
Super User
Sərdar sarayının yerinə şərab zavodu – QƏRBİ AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsində sizlər üçün Qərbi Azərbaycanla bağlı maraqlı faktları təqdim edir.
1. Azərbaycan memarlığının şah əsərlərindən biri olan 1578-ci ildə inşa olunan İrəvan Sərdar sarayını 1918-ci ildə ermənilər yerlə-yeksan etdilər. Hazırda sarayın yerində İrəvan-Ararat şərab zavodu yerləşir.
2. Qərbi Azərbaycanın (indiki Ermənistan) ən böyük gölü olan Göyçə gölü 78 km uzunluq, 56 km enə malikdir. Cənubi Qafqazın ən iri şirin sulu gölüdür və 2070 m hündürlükdə qərarlaşır.
3. Qərbi Azərbaycan ərazisində 6 iqlim zonası var. Bu onun yerləşməsi və relyefi ilə əlaqədardır. Qış ayları orta temperatur 0 C˚, yay ayları 25 + C˚ -dir.
“Ədəbiyyat və incəsənət”
(05.08.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Aynur Təbrizlinin “Susun soyuq divarlar!” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Aynar Təbrizlinin şeirlərini təqdim edir.
Aynar Təbrizli
Təbrizli
I
Həyətdə kölgəmə qılınc atır birisi
Qanı içimə damılır mənim...
Yuxudan atılıram...
Adamlar yerə atılırlar sümüklərimin yorğun binasından...
Ayağıma dolaşır
Qıçlarımdan, belimdən, boynumdan yuxarı gedir saçımın buruqluğu...
Rəngim qaçır...
Rəngi qopuq divarlara bənzəyirəm get-gedə
Yediyim işarə barmağımın dərisi ilə
Soyulur bütün varlığım.
Silinirəm
Toxunduğum bütün əşyaların barmaq izlərindən
Əllərimin hafizəsindən silinirəm yavaş-yavaş.
Kimliyimdən
Ailə tabutumuzu kefsizlədən iradi
Gülüşlərimdən.
İtirmişəm əllərimi!..
Barmaqlarım piyanoda qalıb...
Əllərim işdə qalıb...
Bu bədəndə başqa insanlar yaşayırmış görən?
Üzümü çimdikləyirəm ki, inanam diriyəm hələ...
Kədərliyəm
Kədərliyəm ki, heç bir qucağa qırılmadı düymələrim.
Buraxın unudum tənimdə göynəyən qopuq qanadlarımın yerini...
Buraxın unudum özümü...
Yerimin hara olduğu da bəlli olmasın...
Yaxamdan əl çəkin
Susun soyuq divarlar!
Mat baxış, quru gülüşlərinizdən zəhləm gedir...
Birisi otağıma girir
Deyir ki,
İxtiyarsız işəmək
İradi gülüşlərin etkisidir!
“Ədəbiyyat və incəsənət”
(05.08.2024)
Təvəkkül Boysunardan “ARAZ AXIR QIYĞACI...”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə Təvəkkül Boysunarın “Araz axır qıyğacı” hekayəsini təqdim edəcəyik.
Təvəkkül BOYSUNAR
ARAZ AXIR QIYĞACI...
Manatlıq taksiyə minəndən bir az sonra yol pulunu sürücüyə uzadanda sürücü başını arxaya meyilləndirərək:
– Xanımlar, siz də, zəhmət olmasa, gediş haqqını verərdiz, – dedi və mən həmin günün ilk təəccübünü yaşadım.
Çünki yanımda oturanlar xanım yox, iki kişi idi. Hətta onların ikisi də bir az artıq çəkili olduğundan, maşına minəndə özümü o dar yerə sığışdırmaq üçün əməlli-başlı əziyyət çəkəsi olmuşdum.
Fikirləşdim, yəqin, sürücü, çaşdığı üçün belə bir səhvə yol verib və elə bu minvalla da ağzımı açıb hamını güldürəcək bir zarafat etmək istəyirdim ki, sürücüyə tərəf hamar dərili, çılpaq və incə bir qol uzanıb öz manatını verdi. Qorxudan ürəyim döyünməyə başladı və mən həmin döyüntülərin ritmi altında başımı çevirib yanımdakı o iki adama təkrar baxanda gördüm ki, bayaqkı kişilərin yerində iki cavan qız oturub və onların hər ikisinin də əynində uzun ziyafət paltarı var. Amma paltarlarının fərqli yerlərindən saplar sallanırdı, sanki onlar yarımçıq tikilmişdi və sapların bəziləri dartılaraq paltardan sökülmək istədikcə qızlar əlləri ilə həmin sapları bərk-bərk tutmağa çalışırdılar.
Əslində, başqa vaxt olsaydı, çiyinləri, sinələri və kürəklərinin bir qismi açıq olan bu qızların gözəlliyinə, maraqla və zövqlə baxacaqdım, amma indi onlar mənim gözümə o qədər qorxulu görünürdülər ki, başıma nəsə faciəvi bir hadisə gəldiyini düşünür, ürəyimin döyüntüsünü sakitləşdirə bilmirdim.
Bir az sonra birtəhər özümü ələ aldım və metroya az qaldığı üçün pəncərəyə söykənib bir də qızlar tərəfə baxmadan səbirlə yolun sonunu gözlədim. Bu vaxt qabaqda oturan sərnişinə ilk dəfə fikir verəndə onun da qız olduğunu gördüm və bayaq maşına minərkən hər şeyi yanlış anladığım qənaətinə varmaq istəyirdim ki, yerimin daralmağa başladığını, qapıya tərəf sıxıldığımı hiss elədim. Elə həmin andaca yanımdakı iki adamdan biri qalın və kobud kişi səsiylə qabaqda oturan sərnişinə:
– Xanım, sizdə, bəlkə, beşliyə xırda olar, – dedi və mən başımı döndərib onlara baxanda onların yenə də kişiyə çevrildiklərini gördüm. Bir az öncə çətinliklə sakitləşdirdiyim ürəyimin döyüntüləri bu dəfə daha şiddətlə hiss edilməyə başladı və bir anlıq mənə elə gəldi ki, sanki ürəyim yerindən qopub məni tərk etmək, qorxusundan harasa çıxıb qaçmaq istəyir.
Metroya gedən yolda artıq sonuncu keçidi də arxada qoymuşduq deyə, özümü inandırmağa çalışdım ki, bir az sonra bütün xoşagəlməzliklər sona çatacaq və ayağımı maşından kənara atan kimi hər şey qaydasına düşəcək.
Gözlərimi yumub başımı arxaya söykədim. Günlərdir necə yuxusuz idimsə, yavaş-yavaş huşlandığımı hiss elədim, amma qəfil siqnal səsləri getdiyim yuxudan məni geriyə qaytardı və gözlərimi açanda gördüm ki, artıq metroya çatmışıq.
Sürücü maşını uyğun bir yerdə saxladı, sağ əlimlə qapını açıb ayağımı asfalta qoydum və aşağı düşəndən sonra üzümü çevirib arxa oturacaqdakı iki sərnişinə diqqətlə baxmağa başladım.
Onlar o qədər kök idilər ki, maşından düşməkdə çətinlik çəkirdilər, buna görə də mən bardürün üstündə dayanıb sakit-sakit onlara tamaşa edərkən, bir az əvvəl yanımda oturan kişi, əlini mənə uzadıb kömək istədi. Qəribə bir qorxu hiss etdim, kömək üçün uzanmış əlinə heç bir qarşılıq vermədim, üzümdə heyrət ifadəsi ilə geriyə doğru bir-iki addım atdım və həmin vaxt o sanki elə bunu gözləyirmiş kimi qıvraq və cəld hərəkətlə maşından düşüb mənə barmağını yellədə-yellədə:
– Belə oldu hə? Yaxşı, tələsməəə, heç eybi yox, – dedi, sonra isə iti addımlarla yanımdan keçib avtobus dayanacağına getdi.
Yerimdən tərpənmədən bir müddət arxasınca baxdım. Hər şeyi unutmağa çalışaraq metroya tərəf istiqamətləndim və yer altına aparan daş pilləkənin ilk pilləsinə ayaq basan kimi gecə gördüyüm yuxunu həmin gün ilk dəfə olaraq xatırladım.
Amma o yuxunun bu gün başıma gələnlərlə heç bir əlaqəsi yox idi, çünki yuxumda mən, doğulduğum ildən də beş il əvvələ – 1989-cu ilə qayıdıb Araz çayı kənarındakı sərhəd xəttinin yanında, yəni ancaq televiziya ekranlarında gördüyüm bir məkanda atamla yan-yana dayanmışdım. Sərhədin bizə tərəf olan hissəsində ikimizdən başqa heç kəs yox idi və biz ikimiz birlikdə tikanlı məftilləri qırmağa çalışırdıq. Sərhədin o tayında da iki adam var idi. Onlar bizim hərəkətlərimizi sinxron şəkildə təkrarlayaraq eynən bizim kimi həmin məftilləri qırmaq istəyirdilər. Əynimizdəki paltarların və ətrafdakı hər şeyin rəngi televiziya ekranlarında keçmiş illəri əks etdirən kadrlar sayağı ağ-qara idi. Yuxunun bu hissəsini açıq-aydın xatırlasam da, hiss edirdim ki, orda başqa nələrsə də var idi və həmin şeyləri indi tam xatırlamaq istəməyimə baxmayaraq, onlar heç cür yadıma düşmürdülər.
Bir anlıq ağlıma gəldi ki, bugünkü işlərimi təxirə salıb evə qayıdım.
Amma bunu edə bilməzdim, çünki indi cibimdəki fləşkartda düz bir aydan bəri gecə-gündüz üzərində işlədiyim elmi məqalə var idi və bu gün evdən çıxmaqda əsas məqsədim həmin məqaləni çap edərək rektorun qəbuluna getmək, kafedradakı boş müəllim ştatı üçün müraciətimi bu dəfə birbaşa rektora etmək idi. Çünki bundan əvvəl müraciət etdiyim şəxslər mənə mane olmaq üçün məntiqsiz bəhanələr uydurmuşdular və indi mən son silahım kimi istifadə edəcəyim bu məqalə sayəsində rektorun qəbulundan istədiyim nəticəni alacağıma inanırdım. Buna o səbəbdən ümidvar idim ki, həmin məqalədə mən üç ay əvvəlin günəşli bir günündə universitet elmi şurasında təsdiq edilmiş dissertasiya mövzum olan Cənubi Azərbaycanla bağlı indiyəcən heç vaxt ortaya qoyulmamış tarixi-fəlsəfi bir yanaşma sərgiləmişdim və rektorun bu cür məqaləyə laqeyd qalması mümkün deyildi.
II
Qatara mindikdən sonra qapıya söykənib adamların üzünə baxmağa başladım. Lokomativin sürüdüyü vaqonlardan çıxan ah-nalələrə qulaq asa-asa rektorun qəbuluna gedib-getməməyi bir də götür-qoy etməyə çalışdım. Çünki əgər səhərdən bəri məni təqib edən bu qəribəliklər rektorun otağında, onun dəhlizlərdə gördüyüm ciddi siması ilə üzbəüz oturduğum vaxt da mənim yaxamdan əl çəkməsəydi, onda universitetin elmi tədqiqat mərkəzindəki hazırkı işimi də itirə bilərdim.
Yağışdan sonra çıxan günəş metrodan universitetə doğru getdiyim piyada yolda əhvalımı bir qədər düzəltdi və sanki məni öz şüalarıyla çəkə-çəkə universitetin qapısı ağzına qədər gətirdi. Universitetin qarşısında bir qədər dayandım, hər şeyin yolunda getdiyinə əmin olmaq üçün başımı qaldırıb, səkidən keçən maşınlara, çəkdirdikləri şəkildə necə düşdüklərini yoxlayan qızlara, bir kənarda dayanıb siqaret çəkən oğlanlara göz gəzdirdim. Hər şey, deyəsən, doğrudan da, yolunda idi.
Mühafizəçilərin arasından keçib universitetə daxil oldum. Bir neçə addım atıb irəli getdikdən sonra birinci mərtəbənin salonundakı oturacaqlarda oturan qızlar eyni vaxtda başlarını qaldırıb mənə baxdılar. Bir anlıq mənə elə gəldi ki, yenə hansısa qeyri-adi hadisə baş verəcək. Həyəcanım yavaş-yavaş baş qaldırmaq istədi. Çünki gözlərini dikib diqqətlə mənə baxan qızların hamısı kiminsə məqsədli şəkildə seçib orda oturtduğunu düşünəcəyim qədər gözəl idilər. Onların mənə yönəlmiş baxışları atdığım addımlarla bir yerdə irəliləyərək ödəniş aparatlarının yanınacan məni müşayiət elədi. Sonra qızlar eyni vaxtda da kirpiklərini aşağı endirib gözlərini məndən çəkdilər və onların enmiş kirpikləriylə bir yerdə bir az əvvəl qabarmağa başlayan həyəcanım da təzədən geri çəkilərək sakitləşdi.
