
Super User
“EZOP DİLİ” - Yunus Oğuz, “Ordan-burdan” silsiləsindən felyetonu
“Ədəbiyyat və incəsənət” portalı yazıçı Yunus Oğuzun “Ordan-burdan” silsiləsindən “Ezop dili” felyetonunu təqdim edir.
Ezop dili çox dərindir, altında qatlar, dərin mənalar var, ya da heyvanların, quşların dililə fikrini çatdırırsan, atmacalar da öz yerində. Belə baxanda bizim atalar sözləri Ezop dilindən çox qədimdir, amma yiyəmiz olmadığı üçün Ezop qabağa düşüb. Vallah, bizdə elə sözlər var ki, Ezopu arxada qoyub, ondan daha böyük mənalarla öndə gedər. Məsələn, biri o birinə deyir ki, eşşək boyunu yerə soxum. Lakonik, sərrast, həm də çox mənalı. Yəni qanmazsan, gönün qalındı, nə desəm də, heç nə başa düşməyəcəksən, öz bildiyini eləyəcəksən. Yaxud, biri o birinə deyir: "Ə, mən sənin tayınam? Get anqır, tayını tap." Hə, bax belə. Adam qarşısındakı insanı eşşək elədi, bir. İkincisi, cəmiyyəti böldü təbəqələrə, varlı və kasıblara. Üçüncüsü, cəmiyyət bölündü danışan heyvanlara və insanlara. Sən demə, pulun varsa, düz eşşəklikdən insanlığa qalxa bilərsən və cəmiyyət də bunu qəbul edəcək, hətta balta atsan belə. Balta da Ezop dilidir. Bə, nə bilmişdiniz? Balta o adama atılmadı, cəmiyyətə atıldı. Cəmiyyət də baltanın sapını çıxardandan sonra, onu atan gördü ki, daha bu balta olmadı, qayıtdı əvvəlki yerinə. Yaxud, daha bir atalar sözü: "İki eşşəyin arpasını bölə bilmir". Görün nə qədər mənalı, dərin qatlı, hikmətli bir sözdür. Adam nə qədər savadsız ola ki, iki eşşəyin arpasını bölə bilməyə. Niyə? Deməli, təhsilimiz düz deyil, şagirdlərə vurmanı, bölməni, çıxmanı, üstəgəli öyrətmir. Bəs onda müəllimlər nəyi öyrədib maaş kağızına qol çəkirlər? İki eşşəyin arpası gəlib çıxdı cəmiyyətimizin problemlərinin üstünə. Burdan o yana məntiqi düzüb qoşmaq bir addımlıq işdir. Nə isə... Ezop dilli atalar sözlərimiz çoxdur, nə qədər istəsən, kitablar yazmaq olar. Birini də deyim keçək o biri məsələlərə. El arasında bir söz var, sözü yerində deməyəndə, peşimançılıq çəkəndə deyir: "Gətir bağla dilimə". Bunun kökü Molla Nəsrəddindən gəlir. Bir gün Molla darvazasının qabağında durub, gəlib-gedənə salam verir. Görür ki, bir atlı keçir. Dərhal ona salam verir və deyir ki, gəl, qonağım ol. Atlı da etmə tənbəllik atdan düşür. Baxır ki, atın yüyənini bağlamağa yer yoxdur. Soruşur ki, ay qardaş, bəs atı hara bağlayım? Nəsrəddin baxır ki, atlı zarafat eləyənə oxşamır. Dediyinə peşiman olur, amma cavabını da verməlidir ki, çıxıb getsin. Deyir: "Gətir bağla dilimə". Ezop dili belə olar, e!..
Ezop dili dövrümüzdə çox sahələrə sirayət edib, məsələn, siyasi Ezop dili, iqtisadi, jurnalistika, ekologiya, sosial və sairə, və sairə, hətta təhdid Ezop dili var.
Bu TV-lərdə, radiolarda bir də eşidirsən ki, indi də "keçid alırıq" deyir. Bah, yox əşşi, metro alırıq. Ay kişi, sən keçid alansan, nə demək istəyirsən? Hayqırıb demək istəyirsən ki, mənə də bir obyektdən, zaddan verin, başımı girələyim. Yoxsa, keçid alırıq nədir? Keçi alırıq desəydin, ondan yaxşıdır. Demək olmaz ki, keçirik başqa bir mövzuya. Olmaz, çünki Ezop dililə ismarıcını göndərir. Hələ, o biri jurnalistə bax, deyir ki, "bu arada" bir kitab oxudum. Adam aranı düz yüz səksən gün uzadır. Belə ara olur? Özünün Ezop dilindən istifadə edib cəmiyyətə çatdırmaq istəyir ki, guya mütaliə etməyi sevirəm, ziyalıyam, mənimlə yaxşı rəftar edin. Zamanında deyir ki, kitabı nə vaxt oxuyub. Ay canım, gözüm, "bu arada" sözü paralel olaraq proses gedir. Sən isə bunu altı ay saqqız kimi uzadırsan. Di, keç.
Yadıma Parisdə güllə atan Yusif Dikeş düşdü. İsmarıcı belə verərlər, e.., hətta İlon Mask İstanbula gəlib onunla görüşmək istəyir.
