
Super User
Güney Azərbaycan Poeziyası Antologiyasında Aydın Sabahın “Üşüyəndir yatağımda yatan boşluq...” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Aynar Təbrizlinin şeirlərini təqdim edir.
Aynar Təbrizli
Təbrizli
IV
Nə olar doktor
Bunlara inandır ki,
Xəstə deyiləm!
İnandır ki, skripka səsi yaranır
Tavanda cızdığım dırnaqdan!
İnandır ki, tabloların arxasını söküb içinə girməyim normaldır
İnandır ki, sadəcə albomlarda xoşbəxt yaşayır insanlar
Doğru həyatda deyil...
İnandır ki, pəncərədən dışarı qovduğum
Canavar doğal kölgəmdir
Gecələr boğazıma caynaq atan anormal qorxudur kölgəm...
Doktor, hər gün birini öldürürəm beynimdə
Əl-ayağını sapa düzürəm
Boynumdan asıram bənd-bənd...
İnandır ki, bacarıqlıyam
Tavana dayandırıb nəfəsim dayanana qədər özümü xır-xıralamaqda...
İnandır ki, öz ovcumda ölə də bilərəm...
Bilirsən
Cib telefonuma zəng açıb özümlə savaşmağımı ciddiyə almırlar...
Bədənimi qaşındıran allergiya deyil
Bu bir adsız dəri xəstəliyidir
Onu soymaq, şəritə sərmək gərəkdir...
De bilsinlər ki, yatağım qorxuncdur
Saqın girməsinlər otağıma!
İnandır ki, üşüyəndir
Yatağımda yatan boşluq
Yorğansız qaldığında
Dişi dişinə dəyir..
Nə olar doktor bunlara anlat
Yatağımdakı canavar mənəm...
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)
Fəlsəfi hekayə və pritça janrının banisi - Əlisa Nicatın doğum gününə
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Sabah - 10 avqustda Azərbaycan ədəbiyyatına fəlsəfi hekayə və pritça janrını gətirən, Tarixi romanlar və fəlsəfi antologiya-ensiklopediyalar müəllifi kimi də tanınan, fəlsəfə elmləri üzrə Fəxri Doktor adına layiq görülmüş filosof Əlisa Nicatın doğum günüdür. Ağsaqqalımızın 87 yaşı tamam olur!
Əlisa Qulam oğlu Hüseynov 1936-cı il avqust ayının 10-da Azərbaycanın Lerik rayonunun Yuxarı Gədik kəndində dünyaya gəlib.
Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsində təhsil alıb.
Bədii yaradıcılığa orta məktəb dövründən başlayan Əlisa Nicatıın “Bircə söz” adlı ilk şeiri 1955-ci ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunub.
1964- cü ildə ilk şeirlər kitabı olan “Yay axşamı”, 1970-ci ildə isə ilk hekayələr kitabı olan “Bir qız, üç çinar” işıq üzü görüb.
1990-cı ildə Bakıya köçən filosof mətbuat sahəsində çalışmağa başlayıb. 1991- 1992-ci illərdə “Turan” adlı müstəqil ədəbi, siyasi, tarixi, fəlsəfi jurnal buraxıb.
1983-cü ildə ən tanınmış ərəslərindən sayılan "Qızılbaşlar" romanı, 1993-cü ildə “Nağıllara dönən tarix”, 1994-cü ildə “Ruhların söhbəti”, 1995-ci ildə “Dünya sərkərdələri” və “Dünya filosofları”, 1997-ci ildə “Kədər şərabı”, 1998-ci ildə “Dünya tarixçiləri”, 1999-cu ildə “Yüz böyük azərbaycanlı”, 2000-ci ildə “Karvan” , 2009-cu ildə “Tarixin qürubu” kitablarını nəşr etdirib.
Bundan başqa o tərcüməçiliklə də məşğul olub. Mətbuat orqanlarında redaktor kimi çalışıb.
Azərbaycan ədəbiyyatına fəlsəfi hekayə və pritça janrını gətirən Əlisa Nicat daha çox Tarixi romanlar və fəlsəfi antologiya-ensiklopediyalar müəllifi kimi də tanınır.
O, 1999-cu il aprel ayının 28-də Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunun Elmi şurasının qərarı ilə səmərəli elmi və elmi-maarifçilik fəaliyyətinə görə fəlsəfə elmləri üzrə Fəxri Doktor adına layiq görülüb.
Allah ömür versin, yüzü görsün!
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)
KİTAB BƏLƏDÇİSİNDƏ --"Snoubolun başçılıq etdiyi hakimiyyət, görəsən, necə olardı?
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
İnsanlarla donuzların mənafeləri toqquşmur. Onların qaydaları, problemləri eynidir. Məgər işçi qüvvəsi problemi hər yerdə eyni deyil?
