən Orta Dəhliz qurudan keçəcək. Həmçinin bu kəmər layihəsi qərb hegemonluğuna qarşı tarazlıq mövqeyini tutur. Hər kəs başa düşməlidir ki, hegemonluq yox, qarşılıqlı maraqlara hörmət etməlidir. Logistika imkanları nə qədər çox olarsa, iqtisadi əlaqələrdə bir o qədər inkişaf edər. Bu da bir növ inteqrasiya prosesini gücləndirərək daha çox ölkənin cəlbinə səbəb olar. Azərbaycan “Kəmər və yol” layihəsinə tam şəkildə daxil olub və onun ən fəal iştirakçılarından biridir. Çinlə Azərbaycanın maraq və baxışlarımızın üst-üstə düşməsi bizi bir-birimizə daha da yaxınlaşdırır. Buna görə də iki ölkə arasında strateji tərəfdaşlıq haqqında sənədin imzalanması Pekinin müasir xarici siyasət strategiyasına uyğundur. Bu gün Çin strateji tərəfdaşlıq, koordinasiya, əməkdaşlıq kontekstində fəal siyasət yürüdür. Bakı ilə Pekin arasında müxtəlif tərəfdaşlıq növlərinin mövcudluğu, münasibətlərin inkişafı, praqmatik faydaların gücləndirilməsi bu bağları daha da qırılmaz edir. 

2022-ci ilin aprelindən Çin yük qatarlarını yeni marşrut üzrə – Qazaxıstan, Azərbaycan, Gürcüstan, Rumıniya, Macarıstan, Slovakiya, Çexiya vasitəsilə tranzitlə Almaniyaya göndərməyə başladı. Bu əlaqələrin fonunda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə daşımaların həcmi getdikcə çoxalaraq Azərbaycanın bu layihədə rolunu daha da artırır. Son bir neçə ildir ki, “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycanın tranzit ölkə qismində əhəmiyyətinin artması dinamik müşahidə olunur.

Azərbaycan və Çin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində strateji tərəfdaşlığa dair Birgə Bəyannaməsində qeyd edilir ki, Bakı və Pekin siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirmək, beynəlxalq məsələlərdə əlaqələri gücləndirmək, iki ölkənin ümumi maraqlarını birgə qorumaq, birlikdə regional və qlobal sülh, sabitlik və inkişafa töhfə vermək fikrindədir. Bəyannamədə, həmçinin vurğulanır ki, Azərbaycan və Çin bir-birini prioritet və etibarlı tərəfdaşlar hesab edir və xarici amillərdən asılı olmayaraq, ikitərəfli münasibətlərə dair siyasəti müstəqil şəkildə müəyyən edirlər. Çin 2013-cü ildə 21 milyard dollar həcmində dəyərləndirilən “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsinə start verdi və Azərbaycan bu layihəni dəstəkləməklə yanaşı, onun reallaşmasında aparıcı iştirakçıya çevrildi.

Bu gün Çin qlobal iqtisadiyyatda əvəzolunmaz rol oynayaraq nəinki ümumi daxili məhsul istehsalının artımında, eləcə də yeni texnologiyaların inkişafında Avropanı geridə qoyub. 2019-cu il tarixlərdə Prezident İlham Əliyevin başçılıq etdiyi nümayəndə heyəti 2-ci “Bir kəmər, bir yol” Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak etmək məqsədilə Çinə etdiyi səfər zamanı iki ölkə arasında müxtəlif istiqamətlər üzrə ümumi dəyəri 821 milyon dollar olan 10 sənəd imzalanıb. Bu sənədlər arasında Transxəzər Nəqliyyat Marşrutu vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınması haqqında saziş xüsusi qeyd olunur. Buradan da görünür ki, rəsmi Pekin tranzit sahəsində Azərbaycanı ən yaxın tərəfdaşı hesab edir. Çinin Avropa ilə ticarət əlaqələrini Azərbaycan üzərindən həyata keçirməyə çalışması Azərbaycan 15 milyon ton yükaşırma imkanı olan beynəlxalq dəniz limanına və ildə 5 milyon ton yükdaşıma imkanı olan Bakı-Tbilisi–Qars (BTQ) dəmir yoluna malik olmasıdır. Bu infrastrukturlar Orta Dəhlizin əsasını təşkil edir. Orta Dəhliz ərazidən keçən bütün dövlətlər üçün əhəmiyyətlidir. Dəhliz ticarət yollarını şaxələndirməklə yanaşı, iqtisadi artıma, yeni tərəfdaşların tapılmasına və iqtisadi əməkdaşlıq əlaqələrinin artmasına böyük imkanlar yaradır. Orta Dəhlizin tam işə düşməsi region dövlətlərinə iqtisadi gəlirlə yanaşı, həm də siyasi üstünlüklər qazandıracaq. Azərbaycan yeni İpək Yolunun mühüm halqası olmaqla bu layihənin uğurla həyata keçirilməsinə xüsusi diqqət yetirir. 

