
Super User
ƏN YENİ POEZİYA: “Gəl bir yaxşı şəklimi çək…”, Nazim Əhmədli
“Ədəbiyyat və incəsənət” portalının Ən yeni poeziya rubrikasında bu gün şair Nazim Əhmədli “Gəl bir yaxşı şəklimi çək…” söyləyəcək. Şeirin yazılma tarixi: 07.08.2024.
Payızın saçı sarıdı,
gözlərindən ayaz damır;
gün keçir, ömür atdanır,
saçlarıma bəyaz damır;
buludlar ilmə-ilmədi,
payız üzümə gülmədi;
yüz illər tapa bilmədim
özümə oxşar adamı;
bu ocaq köz-köz qaralır,
ürəyimdə söz qaralır;
elə bil hər yer qar olur,
günəş qızdırmır odamı;
nə qaldı bu gələn qışa,
yollar dirənib yoxuşa;
bir bulağa, ya bir daşa,
bir yarpağa yaz, adımı;
yol uzanır, sonda itir,
qaranlıqlar danda itir;
kəlmə-kəlmə, sətir-sətir,
əriyir könlümün şamı;
göy üzü gömgöy şüşətək,
gəl, bir yaxşı şəklimi çək;
ulduzlar yerə düşəcək,
bir sərin payız axşamı.
Ədəbiyyat və incəsənət”
(13.08.2024)
“Gizləndikləri yerlərdən eşq üçün çıxdılar"
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”
Bu günə kimi neçə dəfələrlə baxdığım bir filmə sizlər üçün bələdçilik etmək istərdim.
Baş rollarında Halil Sezai Paracıkoğlu ilə Melike Güner'in yer aldığı 2010 buraxılışı dram ve romantik filmi “ İncir reçeli"dir bəhs edəcəyim film.
Bu filmə baxarkən hamı ağladığını deyirdi. Mən filmin yarısına gəldim, pis olmuşdum, amma ağlamaq dərəcəsində deyildi. Filmin sonlarına yaxın mənə çox təsir etdi. Məncə, filmin ağır hissəsi məcburi ayrılıq, yəni ölüm idi. Film süjeti barədə sizə danışmaq istəyərdim.
Başrol olan Metin 30 yaşlarında Talkshowlar üçün ssenari yazarıdır. Onun tək gəliri ssenarilər idi. Onun bütün ssenariləri canlandırılmasa da, o ssenarilərini öz beynində canlandırırdı. Onun ən böyük xəyalı yazdığı filmin çəkilməsi idi, amma bu arzusu ürəyində qalırdı. Həmişə rədd cavabı alırdı. Hər gün getdiyi bara gedəndə Duyğu adında qızla tanış olur. Qız oğlanın evində qalır, sabahı bir not qoyub gedir. Aradan zaman keçir, onlar yenə qarşılaşır. Metin Duyğu haqqında sadəcə adını, xasiyyəti haqqında hər şeyi öyrənmişdi, hətta AIDS xəstəsi olduğunu da bilirdi. Sonra atasının da bu xəstəliyin daşıyıcısı olduğunu öyrənir . Birdən Duyğu ortalıqdan itir, Metin onu tapa bilmir. Son çarə Duyğunun atasının evinə gedir. Evdə artıq başqa bir ailə yaşadığını görür. Yeni ev sahiblərindən əvvəlki ev sahibinin öldüyünü, qızın da evini tərk etdiyini öyrənir. Qız da xəstəxanada ölüm ayağında olur. Metin onu xəstəxana yatağında görür və dünyası başına yıxılır. O özünə gələ bilmir, evinin divarının hər nöqtəsi Duyğunun sözləri, dedikləri hər bir sözün qeydləri ilə dolu olur.
Metin gec də olsa, arzusuna çatır, filmini qəbul etdirir. Filmi üçün aktyor seçərkən aktyorlar filmin adına narazıçılıq edir. Bu Metini özündən çıxarır. Çünkü filmin adı Duyğunun ən sevdiyi “incir reçeli", yəni əncir mürəbbəsi idi . Simvolik olaraq Duyğudakı “mələk tatoosu" əvvəl Metin üçün maraqsız və mənasız gəlirdi, amma Duyğunu itirəndən sonra artıq mənasını qavradı. Metin də Duyğunun tatoosunu qolunda daşıdı. Məncə bu filmdəki ən dərin nöqtələrdəndir.