Ah Corc Oruel... necə mükəmməl bir əsər, necə mükəmməl təsvirdir bu “Heyvanıstan”.
Kitabı həyatımın ən şanssız və məşğul dövründə oxumuşam, yoxsa çox axıcı bir kitabdır. İnsanoğlu bu kitaba əgər bir şans versə, öz heyvani obrazını tapa bilər(sonsuz sayda Bokserlər).
Stalin hakimiyyətinin fəsadları, qonşu dövlətlərin yaratdığı təhlükə və dırnağarası dostluq, hakimiyyəti qorumağa çalışarkən öz mənliyini itirən hakimiyyət, aşağı təbəqənin kölə kimi işlədilməsi və daha nələr-nələr.
Napaleonun insanlardan xaric bir malikanə qurmağa çalışarkən zamanla özündə insana məxsus əzazil duyğuları tərbiyə etməsindən tutmuş, Snoubolun haqq-ədalətinin beyinsiz kütlə tərəfindən dəstəklənməməsinə qədər , hər şey bütün haqsızlıqları üzümüzə şillə kimi vururdu. Hələ də öz-özümə sual verirəm, -"Snoubolun başçılıq etdiyi hakimiyyət , görəsən, necə olardı?"
Bütün həqiqi mənadan uzaqlaşsaq, kitab eyni zamanda bir mövzunu da çox yaxşı işıqlandırır. Mənfi və müsbət bir-birini çəkən qütblərdir. Nəyə olmaz və yaxud nəyi etmərik deyiriksə, hamısının əksini həyata keçiririk. Çünki düşüncələrimizin fövqündə bütünləşən eynilə bu cür duyğulardır.
“Pəncərənin o tayındakı heyvanlar gah donuzlara, gah da insanlara baxırdılar və artıq onları bir-birindən ayırmaq mümkün deyildi…”
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)
Altı qəbiristanlıq, üstü gül bağçası
Fariz Əhmədov, “Ədəbiyyat və incəsənət” (Naxçıvan bölməsi)
Hər gün təkrar keçdiyimiz yerlərdən biri də qəbiristanlıqlardır. İnanmıram ki, kiminsə yolu buradan düşməyə. Hər kəs üçün qəbiristanlıq fərqli bir mənaya sahibdir. Demək olar ki, ən əzizimizin uyuduğu bu məkan bizə həyatla yoxluğun bağçası və yaxud qapısı kimi görünür. Qəbiristanlıqlar mənə gül bağçasını xatırladır. Biri əzizini, biri gəncini, biri isə sevdiyini itirir bu yollarda. İtkilərlə barışa bilməyən doğma insanlar çarəni güldə, çiçəkdə axtarır. Başlayır məzar üzərində gül bağçası yaratmağa. Təsadüfən məzarlığa gələnlər isə bu mənzərə qarşısında qəlbən parçalanır. Hiss və emosiyalarına sahib ola bilməyərək hıçqırıqlarını boğa bilmirlər. Unutmayaq ki, ayrılıqlar zamansızdır. Bədən müvəqqəti, ruh isə əbədidir. Ölümlə qol-boyun gəzdiyimiz hər gün düşünürəm ki, biz onlara baxdığımız kimi, onlar da bizə baxa bilirmi? Bizə heç olmasa xatirələr qalır, sizinsə heç təsəvvürünüz, xəyalınız belə yoxdur. Qazancınız, sadəcə, üstü gül bağçası olan qəbirlərdir. Bəzən bu lal qəbiristanlıq qarşısında o qədər mənalı və vahiməli anlar keçir ki qəlbimizdən. Görəsən, anaların övladlarına çəkdikləri sığallar, nakam sevgilərin qondurduğu öpüşlər qoyarmı ki, torpaq altında o bədənlər çürüsün?
Ölüm elə bir mərhələdir ki, o gələndə biz yox oluruq. Biz yox olan kimi o bizim yerimizi tutur. Çünki o gələndə biz artıq mövcud olmuruq. Əbədi ayrılıq saatları başlayır. Əslində, ölüm heç nədir. Yalnız qorxu, sevdiyin adamlardan ayrılmaq qorxusu. Və yaxud başlanmış bir həyatın amansız sonu. Bu ayrılıq bizə həyatın özündən də uzun görünür. Hər dəfə sevdiklərimizin qəbirini ziyarət edəndə bizə elə gəlir ki, ağlamağa öyrəşmişik. İstər-istəməz qəhərlənir, qeyri- ixtiyari gözyaşı tökməyə başlayırıq. Hara gediriksə, harada oluruqsa sinəmizdə daima bir ölü ürəyi gəzdiririk. Mənim çox zaman əşyalara, bəzək-düzəyə, divarlara, şkafda səliqə ilə asılmış paltarlara acığım tutur. Düşünəndə ki, bizim düzəldib ərsəyə gətirdiyimiz düzən bizsiz qalacaq, onda birmənalı şəkildə qəbul edirəm ki, bu, əşyaların qələbəsidi, canlı aləmin yox. Kaş ki torpaq bizi udanda əşyalarımızı da bizimlə birgə uda, nə yaxşı olar. Yadıma Misir fironları gəldi bir anlıq. Ölərkən onlarla bərabər böyük bir saray heyətini də diri-diri basdırırmışlar yaxınları. O dünyada əziyyət çəkməsin, bu dünyadakı kimi qulluğunda durmağı bacarsınlar.
