ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Bazar ertəsi, 29 İyul 2024 12:00

“Leylək balası” - Nemət Tahirin hekayəsi

Oğuz evin sonbeşiyiydi. Özündən 15 yaş böyük qardaşı hüquq fakültəsini bitirmişdi, dövlət sektorunda işləyirdi. Ondan 10 yaş böyük bacısı isə Tibb Universitetini bitirmişdi, özəl xəstəxanada həkim idi. Bu yaş fərqinə görə də ata və anası Oğuza övlad kimi yox, daha çox nəvə qayğısı ilə yanaşırdılar. 

İş adamı olan valideynləri Oğuzun dərsləri ilə məşğul olması üçün ta ibtidai sinifdən hazırlıq müəllimi tutumuşdular. Oğuz iti zehni, məntiqi və hazırcavablılığı ilə fərqlənirdi. İllər bir-birini sürətlə əvəz edirdi. Oğuz sevgi və qayğı ilə böyüyürdü. Həm valideynləri, həm də qardaş-bacısı onun bütün ehtiyaclarını ödəyirdi. Ancaq valideynləri çox narahar idilər. Çünki o, hər şeydən tez bezən, dəqiq seçimi olmayan bir uşağa çevrilirdi. Bütün fənləri yaxşı oxusa da, hansı peşə sahibi olacağını müəyyən edə bilmirdi. Valideynləri onu da qardaşı kimi hüquqşünas görmək istəyirdilər. 

Bu il Oğuz 10-cu sinifdə oxuyurdu. Artıq bir il idi ki, onların ailəsində bir narahatlıq və söz-söhbət var idi. Səbəb isə Oğuzun hüquqşünas yox, rəssam olmaq istəməsi idi. Onun rəsm çəkməyə marağını həmişəki kimi ötəri bir həvəs olduğunu düşünən valideynləri rəsm dərnəyinə də yazdırmışdılar. Ancaq bu həvəs artıq Oğuzun qəlbinə və ağlına nüfuz etmişdi. Hətta evdəki rahatlığını da əlindən almışdı. Elə bir gün olmazdı ki, atası ilə bu mövzuda mübahisə etməsinlər. Atası deyirdi ki, “rəssamlıq bizim ölkədə ciddi sənət kimi qəbul edilmir, sənin gələcəyin var, bacarığını  və istedadını əsas fənlərə yönəlt”. Anası da atasına dəstək olurdu ki, “atan haqlıdır, bacın və qardaşın ali təhsil alıbdır, Allah şükür, yaxşı yerlərdə də işləyirlər, sabah biz qocalanda sən rəssam qazancı ilə özünə və ailənə necə baxacaqsan?”

Oğuzun tək istəyi valideynlərininin onun seçiminə hörmət edib dəstək olmaları idi. Ancaq bu alınmırdı, əksinə hər gün ailədə söz-söhbət, narazılıq artıdı.
Oğuz müxtəlif heyvan şəkilləri çəkirdi. Gələcəkdə animalist rəssam olmaq istəyirdi. Hər çəkdiyi heyvan rəsmi onu başqa bir aləmə aparırdı. Həmin rəsmlərlə xəyalən söhbət edirdi, onunların dilini və istəklərini öyrənmək istəyirdi. Bir rəsmi çəkmək üçün həmin heyvan haqqında bir neçə gün internetdə araşdrıma edirdi. Heyvanın bütün xüsusiyyətlərini öyrənirdi. Ancaq onlayn araşdırma artıq Oğuza bəs etmirdi. Buna görə də bu gün hazırlığa getməyib birbaşa zooparka - rəsmini çəkəcəyi heyvanları müşahidə etməyə getdi. Necə başı qatışdısa, vaxtın necə keçdiyinin fərqinə varmadı. Özünü çox əla hiss edir, yorulmadan qeydlər götürür, heyvanlar haqqındakı lövhələri oxuyurdu.  Düşünürdü ki, insan ancaq sevdiyi işi görəndə xoşbəxt  ola bilər. Telefonuna gələn zəng onu sanki yuxudan ayıltdı. Anası idi:
 -Salam, Oğuz. Oğlum, sən hardasan, bu gün hazırlığa niyə getməmisən? 