Filmdən bəzi alıntıların tərcüməsini təqdim etmək istərdim:
1) “İncir reçeli güzeldir". - Əncir mürəbbəsi gözəldir.
2) “ Bana nefes alan hiçbir seyi sevme hakkı vermediler, ben de incir recelini sevdim.. incir receli sendin, askim!" - Nəfəs alan heç nəyi sevməyə haqqı vermədilər, ona görə də əncir mürəbbəsini sevdim.. əncir mürəbbəsi sən idin, sevgilim!
3) “GÜNAYDIN ,SOL YANIM!" - Sabahın xeyir, sol yanım.
4) “Ölümsüz olmak isterdim". - Ölümsüz olmaq istərdim.
5) “Babalar her zaman haklı değildir"! - Atalar hər zaman haqlı deyildir'!
6) “Sana dokunmak tüm kelimeleri yakmak gibi; Sana dokunmak tüm insanları affetmek gibi..." - Sənə toxunmaq bütün sözləri yandırmaq kimi;
Sənə toxunmaq bütün insanları bağışlamaq kimi..."
“Ədəbiyyat və incəsənət”
(13.08.2024)
NURLAR İÇİNDƏ YAT - Xocalı Faciəsinin qurbanı Dürdanə Ağayevanın xatirəsinə
Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün
Neçə gündür ürəyimdə kiçik bir daş düyünlənib. Sənin ölümün bəlkə də bir qadın ahının ölümsüzlüyüdür. Qadın müqəddəsdır. Allaha tapınan insan bir qadının ahını alıbsa onun Allah yolunda nə zəvvarlığı, nə itaəti gözdə olar.
Insan öldükdən sonra min insan olur, çünki onu xatırlamağa başlayırlar. Səni xatırlamaq isə bizim köksümüzdə damğa olmuş yaranı diriltmək kimidir. Xocalı faciəsi Azərbaycanın qapanmaz, hər dəfə toxunduqca qaysaqı qopan yarasıdır.
Bir şair var idi o zamanlar -Bəşir Kəsərli. Başına ləçək baqlamışdı. Ona dəli deyirdilər, şeirlərini zəif hesab edirdilər, yalnız onun Vətən sevgisindən atdığı bu addım özü böyüklük idi. Onu heç unutmuram, metrolarda dolaşıb, “torpaqlar alınmayınca qeyrətsizəm” dediyi anlar da yaddaşımdan silinməyib. Şükürlər olsun ki, bu damğa üzərimizdən götürüldü. Deyirdi ki, torpaqlar alınmayınca bu ləcəyi başımdan açmaram. Bax onda Azərbaycan qaranlığa qərq olmuşdu.
Yaxşı ki, şanlı günlərimizi görüb sonra haqq dünyana qovuşdun, bacım. Dürdanə Ağayevanın dözülməz faciəsi:
Onun bir zülmün ağuşundan ayaqüstə durub hətta bu faciəni olduğu kimi ictimayiətə çatdrması öz timsalında şərəfi yerlə gəzən neçə qadının qırılmış taleyini, məhv olmuş gözəl arzularını dünyaya çatdırmaq idi . O kitabı oxuyan, o faciəni damarlarında axan qanı hiss edən Azərbaycan oğulları qısmən də olsa ürəyinə ümid çilədi onun.
Qismən deyirəm, çünki qadınlara işgəncə etmək özü ruhu fahişə olan Erməni vanldalizminin əsas silahı idi. Qadını ləkələmək ən son həddir, zülmün ən son həddidir. Mənəvi, fiziki zərbələr alan ruhu pak gözəl mələk qadın, ana Dürdanə Ağayeva bütün dünyaya səs salan erməni əsirliyində 8 gün kitabını yazdı.
Faciəmizi, səsimizi bütün dünyaya çatdırdı. Onun cəsarətinin ardında özü kimi mələk insan həyat yoldaşı dayanmışdı. Ona sahiblənən, ona dost, dayağ, ata, ana, hər itirdiyi arzusu, diləyi olan həyat yoldaşı. O həyat yoldaşı ki, ona Allahın çəkdiyi işkəncə əzablara görə hədiyyəsi idi.
Əlbəttə, Dürdanə anaya edilən fiziki işgəncələr, onun səhhətində çox ciddi problemlər yaratmışdı və bunun nəticəsidir ki, o xərcəng xəstəliyindən dünyasını dəyişdi.
