
Super User
Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək
Aprelin 10-dan 13-dək Bakıda Qətər Mədəniyyəti Günləri keçiriləcək.
Bu barədə AzərTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, aprelin 10-da saat 15:00-dan etibarən paytaxtımızın sakinləri və qonaqları Dənizkənarı Milli Parkda, müxtəlif təyinatlı pavilyonlarda Qətərin milli geyimləri, mətbəxi, musiqi, toxuculuq və kalliqrafiya sənəti nümunələri ilə tanış olacaqlar. Həmçinin sözügedən günlər ərzində həmin ərazidə Qətərdən təşrif buyurmuş musiqiçilərin iştirakı ilə konsertlər keçiriləcəkdir.
Eyni zamanda, aprelin 10-da Heydər Əliyev Mərkəzində Qətər Mədəniyyəti Günlərinin rəsmi açılış mərasimi keçiriləcək. Gecədə Qətərin incəsənət ustaları və bədii kollektivlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq.
Xatırladaq ki, bundan əvvəl ölkəmizdə Qətər Mədəniyyəti Günləri 2009-cu ilin iyun ayında keçirilib.
Qeyd edək ki, 2024-cü ilin fevral ayında Qətərin paytaxtı Dohada təşkil olunan Azərbaycan Mədəniyyəti Günləri dost ölkədə mədəniyyətimizin təntənəli təqdimatı ilə yadda qalıb.
Azərbaycan Respublikası ilə Qətər Dövləti arasında əlaqələr iki ölkə rəhbərlərinin qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri zəminində bütün sahələrdə inkişaf edir.
“Ədəbiyyat və incəsənət”
(08.04.2025)
UNESCO-nun Baş direktoru vəzifəsinə üç nəfər namizədliyini irəli sürüb
UNESCO-nun İcraiyyə Şurasının 221-ci sessiyası işini davam etdirir. Sessiya çərçivəsində qurumun yeni Baş direktoru vəzifəsinə namizəd təklif olunacaq.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, UNESCO-nun Baş direktoru vəzifəsinə 3 nəfər - UNESCO Baş direktorunun Afrika departamenti üzrə müavini, konqolu Firmin Eduard Matoko, UNESCO Baş direktorunun Sosial və Humanitar Elmlər üzrə köməkçisi, meksikalı Gabriela Ramos və Misirin turizm naziri Xalid əl-Anani namizədliyini irəli sürüb.
Qeyd edək ki, UNESCO-nun Baş direktoru İcraiyyə Şurası tərəfindən təklif edilir və konfransın təsdiq edəcəyi şərtlərlə Baş Konfrans tərəfindən dörd il müddətinə təyin edilir. Baş direktor 2 dəfə dördillik müddətə təyin oluna bilər, bundan sonra yenidən seçilmək hüququ yoxdur.
“Ədəbiyyat və incəsənət”
(08.04.2025)
Türk Mədəniyyəti və İrsi Fondunun himayəsində Qazaxıstanın əl-Farabi Universitetində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Mərkəzi açılıb
7 aprel 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondu və əl-Fərabi adına Qazaxıstan Milli Universitetinin birgə əməkdaşlığı çərçivəsində Qazaxıstan Milli Elmlər Akademiyasının akademiki, görkəmli türkoloq, alim A.T. Kaydar adına Beynəlxalq Türk Mədəniyyəti və İrsi Mərkəzinin təntənəli açılışı baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, mərkəzin açılış mərasimində çıxış edən əl-Farabi Universitetinin rektoru Janseyit Tümebayev bildirdi ki, Universitetin prioritet məsələlərindən biri Türk xalqları arasında körpü yaratmaq və güclü əlaqələr formalaşdırmaqdır. O, Universitetin Filologiya fakültəsi nəzdində açılan Mərkəzin bu mənada uğurlu işlər görəcəyinə olan inamından söz açıb.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti AktotıRaimkulova, Türk dünyası arasında dostluq və birliyin yaradılması üçün təkcə mədəni deyil eyni zamanda mənəvi sferanın inkişafına da önəm verilməli olduğunu qeyd edib. O, bildirib ki, Türk dünyasının işıqlı gələcəyi üçün “parlaq” gənclərin yetişdirilməsi missiyası bizim üzərimizə düşür.
Tələbələr mərkəzdə nəinki Türk dünyasının tükənməz mədəni irsi və çoxəsrlik tarixi barəsində tədqiqat apara, həm də beynəlxalq layihələrdə iştirak edə biləcəklər. Həmçinin, akademik mobillik proqramı vasitəsilə dünyanın hər yerindən alimlər mərkəzə gələrək öz bilik və təcrübələrini bölüşəcəklər. Bundan əlavə, KazNU (al-Farabi Kazakh National University) tələbələri xarici universitetlərdə təcrübə imkanları qazanacaq və zəngin kitabxana ilə təmin olunacaqlar.
“Ədəbiyyat və incəsənət”
(08.04.2025)
CAVANŞİR FEYZİYEV: “Şəbi – hicran” Bəxtiyar Vahabzadənin qəlbindən Füzuli dünyasına gedən bədii yoldur...”
AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunda Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib. Elmi sessiyada akademik Teymur Kərimlinin, professor Esmira Fuadın, ədəbiyyatşünas alim Qiymət Məhərrəmlinin xalq şairinin yaradıcılığına həsr olunmuş məruzələri dinlənilib. Bəxtiyar Vahabzadənin ailə üzvü Rəna Rzayeva çıxış edərək ailəsi və doğmaları adından tədbirin təşkilatçılarına dərin minnətdarlığını bildirib.
Elmi sessiyada Milli Məclisin deputatı Cavanşir Feyziyevin çıxışı da maraq doğurub, o, Türk dünyasının İstiqlal şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi ərəfəsində keçirilən tədbirlərin əhəmiyyətini vurğulayaraq bildirib ki, məhz bu elmi sessiyanın keçirildiyi elm məbədi Məhəmməd Füzulinin adını daşıdığı üçün biz də bu günkü məruzəmizi rəmzi olaraq "Bəxtiyar Vahabzadə yaradıcılığında Füzulinin bədii obrazı"na həsr etmişik.
Cavanşir Feyziyevin çıxışının mətnini diqqətinizə çatdırırrıq:
Çağdaş Azərbaycan ədəbiyyatı zəngin və çoxəsrlik tarixi kökləri olan mənəvi qaynaqlar üzərində bərqərar olmaqdadır. Bu mənada, Məhəmməd Füzuli mənəvi fikir tariximizin məhvərində dayanan və yüzillərdir qələminin işığı söz dünyamızı rövnəqləndirən poetik dühalardandır. Yaşadığı dönəmdən 5 əsrdən çox zaman keçməsinə baxmayaraq bu gün çağdaş Azərbaycan ədəbiyyatında, o cümlədən qardaş türkdilli ədəbiyyatlarda Füzuli yaradıcılığından bəhrələnmələrə geniş rast gəlinir. Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadə də Füzuli sözünün sehrində yazıb-yaradan, öz mənəvi dünyasında və əsərlərində Füzuli ruhunu yaşadan aydın məfkurə adamlarındandır.
Milli mədəniyyət, milli əxlaq və milli mənəviyyatımıza son dərəcə sadiq qalan Bəxtiyar Vahabzadə müdrikliyində Dədə Qorquda, monumental epik təsvirlərində Nizamiyə, incə, hüznlü lirikasında Füzuliyə, dünyanın ilahi mahiyyətinə varmasında, müqəddəs hissləri dilləndirməsində Nəsimiyə, Sözü Fatehlik qüdrətinə çatdırmasında Şah İsmayıl Xətaiyə, varlığımızı didən cəhalətə, idraksızlığa qarşı üsyan etməsində Mirzə Fətəli Axundzadəyə, Mirzə Ələkbər Sabirə, Cəlil Məmmədquluzadəyə, romantik duyğuların qanadlandırılmasında Hüseyn Cavidə, Məhəmməd Hadiyə, milli ideologiyanın poetik-fəlsəfi laylarını açmasında Əli bəy Hüseynzadəyə, Məhəmməd Əmin Rəsulzadəyə, mənəviyyatımızı musiqi ladlarında duymasında və publisistik kəsərində Üzeyir bəy Hacıbəyliyə, Vətən torpağının ülviyyətini real cizgilərlə canlandırmasında Səməd Vurğuna bənzəyir. Amma, əlbəttə ki, bütün bunlarla yanaşı, Bəxtiyar Vahabzadə hər yerdə özüdür və öz Sözünün Ustadıdır.
“Şəbi-hicran” poemasında dahi ustadı Füzulinin sözə olan heyranlığının yeni çalarlarını qələmə alan Bəxtiyar Vahabzadə həm də bu ilahi heyranlıqdan Füzulinin özünə də müstəsna dərəcədə böyük pay ayırırdı. Bəxtiyar Vahabzadə Mövlananın Şəms Təbriziyə olan ilahi bağlılığı qədər Füzuliyə bağlıydı, onun heyranıydı. Sənətin hansı gizlininə baş vururdusa, qarşısında Füzulini görürdü və bu düşüncələri şeirin ölməz dili ilə belə ifadə edirdi:
Qəvvas olub o dəryada mən çox üzmək istədim,
Batdım bircə damlasında, damlası da dərindi.
Və yaxud:
Dərk etmədim hikmətini, can heyrətdən uçundu...
Bu, Bəxtiyar Vahabzadənin Füzuli dühasına olan heyranlığının bədii ifadəsi idi. Ədibin Füzuli haqqında publisistik müstəvidə söylədikləri də bədii şəkildə dediklərini addım-addım izləməkdədir: “İnsanlığın yönünü Tanrıya çevirən Füzulinin səsi bütün zamanları dəlib keçir, bizi həqiqətə, sədaqətə, ədalətə, böyüklüyə, ülviliyə və yüksəkliyə səsləyir. O, bizimlə bərabər yaşayır... Şairlər var ki, biz onları bəyənirik. Şairlər var ki, biz onları sevirik, şairlər də var ki, biz onların sənəti qarşısında sükut edir, onun sehrinə düşürük. Füzulinin özü demişkən: “Sürəti-halın görən surət xəyal eylər məni”. Beləliklə, Füzuli şeirinə, Füzuli xatirəsinə ən böyük hörmət, bizim heyrətimiz və bu heyrətdən doğan sükutumuzdur” (Bəxtiyar Vahabzadə, M.Füzulinin 500 illik yubileyindəki çıxışından, (Türkiyənin Bilkənd Universiteti), Zaman və Mən, Bakı-1999, səh. 225).
