
Super User
POETİK QİRAƏTdə Ayaz Arabaçının “Rahatlıq torpağın altdadı” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün vətəndaş poeziyasının gözəl nümayəndəsi Ayaz Arabaçıdır, bu dəfə “Rahatlıq torpağın altdadı” şeiri ilə.
“Üç arzu ummuşdum qızıl balıqdan,
O da fors elədi-istə xalıqdan...”
Gözəl və orijinal deyir, düzdümü?
Xoş mütaliələr!
Dərd üstən dərd yazır, canısağolmuş,
Dərd yazır, alnımın xəttatı, ancaq.
Özüm sürünürəm birinci qatda,
Xəyalım yüzüncü qatdadı, ancaq.
Ruhuma istilik şəms ilə çatmır,
Qovub teyləyirəm bəm, zilə çatmır,
Atım on gedişə mənzilə çatmır,
Şahım üç gedişə matdadı, ancaq..
Qılıncdı, qalxandı qolun fərəhi,
Yoxdu" ol" deyənə "ol" un fərəhi,
Yola ki çıxırsan, yolun fərəhi,
Yalına yatdığın atdadı, ancaq.
Dünya çox elə də neyimdə deyil,
O qan ki içilir, meyimdə deyil,
Pulda vəzifədə, geyimdə deyil,
Adam qazandığı addadı, ancaq.
Əl boyda dünyaya mən necə sığım,
Bu qədər acığı harama yığım,
Yadımdan çıxıbdı unutmadığım,
Hər gün unutduğum yaddadı, ancaq.
Üç arzu ummuşdum qızıl balıqdan,
O da fors elədi-istə xalıqdan...
Can çətin qurtara qarışqalıqdan,
Rahatlıq torpağın altdadı, ancaq.
“Ədəbiyyat və incəsənət”
(31.07.2024)
RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi
“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..
Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.
Bunları deyən Sənubər qalxıb mətbəxə keçdi. Əlində iki stəkan su ilə qayıtdı. Stəkanın birini mənə uzadıb yerinə oturdu.
- Nə etdiyimi yalnız səhəri gün başa düşdüm. Amma daha gec idi. Ağa məni sakitləşdirir, onsuz da evlənəcəyimizi deyirdi. Ona güvənirdim. Ancaq həmin vaxt nə o, nə də mən əsas şeyi bilmirdik. Mən ilk dəfədən hamilə qalmışdım.
Sənubər gətirdiyi suyu birbaşa başına çəkib stəkanı kənara qoydu. Davam etməsini gözlədim.
- Məni o iki nəfərdən qoruyanda ilk dəfə «Gəldim, ruhum» qışqırmışdı. Sonradan bunun qeyri - ixtiyari, özündən asılı olmadan baş verdiyini etiraf etmişdi. Hələ məni uzaqdan izlədiyi vaxtlarda tələbələrin hansındansa adımın Ruhanə olduğunu öyrənib bilirmiş. Sonralar da məni belə çağırırdı. Ya ruhum, ya da qısaca «Ruh» deyirdi mənə. Deyirdi sənsiz ölərəm, sən mənə can verən ruhsan. Bu cür deməsi yaman xoşuma gəlirdi onda. Çox xoşbəxt idim. Beləcə ikinci semestrin bitməsini, elçilərin gəlməsini gözləyir, günləri sayırdım. Sonra hər şey bir anda dəyişdi. Zəng vurub təcili görüş istədi. Səsindən hiss etdim ki, nəsə olub. Tez dediyi yerə getdim. Rəngi avazımışdı. Gözlərimin içinə baxıb «məni bağışla» dedi. Heç nə başa düşmürdüm. Nə olduğunu soruşdum. Adam vurmuşam dedi. Sanki dünya başıma fırlandı. Vurduğu adam ölmüşdü. On yeddi bıçaq zərbəsi vurubmuş. Bunu sonra, məhkəmədə bildim. Hər şey aydın idi deyə, iş çox da uzanmadı, məhkəməsi tez oldu. Prokuror xüsusi amansızlıqla qətl törətdiyini deyib ən ağır cəzanı istədi, hakim də azaltmadan həmin cəzanı verdi - on beş il. Məhkəmədə çox şey öyrəndim. Ağa qumarbaz imiş. Daha dəqiq desəm qumar xəstəsi imiş. Bunu məndən gizlədirmiş. Sən demə kartinq yarışlarına da həvəsi buradan imiş, yarışlara pul ilə qoşulurmuş. Vurduğu adamın ona böyük məbləğdə qumar