-Ana, narahat olma, hər şey yaxşıdır, evə gələndə danışarıq, - deyib telefonu söndürdü.   
Atası Oğuzun hazırlığa getməyib zooparka getməsi qərarını eşidəndə çox əsəbləşdi:

-Bu da hardan çıxdı, hazırlıqdan çıxmaq nədir? Deyəsən, sənin nazınla oynadıqca, əzizlədikcə təmiz xarabın çıxır, başın xarab olub? 
Oğuz : -Ata, mən hazırlığın hamısından çıxmıram. Sadəcə V qrupa hazırlaşıb rəssam olmaq istəyirəm-deyə bildirdi. 

Atası və anası bir neçə saatdan çox danışdılar, bu qərarın onun gələcəyinə necə təsir edəcəyini izah etdilər. Atasının ürəyi soyumadı, Oğuzun otağına keçib onun çəkib öz otağının divarların yapışdırdığı rəsmləri qopardıb cırıxladı, hətta Oğuza bir şillə də vurdu. Anası tez araya girdi. “Bəsdirin, ayıb deyil? Gör nə vəziyyət qaldıq, İlahi?!” deyib ağlamsındı. 

Oğuz isə başını əllərinin arasına alaraq divanda oturub ağlayırdı və tez-tez deyirdi:-Məni sevirsinizsə, seçimimə hörmət edin, nə olar? 

Atası bunu eşidib  daha da qəzəbləndi.

-Səni yoldan çıxardan o dərnək müəllimidir, üstü-başı həmişə boya içində olan, saqqallı o tüfeyli gədədir. O günü mənə zəng edib deyir ki, Oğuzun çox yaxşı istedadı və gələcəyi var. Yaxşı rəssam olacaq. Hələ onda başa saldım ki, biz Oğuzu rəssam olmaq üçün yox, sadəcə həvəsi olduğu üçün rəsm dərnəyinə qoymuşuq. Elə dirənib ki, övladınızın fikirlərinə hörmətlə yanaşın. Guya övladımı məndən çox istəyir. Mən indi onun payını verərəm, -deyib müəllimə zəng etmək üçün digər otağa keçdi.
 Bir azdan anasının gətirdiyi ürək dərmanını içən atası dedi ki, sabahdan rəsm dərnəyinə getməyi də dayandırırsan, iki ilin var, əgər ali məktəbə qəbul olmasan, səni övladlıqdan rədd edəcəm. Oğuz qulaqlarına inanmırdı, ali təhsilli, savadlı, mədəni və övladlarını göz bəbəyi kimi sevən, qoruyan ata-anası niyə belə edirdilər? Axı o bu peşəni valideynləri üçün yox, özü üçün seçəcəkdi. Axı bunu böyüklər daha yaxşı başa düşməli idi....
Oğuz: “Siz həmişə demisiniz ki, insan adını, peşəsini və həyat yoldaşını seçəndə gərək elə etsin ki, ömür böyü peşman olmasın. Aydındır ki, doğulanda heç kim özünə ad seçə bilməz. Sağ olun ki, mənə gözəl ad seçmisiniz. Ancaq peşəmi seçməyə mənə şans verin, xahiş edirəm” -deyib ata-anasına yalvarış dolu gözlərlə baxdı. Ancaq valideynləri qərarlarını vermişdilər. 

-Biz qərarımız sənə dedik, vəsallam. Qardaş, bacına da ixtisası biz seçdik. İndi də şükür, peşman deyillər. Sən də oxuyub hüquqşünas olmalısan, biz sənin qabiliyyətini bilirik, - deyə anası məsələyə son nöqtəni qoydu.
 