Kserokopiya budkasındakı printerin yarıqaranlıq ağızlığından bir az sonra kağız şəklində çıxacaq yazımı axırıncı dəfə gözdən keçirtmək üçün sol tərəfdəki ayaqüstü kompüterlərə yaxınlaşdım. Fləşkartımın ucluğu kompüterin dördkünc boşluğunda özünə yer tapdıqdan sonra iç-içə yerləşən otaqların qapısı kimi ard-arda bir neçə qovluğu açıb məqaləyə daxil oldum. Sağ əlimin altındakı siçanın diyircəyini məqalənin sonunacan aramla fırladıb hər şeyin qaydasında olduğunu gördüm və fləşkartı kompüterdən çıxartdığım andan kserokopiya budkasındakı balacaboy qıza ödəniş edib çap olunmuş kağızlarla bir yerdə rektorun ikinci mərtəbədə yerləşən otağına qalxdığım anacan bir neçə dəqiqə keçəsi oldu. Pillələri asta-asta qalxdım. Kağızlara bir dəfə də diqqətlə göz atdım. Hər şey qaydasında idi.
Artıq üzü yoxuşa istiqamətlənmədiyini hiss edən addımlarım ikinci mərtəbənin qaramtıl mərmərlərinə paralel şəkildə bir neçə dəfə yerə basılıb qalxdı və məni rektorun otağının böyük qapısına tərəf yönləndirdi. Amma əlimi qaldırıb bükülmüş barmaqlarımla qəhvəyi rəngli qapını döymək istəyəndə incə bir qadın səsi məni arxadan çağırdı:
– Elgün bəy?
Səsə tərəf dönənəcən bu səsin aid ola biləcəyi şəxslərin üzləri beynimdə sürətlə səhifələnərək yoxa çıxdı və qapını döymək üçün qalxan qolum, bədənimə paralel şəkildə yavaş-yavaş yanıma düşdü. Səsin sahibi ona tərəf çevrildiyimi görəndən sonra mənə sarı bir addım da atdı və əlini uzadıb:
– Elgün bəy, xoş gördük, necəsiniz? – dedi.
O, saçlarının yarıdan aşağısı qıvrım olub kürəyinə və çiyninə tökülən, ağ üzünə qələm uzunluğu boyda qara teli düşən; sürmə çəkilmiş gözləri, şəffaf boya vurulmuş dodaqları, incəliyini əziyyətlə qoruduğu hiss olunan bədən quruluşu ilə və başqa nələri iləsə də evli olduğuna məndə şübhə yeri qoymayan təxminən otuz yaşlarında gözəl bir qadın idi.
– Təşəkkür edirəm, yaxşı olasınız, – deyə cavab verib, əlini sıxdım.
– Bayaqdan oxşadıram sizi, amma fikirləşdim, birdən yanılaram. Mən sizin məqalənizi oxudum o gün. Çox bəyəndim. “Bəyəndim” sözü, bəlkə də, lazımınca ifadə eləmir mənim fikrimi. Necə deyim... Heyran oldum. Hətta bir az da paxıllığım tutdu sizə. Baxdım ki, bizim universitetdə işləyirsiniz, sevindim. Dedim, bəlkə, sizi üzbəüz görə bilərəm. Bayaq da sizi aşağıda gördüm, içəri girdiyiniz vaxt... Fikirləşdim, sizə öz ürək sözlərimi deyim.
Bu yaxınlarda heç bir məqaləm çap olunmamışdı. Axırıncı məqaləmin, bəlkə də, artıq bütün nüsxələri kitab rəflərinin tozu altında qalan gözdənkənar bir jurnalda çap olunmağından isə bir neçə il keçirdi. Yenidən nəsə qəribə şeylər baş verdiyini hiss etsəm də, təmkinimi qoruyub ona cavab verdim:
– Çox təşəkkür edirəm, minnətdaram. Hansı məqaləni nəzərdə tutursunuz?
– Yeni çap olunan... Cənubi Azərbaycanla bağlı yazdığınız... İnanırsız, o qədər təsirləndim. Amma sizin məqalə sırf tarixi tədqiqat da deyildi e. Mənim xoşuma gələn də bu oldu. Yanaşmanız çox maraqlıydı. Üstəgəl, ifadə tərziniz o qədər bədiidir ki, elə yerlər oldu, az qaldı, kövrələm. Çox xoşuma gəldi.
Haqqında danışdığı məqalə, kompüter ekranından kənara çıxmağına ilk dəfə olaraq bir az əvvəl imkan verdiyim, rektora göstərmək üçün bu dəqiqə əlimdə tutduğum, amma hələ heç bir yerdə çap etdirmədiyim məqalə idi.
İçimdə baş qaldıran təlaşı bu dəfə daha asanlıqla yatırmağa ona görə müvəffəq ola bildim ki, təəccübümü qarşımdakı qadına hiss etdirib daha da pis vəziyyətə düşmək istəmirdim və məqalənin, heç olmasa başqasının yox, öz adımdan çap olunmağı narahatlığımı bir qədər azaldırdı. Ona görə də qeyri-adi heç nə yoxmuş kimi davranaraq:
– Çox sağ olun, minnətdaram. Hiss olunur ki, əməlli-başlı diqqətlə oxumusuz, – dedim.
– Hə, əlbəttə, məqalənin adını görən kimi məni cəlb elədi. Bizim əslimiz də Cənubi Azərbay...
Bir az əvvəl döymək istədiyim, indi isə arxamı çevirib dayandığım qapı açılaraq qadının sözünü yarımçıq qoydu. İkimiz də içəridən çıxan adama baxdıq və bu zaman söhbəti yarımçıq qalmış qadın yeni cümləsinə başqa sözlərlə başladı:
– Siz, deyəsən, rektorun qəbuluna gedəcəkdiniz, hə? Mən sizi saxlamayım, keçin içəri, istəyirsiz. Sizə uğurlar. Mən onsuz da buralardayam, o gördüyünüz otaq bizim iş otağımızdı. Nəsə lazım olsa, buyura bilərsiniz.
Bir neçə dəqiqə sonra sarışın və balacaboy katibə, rektorla nə üçün görüşmək istədiyimi soruşaraq qələminin nazik ucu ilə ad-soyadımı kağıza yazdı və mən növbə gözləyən iki adamın əyləşdiyi divanın yaxınlığında ayaq üstə dayanıb gözləməyə başladım, amma çox keçməmiş rektorun otağından əlində tutduğu kağızları sinəsinə sıxan gənc bir xanım çıxdı və növbəsi çatmış adamlardan biri bu vaxt ayağa qalxıb otağın qapısına yaxınlaşanda mən onun boşalmış yerində oturdum. Katibə qız otağa ondan əvvəl daxil olub rektora xəbər verdi və yalnız o çıxdıqdan sonra bayaq divandan qalxan adam rektorun qəbuluna girə bildi.
Divardakı saatın sürətli və sürətsiz əqrəblərinə baxa-baxa istər-istəməz bu gün başıma gələnləri bir də xatırladım.
...Növbəm çatanacan həmin saatın sürəti az olan əqrəblərindən nisbətən uzun olanı, ard-arda iki fərqli rəqəmin üstündən keçib üçüncüyə çatdı və mən bu müddət ərzində əvvəlcə qapının ağzındakı qıvrımsaçlı qadının məqaləm haqqında səsləndirdiyi tərifləri yadıma salaraq hər şeyin yaxşı olacağına özümü inandırmağa çalışdım, sonra isə bayaq qəbula girən adamın içəridən çıxmağına və yanımda oturan digər adamın ayağa qalxıb rektorun otağına tərəf getməyinə tamaşa elədim.
Sürətsiz əqrəblərin uzun olanı, dördüncü rəqəmə çatanda katibə qızın səsini eşitdim. O, əlində qeyd kağızı tutub mənə tərəf baxaraq:
– Sizin növbənizdir, müəllim, – dedi və mən içimdəki həyəcanla bir yerdə ayağa qalxdım.
Ayaqlarım bir-birinə çarpaz şəkildə qayçı kimi açılaraq beş addım atdı və məni rektorun otağının qapısı ağzına çatdırdı.
Katibə qız otağa məndən əvvəl girdi, amma içəridə yenə də çox qalmadı, bir neçə saniyə sonra çıxdı və mənə baxaraq nəzakətlə:
– Keçə bilərsiniz, – dedi.
Növbəti addımlarımı atıb qapıya yaxınlaşdım və əlimi qapının dəstəyinə uzadanda kimlərsə uca səslə sanki mahnı oxuyaraq şüarlar səsləndirməyə başladı. Arxaya dönüb, katibə qızın öz işiylə məşğul olduğunu, gözləmə otağına məndən sonra daxil olmuş kök qadının isə bir az əvvəl əyləşdiyim divanın yanında ayaq üstə dayanaraq sakitcə öz telefonuyla oynadığını görəndə özümdən savayı heç kəsin bu səsi eşitmədiyini başa düşdüm və başqa qeyri-adi şeylərin də baş verməməsi üçün çox ləngimədən dəstəyi əyib, qapını açdım.
Rektor öz masasının arxasında qollarını geniş açaraq və ovuclarını, masanın bir az sonra yaxından görəcəyim şabalıdı üstünə söykəyərək oturmuşdu. İçəri girib qapını arxamca örtdükdən sonra nəğməli şüarların səsi kəsildi və mən rektorun mənə baxan qaşqabaqlı nəzərləri ilə öz aramdakı məsafəni azaldaraq həmin nəzərlərin üzbəüzündəki oturacağa tərəf irəlilədim.
Onu heç vaxt bu cür acıqlı görməmişdim. Sanki rahatlığını pozmuş adamdan baxışlarındakı zəhərlə qisas almaq istəyirdi.
Bu gün onsuz da səhərdən bəri bütün işlərimin tərs getməyi bəs deyilmiş kimi indi ən vacib məqamda da, deyəsən, növbəti uğursuzluğa yaxınlaşırdım. Amma artıq geriyə dönüş yox idi, ona görə də rektorun qarşısındakı yumşaq üstlüklü oturacağa çatan kimi:
– Salam, Habil müəllim, – dedim. O, başını tərpədərək salamımı aldı və mən yanında dayandığım stulun yumşaqlığını altımda əzərək masanın arxasında əyləşdim.
Qaşları arasındakı düyünün yaratdığı qaranlıq batıqlara, ülgüclə dibdən təraş olunmuş üzünə, qarnının yarısı masanın altında qalan iri bədəninə, əyninə gen olan pencəyinə, pencəyinin rəngi ilə səsləşən iri düyünlü qalstukuna ötəri şəkildə göz gəzdirə-gəzdirə sözə başladım:
– Habil müəllim, mən universitetdə yarımştat elmi işçi kimi çalışıram. Bizim fakültədə, Azərbaycan tarixi kafedrasında boş müəllim yeri var. Sizdən xahiş etmək istəyirdim ki...
O, bayaqdan bəri qaşqabaqlı üzünün arxasında dayanmış kəlmələriylə ilk dəfə danışaraq mənim sözümü kəsdi:
– Kafedra müdirinə deyin, təqdimat yazsın.
Hiss elədim ki, neçə gündən bəri beynimdə rektora demək üçün hazırladığım sözlər bir az əvvəlki cümləmin yarımçıq kəsildiyini görüb geriyə çəkildilər, amma mən gücümü toplayıb onları təzədən dilimin ucunda ard-arda düzməyə çalışdım:
– Aha, başa düşdüm, çox sağ olun. Sadəcə, bilirsiz... mən özüm uzun müddətdir, tarixi tədqiqatla məşğulam. Və düşünürəm ki, bu sahədə ciddi nailiyyət əldə eləmişəm. Bu məqaləni sizin oxumağınız üçün çıxarmışam. Burda mən Cənubi Azərbaycanla bağlı...
Bu dəfə o, yenə də mənim sözümü kəsdi və dilimin ucunda düzülüb növbə gözləyən sözlər təzədən dağılışaraq yoxa çıxdılar:
– Bunları da təqdimatda qeyd eləyər.
Daha sonra o, acığından heç nə əksilməmiş baxışlarını gözlərimin içinə zillədi və mən hiss elədim ki, o baxışlar elə həmin andaca ayağa qalxıb otaqdan çıxmağımı görmək istəyir.
Həftələrdir üstündə işlədiyim məqaləyə o heç gözünün ucuyla da baxmamışdı. Mən ayağa qalxıb otağı tərk etməli olduğumu hiss edirdim və o, üzümə zillədiyi baxışlarındakı zəhərlə məni qapıya tərəf hər an bir az da yaxınlaşdırırdı.
Təmkinlə ayağa qalxdım, əlimdəki A4 kağızlarını stolun üstünə qoyub, rektora tərəf sürüşdürdüm və deyəcəyim növbəti sözləri ancaq ondan sonra ard-arda düzüb gərgin sükutu poza bildim:
– Başa düşdüm, Habil müəllim, sizin dediyiniz kimi də edəcəm. Amma bu məqaləni burda qoyuram. Mən bu məqaləyə görə bir aydır, yuxusuzam. İstəsəniz, bir gözdən keçirərsiniz.
Sonra hiss etdim ki, bu dəfə dilimin ucuna heç gözləmədiyim sözlər gəlməkdədir və mən özümü saxlaya bilməyib o sözləri də rektorun mənə zillənmiş nəzərlərinə tərəf səsləndirdim:
– Çünki bu məqalə universitetin kafedralarına doluşmuş savadsız müəllimlərin ona-buna pulnan yazdırdığı məqalələrdən deyil. Bunu mən alnımın təriynən yazmışam; bir aydır, yuxusuz qalıb yazmışam.