borcu var imiş. Poker oyununda uduzubmuş Ağaya. Ağa özü də həmin vaxt kiməsə xeyli pul uduzubmuş. O, pulu alıb uduzduğu adama olan borcunu bağlayacaqmış. Borcunu istəyəndə adam onu yeddi mərtəbə söyüşlərlə söyüb. Vermək istəmirmiş uduzduğu pulu. O da vurub. Beləcə özünün də, mənim də həyatımı məhv etdi. Ağlaya-ağlaya evə gəldim. Nə edəcəyimi bilmirdim. Bir yandan Ağanın tutulması, bir yandan bakirə olmamağımın dərdini çəkirkən bir müddət keçmiş hamilə olduğumu başa düşdüm. Təsəvvür edirsiniz nə halda idim? Kömək istəyəcək, bölüşəcək bir adamım yox idi. Ağanın qohumlarından təkcə xalası oğlunu tanıyırdım. O da mənim həmyaşıdım idi. Mənə nə köməyi dəyə bilərdi ki? Əvvəlcə intihar etmək fikrinə düşdüm. Ancaq bacarmadım, açığı qorxdum, edə bilmədim. Qarnım hiss olunmasa da, artıq ürəkbulanmalarım başlamışdı. Bir gün evimizdə məclis var idi. Bütün qohum-əqrəba bizə yığışmışdı. Qəfildən halım pisləşdi. Məni təcili yardımla xəstəxanaya çatdırdılar. Evdəki qonaqlar da narahat olub bizimkilərlə birlikdə xəstəxanaya axışmışdı. Halım çox pis idi. Məni aparata qoşmuşdular. Danışa da bilmirdim. Müayinə edən həkim dəhlizə çıxıb hamilə olduğumu elan edir. Bəlkə də bunu edəndə muştuluq gözləyirmiş. Qısası hamilə olduğumu tək ailəm yox, bütün qohumlar bildi.
Sənubər bu yerdə dözə bilməyib söhbətinə ara verdi. Bayaq gətirdiyi, əl vurmadığım suyu ona uzatdım. Alıb başına çəkdi. Bir qədər nəfəsini dərib davam etdi:
- Mən böyük bir nəslin üzqarasına çevrilmişdim. Səhəri gün özümə gələndə eşitdim ki, atam deyib bir də o evə gəlməyim. Hamı üstümdən xətt çəkmişdi. Kaş elə o vaxt məni öldürəydi. İki gün sonra xəstəxanadan çıxdım. Kirayədə yaşayan tələbə qızlardan birinə xahiş edib bir neçə gün onun yanında qaldım. Kasıb ailənin qızı idi. Ona yük olmamaqçün iş axtarmağa başladım. Halım nisbətən yaxşılaşmışdı. Daha dərslərə də getmirdim. Xeyli yerdə «yox» cavabı aldıqdan sonra gəlib Fərmanın şirkətinə çıxdım. Görünür qismət belə imiş. Məni özü şəxsən qəbul etdi. İlk baxışdan məndən xoşu gəldiyini hiss etdim. Xeyli söhbətə tutdu. Çarəsiz idim, buradan da yox cavabı almaqdan qorxduğum üçün ümumi sözlərlə vəziyyətimi ona danışdım. Qısası, qız uşağı olmadığımı bildi. Səhərisi gün əmrimi verib işə götürdülər. Hər şey çox tez baş verdi. Bir həftə sonra yenə otağına çağırtdırdı. Məndən xoşu gəldiyini, ikinci ailəsi kimi saxlamaq istədiyini dedi. Onda bildiyiniz kimi mənim on doqquz yaşım vardı. Onunsa yaşı qırx beş idi. Ağlayıb qaçaraq kabinetindən çıxdım. Axşam tələbə yoldaşımla qaldığım evə gələndə evdə qalmış sonuncu iki kartofu qaynadıb məni gözlədiyini gördüm. Səhər yediyim bir tikə pendir çörəyin üstündə olsam da, yalandan tox olduğumu deyib yeməyə toxunmadım. O gecə səhərə qədər gizlicə ağladım. Səhər işə gələndə Fərmanın otağına girib razı olduğumu dedim. Həmin vaxt bir aydan bir qədər çox idi ki, hamilə idim. Bunu ondan gizlətdim. Fərman əvvəlcə bir ev kirayələdi mənimçün. Sonra gördüyünüz bu evi aldı. Mənə çox yaxşı baxıb həmişə. İndiyənə qədər bir dəfə də olsun xətrimə dəyməyib. Bir müddət ürəkbulanmaya qarşı dərmanlar qəbul etdim. Sonra hamilə