Nənəm deyərdi ki, bala, xeyirdən-şərdən qalma, bu elə bir tüstüdür ki, hər kəsin bacasından çıxacaq. Zaman keçdikcə başa düşdüm ki, bir kənd qadını olan nənəm, əslində, mənə yaşamın və ölümün fəlsəfəsini danışırmış.
Bizi həyata bağlayanlar zamanla ölümlə tanışçılığımıza vəsilə olur. Artıq ölüm gələndə sizə qovuşacağımızı yox, sizin keçdiyiniz tanış yoldan keçəcəyimizi düşünəcəyik. Ölü ilə vidalaşmaq çox ağır işdir. Başına gəlməyən bilməz. Bu ayrılıq dəhşətli dərəcəyə çatanda insan şüurunu itirir.
İnsan əzizini itirəndə tək adamlıq yox, iki adamlıq yaşamağı öyrənir. Bu gün yanınızda olan adamlar üçün xoşbəxt olmağı öyrənin. Həmin anı ömrünüzdən ayırıb ondan kiçik bir ada düzəldin. İllər keçəcək, qəbiristanlıqda uyuyan bədənlər torpağa, quma dönəcək. Gələcəyin adamı isə üzü günəşə uzanıb o bir ovuc qumu barmaqları arasından süzəcək. Onda nə qəbiristanlıq, nə bu qəbirlər, nə də gül bağçası olacaq.
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)
VAQİF YUSİFLİ, “Yeni ədəbi nəsil”
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün söz ədəbi tənqidindir, görkəmli tənqidçi Vaqif Yusiflinin “Yeni ədəbi nəsil” məqaləsi təqdim edilir.
YENİ ƏDƏBİ NƏSİL
1.Ədəbi nəsillərə bir gəlişmə
Ədəbiyyatda nəsil anlayışı şərti və nisbidir. Belə ki, sözün yaşarılığını müəllif yaşı təyin eləmir. O söz çox istedadlı cavan bir müəllifin bədii təxəyyülündən də doğa bilər, yaşlı bir sənətkarın qələmindən də. İndi otuz səkkiz yaşlıları çox vaxt cavan şair adlandırırlar, halbuki, bu yaşda Əli Kərim öz ömrünü başa vurmuşdu. Yaxud 30-35, həttra 40 yaşlı elə “cavanlar” var ki, onların yazdığı şeirlər, hekayələr, müəllifləri kimi həyatdan əlini üzmüş qocalara bənzəyir. Lakin “ədəbi gənclik” anlayışına bir qədər başqa – “rəsmi” şəkildə də yanaşmaq olar. Bütün zamanlarda insan ömrünün ən təzə, ən təravətli, ən qaynar dövrü gənclikdir və bunu ədəbiyyata şamil edəndə “təzə səs”, “təzə nəfəs”, “təravətli söz” ifadələri yada düşür. XX əsr Azərbaycan ədəbiyyatı bir neçə “ədəbi gənclik” dövrü keçirmişdir və məlum oldu ki, bu dövrlərin hər biri ədəbiyyatda yeni bir nəslin özünüifadəsinin başlanğıcı olub. Və o da maraqlıdır ki, yeni ədəbi nəslin gəlişi qalmaqalsız və mübarizəsiz keçməmişdir. Xatırlayaq 60-cı illəri. Bu elə bir dövr idi ki, artıq ədəbiyyatda bir çox şablonlar, stereotiplər dağılmalıydı – həyatın, cəmiyyətin inkişaf tempi qarşısında köhnə bədii təfəkkürə duruş gətirmək mümkün deyildi. Formalar, qəliblər sınmalı, dağılmalıydı. 60-cı illərdə bu missiyanı ustad Rəsul Rzanın başçılığı ilə “altmışıncılar” ədəbi nəsli həyata keçirdi. “Altmışıncılar” Azərbaycan poeziyasında sənətin inkişafına sədd çəkən köhnə, yıpranmış ənənələrdən imtina etdilər, “qum dənəsində kainat” axtardılar, Azərbaycan poeziyası vasitəsilə dünyaya pəncərə açdılar. “Altmışıncılar” özlərindən sonra gələn ədəbi nəsillərin taleyində də müəyyən rol oynadı. “Yetmişincilər” hesab etdiyimiz ədəbi nəsil – Ramiz Rövşən, Çingiz Əlioğlu, Nüsrət Kəsəmənli, Eldar Baxış, Vaqif Bəhmənli keçilmiş yolu təkrar etmədilər. Ancaq mahiyyət etibarıilə bu nəsil də eyni ədəbi missiyanı yerinə yetirdi. Ədəbiyyata 70-ci illərin sonları, 80-ci illərin əvvəllərində gələn nəsil bu sanki hamar, heç bir maneə törətməyən yolla irəliləməyə başladı. Onlar da bir nəsil kimi formalaşdılar – Rüstəm Behrudi, Tofiq Qaraqaya, Ağacəfər Həsənli, Əjdər Ol, Adil Cəmil, Zahid Sarıtorpaq, Əlisəmid Kür, Ramiz Qusarçaylı, Akif Əhmədgil, Barat Vüsal, Ağamir Cavad, Məhəmməd Astanbəyli adları ilə təmsil olunan bu ədəbi nəsil (onların sırasında Adil Mirseyidin, Əhməd Oğuzun, Nisəbəyimin, Sabir Adilin ölümünə təəssüflənirik) müxtəlif fərdi üslubları ilə diqqəti cəlb etdilər.