Onun bu dünyada ciyarparəsi Ləmanı qaldı. Necə saf gözəl məhəbbətlə böyüyən nur topası övladı. Həyatda hər şey itir gedir; doğmalarımız, xoşbəxtlik dolu günlər. Biz yaşa doluruq. Amma Vətənin sinəsinə çəkilən daşlar və yaralar yerində qalir. Bütöv Qarabağ bir yana, Xocalı faciəsi bir yana. Bu yaxınlarda Laçından tədbirdən dönərkən, maşın Xocalıdan keçdi. Mən o yerlərə baxdıqca gözümün önünə bir-birinə sığınan, soyuqdan ayaqları, əlləri donmuş, məhv olmuş kimsəsiz insanlar göründü, onların vəhşət dolu səsləri eşidildi.
Bu faciənin söz ilə ifadəsi yoxdur.
Azad və bürtöv Azərbaycan olaraq Şuşaya qədəm qoymaq, Laçında dolaşmaq bir yuxu kimi gələn xoşbəxtliyə qədəm qoymaq cox güman ki, Onun da ürəyini rahatlatdı, mübarizəsinin bəhrəsini görmüş oldu, ürəyi nisgilli bu dünyadan getmədi. Haqqa və cənnətinə qovuşdu. Onu qoruyub, ölümün çəngindən sağ çıxaran, ona yazmaq, ayağa durmaq gücü əta edən Allahına qovuşdu Dürdanə Ağayeva. Bu məğrur, dür kimi saf gözəl gözlü qadın. Qadınlıq timsalı soydaşıma Allahdan rəhmət diləyirəm.
Doğmalar üçün böyük bir yara, bacı, ana itirən pərişan gəzən doğmalar o adı kimi Azərbaycan bütövlüyü uğrunda mübarizə aparan igid qəhrəman qadınlarımızdan biridir. Bu qürur sizin kədərinizin önünə keçib, zamanla sizi sakit və aram həyatınıza döndərəcək - hər zaman xatirəsi yad olunanda. Xocalı faciəsi dilə gələcək. 8 günlük əsirlikdə qalıb hər gün arzuları parçalanan, ruhu heç qocalmayan içində dünyası darmadağın edilən Dürdanə cismən indi rahatlıq tapdı.
Biz onun qəlbinin səsini bilmədik. Biz onun üsyan dolu sözlərini və bitməz çiləsinin sadəcə sözlə ifadəsinin bir qismini gördük . Bu ağrının böyüklüyünü olduğu kimi heç kim bilmədi, heç kim dərk etmədi, Allahdan savayı. Qovuşdun Allahla, gözəl bacım... Nurlar içində yat.
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)
Bu gün Beynəlxalq Gənclər Günüdür
Respublika Gənclər Kitabxanasında 12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə virtual kitab sərgisi hazırlanıb
Avqustun 12-si dünyada Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Beynəlxalq Gənclər günü münasibəti ilə virtual kitab sərgisi hazırlanıb.
Kitabxanadan “Ədəbiyyat və incəsənət”ə verilən məlumata görə, virtual kitab sərgisində gənclər siyasətinə dair beynəlxalq və yerli təcrübəni özündə əks etdirən məlumatlar təqdim edilir. Belə ki, materialda beynəlxalq və Azərbaycan Gənclər Gününün yaranma tarixi, ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin uğurları haqqında məlumatlar əks olunur.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan virtual kitab sərgisində gənclər siyasətinə dair nəşr edilən “Azərbaycan gəncliyinin himəyədarı”, “İlham Əliyev və müasir Azərbaycan gənclərin gözü ilə”, “Gələcək gənclərindir”, “Azərbaycanda gənclər hərəkatı”, “Azərbaycanın gələcəyi etibarlı əllərdədir” “Qloballaşma və müasir gəncliyin tərbiyə problemləri” kimi 10-dan çox kitabın qısa annotasiyası, dövrü mətbuat nümunələri təqdim edilir.
Beynəlxalq Gənclər Günü ilə əlaqədar hazırlanan material kitabxananın rəsmi saytında https://ryl.az/multimedia/beynelxalq-gencler-gununuz-mubarek yerləşdirilib.
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)
Bu gün Xalq şairi Qabilin anadan olmasının 98-ci ildönümüdür
Könül, “Ədəbiyyat və incəsənət”
Duman dağı dolanar,
Qiyamət olar.