Hələ sairlərimizə baxın. Biri şeirin adını belə qoyub: "Gedirəm". Ə, hara gedirsən, niyə gedirsən? Ezop dilində kimə ismarıc göndərirsən, Allaha, yoxsa cəmiyyətə? Bu dildə danışan ən çox şairlərdir. O gün birisi, sosial şəbəkədə guya şeir deyir: "Sənə verərəm, sənə verərəm. Əcəb eyləyərəm". Di gəl baş çıxart, nə demək istəyir? Özün korlanmısan cəhənnəm, bəs bu cavanları niyə yoldan çıxardırsan? Sən bu yaşda verəndə, bəs bunlar niyə verməsin? Bir sözlə alt qatda belə məna formalaşır ki, hamı elə ondandır... Hələ bəzi müğənnilər elə geyinirlər ki, heç ora Ezopun dili gərək deyil. Adama uzaqdan deyir ki, gəl... gəl...
Həcidən-zaddan da olmadıq.
Başqa birisi də Anardan nəsə qopartmaq istəyirsə, əvvəl tənqid edir, sonra işi düzələrsə, tərifləyir.
Milli mətbuat günü münasibətilə redaksiyamıza bir nazirlik təbrik hədiyyəsi göndərib. İçində nə olsa yaxşıdır; açar breloku, qələm, bloknot, uşaq termosu. Nə demək istəyirdilər, sonra başa düşdüm. Heç "Bir qalanın sirri"ndəki Eldostu həkim belə qəliz danışmamışdı. Yadınızda olar, filmdə qutunun içində sim, nar və qanlı daş vardı. El ağsaqqalları belə nəticəyə gəldilər ki, bəs, Simnar xan onu Qanlı Qalaya aparıb. Mən də bu hədiyyənin sirrini açdım. Qələm-müxbir, bloknot-kağız, yəni get yazını yaz, sən hələ uşaqsan-uşaq termosu - arada da qəhvəni, cayını iç. Qaldı breloka, hə, bu da o deməkdir ki, yazını yaz, amma, çaşma, açarları da itirmə.
Bu zibilliyin də Ezop dili var. Şəhəri vaxtlı-vaxtında zibilyığanlar təmizləyirlər. Təkcə gözəgörünən zibili yığmırlar. Şəhərdə xüsusi adamlar var ki, gözəgörünməz zibildən təmizləyirlər. Biri vəzifəyə gəlir, o birinin zibilini örtür, bəs üstünü açma, üfunət aləmi basar. O de Mətbuat prospektində zibilin üstü açılııb. Sən demə bu prospektdə kanalizasiya lyuku varmış. Hacıbala müəllimin vaxtında bu lyukların üstünü örtüblər. Yağış da yağanda prospekt gölə çevrilirdi. İndi COP-29-la bağlı gedən təmirdə asfaltın üst təbəqəsini götürəndə, bu lyuklar göbələk kimi üzə çıxıblar. Adamdan soruşarlar ki, bu lyukların üstünü niyə bağlamışdınız? O qədər alt qatlı mənalar var ki, fikirləşəndə adamın əti ürpəşir.
Qəzet almağa gedəndə görürəm ki, "Ləziz"in qarşısını hər gün 300-400 litr su işlətməklə meydançanı yuyurlar. Elə fikirləşməyin ki, bunu texniki su ilə edirlər. Ay, hay... Bizdə texniki suyun borularını kəsib armatura çeviriblər. Çəmənliyi də, ağacları da, maşınları da, meydançaları da içməli su ilə yuyurlar. Özü də oralarda su fasiləsiz gəlir. Əhaliyə isə fasilə ilə su verirlər. Hələ bir gün şıdırğı yağış yağan vaxt işçi çəmənliyə su verirdi.
Qadından soruşuram ki, suyu niyə israf eləyirsən, indi su uğrunda müharibə gedir. Nə cavab versə yaxşıdır, özü də Ezop dilində. Dənizin suyu azalıb, mən də dimdiyimdə suyun artmasına kömək edirəm. Di, gəl anla!
Ezop dilində danışan deputatxanaya verilən namizədlər məni daha çox güldürdü. Köhnə deputatların bəzilərindən soruşurlar ki, namizədliyini verirsən? O da müdrükcəsinə cavab verir ki, hələ fikirləşirəm. O birisi deyir ki, ailəm deputatlığımın əleyhinə çıxdı, nə bilim nə... O qədər bəhanə gətirdilər ki, adam istəyirdi ki, ayaq üstə durub onları alqışlasın. A kişilər, biri durub demədi ki, xeyir-duamı ala bilmədim. Kimdən? Yəqin xalqı nəzərdə tuturdular. Onlar onsuz da beş ildə Ezop dilində danışırdılar, elə bundan sonra da elə olacaqlar.
Hələ sən bax, İranın yeni prezidenti Pezişkianla necə Ezop dilində danışdılarsa, seçki ərəfəsi dediyi sözlərin, verdiyi vədlərin ətəyindən əl çəkib, haça-paça qaldı. Alt qat dilində İsmayılı öldürməklə başa saldılar ki, hətərən-pətərən danışma, yoxsa sən də Rəisinin gününə düşərsən. İndi, o bilmir neyləsin... Yanar ağzına əlini soxub, di gəl, əli də yanır. Di get, müharibəni elə. Elə bilirdin əsarətdən qurtulacaqsan.
Ümumiyyətlə, indi hamı Ezop dilində danışır. Mən də bu yazını Ezop dilində yazdım.