Sonra gəlir “doxsanıncılar”. Hərəsi bir yol seçən “doxsanıncılar” nəsli də eyni həqiqətə ayrı-ayrı prizmalardan baxdılar. Məqsəd nə idi? Məqsəd o idi ki, bədii sözün potensialı artsın, ədəbiyyat – söz sənəti dünya, gerçəklik sözün dünyasına çevrilsin. Bu ədəbi nəsil içərisində kimlərisə fərqləndirmək olar. Başda Salam Sarvan, Qulu Ağsəs, Balayar Sadiq, Əlizadə Nuri, Məlahət Yusifqızı, Rəsmiyyə Sabir, Tərlan Əbilov, Bilal Alarlı, Fərqanə Mehdiyeva, Əlirza Həsrət “doxsanıncılar” içində istedadlı şairlər kimi diqqəti cəlb etdilər və əlbəttə, Salamın sözə münasibətindəki təzəliklər indi də unudulmayıb: “Söz ilə oyun oynadım”.
Təbii ki, “doxsanıncılar” içində Avropa şeir modellərinin milli şeir ölçüləri ilə əvəzlənməsi hallarını biz heç də tənqid etmirik. Rasim Qaracanın, Azad Yaşarın, Həmid Herisçinin, Murad Köhnəqalanın, Zahir Əzəmətin, Xanəmirin, İbrahim İbrahimlinin modernist şeirə meyilləri bir təzə hava idi.
2.İkimininci illərin ədəbi nəsli “Ulduz”un üç sayında.
“Ulduz” jurnalı yeni ədəbi nəslin yaradıcılığını əks etdirən seçmə nümunələri oxuculara təqdim edir (iyun – 2023, Proza, oktyabr – 2023, poeziya yanvar – 2024 – tənqid). Nəsr nümunələri yalnız hekayələrdən ibarətdir və onları gənc nasir Furqan seçib, şeirlərdən ibarət nümunələri Ramil Əhməd, tənqid yazılarını isə Elnarə Qaragözova hazırlayıb. Əlbəttə, onların hər birinin seçimində natamamlıq ola bilər, hansı gənc şair və nasir bu seşimlərdən kənarda qala bilər, yaxud Furqan, Ramil Əhməd, Elnarə xanım öz ədəbi zövqlərinə uyğun seçim ediblər. Lakin bütün bunlar o qədər də əhəmiyyətli deyil.