Duman yola sallanar,
Müsibət olar.
Müsibət oluruq biz,
Səhv düşəndə yerimiz.
Onu hər zaman sevdirən şeirlərindəndir bu misralar, “Səhv düşəndə yerimiz” şeirindən.
Bu gün çağdaş Azərbaycan poeziyasının ən görkəmli nümayəndələrindən olan Xalq şairi Qabilin doğum günüdür, anadan olmasının 98-ci ildönümüdür.
Qabil Allahverdi oğlu İmamverdiyev 1926-cı ildə Bakıda anadan olub. Orta məktəbi başa vurduqdan sonra 1944-1948-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Azərbaycan Dövlət Pedaqoji Universiteti) dil və ədəbiyyat fakültəsində ali təhsil alıb və 1954-56-cı illərdə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında oxuyub.
O, müxtəlif illərdə Yardımlıda, Bakıda orta məktəb müəllimi, məzunu olduğu ali təhsil ocağında laborant, “Azərbaycan müəllimi” qəzetinin redaksiyasında şöbə müdiri, “Kommunist” qəzeti redaksiyasında tərcüməçi-redaktor, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi-dram verilişləri redaksiyasının məsul redaktoru, “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında poeziya şöbəsinin müdiri, “Azərbaycan” jurnalı redaksiyasında ədəbi işçi və baş redaktor vəzifələrində işləyib.
Yaradıcılığı ilə müasir Azərbaycan ədəbiyyatını daha da zənginləşdirən şairin xalqın keçmişindən, bu günündən bəhs edən, böyük təsir gücünə malik, həyat həqiqətlərinin realist təsvirini verən əsərləri vətəndaşlıq hisslərinin və mübarizlik ruhunun aşılanmasında mühüm xidmətlər göstərib. “Gəl baharım” adlı ilk şeiri 1944-cü ildə “Ədəbiyyat” qəzetində çap olunan Qabilin 1950-ci ildə “Səhər açılır” adlı kitabı işıq üzü görüb. Onun “Mənim mavi Xəzərim” (1959), “Küləkli havalarda” (1964), “Qoy danışsın təbiət” (1966), “Vətəndaş sərnişinlər” (1973) və s. kitabları oxucular tərəfindən maraqla qarşılanıb.
Qabil həmişə sevilə-sevilə oxunan, əzbərlənən “Bakılı”, “Qarışdırma”, “Çörək”, “Təmizlik”, “Gülləbaran eylədilər”, “Nəsimi bazarında”, “Beşiyimdir - məzarımdır o mənim”, “Dağlar”, “Azərbaycan torpağı” kimi qeyri-adı şeirləri və “Nəsimi” fəlsəfi-psixoloji, epik-dramatik, fundamental poeması ilə əbədiyyət qazanıb.
Müstəqilliyimizin ilk illərinin ağır sınaq anlarında ürək yanğısı ilə yazdığı “Şəhid anası”, “Qeyrət, a vətəndaşlar”, “Oldu”, “Xəcalət”, “Birini elə, birini belə” və digər siyasi lirika nümunələri ilə Qabil xalqın gözündə daha da yüksəlib.
Uzun illər Azərbaycan Yazıçılar Birliyində ağsaqqallar şurasının sədri kimi fəaliyyət göstərən Qabilin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. Görkəmli şair bir sıra orden və medallara, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltiflərinə - “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb.
2007-ci il aprelin 4-də vəfat edən görkəmli şair cismən aramızdan getsə də, zəngin ədəbi irsi, nəcib əməlləri ilə Qabilsevərlərin qəlbində daim yaşayacaq.
Ruhu şad olsun.
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)
Azərbaycan dili milli mənəvi dəyərimizdir!
Zəhra Allahverdiyeva, “Ədəbiyyat və incəsənət”
Azərbaycan Respublikası müstəqil ölkədir. Məhz buna görə də ölkəmizin özünəməxsus dili və əlifbasının olması ölkəmizin müstəqillik simvoludur. Azərbaycan dili daim inkişaf edən zəngin dildir. Bu səbəbdən lüğət tərkibi hər bir hadisə və ya mövzu haqqında lazımi sözlərin tam ifadəsinin təmin olunmasına qadirdir.