 

Çin dünya iqtisadiyyatının yeni arxitekturasını yaradır

 

Çin dünyanın yüksək texnologiyanın tətbiq olunduğu rəqabətdə bütün ölkələri üstələyənölkələrdəndir. Çin indi sifarişçilərin bütün istəklərini yerinə yetirmək qabiliyyətində olan nəhəng kainat fabrikidir. Planetin sakinlərinin az qala üçdə birini Çinin yüngül sənayesinin istehsalı geyindirir. Çin dünya iqtisadiyyatının, əslində, yeni arxitekturasını yaradıb. Son on ildə Si Cinpinin rəhbərliyi ilə ölkə sürətli iqtisadi və texnoloji inkişaf nümayiş etdirib. “Bir kəmər, bir yol” və “Güclü Çin 2025”strategiyası kimi son təşəbbüslər ölkənin müxtəlif sahələrdə inkişafına töhfə verib. Çin elmi və texnoloji tədqiqatlara və inkişafa fəal şəkildə sərmayə yatırır və süni intellekt, kvant texnologiyası və günəş panelləri sahəsində dünya liderinə çevrilib. Qlobal bazarda lider şirkətlərdən olan Çinin “Huawei” şirkəti Qarabağ iqtisadi rayonunun işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərində fəal iştirak edir. Ölkə rəhbərliyi sosial siyasət və ətraf mühit sahəsində mühüm islahatlar aparır. “Yaşıl infrastruktur” və “yaşıl enerji” kimi təşəbbüslər fəal şəkildə dəstəklənir. Ölkə rəhbəri Si Cinpin çıxşlarının birində deyirdi: “Biz yaşıl infrastruktur, yaşıl enerji və yaşıl nəqliyyat sahələrində əməkdaşlığı intensivləşdirməyə hazırıq”. Çin dövlət başçısının sonuncu “Bir kəmər, bir yol”Forumunda çıxışı bu ölkənin sülh, tolerantlıq və qarşılıqlı faydalı əməkdaşlığa sadiqliyini bir daha önə çəkir. Çin bütün dünya xalqları ilə birgə rifah və inkişaf üçün fəal şəkildə çalışır və dünya miqyasında tərəfdaşlıq əlaqələrini gücləndirməkdə davam edir.Ölkə BKBY-də “yaşıl” investisiyalar prinsiplərinin həyata keçirilməsi çərçivəsində 2030-cu ilə qədər 10 min nəfər üçün nəzərdə tutulmuş tərəfdaş ölkələrdən mütəxəssislərin hazırlanması istiqamətində kurs təşkil etməyə hazırdır.

