ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Avqustun 2-də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında rəssam Nigar Helmi Abbasbəylinin yaradıcılığına həsr edilən “Qarabağ Mirası Təsviri İncəsənətdə” adlı tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla anılıb.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov xalqımızın ərazi bütövlüyü uğrunda apardığı mübarizəyə toxunub, Azərbaycan həqiqətlərinin, şanlı qələbəmizin təbliğində incəsənətin rolundan bəhs edib.

 

Polkovnik öz çıxışında deyib: “Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 44 günlük müharibədə əldə etdiyimiz Zəfərin, bütövlükdə ölkəmizin uğurlarının memarıdır. Qələbəyə aparan yol, sadəcə 44 gündən ibarət deyil. Uzun bir zaman kəsiyində ölkəmizdə iqtisadiyyatının inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq müstəvidə mövqelərinin güclənməsi və müttəfiqlərinin artması, respublikamızın mövqelərini müdafiə edən dövlətlərin çoxalması, milli maraqlarımızın müdafiəsi sahəsində ciddi addımlar atılıb.

 

Bu gün azad edilmiş torpaqlara qədəm basan hər kəs erməni vəhşiliyinin təzahürlərini öz gözləri ilə görür. Ermənistan 30 illik dönəmdə təkcə torpaqlarımızı işğal etmədi, ilk növbədə, bölgənin mədəni tarixinə qarşı soyqırımı törətdi. Onlar çox yaxşı bilirdilər ki, bölgədə olan tarixi abidələr Qarabağın Azərbaycan tarixinə bəxş etdiyi ən qiymətli sərvətdir. Ermənilərin vəhşi əməllərinə məruz qalan ərazimizdən biri də Şuşa şəhəridir. Bu şəhərdə də xeyli sayda tarixi və mədəni abidələrimiz yer üzündən silinib. İşğal dövründə ermənilər, həmçinin 550 qədim yaşayış binasını sökərək şəhərin ümumi görünüşünə xeyli ziyan vurublar. Məhv edilən 210 tarix və mədəniyyət abidəsi Azərbaycanın dövlət qeydiyyatında olan abidələrdir. Ermənilərin vandal əməllərindən tanınmaz hala düşən abidələrdən biri də Molla Pənah Vaqifin məqbərəsi idi. Məqbərənin yalnız uçuq sütunları qalmışdı. Şuşa işğaldan azad olunan kimi dövlət başçısının Şuşanın bərpası ilə bağlı verdiyi ilk tapşırıqlardan biri də Vaqifin məqbərəsinin bərpası ilə bağlı oldu. Tez bir zamanda təmir-bərpa işləri nəticəsində əvvəlki vəziyyətinə qaytarılan məqbərə görünüşü ilə şəhərə xüsusi bir gözəllik verir. Ənənəvi Vaqif Poeziya Günləri də artıq hər il məqbərənin önündə keçirilir. Rəssam Nigar Helminin “Qarabağın mirası Təsviri İncəsənətdə” mövzusuna həsr olunmuş sərgi də Vətən müharibəsi nəticəsində əldə olunan şanlı Zəfərimizə həsr olunub”.

 

Rəssam Nigar Helmi Abbasbəylinin yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

 

Tədbirdə filologiya üzrə fəlsəfə doktoru, dosent, yazıçı-publisist Şərəf Cəlili və Əsilzadələr Məclisinin katibi, Yazıçılar Birliyi sədrinin müşaviri, yazıçı-tədqiqatçı Sayman Aruz çıxış edərək Vətən müharibəsində əldə olunan tarixi qələbədən, həmin qələbələrin təbliğində mədəniyyət və incəsənətin rolunu vurğulayıblar və bu sahədə rəssama uğurlu fəaliyyət arzulayıblar.

 

Rəssam Nigar Helmi Abbasbəyli tədbirdə iştirak edənlərə təşəkkürünü bildirib, uşaqlıq xatirələrindən, milli tariximizlə bağlı şahidi olduğu ağrılı məqamlardan, apardığı tarixi araşdırmalardan bəhs edib. O bildirib ki, zəngin tariximizin, xüsusilə də ermənilərin 200 il ərzində Azərbaycan xalqının başına gətirdiyi faciələrin daha dərindən araşdırılmasına, həmin araşdırmaların nəticəsi ilə bağlı daha fundamental əsərlərin yaradılmasına ehtiyac var.