Həm Füzuli, həm də Bəxtiyar Vahabzadə üçün poeziya, ümumiyyətlə, sənət aləmi eşqin təranəsi, insan düşüncəsinin uçuş mərkəzi kimi dəyərli idi. Bu münasibət Bəxtiyar Vahabzadənin “Şəbi-hicran” poemasının “Can yanğısı” fəslində yetərincə mükəmməl şəkildə öz ifadəsini tapmışdır:
Biri deyir: Həyatın hüsnü, süsüdür sənət
Biri deyir ürəyin döyüntüsüdür sənət.
Biri deyir ki, sənət təbiətin səsidir,
Biri deyir ki, sənət eşqin təranəsidir.
Biri deyir ki, sənət hər şeydən öncəsidir,
...Biri deyir ki, sənət insan düşüncəsini,
Fikrini, xəyalını uçurur göylərə.
Əsərin əsas surətlərindən biri olan Əbdül Kərimin dedikləri isə əslində, böyük müdriklərin – ilk növbədə Füzulinin və Bəxtiyar Vahabzadənin öz münasibətini ifadə edir.
Sənət dəryaya bənzər,
Onun min bir halı var
Onun sirlərlə dolu öz cahi-cəlalı var.
Kiminin bu dəryada gördüyü çör-çöp olur,
Kimi də dibindəki incilərə vurulur.
Məncə, can yanğısıdır şeir, sənət əzəldən...
Poemanın başqa bir səhnəsində Leyla ilə Məhəmmədin qarşılıqlı söhbəti əsasında sənətə, sənətkara olan müanasibətini Füzuliyanə bir tərənnümlə Bəxtiyar belə ifadə edir:
- Yanırsan, əzizim, alış, yan yenə,
Sənət dediyin də yanar çıraqdır.
Elin kədərinə, elin qəminə,
Sən də yanmayanda, kim yanacaqdır?
Bəxtiyar Vahabzadə ustadı Füzuliyə xas müdrikliklə sənətkarı yanan şama, çırağa bənzədir. Eyni zamanda, fərqinə varır ki, Füzulinin, bir növ özünün prototipi kimi yaratdığı Məcnunun özü də əbədi, sönməz bir eşq çırağıdır. Onun şölələri milyonların könlünə eşq şəfqəti əta edir. Buna görə də Bəxtiyar Vahabzadə “Heyrət, ey büt!” məqaləsi boyunca dahi şairin sənətkarlıq məziyyətlərinə bu yöndən nəzər salmağı vacib bilirdi: “Füzulinin tərənnüm etdiyi eşqin özü böyükdür. Bu eşq insanı fədakarlığa çağıran, onu daxilən böyüdən, mənən yüksəldən, qəhrəmanlıq dərəcəsinə ucaldan eşqdir. Füzuli nə üçün Məcnunun tablosunu cızdı? Məcnun nəyin dəlisidir? Məcnun idrak Məcnunudur, hər şeyi dərk etmək, hər şeyin mahiyyətinə, cövhərinə varmaq ehtirasının timsalıdı... Məcnun cəmiyyətin məhdud qayda və qanunlarına qarşı idrakın üsyanıdır... Bir sözlə, Füzuli böyük təbiətli, böyük idraklı cəmiyyətin fövqünə ucalmış əfsanəvi Məcnun obrazında özünü, öz mənəviyyatını tapmışdır. Məcnunu Füzuliyə sevdirən ondakı üstünlük, ondakı böyüklük və yüksəklik idi. Bəxtiyar Vahabzadə M.Füzulini “sözlərində nəfəs alan, fikirlərində yaşayan, duyğularında fəryad çəkən insanlar insanı, şairlər şairi, ariflər arifi” kimi qəbul edir, xüsusi bir duyğusallıqla onun havasına uçunur və bu barədə olan fikirlərini belə ifadə edirdi: “Füzuli tədqiqatçılarından hər biri onun böyüklüyünü bir cəhətdən görmüşlər. Mən isə onun böyüklüyünü ilk növbədə dilinin sehri ilə dünyadakı böyük türk xalqlarını birləşdirməsində, bu çırağın ətrafında toplaya bilməsində görürəm. Kim iddia edə bilər ki, Füzuli yalnız azəri türklərinin şairidir? Yox! O, həm azəri, həm türkmən, həm Kərkük, həm özbək, həm də Türkiyə türklərinin dahisidir. Bir sözlə, Füzuli türk xalqlarının kökü, bizsə onun qolları, budaqlarıyıq”. (Bəxtiyar Vahabzadə, “Mənəviyyat bayrağı”, “Ədəbiyyat qəzeti”, 17 fevral 1995).