Azərbaycan və Çin sülh, dialoq və dövlətlərin suverenliyinə qarşılıqlı hörmət prinsiplərinə sadiqdirlər

Bu gün dünya liderləri arasında siyasi güc nümayiş etdirən Azərbaycan Prezidenti İlham Əliyev və Çin Xalq Respublikasının Sədri Si Cinpin qarşılıqlı hörmət və humanizm əsasında beynəlxalq əməkdaşlığın genişləndirilməsinə və diplomatik əlaqələrin möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyirlər. Prezident İlham Əliyev BKBY təşəbbüsünü ilk dəstəkləyənlərdən olub. Azərbaycan Prezidenti bütün sahələrdə, xüsusilə “yaşıl enerji” və nəqliyyat infrastrukturunun inkişafı sahəsində istənilən dövlətlə əməkdaşlığı təqdir edir. Bu səbəbdəndə Azərbaycan bu gün Cənubi Qafqazda həyata keçirilən bir çox qlobal beynəlxalq layihələrin təşəbbüskarı və öncülüdür. Hər iki lider humanist dünya yartamaq üçün birgə səy göstərir. Onlar sülh, dialoq və dövlətlərin suverenliyinə qarşılıqlı hörmət prinsiplərinə sadiqdirlər. Dünyanın 140-dan çox ölkə və regionunu əhatə edən “BKBY” dünya arenasında təkcə layihə yox, həm də qlobal təşəbbüsdür. İki il əvvəl Səmərqənddə Azərbaycan və Çin dövlət başçıları arasında baş tutan görüşdə Si Cinpin Azərbaycanla bağlı bəyanatlarında yüksək dostluq nümayiş etdirib. O xüsusilə Azərbaycan ilə Çin arasında diplomatik münasibətlərin qurulmasının və Yeni Azərbaycan Partiyasının yaradılmasının otuzuncu ildönümü münasibətilə Prezident İlham Əliyevi təbrik edib. Si Cinpin Azərbaycan ilə Çin arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını və yüksək səviyyədə inkişaf etdiyini bildirib. 

 

32 illik sağlam və sabit dinamika artan templə davam edir

 