Amma rektor qolunu sol tərəfdəki telefona sarı aparıb dəstəyi qaldıranda və xəttin o biri üzündəki adama növbədə gözləyən şəxsi içəri buraxmağı tapşıranda mənə elə gəldi ki, nə dediyimi eşitməyib.
Bu dəmdə qapı açıldı, katibə qız içəri girdi, rektora nəsə dedi, rektor da ona nəsə dedi, qız çıxdı, növbədə məndən sonra olan kök qadın qapının ağzında göründü, içəri daxil olub rektorun stoluna tərəf irəlilədi, katibə qız da yenidən içəri girib əlindəki kağızları rektora apardı və bütün bunlar baş verərkən onlar elə davrandılar ki, sanki, mən orda yoxam. Məqaləni stolun üstündən götürmədim, qapıya tərəf irəliləyib otaqdan çıxdım, gözləmə otağındakı divanda əyləşən yaşlı kişinin mənə yönəlmiş baxışlarını arxamda qoyub otağı da tərk elədim, amma açılmış qapı dəhlizdən otağa dolan küləyin qarşısını yenidən kəsib tam örtülməyə macal tapmadan katibə qız məni arxadan çağırdı. Onun səsi dəhlizə çıxarkən, bayaq içəri girən küləyin bir qismini də özüylə çölə qaytardı və mən qapını təzədən geniş açıb ona tərəf dönəndə əlində tutduğu məqaləmi gördüm:
– Kağızları yaddan çıxarmısız, müəllim.
Mənə sarı uzatdı, aldım və:
– Yaddan çıxarmamışdım, özüm saxladım, rektor oxumalıydı, – deyə cavab verdim, amma o heç nə demədən öz masasına tərəf getdi və stolunun üstündəki kağızları yerbəyer etməyə başladı.
İçimdə dəhşətli bir qəzəbin baş qaldırdığını hiss elədim və qapını arxamca elə möhkəm çırpdım ki, bayaqkı kimi otağa girmək istəyən külək əzilərək dəhlizin mərmərləri üstünə səpələndi. Dəhlizdə sakitcə dayandım, gicgahlarımda döyünən əsəbi hiss edə-edə o tərəf-bu tərəfə göz gəzdirdim.
Rektorun qəbuluna girərkən pəncərədən səslərini eşitdiyim adamlar həmin an yenidən şüarlar səsləndirməyə başladılar. Onların nə dediyini anlamaq üçün hərəkətsiz qalıb dinləməyə çalışdım. Amma heç nə başa düşə bilmirdim, çünki bu səslər dəhlizin həm sağından, həm solundan, həm də yuxarı və aşağı mərtəbələrdən gəlirdilər və mənə çatdıqları vaxt sanki yanımdaca bir-birilərinə qarışıb anlaşılmaz olurdular.
Qabağa gedib pilləkəndə oturmaq, başımı məhəccərə söykəyib gözlərimi yummaq və bir az sonra tənəffüs vaxtı tələbələrin hay-küylə enib-qalxacaqları pilləkəndə axşam növbəsinin son dərsi qurtaranacan yatmaq istədim.
Amma sağa dönən kimi bayaqkı qıvrımsaç qadının bir az aralıda durub mənə baxdığını gördüm. O, üzündə qayğıkeş bir ifadəylə mənə sarı gəldi və aramızdakı məsafə, söhbət üçün uyğun bir məsafəyə qədər azalanda:
– Yaxşı olmadı? – deyə sual verdi.
Məyus-məyus:
– Yox, – dedim.
III
Bir az sonra rektorla axırıncı dəfə söhbət etmək üçün təzədən gözləmə otağına daxil olanda katibə qız şaqqıltı ilə açdığım qapının səsinə başını masadan qaldırıb mənə baxanda, “içəridə adam var, heç olmasa gözləyin, o çıxsın” deyə həyəcanla xahiş edəndə bu gün başıma gələn qəribə hadisələr içində bircə o qıvrımsaç qadının mənə kömək üçün hansısa sehrli qüvvələr tərəfindən göndərildiyini düşünürdüm.
Çünki o məndən rektorla nə söhbət etdiyimi soruşanda, mən yarımçıq qalmış cümlələrimin masanın böyür-başında necə tökülüb qaldığını danışanda, rektorun dediklərini onun üçün bir-bir təkrar edəndə, o:
– Yaxşı, niyə kefinizi pozursuz? Madam ki təqdimat yazdırmağınızı istəyib, niyə etmirsiz? – deyə cavab verəndə həmin boş ştata müəllim keçməyim üçün mənə mane olan bütün şəxslər haqqında qadına danışmağa başladım və qəfildən xatırladım ki, rektorun qəbuluna girərkən əsas niyyətlərimdən biri məhz bunları ona demək idi və tərslikdən, bunların heç biri içəridə olarkən yadıma düşməmişdi.
Amma söhbət edə-edə birlikdə dəhlizin ortasına qədər gəldiyim qıvrımsaç qadın təəssüfümün uzun çəkməsinə imkan vermədi, incə, ağ və gözəl əlini kədərli halda çiynimdən asılan qolumun arxasına toxundurdu, “gec deyil, rektor hələ otağındadır” – dedi, mənim tərəddüd etdiyimi görəndə isə bu dəfə əlimdən tutdu. Mən təəccüb içində onun təbəssümlü üzünə və əlimdən tutan əlinə baxanda isə o:
– Gəlin, – deyib məni öz arxasınca rektorun otağına tərəf apardı.
Bir neçə addımdan sonra mahnı oxuyan adamların səsini təkrar eşitdim və ilk dəfə olaraq o qarışıq səslər içindən nəyisə başa düşdüm:
Araz, səndən kim keçdi?
Kim qərq oldu, kim keçdi?
Başımı qaldırıb ikinci mərtəbənin hündür tavanına baxdım, səsin hardan gəldiyini anlamağa çalışdım. Sanki eşitdiyim səsin də fərqindəymiş kimi qadın, arxaya döndü, tutduğu əlimi yavaşca sıxıb özünə sarı çəkdi, gülümsədi və pıçıldayaraq:
– Gəliiinn, – dedi.
Mahnı səsləri elə həmin dəqiqədəcə sanki küləyin əsib dağıtdığı kül kimi çəkilərək dəhlizin künc-bucağına yığılıb yavaş-yavaş yoxa çıxdılar və bir neçə addım atandan sonra mən qadına baxaraq yorğun səsimlə:
– Yuxusuzam, – dedim.
Amma qadının mənə bu dəfə bayaqkından da fərqli baxmağı və tutduğu əlimi öz varlığını hiss etdirərcəsinə yenidən sıxmağı mənim otağa inamla girməyim üçün, katibə qızın “gözləyin” sözünə məhəl qoymamağım üçün və rektorun qəzəbli baxışları qabağında heç nədən çəkinməməyim üçün kifayət elədi.
– Habil müəllim, – deyə sözə başladığım an onunla üzbəüzdə oturan qadın da arxaya dönüb çaşqınlıqla mənə baxırdı.
– Habil müəllim, mən bu məqalədən ötrü... – yuxusuz olduğumu bir dəfə də təkrarlamamaq üçün cümləmi yarımçıq qoydum, amma sonra ard-arda səsləndirdiyim cümlələrdə birinci dəfə unutduqlarımın hamısını deyə bildim. Rektor sanki heç məni eşitməyibmiş kimi yenə də sol tərəfindəki telefonun dəstəyini götürüb asta səsiylə kiməsə nəsə dedi. Bir az sonra arxamca açılan qapıdan katibə qız içəri girdi və mənə:
– Müəllim, zəhmət olmasa, gələrdiniz, işə qəbul üçün sizinlə sual-cavab ediləcək, – deyərək nəzakətlə müraciət etdi.
Mən məqsədimə çatdığımı düşünərək onunla birgə otaqdan çıxdım. Katibə qız bu dəfə masası üstündəki kvadrat formalı, sarı rəngli qeyd kağızına kiminsə adını və dörd rəqəmli otaq nömrəsi yazdı və:
– Zəhmət olmasa, qeyd etdiyim otağa gedərdiniz. Sizinlə sual-cavab edəcək şəxs sizi orda gözləyir, – dedi.
Əlimdəki kağızla birgə otaqdan çıxdım, bu dəfə qapını arxamca bərk çırpmadım və dəhlizə addımımı qoyan kimi qıvrımsaç qadının pilləkənin məhəccərinə söykənib məni gözlədiyini gördüm. O, otaqdan çıxdığımı görüb iti addımlarla mənə sarı gəldi, əlimdəki kağızı alaraq gözdən keçirəndə otağı tanıdığını deyib, bayaqkı kimi yenə də əlimdən tutdu. Biz həmin dəhlizi əvvəlcə axıra qədər getdik və dəhlizin sonunda indiyəcən heç vaxt istifadə etmədiyim və görmədiyim pilləkənlə yuxarı qalxdıq, bayaq eşitdiyim səslər yenə eşidildi, növbəti mərtəbənin dəhlizinə girmədən yenə pilləkəndən istifadə etdik və o qədər çox qalxdıq ki, mən neçə mərtəbə qalxdığımızı saya bilmədim. Ayaqlarım yoruldu, sürətim azaldı, qadınsa mənim əllərimdən tutub növbəti pilləkənləri də qalxmalı olduğumuzu israrla deyir, məni ruhlandırır, hərdənsə ona qarşı da içimdə bir şübhə yaranmasına səbəb olurdu. Ona bir dəfə də yuxusuz və yorğun olduğumu demək istədim, amma növbəti pilləkəndən sonra dəhlizdə sakit-sakit və yorğun-yorğun dayanıb nəfəsimizi dərəndə o:
– Çatmışıq, bu mərtəbədədir, – deyərək yorğunluğumu bir anlıq unutdurdu.
Üzündəki tərə yapışan telini qoparmaq üçün əlimi buraxsa da, çox keçmədən yenə tutdu və biz, heysiz, asta addımlarımızla, müsahibənin keçiriləcəyi otağı axtarmağa başladıq. Həmin vaxt şüarlar və mahnı səsləri lap yaxından eşidildi, amma qarışıq cümlələrə görə yenə heç nə anlaya bilmədim. Arabir əlindəki kağıza baxan qadın bir neçə addımdan sonra bir otağın qabağında dayandı, “buradır” deyə pıçıldadı:
– Mən sizi burda gözləyirəm, uğurlar, – dedi, əlimi buraxdı və mən qapını açıb içəri daxil oldum.
Qarşısındakı qaramtıl masanın üstündə istintaq otaqlarındakı kimi yarıqaranlıq işıqlar yanan qadın məni görcək və salamımı aldı və əliylə işarə edərək:
– Buyurun, əyləşin, – dedi. Eynəyi ardındakı gözləriylə, əlində tutduğu kağızları nəzərdən keçirdi. – Siz, deməli, Cənubi Azərbaycan tarixi üzrə mütəxəssis olduğunuzu iddia edirsiniz, eləmi? – dedi.
– Mütəxəssis deyəndə ki... Yəni elmi işimin mövzusu Cənub Azərbaycan tarixiylə bağlıdı.
– Nə gözəl, deməli, Cənubi Azərbaycan. Çox əla... Olsun...
Səsinin tonunu aşağı salıb az qala pıçıldayaraq:
– Mən sizə kömək etməyə çalışacam, çünki sizin bu işə qəbul olmağınızı istəyirəm. Vicdanlı və dürüst birinə oxşayırsız. Onsuz da bu otağa kimlər gəlirsə, bu cür olduğu üçün bura düşür. Bir sözlə, mən sizin tərəfinizdəyəm. Amma sizə verməli olduğum suallar da var. Bu suallar bir az çətin ola bilər. Ancaq verməliyəm. Bu məndən asılı deyil, xahiş edirəm, məni başa düşün.
– Başa düşürəm, siz narahat olmayın, mən öz ixtisasımı lazımınca bilirəm. Dəstəyiniz üçün də təşəkkür edirəm.
Sonra o:
– Birinci sual, – deyib sualları səsləndirməyə başladı:
– 1945-ci ildə Təbrizdə qurulmuş Azərbaycan hökumətinin himnini oxuyan səkkiz nəfər mədrəsə tələbəsi Təbrizin hansı küçəsində himn oxuyarkən İran qoşunu tərəfindən qətlə yetirilmişdi?
Əvvəlcə istədim ki, təəccübümü gizlətmədən “nə?” deyə bağırım, amma sonra, bəlkə də, bu sualın asan olduğunu, sadəcə, həyəcandan mənə çətin görsəndiyini düşünərək cavabı tapmağa çalışdım. Qərq olduğum sükutun içindən mənə kömək edəsi bircə cavab da əlimə keçmədi. Oxuduğum bütün kitabların gözümə görünən xəyalları həmin yarıqaranlıq sükutun içində açıq səhifələri ilə qanad çalaraq məndən uzaqlaşıb yoxa çıxdılar.
Başımı yorğun-yorğun yelləyib:
– Bilmirəm, – dedim.