Bəxtiyar Vahabzadə Füzulinin böyüklüyünü hər şeydən əvvəl dilinin sehrində görürdü və bu həm də Füzulinin ruhunun sehriydi. Dahi şairin dünyadakı bütün türk xalqlarının böyük sənətkarı olması onun ruhundan, ruhən Türk dünyasına yaxın, doğma olmasından qaynaqlanırdı. Onun bənzərsiz üslubu, poetik dili bu ruh birliyinin təcəlli etdiyi həqiqətdən qidalanırdı. Dilə, milli ruha, milli kökə bağlılıq həm də Bəxtiyar Vahabzadənin özünün böyüklüyündən intişar tapırdı. Bəxtiyar Vahabzadə sovetlər dönəminin ən kəsərli çağlarında belə sistemli, dayanıqlı şəkildə doğma ana dili mücadiləsi aparmış, öz ana dilinə biganə, yad olanları birmənalı şəkildə qınağa tutmuşdur. O, məşhur “Ana dili” şeirində öz dilinə xor baxan rusbaşlı “obrozovon”lara qarşı qəzəbini gizlətmir və “qoy bütün vəzifə, kreslo hərisliyindən irəli gələn bədxahlığınıza ananızın verdiyi süd qənim olsun, əvəzində bu yurdun “Segah”ı, “Rast”ı, “Şahnaz”ı, doğma dili mənim olsun” yazırdı. Bu, onun milli kökə, milli kimliyə bağlı olan qəlbinin, vicdanının səsiydi. Bəxtiyar Vahabzadəni doğma ana dilinə böyük eşqi, qədirbilənliyi, vətəndaşlıq qayəsi bağlayırdı. O, doğma dilinin aşiqi, məcnunu idi. Öz doğma dilinə məcnunanə bir sevgi bəsləyirdi. Və heç də təsadüfi deyildi ki, “Şəbi-hicran” poemasında dönə-dönə bəyan edir, ürək ağrısı ilə vurğulayırdı: “Bu qəmdir ki, millətin qəlbinə də, eşqinə də, ruhuna da qəsd edirlər, ay aman”... Bu, eyni zamanda Füzulinin harayı, qəlbinin səsi idi.“Şəbi-hicran” poemasında ancaq “sərvəti deyil, ürəyi də parçalanan” bir məmləkətin, xalqın taleyi sanki həm Füzulinin, həm də Bəxtiyar Vahabzadənin dilindən, yaşamından belə ifadə olunurdu:
Arzusunu, eşqini
O, tapmadı həyatda.
Həyata güldüyündən
Ağlatdı zülüm-zülüm
Füzulini həyat da!..
Burda böyük dərdimiz yadıma düşdü mənim,
Hələ birlik görməmiş mənim böyük vətənim.
Qəsbkarlar əlində didildi, parçalandı,
Ancaq sərvəti deyil, ürəyi də talandı.
Sərvət getsə qəm deyil,
Sərvət gələr yenə də.
Bu qəmdir ki, millətin
Qəlbinə, eşqinə də,
Dilinə, ruhuna da
Qəsb edələr, ay aman!
Ələmlərin, dərdlərin
Hamısından bu yaman!
Bəxtiyar Vahabzadə öz böyük ustadı Füzuli kimi, bu milli faciə və dərdlərin ilk növbədə dövrün, zamanın xarakterindən irəli gəldiyini bəyan edirdi. Füzulinin də ən böyük gileyi, tənqid hədəfi zəmanədən idi. Zəmanədən şikayət ilk növbədə Füzulinin “Şikayətnamə” əsərinin meydana gəlməsinə zəmin yaradırdı. Öz növbəsində Bəxtiyar Vahabzadənin “Şikayətnamə”si “Gülüstan”, “Şəbi-hicran” idi. Həm Füzulinin, həm də Bəxtiyar Vahabzadənin əsərləri öz zəmanələrinin manqurt təfəkkürünə üsyan faktları, lövhələri kimi qəbul edilirdi və Füzulinin
“Şikayətnamə”si Bəxtiyar Vahabzadənin “Gülüstan”ı, “Şəbi-hicran”ı ilə tamamlanırdı:
Hərəsi bir diyarda qalan qardaş-bacılar,
Füzulinin şeirilə tanıdı bir-birini.
O çatdırdı qardaşa qardaşın əllərini.
Könüllərə bir ümid,
Nəşə verdi Füzuli
Parçalanmış milləti
Birləşdirdi Füzuli.