 

Rəssam Nigar Helmi Abbasbəyli Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının xüsusi mükafatı ilə təltif edilib.

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2024)

 

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kino xadimlərinin peşə bayramı olan 2 Avqust – Milli Kino Günü münasibətilə mükafatlandırdığı kinematoqrafçıların builki siyahısını açıqlayıb.

 

AKİ-nin yaydığı məlumata görə, 2024-cü il üçün İttifaqın ənənəvi mükafatına aşağıdakı kinematoqrafçılar layiq görülüblər.

 

Əli-Səttar Quliyev (rejissor, prodüser) “Olimpia”, “Sanki yoxsan” filmlərinin uğurlu prodüser işinə görə, Rasim Cəfər (aktyor) “Mən burdayam, İlahi!” bədii filmində “Teymur” rolunun uğurlu ifasına görə, Emil Nəcəfov (prodüser) – Müəllif kinosunun inkişafına töhfələrinə görə və Orxan Mərdan (prodüser) “Səma ilə görüş” bədii filminin uğurlu prodüser işinə görə mükafat sahibi olublar.

 

Rejissor Əli-Səttar Quliyevin çəkdiyi və prodüseri olduğu “Olimpia” filmindəki hekayə 1980-ci ildə Moskva şəhərində başlamış, 2015-ci ildə Azərbaycanın mənzərəli Şimal-Qərb bölgələrindən birində davam edir və uzaq Kubada sona çatır. Keçmiş Olimpiya mükafatçısının həyatından bəhs edən film melodram janrında çəkilib. Onun prodüseri olduğu “Sanki yoxsan” filmi 77-ci Kann Beynəlxalq Film Festivalında qısametrajlı filmlər müsabiqəsində 4420 film arasından seçilərək baş mükafat uğrunda mübarizə aparıb. Qısa filmlər üzrə 11 ölkədən namizəd iştirak edib. Bunlar, Azərbaycan da daxil olmaqla, Braziliya, Bolqarıstan, Kanada, Çin, Xorvatiya, Fransa, Kosovo, Litva, Portuqaliya və ABŞ-dır.

 

Aktyor Rasim Cəfərin çəkildiyi “Mən burdayam, İlahi!” tammetrajlı bədii filmi Vətən müharibəsi mövzusunda çəkilib. Müharibədə yaralanan qazi komadan ayılarkən anasının rəhmətə getdiyini və qızının internata himayəyə verildiyini öyrənir. Həyatını qaydasına salmağa çalışaraq, qızını geri qaytarmaq uğrunda apardığı mübarizədən bəhs edən filmdə ağır döyüş səhnələrindən daha çox, müharibənin insan psixologiyasında buraxdığı izlər və müharibədən çıxmış insanların yaşamaq üçün mübarizəsi ön plana çəkilib.

 

Emil Nəcəfov bir çox xarici filmlərin ölkə ərazisində çəkilişinin təşkilatçısı, prodüseri olub. Onun prodüseri olduğu filmlər (“Hasar”, “Qız qalası”, “Məhvolma”, “Mən hələ də səninlə danışıram”, “Yadlar”, “Mənim sehrli dünyam” və s.) müxtəlif beynəlxalq festivalların müsabiqə bölməsində iştirak edib və mükafatlara layiq görülüb.

 

Orxan Mərdanın prodüseri olduğu “Səma ilə görüş” bədii filmində azərbaycansayağı Robin Qud əhvalatı danışılır. Azərbaycan kinematoqrafiyasında uğurlu prodüser layihəsi kimi ərsəyə gətirilmiş filmdə macəra, dram və komediya janrları birləşir. Süjetin kökü qəhrəmanların uşaqlıq xatirələrinə söykənir. Hadisələrin gedişatında gözlənilməz vəziyyətlər kəskin ziddiyyətləri ortaya qoyur…

 

“Səma ilə görüş” filmi Azərbaycan kinematoqrafiyasında uğurlu prodüser layihəsi hesab olunur.

 

Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının mükafatı hər il milli kinematoqrafiyanın inkişafında xidmətləri ilə fərqlənmiş yaradıcı şəxslərə ünvanlanır. Mükafatı təsis etməkdə məqsəd, milli kinoda müsbət tendensiyaları diqqət mərkəzinə gətirməkdir. Nominantların seçimini apararkən İttifaqın katibliyi ötən kino mövsümü ərzində gedən prosesi diqqətlə müşahidə və təhlil edir, kinematoqrafiyanın müxtəlif sahələrindəki xidmətləri qeyd edir və açıq səsvermə yolu ilə laureatları seçir.