O isə:
– Növbəti sual, – deyib kağızına göz gəzdirərək suallara davam etdi:
– İkinci Qarabağ müharibəsi vaxtı Azərbaycan ordusunu dəstəkləmək üçün Arazın cənubunda dayanaraq müharibəni izləyən Güney Azərbaycan türklərinin ifa etdiyi saz havasının adı nə idi?
Bu sualın cavabını bilmək, əslində, mənimçün çətin olmamalıydı, çünki həmin videonu öz gözlərimlə görmüşdüm, amma tərslikdən ordakı saz havasının nə olduğu ilə heç vaxt maraqlanmamışdım.
– Bilmirəm, – deyə ruhdan düşmüş halda ikinci sualın da cavabını verdim.
– Üçüncü sual: 1947-ci il may ayının 22-də Təbrizdəki “Gülüstan bağı”nda qurulmuş dar ağacına gətirilərkən sanki öz toyuna hazırlaşıbmış kimi əyninə milə-mil pencək və ağ köynək geyinən, qırmızı qalstuk taxan milli azadlıq mücahidi kim idi?
Cavabı bildiyim üçün sevincdən az qala qışqıraraq dedim:
– Firudin İbrahimi.
Amma nədənsə onun məni eşitmədiyini düşündüyümə görə həmin cavabı ard-arda bir neçə dəfə təkrar elədim.
O:
– Dördüncü sual, – deyib məni susdurdu və ani olaraq üzümə baxandan sonra sualı səsləndirdi, – Milli azadlıq hərəkatının fəallarından olan əri İran qoşunu tərəfindən güllələndikdən sonra dul qalan, İranın cənubundakı səhralıqlara sürgün edilən, sürgün vaxtı bir fars bəyzadəsi tərəfindən evlilik təklifi almağına baxmayaraq, onu rədd edən və “mən inqilabçı qadınıyam, inqilabçı qadınlarının başqa taleyi olmur” deyən Cənubi azərbaycanlı qadın, ömrünün sonlarını Şimali Azərbaycanda başa vurarkən hər gecə anasının vaxtilə onun üçün oxuduğu hansı bayatıları yada salıb ağlayırdı?
– Bilmirəm, – yenə də asta və yorğun səsimlə dedim və üzümdə yazıqanə bir ifadəylə əlavə elədim, – Axı bunların tarixə nə dəxli?
– Beşinci sual: xahiş olunur, diqqətli olasınız. İrandan mühacir düşən, Bakıda, Nərimanov prospektindəki evində tək yaşayan, pərən-pərən olmuş ailə üzvlərinin heç birindən xəbər tuta bilməyən və qırx ildir səsini eşitmədiyi qardaşının bir axşam Qərbi Almaniyadan etdiyi zəngə cavab verərkən həyəcandan telefon dəstəyi arxasındaca keçinən 68 yaşlı tarix müəllimi Həsən Səttari hər dəfə yağış yağanda Bakının hansı küçələrini Ərdəbilin küçələrinə bənzədirdi və...
– Bilmirəm, – sualı yarımçıq kəsərək dedim.
– Altıncı sual. Bu bayatının müəllifi kimdir:
Araz, Araz, xan Araz,
Sultan Araz, xan Araz,
Elimdən xəbər gətir,
Evimi yıxan Araz.
– Bilmirəm, – dedim.
– Növbəti sual. Bu sual həm də müasir Şimali Azərbaycan tarixinə aiddir. Asan olacaq, ruhdan düşməyin, cəhd eləyin. İkinci Qarabağ müharibəsi vaxtı Arazın o tayında dayanıb atasıyla bir yerdə müharibəyə tamaşa edən uşaq “ata, ordumuz hardadır?” deyə soruşanda Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin Şuşa əməliyyatını başlatmağına nə qədər müddət qalırdı?
Mən bu videoya da baxmışdım, ancaq həmin kadrları indi yenidən yadıma salsam da, cavab vermək üçün bu, yetərli deyildi.
– Bilmirəm, bilmirəm, bilmirəm! – eyni sözü üç dəfə ucadan təkrar eləyib ayağa qalxdım.
O isə buna məhəl qoymadan yeni sualını səsləndirməyə başladı:
– 2016-cı ildə Qarabağda Aprel döyüşləri gedərkən Təbriz stadionundakı futbol azarkeşlərinin oxuduğu şüarlar...
Sualı sonacan eşidə bilmədim, çünki həmişə anlamaqda çətinlik çəkdiyim qarmaqarışıq səslər bu vaxt qəfildən yüksələrək qadının sözlərini tamamən eşidilməz etdi. Lakin həmin səslər indi sanki dolaşığı açılan iplər kimi bir-birindən ayrılmış və aydınlaşmışdı. Qulaqlarımı şəkləyib dinləyərkən, izdihamlı bir futbol stadionundan gəlirmiş kimi xorla oxunan cümlələri, hər cümlədən sonrakı alqış səslərini, hay-küy və qışqırıqları eşidirdim:
Sən çağırsan, gələrəm məəəən,
Sən yaşaaaa, Aaaa-zər-baycaaaan!
Eybi yoxdur, ölərəm məəəən,
Sən yaşaaaa, Aaaa-zər-baycaaaan!
***
Dəstəyi əyib qapını açdım və otağı tərk edib dəhlizə çıxdım.
Kürəyini divara söykəyib gözləyən qadın, otaqdan çıxdığımı görən kimi mənə tərəf gəldi, içəridə baş verənləri soruşmadan əlimdən tutdu və yenə də məni öz arxasınca apararaq:
– Gedək, – dedi.
Bu dəfə özümü saxlaya bilməyib soruşdum:
– Siz o səsləri eşidirsiz?
– Eşidirəm, gəlin.
Sonra sanki biz həmin səslərdən qabağa keçdik və endiyimiz pilləkənlər boyunca onlar bir müddət bizi təqib etdilər.
***
Əlində tutduğu əlim məni qadının arxasınca dartır, pilləkənlərdən sürətlə endirirdi, yenə yorulmağa başladığımı hiss edir, dayanıb nəfəsimi dərmək istəyirdim, amma o, fasilə vermədən düşməli olduğumuzu deyir, arabir əlimi sıxaraq mənə xəbərdarlıq edirdi.
Nə qədər çox pilləkən endiksə, mənə elə gəldi ki, qalxarkən onlar bu qədər deyildilər, hər dəhlizin içindən küləklər keçir, biz pilləkənlərə tərəf dönərkən üzümüzə vururdu. Yorulan ayaqlarımın dincini almaq üçün bu dəfə onun dediklərinə məhəl qoymadan dayanıb pilləkəndə oturdum, dartdığı əlimi daha öz arxasınca apara bilməyib o da dayandı, əlimi buraxdı, üzünə yapışmış telini qopardı, pilləkəndə mənim yanımda oturdu, heç nə danışmadıq, sonra mən onun təng olmuş nəfəsinə qulaq asa-asa ayağa qalxdım, pillələri bu dəfə asta-asta enməyə davam elədim, o da yanımca gəldi, gənc sevgilililər kimi bir-birimizin əlindən tutduq və bir neçə mərtəbə də endik. Sonra o, tutduğu əlimi bu dəfə də öz arxasınca apararaq pilləkənlərə tərəf burulmaq istəyən addımlarımı dəhlizin içinə yönəltdi.
– Burdan gəl, burdan birbaşa çıxışa çıxa biləssən, – dedi.
Mən onun dediklərinə qulaq asdım. Dəhlizin sonundakı pilləkəni enib sağa dönəndən sonra özümü universitetin bufetində tapdım. İçimdəki təşəkkür hissini təbəssümlə yanımda dayanan qadına ötürmək üçün sağa döndüm, amma qadından əsər əlamət yox idi, o getmişdi. Ətrafıma diqqətlə göz gəzdirdim, tələbələr əllərində tutduqları plastik stəkanlarla yanımdan keçib getdilər, gülüşlü səslərini eşidə-eşidə bufetin çıxışına tərəf addımlayıb birinci mərtəbəyə qalxdım, təkəmseyrək adamların divardakı cədvəllərə baxdığı uzun dəhlizdən asta və yorğun addımlarımla keçdim, dəhlizin sonuna çatanda binanın içinə girdiyim vaxt baxışlarını qaldırıb mənə baxan gözəl qızların oturduğu oturacaqlara nəzər saldım və hamısının boş olduğunu gördüm.
Binanı tərk eləyib həyətə çıxdım. Avtobus dayanacağından məni universitetin digər binasına aparacaq avtobusa son anda çata bildim. Yerimi tutub başımı şüşəyə söykədim və yatmağa çalışdım. Düşməli olduğum dayanacağa çatanda öz-özümə ayıldım, sürüdüyüm addımlarımla universitet binasının həyətinə daxil oldum, iş otağımın yerləşdiyi dördüncü mərtəbəyə qalxdım, günorta fasiləsi olduğundan qapısı bağlanmış otağı açarımla açdım, içəri girdim, pəncərələri də açdım və pəncərədən aşağıda şəkil çəkdirən tələbələri görəndə yenə həmin mahnıların, şüarların qarmaqarışıq şəkildə eşidilməyə başladığını hiss etdim. Amma artıq ürəyimdə heç nəyə təhəmmül qalmadığı üçün, pəncərələri təzədən örtərək bu səsin məni narahat etməsinə imkan vermədim; masam arxasında oturaraq qollarımı masa üstünə sərdim, başımı qollarım üstünə qoyaraq gözlərimi yumdum, hər şeyi unutmağa çalışaraq məni aparması üçün yuxunu gözləməyə başladım.[1]
“Ədəbiyyat və incəsənət”
(05.08.2024)
[1] Hekayədə xalq şairi Sabir Rüstəmxanlının “Ömür kitabı”nda təsvir edilən və Güney Azərbaycandakı azadlıq mücahidlərinin taleyindən bəhs edən bəzi nüanslar yer almışdır.
LİDERLİYİN 21 QANUNU – 8.Tavan qanunu.
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
1. İntuisiya qanunu
«Liderlər hər şeyi liderlik prizmasından qiymətləndirirlər».
Reallıq belədir ki, məhz lider intuisiyası görkəmli liderləri yaxşı liderlərdən fərqləndirir. Lider gərək situasiyanı oxusun və instinktiv olaraq hansı hərəkət variantını seçəcəyini bilsin.
Bəzi insanlar liderlik xüsusiyyətləri ilə doğulurlar. Onlarda liderlik intuisiyası da anadangəlmə olur. Bəziləri doğulanda heç bir liderlik instiktinə malik olmurlar, amma yaşadıqca liderlik keyfiyyətlərini əxz edirlər. Eləcə də liderlik intuisiyası onlara sonradan gəlir.
İntuisiya liderlərə liderliklə bağlı bir çox gizlinləri oxumağa kömək edir. Liderlər cari situasiyanı oxumağı bacarırlar. Liderlər tendensiyaları oxumağı bacarırlar. Liderlər öz resurslarını oxumağı bacarırlar. Liderlər öz adamlarını oxumağı bacarırlar. Və nəhayət, liderlər özlərini oxumağı bacarırlar.
Liderlik elmdən daha çox incəsənətdir.
Əvvəl təqdim edilən qanunlar isə burda sıralanıb:
8.Tavan qanunu.
«Liderlik qabiliyyətini insanın effektivliyi müəyyənləşdirir».
Şəxsin liderlik effektivliyi tavanla xarakterizə edilir. Şəxsin insanları öz ardınca apara bilmək qabiliyyəti nə qədər azdırsa, onun potensial imkanlar tavanı da o qədər alçaqdır.
Liderlik keyfiyyətləri həmişə individuumun təşkilatda effektivlik tavanı yaratmasını təmin edir. Liderlik güclüdürsə, tavan da yüksək olacaq. Ölkə çətin duruma düşəndə yeni prezident, firma pullarını itirəndə yeni baş direktor, kilsə ziyarət olunmayanda yeni baş pastor, idman komandası ardıcıl məğlubiyyətlərə uğrayanda yeni baş məşqçi axtarışına çıxırlar. Liderliklə effektivlik arasındakı qarşılıqlı əlaqə ən çox idmanda özünü göstərir. Hər bir komandada istedadlar olur. Amma komandaların fərqini məşqçi və bir neçə əsas oyunçunun təmin etdiyi liderlik yaradır. Komandanın effektivliyini dəyişmək üçün məşqçi tərəfindən onun liderlik çəviyyəsini yüksəltmək lazımdır. Bax bu da fəaliyyətdə olan tavan qanunudar.
2.Təsir qanunu.
«Liderliyin həqiqi ölçüsü təsirdir».
Əgər insan başqalarına təsir edə bilmirsə, heç vaxt öz ardınca adam apara bilməz. Əsl liderlik heç vaxt hansısa posta təyin olunmaqla baş tutmur, o, yalnız təsir edə bilmək qabiliyyətindən asılıdır.
3.Proses qanunu.
«Lider bir gün ərzində deyil, günbəgün olurlar».
Liderə çevrilmək prosesi haradasa aksiya bazarında müvəqqəti kapital investisiyasına bənzəyir. Siz bir günə varidat toplamaq istəyirsinizsə, uğur qazanmağa əsla şansınız yoxdur. Burada ən vacib olan olduqca uzun məsafəyə qaçışda sizin gündəlik hərəkətlərinizdir. Liderlik – çox mürəkkəb məfhumdur. Onun olduqca çox aspektləri var: təcrübə, emosional güc, hörmət, insanlarla ünsiyyət təcrübəsi, nizam-intizam, perspektiv, uzaqgörənlik, vaxtında qərarvermə bacarığı, hücuma keçmə əzmi. Bunların hamısı qeyri-maddi şeylərdir, onları birdən-birə əldə etmək mümkünsüzdür. Məhz buna görə də liderlərə effektiv olmaq üçün belə uzun müddətlik möhkəmlənmə, güclənmə lazım gəlir.