“Ədəbiyyat və incəsənət”
(06.08.2024)
Kişi gimnaziyasının etnik tərkibi – QƏRBİ AZƏRBAYCAN HƏQİQƏTLƏRİ
“Ədəbiyyat və incəsənət” portalı QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsində sizlər üçün Qərbi Azərbaycanla bağlı maraqlı faktları təqdim edir.
1.Qərbi Azərbaycan ərazisində (indiki Ermənistan) 60 növ faydalı qazıntı çıxarılır. Bunlar arasında Qara metallar (Fe,Mn, Cr), nadir metallar (Ti, Ni, w, Mo, Re), rəngli metallar (Cu, Pb, Al, Zn, Mg), qiymətli metallar (Au, Ag, Pt) vardır.
2.1832-ci il 14 yanvarda açılan İrəvan qəza məktəbi 1869-cu ildə progimnaziyaya, 31 mart 1881-ci ildən isə 5 sinifli gimnaziyaya çevrildi.
3.1881-ci ildə açılmış İrəvan kişi gimnaziyasının 216 şagirdi olmuş və gimnaziyanın direktoru Vladimir İosifoviç Brajnikov olmuşdur. Təbii ki, şagirdlər yerli sakinlərdən - azərbaycanlı və ruslardan ibarət olmuşdur.
“Ədəbiyyat və incəsənət”
(06.08.2024)
OXUCULARIMIZIN YARADICILIĞI – Coşqun Xəliloğlunun şeiri
“Ədəbiyyat və incəsənət” portalı Oxucularımızın yaradıcılığı rubrikasında sizlərə Azərbaycan Yazıçılar Birliyinin üzvüç Coşqun Xəloloğlunun şeirini təqdim edir.
ŞUŞAM, AZADSAN, AZAD.
Daha çəkmə qüssə, ah,
-Şuşam, azadsan, azad!
Güldü üzünə sabah,
-Şuşam, azadsan, azad!
Çıxdın ağır, “sərt qış”dan,
Qurtuldun, bəd qarğışdan,
Gündə yüz yol, alqışlan-
-Şuşam, azadsan, azad!
İncisən, başdan başa,
Hər qarışın tamaşa,
Arzum, - bəxtiyar yaşa,
-Şuşam, azadsan, azad!
Bax, sevinir Üzeyir,
Natəvan şeir deyir,
Cabbar nəğmə söyləyir,
-Şuşam, azadsan, azad!
Səs gəldi- Pənah xandan,
Nəvvabdan, Sadıqcandan:
-Daha olma nigaran,
-Şuşam, azadsan, azad!
Xarıbülbül sevincim,
Bulaqların bir incim,
Çox qədimim, lap gəncim,
-Şuşam, azadsan, azad!
Sən, musiqi məbədi,
Yaşa, yaşa əbədi,
Necə xoş təntənədi-
-Şuşam, azadsan, azad!
Sözüdür - igidlərin,
Mərd əsgər- zabitlərin,
Qəhrəman şəhidlərin,
-Şuşam, azadsan, azad!
Sevinir Dərbənd, Təbriz,
Zəfər çalıb ölkəmiz,
Diləyimiz tər-təmiz,
-Şuşam, azadsan, azad!
Hər dərdə var bir dərman,
Gerçəkləşdi çox güman,
Yetişdi gözəl zaman,
-Şuşam, azadsan, azad!
“Ədəbiyyat və incəsənət”
(06.08.2024)
RUH – Fəxrəddin Qasımoğlunun yeni detektivi
“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanını dərc edir..
Fəxrəddin Qasımoğlu dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.
Sənubər söhbətini bitirib mənə baxdı. Yəqin ki, indi yeni suallarımı verməyin növbəsi çatdığını başa düşürdü. Ona dincəlməsi üçün bir qədər vaxt verib saata baxdım. Saat 1 idi. Ruhanənin dediklərindən çox şey aydın olmuşdu. Ancaq bu hələ hər şeyin aydın olduğu demək deyildi. Deyilənləri dinlədikcə vaxt itirməmək üçün paralel olaraq bundan əvvəl öyrəndiklərimlə uzlaşdırırdım. Bu şəhərdə hər hansı konkret məkanı olmadığını öyrəndiyimiz Ağamirzədən fərqli olaraq Cahandar Mollayevin Novxanıda bağ evinin olduğunu müəyyən etmişdi Nadir. Daha doğrusu, adı bağ evi olsa da, özü daimi o evdə yaşayırdı. Ancaq bu hələ uşağın orda saxlanıldığının sübutu deyildi. Cinayətkar dəstənin başqa, bizə məlum olmayan məkanı varsa və mən tam əmin olmadan həmin bağ evini «basaramsa», hər şey puç ola bilərdi. Çünki bundan «Molla»nın xəbər tutması uşağın həyatının birbaşa təhlükəyə atılması anlamına gəlirdi. Bu halda o, izinə düşüldüyünü başa düşər və etdiyi cinayətinin ən böyük sübutu və şahidi olan uşağı düşünmədən aradan götürərdi. Ona görə də tələsmirdim. Ancaq uşağın o bağda ola biləcəyini təsdiqləyən təhlillərim də var idi. Şahid sevməyən «Molla» qaçırılmış uşağı ən etibar etdiyi adamın da qapısına aparmazdı gizlətmək üçün. O bu məsələni mütləq tam gizli saxlamağa üstünlük verərdi. Heç hər adam da kiminsə qaçırılmış uşağının evində saxlanılması kimi bir riskin altına girməyə razılıq verməzdi. Bu ehtimallar balaca Ağanın məhz Cahandarın bağında saxlanıldığı barədə fikirlərimi möhkəmlədirdi.