olduğumu ona dedim. Çox sevindi. Həyat yoldaşından iki qızı vardı. Həkimlər üçüncü doğuşu yoldaşına qadağan etmişdilər. Fərmansa oğlan istəyirdi. Onun necə sevindiyini gördükcə hər gün vicdan əzabından ölüb - dirilirdim. Ancaq özümü öldürməyə əlim gəlməmişdisə, başqa yolum yox idi, bu cür yaşamağa məcbur idim. Bir müddət sonra müayinəyə göndərdi. Uşağın cinsinin oğlan olduğu bilindi. Fərmanın imkanı olsa, qanad açıb uçardı. Atalıq vermək üçün məni öz soyadına keçirdi. Elə həmin vaxt ondan xahiş edib adımı da dəyişmək istədiyimi dedim. Adımı dəyişmək fikri qəfil ağlıma gəlmişdi. Keçmişimi silmək, əsas da məndən üz döndərmiş ailəm, qohumlarım üçün bu şəhərdə birdəfəlik yox olmaq istəyirdim. Günahkar özüm olsam da, məni on doqquz yaşında küçələrə atmış yaxınlarıma qarşı içimdə bir nifrət oyanmağa başladığını hiss edirdim. Ancaq başqa tərəfdən də beynimdə, xəyallarımda, hətta yuxularımda mənə «ruhum» deyən birisi var idi. Adımı dəyişəcək, özümsə həmişə Ruhanə olaraq qalacaqdım. Fikirləşib Sənubər adının üzərində dayandım. Bu, on dörd yaşında dünyasını dəyişmiş xalam qızının adıdır. Birlikdə yaşamağa başlayandan sonra həyatımı Fərmana danışmışdım. Məni başa düşdüyü üçün adımı dəyişməyimə etiraz etmədi. Beləcə mən dönüb Sənubər oldum. Yadımdadır, Fərman bu şad xəbərin hədiyyəsi kimi məndən nə istədiyimi soruşdu. Qəsdən hədiyyəni özüm seçib alacağımı dedim. Onda masanın üstünə bir əllilik dəsti qoyub işə getdi. Həmin gün o pullardan iki min manatını ayırıb məni evində saxlamış tələbə qızın evinə getdim. Heç bir izah vermədən pulları ona verib geri qayıtdım. Fərman nəsə başqa şey fikirləşməsin deyə qalan üç min manata özümə bir hədiyyə aldım.
Bu yerdə Sənubərin telefonuna yenə zəng gəldi. Bu dəfə də zəng edən sürücü idi. Fürsətdən istifadə edib telefonumu çıxarıb saata baxdım. Söhbətin belə uzun çəkəcəyini gözləmirdim. Zənnimcə Sənubər danışmağa başlayıbsa, get - gedə mənə lazım olan məqamların üstünə gələcəkdi. Əlbəttə irəlidə hələ sabah axşama qədər vaxtım var idi. Ancaq belə olarsa, elə bu gecə hərəkətə keçməyi düşünürdüm. Bununçünsə ən yaxşı vaxt gecə saat 3 ya 4 radələri idi. Ona görə də təhlükənin dərəcəsini hələ də tam anlamayıb xatirələrinə qapılan Sənubəri tələsdirmirdim. Nə olur olsun, dediyim vaxta qədər gəlib məni maraqlandıran məqamlara çatacaqdı söhbətində. Qoy, ürəyini boşaltsın. Nə qədər çox şey danışarsa, o qədər çox məlumatlı olaram. «Molla»nın uşağın başına nə oyun gətirə biləcəyini təxmin edirdim. Sənubərə onun bu işin içində olduğunu yalnız ehtimal etdiyimi desəm də, Ağamirzənin məhz onun köməyindən istifadə etdiyinə şübhəm yox idi. Nadirin topladığı kifayət qədər inandırıcı dəlillər bu ehtimalı çoxdan əminliyə çevirmişdi. Ağa qumar borcuna görə adam vurmaqla yalnız bir dəfə cinayət törətmiş biri idi. Deməli əvvəllər onun hansısa cinayət əlaqələri olmayıb. Azadlığa çıxdığı qısa müddət ərzində də belə əlaqələr qurması mümkün deyildi. Xüsusilə, adam oğurluğu kimi bir işdə kimə gəldi etibar edə bilməzdi. Bu rola yalnız onunla yaxın vaxtlarda azadlığa çıxmış Cahandar Mollayev uyğun gəlirdi. Bu da çox pis idi, olduqca pis.