3.Poeziya
Dahi rus tənqidçisi V.Q.Belinski yazırdı: “Kim istəsə ki yazdığı şeirlərdə şairliyi görünsün, o gərək əvvəlcə qəlbən şair olsun və təbiətinə uyğun olaraq həyatın poetik tərəfini görsün”. Bu fikri müəyyən mənada ikimininci illərdə ədəbiyyata gələn gənc şairlər haqqında söyləmək olar. Hər bir gənc şairin ədəbiyyata gəlişi müxtəlif yollardan keçə bilər: kimisi ədəbiyyata hansı ustadınsa kitabından, o kitabdakı şeirlərin təsirindən, kimisi poeziya iqliminin zahiri, cəlbedici havasından (belələri nə qədər desən var), kimisi də daxili tələbatdan, ürəyinin səsiylə. Fikrimizcə, ikimininci illərin gənc şairləri ədəbiyyata, poeziya aləminə ürəyinin səsi ilə gəliblər, burada, təbii ki, istedad amili mühüm rol oynayır. Aqşin Evrən, Allahşükür Ağa, Fərid Hüseyn, Günel Şamil qızı, İntiqam Yaşar, Ramil Əhməd, Ruslan Dost Əli, Şəhriyar del Gerani, Ulucay Akif, Habil Rzanur – indi bu adlar müasir poeziyamızın gənclik bölmələrindən tez-tez səslənir. “Poeziya” sayına ön söz yazan gənc şair Ramil Əhməd yazır: “Əminliklə demək olar ki, “Ulduz” jurnalının bu nömrəsi ədəbi mühitin poetik dünyagörüşünü geniş bir şəkildə əks etdirməkdədir. Bu poetik nümunələr şeirimizdəki istiqamətlər, üslublar, işlənən ana mövzular haqqında fikir yaratması baxımından önəmlidir”. Ramil Əhməd öz yaşıdlarının şeirləri barədə çox yüksək fikirdədir. Təbii ki, burada təshih edilməli ifadələr var: “Ədəbi mühitin poetik dünyagörüşü” əvəzinə “şeirimizin gənc nəslinin poetik aləmi” ifadəsini işlətmək daha məqbul görünərdi.
XXI əsr təkcə dünyada, konkret olaraq bir məmləkətdə, ictimai həyatda, baş verən hadisələrdə deyil, ədəbiyyatda, xüsusilə poeziyada öz əksini tapır. Bu gənc şairlər elə bir dövrdə yaşayırlar ki, dünya onların gözləri qarşısında dəhşətli mənzərələrlə canlanır – müharibələr, insan ölümləri, aclıq, səfalət, mənəviyyatsızlıq dalğaları bir-birini əvəz edir. Dünyanın əzəli, əbədi rəngi, ahəngi dəyişir. Biz Azərbaycan adlı bir məmləkətdə yaşayırıq və yaxın keçmişdə bütün bu mənzərələr bizə tanışdır. Amma müstəqillik sevinci, məlum düşmən üzərində qələbələrimiz, heç şübhəsiz, poeziyaya, o sıradan gənc şairlərin düşüncə tərzinə də təsirsiz qalmayıb. Gənc şair Gülay Tahirlinin şeirlərində Vətənin keçmişi və müasir dövrü tarixi həqiqət kimi dərk olunur: insan və Vətən vəhdəti şeirin qayəsinə çevrilir:
Mən ən çox sənə bənzəyirəm, Vətən!
Ürəyim sənin kimi parçalanıb.
Xəritən kimi kiçilmişəm,
Zərrə-zərrə biçilmişəm,
Nə qədər idim,
Nə qədər olmuşam, Vətən!
Ən çox torpağına bənzəyirmiş adam.
Minillik yaralarını əlimdə sıxsam, sıxsam,
Ürəyim qoruyarmı, görən?
Darıxma, Vətən, darıxma.
O quşlar ki var:
Təbrizindən dən gətirib
Bakında əkən quşlar,
Onlara baxıb deyərəm,
ümid var.
Əlbəttə, gənc şairlərin yaradıcılığında Vətənə, torpağa, mənəvi dəyərlərimizə, yaxın və uzaq tarixi keçmişimizə, Qarabağ müharibəsinə həsr olunan, sadəcə dəb xatirinə deyil, milli duyğu kimi yazılan şeirlər heç də az deyil. İkinci Qarabağ müharibəsinin iştirakçısı Həsən Kürün əksər şeirlərində onun cəbhə xatirələri, döyüşçü həyatı əks olunur. “Cəbhədən məktub” şeiri döyüşçü atanın qızına yazdığı təsirli sözlərlə diqqəti cəlb edir:
Mən burda yaxşıyam, sən də yaxşı ol,
Bilim ki, sənin də günün şən keçir:
İnan, göndərdiyin bütün dualar
Gəlir başımızın üstündən keçir,
Allah başımızın üstədir, qızım.
İki mininci illərin gənc şairlərini müxtəlif mövzular üzrə qruplaşdırmaq olar, amma bunun heç bir səmərəsi yoxdur, çünki şairin şairliyini mövzu deyil, onun şeirində özünü necə ifadə etməsi müəyyən edir. Özünüifadə hər hansı şairin fərdi poetik üslubuyla bağlıdır. Ədəbiyyatı müxtəlif adamlar yaradır, lakin onların hamısını müəyyən ideya birləşdirir, ancaq ayrılıqda hər birinin öz dünyası, fərdi yaradıcılıq keyfiyyətləri, fərqli yazı manerası var. Poeziyada üslub ilk növbədə, şairin həyat hadisələrinə özünəməxsus və subyektiv münasibəti ilə bağlıdır. Əgər iki şair payızı eyni cür, eyni poetik vasitələrlə qələmə alırsa, burada fərdilikdən söhbət gedə bilməz.