Con Maksvell iddia edir ki, liderliyin bir çox aspektlərini o özü məhz uzun illərdən sonra 51 yaşında hiss etməyə başlayıb. Liderləri digərlərindən fərqləndirən əsas cəhətlər məhz öz bacarıqlarını inkaşaf etdirmək, yaxşılaşdırmaq qabiliyyətidir. Uğurlu liderlər öyrənməyi bacarır və sevirlər. Və öyrənmə prosesi onlarda ömür boyu davam edir.
«İnsan nəyi bilmədiyini bilmirsə, o inkişaf edə bilməz».
4.Liderlik – inkişaf qanunlarına tabedir. Naviqasiya qanunu.
«Gəminin sükanını hər kəs fırlada bilər, ancaq kursu tapmaq üçün lider lazımdır».
Bəzi şturmanlar limanı tərk etməzdən öncə bütün baş tutacaq səyahəti beyin süzgəclərindən keçirə bilirlər. Onlar gözəl bilirlər ki, lazım olan məntəqəyə çatmaq üçün nə qədər güc sərf etmək, komandaya ekspedisiyanın uğur qazanması üçün kimləri salmaq lazımdır. Onlar üfüqdəki maneələri hamıdan tez görürlər.
Lider elə bir şəxsdir ki, başqaları görəndən daha çox görür, başqaları duyandan daha çox duyur.
Bəzən eyni zamanda dörd təyyarənin məhv olmasından danışılır. Bu ona görə olur ki, qırıcı təyyarə dördlükdə sıx halda uçanda mütləq onlardan birinin pilotu aparıcı olur, lider olur. O, öndə gedir, digər üçü ardınca gedərək onun hərəkətlərini təkrarlayır. Bu təkrarlama sonadək, hətta lider sürəti itirib dağa çırpılanda belə davam edir.
Naviqatorlar üçün hər bir keçmiş uğur və uğursuzluq özlüyündə informasiya, müdriklik mənbəyidir. Uğurlar insana özünü daha yaxşı tanımağa, öz bacarıq və istedadına daha çox güvənməyə imkan verir. Uğursuzluqsa səhvləri görüb onların üzərində işləməyə, onları düzəltməyə imkan yaradır.
Naviqatorlar bir çox mənbələrdən informasiya toplayır, aşağı səviyyədə nə baş verdiyini öyrənmək üçün komanda üzvləri ilə daim təmasda olurlar. Onlar situasiyanı dərindən öyrənməyə çalışırlar.
«Əgər siz açıq gözlərlə fəaliyyət göstərməsəniz həyat daim sizə qurşaqdan aşağı gözlənilməz zərbələr vuracaq», - yazır müəllif. O yazır: «Optimizmlə realizmi, intuisiyayla planlaşdırmanı, inamla faktları balanslaşdırmaq çox çətindir. Amma yol göstərən lider kimi effektiv olmaqçün məhz bunlar vacibdir».
Con Maksvell kitabın bu bölümündə öz liderlik fəaliyyətində daim istifadə etdiyi strategiyanı da göstərib:
- Bütün fəaliyyət ardıcıllığını öncədən düşünmək;
- məqsədi lokallaşdırmaq və sistemləşdirmək;
- prioritetləri ünvanlı korrektə etmək;
- əsas personalı müəyyənləşdirib onu məlumatlandırmaq;
- planın bəyənilməsi üçün vaxt rezervasiya etmək;
- reallaşdırmaya fəal qoşulmaq;
- gözlənilən problemlərə uyğunlaşmaq;
- uğurları təbii şəkildə görmək və qeyd etmək;
- hər gün öz planına nəzarət etmək.
Con Maksvellin naviqasiya qanununun əsas məğzi – hazırlıqdır.
5.E.F.Xatton qanunu.
«Əsl lider danışanda insanlar ona qulaq asır».
Əsl lider təkcə vəzifəyə malik deyil, o, hakimiyyətə malikdir.
«E.F.Xatton» - maliyyə xidməti göstərən kompaniyadar. ABŞ-da belə bir televiziya reklamı var imiş bir zamanlar: Ağzınadək dolu restoranda iki nəfər maliyyə mövzusunda danışırmış. Biri deyirmiş ki, hansısa investisiya barədə filan şey eləmək lazımdır. Bu vaxt ikinci deyirmiş ki, hər şey yaxşıdır, amma mənim brokerim Xatton deyir ki... Həmin an səs-küylü restoranda lal sükut yaranırmış, hamı gözləyirmiş ki, ikinci personal Xattonun sözlərini söyləsin.
Maksvell məhz buna görə öz növbəti qanununu hamının qulaq asdığı Xattonun adı ilə adlandırıb.
Əgər siz əvvəl heç tanımadığınız insan qrupu ilə görüşə gedirsinizsə, cəmi beş dəqiqəyə onların hansının lider olduğunu sezə biləcəksiniz. Kiminsə sualı yarananda bütün qrup uzvləri kimə baxırlar? Kimin sözlərini gözləyirlər? Bax real lider odur.
Vəzifəcə lider birinci danışır, real lidersə sonda.
- Həqiqi liderlik həmişə daxildən gəlir, xarakterin gücündə özünü göstərir;
- Liderlik ətrafdakılarla yaxşı əlaqə qura bilmək, güclü çevrəyə malik olmaqdan qaynaqlanır; lazımi adamları tapa bilməklə əlaqələndirilir;
- Lider çoxlu informasiyaya malik olur;
- Liderlik intuisiya qabiliyyəti tələb edir;
- Liderlik təcrübədən qaynaqlanır;
Maksvell Xatton qanununun məğzini dərk etməkçün liderlik arzusunda olan insana məsləhət görür ki, özü-özünə bu sualları versin:
- Mən danışanda insanlar həqiqətənmi məni dinləyirlər?
- Onlar bu mövzuda başqa birisinin də danışmasını arzulamırlar ki?
6.Möhkəm özül qanunu
«Liderliyin əsası etibardır»
Sistematik olaraq yaxşı qərarlar qəbul edən, öz hesabına qələbələr yazan lider komandasının etibar kreditini daim yüksəldir. O, hətta nöqsan buraxanda belə etibarına xələl gətirmir.
Özünə etibar qazanmaqçun liderdə kompetentlik, xarakter, habelə ətrafındakılarla əlaqə yaradıb müntəzəm bu əlaqəni saxlamaq bacarığı olmalıdır.
General Şvartskopf yazır: «Liderlik strategiya və xarakterin güclü birliyidir. Əgər siz bu iki keyfiyyətdən birindən imtina etməyə məcbursunuzsa, onda yaxşısı budur strategiyasız qalın».
Liderin xarakteri güclü olanda insanlar ona etibar edirlər, eləcə də onlarda çalışdıqları təşkilatın gözəl gələcəyinə böyük inamları yaranır. Güclü xarakter – liderin möhkəm özül üzərində bərqərar olması deməkdir.
Liderlər necə olur ki, özlərinə hörmət qazanırlar? Ağıllı qərarlar qəbul edəndə, öz səhvlərini etiraf edəndə, bir də ardıcıllarının, təşkilatının maraqlarını öz şəxsi maraqlarından üstün tutanda.
Liderin möhkəm xarakteri ardıcılları arasında ona etibar yaradır. Amma elə ki, lider ümidləri doğrultmur, o, insanları ardınca aparmaq qabiliyyətini itirir. Möhkəm özül qanunu məhz budur.
7. Hörmət qanunu.
«İnsanlar təbii şəkildə elə bir liderin ardınca gedirlər ki, o, onlardan güclü olur».
1820-ci ildə ABŞ-ın cənubundakı Merilend ştatında anadan olan Qarriet Tabmen adlı zənci qadın cəmi 30 yaşında liderə çevrilərək Peyğəmbərin şərəfinə Musa adlandırıldı. Xırda mehmanxanalarda döşəmələri silən, zibil daşıyan, hədsiz dərəcədə yoxsul olan, savadı olmayan, yeniyetməliyində iş yerində sahibkar tərəfindən başına dəmir parçası ilə vurularaq ağır zədə alıb sağlamlığını belə itirən bir qadının lider olmaq ehtimalı neçə faiz ola bilər? Əlbəttə ki, sıfır deyəcəksiniz.
O dövrdə qara dərililər cənub ştatlarında qul hesab edilirdilər. Bununla əsla razılaşmayaraq «ya azadlıq, ya ölüm» devizi ilə Tabmen şimala – Filadelfiyaya qaçır. Özü azad olur, ancaq Merilenddə qalan qohumlarını da azadlığa çıxarmaq fikri ilə yaşayır. Tezliklə gizli dəmir yolu vasitəsilə gedib onları da Filadelfiyaya gətirə bilir. Bundan sonra qadın hər bahar həyatı ilə risk edərək cənub ştatlarına gedib çox sayda zənciləri xilas edərək Şimala gətirməyə başlayır. O, qorxu bilməz birinə çevrilir, onun liderliyi isə get-gedə möhkəmlənir.
1850-1860-cı illərdə Qarriet Tabmen 19 dəfəyə Cənubdan 300-dən çox qul çıxara bilir, «mənim qatarım bircə dəfə də relsdən çıxmayıb», - söyləyən qadın xilas etdikləri arasında bircə nəfəri belə itirmir.
Cənubdakı ağ ağalar hətta onun başına 12 min dollar pul da qoyurlar. Bununla belə, onun gözünü qorxuda bilmirlər. Tabmenin şöhrəti get-gedə artır, o, Amerika tarixinə ən çox qulun azadlığına nail olmuş insan kimi düşür.
Tabmen şimalda təşkil edilən iclaslarda iştirak edir, onu tək zəncilər deyil, bütün cəmiyyət lider kimi tanımağa başlayır. Hətta Avraam Linkoln hökumətində dövlət katibi olmuş Frederik Duqlas, senator Uilyam Syuard, məşhur inqilabçı Con Braun belə bu qadından liderlik sirlərini öyrənirlər.
Beləliklə, əslində lider olmaqçun heç bir perspektivi görünməyən Qarriet Tabmen inanılmaz gücü və təsiretmə qabiliyyəti ilə liderə çevrilir. Səbəb sadədir: insanlar onların özlərindən güclü olan liderin ardınca gedirlər. Heç vaxt olmur ki, insanlar kiminsə ardınca elə-belə getsinlər. Onlar, liderliyinə hörmət etdikləri adamların ardınca gedirlər.
“Ədəbiyyat və incəsənət”
(05.08.2024)
OXUCULARIMIZIN YARADICILIĞI – Bəhram Bilaloğlunun şeirləri
“Ədəbiyyat və incəsənət” portalının Oxucularımızın yaradıcılığı rubrikasında bu gün sizlərə Bəhram Bilaloğlunun şeirləri təqdim edilir.
Adam var ki təbəssümü-
Səadətə işıq saçır.
Qaranlıqlar arxasından-
Günəş olur, şəfəq saçır.
Vəfa gəzsən ondan yapış-
Qopma, eşqin yolçusudur.
Şəffaf edir dünya üzün-
Yaradanın ovçusudur.
Gözlərində gözlər gəzir-
Yanağlara çökmək üçün.
Xoşbəxtlikdi tək amalı-
Bu amalla kömək üçün.
Fərdlər görür, qəm, qüssəli-
Yol göstərir, iz göstərir.
Hərdən tutur əllərindən-
Allahından göz istəyir.
***
Gözümdə gül açır-
Qışda da güllər.
Güllərin içində-
Axdı gül illər.
Bilmədim kəm nədir-
Duymadım ki mən.
Ömrümə güllərdən-
Toxundun vətən.
Böyüdü sevgim də-
Boy atdı səndə.
Bəxtəvər illərim-
Yaşadı məndə.
Sevincim yaraşdı-
Saxladı zirvə.
Zirvənin dikindən-
Almadım zərbə.
***
Görüş vaxtı təyin edib-
Çağırmısan görüşünə.
Tərk etmişəm qüssəni mən-
Qovuşmuşam gülüşünə.
Ömür elə keçib ömrüm-
Bahar olub bilməmişəm.
Çiçək açıb ağaclarım-
Bara dolub bilməmişəm.
Neçə fəsil ötür indi-
Şahı sənsən fəsillərin.
Cücərdikcə həyat eşqin-
Yaşayacaq nəsillərin.
Qışı,yayı nə fərqi var-
Təbiətin əsəridir.
Yaradandır lütf eyləyən-
Təb sənətin kəsəridir.
***
Elə tutqunam ki-
Dolmuşam daha.
İztirab çəkirəm-
Batıram aha.
Zalım bu dünyanın-
Közündə, odda.
Qovrulan aşiqtək-
İz saldım yadda.
Üzü təbəssümdür-
Altı kədər, qəm.
İçində dəm alıb-
Yanılmışam mən.
Gecələr ortağım-
Olsa da dərdə.