 

“Ədəbiyyt və incəsənət”

(02.08.2024)

Cümə, 02 Avqust 2024 11:45

Bu gün Azərbaycan Kinosu Günüdür

 

Bu gün Azərbaycan Kinosu Günüdür. Ulu Öndər Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.

 

Azərbaycan kinosunun yaranmasının 126-cı ildönümü tamam olur.
Fransada keçirilmiş ilk kinoseansdan iki il sonra – 1898-ci il avqustun 2-də Bakı elmi-foto dərnəyinin katibi, naşir və fotoqraf Aleksandr Mişon özünün lentə aldığı “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” xronikal sənədli və “İlişdin” adlı bədii süjetlərini nümayiş etdirmişdi. Həmin gün milli kinonun yaranma günü hesab olunur.
Ötən əsrin əvvəllərində “Pate”, “Pirone”, “Filma” kimi xarici kino şirkətləri Bakıda filiallarını açaraq film istehsalı ilə məşğul olublar. 1916-cı ildə yazıçı İbrahim bəy Musabəyovun eyniadlı povesti əsasında “Neft və milyonlar səltənətində”, 1917-ci ildə isə Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında “Arşın mal alan” qısametrajlı bədii filmləri çəkilib.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə hökumət bir çox mədəni-siyasi islahatlar keçirib. Xarici aləmlə diplomatik, mədəni–iqtisadi əlaqələr dünya kinosunun ilk nümunələrinin Bakıya gətirilməsinə və ictimai baxışlara təkan verib. Bunun nəticəsində Bakıda kinematoqrafiya həvəskarlarının sayı artmağa başlayıb. 1918-ci ildə onlar “Kinematoqrafiya və teatr qulluqçuları şurası”nda birləşiblər.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1923-cü ildə Azərbaycan Foto-Kino İdarəsi (AFKİ) yaradılıb və həmin il aprelin 28-də Birinci Dövlət Kinofabriki açılıb. Burada çəkilən ilk film xalq əfsanəsinin motivləri əsasında yaradılmış “Qız qalası” bədii filmi olub.
1923-1926-cı illərdə kinostudiya Birinci Dövlət Kinofabriki, sonradan AFKİ Kinofabrik ilə birləşdirilərək “Azdövlətkino”, “Azərkino”, “Azərfilm”, “Azdövlətkinosənaye”, “Bakı kinostudiyası”, “Azərbaycanfilm” adlandırılıb. 1960-cı ildən Cəfər Cabbarlının adını daşıyır.
“Azərbaycanfilm”də indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi, o cümlədən “Arşın mal alan”, “Şərikli çörək”, “Ad günü”, “Sevinc buxtası”, “İstintaq”, “Yaramaz” və başqaları Dövlət mükafatlarına, bir çox filmlər, o cümlədən “Ögey ana”, “Uzaq sahillərdə”, “Arşın mal alan”, “Bizim Cəbiş müəllim”, “Axırıncı aşırım”, “Nəsimi”, “Özgə vaxt”, “Sarı gəlin”, “Ovsunçu”, “Buta”, “Çölçü”, “Nabat”, “Axınla aşağı” və digərləri beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb.
Ümummilli Lider Heydər Əliyevin mədəniyyət və incəsənət xadimlərinə, kino sahəsində çalışanlara göstərdiyi diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin “Azərbaycanda kino sənətinin inkişaf etdirilməsi haqqında” 2007-ci il 23 fevral tarixli Sərəncamı milli kinomuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə yeni təkan verib. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə bir çox mühüm işlər görülüb.
Prezident İlham Əliyev 2022-ci il aprelin 20-də kinematoqrafiya sahəsində dövlət siyasətinin həyata keçirilməsinin təkmilləşdirilməsi, Azərbaycan kinematoqrafiyasının beynəlxalq rəqabətə davamlılığının təmin edilməsi, yerli istehsal və yayım infrastrukturunun müasirləşdirilməsi məqsədilə “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Fərmana əsasən, Mədəniyyət Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Kino Agentliyi” publik hüquqi şəxs yaradılıb.
Bu il 126-cı ildönümünü qeyd etdiyimiz Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb.
Kino sahəsinin inkişafı məqsədilə dövlət büdcəsindən ayrılmış vəsait hesabına “Azərbaycanfilm” və digər dövlət studiyalarında, eləcə də müstəqil kino müəssisələrində milli maraq və mənafe baxımından xüsusi əhəmiyyət kəsb edən mövzularda 250-dən çox bədii, sənədli və cizgi filmi çəkilib. İstehsal edilən 60-dan çox ekran əsəri 60-a yaxın ölkədə keçirilən 230-dan çox beynəlxalq film festivalında iştirak edərək 146 müxtəlif mükafat qazanıb.
Diqqətə çatdıraq ki, Azərbaycan Kinosu Günü ərəfəsində, avqustun 1-də Prezident İlham Əliyev “Azərbaycan kino işçilərinin təltif edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə beş nəfər “Tərəqqi” medalı ilə təltif edilib, Azərbaycan kinematoqrafiyasının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə isə iki nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Hər il olduğu kimi bu il də Azərbaycan Kinosu Günü ilə bağlı ölkəmizdə müxtəlif tədbirlər, mərasimlər, yeni filmlərin təqdimatı təşkil olunur. Belə ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə avqustun 2-də Nizami Kino Mərkəzində ölkəmizdə kinonun yaranmasının 126-cı ildönümü və Azərbaycan Kinosu Günü münasibətilə təntənəli tədbir keçiriləcək. Mədəniyyət xadimlərinin, kino ictimaiyyəti nümayəndələrinin və film həvəskarlarının iştirak edəcəyi tədbirdə əvvəlcə qonaqlar Nizami Kino Mərkəzinin qarşısında kinematoqrafiyamıza həsr edilən sərgi ilə tanış olacaq, eksponatlarla kinomuzun tarixinə səyahət edəcəklər.
Azərbaycan Kinosu Günü münasibətilə bütün kino ictimaiyyətini təbrik edirik.