*

Artıq aylar keçmişdi. Oğuz hər gün məktəbə və hazırlıqlarına gedir, proqramlaşdırılmış robot kimi valideynlərinin arzusunu yerinə yetirmək üçün gecə-gündüz çalışırdı. Ancaq ailələrində əvvəlki mehribanlıq, istiqanlılıq yox idi. Hər dəfə atası işdən gələndə qollarını açıq onun boynuna atılan, yaxşı qiymətlərinə görə tərif və mükafat alan Oğuz evdə gözəgörünməz olmuşdu sanki, ruh kimi hərlərindi. Elə valideynləri onun qanadlarını qırmışdı. Yemək saatlarında süfrəyə gəlir, sakitcə yeməyini yeyib yenidən otağına çəkilirdi. Ailənin birləşdiyi yemək süfrəsi yas süfrəsini xatırladırdı. Anası hər dəfə nəsə demək istəsə də, atasının zəhmindən qorxaraq susurdu. Bu küskünlük və soyuqluq günü-gündən artırdı. Oğuzu valideynlərindən ayıran yarğan daha da böyüyürdü. Ailədə hər kəs bunu hiss edirdi, sadəcə valideynlərin yersiz qürurü, mənəm-mənəmlik hissi, mühafizəkarlığı bu buzları qırmağa və övladına yenidən sarılmağa, isti münasibət göstərməyə imkan vermirdi. Qardaşı və bacısı da valideynləri ilə danışmaq istədilər, amma alınmadı. Çox da cəhd etmədilər, çünki valideynlərini yaxşı tanıyırdılar, onlar ortaq bir qərar verdilərsə, dünya dağılsa da, geri addım atmazlar.
 Bir axşam Oğuzun valideynləri axşam yeməyindən sonra xəbərləri izləyirdilər. Oğuz isə öz otağında dərslərini oxuyurdu. Ümumiyyətlə, həmin hadisədən sonra aylardır ki, Oğuz ata-anası ilə ünsiyyətdə olmur, ancaq yemək vaxtı onları görür və verdikləri suallara “bəli, xeyr”-deyə cavab verirdi. Televizora baxa-baxa anası dedi:

-Bu uşağın axırı necə olacaq, ay Kərim? Necə vaxtdır ki, elə bil, evimizdə yas düşübdür. Mən bu cür yaşa bilmirəm. Evimizin sevinci, gülüşü yoxa çıxıbdır. Xahiş edirəm, onunla söhbət edək, aramızdakı buzlar ərisin... 

Elə bu vaxt televizorda Oğuzu göstərirdilər. Atası:- Bir dəqiqə, Gülnarə, bu Oğuz deyil? –Hə, hə, televizorun səsini yüksəlt, görək, hələ teleanonsdur, -deyib televizora lap yaxınlaşdı. 

Diktor xanım təntənə ilə elan edirdi:
-İndi isə mədəniyyət xəbərləri: Yaponiyada təşkil olunmuş “Wildlife Artist” Beynəlxalq rəsm müsabiqəsində “Valideyn övlad münasibəti” nominasiyası üzrə  Azərbaycan məktəblisi Oğuz Kərimoğlunun çəkdiyi rəsm əsəri qalib olubdur, cüməgünü Bakıda- Mədəniyyət Nazirliyində mükafatlandırma olacaq,  Fəxri fəman və digər mükafatlarla birlikdə qalibə 3 min dollar pul mükafatı da veriləcək və əlavə olaraq qeyd edək ki, animakist rəssam olan Oğuz Kərimoğlu Yaponiyanın Kioto Universitetinin Rəssamlıq və İncəsənət fakültəsində ali təhsil almaq hüququ qazanıbdır. Onun çəkdiyi rəsmi təqdim edirik.

Oğuzun çəkdiyi rəsm nümayiş olundu: Leyləyin digərlərindən zəif olan balasını dimdiyi ilə götürüb yuvadan atdığı məqam rəsmdə öz əksini tapmışdı.

Diktor davam etdi:

-Əməkdaşlarımız Oğuzla əlaqə yaradıbdır, ən yaxşısı, rəsminin mənasını özü sizə izah etsin. O, rəsmin mənasını belə izah edir: Bizə məlumdur ki, bir çox canlılar, əsasən də Leyləklər yumurta qoyub bala çıxardır və balaları böyüyəndə hansı bala inkişafdan qalsa, valideynlər onu yuvadan götürüb atırlar ki, digər baların qidasına şərik çıxmasın, inkişafına maneə olmasın. Bir çox bioloqlar bunu təbii seçmə adlandırırlar. Sual yarana bilər ki, bunun rəsm müsabiqəsinin mövzusu ilə nə əlaqəsi var? Mən bunu belə izah edirəm ki, bizim ölkədə əksər valideynlər həmin leyləklər kimidir. Onlar övladlarını digər bacı-qardaşlarından, qonşudan, qohumdan, sinif yoldaşlarından və həmyaşıdlarından geri qalmasını qəbul edə bilmirlər. Həmin “zəif” övladın seçiminə, fikirlərinə önəm vermirlər, onu olduğu kimi qəbul etmirlər. Ya onların istədiyi kimi olmalısan, ya da valideynlər səni arzularınla birlikdə ölümə məhkum edirlər.
Kərim və Gülnarə müsahibə qurtarsa da, bir neçə dəqiqə bir-birinin üzünə baxaraq, əsl şok yaşayırdılar. Kərim, biz nə edirik?-deyə anası dilləndi,-Göz gör-görə aylardır ki, evimizdə balamıza zülm edirik, ölümünü gözləyirik, -hönkür-hönkür ağladı. Kərim tez Oğuzun otağına keçdi, həyəcanla qapını açdı,-Oğuz,oğlum, -deyib onu qucaqladı, - Bağışla, məni, bağışla, balam.
Oğuz da onu qucaqlayıb ağladı. Anası da gəldi. Başını sığallayıb üz-gözündən öpdü və dedi:

-Sənin rəssamlığın və böyük ürəyin öz eqosuna və şöhrətpərəstliyinə 3 balasını qurban verən iki ali təhsilli canlıya qalib gəldi...

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Dünən Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən biri, Xalq artisti, professor, Dövlət mükafatı laureatı, "Şöhrət" və "İstiqlal" ordenli bəstəkar Vasif Adıgözəlovun anadan olmasının 89-cu ildönümü tamam oldu.

 

Təbii ki, qədirbilən xalqımız bu böyük bəstəkarın unudulmaz əsərlərini əsla unutmayacaq. Elə bu sətirlərin müəllifi şəxsən onun “Natəvan” operasına iki dəfə tamaşa edib. 

Vasif Adıgözəlov 1935-ci il iyulun 28-də Bakıda məşhur muğam ustası Zülfü Adıgözəlovun ailəsində dünyaya göz açıb. İlk musiqi təhsilini konservatoriyanın nəzdindəki 10 illik musiqi məktəbində pianoçu kimi alıb. 1953-cü ildə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. Bəstəkarlıq üzrə Qara Qarayevin, fortepiano üzrə Simuzər Quliyevanın sinfində təhsilini davam etdirib. 1959-cu ildə həmin təhsil ocağını iki ixtisas üzrə bitirib. 1958-ci ildən əmək fəaliyyətinə başlayan sənətkar müxtəlif mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb. 

Azərbaycan musiqi ictimaiyyəti V.Adıgözəlovu həm də fəal ictimai xadim kimi sevmiş və tanımışdır. O, müxtəlif illərdə Bakı Musiqi Texnikumunda direktor, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında, Azərbaycan Dövlət Filarmoniyasında bədii rəhbər, Bakı Musiqi Akademiyasında kafedra müdiri və Azərbaycan Bəstəkarlar İttifaqında birinci katib kimi çalışaraq böyük təşkilatçılıq qabiliyyəti göstərməklə yanaşı, öz səmimi və mehriban xasiyyəti ilə ictimaiyyətin dərin rəğbətini qazanıb.

V.Adıgözəlovun yaradıcılığı çox geniş və rəngarəngdir. Onun müxtəlif musiqi janrlarında yazdığı yüksək səviyyəli sənət əsərləri geniş dinləyici kütləsinin rəğbətini qazanıb. Bəstəkar 2 operanın - "Ölülər" və "Natəvan", 6 musiqili komediyanın - o cümlədən "Nənəmin şahlıq quşu", bəstəkar Ramiz Mustafayevlə birgə yazdığı "Hacı Qara", "Boşanaq - evlənərik", "Aldın payını, çağır dayını", həmçinin "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915", "Qəm karvanı" oratoriyalarının, 3 simfoniyanın, "Segah" muğam-simfoniyasının, "Mərhələlər", "Afrika mübarizə edir" simfonik poemalarının, 5 instrumental konsertin, çoxlu sayda kamera-instrumental əsərin, 100-ə qədər mahnı və romansın, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqinin müəllifidir.

Bəstəkarın müxtəlif janrları əhatə edən yaradıcılığının çox hissəsini fortepiano üçün musiqi təşkil edir. Bu da təsadüfi deyil. Onun bir pianoçu kimi istedadı musiqi ictimaiyyəti tərəfindən həmişə yüksək qiymətləndirilib. Bəstəkar hələ tələbəlik illərindən başlayaraq, fortepiano üçün prelüdlərdən tutmuş ən irihəcmli instrumental əsər - piano və orkestr üçün 3 "Konsert"in, skripka və orkestr üçün, violonçel və orkestr üçün konsertin müəllifidir.