Azərbaycan həmişə vahid Çinin tərəfdarı olub, Çin Xalq Respublikası isə hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən ölkələrdən olub. Ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasından 32 il keçsə də, sağlam və sabit inkişaf dinamikası qorunub saxlanılır. Bu gün Azərbaycan Çinlə, demək olar ki, bütün istiqamətlərdə sıx əlaqələrə malikdir. Əgər 2018-ci ildə Çin Azərbaycanın 6-cı ticarət tərəfdaşı idisə, indi 4-cü iri ticarət tərəfdaşıdır. Məlumatlara əsasən Çinin 1995-ci ildən indiyədək Azərbaycana yatırdığı birbaşa investisiyanın həcmi 920 milyon dollara çatıb. Azərbaycanda isə bu göstərici, təqribən,  2 dəfə artıqdır. Azərbaycanda Çin investisiyalı 275 şirkət qeydiyyatdan keçib. “ACWA Power” şirkətinin “yaşıl enerji” ilə bağlı Azərbaycanda qurduğu stansiyanın texniki təminatının Çin şirkətləri tərəfindən həyata keçirilməsi Azərbaycan-Çin əməkdaşlığının daha da intensivləşdirib. Beləliklə, Azərbaycanla Çin arasında münasibətlər bu gün “Bir kəmər, bir yol” layihəsi və ticari-iqtisadi əlaqələrlə yanaşı, digər sahə və istiqamətlərdə də sürətlə inkişaf edir. Bu cür çoxsahəli əməkdaşlıq kontekstində Azərbaycan-Çin əlaqələri yeni mərhələyə keçir. Hazırda tarixi İpək Yolu üzərində yerləşən Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə  beynəlxalq ictimaiyyət tərəfindən etibarlı tərəfdaş kimi qəbul edilir. Çin Xalq Respublikasının Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları üzərində yerləşən ölkəmizlə əməkdaşlığa verdiyi əhəmiyyəttəqdirəlayiqdir. Tarixi İpək Yolundan başlanan bu münasibət, demək olar ki, bu gün bütün sahələrdə inkişaf edərək möhkəmlənir. 2022-ci ilin sentyabrında Səmərqənddə keçirilən Sammit zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə Çin Sədri Si Cinpin arasında keçirilən görüşdə ikitərəfli münasibətlərin gələcək inkişafının istiqamətləri müəyyənləşdirilib. 2023-cü ilin əvvəlindən isə yüksək səviyyəli ikitərəfli mübadilələrin yeni dalğası başlayıb, qarşılıqlı səfərlər davam edib. Ölkə başçısı Çinin “China Media Group” media korporasiyasına verdiyi müsahibədə deyirdi: “Beynəlxalq gündəliyə aid təməl məsələləri götürsək görərik ki, bizim mövqelərimiz suverenlik, müstəqillik, ərazi bütövlüyü, digərlərinin daxili işlərinə qarışmamaq, iqtisadi əməkdaşlıq məsələlərində mövqelərimiz üst-üstə düşür. Biz qarşılıqlı ticarətin həcminin artmasını görürük və böyük potensial xüsusilə göz qabağındadır. Ölkələrimizi gələcəkdə daha da birləşdirəcək meydana gələn yeni nəqliyyat marşrutlarını görürük. Bunun özü də regional təhlükəsizliyə və sabitliyə böyük töhfə olacaq”.Unutmaq olmaz ki, COVID-19 pandemiyası başlayan zaman peyvəndlərin ölkəmizə gətirilməsində Azərbaycana yardım edən yeganə ölkə Çin idi. 2022-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi əvvəlki illə müqayisədə 21 faizdən çox artıb. Ötən il Azərbaycandan Çinə ixrac olunan mal və məhsulların dəyəri 63,5 milyon dollar təşkil edib. Çindən Azərbaycana idxalın həcmi isə 1 milyard 556,2 milyon dollar olub. Beləliklə, Azərbaycana idxal olunmuş məhsulların 15,4 faizi Çinin payına düşüb və bu göstərici ilə Çin ikinci pillədə yer alıb. Ölkələrimiz arasında iqtisadi əlaqələr o cümlədən birgə əməkdaşlıq, icra olunan layihələr, Azərbaycanın Çinin “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulması və Çinin paytaxtı Pekin şəhərində Azərbaycan Ticarət Evinin açılışı sayəsində daha da güclənib. Bundan əlavə, Azərbaycan Çin vətəndaşları üçün sadələşdirilmiş viza proseduru tətbiq edir.Ölkələrimiz, həmçinin informasiya sahəsində də sıx əməkdaşlıq edir. 20 ildir, AZƏRTAC ilə Sinxua agentlikləri arasında gündəlik olaraq qarşılıqlı xəbər, foto və video mübadiləsi həyata keçilir. Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrlə yanaşı, mədəni əlaqələrdə uğurla inkişaf edir. 1995-ci ildə Pekindəməşhur Azərbaycan rəssamı Səttar Bəhlulzadənin əsərlərinin keçirilməsi, 2001-ci ildə Çinin Çücou şəhəri və Sumqayıt şəhərinin qardaşlaşması, 2008-ci ildə Pekində XXIX Yay Olimpiya Oyunları çərçivəsində “Azərbaycan günü”, 2011-ci ildə isə Çində Azərbaycan Mədəniyyəti Günləri 2012-ci ildə isə Azərbaycanda Çin Xalq Respublikasının Mədəniyyət Günləri təşkil olunub. Hazırda Azərbaycanda iki Konfutsi İnstitutu fəaliyyət göstərir. Ölkəmizdə Çin mədəniyyətinə və Çin dilinə maraq günü-gündən artmaqdadır. Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinin binasındaHeydər Əliyev Fondunun hədiyyəsi olan dahi şair Nizami Gəncəvinin büstünün nümayişi isə bizlər üçün böyük qürur mənbəyidir. Bu gün açıq-aydın görünür ki, iqtisadi və mədəni əlaqələrin qurulmasında, həmçinin “Bir kəmər, bir yol” layihəsinin, eləcə də Orta Dəhliz strategiyasının həyata keçirilməsində Azərbaycan və Çin tərəfdaşlığı qovşaq və körpü rolunu oynayır.

 

Şəkildə: Heydər Əliyevin Çinə rəsmi səfərindən görüntü

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Dedilər ki, o tay da, 

Bu tay da Vətənindir. 