Dərin minnətdarlıq hissi ilə qeyd etməliyik ki, Füzulinin XVI yüzildə gerçəkləşdirməyə çalışdığı kimi, XX yüzilin totalitar sovet basqıları altında eyni birləşdirici, oyadıcı, səfərbəredici missiyanı Bəxtiyar Vahabzadə fenomeni cəmiyyətimiz üçün yerinə yetirdi, millətin böyük dərdini çiyinlərində ləyaqətlə daşıdı, hər misrasında, hər beytində ikiyə bölünmüş doğma Azərbaycanımızın azad olmaq, birləşib bir olmaq ideyasını ifadə etdi və bu məqamda həmişə Füzuli ruhən, fikrən onun yanında oldu. Ona mənəvi dəstək verdi. Parçalanmış milləti birləşdirmək istəyinə güc qatdı. Füzuli dilinin sehrli, qüdrətli varlığı ilə yaratdığı “Gülüstan”ı, “Şəbi-hicran”ı ilə Bəxtiyar Vahabzadə böyük Türk dünyasını milli birliyə, bütövlüyə səslədi. Bütün bu dillər əzbəri olan əsərləri o, ilk növbədə Füzulinin ana laylasına bənzər poeziyasının həmrəyliyi, həmdərdliyi hücrəsinə etiqad və zikr edə-edə yaratdı, böyük ustadının poetik irsi barəsində həmişə xüsusi iftixar hissi ilə söz açdı: “Ana laylasına bənzər bu misralardakı dilin sehri dünyanın o başında yaşayan bir türklə, bu başında yaşayan türkü eyni kökə qovuşdurur, bir-birinə tapındırır. Budur, Füzuli şerinin tilsimi, böyüklüyü və qüdrəti” – deyən Bəxtiyar Vahabzadə bütün yaradıcılığı boyunca Füzuli irsinə mənən sədaqətini sərgiləmiş oldu.
Qapadı gözlərini yana-yana Füzuli
Zülmündən usandığı bu cahana Füzuli...
Bütün bu misralarda o, həm də Füzuli obrazını əbədiləşdirir. “Şəbi-hicran” poemasında Türk dünyasının Bəxtiyarı türkün ulu ruhunun tərcümanı Füzulinin bədii-estetik doğuluşunu qələmə alır. Türkçülük və Azərbaycançılıq məfkurəsi üzərində əbədiləşən bu Söz heykəli böyük şairi oxuculara hər misrası ilə sevdirməkdədir. “Şəbi-hicran” Füzuli dünyasına gedən bədii yoldur, şair Füzulinin ilahi eşq fəlsəfəsini çiyninə alıb bu yolla haqqın dərgahına doğru gedir. Bu yol əslində şairliyin əzablı, fəqət şərəfli yoludur. Bəxtiyar Vahabzadənin çox sevdiyi sözlə desək, İnam yoludur. Füzuli Tanrıya inanardı – Füzulinin Tanrısı Eşq idi. Bu dünyaya göylərdən Eşq bəlasına mübtəla olmaq üçün gəlmişdi Füzuli...
Ömrünü ahlarla vermədin bada,
Arzu dəryasında bir yelkən oldun.
Zaman özgəsini yandıranda da
Alışan o oldu, yanan sən oldun.
Ağladın, yayıldı səsin hər yana,
Bülbül bağçalarda ötdü – dedilər.
Gələndə Məhəmməd gəldin cahana
Gedəndə: “Füzuli getdi” – dedilər.
M.Füzuli tarix durduqca duran, sənəti ilə ölümsüzlük qazanan, zamanların ötəsində insanlığın qəlbində, iç dünyasında əbədiyaşar bir obrazdır. Hər iki sənətkarın “Şəbi-hicran”ı – Füzulinin “Şəbi-hicran” və Bəxtiyarın “Şəbi-hicran” poemaları ilahi bir eşqlə sevən, sevgisiylə kamilləşən İnsanın özünüdərk yoludur.
Yüzillər ötsə də, bu yol mənən kamilləşməyə doğru varan hər bir Türkün ruhuna işıq, düşüncələrinə aydınlıq olacaq.
“Ədəbiyyat və incəsənət”
(08.04.2025)
Baxla Ağdamı nə birləşdirir?
Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Musiqi müəllimlərinin attestasiyası mövzusu gərgin müzakirələrə səbəb oldu. Düzdür, sonra gündəmi Şərurlu İsfəndiyar mövzusu zəbt etdi. Amma biz yenidən attestasiyaya qayıdırıq.
Müəllimlər, onların yaxınları attestasiya söhbətini topa-tüfəngə tutdular.
Niyə bu müəllimləri 30 il ərzində ilk dəfə olaraq attestasiya edirlər? Camaatın çörəyinə niyə bais olurlar? 30 ilin müəllimini də attestasiya edərlər?
Amma məsələ qəfil də olmayıb axı. Mədəniyyət Nazirliyi hələ ötən il bəyan etmişdi ki, müəllimlərin qiymətləndirməsini edəcək. Özü də söz vermişdi ki, hər şey şəffaf olacaq.
Siz Allah, bir nəticələrə baxın. Adanın ayağının altından yer qaçır.
1183 nəfər müəllim uğurla attestasiya olundu, o cümlədən bunlardan 650 nəfəri ən yüksək nəticə ilə prosesi yekunlaşdırdı.
Amma…
Attestasiya zamanı aydın oldu ki, bizim, heç demə, elə müəllimlərimiz var ki, onlar İohan Sebastyan Baxın - dünyaşöhrətli alman bəstəkarının ağdamlı olduğunu biliblər və ya böyük Üzeyir Hacıbəylinin hələ də yaşadığına əmindilər.