Fərdi üslubu ilə seçilən bir neçə gənc şairin şeirləri barədə söz açaq. Ramil Əhməd bu gənc şairlər arasında xüsusilə seçilir, desək, səhv etmərik. On il öncə onun “Zaman tuneli” adlı ilk şeirlər kitabı çapdan çıxmışdı (o zaman 21 yaşı vardı). O kitabda Ramil metaforik düşüncə tərzini şeirlərində başlıca ifadə vasitəsinə çevirmişdi. Ancaq bizi daha çox maraqlandıran onun “Müharibə” silsiləsindən olan şeirləri idi. Ramil də bir çox yaşıdları kimi, müharibəni görməyib, o, dünyaya gələndə müharibə bitmişdi. Ancaq onun şeirlərində müharibədən sonrakı ovqat ön plana keçir, deməli, müharibə hələ bitməyib – şikəst qollar, qoparılmış ayaqlar, evin divarlarındakı şəhid ataların şəkili, sevgililərin göz yaşları... hələ varsa, müharibə bitməyib.
Ramil Əhməd müasir şeir mədəniyyətinə yiyələnmiş cavan şairdir. Təbii ki, XXI əsrin poeziyası (dünya və milli aspektdə) yeni poetik qanunauyğunluqlarla təsbit olunur. Baxın:
Üzündə təbəssüm donmuş şəhərin dəlisi,
Tül pərdələrin ardındakı gizlin baxışlar,
Yayılan pıç-pıçlar, dedi-qodular;
Kölgəsini qovalayan uşaqlar,
Yarpağı titrəməyən,
Yarpağı soyuqqanlı qatilin əlləri kimi
Titrəməyən ağaclar,
Gözlərinə baxa bilmədiyim yandırıcı bir
günəş,
Çayımın rəngsizliyində gülümsəyən evin
qadınsızlığı
Ruhumu saran dibsiz bir çan sıxıntısı
hamısı, hamısı, hamısı...
Raminin “Can sıxıntısı” adlı şeiri başdan-ayağa beləcə metaforalarla, sözlərin və ifadələrin assosiasiyalarla ifadəsi ilə diqqəti cəlb edir. Ümumiyyətlə, müasir şeirdə məna və məzmunun bədii təsvir vasitələrindəki orijinal metaforalar, təşbehlərlə ifadəsi daha çox gənc şairlərin şeirlərində nəzərə çarpır. Bəzi misallara müraciət edək:
“Ayrılıq” ölüm deyil,
ölmək deyil,
“Ayrılıq”
heç vaxt şuxluğunu, itirməyən,
aranızda yaşayan diridir.
(Cahan Seyidzadə)
İflic adamın göz yaşları qədər kimsəsizəm,
Nə əllər kömək edir,
Hə də çiyinlər.
Payız axşamüstüsü
Yorğun ağacların qorxulu yuxusu kimiyəm.
Ölmək – yaşayanlara qalib gəlməkdir
deyir içimdəki qoca.
(Habil Rzanur)
Qollarını itirsə də, geri dönməyən əsgər,
Olmayan qollarıyla
Yol göstərmək istəyirdi yoldaşlarına.
İndi
Fərqi yox idi, amma
Ondan uzaqda döyüşən qolları
Ön cəbhədə
Usta dirijor kimi
Qələbə nəğmələri bəstələyirdi.
(Malik Atilay)
Müharibə şəkilləri asılıb
Gözlərimlə dünyanın arasında.
Güllələnmiş körpənin “ana” hayqırtısı
bəzəyir qulaqlarımı –
sırğa əvəzi.
(Şahanə Müşfiq)
Misalların sayını yenə artırmaq olar. Bu yazıda Aqşin Evrənin “İnikas” şeirindəki insan-təbiət vəhdəti ilə bağlı orijinal deyimləri, Aygün Bayramlının “Qayağı” şeirindəki uçmaq metamarfozası, Arzu Hüseynin bitib-tükənməyən sevgi duyğuları, Allahşükür Ağanın “pəncərədən gözəl görünən payız”, Cavid Qasımovun “Görürsənmi, əzizim, Bizdən çox-çox uzaqda afrikalı uşaqlar günəş şəkli çəkirlər” misraları ilə başlayan gözəl bir şeiri, Eminqueyin hər bir şeirindəki az qala poetik aforizmlərə çevrilən deyim-duyumları, Nadir Yalçının özünəməxsus şeir dili, Günel Şamilqızının sadə və səlis dillə ifadə etdiyi həqiqətlər, Səddam Laçının “Yuxuyozma”, “Tremor rəssam”, “Unudulan qadın” şeirlərindəki poetik obrazlar, Sərdar Aminin “Göbələkli kötüyü”, Şəfa Vəlinin “Mən səninüçün darıxıram, İlahi” misrası ilə onun bütün şeirlərinin zəncirvari birliyi haqqında daha geniş söz açmaq olardı.