Məntiqlə əgər qaçırma planını Ağamirzə özü cızıb sonra da uşağı qaçırıb aparıb təkcə bir-iki gün saxlamaq üçün bağında Cahandara təhvil verəcəkdisə, bu halda o onun nəyinə lazım idi. Elə payız mövsümündə boş olan bağ evlərindən birini bir neçə günlük kirayələyib uşağı oraya gətirər, alacağı iki yüz min manata heç kimi şərik etməzdi. Yox, burada risk dərəcəsi eyni bölünüb. Planı cızan Ağamirzə uşağı lazım olan yerə gətirtməyi, polisə şikayət edilməcəyəcini və pulu almaq üçün özünün gedəcəyini boynuna götürüb. Uşağı gələcəyi yerdən qaçırmaq və xəlvət yerdə saxlamaq isə Cahandarın öhdəsinə düşüb. Buna çox əminəm. Belə bir bölgü olubsa da, burada üçüncü adama nə ehtiyac var idi ki? Az əvvəl Sənubərin danışdıqlarındakı bir məqam da bu ehtimalımı bərkitdi. Fərmanla telefonda danışan həqiqətən Ağamirzənin özü olub. Danışığın mətnini də düşünülmüş şəkildə hazırlayıb və Sənubərə onu aldatsa da, uşaq üçün təhlükə olmadığına eyham vurub. Məhz buna görə Sənubər bu söhbətimizə qədər elə də narahat deyildi. Bu ağıllı qadın ona göndərilən gizli mesajı yetərincə düz başa düşüb. Daha suallarımı verə bilərdim. Üzümü ona tutub soruşdum:
- Ağamirzə tutulanda siz hələ hamilə olduğunuzu bilmirdiz. Sonra da heç vaxt nə görüşməmisiz, nə də əlaqə saxlamamısız. Telefon xəttini təmir etməyə gələrkən İmranın uşağın adının Ağamirzə olduğunu eşitməsi də hələ onun Fərmandan olmamasını düşünməyə tam əsas vermir. Uşağı Fərmandan doğub keçmiş sevgilinizin adını ona verə bilərdiniz. Ağamirzə isə, uşağın atası olduğunu əminliklə bilib sizi bununla şantaj edib. Bu halda uşağın ondan olduğunu o necə bildi?
Sənubər başını bulayıb dedi:
- Məhkəmə zalından çıxaranda cəmi bir dəqiqəliyə ona yaxınlaşmağıma icazə verdilər. Onda qulağına pıçıldamışdım. Kaş ki, deməz olaydım.
Növbəti sualımı verdim:
- İmranın evini tanıyırdınız?
- Təxmini bilirdim ki, köhnə Yasamal bazarı ilə üzbəüz birotaqlı bina evində anası ilə yaşayırdı.
Bu məlumat işə yaramırdı. Bina evində kimisə gizlətmək çox riskli idi. Üstəlik də həmin həyətin lap yaxınlığında polis bölməsi yerləşirdi.
- Bir gün vaxt verərkən pulun gətiriləcəyi yeri dedi sizə?
- Yox, heç sual verməmiş özü dedi ki, dəqiq yeri görüşdən bir qədər əvvəl deyəcək.
Bu da başa düşülən idi. Görüş yerini son ana qədər gizli saxlamalı idilər. Onlara qarşı vaxt və məkan baxımından hər hansı qabaqlayıcı addımların atılması imkanlarını məhdudlaşdırırlar.
- Başqa tanıdığınız qohumları var idi?
- Onun ümumiyyətlə elə çox qohumu yox idi. Bayaq siz deyəndə sözünüzü kəsmədim. Bircə xalası, bir əmisi var idi. Xalası İmranın anasıdır. O vaxt ağır xəstə idi. Bəlkə də dünyasını dəyişib. Evin pulunun dalına keçən də yəqin ki, əmisi ya da əmisi uşaqlarıdır.
Bunları deyən Sənubər birdən - birə duruxub mənə baxdı. Sonra nəsə yadına salırmış kimi qaşların çatıb əlini siqaret qutusuna uzatdı. Siqaretini alışdırıb bir xeyli fikirləşəndən sonra dedi:
- Yadıma bir şey düşdü. Bəlkə də səhv edirəm. Amma ola bilər ki, işinizə yaradı. Ağamirzənin əmisindən danışanda birdən xatırladım bunu. Ağagilin Novxanıda bağ evi var idi.
- Dəqiq bilirsiniz ki, Novxanıda idi? - cəld soruşdum. Bu təsadüf idimi? Axı Cahandarın da bağı həmin bağ massivində yerləşirdi. Hər halda bu çox yaxşı məlumat idi.
- Bəli, dəqiq bilirəm. Axı özüm illər əvvəl orada olmuşam.
Bəs görəsən hər şeyi öyrənən Nadir bunu necə gözdən qaçırıb, yəqin bunun bir səbəbi var. Bəlkə də o səbəbi indi mənə Sənubər deyəcək. Hər halda onun söhbətini səbrlə dinləməyim bəhrəsini verməyə başlayır. Görək bu qadın daha başqa nə xatırlayacaq.