Azərbaycan dilinin və əlifbasının həmçinin digər tərkibli mövzuların ali təhsil səviyyələrində xüsusən öyrədilməsi də müsbət haldır. Bu fənn ali təhsil müəssəsələrində “Azərbaycan Dilində İşgüzar və Akademik Kommunikasiya” adlanır.
Ulu Öndər Heydər Əliyev tərəfdarı idi ki, gənclər çoxlu dil bilsin. Ulu öndər gənclərimizə məhz ana dili əsasında dünyanı dərk etməyi məsləhət görürdü. Azərbaycan gənclərinə xarici dilləri – ingilis, alman, fransız, çin və s. dilləri öyrənməklə, ilk növbədə, öz ana dilini daha mükəmməl bilməyi tövsiyə edirdi.
Dil ölkənin milli sərvətidir. Ulu öndər demişkən: “Ana dilimiz müstəqil Azərbaycanın, Azərbaycan xalqının ən böyük milli sərvətidir.”
Hal hazırki əlifbaya keçid çox mürəkkəb məsələ idi. Ölkə sovet rejmindən təzə çıxdığı dövrlərdə ölkədə baxmayaraq ki, azərbaycanca danışılırdı, yazılar rus hərfləri vasitəsilə icra olunurdu. Bu da Kiril əlifbası adlanırdı. Yeni əlifbaya keçid prosesi 90-cı illərdən başlayıb 2001-ci ilə qədər davam edib.
Heydər Əliyev deyirdi: “Mənim üçün Azərbaycan dili hər şeydən əzizdir.”
Hələ təzə əlifba gələn vaxt, baxmayaraq ki, artıq kitablar yeni əlifbayla nəşr olunurdu, hələ də əksər hissə kiril əlifbalı kitablar idi.
Günümüzdə məktəbdəki və digər tədris müəssəsələrindəki vəsait və materiallar latın qrafikalı əlifbayla, azərbaycancadır. Eynilikcə mətbuatda və rəsmi sənədlərdə də bu belədir. Azərbaycan tolerant ölkədir və bir çox xarici millət ölkəmizdə məskunlaşıb. Baxmayaraq ki, onlar xarici millətdir sənəd , ərizə və digər rəsmi-işgüzar sənədlərdə mütləqdir ki, Azərbaycanın rəsmi dövlət dilindən və əlifbasından istifadə etsinlər. Bilmədikləri halda isə tərcümə mərkəzlərindən istifadə etməlidirlər.
Ölkəmizə əsrlər boyu işğal və tabeli hakimiyyətlərin nəticəsidir ki, lüğətimizdə alınma sözlər çoxdur xüsusilə də rus-avropa və fars-ərəb. Baxmayaraq ki, həmin sözlərin doğma lüğətimizdə qarşılığı var, əfsus ki, bir çox vətəndaş istifadə etmir. Ərəb və fars mənşəli sözlər dilimizdə əksərən ümumişlək sözlərdir . Buna görə də, fərqləndirmək çətindir. Təhsillə bağlı “kitab”, “məktəb” , “tələbə”, “şagird” və s. sözlər ərəb mənşəlidir. Halbuki, biz bunu tədris müəssələrində demək olar hər gün istifadə edirik.
Dilimizdəki say və əvəzliklər qismən, feillərin hamısı milli mənşəlidir.
Dilimizi, yəni milli mənəvi dəyərimizi qoruyaq . Ölkəmiz hücumlar nəticəsində çox alınma söz qəbul edib, biz də bunun sayını artırmayaq. Dəyərlərimizin mümkünlük çərçivəsində saf və təmizliyini qoruyaq.
Naxçıvanda və Mingəçevirdə “Ana dili” abidəsinin qoyulması da ana dilimizə önəm verilməsinin bariz nümunəsidir. Göründüyü kimi, hər zaman dilimizə xüsusi diqqət yetirilir, dövlət-dil siyasəti uğurla həyata keçirilir.
“Ana dilimizin saflığını qorumaq müqəddəs borcumuzdur. Əsrlər boyu bizi xalq kimi, millət kimi qoruyub saxlayan bizim ana dilimizdir, Azərbaycan dilidir. Azərbaycan dilinin qorunması hamımızın vəzifəsidir.” -Prezident İlham Əliyev.