Biz İntiqam Yaşarın, Ruslan Dost Əlinin, Ruzbeh Məmmədin və Şəhriyar del Geraninin şeirlərindən də qısaca söz açmaq istəyirik. Fikrimizcə, bu şairlərin hər biri fərdi poetik üslublarını artıq müəyyənləşdiriblər. Maraqlıdır ki, onların şeirlərində bəzən eyni mövzulara müraciət olunsa da, bu şeirlərdə tamam başqa notlar nəzərə çarpır. İntiqam Yaşar darıxmağa bir ayrı məna verir, Ruzbeh Məmməd bir ayrı, Şəhriyar da tamam ayrı. Ruslan Dost Əli bu şairlərin heç birinə bənzəmir (“Sənin saçların tökülər, mənim əllərim, neyləyim?”).
Nəticə etibarilə deyək ki, “Ulduz”un gənc şairlərə həsr etdiyi say uğurludur, (bir çox cavan şairlər bu sayda görüşməsələr də...)
Proza və Ədəbi tənqid bölümləri isə növbəti dəfə sizlərə təqdim ediləcək.
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin, ”Onun əllərinə ithaf...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik qiraətdə yenə daimi müəllifimiz Əlizadə Nuridir. Cəlilabadda yazıb yaradan şair yenə kədərin rəsmini çəkib.
Təbii ki, oxunaqlıdır və təsirlidir.
Xoş mütaliələr.
Minib bir gəmiyə çıxıb gedəsən,
Səni yola sala onun əlləri...
O qız əllərini arxanca ata,
Ata əllərini su əvəzinə.
Götürüb qaçdığın arzularını
Hər axşam sərəsən ay işığına...
...Çatasan dünyanın son limanına,
Səni qarşılaya onun əlləri...
Heyrətdən özünü itirəsən ki:-
Sən ki, yatmamısan, bu nə yuxudu?
Haçan gəlib səni keçdi o əllər-
Yoxsa o əllərin öz ağ gəmisi
Yoxsa ki, o qızın öz dənizi var?!
...Qaçıb o əlləri qucaqlayasan,
Bağrına basasan son ümid kimi.
Sonra ovcundakı o əllər üçün,
Bir üzük yonasan gün işığından...
Sonra düşünərsən:- bəs bu əlləri,
O qızın canından kim dərib sənə?
Kimsə ürəyinə pıçıldaya ki:-
,,Təkcə öpmək üçün deyil o əllər
Tanrı uçmaq üçün göndərib sənə..."
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Ördəklə qora müsəmməsi
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Ördəklə qora mütəncəminin
hazırlanma qaydasını təqdim edəcəyik.
Nuş olsun!
DÜSTUR
§ Ördək (ev ördəyi) – 200 qr
§ Soğan – 35 qr
§ Kərə yağı – 35 qr
§ Qora – 25 qr
§ Qoz ləpəsi – 25 qr
§ Nar – 40 qr
§ Göyərti – 8 qr
§ Sarımsaq – 2 qr
§ Sarıkök – 0,1 qr
§ Zəncəfil – 1 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Təmizlənmiş ev ördəyinin xırda tükləri alovda ütülür. Oynaq hissələrindən tikələrə bölünür, artıq dəri, xırda sümüklər çıxarılır, yuyulur. Qa- zanda su qaynadılır, doğranmış ördək hissələri qazana yığılır, yarı bişirilir. Hazır olduqda ətlər sudan çıxarılır, işgənəsi ələkdən süzülür. Münasib qazanda (tavada, teştdə) kərə yağı əridilir, yarıbişmiş ətlər qızardılır. Sonra aypara şəklində doğranmış soğanla birlikdə qızardılır. Sonra üzərinə əzil- miş qora, xırda doğranmış sarımsaq, isladılıb təmizlənmiş qoz ləpəsi, duz, istiot, sarıkök, sürtkəcdən keçirilmiş təzə zəncəfil, ördək işgənəsi əlavə olunur və qarışdırılır. Qazanın ağzı bağlanır və vam odda bişirilir. Sonda xörəyə nar dənələri əlavə olunur, qarışdırılır və ocaqdan götürülür. Ağzı bağlı vəziyyətdə 5-6 dəqiqə yer dəmi alır. Son- ra boşqaba çəkilir, üzərinə doğranmış göyərti səpilir və süfrəyə verilir. Bu müsəmmə də plov və çilovlarla süfrəyə verilə bilə
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)
GÜLÜŞ KLUBUnda Feyrinin qiyməti
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Qoca kommunist dedi:
-Zato sovetin vaxtında qlobal istiləşmə zad yox idi.