(AzərTAC-ın materialı əsasında hazırlanıb)

 

“Ədəbiyyat və incəsənət”
(02.07.2024)

 

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Uşaq ikən televizorda orkestr ifası görəndə elə bilirdim, əlində çubuq tutan şəxs orda ən lazımsız adamdır, hamı musiqi alətində ifa edir, o isə çubuq oynadır. Məhz Maestro Niyazinin timsalında sonradan yanıldığımı başa düşdüm. 

 

Bu gün dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Niyazi Tağızadə-Hacıbəyovun vəfatından 40 il ötür. İllər keçsə, zaman dəyişsə də, Niyazi ürəklərdə yaşayır, yeri hər zaman görünür.

Tağızadə-Hacıbəyov Niyazi Zülfüqar oğlu (Maestro Niyazi) 1912-ci il avqustun 20-də böyük musiqiçimiz Zülfüqar Hacıbəyovun ailəsində dünyaya gəlmişdir. O, bu soyadın davamçısı kimi özünü yeni bir istiqamətdə təsdiq edə bilib. Niyazinin yeniyetməlik illəri Azərbaycanın səfalı guşələrindən olan Şuşada keçib. O, Azərbaycanın ikinci konservatoriyası, musiqi məktəbi kimi hallanan bu diyarın ab-havasında sənətə ilk addımlarını atıb. Uşaqlıq illərindən Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid, Süleyman Sani Axundov, Abdulla Şaiq, Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Sidqi Ruhulla kimi Azərbaycan incəsənətinin yaradıcıları arasında böyüyüb, onlardan çox mətləblər əxz edib.

Maestronun Azərbaycan Opera və Balet Teatrının səhnəsində hazırladığı Müslüm Maqomayevin “Nərgiz”, Qara Qarayevin “Vətən”, Fikrət Əmirovun “Sevil” operaları, eləcə də Qara Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla” baletləri böyük uğur qazanıb. 1961-ci ildə Leninqrad Opera və Balet Teatrında Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlayan maestro, həmçinin Ankara Opera və Balet Teatrında Pyotr Çaykovskinin “Qaratoxmaq qadın”, Cüzeppe Verdinin “Aida” operalarına, İstanbul Opera və Balet Teatrında türk bəstəkarı Ə.Sayqunun “Koroğlu” operasının ilk tamaşasına və “Yunis Əmrə” oratoriyasına dirijorluq edib.

SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Lenin komsomolu laureatı, Beynəlxalq Nehru mükafatı laureatıdır. Niyazinin ifaçılıq fəaliyyəti daha çox Opera və Balet Teatrı ilə bağlıdır. O, 1937-48, 1951-52-ci illərdə teatrın dirijoru, bədii rəhbəri və baş dirijoru olub. 1979-cu ildən filarmoniyanın direktoru vəzifəsində çalışıb.