Hətta bizim elə müəllimləri attestasiya üzə çıxarıb ki, həmin müəllim tək barmaqla pianino ifa edirmiş. Bütün bunlar müəllimlərin attestasiyasının ayrı-ayrı nəticələridir.
Demək, Mədəniyyət Nazirliyi lap düzgün edib bu attestasiya məsələsində.
Öz aramızdır, Baxla Ağdamı nə birləşdirə bilərdi axı?
“Ədəbiyyat və incəsənət”
(08.04.2025)
ABİDƏLƏRİMİZ - Xanlıq Muxtar karvansarası
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Şuşa şəhəri M. F. Axundov küçəsi 29 ünvanında Şuşa Dövlət Tarix-Memarlıq Qoruğuna aid ölkə əhəmiyyətli Xanlıq Muxtar adlı karvansara yerləşir.
Xan sarayında xidmət etmiş, şəhərin hörmətli şəxslərindən biri kimi bilinən Xanlıq Muxtar tərəfindən XVIII əsrdə tikilmişdir. XIX əsrin sonlarına yaxın Şuşada fəaliyyət göstərən 10 karvansaradan biridir.
Şəhər 1992-ci ildə ermənilər tərəfindən işğal edildikdən sonra karvansaradakı İslam elementləri və ərəb dilindəki yazılar erməni xaçı və yazısı ilə əvəzlənmişdir. Günümüzə binanın Bazarbaşı adlanan meydanına baxan hissəsi qalmışdır. Şuşa şəhəri işğaldan azad ediləndən sonra binanın bu fraqmentinin bərpa edilməsi planlaşdırılır.
Xanlıq Muxtar karvansarası birmərtəbəli inşa edilib, əsas küçələrə açılan pəncərə və qapıları iri ölçüdə həll olunub. Ticarət yeri kimi istifadə edilən binanın daxili otaqları anbar və yaşayış üçün nəzərdə tutulub.
“Ədəbiyyat və incəsənət”
(08.04.2025)
Heydər Əliyev Sarayında inanılmaz bir musiqi tamaşası hazırlanır
Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Düşünürəm ki, bu konsert əsl musiqi bayramına çevriləcək.
İyunun 3-də Heydər Əliyev Sarayında rejissor Nail Naiboğlunun kliplərini çəkdiyi müğənnilərin iştirakı ilə “Klip kimi ömür” adlı qala-konsert keçiriləcək.
Siz bir adlara baxın!!! Görün bu rejissor kimlərin klipini çəkib.
Konsertdə Flora Kərimova, Nisə Qasımova, Samir Bağırov, Gülyaz və Gülyanaq Məmmədovalar, Fidan Hacıyeva, Mətanət İsgəndərli, Ədalət Şükürov, Fərqanə Qasımova, Lalə Məmmədova, Elnur Məmmədov, Samira AliMaryam, İzzət Bağırov, Xatun, Eldar Qasımov, Fahree, İlkin Dövlətov, Samirə Əfəndi, Mehin Hümbətova, reper Saybu, türk müğənnisi Kiçik İbo və başqaları iştirak edəcəklər. Aparıcı Nailə İslamzadədir.
Konsert adi konser olmayacaq. Öz müstəsna musiqi müşayiəti ilə yadda qalacaq. Belə ki, Nail Naiboğlu açıqlamasında bildirir ki, gecədə ulduzlar sevilən hitlərini 35 nəfərdən ibarət GRAMOPHONE estrada orkestrinin müşayiəti ilə canlı ifa edəcəklər. Dirijor Ellada Məmmədova, gecənin musiqi rəhbəri Xanın İsmayılqızıdır.
Gecədə yeni mahnıların da təqdimatı gözlənilir. Belə mahnılardan birini Türkiyədən gecəyə qonaq gələcək Kiçik İbo ilə müğənni Leyla Rəhimova dueti ifa edəcək.
Təsəvvür edin ki, Nail Naiboğlunun “Klip kimi ömür”ünü 100 nəfərdən ibarət yaradıcı heyət hazırlayır. Biletlər şəhərin kassalarında və İTİCKET.az saytında satılır.
Konsert barədə bu qədər. Gerisini, özünüz iyunun 3-də görəcəksiniz.
“Ədəbiyyat və incəsənət”
(08.04.2025)
Uğura aparan elevator xarab olub, pilləkənlər isə hələ də açıqdır
İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Haqqını ödə!
Uğur üçün tələb olunan haqqı tam ödədiyinizi necə müəyyən edə bilərsiniz? Çox sadə, ətrafınıza baxın. İndiki həyat tərzinizə və bank hesabınıza baxaraq, tələb olunan haqqın nə qədərini ödədiyinizi asanlıqla müəyyən edəbilərsiniz. Xarici aləminiz, əks etmə qanunu vasitəsilə sizin necə şəxsiyyət olduğunuzu və nə qədər ödədiyinizi güzgü kimi göstərəcək.