Səni məşhurlaşdıran 

Bu boyda Vətənindir. 

Adım iki Vətənli 

Oldusa da ey həyat, 

Özüm bir Vətənli də 

Ola bilmədim, heyhat! 

Bir Vətən ki, bölündü 

Uğursuz qismətimdə, 

Vətən tək parçalandı 

Sənətdə qiymətim də. 

Yox! Nə yanan şimşəkdən, 

Nə çağlayan leysandan, 

Nə qopan zəlzələdən, 

Nə bağıran tufandan 

Qranit Savalanın 

Tərpənməz bir daşı da. 

Vüqar büstünə dönər. 

Qarla dolu başı da! 

Bilsin neçə nəzər də, 

Bilsin neçə təskin də, 

Mənim məğrur səsimdə 

Hiddət də var, təmkin də! 

Hər zirvənin yeri var 

Qarlı dağlar içində. 

Hər ağacın yeri var 

Barlı bağlar içində. 

 

Mənim adımın üstdən

Kimsə qələm çəksə də, 

Ya narazı, ya laqeyd, 

Ya da ötkəm çəksə də, 

Qiymətim parçalanmaz 

Vahid söz dünyamızda. 

Savalan şairiyəm 

Mən də öz dünyamızda! 

Təki mərd istedadım 

Çağlamaqdan doymasın! 

Sənətin meydanında 

Məni yalqız qoymasın! 

İstedad bir gözələ 

Bənzəyir bu cahanda. 

Heyran pərəstişkarı 

Tapılar hər zamanda.... 

Şair var, itib-batıb 

Özü ad-san içində. 

Bir sözü də parlamır 

Neçə dastan içində. 

Ancaq belə şairə 

Qibtə eləmirəm mən! 

Şeirimə istiqbalsız 

Tale diləmirəm mən! 

Axı bilirəm sabah 

Yanğılı misralarım, 

İşıqlı misralarım, 

Qayğılı misralarım 

Vətənin özü boyda 

Odlu dastan olacaq!

Milyon-milyon insana

Məhrəm ünvan olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

Bazar ertəsi, 29 İyul 2024 12:00

“Leylək balası” - Nemət Tahirin hekayəsi

Oğuz evin sonbeşiyiydi. Özündən 15 yaş böyük qardaşı hüquq fakültəsini bitirmişdi, dövlət sektorunda işləyirdi. Ondan 10 yaş böyük bacısı isə Tibb Universitetini bitirmişdi, özəl xəstəxanada həkim idi. Bu yaş fərqinə görə də ata və anası Oğuza övlad kimi yox, daha çox nəvə qayğısı ilə yanaşırdılar. 

İş adamı olan valideynləri Oğuzun dərsləri ilə məşğul olması üçün ta ibtidai sinifdən hazırlıq müəllimi tutumuşdular. Oğuz iti zehni, məntiqi və hazırcavablılığı ilə fərqlənirdi. İllər bir-birini sürətlə əvəz edirdi. Oğuz sevgi və qayğı ilə böyüyürdü. Həm valideynləri, həm də qardaş-bacısı onun bütün ehtiyaclarını ödəyirdi. Ancaq valideynləri çox narahar idilər. Çünki o, hər şeydən tez bezən, dəqiq seçimi olmayan bir uşağa çevrilirdi. Bütün fənləri yaxşı oxusa da, hansı peşə sahibi olacağını müəyyən edə bilmirdi. Valideynləri onu da qardaşı kimi hüquqşünas görmək istəyirdilər. 