“Xosrov və Şirin” operasının (1942), “Çitra” baletinin (1961), “Zaqatala süitası” (1934), “Qaytağı” (1939), “Konsert valsı” simfonik əsərlərinin, “Rast” simfonik muğamının (1949) “1920-ci ildə” opera-kantatasının, simfonik orkestr üçün “Rəqs süitası”nın, Hindistan yazıçısı Rabindranat Taqorun əsərləri əsasında yaratdığı “Çitra” baletinin (1962) və bir çox musiqi əsərlərinin müəllifidir.

Niyazi 1958-ci ildən ömrünün sonuna qədər Bakıda Bülbül prospekti, 21 ünvanındakı mənzildə yaşayıb. 1984-cü il avqustun 2-də vəfat edib.

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik Qiraətdə bu gün daimi müəllif Əlizadə Nuridir, bu dəfə  “Baxışların qoymur məni ölməyə...” şeiri ilə. Bu dəfə sevgi şeiridir. 

Xoş mütaliələr!

 

Dünən sənin gözlərində yaş idim,

Bu gün sənin yanağından düşürəm.

Göy üzündə bir söz kimi doğuldum

İndi onun varağından düşürəm...

 

Göydən enib bu həyatla görüşdüm,

Gülüm, gülən gözlərində gülüşdüm.

Dünən sənin qılıncında gümüşdüm-

Bu gün sənin yarağından düşürəm...

 

Sükut dinsə, gərək qalmır kəlməyə,

Qorxuram ki bu yol gedə, gəlməyə.

...Baxışların qoymur məni ölməyə-

Gözlərinin qırağından düşürəm...

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Hələ heç kəs poeziyada sürrealizm göstərə bilməyib. Dünyada yalnız fransız poeziyasında bunu Renuarda görmüşük, bir də yəhüdi poeziyasında Mendelştamda və Brodskidə. 

Adilsə göstərib. O özü həm də rəssam idi, impressionist rəsmlər çəkirdi. 

Bəli, biz iddia edirik ki, Adil Mirseyidin yazdıqları poeziyamızın qızıl fondudur. Kim razılaşmırsa, özü bilər. 

 

nord soyuducusunu ərzaqla doldurmuşdu

qapını bağlayıb şeir yazırdı

payız gəlib qapısında durmuşdu

o baharda gördüyü yuxuları yozurdu

pərdələri çəkmişdi telefonu qapalı

acı qəhvə içirdi kaptan blek çəkirdi

mətbəxdə yuyulmamış qabqacaq

bir gün yuxusuna Lermontov girdi

bir də geri dönərmi o əski macəralar

nə köhnə inturist qalıb nə də uzaq vağzallar

hardasa qəzaya uğrayıb qatar

xoşbəxtlikdən qız bürcü öz yerindədi hələ

hər şairin ürəyində bir gizli dəfinə var

demonla qumar oynayırdı gecələr

gənc Qusar zabiti ərköyün mişel

sanardı ki qarşıda şöhrət gözləyir onu

amma ki pusquda durmuşdu duel

dueldə öləcəyini bilmirdi hələ

hələ ki xoşbəxt idi iyirmi yeddi yaşında

beştau dağlarında silahlar çəkiləndə

təzə bir şeir havası vardı başında

bu nə yuxuydu belə anlamadı zavallı

niyə Lermontov gəlib yuxusuna girmişdi

qələm düşdü əlindən daha şeir yazmadı

dəli könlü susmuşdu kirimişdi

tənha yelkən ağarırdı uzaqda

evdən çıxmamışdı günlərdən bəri

son dəfə aynada özünə baxdı

qapını açan kimi ölüm girdi içəri

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Məmməd Nasirinin şeirlərini təqdim edir. 

 

 

 

00:00

 

“Seher aydınlığında taze insan, 

Yanık benzin kokusu” 

                          Nazım Hikmet

 

Yenə də gecə 

Saat sıfır! 

Arayer itlərindən bir sürü, 

Qaranlıq dolusu sümsündülər, getdilər 

Arayer itlərindən bir sürü! 

 

Qonşumuzun itinin, 

Hələ də gözləri böyükdür eşitdiyim! 

Korluğuna baxma, 

Gözləri dolusu baxar insana, bir də dünyaya! 