Mətbəxə keçib qayıdan Sənubər yenə kofe və çay süzüb gətirmişdi. Layiqədən gəlmiş təsdiq mesajını oxuyub söhbətin davamını dinləməyə hazırlaşdım. Kuryer şəkli ona çatdırmışdı. Deməli, Layiqə artıq Novxanıya yola düşüb.
Sənubər yerini rahatlayıb qaldığı yerdən davam etdi.
- İnstitutu atmışdım. Dediyim səbəblərdən evdən də çox çıxmamağa çalışırdım. Mənə fahişə kimi baxan qohumlarımdan kiminləsə təsadüfən rastlaşmaq istəmirdim. Ağanın xalası oğlu ilə də əlaqə saxlamamışdım sonradan. İnsafən pis oğlan deyildi. Adı İmran idi. Ancaq yerimi bilməsini istəmirdim. Qarşıda Ağanın əfv fərmanı şamil olunmayan on beş illik məhbusluq həyatı var idi. On beş ildən sonra gəlib mənə nə deyəcəkdi, yaxud mən Fərmana nə deyəcəkdim? Yaşım az olsa da, hələ o vaxt bunları başa düşdüyümçün qərarımı vermişdim. Fərmanı sevdiyimi deyə bilmərəm. Ancaq ən çətin anımda qarşıma çıxıb mənə əl uzadan yeganə insan kimi ona böyük hörmətim var. Ağanı isə yalnız xəyallarımda yaşadırdım. İlk məhəbbətim kimi, övladımın atası kimi. Hər dəfə Fərmanla yatağa girəndə onu düşünür, sanki onunla olurdum.
Bunları deyib Sənubər başını yellədi. Bunun səbəbini başa düşməsəm də, heç nə soruşmadım. Bir qədər fikrə gedib davam etdi...
“Ədəbiyyat və incəsənət”
(31.07.2024)
GÜLÜŞ KLUBUnda 200 fələstinli əsir
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Erməni klublarının avrokuboklarda biabırçı iştirakı fonunda klublarımızın böyük uğuru erməni mediasını bərk əndişələndirib, “Hayastan sports” qəzetinin müxbiri Arakelyan yazıb: “Onlar bütün uğurları üçün bizə minnətdar olmalıdırlar. Məsələn, ən güclü klubları olan “Qarabağ”ın ən güclü oyunçusu Yankoviç milliyyətcə ermənidir, bizim hamımızda yan arxada qalıb, amma onda irəli qaçıb.
2.
-Siz niyə evlənmirsiz?
-Qorxuram.
-Nədən?
-Bir dəfə kovid vaxtı ağzımda maska küçə ilə gedirdim, bir qadın üstümə atılıb xayama təpik vurdu, saçımı yoldu, üzümü cırdı. Maskam düşəndə dedi ki, “bağışlayın, elə bildim ərimsiz”.
3.
İsrail bir israilli əsirə iki yüz fələstinli əsir verərək dəyişməyə razı olub. İsrail başa düşüb ki, iki yüz fələstinli əsiri saxlamaq İsrailə bir israilli əsiri saxlamaq Fələstinə başa gələndən daha baha başa gələ bilər.
4.
Dərdayıl “geniş, hüdudsuz torpaq sahəsi satıram” mətni ilə elan verir, bir şəxs gəlir ki, bəs almaq istəyirəm. Dərdayıl da yarım sotluq dar ərazini göstərir. Gələn əsəbiləşir:
-A kişi, sən buna geniş, hüdudsuz torpaq sahəsi deyirsən? Sən camaatı dolamısan? Bunun uzunu-eni cəmi beş addımdır e.