Gündüzlər çevirdi-
Qorxmaz bir mərdə.
***
Açır gözlərimdə bəsirət nuru-
Düşən sabahlarda, görürəm səni.
Tanıtma özünü boşu boşuna-
Xəstə ruh halından, dərirəm səni.
Kin düşüb üstünə, ləkəsi artır-
Sıxır məhəbbəti seçimdə gedir.
Daha qınamağa yer də qalmayıb-
Təvazö, əzimin biçində gedir.
Sanma arifləri aldadacaqsan-
Süzür süzgəcindən ələyir belə.
Nadanla qurulan həyata baxsan-
Kədəri, qüssəni bələyir belə.
Ümidlər gül açar, ömür çağında-
Ayrılar, ayrılığ yolunda gedər.
Neçə ayrılığın, sonun görmüşəm-
Hamısı tanrının qolunda gedər.
Yaşa-yaşa Azərbaycan
Danışsam da zaman-zaman.
Böyüyəcək eşqim inan.
Susmaz, məğrur olar bu can.
Yaşa-yaşa Azərbaycan.
Gərəyimsən, dirəyimsən.
Azad ölkəm, ürəyimsən.
Məğlub olmaz kürəyimsən.
Yaşa-yaşa Azərbaycan.
İmtahanlar keçmisən sən.
Dağ zirvəsin seçmisən sən.
Eşq şərbətin içmisən sən.
Yaşa-yaşa Azərbaycan.
Qürur yerim vətənimsən.
Yarı canım, bil tənimsən.
Məzlumlara yetənimsən.
Yaşa-yaşa Azərbaycan.
***
Fələk gətirərdi qəmi səhərlər-
Alardım qəmini satardım tənha.
Gözümdən düşərdi, həm səhər, həm qəm-
Salardım özümü əfsus günaha.
Məni də nə vaxtsa, tərk edəcəklər.
Halıma baxanda, dərk edəcəklər.
Əməl yumruğunu, bərk edəcəklər.
Nankor adamlara, vurmaqdan ötrü.
Olsa da həyatın hər bir neməti.
Ehtiyac olacaq sözü, söhbəti.
Olmaz ki qəlbində pak məhəbbəti.
Şən edə bir könül, yar ondan ötrü.
Gətirər sevgidən, sevgi toxuyar.
Qurandan surələr, ayə oxuyar.
Nəticə çıxarar, tox olar o yar.
Qırılmaz zənciri, qırmaqdan ötrü.
Mənim o şəhərdə nəyim qalıb ki?!-
Daş divarlar belə unudub məni.
Gəzdiyim səkilər, ağaclar,otlar-
Yaddaşsız adama, tanıdıb məni.
Elə bilirdim ki, o adam mənəm-
Unudan adamam, gəzən adamam.
Könüllər içində bir taxt qurmuşam-
Qurulan taxtları çözən adamam.
Nədənsə baxanlar kama çatmayıb-
Qovuşmaq özü də kam olur bəzən.
Kainat sirrinə qarışmamışam-
Anlayıb duyanlar, dəm olur bəzən.
Ümmandır, dəryadır qərib şəhərim-
Sıxıb bağrına da neçə qəribi.
Qəriblər şəhəri qoyacam adın-
Daha unutmaz ki məntək qəriqi.
***
Çəkirəm qəmini ey gül-
Asıram qəm otağımdan.
Bəşərə son sözüm olsun-
Anlasın, həyat bağımdan.
Nə qədər adam keçibdir-
Allaha çatana əhsən.
Hələ də ayılmayan var-
Soracaq batana, kimsən?!.
Ölçüsü bilinməyən var-
Çalışır, düz yola gəlsin.
Gülənə deyin siz Allah-
Baxsın öz halına,gülsün.
Əməlim ta ibrətimdi-
Qılıram savab əməldə.
Yetiş imdada Zəmanım-
qıl beyəti, təməldə.
***
Səhərin ətrini bənzətdim gözə-
Aşkar görünən də göz özü imiş.
Həyatdan istədim bir şeir yazım-
Yazılan, şairin düz sözü imiş.
Ruhuma yaxınlar gəlin, əyləşin.
Dünyanın üzünə daha öyrəşin.
Çıxın intizardan siz, hey dirəşin.
Bilin ki bu dünya qəm yuvasıdır.
Nələr görmədim ki cavan yaşımda.
Ağardı saçlarım, əfsus başımda.
Taleyin bəxşində, möhnət daşında.
Baxdım ki, hava da nəm havasıdır.
Günəş gözləyirdim şəfəqi gəldi.
Qaranlıq gecələr, gündüzlə əldi.
Küçələr sevinir, kənarı güldü.
Durduğum küçə də tən yarısıdır.
Aydın görünən bir, pak aya baxın.
Gündüzdən gizlənir, onunla axın.
Olmayın ildırım, səssizcə çaxın.
Düşünün, bəşərin dəm acısıdır.
***
Apararsa mələk məni-
Könüllərdə taxt quraram.
Sıxsa bir an tənhalığım-
Dərhal orda, vaxt quraram.
Tərk edərəm qalammaram-
Ruha təkid eyləyərəm.
İmanımı artırarsa-
Artdığını söyləyərəm.
Səba yeli çatar,dünya -
Azan vaxtı səpər gedər.
İman əhli dərmək üçün-
Namazından çəpər edər.
Yanılmadım getməyimdən-
Təqva dedi,gördüm,gəldim.
Oyanandan bu vaxtadək-
Şənəm deyir,gülür qəlbim.
***
Bakı buxtasından Bakıya baxdım-
İllərin zəhməti, bəhrəsi vardı.
Yıxılmaz duruşu, cəsarətilə-
Dünya meydanında dağdı, vüqardı.
Neçə adamları alıb qoynuna -
Saxlayıb eşq, torpağ, nəfəsi üstə.
Günləri keçdikcə, baxır Bakımız-
Adına söykənən mərd, səsi üstə.
Kimlər boy atmayıb, böyüyüb səndə-
Qorxmazlıq hissinə çatmaqdan ötrü.
Vətən qorumağı, öyrətmisən sən-
Sevgiyə, eşqlərə batmaqdan ötrü.
Qürurla, şərəflə çəkilir adın-
Yaşayır sinəndə uca bayrağın.
Düşmənə göz dağı, verdikcə adın-
Yaşa, qürur yerim, ulu torpağım!
***
Viran etdin dost könlünü-
Haqqın nədi bilmədim ki.
Viranələr altda qaldım-
Yaşayıram, ölmədim ki.
Çözdüm bəşər tarixini-
Aradım ki xislət belə.
İnsan geni mürəkkəbdir-
Seyyid, çözmə,dua elə.
Əzablardan təngə gəldim-
Sınmadım heç, yorulmadım.
Çəkdim əzab şəklini mən-
Olsun təkan, qürur adım.
Zaman özü dərman dedin-
Susdum yaman, səbrə getdim.
Kaş ki xəta qılmazdım mən-
Elə bil ki qəbrə getdim.
***
Ölçüyə gəlməz ki eşqim-
Ha ölç, sən de, faydası yox.
Sərhəd boyu nişansızdı-
Yeddi qatda, qaydası yox.
Yeddisi də özünküdü-
Yazan odur, bəyan odur.
Bəşər özü məəttəldir-
Cızan odur, həyan odur.
Dəyişməyən hecaların-
Arasında vergül gəzdim.
Məna-məna, açmaq üçün-
Açılmayan bir gül çözdüm.
Yaşamağa ümidimdir-
İndi açsa,tək qalaram.
Unutduğum adamlar da-
Gəlsə sənsiz, həkk qılaram.
***
Sonunda yandırar neçə ürəyi-
Sevgini kül edən, ayrılıq adım.
Bu dünya, o dünya, nə fərqi var ki?!-
Sevinim şəninə, həzzindən dadım.
İçirər ağunu, şirin adıyla-
Yanmaz acısına, dartar, aparar.
Gözlə görmədiyin,qəlblərə baxsan-
Haqsızsan deyərək, səni qoparar.
Tale nə etsin ki, yaradan da nə?-
Açırsan sərhəddi,dünya boyunca.
Vəfa qılmadığın, sözə, duyğuya-
Yaşat öz haqqını, gözlər doyunca.
Heykələ, ordenə, həvəs ölçmə gəl-
Yatır həvəsini, sevgidən başla.
Ömrünə girənlər qəm, kədərdisə-
Çıxar göz önünə, güzgüdən başla.
***
Eşqi görən qəlb gözüdür-
Şah damardan yaxındasan.
Sevgi deyil, məhəbbətdir-
Unutma sən, axındasan.
Hissə-hissə, damcı-damcı-
Sınağından, düz keçmisən.
Mövla özü, eşq adlıdır-
Doğrulardan göz seçmisən.
İllərini xərcləmisən-
Almaq üçün, eşq dadını.
Yetişəssən niyyətinə-
Çağıranda "Haqq"adını.
Müsafirsən, çatmamısan-
Yolun üstə mələklər var.
Yetmək nədir bilirsənsə-
Nakam olan, diləklər var.
Əməllərim apararsa-
Çataram tez ünvanıma.
Ərz edirəm Uca Allah-
Apar məni, öz yanına.
***
İlahi,
dünyadan köçməyim gəlib-
Sanıram o dünya, gül bağçasıdır.
Güllərin içində yaşamaq üçün-
Sınaqdır bu dünyam, qəm boxçasıdır.
İllərdi yetişir sinəmin üstə-
Ağrıdır acısı, dözümsüz olur.
Sevgidən sevgiyə addım atanda-
Baxış var gözümdə, gözümsüz qalır.
Gözləyən gözlərim yanır halıma-
Çoxdandır yaz fəsli başlayıb, gedim.
Şeytanı qovublar, şeytan rədd olub-
Yollarım açıqdır, bir xəyal edim.
Vəsf edən gözümdə nələr yoxdu ki-
Quru ağaclar da yaşıl görünür.
İnsanlar düşəndə, cənnət yoluna-
Addımlar iz salır, eşqə bürünür.
***
Təbiət verdiyi gözəlliklərin-
İçində yaşamaq, ən gözəl hissdir.
Əzəldən qaydalar belə yazılmış-
Keçinə bilməyən deyir ki pisdir.
Səmimi duyğular, bənd olar onda-
Sadəlik kökündən süzülər gələr.
Kimin ki qanında təkəbbür var a-
Bilin ki o insan əzilər, ölər.
Hər bir fərd içində, dünya yaşadır-
Özü də dünyanın dinc sakinidir.
Dəyəni, əyəni, söz deyəni yox-
Büsbütün aləmin, gənc sakinidir.
Həyatda ömrünü fərsiz sürənlər-
Ədalət acısı çəkər deyərlər.
Xəyanət toxumun torpağ cücərtməz-
İnsanlar cücərdər,əkər deyərlər.
“Ədəbiyyat və incəsənət”
(05.08.2024)
GƏNCƏ DÖVLƏT FİLARMONİYASINDAN XƏBƏRLƏR – Bu dəfə Mobil Əhmədovun xatirəsi yad ediləcək
Sentyabrın 10-da, saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının birgə təşkilatçılığı ilə "Gəncə və gəncəlilər" layihəsi çərçivəsində ecazkar, məlahətli səsi, yüksək səhnə mədəniyyəti, həssas obraz duyumu ilə qəlblərdə yaşayan, Xalq artisti, professor Mobil Əhmədovun anadan olmasının 93-cü ildönümünə həsr olunmuş konsert proqramı keçiriləcək.
“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyanın mətbuat xidmətindən verilən məlumata görə, konsert proqramında Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solistlərinin ifasında sənətkarın repertuarından mahnılar, operettalardan ariyalar səsləndiriləcək.
Biletləri filarmoniyanın kassasından və iticket.az saytından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(05.08.2024)
RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi
“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..
Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.
Bunları deyib Sənubər başını yellədi. Bunun səbəbini başa düşməsəm də, heç nə soruşmadım. Bir qədər fikrə gedib davam etdi.
- Sonra oğlumu dünyaya gətirdim. Xoşbəxtlikdən uşaq atasına yox, mənə daha çox oxşayırdı. Qərarım qəti idi, ona atasının adını verəcəkdim. Onda Fərmana daha bir yalan uydurmalı oldum. Çoxdan rəhmətə getmiş dayımın adını uşağa vermək istədiyimi dedim ona. Heç bir sözümü çevirməyən Fərman buna da yox demədi. Kartinqə olan həvəsim ölməmişdi. Ağanın altı yaşı olanda bu idman növünə yazdırıb onunla məşqlərə getməyə başladım. Hərdən özüm də həvəslənib o maşınlardan sürür, köhnə günləri yada salırdım. Balaca Ağa da zamanla yaxşı uğurlar qazanmağa başladı. Görünür bu genlə gələn bir şeydi. Atası kimi yaxşı pilot olmuşdu. Bir neçə yarışda birinci yeri tutmuşdu. Təxminən yeddi il əvvəl isə İmranla üz-üzə gəlməli oldum. Ev telefonunun xəttində nasazlıq yaranmışdı. Fərman ATS-ə zəng vurub usta çağırmışdı. Qapı açılıb içəri girən ustanı görəndə yerimdə donub qaldım. Gələn usta İmran idi. Göz-gözə gələndə o da bir anlıq özünü itirdi. Amma özünü ələ alıb işini görüb getdi. Yaşadığım ünvanı öyrənməsi bir yana, pis olan o idi ki, onun yanında Fərman mənə Sənubər deyə müraciət etdi, uşağı da adı ilə çağırdı. İşini görən İmrana altdan-altdan fikir verirdim. Ağamirzə adını eşidəndə bir anlıq əl saxladı. Şübhəm qalmamışdı, o, hər şeyi başa düşmüşdü.