İnsan bir məchul qoxu, bir də qaranlıq

Dünya bir məchul qoxu, bir də qaranlıq

Bir də qaranlıq! 

Hətta boynundakı zəncir də qaranlıq! 

Ağzı da qəbiristanlıq kimi açıq 

Dişləri qəbir daşları! 

Cəmdək iyi qalxar havladıqca ağzından 

Cəmdək iyi qalxar ulduzlara hürdükcə! 

Məchulları gördükcə! 

 

Yenə 

Qaranlıq 

Qonşumuzun iti 

Arayer itlərindən bir sürü 

Qalabalıq! 

 

Yenə də gecə 

Saat sıfır! 

Uzaqlar məndə qurtulur! 

 

Daha uzaqlaşdıqca kiçilmir 

Böyüdü getdikcə, əsarətdəki dünyam öz aləmində 

Əsirin dünyası olmaz ki! 

 

Orda mənim yalqızlığıma yağış yağar

Yaldır körpüsünə də yağış yağar eşitdiyim 

Soyuq işləyər sümüklərinə, 

Dişləri bir-birinə dəyər! 

Torpaq da bacardığı yerədək soyuq 

Bacardığı yerədək torpaq! 

Ölülərə yataq! 

Doğrudur inanmışam ki, insanınkı torpağadəkdir!

Var-yoxları da torpaq sayaq çürüyür gedir ölülərin 

Üfüqləri də torpaq sayaq çürüyür gedir ölülərin! 

Fənərlərində günəş dans eləyir hisli-paslı 

Sinələrində qalıb kifsənmiş oksigenkimi acı! 

Ağızlarını bıçaq açmaz 

Ucaldılar, qocaldılar, öldülər! 

Bir də qocalmazlar ölülər 

Bir də ölməzlər ölülər 

Gözləri bir ovuc torpaqdan doysa da

Yoxsullar aləmində! 

 

İndi məmləkətləri zəncirdir, məmləkətləri qürbət 

Öldülər də qurtarmadı əsarət! 

Qəbir daşları da adlarını çəkə bilmir ölülərin! 

 

Yenə də gecə 

Saat sıfır! 

İnsanı, insanlığı 

Mənim doğulduğum şəhərin tiryəkçiləri,

Boğazlarındakı düyünlər kimi öskürüb-öskürüb 

Qanlı xılt ilə qarışıq, tüpürürlər asfaltın üzünə! 

Allahın da qaranlıq gecəsinin ayı 

Süd gölündə yatır! 

 

Qaranlıqda adamların səsləri dünyadan gedir 

Qaranlıqda addımların səsləri dünyadan gedir 

Ət ayaq yalın, yorğun! 

Qanovların ağızları dadıxmış 

Aydınlıq isə pəncərə adlanan çərçivələrdə paslanar! 

 

Qaranlıqda adamlar 

Qaranlıqda addımlar! 

 

Bələdiyyə süpürgəçiləri yatmadan, 

Gecələrdən sabahlaradək 

Süpürəcəklər ayaq səslərini xiyabanlardan! 

 

Səhər aydınlğında təp-təzə səhər 

Səhər aydınlığında təp-təzə insan

Səhər aydınlğında təp-təzə şəhər! 

Yenə həman

Yenə həman! 

Gecə həman

Gecə həman! 

 

Yenə də gecə 

Saat sıfır! 

Fahişələr gün görməz yerlərinin çörəyini yeyirlər!

 

Yenə də gecə 

Saat sıfır! 

İşıqlar divar çatlaqlarından düşür 

Və pəncərələr yuxularını qusur

Pəncərələr yuxularını qusurlar 

Pəncərələr yuxularını qusurlar! 

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2024)

Cümə, 02 Avqust 2024 16:57

Mənim küçələrim üşümür daha!!!

“Ədəbiyyat və incəsənət” portalı Şəfa Vəlinin  Gündüz Sevindiyin “Yorğun küçə” kitabı barədə qeydlərini təqdim edir. 

 

Gündüz Sevindik… “Yorğun küçə” kitabı haqqında qeydlər... 

Küçələr... Yollar... Küçələri sevirəm... Bəzən elə olur ki, hansısa küçə yaddaşımın lap uzaq küncündə, illərin pərdəsinin arxasında mənə kiçik bir nağıl danışa bilir...

 -Bax, burda, bu ağacın altında iki sevən gənc bir-birinə sehrli sözlər pıçıldayırdı...