Dərdayıl əllərini göyə tutur:
-Qardaş, mən hündürlüyünü nəzərdə tuturdum, bir bax, ucu-bucağı görünmür.
5.
Elektrik stulunda əyləşib, başağrısı dərmanı istəyir.
6.
RUS YUMORU
Söz azadlığına təminat var. Bəs sözü deyəndən sonrakı azadlığa necə?
“Ədəbiyyat və incəsənət”
(31.07.2024)
Kukla Teatrı sentyabr repertuarını açıqlayıb
Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsümün ilk ayında maraqlı və rəngarəng səhnə əsərləri ilə çıxış edəcək.
Teatrın sentyabr repertuarını təqdim edirik:
20 sentyabr- “Lokomotiv və Vaqonlar”, “Düyməcik”
21 sentyabr- “Ağca və yeddi cırtdan”, “Qoğal”
22 sentyabr- “Dovşanın ad günü”, “Çipollino”
28 sentyabr- “Ələddinin sehrli çırağı”, “Düyməcik”
29 sentyabr- “Melisa”, “Qoğal”
“Ədəbiyyat və incəsənət”
(31.07.2024)
Dövlət Turizm Agentliyinin sədri Qəbələ rayonunun Duruca kəndinin sakinləri ilə görüşüb
İyulun 30-da Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “Turistik kənd” layihəsi çərçivəsində Qəbələ rayonunun Duruca kəndinin sakinləri ilə görüşüb.
Agentlikdən AzərTAC-a bildirilib ki, görüşdə sakinlərə Duruca kəndinin turizm potensialının səmərəli istifadəsi üzrə planlar və görüləcək işlər haqqında məlumat verilib, həmçinin onların fikirləri dinlənilib.
Bildirilib ki, Dövlət Turizm Agentliyi tərəfindən “Turistik kənd” layihəsi çərçivəsində Duruca kəndində görüləcək işlər 2 mərhələdə həyata keçiriləcək.
Birinci mərhələ çərçivəsində kənddə əsas turistik infrastrukturun qurulması və abadlıq işlərinin həyata keçirilməsi, o cümlədən məlumatverici və digər turistik lövhələrin quraşdırılması, hasarların abadlaşdırılması, kioskların qurulması, iki bulağın bərpası, dağ-piyada cığırlarının formalaşdırılması və s. nəzərdə tutulub. Növbəti mərhələdə isə kənddə infrastrukturun daha da inkişaf etdirilməsi və turizm fəaliyyətlərinin genişləndirilməsi üzrə tədbirlərin həyata keçiriləcəyi qeyd edilib.
Görüşdə kəndin təbiət və aktiv turizm üzrə geniş potensiala malik olduğu, Duruca şəlaləsinə yürüş turlarının təşkili və haykinq marşrutunun hazırlanması üzrə işlərin getdiyi, eləcə də qonaq evi kimi fəaliyyət göstərmək istəyən sakinlərə müvafiq qonaqlama təlimlərinin, turistik turlar üçün isə bələdçilik təlimlərinin keçirilməsinin planlaşdırıldığı haqqında məlumat verilib.
“Turistik kənd” layihəsi Dövlət Turizm Agentliyi tərəfindən "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nın Tədbirlər Planında qeyd olunan "Turizm potensialı olan kəndlərdə "Turistik kənd" konsepsiyasına uyğun olaraq turizm infrastrukturunun yaradılması" tapşırığı üzrə icra olunmaqdadır.
Layihənin əsas məqsədi turizm potensialı olan kəndlərdə abadlaşdırma işləri vasitəsilə kəndlərin turistik cəlbediciliyini artırmaq, yerli və xarici turistlər üçün alternativ istirahət məkanları təqdim etməklə kənd turizmini inkişaf etdirmək, kəndlərdə yeni iqtisadi fəaliyyət növlərinin yaranmasına və yeni iş yerlərinin formalaşmasına töhfə verməkdir. Qax rayonunun İlisu və Sarıbaş kəndləri, Qusar rayonunun Ləzə kəndi, Qəbələ rayonunun Duruca kəndi, Quba rayonunun Qrız kəndi, Lerik rayonunun Bibiyoni kəndi və İsmayıllı rayonunun İvanovka kəndində bu layihə çərçivəsində işlərin həyata keçirilməsi planlaşdırılır.