Bəstəkarın yaradıcılığında monumental vokal-simfonik əsərlər də üstünlük təşkil edir. Onun müxtəlif illərdə bəstələdiyi "Odlar yurdu", "Qarabağ şikəstəsi", "Çanaqqala-1915" oratoriyaları xalqın tarixini, onun azadlıq və müstəqillik uğrunda mübarizəsini və qələbəsini tərənnüm edən yüksək vətənpərvərlik ruhunda yazılmış sənət əsərləridir. Xüsusilə, "Çanaqqala-1915" qəhrəmanlıq epopeyasına ilk dəfə Azərbaycan bəstəkarı Vasif Adıgözəlov müraciət etmiş və bu monumental əsər Türkiyə xalqının həyatında əlamətdar bir hadisə kimi yüksək qiymətləndirilib.

İri monumental əsərlərlə yanaşı, bəstəkarın mahnıları da öz səmimi, ecazkar melodiyası ilə xalqımızın ürəyinə yol tapıb. Onun dillər əzbəri olan "Qərənfil", "Bakı", "Xoşum gəlir", "Naz-naz", "Şuşa laylası", "Ana" kimi mahnıları insanın ülvi hisslərinin yüksək bədii təzahürüdür.

Vasif Adıgözəlovun yaradıcılığı milli musiqi mədəniyyətimizdə xüsusi rola və əhəmiyyətə malikdir. Onun əsərləri nəinki ölkəmizin, dünyanın bir çox yerlərində, o cümlədən Almaniya, Bolqarıstan, Çexiya, Meksika, Kosta-Riko, Venesuela, Kuba, Türkiyə, İran və keçmiş SSRİ respublikalarının musiqi ictimaiyyətinə yaxşı tanışdır.

Bəstəkarın əməyi hər zaman yüksək qiymətləndirilərək ən yüksək fəxri adlara, orden və medallara layiq görülüb.

Görkəmli bəstəkar 2006-cı il sentyabrın 16-da dünyasını dəyişib və Fəxri xiyabanda dəfn olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

Bazar ertəsi, 29 İyul 2024 09:01

“Dream Fest – 2024” festivalı başa çatıb

Bakıda, “Sea Breeze” istirahət mərkəzində “Dream Fest – 2024” Beynəlxalq Musiqi Festivalı başa çatıb. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bazar günü yekunlaşan festivalda əksəriyyəti postsovet məkanından, eləcə də Türkiyə, Böyük Britaniya, Kanada və digər ölkələrdən 100-dən çox musiqiçinin çıxışı maraqla izlənilib. 

Onların arasında Rusiyada fəaliyyət göstərən azərbaycanlı müğənni Jony (Cahid Hüseynli), həmçinin Xalq artistləri Aygün Kazımova, Emin, isveçli müğənni Bosson, rusiyalı sənətçi Ani Lorak, Azərbaycan əsilli Qazaxıstan müğənnisi Jah Khalib (Bəxtiyar Hüseynov), Mot (Matvey Melnikov) və başqaları olub. 

MDB ölkələri arasında “Ən yaxşı remiks” nominasiyası üzrə “Qremmi” mükafatını alan ilk musiqiçi qazax İmanbek Zeikenov (DJ İmanbek) da festivalın iştirakçısı idi. 

Bir neçə gün ərzində mavi Xəzərin sahilində, Nardarandakı “Sea Breeze” istirahət mərkəzində bir neçə nəsil musiqiçilər populyar mahnılarla çoxsaylı tamaşaçılara xoş anlar bəxş etdilər.

Onu da qeyd edək ki, tamaşaçıların rahat gediş-gəlişini təmin etmək məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən avtobuslar da ayrılmışdı, avtobuslar hər gün saat 16:00-dan 20:00-a qədər “Koroğlu” metrostansiyasının cənub çıxışındakı nəqliyyat mübadilə məntəqəsindən yola düşürdü. 

Festival barədə daha geniş yazını növbəti saatlarda təqdim edəcəyik. 

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

İllərdir ən müxtəlif müsabiqələrdə mükafatlar qazanan istedadlı fotoqraf, AzərTAC-ın fotomüxbiri İlqar Cəfərov növbəti uğuru sıralayıb. O, həm Hindistanda, həm də Serbiyada keçirilən beynəlxalq fotomüsabiqələrdə 3 qızıl medala layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Beynəlxalq Fotoqrafiya Sənəti Federasiyası (FIAP) tərəfindən Hindistanda keçirilən SPARKLING INTERNATIONAL SALON 2024 fotomüsabiqəsinə dünyanın 35 ölkəsindən 129 iştirakçı 1611 fotoşəkil göndərib.