Bu il Oğuz 10-cu sinifdə oxuyurdu. Artıq bir il idi ki, onların ailəsində bir narahatlıq və söz-söhbət var idi. Səbəb isə Oğuzun hüquqşünas yox, rəssam olmaq istəməsi idi. Onun rəsm çəkməyə marağını həmişəki kimi ötəri bir həvəs olduğunu düşünən valideynləri rəsm dərnəyinə də yazdırmışdılar. Ancaq bu həvəs artıq Oğuzun qəlbinə və ağlına nüfuz etmişdi. Hətta evdəki rahatlığını da əlindən almışdı. Elə bir gün olmazdı ki, atası ilə bu mövzuda mübahisə etməsinlər. Atası deyirdi ki, “rəssamlıq bizim ölkədə ciddi sənət kimi qəbul edilmir, sənin gələcəyin var, bacarığını  və istedadını əsas fənlərə yönəlt”. Anası da atasına dəstək olurdu ki, “atan haqlıdır, bacın və qardaşın ali təhsil alıbdır, Allah şükür, yaxşı yerlərdə də işləyirlər, sabah biz qocalanda sən rəssam qazancı ilə özünə və ailənə necə baxacaqsan?”

Oğuzun tək istəyi valideynlərininin onun seçiminə hörmət edib dəstək olmaları idi. Ancaq bu alınmırdı, əksinə hər gün ailədə söz-söhbət, narazılıq artıdı.
Oğuz müxtəlif heyvan şəkilləri çəkirdi. Gələcəkdə animalist rəssam olmaq istəyirdi. Hər çəkdiyi heyvan rəsmi onu başqa bir aləmə aparırdı. Həmin rəsmlərlə xəyalən söhbət edirdi, onunların dilini və istəklərini öyrənmək istəyirdi. Bir rəsmi çəkmək üçün həmin heyvan haqqında bir neçə gün internetdə araşdrıma edirdi. Heyvanın bütün xüsusiyyətlərini öyrənirdi. Ancaq onlayn araşdırma artıq Oğuza bəs etmirdi. Buna görə də bu gün hazırlığa getməyib birbaşa zooparka - rəsmini çəkəcəyi heyvanları müşahidə etməyə getdi. Necə başı qatışdısa, vaxtın necə keçdiyinin fərqinə varmadı. Özünü çox əla hiss edir, yorulmadan qeydlər götürür, heyvanlar haqqındakı lövhələri oxuyurdu.  Düşünürdü ki, insan ancaq sevdiyi işi görəndə xoşbəxt  ola bilər. Telefonuna gələn zəng onu sanki yuxudan ayıltdı. Anası idi:
 -Salam, Oğuz. Oğlum, sən hardasan, bu gün hazırlığa niyə getməmisən? 

-Ana, narahat olma, hər şey yaxşıdır, evə gələndə danışarıq, - deyib telefonu söndürdü.   
Atası Oğuzun hazırlığa getməyib zooparka getməsi qərarını eşidəndə çox əsəbləşdi:

-Bu da hardan çıxdı, hazırlıqdan çıxmaq nədir? Deyəsən, sənin nazınla oynadıqca, əzizlədikcə təmiz xarabın çıxır, başın xarab olub? 
Oğuz : -Ata, mən hazırlığın hamısından çıxmıram. Sadəcə V qrupa hazırlaşıb rəssam olmaq istəyirəm-deyə bildirdi. 

Atası və anası bir neçə saatdan çox danışdılar, bu qərarın onun gələcəyinə necə təsir edəcəyini izah etdilər. Atasının ürəyi soyumadı, Oğuzun otağına keçib onun çəkib öz otağının divarların yapışdırdığı rəsmləri qopardıb cırıxladı, hətta Oğuza bir şillə də vurdu. Anası tez araya girdi. “Bəsdirin, ayıb deyil? Gör nə vəziyyət qaldıq, İlahi?!” deyib ağlamsındı. 

Oğuz isə başını əllərinin arasına alaraq divanda oturub ağlayırdı və tez-tez deyirdi:-Məni sevirsinizsə, seçimimə hörmət edin, nə olar? 

Atası bunu eşidib  daha da qəzəbləndi.