O davam etdi:
- Bəzi məqamları olduğu kimi danışdığıma görə məni bağışlayın. Ancaq özünüz söhbətin əvvəlində səmimi olmağımı istəmişdiniz. İlk dəfə dostunun evində yatağa girdikdən sonra bu fasilələrlə bir neçə dəfə də təkrarlandı. Onlardan birində dərsə girməməyimi tapşırdı. Görüşdük, məni Novxanıda bir bağa apardı. Atasının bağı olduğunu dedi. Bayaq siz deyəndə ki, onun bu şəhərdə gedəcək bir yeri yoxdur, fikirləşdim ki, onsuz da hər şeyi dəqiqləşdirib sonra buraya gəlmisiniz. Ağlıma gəldi yəqin o bağ da çoxdan kiməsə satılıb. Ancaq söhbət əmisindən düşəndə qəfildən onun dediyi bir söz yadıma düşdü. Bağ atasının olsa da, əmisinin adına sənədləşdirilmişdi. Bəli, o, dəqiq mənə belə demişdi. Deyəsən atası hansısa vəzifədə işləyirmiş, öz adına almağa ehtiyat eləyib, fəhlə qardaşının adına sənədləşdirib. Bilirsiz, o vaxtlar belə idi. Hə, sonra bir dəfə də getdik o bağa.
Aha, deməli belə. Əlbəttə, Nadir bunu öyrənə bilməzdi. O, sadəcə Ağamirzənin ailəsinə aid olan məlumatları dəqiqləşdirməyə imkan tapmışdı. Ehtimal edək ki, əgər o bağ doğrudan da hələ satılmayıbsa, Ağamirzə bağın əmisinin adına olduğuna arxayın olub rahatlıqla orada gizlənə bilər. Sənubəri də yaxşıca şantaj etdiyi üçün onun susacağına, xatırlayırsa belə, bağ haqqında heç nə deməyəcəyinə arxayındı. Bəlkə elə uşağı da orada gizlədir? Yooox, bu bayaqkı təhlillərimə uyğun gəlmir. Uşağı da ora aparacaqdısa, «Molla»nı bu işə qoşmağa bir lüzum qalmırdı. «Molla»nınsa bu işin içində olduğuna Layiqənin Novxanıdan etdiyi zəng zamanı verdiyi çox maraqlı bir məlumatdan sonra heç bir şübhəm qalmamışdı. Bu işi məhz düşündüyüm kimi, öz aralarında «vəzifə» bölgüsü etməklə aşırdıqlarına əminəm. Elə bu gecə o bağı yoxlamaq lazımdır. Ancaq, görəsən Sənubər illər əvvəl cəmi iki dəfə getdiyi bağın yerini xatırlayırmı?
Üzümü ona tutub soruşdum:
- Səhəri gözləyib bağın yerini dəqiqləşdirmək üçün vaxtımız yoxdur. Bu gecə oraya getsək, nəsə xatırlaya bilərsizmi?
Sənubər gözlərini qıyıb fikrə getdi. Xeyli fikirləşəndən sonra dedi:
- Bəzi şeylər yadımdadı. Dənizə düşən əsas yol bitəndə ortadakı kiçik dairədən sağa - sola yollar ayrılır. Biz o yola çatmamış, sonuncu döngənin yanında avtobusdan düşüb o döngəyə sağ tərəfə döndük. Təxminən iki yüz metr piyada getdikdən sonra bağa çatdıq. Darvazası divardan içəri tərəfə idi. Qarşısında bir maşınlıq yer var idi. Əsas yadımda qalan odu ki, divarın darvazaya dönən hissəsi adi divarlar kimi doxsan dərəcə bucaq altında yox, dairəvi hörülmüşdü. Mən onda ilk dəfə elə divar görürdüm. Çox maraqlı gəldi mənə. Ona görə yadımda qalıb.
- Bəs darvazanın rəngi?
- Təəssüf ki, yadımda deyil.
- Hər halda yoxlamaq lazımdır. Geyinin, ofisə dəyib birlikdə oraya gedəcəyik. Hə, bir də, boyun - boğazınızı yaxşı - yaxşı yuyun. Mümkün qədər ətrinizin iyi hiss olunmasın.
Sənubər ikinci dəfə deməyimi gözləməyib yerindən sıçradı.
“Ədəbiyyat və incəsənət”
(06.08.2024)
LİDERLİYİN 21 QANUNU – 9. İntuisiya qanunu
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər.
9. İntuisiya qanunu
«Liderlər hər şeyi liderlik prizmasından qiymətləndirirlər».
Reallıq belədir ki, məhz lider intuisiyası görkəmli liderləri yaxşı liderlərdən fərqləndirir. Lider gərək situasiyanı oxusun və instinktiv olaraq hansı hərəkət variantını seçəcəyini bilsin.
Bəzi insanlar liderlik xüsusiyyətləri ilə doğulurlar. Onlarda liderlik intuisiyası da anadangəlmə olur. Bəziləri doğulanda heç bir liderlik instiktinə malik olmurlar, amma yaşadıqca liderlik keyfiyyətlərini əxz edirlər. Eləcə də liderlik intuisiyası onlara sonradan gəlir.
İntuisiya liderlərə liderliklə bağlı bir çox gizlinləri oxumağa kömək edir. Liderlər cari situasiyanı oxumağı bacarırlar. Liderlər tendensiyaları oxumağı bacarırlar. Liderlər öz resurslarını oxumağı bacarırlar. Liderlər öz adamlarını oxumağı bacarırlar. Və nəhayət, liderlər özlərini oxumağı bacarırlar.