FIAP-ın qızıl medalına İlqar Cəfərovun "Athlete Willpower" fotoşəkili layiq görülüb.

Serbiyada keçirilən WORLD PHOTO TRIP 2024 fotomüsabiqəsində isə 115 iştirakçı arasında fotomüxbirin iki fotosu “Confrontation in tennis” və “Red Dress” qızıl medal qazanıb.

Fotoşəkillər mükafata “Fotojurnalistika” nominasiyasında layiq görülüb.

Qeyd edək ki, fotoşəkillər fotomüxbir tərəfindən 2016-cı ildə Braziliyada keçirilən Paralimpiya Oyunlarında və Bakı şəhərində çəkilib.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

Fransanın Marsiak şəhərində 46-cı beynəlxalq caz festivalı dünyanın nüfuzlu sənətçilərini bir araya gətirib.

 

AzərTAC xəbər verir ki, azərbaycanlı caz pianoçu, Əməkdar artist Şahin Növrəsli festivalın xüsusi qonağı olub.

 

Festival çərçivəsində Ş.Növrəsli amerikalı caz ustası, pianoçu, bəstəkar və pedaqoq Əhməd Camalın (Frederik Rassel Cons) xatirəsinə həsr edilmiş konsertindən əvvəl Areta Franklin Kollecinin şagirdləri ilə görüşüb. Onun gənc musiqiçilər üçün ustad dərsi təşkil olunub.

 

Builki Marsiak caz festivalında məşhur pianoçu Əhməd Camalın vəfatının ildönümünün qeyd edilməsi yaddaqalan anlardan olub. 1930-cu ildə Pittsburq şəhərində (Pensilvaniya ştatı) anadan olan cazmen 1950-ci ildə Çikaqoya köçüb, orada İslamı qəbul edib və adını Əhməd Camal olaraq dəyişdirib. 2023-cü ildə vəfat edib.

 

Qeyd edək ki, Marsiak caz festivalının mahiyyəti onun eklektik və ruhlandırıcı proqramı ilə sübut olunduğu kimi, sərhədləri aşmaq bacarığındadır.

 

Festival avqustun 4-dək davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

Rejissor Azər Quliyevin “Sanki yoxsan” qısametrajlı bədii filmi 30-cu Sarayevo Film Festivalının əsas proqramında nümayiş ediləcək.

 

AzərTAC xəbər verir ki, festivalın saytında yer alan məlumata görə, Bosniya və Herseqovinanın paytaxtında təşkil olunan ənənəvi festival bu il avqustun 16–dan 23-dək keçiriləcək.

 

Festivalda bədii, sənədli, qısametrajlı və tələbə filmləri üzrə müsabiqə proqramında ümumilikdə 54 film yarışacaq.

 

Xatırladaq ki, “Sanki yoxsan” filmi may ayında 77-ci Kann Beynəlxalq Film Festivalında qısametrajlı filmlər müsabiqəsində nümayiş olunmuşdu.

 

Filmin əsas qəhrəmanı Leyladır. Samir və Leyla ailələrindəki ixtilafdan qaçmaq qərarına gəlirlər. Ertəsi gün Samir yoxa çıxır...

 

“Ədəbiyyat və incəsənət”

(29.07.2024)

 

Gürcüstanda yaşayan ən yaşlı soydaşımız, pedaqoq, jurnalist, şair, bir vaxtlar Azərbaycanın Qarabağ bölgəsində çalışmış Dünyamalı Kərəm (Əliyev) iyulun 26-da 104 yaşında dünyasını dəyişib.

 

AzərTAC xəbər verir ki, bu barədə D.Kərəmin yaxınları məlumat yayıblar.

 

Qeyd edək ki, Dünyamalı Kərəm oğlu Əliyev 1920-ci il aprelin 28-də Bolnisi rayonunun Qoçulu kəndində anadan olub.

Bakıda ali təhsil alan D.Kərəm 1954-1957-ci illərdə Xankəndidə "Kommunist " qəzetinin xüsusi müxbiri olaraq çalışıb. Sonradan anasının arzusu ilə Bolnisiyə qayıdaraq müəllim kimi fəaliyyət göstərib.

O, 7 kitabın, yüzlərlə elmi məqalənin müəllifi olub.