-Səni yoldan çıxardan o dərnək müəllimidir, üstü-başı həmişə boya içində olan, saqqallı o tüfeyli gədədir. O günü mənə zəng edib deyir ki, Oğuzun çox yaxşı istedadı və gələcəyi var. Yaxşı rəssam olacaq. Hələ onda başa saldım ki, biz Oğuzu rəssam olmaq üçün yox, sadəcə həvəsi olduğu üçün rəsm dərnəyinə qoymuşuq. Elə dirənib ki, övladınızın fikirlərinə hörmətlə yanaşın. Guya övladımı məndən çox istəyir. Mən indi onun payını verərəm, -deyib müəllimə zəng etmək üçün digər otağa keçdi.
 Bir azdan anasının gətirdiyi ürək dərmanını içən atası dedi ki, sabahdan rəsm dərnəyinə getməyi də dayandırırsan, iki ilin var, əgər ali məktəbə qəbul olmasan, səni övladlıqdan rədd edəcəm. Oğuz qulaqlarına inanmırdı, ali təhsilli, savadlı, mədəni və övladlarını göz bəbəyi kimi sevən, qoruyan ata-anası niyə belə edirdilər? Axı o bu peşəni valideynləri üçün yox, özü üçün seçəcəkdi. Axı bunu böyüklər daha yaxşı başa düşməli idi....
Oğuz: “Siz həmişə demisiniz ki, insan adını, peşəsini və həyat yoldaşını seçəndə gərək elə etsin ki, ömür böyü peşman olmasın. Aydındır ki, doğulanda heç kim özünə ad seçə bilməz. Sağ olun ki, mənə gözəl ad seçmisiniz. Ancaq peşəmi seçməyə mənə şans verin, xahiş edirəm” -deyib ata-anasına yalvarış dolu gözlərlə baxdı. Ancaq valideynləri qərarlarını vermişdilər. 

-Biz qərarımız sənə dedik, vəsallam. Qardaş, bacına da ixtisası biz seçdik. İndi də şükür, peşman deyillər. Sən də oxuyub hüquqşünas olmalısan, biz sənin qabiliyyətini bilirik, - deyə anası məsələyə son nöqtəni qoydu.
 

*

Artıq aylar keçmişdi. Oğuz hər gün məktəbə və hazırlıqlarına gedir, proqramlaşdırılmış robot kimi valideynlərinin arzusunu yerinə yetirmək üçün gecə-gündüz çalışırdı. Ancaq ailələrində əvvəlki mehribanlıq, istiqanlılıq yox idi. Hər dəfə atası işdən gələndə qollarını açıq onun boynuna atılan, yaxşı qiymətlərinə görə tərif və mükafat alan Oğuz evdə gözəgörünməz olmuşdu sanki, ruh kimi hərlərindi. Elə valideynləri onun qanadlarını qırmışdı. Yemək saatlarında süfrəyə gəlir, sakitcə yeməyini yeyib yenidən otağına çəkilirdi. Ailənin birləşdiyi yemək süfrəsi yas süfrəsini xatırladırdı. Anası hər dəfə nəsə demək istəsə də, atasının zəhmindən qorxaraq susurdu. Bu küskünlük və soyuqluq günü-gündən artırdı. Oğuzu valideynlərindən ayıran yarğan daha da böyüyürdü. Ailədə hər kəs bunu hiss edirdi, sadəcə valideynlərin yersiz qürurü, mənəm-mənəmlik hissi, mühafizəkarlığı bu buzları qırmağa və övladına yenidən sarılmağa, isti münasibət göstərməyə imkan vermirdi. Qardaşı və bacısı da valideynləri ilə danışmaq istədilər, amma alınmadı. Çox da cəhd etmədilər, çünki valideynlərini yaxşı tanıyırdılar, onlar ortaq bir qərar verdilərsə, dünya dağılsa da, geri addım atmazlar.
 Bir axşam Oğuzun valideynləri axşam yeməyindən sonra xəbərləri izləyirdilər. Oğuz isə öz otağında dərslərini oxuyurdu. Ümumiyyətlə, həmin hadisədən sonra aylardır ki, Oğuz ata-anası ilə ünsiyyətdə olmur, ancaq yemək vaxtı onları görür və verdikləri suallara “bəli, xeyr”-deyə cavab verirdi. Televizora baxa-baxa anası dedi:

-Bu uşağın axırı necə olacaq, ay Kərim? Necə vaxtdır ki, elə bil, evimizdə yas düşübdür. Mən bu cür yaşa bilmirəm. Evimizin sevinci, gülüşü yoxa çıxıbdır. Xahiş edirəm, onunla söhbət edək, aramızdakı buzlar ərisin... 