Uğurun dəyəri haqda maraqlı məqam var:
Uğurun dəyəri mütləq tam və əvvəlcədən ödənilməlidir. Uğurun haqqı, yeməkdən sonra ödədiyiniz restoran hesabına bənzəməz. Bu kafeteriyaya bənzəyir, istədiyinizi seçə bilərsiniz amma haqqını yeməzdən öncə ödəməlisiniz. Motivator natiq Ziq Ziqların dediyi kimi: “Uğura aparan elevator xarab olub, pilləkənlər isə hələdə açıqdır”.
Brayan Treysi / Bəhanələrə yox (Daxili intizamın gücü)
“Ədəbiyyat və incəsənət”
(08.04.2025)
Sevinc Elsevərin küncdəki uşaqları – UŞAQ ƏDƏBİYYATI
Nurlana İşıq, “Ədəbiyyat və incəsənət” üçün
Uşaqların tərəfində olan şair Sevinc ən çox da küncdəki incidilmiş uşaqların dostudur: onların bütün uşaq yalanlarını, dəcəlliklərini dəstəkləyir. Müasir uşaq şairləri əksərən uşaqları öyrədirsə, Sevinc uşaqların dili ilə böyükləri də öyrədir.
“...cizgi filmlərinin sonunda
dostlaşır itlə pişik
ilanla insan
uşaqların dünyası nə gözəldir, İlahi
böyüklərin də dünyasını o cür elə”.
Böyüklər üçün adi görünən bir mənzərə, ya hadisə uşaqlar üçün qorxulu ola bilər: uşağın hissləri xamdır, dərinləşməyib, oyuncaq itini zivədə görən uşaq anidən duyğulanacaq, çünki onun gerçək dünyasında ağappaq yox, büzüşmüş it var. Bu təzadlı ( bir az da kədərli) həyat hadisəsinə “ Oyuncaq it “ şeirində baxaq:
“Asılmışdı zivədən
İtim bir qulağından
Su damlayırdı ondan
Ağlayırdı deyəsən.
Büzüşmüşdü bir az da
Titrəyirdi tükləri
İtim balacalaşıb
Lap pişiyə dönmüşdü
Anam sevinirdi:
“Bax,
İtin olub ağappaq”.
Nümunəni beşinci və altıncı siniflərdə tədris etmək olar.
Şairin uşaq şeirlərindəki vintaj mənzərələr həmin dünyanın zamansız nostalgiyasını yaşadır. Elə bil qatarda gedirsən, uşaqlıq xatirələrin bir- bir göz önündən keçir. Məsələn, bir yelləncəyin tut ağacına bağlanması saf bir dövrün simvoludur.
“Nəğmə” şeirini oxuyan bütün uşaqlar evrənsəl bir dünyaya girəcəklər. Günəş , ulduz, ay olub kainatın kəhkəşanına qarışacaqlar və sonda Yer üzünə qayıdacaqlar. Belə mediativ şeirlər dərsliklərimizdə yoxdur. Ancaq müəllimlik təcrübəm və intuisiyam deyir ki, uşaqların zövqüncədir bu cür şeirlər; Sübut üçün deyirəm ki, mən bu şeiri sinifdəxaric oxu kimi 7-ci sinif şagirdlərinə vermişdim. Onlar “Şeir məndə hansı hiss və düşüncələri oyatdı?” başlığı altında esse tapşırığını yerinə yetirmişdilər. Uşaqların əksəriyyəti ilk dəfə idi ki, “Vətən haqqında“ qeyri-adi şeir oxuduqlarını söylədilər. Onlar bu şeirdə azadlığın əsl dadını hiss etmişdilər. Uğur adlı şagirdim, “bu şeiri oxuduğum üçün çox şanslıyam”,-yazmışdı.
“Nəğmə” təkcə şeir deyil, uşaqlıq manifestindən bir hissədir sanki. Yelləncəkdə yellənən uşaq təkcə Vətən sevgisini duymur, onu iliklərinə kimi hiss edir. Şairlərin böyüklüyü də ondadır ki, onlar öyüd-nəsihət verməkdən çox, bu hissləri yaşada bilir:
Nəğmə
Yelləncəyim, yellə məni
Bayrağımı dalğalandıran
O küləyi öpəcəm.
Daha, daha hündürə qalx
Yağışları yağdıran
O buludu öpəcəm.
Gözəl bir günəşin
Taxacam saçlarına
Əlimdəki çiçəyi
Baxım, yaraşır ona?
Yelləncəyim, yellə məni
Mən qorxmuram
Sən də qorxma
Bərk bağlayıb iplərini
Atam tut ağacına.
Yellə məni, qanadlanım
Bahardan xəbər verən
Qaranquşu öpəcəm.
Dimdiyində çöp aparan
Bax, o quşu öpəcəm.
Möhkəm dayan, tut ağacım
Tut məni
Yıxılmağa qoyma məni
Yellənim qoy göylərəcən
Əlim çatan budağını öpəcəm.
Yelləncəkdən düşüm gəlim
Torpağını öpəcəm.
Yeddinci sinifə qədəm qoyanlar həm də yeniyetməlik çağının ortalarında olurlar: bu uşaqlar nə tam yerə bağlıdırlar, nə göyə. Şeirdə uşaqların Göylə Yer arasında qurduğu bağ o qədər poetik ifadə olunub ki, hər misrada uşaq böyüyür, bir az da İnsan olur. Sevinc Elsevər bu tip şeirlərində bizə bir daha göstərir ki, uşaqların dünyası tərbiyə olunmalı deyil, eşidilməlidir.