 Başqa bir küçə gözəl bir serenada çalır... Onun təranələri altında xəfifcə gülümsəyir:

 -Körpə ilk dəfə, bax, burda, dalanın çıxacağında "ATA" demişdi. Gənc ata işə gecikmişdi o gün. Geri dönüb körpəni bağrına basmış, kövrək anlar yaşamışdı...

 Belə nağılların, serenadaların sayagəlməz fərqli çalarları var... Sanki bir ömür vərəqlənir hər küçədə. Ancaq heç vaxt küçəni evə gətirməyə cəhd etməmişəm. Buna, bəlkə də, cəsarətim çatmayıb. Gündüz isə... 

 

 Doğma küçə,

 Gecə düşür yenə də!

 ...Dur, yığış, gedək, küçə!

 Dur, yığış, gedək bizə...

 

 Mənə elə gəlir Gündüz bunu deməliydi. Bunu bacarmalıydı. O qədər kövrək ürəyi var şairin... O qədər yenilməz qətiyyəti var şairin... O qədər küçəylə tənha qalıb ki... O qədər dərdini danışıb ki, ona... Ürəyini boşaldandan sonra küçənin kədərində, hüznündə özünü günahkar görüb... Onun da halına yanıb...

 

 Doğma küçə,

 Bu dünyanın ağrısını,

 acısını, dərdini,

 Saplağından dəribsən.

 Mənim kimi öz içində,

 öz evində, öz küçəndə 

 qəribsən.

 

 Addım-addım küçələrdən keçdikcə bir də onun yuxusunu qaçırdığını düşünüb... Öz ruhunun tənhalığını belə küçəyə etibar edir... Yalnız küçəyə...

 "Bir ev həsrətini çəkməyən" şair "küçəni gözünə təpir"... Doymaq istəyir ondan...Yenə doymur...Bu dəfə də Allaha üz tutur:

 

 Ay Allah, nəfəs ver, qoyma ki, sönəm,

 qərib küçələrdən özümə dönəm.

 

 Adı bəlli, ünvanı bəlli küçələri öz hissləri kimi qərib sanır... Bu qəriblik onun gözlərindən ürəyinə axır... Küçələri şeirlərinə köçürür... Onlara misralarında sığınacaq verir... Bu dəfə də ürəklə, fərəhlə

 

 -"Mənim küçələrim üşümür daha!"-deyir.

 

 Sevgisini də qürurla yaşayır... Sevgisi də qürurludur onun... Özü kimsəyə baş əyməz... Sevgisini də əydirtməz, alçaltmaz... Şairin sevgisi onu "Tanrı əsəri" edib. Yüksəldib. Şairin sevgi kədəri, ayrılıq dərdi rekviem deyil. Həzin axşam melodiyasıdır. 

 Gündüzün qürurundan danışdım... Bu qürurun altındakı uşaq ərköyünlüyü də göz önündədir... Olduğu kimi... Onun körpə məsumluğu qədər səmimiliyi hərdən-hərdən gözə görünür. Nə yaş, nə qətiyyət, nə də qürur bu səmimiliyi pərdələyə bilmir:

 

 Vallah, mən ölərəm səndən ötəri,

 Bir ölmək nədir ki, mənim əlimdə.

 

 Beləcə sadə, beləcə, səmimidir O... Gündüz, biz də səninlə sevindik... Sevindik ki, "Yorğun küçə" məhz sənin sayəndə qapılarımızı açdı... Evimizə gəldi... Məhz sənin səmimi olduğu kimi qətiyyətli, mehriban olduğu kimi zəhmli, hökmlü ürəyin küçənin yorğunluğunu duya bilərdi. Duydu da... Duyurdu da... Var ol!

 Kitabın ön sözünün müəllifi bəstəkar, şair Xanım İsmayılqızı haqlı olaraq qeyd edir: “Şeirləri-özüdür, özü-sözünün üzüdür Gündüz Sevindik!”... Bu bircə cümləylə, demək olar ki, Xanım İsmayılqızı onun yaradıcılığını, daxili ucalığını ifadə edib. “Yorğun küçə” kitabında mənim də az da olsa əməyim olduğuna sevinirəm... Və sonda deyirəm:

 -Küçələrin üşüməsin, şair!

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2024)

“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün şair Faiq Hüseynbəyli  “Bax, insan beləcə əzilər” söyləyəcək. 