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)
Azər Turanın “Türkün atası Alp ər Tonqa” kitabı - nəşr edilib
“Ədəbiyyat qəzeti”nin baş redaktoru filologiya üzrə fəlsəfə doktoru Azər Turanın “Türkün atası Alp Ər Tonqa (Azərbaycan və Anadolu fatehi)” kitabı çap olunub.
Edebiyyatqazeti.az xəbər verir ki, kitab Atatürk Mərkəzi tərəfindən nəşrə hazırlanıb.
“Türkün atası Alp Ər Tonqa (Azərbaycan və Anadolu fatehi)” kitabının redaktoru Dəyanət Osmanlıdır.
Akademik Nizami Cəfərov kitabın ön sözündə yazır: “Azər Turanın "Türkün atası Alp Ər Tonqa (Azərbaycan və Anadolu fatehi)" kitabı həcmcə elə də böyük olmasa da, əhatə etdiyi məsələlərin genişliyinə, ehtiva olunan fakt, mülahizə və mövqelərin rəngarəngliyinə, ən başlıcası isə, əsaslandığı elmi-metodoloji prinsiplərin mükəmməlliyinə görə kifayət qədər fundamental əsərdir. Və bu daxili fundamentallıq özünü, hər şeydən əvvəl, onda göstərir ki, müəllif nə ayrı-ayrı rəqəmlərin dəqiqləşdirilməsinə, nə bu və ya digər coğrafi koordinatın ora-bura çəkilməsinə, nə də etimoloji janqlyorluğa meyil göstərmədən, birbaşa mötəbər epik miqyaslarla işləməyə üstünlük verir: qədim (ümum) türk eposu "Oğuz kağan" - Herodotun "Tarix"i - Firdovsinin "Şahnamə"si - "Oğuznamə"lər xətt-xronologiyası ilə Madiva - Franxrasyan - Madyes - Əfrasiyab - Alp Ər Tonqanın tərcümeyi-halını elə panoramlı ölçülərlə bərpa edir ki, tarixdə möhtəşəm rol oynamış bütöv (və hər cəhətdən əzəmətli!) bir Etnosun bioqrafiyası dövrdən-dövrə təhrif olunmuş şəkildə yox, necə varsa, elə görünməyə başlayır.”
Qeyd edək ki, “Türkün atası Alp Ər Tonqa (Azərbaycan və Anadolu fatehi)” kitabı “Elm və təhsil” nəşriyyatında çap edilib.
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Aydın Sabahın “Unut məni” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Aynar Təbrizlinin şeirlərini təqdim edir.
Aynar Təbrizli
Təbrizli
V
Unut məni
Fərz et gecələrində gözlərinə dolan acı yuxudaydım!
Unut məni, hər gün məscidlərdən dışarıya atdığın mürgülü əyyaşlığın kimi
Saqqalını oxşayaraq neçə qadını öpdüyünü belə xatırlamadığın kimi...
Hər sabah fərqli çiçəkli donlarla
Balaca balkonumuzda azan səsi ilə oyandığını
Sənə çay süzdüyümü...
Səni görcək üzümə dolan təbəssümü...
Dodaqlarıma çəkilən qırmızı pomadamı gözəllədən üzümdəki qara xalımı...
Anladım bunlar da yetməyir sənə!
Unut
Sənin üçün paltarlarıma sıxdığım odekolonu...
Qorxaq gözlərimlə, sevirəm söylədiyimi
Telimi qulağımın dibinə vurub şirin yalanlarına aldandığımı...
Güzgü qarşısında oturub
Hər gün qıvrım saçlarımı sən sevdiyin rənglərə boyayıb
Özümü qoynuna aldığın qadınlara bənzətdiyimi də unut.
Heç sevilmədiyimi unut!
Onlara darıxdığında inad edib
Mətbəxdəki bardaqların səslərinə
Dilimin altında sevdiyim mahnını mırıldanmağımı da unut...
Yatağına ölü düşən qadın ruhumu
Göylün olmadan sevişdiyimiz gecələrdə
Qıçlarımdan ayaq barmaqlarıma sızan sərin qanımı
Ovuda bilmədiyin yalqızlığımı
Bağrına basmadığın ağ gövdəmi unut...
İndi alnına bir öpüş
Adına söyüş deyirəm sevginin!
Bilirəm
Yoxluğum darıxdırmır səni!
Nə çoxdur səni sevənlər
Alnının damğası etibarındır!