Liderlik elmdən daha çox incəsənətdir.
“Ədəbiyyat və incəsənət”
(06.08.2024)
Şəhidlər barədə şeirlər - Yüksəl Əlizadə
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Yüksəl Əlizadə
Yüksəl Əlizadə 1996-cı il iyunun 5-də Qazax rayonunda anadan olub. Atası uzun illər bir sıra şəhər və rayon prokurorluğlarında çalışan İlqar Əliyevdir. Anası Gəncə Dövlət Universitetinin (GDU) Kafedra müdiri Sevda Kazımovadır. Orta təhsilini Gəncə şəhərində alıb. Ali təhsilini isə Bakı Dövlət Universitetində (BDU) "Tarix" ixtisası üzrə alıb. Ali təhsilini bitirəndən sonra həqiqi hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra Naxçıvan Dövlət Universitetində (NDU) "Hüquq" ixtisası üzrə ali təhsil alıb. Subay idi.
Yüksəl Əlizadə 2020-ci ilin iyul ayında baş verən Tovuz döyüşlərində sonra SHXÇDX-nin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsinə müraciət edib və sentyabrın 21-də təlimlərə yollanıb.
Azərbaycan Ordusunun əsgəri olan Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Yüksəl Əlizadə noyabrın 9-da Xocavənd döyüşləri zamanı şəhid olub. Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yüksəl Əlizadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Yüksəl Əlizadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yüksəl Əlizadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
İlk dəfə bir şəhidlə
Yuxularda görüşdüm.
Yadımda qalmayıbdı
Necə, harda görüşdüm.
Gül ətirli havada,
Hər yan ağappaq idi.
Mənim gördüyüm şəhid
Ölməmişdi, sağ idi.
Bəzənmişdi elə bil,
Elə bil bəy çıxırdı.
Şirin təbəssüm ilə
Gözlərimə baxırdı.
Sual vermək istədim,
İstədim ki, danışım.
İstədim ki, kefini,
Əhvalını soruşum.
Sanki dilim tutuldu,
Sanki məni duyurdu,
Sanki fikirlərimi
Qəlbimdən oxuyurdu.
Dedi ki: "Anama de,
Mənə yas saxlamasın,
Özünü incitməsin,
Bu qədər ağlamasın".
"Ağlamasın, gözünü
Silə bilmirəm,axı!
İstəsəm də, yanına
Gələ bilmirəm axı".
Bu ki real görüşdü,
Möcüzəsi yox idi.
Nəsə demək istədi,
Sanki açıb deməyə
İcazəsi yox idi.
Bu necə bir yuxudu?
Görməmişəm beləsin!
Bircə onu dedi ki,
Gedib anama denən
Mənimlə fəxr eləsin!
“Ədəbiyyat və incəsənət”
(06.08.2024)
“Seçmələrin seçməsi - qranulalar” - KAMAL ABDULLANIN YENİ KİTABI
“Ədəbiyyat və incəsənət” portalı AYB sədrinin müavini Rəşad Məcidin Xalq yazıçısı Kamal Abdullanın yeni “Seçmələrin seçməsi - qranulalar” kitabı barədə qeydlərini təqdim edir.
“Sən əgər əlinə qələm alıb yazmağa başlayırsansa, artıq tənhasan”.
Bəs qələmsiz yazırsansa, onda da tənhasanmı?
Xalq yazıçısı Kamal Abdulla fərqli olmağı, yenilik etməyi sevir və bunu bacarır. Polemikanı da xoşlayır. Ona görə mən də əziz Kamal müəllimə sualla başladım bu qranulamı.
İndi Kamal Abdulla, özü demiş, janrı bəlli olmayan yeni bir kitab nəşr etdirib: “Seçmələrin seçməsi - qranulalar”.
“Qranula cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir”.
Bir növ daha çevik, yığcam, dolğun cümlələr, qısa təəssüratlar, sevimli şeir parçaları və sair.
Kamal müəllim kitabın ön sözündə bu qranulaların həm özlərini, həm də aid olduqları ilkin mətnləri xatırladacaqlarına ümid edir və kitabın oxucusuna hələlik son hədiyyəsi olduğunu söyləyir.
Kitabın nəşrinə onu ruhlandıranlar da sanballı ədəbiyyat biliciləridir və qranulaları oxuduqca düşünürsən ki, haqlı ruhlandırıblar.
Nəşrin texniki tərtibatı və dizaynı nəfis, səliqəli və fərqlidir.
Qranulalar hərəsi bir səhifədə yerləşdirilib. Bu da oxuduqca nəfəs dərməyə və düşünməyə imkan verir. Bu kitab Kamal Abdulla yaradıcılığına bələd olan oxucunu onun tanış əsərlərinə qaytarır, sevimli mövzularını, obrazlarını canlandırır, təkrarlayır, yada salır. Kitab müəllifi yeni oxuyanlar üçün də maraqlıdır. Üzdən oxuyanlar üçün kitab tez bitir, bu da "kitabı oxuyub bitirdim" deyə bir özgüvən yaradır. Amma bu kitabı layiqincə "həzm eləmək", Xalq yazıçısının daxili dünyasına, düşüncələrinə dalmaq üçün kitabı aram-aram, nəfəs dərərək oxumaq vacibdir.
Kitab haqqında geniş danışmaq olar. Amma mən də, kitabın janrına uyğun olaraq, təəssüratımın qranulasını yazdım.