Elə bu vaxt televizorda Oğuzu göstərirdilər. Atası:- Bir dəqiqə, Gülnarə, bu Oğuz deyil? –Hə, hə, televizorun səsini yüksəlt, görək, hələ teleanonsdur, -deyib televizora lap yaxınlaşdı. 

Diktor xanım təntənə ilə elan edirdi:
-İndi isə mədəniyyət xəbərləri: Yaponiyada təşkil olunmuş “Wildlife Artist” Beynəlxalq rəsm müsabiqəsində “Valideyn övlad münasibəti” nominasiyası üzrə  Azərbaycan məktəblisi Oğuz Kərimoğlunun çəkdiyi rəsm əsəri qalib olubdur, cüməgünü Bakıda- Mədəniyyət Nazirliyində mükafatlandırma olacaq,  Fəxri fəman və digər mükafatlarla birlikdə qalibə 3 min dollar pul mükafatı da veriləcək və əlavə olaraq qeyd edək ki, animakist rəssam olan Oğuz Kərimoğlu Yaponiyanın Kioto Universitetinin Rəssamlıq və İncəsənət fakültəsində ali təhsil almaq hüququ qazanıbdır. Onun çəkdiyi rəsmi təqdim edirik.

Oğuzun çəkdiyi rəsm nümayiş olundu: Leyləyin digərlərindən zəif olan balasını dimdiyi ilə götürüb yuvadan atdığı məqam rəsmdə öz əksini tapmışdı.

Diktor davam etdi:

-Əməkdaşlarımız Oğuzla əlaqə yaradıbdır, ən yaxşısı, rəsminin mənasını özü sizə izah etsin. O, rəsmin mənasını belə izah edir: Bizə məlumdur ki, bir çox canlılar, əsasən də Leyləklər yumurta qoyub bala çıxardır və balaları böyüyəndə hansı bala inkişafdan qalsa, valideynlər onu yuvadan götürüb atırlar ki, digər baların qidasına şərik çıxmasın, inkişafına maneə olmasın. Bir çox bioloqlar bunu təbii seçmə adlandırırlar. Sual yarana bilər ki, bunun rəsm müsabiqəsinin mövzusu ilə nə əlaqəsi var? Mən bunu belə izah edirəm ki, bizim ölkədə əksər valideynlər həmin leyləklər kimidir. Onlar övladlarını digər bacı-qardaşlarından, qonşudan, qohumdan, sinif yoldaşlarından və həmyaşıdlarından geri qalmasını qəbul edə bilmirlər. Həmin “zəif” övladın seçiminə, fikirlərinə önəm vermirlər, onu olduğu kimi qəbul etmirlər. Ya onların istədiyi kimi olmalısan, ya da valideynlər səni arzularınla birlikdə ölümə məhkum edirlər.
Kərim və Gülnarə müsahibə qurtarsa da, bir neçə dəqiqə bir-birinin üzünə baxaraq, əsl şok yaşayırdılar. Kərim, biz nə edirik?-deyə anası dilləndi,-Göz gör-görə aylardır ki, evimizdə balamıza zülm edirik, ölümünü gözləyirik, -hönkür-hönkür ağladı. Kərim tez Oğuzun otağına keçdi, həyəcanla qapını açdı,-Oğuz,oğlum, -deyib onu qucaqladı, - Bağışla, məni, bağışla, balam.
Oğuz da onu qucaqlayıb ağladı. Anası da gəldi. Başını sığallayıb üz-gözündən öpdü və dedi:

-Sənin rəssamlığın və böyük ürəyin öz eqosuna və şöhrətpərəstliyinə 3 balasını qurban verən iki ali təhsilli canlıya qalib gəldi...

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.