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)
“Bircə sən yoxsan, əzizim…” - ZEYNAL XƏLİLİN ANIM GÜNÜNƏ
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Fikrimdə aylı, ulduzlu
Asiman var bu gecə!
Könlümdə körpə quzu tək
Bir ümman var bu gecə!
Həmdəmim sıldırım dağlar,
Buludlardır bu gecə!
Qonağım qırmızı güllər,
Göy otlardır bu gecə!
Şimşəyə "çaxma" desəm mən,
İnan, çaxmaz bu gecə!
Araza "axma" desəm, mən
Bil ki axmaz bu gecə!
Bircə sən yoxsan, əzizim
Bilir aləm bu gecə...
De, neçin olmadın, ey var,
Mənə həmdəm bu gecə?!
Bu ecazkar sözlərə bəstələnmiş və Akif İslamzadənin məharətlə ifa etdiyi “Bu gecə” mahnısı kimə tanış deyil ki?
Bəli, bu şeir Zeynal Xəlilindir.
Ötən gün Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şeirləri, poemaları sevilə-sevilə oxunan, pyesləri tamaşaçıların hüsn-rəğbətini qazanmış, Əməkdar incəsənət xadimi Zeynal Xəlilin vəfatından 51 il ötdü.
XX əsr Azərbaycan poeziyasının görkəmli simalarından olan Zeynal Xəlil özünəməxsus yaradıcılığı ilə seçilən, həyatın keşməkeşli yollarında ağır sınaqlarla üzləşən, ilhamla yazıb-yaradan, ədəbiyyatımıza imzasını əbədi həkk etdirən maraqlı bir şair ömrü yaşayıb. Cəmi 59 il ömür sürüb. Erkən çağlarında üzləşdiyi yetimliyin çətinliklərini, həyatı boyu zamanın bütün ağırlığını, ictimai-siyasi çəkişmələrini, 1937-ci ilin repressiyalarının törətdiyi fəlakətin vahiməsini, İkinci Dünya müharibəsinin soyuq səngərlərinin fəsadlarını varlığından keçirərək həmişə özünü məğrur, qürurlu aparmağı, poeziyasının baş qəhrəmanı olan insani məhəbbətlə vəsf etməyi bacardı.
Zeynal Xəlil XX əsrin ən gözəl lirik şairlərindən biri idi. Onun qələmindən çıxan məhsul çoxcəhətli, həm də bu gün öz əhəmiyyətini itirməyən, oxucuların, tamaşaçıların marağını, zövqünü oxşayan poemalar, pyeslər olmuşdur. Zəngin yaradıcılığa malik olan Zeynal Xəlil öz əsərlərində Azərbaycanın poetik tablosunu çox əlvan yaradıb. Şairin bütün müşahidələrinin, poetik münasibətlərinin, mərkəzində insan və onun arzuları dayanırdı.
Zeynal Xəlil 1914-cü ildə Gəncə şəhərində sənətkar ailəsində doğulub. Erkən əmək fəaliyyətinə başlayan Zeynal Xəlil 1932-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsinə daxil olmuşdur. Şeirə, sənətə olan həvəsi hələ tələbəlik illərindən özünü büruzə vermiş, “Yeni kənd” adlı ilk şeirini də məhz bu vaxtlarda yazmışdır. Bir-birinin ardınca yazılan şeirləri “Gənc işçi”, “Ədəbiyyat qəzeti” və digər mətbuat orqanlarında çap olunmağa başladı. Şairin 1934-cü ildə Azərbaycan Dövlət Nəşriyyatı tərəfindən buraxılmış ilk şeirlər kitabı “İstək” göstərdi ki, ədəbiyyata öz mövzusu, nəfəsi, yazı manerası olan bir şair gəlmişdir. Bundan sonra Zeynal Xəlil çətin axtarışlar yolu ilə getdi, daha maraqlı və rəngarəng əsərlər yaratdı. Onun “Tarac” (1936), “Poemalar”, “Qılınc” (1940), “Tatyana” (1942) kimi kitabları oxucularda böyük maraq və hüsn-rəğbət oyatdı. Şairin bir-birinin ardınca çıxan “Düşüncələr”, “Etibar”, “Arzular”, “İki dünya”, “Lalə”, “Bənövşə”, “Şeirlər”, “Ulduzlar”, “Seçilmiş şeirlər və poemalar” və bu kimi onlarla kitabları haqlı olaraq bütün Azərbaycan ədəbiyyatının müvəffəqiyyəti kimi qiymətləndirilir. Zeynal Xəlilin “Ulduzlar”, “Fədai”, “Şah və qarışqa”, “Koroğlunun qocalığı”, “Gülər”, “Səməd Vurğunla görüş” poemalarını da bu siyahıya daxil etsək və bu əsərləri diqqətlə nəzərdən keçirsək şairin ümumi mənzərəsini görərik. Zeynal Xəlilin yaradıcılığı demək olar ki, tarixi qəhrəmanlıq keçmişimizdən tutmuş (“Koroğlunun qocalığı), inqilabi keçmişimizə (Qatır Məmməd), Böyük Vətən müharibəsinə (“Tatyana” poeması və bir sıra şeirlər) və lap son günlərə qədər əhatə edir. Şairin qələmə aldığı şeirləri də oxucular tərəfindən həmişə rəğbətlə qazanmışdır. Bunun isə səbəbi onun şeirlərindəki istilik, ürəyə yatımlılıq, coşqun ehtiras və lirik əhvali-ruhiyyədir.