 

 

Həsrət nəğməsiylə, qəm havasıyla,

Baxışlar yollara düzülər gedər.

Dözməz intizara, ayrılıqlara,

Ürəklər yerindən üzülər gedər. 

 

Yüklənər yalanın suçu gerçəyə,

Bütün xəyalları ucu gerçəyə...

Öyrəşər sərtliyə, acı gerçəyə,

Dodaqlar xoş sözə büzülər gedər. 

 

Kim bilir, bəlkə də nələr nələrdi,

Yollar qayıdaydı, gedən gələrdi...

Arzudu, istəkdi, xatirələrdi -

Buluddan buluda süzülər gedər. 

 

Baxtına, şansına yük olan adam,

Həyatı gözünnən tökülən adam...

Sözün qüdrətinə söykənən adam,

Ağrılar, acılar söz olar gedər. 

 

İnsanı ruzisiz, quşları dənsiz,

Tanrımı yaratdı heçdən, "nədən"siz...

Ayaqlar baş olub, başlar bədənsiz,

Ayaqlar yollarda iz olar gedər. 

 

Bu zülmət gecənin səhəri yoxdur,

Yoxdur həqiqətin təpəri, yoxdur...

Kimsənin kimsədən xəbəri yoxdur,

Ürəklər daş olar, buz olar gedər. 

 

Göy ilə, yer ilə bitişər ömrü,

Sonuna əliboş yetişər ömrü...

Zamanın yanından ötüşər ömrü,

Bax, insan beləcə əzilər gedər. 

 

Ədəbiyyat və incəsənət”

(02.08.2024)

“Ədəbiyyat və incəsənət” tanınmış naşir Səbuhi Şahmarsoyun maraqlı bir yazısını təqdim edir. 

 

 

O, Afrikada Uqandanın ən yoxsul bölgələrindən biri olan Katvedə anadan olub. Məktəbli yaşlarında yaza və oxuya bilmirmiş, amma artıq 9 yaşında şahmat oyununda istənilən rəqibini mat etməyi bacarırmış. 

 

Fionadakı fitri istedadı ətrafdakılar da görməyə başlayır. Bu, bir səhv gedişin uduzmaq olduğunu nəzərdə saxlayaraq xeyli gediş qarşını düşünmək bacarığıdır. 

Deyilənə görə, o, bu dərsi Katvedə böyüyərkən öyrənir. Bir il ərzində Fiona Aqape kilsəsinin bütün oğlanlarını və hətta məşqçi Roberti də məğlub edir. Sonra məktəb turnirlərində iştirak etməyə və bir-birinin ardınca uşaqları "mat" eləməyə başlayır. Bu yol onu universitet turnirlərinə kimi aparır, orda da rəqib tanımır. 

2007-ci ildə 11 yaşlı Fiona Mutesi Uqanda Gənclər Çempionatının, bir neçə il sonra isə milli çempionatların qalibi olur. 

2010-cu ildə 14 yaşlı Fiona Uqanda milli komandasının tərkibində dünyanın ən nüfuzlu turnirinə – Ümumdünya Şahmat Olimpiadasına qatılır. Dünya ilk dəfə bu gənc şahmat dahisini onda tanıyır. 

“İndi başıma gələnlərin çoxuna inanmaqda çətinlik çəkirəm. Şahmatla məşğul olmamışdan əvvəl gecəqondularda yaşayırdım və düşünürdüm ki, hamı belə yaşayır” – Fiona bir müsahibəsində deyir. 

Avropadan qayıdan Fiona vətənində qəhrəman kimi qarşılanır. Onun haqqında CNN və ISPN kanalları süjet hazırlayır. Həyatından bəhs edən kitab nəşr olunur. 

Amerikaya səfərində bir çox şahmat turnirlərində iştirak edir, dünya şöhrətli şahmatçılarla görüşdən qələbə ilə ayrılır. Amerikadakı məşhurluğundan sonra "Disney" studiyası onun həyatı haqqında film çəkir. 

“Bəzən hisslərim içimdəki boşluğu doldurur. Keçmişdə başıma gələnlərin heç bir əhəmiyyəti yoxdur. Olan olub, keçən keçib. Gələcəyin mənim üçün nə hazırladığını səbirsizliklə gözləyirəm. Şahmat mənə məktəbə qayıtmaq imkanı verdi və göstərdi ki, həyat başqa cür də ola bilərmiş, tamam başqa...”

 

“Ədəbiyyat və incəsənət”

(02.08.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.