Bu orijinal kitaba görə Kamal müəllimi təbrik edir və avtoqraflı hədiyyə üçün təşəkkürümü bildirirəm.
“Ədəbiyyat və incəsənət”
(06.08.2024)
DİQQƏT! Ulu Gəncədə "Nizami günləri" keçiriləcək
Könül, “Ədəbiyyat və incəsənət”
Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz, Hər nəfəs çəkdim, hədər getdi o saət sənsiz!
Sənin ol cəlb eyləyən vəslinə and içdim inan, Hicrinə yandı canım, yox daha taqət sənsiz!
Başqa bir yarı necə axtarım, ey nazlı sənəm? Bilirəm sən də dedin: "Yox yarə hacət sənsiz!"
Sən mənim qəlbimə hakim, sənə qul oldu könül, Sən əzizsən, mən ucuz, mən heçəm, afət, sənsiz!
Nə gözüm var arayım mən səni, bəxtim də ki yox, Nə də bir qaçmağa var məndə cəsarət sənsiz!
Sən Nizamidən əgər arxayın olsan da, gülüm, Gecə-gündüz arayıb olmadı rahət sənsiz!
Biz dahi Nizami Gəncəvinin təmsil etdiyi xalqın nümayəndələriyik. Bununla sadəcə qürur duymalıyıq. Və dünya klassik poeziyası və fəlsəfəsinin 10 ən dahisi sıralanmasında yer alan Nizamimizə sahib çıxmalıyıq. Ən azından fars şovinizminin Nizamini İran şairi etməsi çabalarına qatı etirazımızı bildirməliyik.
Azərbaycan dövlətinin Nizami Gəncəvi ilə bağlı keçirdiyi beynəlxalq miqyaslı tədbirləri əsasən Nizami Gəncəvi mərkəzi edir. Budur, bu sıraya yeni rəhbərliyin gəlişindən sonra büsbütün fəallaşan Gəncə Dövlət Filarmoniyası da qoşulub. Filarmoniya Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncədə sentyabrın 11-dən 15-dək dahi şair və mütəfəkkirin xatirəsinə həsr olunmuş "Nizami günləri" keçirəcək.
Nə olacaq bu günlərdə?
Filarmoniyadan aldığımız məlumata görə, “Nizami günləri" çərçivəsində Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi konfrans, şairin şeirlərindən ibarət "Qiraət axşamı", muğam və klassik romanslardan ibarət konsert proqramı, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs heyətinin konserti, Əfrasiyab Bədəlbəylinin "Nizami" operası nümayiş etdiriləcək.
Məkan olaraq isə əlbəttə ki, dahi şair Nizami Gəncəvinin məqbərəsinin önü seçilmişdir.
Hüsnün gözəl ayətləri, ey sevgili canan! Olmuş bütün aləmdə sənin şəninə şayan
Gəl eylə inayət, mənə ver busə ləbindən, Çünki gözəlin busəsidir aşiqə ehsan.
Sordum ki, "könül hardadır" aldım bu cavabı. "Heç sorma, tapılmaz onu axtarsa da insan".
Rəhm eylə, deyib, sel kimi göz yaşımı tökdüm Kim, qanım ilə əl yuma, ey afəti-dövran!
İnsafın əgər varsa, açıq de, bu Nizami, Sənlə necə rəftar eləsin, ey mahi-taban?
Gəl söylə, cavabın nə olar, sorğu zamanı, Əhvalımı səndən soruşarsa Qızıl Arslan?
“Ədəbiyyat və incəsənət”
(06.08.2024)
“Mütaliə mədəniyyətinin inkişafı” günümüzün prioritetidir -TƏDBİR
Könül, “Ədəbiyyat və incəsənət”
Bəli, günümüzdə insanların kitabdan uzaqlaşmaları ən ağrılı məsələdir, bununla bağlı bütün cəmiyyət hərəkətə gəlməlidir.
Yaxşıdır ki, Mədəniyyət Nazirliyi bu mövzunu prioritet hesab edir.
“Kitab Evi” İctimai Birliyi Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirdiyi “Mütaliə mədəniyyətinin inkişafı üçün çoxtərəfli əməkdaşlığın qurulması üzrə təşəbbüslər və fəaliyyətlər” adlı layihənin sonuncu tədbirini 03 avqust 2024-cu il tarixində Sumqayıt şəhərində Əli Kərim adına “Poeziya Evi”ndə həyata keçirdi.
“Poeziya Evi”nin direktoru, şair-tərcüməçi İbrahim İlyaslı ev sahibi qismində tədbiri açdı və lahiyə barədə qısa məlumat verdi.
Sonra söz layihə rəhbəri Adilə Nəzərovaya keçdi, o, mövzu ilə bağlı geniş şəkildə çıxış etdi.
Adilə xanım çıxışında qeyd etdi:
-Bizim cəmiyyətin və iqtisadiyyatın tələblərinə uyğunlaşdırılmış keyfiyyətli təhsilin təmin olunması üçün, yüksək intellektual səviyyəyə və praktiki işləmə qabiliyyətinə malik, müasir standartlara uyğun bilik və dünyagörüşünə sahib olan, dildə və informasiya axınında çeviklik bacarığı formalaşan kadrların hazırlanması üçün mütaliə mədəniyyətinin inkişafı vacib şərtlərdəndir. Mütaliə mədəniyyəti mövzusu bir layihə ilə bitən deyil, bundan sonra da müzakirə proqramlarına salınacaq, sosial məsələ kimi gündəmdə saxlanılacaqdır. Oxu vərdişini cəmiyyətdə yaymaq və onu ümummilli oxu mədəniyyətinə çevirmək üçün özəl sektorun və bütün maraqlı tərəflərin, xüsusilə dövlət və ictimai qurumların bir araya gəlməsi bu və bu kimi layihələrin davamlılığını təmin etməsi diqqətdə tutulacaqdır. Və mən ümid edirəm ki, bu layihənin problemin həllinə xüsusi faydası olacaqdır.