Zeynal Xəlilin bir dramaturq kimi də ədəbiyyatımızın inkişafında xidmətləri çoxdur. Onun ilk pyesi “İntiqam” bir çox teatrlarda tamaşaya qoyulmuş və müvəffəqiyyət qazanmışdır. Belə əsərlərdən biri də uzun zaman səhnədən düşməyən “Qatır Məmməd” pyesidir. Bu əsərin səhnə həyatı çox uğurlu olub. Elə bu səbəbdən də həmin dramın motivləri əsasında bədii film də çəkilib. Bu filmin ardınca İkinci Dünya müharibəsi illərində döyüşçülərin qəhrəmanlığını tərənnüm edən əsərləri “Yəhərləyin atları”, “416”, “Döyüşçünün vəsiyyəti” kimi şeirləri, “Tatyana” adlı poeması dillər əzbərinə çevrilib.
Sözlərinə bəstələnmiş mahnılar bu gün də sevilərək dinlənilir, nəsildən-nəslə ötürülür. Bu cəhətdən heç vaxt dillərdən düşməyən, musiqisi Soltan Hacıbəyova məxsus “Kimlər gəldi, kimlər getdi”, musiqisi Emin Sabitoğluya məxsus “Bu gecə”, “Ay işığında” (Qənbər Hüseynli) və s. nəğmələr yaşadıqca, dinlənildikcə Zeynal Xəlil ruhu da yaşayır.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)
GÜLÜŞ KLUBUnda AYNA
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Dərdayıl ömründə ilk dəfə şeytanın qıçını sındırıb Akvaparka getdi. Həddən artıq qanunpərəst olan bu şəxs hovuzun qarşısında “Hovuza yalnız üzgüçülük papaqlarında girmək olar” elanını görüb də bütün digər paltarlarını çıxararaq başına üzgüçülük papağı keçirdi və suya girmək istədi.
Bir həngamə qopdu, gəl görəsən.
2.
Roza Markovna rəfiqəsi İzaya deyir:
-İzoçka, bax gör mən Avraamım üçün qalstuk tikməyə nə gözəl parça almışam.
İza baxıb təsdiqləyir:
-Düzdür, gözəldir. Amma qalstuk üçün həddən artıq çox deyil?
-Qalanına da özümə don tikəcəm.
3.
Xalqın nə barədə danışması maraqlı deyil. Maraqlı olan nə barədə susmalarıdır.
4.
Bakıda avtomobil sıxlığı əlindən bərk əziyyət çəkən avtomobil sürücülərinə AYNA yeni-yeni sürprizlər etməkdədir. Bütün küçələrin bir hissəsi ya avtobuslara, ya velosipedçilərə ayrılır. Bu isə tıxacların iki dəfə artması, vaxt itkisinin kəlləçarxa çıxması deməkdir.
Bütün dünyada yollar salınanda avtobus və velosipedlər də nəzərə alınır və geniş yollarda ayrıca zolaqlar olur. Bizdə isə dar, 3 zolaqlı yolun bir zolağını da kəsib avtobusa və velosipedə verirlər.
Sual olunur, AYNA niyə belə edir?
5.
Qardaş, yaxşı vəkil sənin nəyinə lazımdır? Biryolluq yaxşı hakim tap da.
“Ədəbiyyat və incəsənət”
(12.08.2024)