Bəli, Sevincin uşaqları qorxur, utanır, çaşır, sevir...ancaq duyaraq yaşayırlar.
“Ədəbiyyat və incəsənət”
(08.04.2025)
ŞƏRƏF LÖVHƏSİndə Hamlet Məmmədov
İlhamə Məhəmmədqızı, “Ədəbiyyat və incəsənət”
Dürüst və məsuliyyətli, öz işini sevən Hamlet Məmmədovdan bəhs etmək istəyirəm.
55 yaşı var. Onu orta təhsil illərindən tanıyıram. Sumqayıt şəhər 21 nömrəli tam orta məktəbdə bacısı Ziyafətlə eyni sinifdə oxumuşam. Mehriban bacı-qardaş kimi hər zaman barələrində maraqlanmışam. Bir jurnalist kimi də Hamletin əmək fəaliyyətini vaxtaşırı izləmişəm.
Belə ki, o, şəhərimizin ictimai-siyasi həyatında yaxından iştirak edir, mühüm, məsul iş sahibidir. 1993-cü ildən 2015-ci ilədək polis nəfəri olub. Baş serjant rütbəsi alıb. Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsininn Sumqayıt şəhər polis mühafizə idarəsində işləyib. 2000-ci ilin martın 1-dən şəhər bələdiyyəsinə polis mühafizəçisi kimi təhkim edilib. Təqaüdə çıxsa da hazırda burada mühafizəçi işini həvəslə icra edir. Müxtəlif təbəqəli insanlarla ünsiyyət qurmağı bacarır, onlarla yaxşı dil tapa bilir, ona müraciət edənlərə düzgün yanaşır.
Qeyd edək ki, Hamlet Məmmədov Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuraya iki dəfə üzv təyin olunubdur. Hazırda 20-ci mikrorayon ərazisi üzrə məhəllə komitəsinin sədridir. Daim sakinlərin qayğısı ilə maraqlanır, onların müraciətlərini dinləyir, problemlərinin həlli yollarını başa salır.
Ailəlidir, bir qızı, bir oğlu var, hər ikisi ali savadlı mütəxəssis kimi cəmiyyətimizə xeyirli, gərəkli övladdır. İki nəvənin sevimli babasıdır.
Hamlet deyir ki, mühafizəçi həm də çalışdığı qurumun görünən simasıdır. Əgər insanlarla kobud rəftar edərsə, o zaman həmin qurum haqqında münasibət də mənfi olacaq. Lakin mühafizəçi xoş auralı olarsa və işinə sevgi və məsuliyyətlə yanaşarsa, hər bir insan da o təşkilat haqqında qənaətbəxş düşünəcək. Çalışıram ki, gündəlik vəzifəmin öhdəsindən layiqincə gəlim, buraya üz tutanları xoş münasibətlə qarşılayım və yola salım, hər kəsə müsbət enerji ötürüm. İndiyədək beş bələdiyyə sədrinin rəhbərliyi altında yorulmadan işləmişəm.
Hamlet Məmmədov həmçinin Birinci Qarabağ müharibəsi veteranıdır. O, eyni zamanda qürurla vurğulayır ki, bizə qələbə sevinci yaşadan Ali Baş Komandan İlham Əliyevin çox uğurlu siyasəti nəticəsində ərazi bütövlüyümüz, suverenliyimiz təmin edilib. Şəhidlərimizin, qazilərimizin, əsgərlərimizin canı, qanı bahasına ən yaxşı, ən gözəl Zəfər qazanmışıq. Prezidentimizə, onun siyasətinə güvənirəm. Müasir, müstəqil Azərbaycanımız kifayət qədər potensiallıdır. İradəmizə, qüvvətimizə inanıram. Allahıma inanıram. O, bizdən daha yaxşı bilir hər şeyi. Sevinək, sevinək, yalnız sevinək. Birliyimizi qoruyaq, səbrli olaq. Biz güclüyük artıq. Çünki qətiyyətli, müdrik siyasəti olan ölkə rəhbərimiz var.
Bəli, gözəl tarixi günlər yaşayırıq. Fərəhli, sevincli günlərimizi Allah bizə çox görməsin.
Azərbaycanlı olduğum üçün özümü çox xoşbəxt hiss edirəm. Sumqayıtın sakini kimi sumqayıtlılara xidmət etdiyim üçün də fəxr duyuram.
Biz də öz növbəmizdə deyirik: Yaxşı ki, Hamlet kimi insanlar var.
Uzun illər sevdiyi işini məsuliyyətlə və vicdanla yerinə yetirən, bəyazlaşmış saçları, üzündəki nazik qırışları həyatının canlı, nurlu güzgüsünə çevrilən zəhmətkeş qardaşımıza möhkəm can sağlığı, ailə səadəti, uzun ömür, bolluca uğur və sevinc arzulayırıq.
“Ədəbiyyat və incəsənət”
(08.04.2025)