Layihə üzrə təlimçi Həcər Paşayeva bildirdi ki, cəmiyyətin intellektual səviyyəsinin artırılması üçün belə layihələrnin həyata keçirilməsi olduqca önəmlidir. Gələcəkdə məhsuldar cəmiyyət yaratmaq üçün bugünkü “torpağa” mütaliə mədəniyyətinin toxumlarını “əkməliyik” ki, bu, problemin həllinə yüksək səmərəlilik və tərəqqi gətirəcəkdir.
Tədbirdə tanınmış şair Yusif Nəğməkar da iştirak editdi və layihə barədə o da müsbət fikirlər söylədi. O, Mədəniyyət Nazirliyinə və təşkilatçılara təşəkkürünü bildirdi.
Sonra tədbir iştirakçılarından orta məktəb şagirdlərindən bədii qiraət müsabiqəsinin iştirakçıları şeir oxudular.
Təlim iştirakçılarına layihə çərçivəsində bədii ədəbiyyat nümunələri, dəftərxana ləvazimatları və üzərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və “Kitab Evi” İctimai Birliyinin loqoları əks olunmuş köynəklər paylandı. Ümumilikdə layihə və tədbir iştirakçılar tərəfindən maraqla qarşılandı və davamlılığı arzulandı.
Kitab hər kəsin ən yaxın dostudur. Bunu hamı bilməlidir!
“Ədəbiyyat və incəsənət”
(06.08.2024)
Azərbaycan “Tura-xan” etnik-bədii simpoziumunda təmsil olunub
Başqırdıstan Respublikasında müxtəlif ölkələrdən iştirakçıları bir araya gətirən “Tura-xan” etnik-bədii simpoziumu uğurla başa çatıb.
AzərTAC xəbər verir ki, bu tədbirdə Azərbaycanı “Arts Council Azerbaijan”ın nümayəndəsi Eldar Babazadə təmsil edib.
Başqırdıstan Respublikası Mədəniyyət Nazirliyinin, Başqırdıstan Respublikasının Mədəni İrsin Daşınmaz Əmlak Obyektlərinin Mühafizəsi və İstifadəsi üzrə Elmi-İstehsalat Mərkəzinin, “Şulqan-Taş mağarası” Tarix-Mədəniyyət Muzey-Qoruğunun dəstəyi ilə “Avrasiya Köçəri Sivilizasiyalar Muzeyi” Qeyri-Kommersiya Təşkilatı tərəfindən təşkil olunmuş simpozium ənənəvi təsviri sənət növlərinin yenilənməsi və Avrasiya Köçəri Sivilizasiyalar Muzeyinin yaradılması layihəsinin təşviqi üçün mühüm platformaya çevrilib.
Azərbaycan Rəssamlar İttifaqının üzvü Eldar Babazadə iştirakla bağlı duyğularını və təəssüratlarını bölüşüb: “Belə əlamətdar beynəlxalq tədbirdə Azərbaycanı təmsil etmək mənim üçün böyük şərəf idi. Xalqların mədəni irsinin qorunması və təbliğ edilməsi məqsədilə müxtəlif ölkələrdən bir çox rəssamın birləşdiyini görmək məni sevindirdi. Bu, unudulmaz və ruhlandırıcı hadisə idi”.
Simpozium Azərbaycanın, İranın, Qazaxıstanın, Qırğızıstanın, Monqolustanın, Tacikistanın, Özbəkistanın və Rusiyanın bir neçə regionundan 15 tanınmış və məşhur rəssamı bir araya gətirib. On gün ərzində onlar vətənlərinin özünəməxsusluğunu və mədəniyyətini əks etdirən 24 unikal əsər yaradıblar. “Tura- xan” beynəlxalq simpoziumunun iştirakçıları tərəfindən yaradılmış rəsm əsərləri, keçə panelləri, xalçalar və keramik plitələr Avrasiya Köçəri Sivilizasiyaları Muzeyinin gələcək qalereyasının fondunda yer alacaq.
Bundan əlavə, Lyaysan Gilmanovanın mentorluğu ilə rəssamlar xalqlar dostluğuna həsr olunmuş birgə keçə panno yaradıb, Yekaterina Repnikovanın rəhbərliyi ilə isə keramika üzrə ustad dərsləri keçirilib.
Simpozium “Tura-xan məqbərəsi” mədəni irs bazasında və “Şulqan-Taş mağarası” Tarix-Mədəniyyət Muzey-Qoruğunda keçirilib və bu, iştirakçılara nəinki təcrübə mübadiləsi aparmağa, həm də zəngin mədəniyyətə və bölgənin adət-ənənələrinə qərq olmağa imkan verib.
Simpoziumda təqdim olunan əsərlər xalqlar arasında mədəni dialoqun və qarşılıqlı anlaşmanın inkişafına mühüm töhfə olub.
“Ədəbiyyat və incəsənət”
(06.08.2024)