Daim “İnsanın uzunömürlü olması onun özündən asılıdır”, - deyən D.Kərəmin sonuncu kitabı da "Mən ki, 100 il yaşamasam" adlanıb.

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2024)

İyulun 26-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası ilə əlaqədar ölkəmizdə səfərdə olan Serbiyanın mədəniyyət naziri, Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçlə görüşüb.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, Adil Kərimli Azərbaycan ilə Serbiya arasında əlaqələrin iki ölkənin rəhbərlərinin səmimi dostluğa və qarşılıqlı etimada əsaslanan münasibətləri zəminində hərtərəfli inkişaf etdiyini bildirib. 

Qeyd olunub ki, iki ölkə arasında mədəni əlaqələrin geniş perspektivləri var. Eyni zamanda, mədəniyyət sahəsində əməkdaşlıq üçün hüquqi baza mövcuddur. 2011-ci ildə Azərbaycan və Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlıq haqqında saziş imzalanıb.

Nazir Nikola Selakoviç səmimi qəbula görə təşəkkürünü bildirib, Hökumətlərarası Komissiyanın iyulun 25-də keçirilən iclasını yüksək qiymətləndirib.

Söhbət zamanı mədəniyyətin müxtəlif sahələri üzrə geniş əməkdaşlıq formatı müzakirə edilib. Həmçinin bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim dəyişikliyinin mədəniyyət sahəsinə təsiri, habelə ətraf mühitin qorunmasında mədəniyyətin rolu məsələləri ilə bağlı müzakirələr aparılacağı diqqətə çatdırılıb. Serbiyanın COP29-da iştirakının məmnunluq doğuracağı bildirilib. 

Nikola Selakoviç öz növbəsində Azərbaycanın mədəniyyət nazirini ölkəsinə rəsmi səfərə dəvət edib.

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2024)

 

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bir elə “Dəli Kür” romanı bəs edər ki, onun Azərbaycan ədəbiyyatı tarixindəki ən ön sıradakı yerini müəyyənləşdirsin. “Dəli Kür” romanı Azərbaycanda ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilir.

 

Bu gün Xalq yazıçısı İsmayıl Şıxlının vəfatından 29 il ötür. 

O, 1919-cu il martın 22-də Qazaxın İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. Kosalar kəndində ibtidai məktəbi bitirib, Qazax pedaqoji məktəbində, daha sonra isə Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsil alıb. Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləyib. İkinci Dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhədə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olub. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləyib.

Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsində aspirant , müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi kimi çalışıb. "Azərbaycan" jurnalında baş redaktor , Azərbaycan Yazıçılar İttifaqının birinci katibi, SSRİ Yazıçılar İttifaqının katibi olub. Daha sonra Azərbaycan Yazıçılar İttifaqının sədri və Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilib.

İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunub. İsmayıl Şıxlı təkcə bir şeirini çap etdirdikdən sonra şeir aləmindən uzaqlaşdı. Başa düşdü ki, şeir yazmaq onda yaranmış olan bir həvəsdir. Bəlkə də keçici, ötəri bir hissdir. Başa düşdü ki, sözünü demək üçün şeir meydanı ona kifayət etmir və bəlkə də bu meydanda o, bütöv bir tam halında özünü tapa bilmir. Bu barədə onun vaxtilə verdiyi müsahibələrin birində deyilir: “Bircə onu deyə bilərəm ki, şeirin atı məni üstdən tez saldı. Bircə şeir çap elətdirəndən sonra, şeirin mənim yemim olmadığını başa düşdüm.

İsmayıl Şıxlı şeirdə lövbər salmadan nəsrə yol aldı və bu işdə o, Mehdi Hüseynin sözlərini də unutmadı. Mehdi Hüseyn ona yalnız gördüklərini, bildiklərini yazmağı tövsiyə etmişdi. İsmayıl Şıxlı buna əməl edərək “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerklərini, “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanlarını yazdı. O, nəsrin astanasından içəri daxil olduqdan sonra özünü tapdı və yaradıcılıq potensialını burada göstərə bildi. Özünün sonralar dediyi kimi, “Ayrılan yollar” kimi əsər yazması Azərbaycan nəsrinin uğuru idi. İsmayıl Şıxlı vaxtilə verdiyi müsahibələrin birində deyirdi: “Ayrılan yollar” şəxsiyyətə pərəstişi ilkin qamçılamış, şüarçılıqdan, boş hay-küydən uzaq ilk Azərbaycan romanının və “Yanar ürək”, “Böyük dayaq”, “Qara daşlar” kimi romanların yaxşı mənada örnəyi, sələfidir”.