Ruhanə kofe gətirsə də, bayaqdan toxunmamışdı. Növbəti dəfə nəfəsini dərib soyumuş kofedən bir qurtum içdi. Sonra üzünü mənə tutub dedi:
-Bunları heç vaxt heç kimə danışmayacağımı düşünürdüm. Ancaq bilmirəm niyə hər şeyi belə təfərrüatı ilə sizə danışdım. Bu yük, düz, on beş il ürəyimdə daş kimi asılıb qalmışdı. Siz bunları danışdığım ilk adam oldunuz. Sağ olun ki, həyat yoldaşının gözlərinin içinə baxanda hər dəfə vicdan əzabı çəkən, bir vaxtlar ona «Ruh» deyilərkən sevinən, indi isə bir ruh kimi yaşayan bu bədbəxt qadının hekayəsini səbrlə, sözünü kəsmədən dinlədiniz. İndi verdiyiniz sualları cavablandırmağın vaxtı çatıb. Qulaq asın, deyim. Ayın on biri evə zəng gəldi. İmran idi. Üzbəüz vacib sözü olduğunu dedi. Çox narahat qaldım. Onu evə buraxa bilməzdim. Fərman işdə, uşaq isə dərsdə olsa da, kiminsə görməsindən qorxdum. Çox vacib olduğunu deyib təkid etdi. İcazə verdim, amma tez getməsini xahiş etdim. Gəldi, Ağanın azadlığa çıxdığını, vacib bir məsələ üçün məni görüşə çağırdığını dedi. Görüş üçün elə yer seçmişdi ki, özüm heç vaxt oranı tapa bilməzdim. Ona görə də İmranı göndərmişdi. Bu sözləri deyib evdən çıxan İmran məni bir qədər aralıda gözləyirdi. Təcili geyinib aşağı düşdüm. O məni həmin yerə qədər ötürüb çıxıb getdi. Dolanbac bir məhəllədə uçuq-sökük bir həyət idi getdiyimiz yer. Oraya qarışıq hisslərlə getmişdim. Bəlkə də Ağanın sadəcə məni görmək istədiyini fikirləşirdim gedərkən. Amma dediklərini eşidəndə damarlarımda qanım dondu. İyirmi beş min manata ehtiyacı olduğunu dedi. Üç gün vaxt verdi mənə. Ayın on üçü pulları hazırlayıb ona çatdırmalıydım. Yoxsa uşağın əsl atası olduğunu Fərmana deyəcəyi ilə hədələyirdi məni. İnsan necə dəyişərmiş. Onsuz da əvvəlki yaraşıqlı Ağadan bir əlamət qalmamışdı. Həbsxana onun vücudunda da, simasında da öz izini qoymuşdu. Cavanlıqdakı şux qaməti əyilmiş, üzünün rəngi bozarmışdı. Amma özü də tam bir başqa adam olmuşdu. Sanki qarşısındakı vaxtilə dəli kimi sevib «ruhum» dediyi qadın deyildi. Aşkar şantaj edirdi məni. Bu qədər pulumun olmadığını dedim. Əlimdə cəmi altı min manat vardı. Onu təklif etdim. Azdır dedi. Yenə də qumarda uduzubmuş. Vaxtında çatdırmasa, aqibətinin pis olacağını deyib getdi. Hə, bir də ki, getməmişdən qabaq uşağı görmək istədiyini dedi. Dərsdə olur, sonra məşqə gedir dedim. Oxuduğu liseyin ünvanını istədi. Ünvanı əzbərdən bilmirdim. Liseyin adını desəm də, şəhərin çox dəyişdiyiyni deyib ünvanı istədi. Öyrənib deyəcəyimi dedim. İndi fikirləşirəm ki, oraya getsə belə, üzünü görmədiyi uşağını necə tanıyacaqdı? Deməli ünvanı istəməkdə nəsə məqsədi var imiş. Oradan çıxıb evə gəldim. Qorxmuşdum. Özümü fikirləşmirdim. On beş ildən sonra varlığı ilə nəfəs aldığı oğlunun başqa kişidən olduğunu bilsə, Fərmanın ürəyi buna dözməzdi. Nə qədər fikirləşdimsə, çıxış yolu tapmadım. Deyilən vaxtda zəng vurdu. Pul tapmadığımı biləndə bərk əsəbiləşdi. Gəlirəm dedi. Çarəm yox idi, səs-küy salmasından qorxub biabır olmamaqçün aşağıdan zəng vuran mühafizəçiyə onu buraxmasını dedim. Gəldi. İçəri girən kimi yenə hədələməyə başladı. Uduzduğu adamlar kimdirsə onlardan çox qorxduğu hiss olunurdu. Bu qədər nağd pulu Fərmandan nə adla istəyə bilərdim? Bunu ona başa salmağa çalışsam da, xeyri olmadı. Sonra bir qədər sakitləşib təzədən liseyin ünvanını, sonra isə su istədi. Ünvanı öyrənib kağıza yazmışdım, ona verdim. Suyu içəndən sonra stəkanı qaytaranda əlimdən tutub özünə tərəf çəkdi. Dartınıb əlindən çıxmaq istəyəndə sanki birdən dəliyə döndü. Dartıb əynimdəki paltarları cırdı. Sonra məni yerə, xalçanın üstünə yıxıb zorlamağa başladı. Qonşular eşidər deyə qışqıra da bilmirdim. Əllərimlə onun başına, çiyinlərinə nə qədər vursam da xeyri olmadı. Yorulub haldan düşdüm. Ancaq o dayanmaq bilmirdi. Daha müqavimət də göstərə bilmir, gözümü tavana zilləyib hərəkətsiz uzanmışdım. İkrah və nifrətdən başqa heç nə hiss etmirdim həmin vaxt. Məni yarım saata qədər zorladı. Üstümdən qalxıb axşama qədər vaxtım olduğunu deyib getdi. Uzun müddət uzandığım vəziyyətdə yerdə qaldım. Qalxa bilmirdim. Hər yerim ağrıyırdı. Bir təhər özümü toplayıb vanna otağına keçdim. Nə qədər yuyunsam da, mənə elə gəlirdi təmiz ola bilmirəm. Elə bil nəsə yuyulmayan çirkaba batmışdım. Özüm üçün hamıdan gizli qurub yaşadığım dünyam, xəyallarım bir anda məhv olub getmişdi. Özümü ələ alıb toparlanmağa çalışırdım. Bir azdan uşaq dərsdən gələcəkdi. Elə özümü sahmana salıb cırılmış paltarlarımı gizlətmişdim ki, Ağa gəlib çıxdı. Yeməyini yeyib otağına çəkildi. O murdar heç axşamı gözləməyib yenə zəng etdi. Pulu düzəldə bilməyəcəyimi başa düşdüyünü, qaçıb gizlənmək qərarı verdiyini dedi. Ancaq bir şərti var idi. Oğlunu görmək istəyirdi. Ona görə də dedi pulu onunla göndərim. Verəcəyim altı min manat guya pasport düzəltmək və ölkədən çıxmaq üçün lazım idi ona. Dediklərini edərəmsə, bir daha məni narahat etməyəcəyini dedi. Əvvəl razı olmadım. Daha ona inanmırdım. Ancaq Ağanın onun da oğlu olduğunu dönə - dönə deyib məni əmin etdi ki, uşağı görüb pulu götürüb gedəcək. Yenə də başqa çarəm qalmamışdı. Pulun haraya gətiriləcəyini başa salıb dəstəyi asdı. Dediyi yer liseydən evə gələn yolun üstündəki həyətlərdən biri idi. Onda başa düşdüm ki, liseyin ünvanını niyə istəyirmiş. Ancaq yenə də uşağı qaçıracağı ağlıma gəlmədi. Axşam oğlumla gizli söhbətim oldu. Tanışlarımdan birinin borc istədiyini deyib səhər hara çatdıracağını ona başa saldım. Söhbətin aramızda qalmasını tapşırdım. Pulu da axşamdan çantasına qoydum. Nə biləydim ki, doğma övladımı öz əlimlə hara göndərirəm. Səhəri gün uşaq evə gec gələndə narahat olmağa başladım. Ardınca zəng vurub uşağın qaçırıldığını deyəndə dəliyə döndüm. Necə bir səhv etdiyimi anladım. Ancaq gec idi. Səhv hərəkətlərimlə elə dərinə getmişdim ki, yenə də susmaqdan başqa çarəm yox idi. Polisə xəbər verməməyi tapşırmışdı zəng vuran. Əslində bu mənə verilən bir mesaj idi. Polisə məlumat verilməzsə, deyilən məbləğ çatarsa, uşağın sağ-salamat qaytarılacağına işarə idi bu. Daha doğrusu, hər şeyin belə olması üçün Fərmana təsir göstərməyimə eyham olunurdu. Mənim belə işlərdən başım çıxmır. Fikirləşirdim ki, uşağı qaçıran da, zəng edən də Ağamirzənin özüdür. Ona görə də telefon zəngindəki mətndən özümə belə nəticə çıxardım. Siz deyəndə ki, adətən adam oğurluğuna gedən tək getmir, yalnız onda məndə şübhələr baş qaldırdı. O vaxta qədər istənilən halda Ağamirzənin doğma oğluna heç bir zərər yetirməyəcəyinə əmin idim. Nə qədər dəyişilsə də, başqa adam olsa da, bu onun doğma oğludur.
Sənubər yenə söhbətinə fasilə verdi. Hövsələsiz görünürdü. Gülümsəyib dedim:
- Sənubər xanım, rahat siqaretinizi çəkə bilərsiniz.
Təəccüblə baxıb soruşdu:
- Siqaret çəkdiyimi nədən bildiniz?
- Nəinki çəkdiyinizi, hətta siqaretinizin harada olduğunu da bilirəm, - deyib əlimlə bayaqdan danışdıqca boylandığı servantın bağlı gözünə işarə etdim. Onun siqaret çəkənlərə xas cəhətlərini saymağı lazım bilmədim.
- Siz detektivlərdən nəsə gizlətmək çətin məsələdir.
Gəldiyim andan ilk dəfə yüngülcə gülümsəyib ayağa qalxdı. Bir azdan mentollu siqaretin tüstüsü otağı bürüdü. Dərindən vurduğu bir neçə qullabdan sonra dedi:
- Siz Allah üzrlü sayın. Fərman icazə verib. Hərdən axşamlar bir ya ikisini çəkirəm.
- Eybi yox, - dedim,-davam edək.
Yarıya qədər çəkdiyi siqareti söndürüb qaldığı yerdən davam etmək istəyəndə mənə zəng gəldi. Layiqə idi. Tez cavab verdim. Dediklərini dinləyəndə fikrə getdim. Orada qalıb gözləməsini tapşırdım. Sonra davam etməsi üçün başımla Sənubərə işarə verdim. O davam etdi:
- Fərmanla xeyli məsləhətləşdikdən sonra yekdil fikrə gəldik ki, tələbləri yerinə yetirək. Buna məsləhətləşmək də demək olmaz. Əslində, məlum səbəblərdən mən buna çox təkid etdim. Fərman da razılaşdı. Mən yoldaşımın maliyyə işləri ilə heç vaxt maraqlanmamışam. Ancaq təxmini bilirəm ki, tələb olunan iki yüz min manat onun bir ya iki aylıq qazancıdır. Buna görə uşağı riskə atmağa dəyməzdi. Həm də bu halda mənim sirrim sirr olaraq qalacaqdı. Ancaq birdən nə baş verdisə, Fərman fikrini dəyişdi. Özü dediyi kimi, nəsə bir hiss onu narahat etməyə başladı. Nə qədər dilə tutmağa çalışsam da, dedi ki, yox, onlar uşağı mənə qaytarmayacaqlar. Həmin vaxt sizə dediyim səbəblərdən bunun əksinə əmin olsam da, onu fikrindən daşındıra bilmədim. Axı nə deyəydim? İndi başa düşürəm ki, o, haqlı imiş. Sonra birdən siz yadına düşdünüz. Daha doğrusu, professor dostu Ənvər Seyidbəyli. Haqqınızda ondan eşidibmiş. Gecə ilə Ənvərə zəng elədi, nömrənizi istədi. Bundan sonrasını bilirsiniz.
Sənubər söhbətini bitirib mənə baxdı.
“Ədəbiyyat və incəsənət”
(05.08.2024)
“Mənim atam qəhrəmandır” layihəsi şəhid övladlarına növbəti bayram yaşatdı
Könül, “Ədəbiyyat və incəsənət”
Həftəsonu şəhid övladları üçün əsl bayrama çevrildi. Heydər Əliyev Mərkəzində və Hyatt Recensi oteli ərazisində, eləcə də paytaxt küçələri boyunca uşaqlar bol gəzdilər, əyləndilər, qidalandılar, hədiyyə aldılar.