“Ədəbiyyat və incəsənət”
(31.07.2024)
Adil Kərimlinin iştirakı ilə Azərbaycan-Çin mədəni əməkdaşlığının geniş perspektivləri müzakirə olunub
Mədəniyyət naziri Adil Kərimli Nazirliyin dəvəti ilə ölkəmizdə səfərdə olan Çin Xalq Respublikası (ÇXR) mədəniyyət və turizm nazirinin müavini, Milli Mədəni İrs Administrasiyasının rəhbəri Li Çunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Çin nümayəndə heyətində bu ölkənin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Dinq Tao, Mədəni İrs Akademiyasının baş direktoru Li Liusan və digər rəsmi şəxslər yer alıblar.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, A.Kərimli görüş zamanı Azərbaycan ilə Çin arasında əlaqələrdən bəhs edib. Qeyd olunub ki, dövlət başçılarımızın siyasi iradəsi ilə iki ölkə arasında qarşılıqlı maraq və etimada əsaslanan geniş perspektivli əməkdaşlıq qurulub. İyul ayında Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşündə qəbul edilən “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” ilə iki ölkənin əlaqələrində yeni səhifə açılıb.
İldən-ilə genişlənən əlaqələrdə mədəni əməkdaşlığın xüsusi yer tutduğunu deyən Adil Kərimli Azərbaycanın mədəniyyətin müxtəlif sahələrində əlaqələrin daha da inkişafında maraqlı olduğunu diqqətə çatdırıb. Nazir, həmçinin 2023-cü ilin sentyabr ayında Çinə səfərinin onda dərin təəssürat yaratdığını bildirib, orada keçirilən görüşlərin gələcək əməkdaşlıq üçün əhəmiyyətini vurğulayıb.
Çin mədəniyyət və turizm nazirinin müavini, Milli Mədəni İrs Administrasiyasının rəhbəri Li Çun səmimi qəbula görə təşəkkürünü bildirib, ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən məmnunluğunu ifadə edib.
Asiya Mədəni İrsi Qoruma Alyansı (AMİQA) haqqında məlumat verən Milli Mədəni İrs Administrasiyasının rəhbəri qurum tərəfindən müxtəlif istiqamətlər üzrə 15 proqramın həyata keçirildiyini deyib.
Li Çun AMİQA-nın ixtisaslaşdırılmış strukturlarında Azərbaycan tərəfinin də təmsil olunmasının əhəmiyyətini bildirib, ölkəmizin alyansın 4-cü konfransına ev sahibliyi etməsi ilə bağlı təkliflə çıxış edib. Qeyd olunub ki, sualtı irsin öyrənilməsi sahəsində də böyük təcrübəyə malik alyans tərəfindən Xəzərin Azərbaycan sektorunda sualtı irsin araşdırılması ilə bağlı layihə də həyata keçirilə bilər. O, həmçinin Azərbaycanın mədəni irsin rəqəmsal monitorinqi sahəsində təcrübəsini öyrənmək istədiklərini dilə gətirib.
Söhbət zamanı iki ölkə sənətçilərinin və yaradıcılıq kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin əhəmiyyəti vurğulanıb. Mədəni əməkdaşlığa dair yol xəritələrinin və memorandum layihələrinin işlənilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycan Mədəniyyət Nazirliyinə Çin tərəfindən müvafiq memorandum layihələri təqdim edilib. Li Çun deyib ki, iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcək memorandumların gələn il Pekində imzalanması yaxşı olardı. Milli Mədəni İrs Administrasiyasının rəhbəri, eyni zamanda, Çinin məşhur "798 Art Zone" mədəniyyət kompleksində Azərbaycan qalereyasını da görmək istədiklərini bildirib.
Görüş zamanı Azərbaycanın bu ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi nümayəndə heyətinin diqqətinə çatdırılıb. Qeyd edilib ki, COP29 çərçivəsində mədəniyyətə iqlim dəyişikliyi kontekstində baxış məsələləri də gündəmə gətiriləcək, eyni zamanda, ətraf mühitin qorunmasında mədəniyyətin rolu ilə bağlı müzakirələr aparılacaq. Çin tərəfinin bu mötəbər tədbirdə iştirakının əhəmiyyətli olacağı bildirilib.