2.
Əhalinin bir ovucu gəlirini ona görə gizlədir ki, qorxur əlindən alarlar. Digər böyük əksəriyyəti isə ona görə gizlədir ki, deməyə utanır.
3.
Birinin boynu, birnin qarnı, birinin qaraciyəri piylənir. Bu binəvanın da beyni piylənib.
4.
Marketdə dünən Feyri qabyuyanının üstünə köhnə qiymət 5.50 və endirimli qiymət 4.60 yazılmışdı. Bu gün köhnə qiymət 6.90 və endirimli qiymət 5.50 yazdılar.
Həyasız köpəkuşağıdırlar sadəcə.
5.
Temperatur
+33
Hiss edirsən, sanki
+39
İl
2024
Hiss edirsən, sanki
12-ci əsr
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)
LİDERLİYİN 21 QANUNU - 12. Yaxın çevrə qanunu
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Bütün yüksəliş və enmələr liderliyin sayəsində baş verir» sözləri ilə başlayan «Liderliyin 21 inkaredilməz qanunu» kitabını – Con Maksvellin bu incisini, yəqin ki, oxumayan əz-əz liderə rast gəlmək olar. Rəsmən onun özünün, yaratdığı EQUIP və The John Maxwell Company təşkilatlarının bu günədək liderliyin sirlərini öyrətdiyi 5 milyon müdavimi var. Bu gün ABŞ-ın Vest Poynt Hərbi Akadesmiyasından tutmuş BMT-yədək, nüfuzlu Fortune 500 siyahısındakı əksər şirkətlər təmsil olunmaqla az qala hər bir qurumda Con Maksvelldən liderlik dərsi almış insanlara rast gəlmək olar.
Con Maksvellin təqdim etdiyi liderlik qanunlarının 21-nə də qısaca da olsa nəzər yetirməyimiz vacibdir. Belə ki, öz şəxsi həyatlarında və bizneslərində bu qanunlara əməl etməklə insanlar dərhal fayda əldə edirlər
12. Yaxın çevrə qanunu.
«Liderin potensialı onun yanında olan insanlarla ölçülür».
Hər bir liderin potensialını onun yanında, çevrəsində olan insanlarla təyin etmək mümkündür. Əgər bu insanlar mənən güclüdürlərsə, onda həmin lider bütün təşkilata böyük təsir göstərmək qabiliyyətində olacaq. Yox, əgər, onlar zəifdirlərsə, lider heç nə eləyə bilməyəcək. Məhz bu da yaxın çevrənin qanunudur.
Personal düzgün seçiləndə potensial sanki raket kimi göyə yüksəlir.
Con Maksvell yazır: «Tanrı məni ən yaxşı əməkdaşlardan ibarət çox gözəl komanda ilə mükafatlandırıb. Amma mən hələ nöqtə qoymuram. Mən bundan sonra – növbəti onillikdə də ondan sonra da bu komandanı möhkəmləndirəcəyəm, öz yaxın ətrafıma digər yaxşı adamları cəlb edəcəyəm. Mən axı bilirəm ki, məndə çoxlu istifadə olunmamış potensial qalıb. Əgər mən öz imkanlarımı tam realizə etmək istəyirəmsə, mütləq özümü ən yaxşı insanlarla əhatə etməliyəm. Bu, qarşıda qoyulmuş məqsədlərə çatmağın yeganə yoludur».
Yaxın çevrə qanunu da məhz budur.
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)
Şəhidlər barədə şeirlər - Qənbər Qənbərli
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Qənbər Qənbərli
Qənbər Qənbərli 1993-cü il sentyabrın 10-da Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Ailəli idi. Bir övladı yadigar qaldı.
Azərbaycan Ordusunun baş leytenantı olan Qənbər Qənbərli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Qənbər Qənbərli sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 22 may 2021-ci ildə nəşi tapılıb və ailəsinə təhvil verilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Qənbər Qənbərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Kaş kisəninyerinə
Mən ölərdim, deyirəm.
Dahasəndə vətənsən.
Sənlə fəxreləyirəm.
Döyüşdə göstərdiyin
İgidliyinə qurban.
Üzündəkinurabax,
Şəhidliyinə qurban.
Yeddi aydır hardasan?
Hamı yollara baxıb,
Ağladı, susdu səni.
Öpüb Şuşa dağları,
Bağrına basdı səni?
Sən bu xalqın and yeri,
Cəsarət qalasısan,
Dağların dağ qardaşı,
Vətənin balasısan.
Gəlir şəhid xəbəri,
Od üstə od qalanır.
Elə baxma şəkildən
Ürəyim parçalanır.
“Ədəbiyyat və incəsənət”
(09.08.2024)