Avqustun 2-də Fire Land Production şirkətinin təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Turizm Agentliyi, Hyatt Regency oteli və AzFit şirkətinin təşkilati dəstəyi ilə təşkil olunan tədbirə Azərbaycanın regionlarından 200 nəfərdən çox şəhid uşağı təşrif buyurmuşdu.
Bayram Heydər Əliyev Mərkəzində saat 11-də başladı. Burada tanınmış aparıcı Elvin Mərdanov şəhid ailələrini Mərkəzin əməkdaşları adından salamladı, onlar üçün ekskursiya təşkil edildi. Mərkəzin əməkdaşları Azərbaycanın ümummilli lideri Heydər Əliyevin şərəfli həyat yolunu, zəngin irsini və ölkə qarşısında çoxsaylı xidmətlərini əks etdirən ekspozisiya və fotostendləri nümayiş etdirdilər. Sonra dəvət olunmuş animatorlar uşaqları əyləndirdilər.
Daha sonra DİN əməkdaşları tərəfindən müşayiət olunan xüsusi avtobuslarla uşaqlar şəhər ekskursiyasına çıxdılar.
Sonra, planlaşdırıldığı kimi, tədbir Hyatt Regency-də hovuz kənarında əyləncə, bayram süfrəsi və böyük konsertlə davam etdi.
Üçüncü dəfə Hyatt Regency-də keçirilən bu tədbir hər dəfə xüsusilə cəlbedicidir. Şəhid uşaqlarının əhatəsində hovuz kənarında keçirilən gün bir çox unudulmaz anlarla yadda qaldı və düz axşam saat 11-ədək davam etdi.
Tədbirin qonaqları sırasında dövlət və hökumət rəsmiləri, ziyalılar, qazilər, şəhid anaları, media təmsilçilərinə rast gəlinirdi.
Tədbirin rəsmi hissəsi “Mənim Şuşam" xorunun ifasında Azərbaycan himninin ifası ilə başladı. Bütün iştirakçılar, o cümlədən tədbir qəhrəmanı olan uşaqlar da himni oxudular.
Sonra tədbirin aparıcısı, tanınmış aparıcı Lalə Azərtaş sözü qonaqlara verdi, Mədəniyyət Nazirliyinin nümayəndəsi Cahangir Səlimxanov, Müdafiə Nazirliyinin nümayəndəsi polkovnik Həbib Məmmədov, APA media qrupunun rəhbəri Vüsalə Mahirqızı və Fire Land Production-un rəhbəri Cəlal Qurbanov çıxış edərək şəhidlərin övladlarına ürək sözlərini və ən xoş arzularını çatdırıdılar.
Tədbirin təşkilatçısı, şəhid övladlarının ən yaxın dostu Cəlal Qurbanov söylədi:
“Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır " layihələri bizləri bir ailədə birləşdirib, onun əsasında Vətənə sevgi, şəhid uşaqlarına diqqət və qayğı, şəhidlərimizin varisləri qarşısında məsuliyyət dayanır. Vətənimizin hər bir bölgəsində şəhidlər vardır ki, Vətən uğrunda canlarını fəda etmişlər. Biz onları hərarət, sevgi və diqqətlə əhatə etməli, tək olmadıqlarını və tək olmayacaqlarını, həmişə yanlarında olacağını bildirməliyik. Vətən sevgisi "Mənim atam qəhrəmandır" və “Mənim oğlum qəhrəmandır" layihələrinin iştirakçılarını birləşdirir. Həyatını qurban verənlərə verdiyimiz sevgi, onlara olan borcumuzdur. Biz yaralı ürəklər üçün şəfa olmalıyıq. Bu insanlar qürurlu və şərəfli bir ad daşıyırlar. Onlar üçün etdiyimiz işlər Prezident İlham Əliyevin "şəhidlərin əzizlərinə xidmət etmək hər bir azərbaycanlının borcudur" sözləri qarşısında öhdəliyimizdir. Şəhidlərimizə layiq olmağın yeganə yolu bu torpaqda onların miraslarını sülh, sevgi və mərhəmət hissi ilə ucaltmaqdır. Kədər, sevinc və xoşbəxtliyi biz onlarla birgə paylaşdıq və paylaşacağıq."
İkinci Qarabağ müharibəsi veteranları Polad Rzayev, Kamran Baxışzadə, Sabir Dünyamalıyev, İntiqam Əkbərov öz xatirələrini bölüşdülər, şəhid uşaqlarına öz şanlı yolları barədə məlumat verdilər.
Daha sonra tədbirin musiqi hissəsinə start verildi. Tədbirdə müğənnilər Azad Şabanov, Nadir Rüstəmli, Murad Arif, Mirələm Mirələmov, Zamiq Hüseynov və “Mənim Şuşam"xorunun kollektivi hər kəsə xoş anlar bəxş etdi.
Xüsusən Zamiqin ifasında Cəlal Qurbanovun bəstələdiyi “Mənim atam qəhrəmandır” mahnısı böyük coşqu yaratdı.
Tədbir günü 29 şəhid övladı öz ad gününü qeyd edirdi. Tədbirin təşkilatçıları bu günü onlar üçün yaddaqalan etdilər. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və millət vəkili Ülvi Quliyev şəhid uşaqlarını ad günü münasibətilə təbrik edib onlara hədiyyələr təqdim etdilər.
Ad günü olanlar öz tort şamlarını üfürdülər, yallı getdilər.
Tədbiri yekunlaşdıran Cəlal Qurbanov Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərova, Daxili İşlər, Müdafiə və Mədəniyyət nazirliklərinin, Dövlət Turizm Agentliyinin əməkdaşlarına, eləcə də musiqiçilərə şəhid ailələrinə daim diqqət, qayğı və hörmət göstərdiklərinə görə təşəkkürünü bildirdi.
Qeyd edək ki, son 4 ildə "Mənim atam qəhrəmandır" və "Mənim oğlum qəhrəmandır" layihələri çərçivəsində Hyatt Recensi oteli ilə yanaşı Şuşa şəhəri dövlət qoruğun, Dreamland Qolf Klubu, "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, Heydər Əliyev Mərkəzi, "Şahdağ" İstirahət Mərkəzi və s.kimi yerlərdə 50-dən çox tədbir keçirilib. Bu tədbirlərə 3000-ə yaxın şəhid övladı dəvət olunub.
Bizə isə sonda şəhid analarını və şəhid övladlarını bunca diqqət və qayğı ilə əhatələyən Cəlal Qurbanova “çox sağ ol” demək qalır.
“Ədəbiyyat və incəsənət”
(05.08.2024)
POETİK QİRAƏTdə Əlizadə Nuridən “Göyərçin ovcuyam mən...”
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətin daimi müəllifi Əlizadə Nuri yenidən sizlərlə görüşür. Bu dəfə o, “Göyərçin ovcuyam mən...” söyləyir.
Bu dünyadı, kahadı?
Şah olmur hər şah adı.
Bu sədəf nə bahadı-
Yoxsa sən sədəfdəsən?!
Mükəmməldir, deyilmi?
Xoş mütaliələr!
Göyərçin ovcuyam mən...
Hər axşam şam oluram,
Əriyib...tam oluram.
Səndə tamam oluram-
Günəm, sən də həftəsən.
Eşq -şirin əzab kimi,
Bitməyən hesab kimi...
Ən yaxşı kitab kimi
Canımdakı rəfdəsən.
Sən yolsan, yolçuyam mən,
Göyərçin ovcuyam mən...
Yüz ildir ovçuyam mən-
Yüz ildir hədəfdəsən...
Qəmi sevdim, həm səni,
Yetişdin dərəm səni?
Düşüb gəzmirəm səni-
Sən ki hər tərəfdəsən.
Bu dünyadı, kahadı?
Şah olmur hər şah adı.
Bu sədəf nə bahadı-
Yoxsa sən sədəfdəsən?!
“Ədəbiyyat və incəsənət”
(05.08.2024)
O sözü dırnağa alın…
Əkbər QOŞALI, “Ədəbiyyat və incəsənət” üçün
Keçmiş işğalçı Ermənistandan iki xəbər yayılıb:
1) Qarabağ terrorçularının sonuncu “komandan”ı Kamo Vardanyana Ermənistanda yüksək vəzifə verilib. - Çiyninə deyəsən, general-leytenant rütbəsi vuran Kamo, Ermənistan Müdafiə nazirinin müşaviri təyin edilib;
2) “Rusiya sərhədçilərini Zvartnots hava limanından ona görə çıxarıblar ki, onlar Ermənistan Respublikasına hansı kalibrli zabit və Qərb xüsusi xidmət orqanlarının əməkdaşlarının daxil olduğunu, ölkəyə hansı mallar, hansı texnika, hansı xüsusi vasitələr gətirildiyini bilməsinlər” (politoloq Alen Gevondyan). -
Hər iki xəbər erməni mediasında yer alıb. Düşündürücüdür - necə deyərlər, yaşamaq haqqı olan xəbərlərdir. Nə üçün?
Birinci xəbərdən başlayaq:
Kamo Vardanyan özü xəbəri təsdiqləyib.
Bəs, terrorçuluqda, separatizmdə “komandan” sifəti ilə iştirak edən və (haqq etdikləri) acınacaqlı məğlubiyyətdə pay sahibi olan birisi nə deyə elə yüksək vəzifəyə gətirilir?
Bu, barışcıl siyasətəmi dəlalət edir, yoxsa, əvəzçıxma cəhdlərinəmi? - Sual ritorikdir, əlbəttə; əlbəttə, Ermənistan hökuməti səmimi olaraq barış istəyirsə, Vardanyan kimilərini tutuqlamalı - bunu etmirsə, ən azından üzə çıxartmamalı, belə yaramazlara vəzifə verməməlidir. Bu, o qədər sadə həqiqətdir, üzərində baş sındırmağa gərək də yoxdur. Anayasasını dəyişməli olan erməni başbilənləri, bizimçün yeni bir Vardanyan hoqqası çıxarmamalıdır hər halda. Hər halda o biri Vardanyanın - milyarder Rubenin indi harda olduğunu bilməyən erməni yoxdur. Məncə, çox anrı-bəri vurnuxsa, Kamonun da aqibəti familyadaşının aqibətindən fərqlənməz, o da sosial, siyasi, hərbi və s. baxımdan Yoxdanyan ola bilər. - O birisinə inanmayanlar qoy buna da inanmasın…
Gün doğmadan nələr doğar…
İkinci mövzuya gəldikdə isə…
“Əşşi, bir politoloq bir söz deyib, ona istinad etməyə dəyməz” deyib keçməyəlim. Onsuz da, Zvartnos üzərindən daşımalar nə zaman düz-əməlli dayanıb?.. Üstəlik, uzun illər boyu Ermənistanın əsas güvənc yerlərindən olmuş rəsmi Tehranda indi havalar dəyişir, Rəisi-Cümhur Pezeşkianın öncəkilərin etdiklərini eynən təkrarlamayacağı aydındır. Yəni artıq Ermənistana quru yolla silah-sursat daşımaq öncəki dönəmlərdəki kimi güncəl olmayacaq. Gürcüstan da bu mövzuda Ermənistanın rəyi, istəyi ilə oturub-durası deyil; Türkiyə və Azərbaycanın durumu, tutumu bəsbəlli! Bax, ona görə də, Zvartnos (və bəlkə digər hava limanları) ermənilərçün əsas silahdaşıma limanı rolu oynamaqdadır. Ermənilərçün öncə Rusiyadan silah daşınırdısa, rus sərhədçiləri Zvartnosdaydısa, bu dəfə Gündoğardan (Hindistan), Günbatardan - hardan alınırsa - Zvartnosa hərbi təyinatlı yüklər və yük adamlar axın etməzmi ola?.. Onlara ha rus baxsın ha fransız, ingilis yaxud da erməni özü? - mahiyyət (mahiyyətsizlik!) dəyişmir. Alen Gevondyan düz deyir; ancaq Ermənistan hökuməti düz eləmir.
Bizim bəzi ağzıgöyçək, dili çirkinimiz də, Paşinyanın qatı sülhpərvər olduğunu, mümkün barışın məhz bizim təqsirimiz üzündən (haşa!) baş tutmadığını deyirdi. Qatı yox ey, bağışlayın məni, heç qatıq siyasətçi də Yoxdanyanlara bel bağlamamalı, onları irəli çəkməməlidir... Elə deyilmi?
Əziz oxucu, lütfən, siz də Paşinyanın adı önündə “Qatı sülhpərvər” yaraşdırması görsəniz, dırnağa alın…
Deyirəm, bir hökumət, bir dövlət nə qədər quruçanaqlıq edər? Bir dövlətin başında neçə çanaq çatlayar?..
Bir başa Dəmir Yumruq neçə dəfə birbaşa təmas etməlidir?..
“Azərbaycanın başı seçkilərə, ardınca COP29-a qarışmışkən görək neynəyə bilirik”? - Bəlkə, öz ağıllarınca belə düşünürlər? Ay sizi, “çoxbilmişlər”…
Deyirəm axı, birini bilirsiz, birini bilmirsiz…
DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!
Şəkildə: söhbət bu nadürüstdən gedir, Kamo Vardanyan budur.
“Ədəbiyyat və incəsənət”
(03.08.2024)