Görüşdə tərəfləri maraqlarından digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkdirilib.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
“YAŞAT" Fondunun Londondakı yay məktəbi başa çatıb
“YAŞAT” Fondunun təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu və Azərbaycanın milli daşıyıcısı “Azərbaycan Hava Yolları”nın tərəfdaşlığı ilə Birləşmiş Krallığın paytaxtı Londonda reallaşdırılan ikinci "YAŞAT" yay məktəbi uğurla başa çatıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Fonddan məlumat verilib.
13-27 iyul tarixini əhatə edən yay məktəbi London Universitet Kollecində keçirilib və proqram müddətində iştirakçılar gündəlik 3 saatlıq ingilis dili dərslərinə cəlb olunublar.
Proqram çərçivəsində iştirakçılar bir-birindən maraqlı ekskursiyalara da qatılıblar. Dünyada mum heykəlləri ilə məşhurlaşan Madam Tüsso Muzeyinə, Britaniya monarxlarının Londondakı rəsmi iqamətgahı sayılan "Buckingham" sarayına, Londonun gözü adlandırılan və 135 metr yüksəklikdə yerləşən, Avropanın ən hündür əyləncə çarxına səfərlər reallaşıb.
Layihə iştirakçıları Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Britaniya Azərbaycan Cəmiyyətinin təşkilatçılığı ilə onlar üçün təşkil olunan ziyafətə qatılıblar.
Yay məktəbinin iştirakçılarına sertifikatlar da təqdim olunub.
Layihənin əsas məqsədi şəhid övladlarının dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, mədəniyyət mübadiləsində aktiv iştiraklarını təmin etmək, vaxtlarını səmərəli keçirmələrinə, yeni tanışlıqlar və dostluqlar əldə etmələrinə dəstək olmaqdır.
Yay məktəbi ölkəmizdə 9-cu sinif üzrə buraxılış imtahanında ən uğurlu nəticə əldə etmiş 12 şəhid övladını əhatə edib.
Xatırladaq ki, ötən il yay məktəbi Almaniyanın Frankfurt şəhərində keçirilib.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
“YAŞAT" Fondunun Antalyadakı düşərgəsinin növbəti həftəsi başlayıb
"YAŞAT" Fondunun, Azərbaycan Respublikasınının Gənclər və İdman Nazirliyinin, Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün Türkiyənin Antalya şəhərində yay düşərgəsi davam edir.
“Ədəbiyyat və incəsənət” portalına Fonddan verilən məlumata görə, düşərgənin növbəti həftəsinin iştirakçıları iyulun 28-də Bakıdan yola düşüblər.
Şəhidlərimizin 18-22 yaş aralığındakı oğul övladlarının qatıldığı düşərgəsi 5 avqust tarixinədək davam edəcək. Proqram çərçivəsində müxtəlif idman növləri üzrə yarışlar, təlimlər və əyləncəli oyunların keçirilməsi nəzərdə tutulur.
Düşərgənin əsas məqsədi gənclərin mədəniyyət və təcrübə mübadiləsində iştirakı, yeni dostluqların qurulması və beynəlxalq mühitin öyrənilməsidir. Düşərgə Türkiyə Respublikasının Gənclik və İdman Nazirliyinin nəzdində fəaliyyət göstərən Alaaddin Keykubat Kampında keçirilir. Burada şəhid övladları ilə birgə Türkiyənin fərqli bölgələrindən olan gənclər də iştirak edirlər.
Şəhidlərimizin müxtəlif yaş kateqoriyasına uyğun övladları üçün “YAŞAT” Fondu tərəfindən mütəmadi olaraq düşərgələr, müxtəlif kurslar, layihələr, təlimlər təşkil edilir, onların yüksək səviyyəli təhsilinə dəstək göstərilir.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
Bu dəfə dərviş yox, Hidayət Parisi partlatdı
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” (Naxçıvan bölməsi)
Artıq 4 ildir ki, bütün dünya Azərbaycanın mübariz oğullarının döyüş meydanındakı cəsarətindən danışır. Hətta bir çox ölkələr hərbi təlimlərdə Azərbaycan Ordusunun taktikasından yararlanmaq üçün müraciət belə edib. Dünya gündəmini dörd il demək olar ki, Azərbaycan və Türk dünyası zəbt edib. Bu zəfərin ardı-arası kəsilmir.