“Ayrılan yollar” romanı nəsr sahəsində İsmayıl Şıxlının özünə olan inamını artırdı. Həmin inam, uğur onu “Dəli Kür”ə gətirdi. Ancaq İsmayıl Şıxlı “Dəli Kür”dən sonra yeni “Dəli Kür”ü yaratmadı. Bəlkə də o, Cahandar ağa kimi yeni obraz yaratmağa ehtiyat etdi. Baxmayaraq ki, İsmayıl Şıxlının yaşayıb-yaratdığı dövrlərdə (məsələn, Sovet dövründə) mövcud olan ictimai-siyasi hadisələr yeni-yeni Cahandar ağaların bədii ədəbiyyatda yaranmasına əsas verirdi. İsmayıl Şıxlı ədəbiyyatda yeni “Dəli Kür”ü yazmaması barədə təvazökarlıqla deyirdi: “Çox söz verib uzatmış, ləngitmişəm. Odur ki, bu barədə heç bir şey deməyəcəyəm, ta ortaya bir şey qoyana kimi. Amma tələb haqlıdır. Elə dediyim kollektivləşmə dövrünün kəndi, adamların iqbalı...

Onların qarşısında özümü borclu və günahkar hesab eləyirəm”. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. İ.Şıxlı "XIX əsr xarici ədəbiyyat tarixi"ni rus dilindən tərcümə edərək 1964-cü ildə çap etdirmişdi. Bu kitabda XIX əsrin romantizm və tənqidi realizm kimi iki əsas cərəyanı alman, ingilis, fransız, polyak, macar və digər ədəbiyyatların əsasında təhlil olunur.

Onun yaradıcılığında tərcümə ədəbiyyatı da mühüm yer tuturdu. O, XIX əsr fransız ədəbiyyatının məşhur realist yazıçısı Gi de Mopassanın, türkiyəli yazıçı Əziz Nesinin "Taxtalıköydən məktublar" sərlövhəli satirik hekayələrini ilk dəfə 1980-ci illərdə tərcümə edərək azərbaycanlı oxucuya təqdim etmişdi.

"Qızıl Ulduz", "Şərəf nişanı", "Qırmızı əmək bayrağı", II dərəcəli "Böyük Vətən müharibəsi" ordenləri və medalların, Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanının və Azərbaycan Respublikasının "Şöhrət" ordeninin sahibi Xalq yazıçısı 1995-ci il iyulun 26-da Bakıda vəfat edib və Fəxri xiyabanda dəfn olunub.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2024)

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında cari ilin sonuna qədər dörd yeni tamaşa təqdim olunacaq. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına tetarın mətbuat xidmətinin rəhbəri Cavid eynallı məlumat verib.

 

Uilyam Şekspirin “Maqbet” faciəsinin motivləri əsasında hazırlanacaq “Ledi Maqbet” səhnə əsəri Xalq artisti Bəsti Cəfərovanın yubileyi münasibətilə benefis tamaşadır. Yeni yaradıcılıq işinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur.

Növbəti mövsümdə premyerası olacaq daha bir səhnə əsəri “Müharibə”dir. Tamaşa Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə və Nihad Qubadzadənin eyniadlı əsəri əsasında reallaşacaq.

Teatr uzun illərdən sonra yenidən Cəfər Cabbarlının “Aydın” əsərinə müraciət edib. Ərşad Ələkbərovun quruluşunda təqdim olunacaq yeni səhnə əsərinin rəssamı Şəki Dövlət Dram Teatrının baş rəssamı Sahib Əhmədov, musiqi tərtibatçısı Azər Hacıəsgərli, rejissor assistenti Vüqar Məmmədovdur.

Milli Teatrın növbəti yaradıcılıq işi məşhur fransız yazıçı-dramaturqu Rober Tomanın “Səkkiz qadın” pyesi əsasında qurulan eyniadlı tamaşadır. Tamaşanın quruluşçu rejissoru Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, bəstəkarı Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, rəqslərin quruluşçusu Ceyhun Dadaşov, rejissor assistenti Nərmin Həsənovadır.

 

“Ədəbiyyat və incəsənət”

(26.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.