Qərbin Azərbaycana təcavüzkar siyasətinin artdığı bir dövrdə, əsasən də, Fransanın Azərbaycana mövqeyinin 180 dərəcə dəyişdiyi bir halda Paris bir daha partladıldı, həm də 48 il sonra. Bu dəfə Dərviş tərəfindən yox, Hidayət tərəfindən. Sanki Mirzə Fətəli Axundov 174 il əvvəl görürdü bu günləri. Qan çanağına dönmüş, hər vəchlə neokolonializm siyasəti yürüdən Fransa bu dəfə siyasi iradə göstərə bilmədi. Eləcə öz arenasında, ayaq üstə qarşıladı Azərbaycan Himnini. Bu sevinci bizə yaşadan Hidayət Heydərovu bütün Azərbaycan xalqı ayaqda qarşıladı. Gözlərdə sevinc gözyaşı qurumadı.
Xatırladım ki, dünən, yəni 29 iyul 2024-cü il tarixdə Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə “Paris-2024” Yay Olimpiya Oyunlarının qalibi olub. 73 kiloqram çəki dərəcəsində yer alan idmançımız finalda məhz fransalı Con Benjamin Qabanı üstələməklə olimpiadanın qızıl medalını qazanıb. Mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbullaya (İsrail) qalib gəlib. O, 1/4 finalda Artur Margelidondı (Kanada), yarımfinalda isə Akil Qyakovanı (Kosovo) üstələyib. Bu, Hidayət Heydərovun karyerasında ilk iştirak etdiyi olimpiada idi.
Ruhun şad olsun, Azərbaycan ədəbiyyatının dahisi Mirzə Fətəli Axundov. Sənin utopik yazdığın “Paris partladı!” şüarını dünən Hidayət həqiqətə çevirdi. Doğrudan, od vurdu Parisə. Fransanın paytaxtında, olimpiada oyunlarının keçirildiyi məkanda, hətta bununla yetinməyib finaldakı rəqibi fransalı Con Benjamin Qabanı üstələməklə Azərbaycan Bayrağını zirvələrə, Azərbaycan Himnini ürəklərdən qulaqlara köçürdü. Bütün Fransanı ayaqüstə saxlatdı bu himn. Bu dövlətin qurucuları “Bir daha enməz”,– dedilər, bu bayraq enmədi. Gözün aydın, Azərbaycan. Hələ neçə sevincli günlərin, aydın sabahların səni gözləyir.
“Ədəbiyyat və incəsənət”
(30.07.2024)
Dünya şöhrətli Riki Martin Bakıya gəlir - biletlər 120-dən 2500 manatadək!!!
Bələdçiniz: Nihad Alimoğlu, “Ədəbiyyat və incəsənət”
İnanılmaz! Dünya şöhrətli pop musiqiçi Riki Martin möhtəşəm solo konserti ilə ilk dəfə Bakıda çıxış edəcək.
Bəli, bəli!
Adı musiqi dünyasının simvoluna çevrilən əfsanəvi müğənni və aktyor Riki Martin avqustun 2-də Sea Breeze Resort-da çıxış edəcək! Konsert saat 20-dən 23-dək davam edəcək. Biletlər 120 manatdan 2500 manatadəkdir. Fanzona biletləri isə 80-150 manat civarındadır.
Həqiqətən də Sea Breeze Resort ölkənin musqiq tamaşaları mərkəzi statusuna yiyələnməkdədir.
Dünyada 95 milyondan çox albomu satılan, iki Grammy, dörd Latın Grammy qazanan və bir çox Billboard mükafatçısı olan bu müğənninin Bakıda konsertini təşkil etmək böyük hünərdir.
İllər öncə - 90-ların sonlarında “Livin la vida loca” mahnısı ilə puerto-rikolu gənc bir oğlan səhnədə parladı. Bu mahnını bütün dünya zümzümə edirdi. Çoxları Mərkəzi Amerikadakı Puerto-Riko adlı ekzotik ölkəni məhz Riki Martinə görə tanıdı.
İndi isə həmin müğənninin 52 yaşı var və o, ilk dəfə bakılılar qarşısında çıxış edəcək.
Konsertə tamaşa edəcək bütün bəxtəvərlərə içi özüm qarışıq xoş seyrlər arzulayıram!
“Ədəbiyyat və incəsənət”
(30.08.2024)