ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında ustad aşıq Mikayıl Azaflının anadan olmasının 100 illiyi münasibətilə konsert keçirilib.

 

İctimai Birlikdən AzərTAC-a verilən məlumata görə, tədbirdə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli, professorlar Qəzənfər Paşayev, Mahirə Nağıqızı, Milli Məclisin deputatları Məlahət İbrahimqızı, Arzu Nağıyev və Aydın Hüseynov çıxış edərək Mikayıl Azaflının zəngin irsi və aşıq sənətinə verdiyi böyük töhfələrdən söz açıblar.

 

Tədbirdə Mikayıl Azaflının qızı Aşıq Gülarə Azaflı Azərbaycanın aşıq sənəti sahəsində göstərdiyi misilsiz xidmətlərinə, xalq musiqisinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsindəki əvəzsiz töhfələrinə görə “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin "Aşıq Ələsgər 200" yubiley medalı və fəxri diplomu ilə təltif edilib.

 

Filologiya üzrə fəlsəfə doktoru Aytən Qurbanovanın aparıcılığı ilə davam edən tədbirdə tanınmış və gənc ifaçılar Mikayıl Azaflı yaradıcılığına müraciət edərək öz çıxışları ilə tamaşaçıların könlünü oxşayıblar.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

Azərbaycan Kinematoqrafçılar İttifaqı “Mən qadınam” adlı tammetrajlı bədii film üçün ssenari müsabiqəsi elan edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Kinematoqrafçılar İttifaqına istinadən xəbər verir ki, ssenari müsabiqəsinin məqsədi kinomuzda müasir qadınlarımızın parlaq kino obrazlarını yaratmaqdır.

 

Müsabiqəyə göndərilən ssenarilərə janr məhdudiyyəti qoyulmayıb. Müsabiqənin şərtlərinə görə, təqdim edilən ssenarinin baş qəhrəmanı qadın olmalıdır. Hadisələr müasir zamanda baş verməlidir, metrajı 52 dəqiqədən çox olmalıdır.

Ssenarilər ancaq bədii film formatında olmalıdır (animasiya, sənədli film qəbul edilmir). Əvvəlki müsabiqələrdə qalib olan tammetrajlı ssenarilər müsabiqəyə qəbul edilmir.

Müsabiqədə iştirak üçün tammetrajlı bədii filmin ssenarisi, (şrift: Courier New, ölçü: 12) müəllif haqqında məlumatla (filmoqrafiya (əgər varsa), təvəllüd, iş yeri, ali təhsil) birlikdə elektron variantda Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. elektron poçt ünvanına “Mən qadınam” başlığı ilə göndərilməli və çap olunmuş variantda (2 nüsxə) Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə (Bülbül prospekti 30, ikinci mərtəbə, 207-ci otaq) təqdim edilməlidir. Bir müəllif maksimum iki ədəbi ssenari təqdim edə bilər.

 

Ssenarilər 2025-ci il aprelin 15-dək Azərbaycan Kinematoqrafçılar İttifaqına təqdim olunmalıdır.

 

Qaliblərin adı 2025-ci il avqustun 2-də açıqlanacaq.

İlk üç yerin qalibləri diplom və pul mükafatı (5000, 3500 və 2500 AZN) ilə təltif ediləcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsinin Estrada sənəti kafedrası tərəfindən unudulmaz müğənni, Xalq artisti Oqtay Ağayevin 90 illiyinə həsr olunmuş “Kimsən sən...” konsert proqramı təqdim olunub.

 

AzərTAC xəbər verir ki, konsertdə ölməz sənətkarın repertuarından mahnılar səsləndirilib. Tədbirdə, həmçinin Oqtay Ağayevin zəngin yaradıcılığını əks etdirən videogörüntülər nümayiş edilib.

 

Sonda Estrada sənəti kafedrasının müdiri professor Məryəm Babayeva çıxış edərək Xalq artistinin həyat və yaradıcılığından bəhs edib, onun böyük sənətinin bu gün də Azərbaycanın gənc musiqiçilərinə, müğənnilərinə mayak olduğunu deyib.

 

Konsert proqramını ADMİU-nun rəhbərliyi, professor-müəllim heyəti, ölkəmizin bir sıra ali təhsil ocaqlarının rektorları, tanınmış ictimaiyyət nümayəndələri, musiqisevərlər və Oqtay Ağayev sənətinin pərəstişkarları izləyiblər.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

Xalq yazıçısı, akademik Kamal Abdullanın əsəsrlərindən seçilmiş bir sıra qranula – cövhər sayıla biləcək məqamları “Ədəbiyyat və incəsənət” oxucularına təqdim edir.

 

Kamal Abdulla özü seçilmiş bu cövhərlər barədə yazır: “İllərdən bəri yazdığım müxtəlif şeirlərin, esselərin, pyeslərin, hekayə və romanların, publisistik məqalələrin və elmi əsərlərin, verdiyim intervülərin hər birinin içində yer almış və bu gün də öz məzmunu, tutumu, forması ilə diqqətimi çəkən misralar, cümlələr günlərin bir günü sanki dil açıb mənə dedilər ki, bizim bir-birimizdən zaman və məkanca ayrılığımıza son qoy və bizi bir-birimizin yanında yerləşdir. Sən görəcəksən ki, bu zaman biz tamamilə yeni bir cazibədə zühur etmişik. Onlar qeyri-səlis məntiq dili ilə desək, içində olduqları mətnin qranulaları (ilkin vacib hissəcikləri) idi. Qranula, başqa cür ifadə etsək, cümlədən (mətndən) bütün artıq hissələri siləndən sonra yerdə qalan cövhərdir.”

 

Bu günlərdə “Everest” nəşriyyatında müəllifin “Seçmələrin seçməsi-qranulalar” adlı kitabı da işıq üzü görmüşdür.

Beləliklə, hər gün Kamal Abdulladan 7 qranula:

 

1.

Milyon-milyon əsrlər bundan öncə zamanın və məkanın dansökülənində baş vermiş Möhtəşəm Partlayışın əks-sədası fəzada fırlana-fırlana gəlib bu gün bizə çata bilirsə, deməli, səslənən pıçıltının ömrü əbədidi.

2.

Ramiz Rövşən: “Dünya mənə tanış gəlir.”

Bu, hələ harasıdır, hərdən mənə elə gəlir ki, mən özüm özümə tanış gəlirəm.

3.

Füzuli heç zaman Petrarka sevən kimi konkret olaraq kimisə sevməyib.

Füzulinin sevdiyi sevginin özü olub.

4.

Füzuli hər qəzəlində Yerdən Göyə, Göydən Yerə gözəgörünməz sürətlə gedib qayıdan bir Səyyahdır.

5.

Səsimdən yapış!..

6.

“ Əql var isə sevilmək ilə sevmək nə demək?”

7.

U.Eko: “İnformasiya bəlkə də o demək deyil ki, nə isə deyilsin, informasiya bəzən o deməkdir ki, nə isə deyilmir, amma deyilə bilər.”

Gözəgörünməzliyin triumfu!

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

 

 

 

 

Çərşənbə, 18 Dekabr 2024 10:00

Mühacir günü, Spilberq, Stradivari

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

Bu günə təsadüf edən əsas əlamətdar hadisələri diqqətinizə çatdırırıq:

18 dekabr.

 

Beynəlxalq mühacir günü

İnternational Migrants Day 2000-ci ildən qeyd olunur. 1990-cı ilin həmin günündə mühacirlərin və onların ailələrinin hüquqlarının müdafiəsi Konvensiyası qüvvəyə minib. BMT-nin Baş Assambleyası bu zümrədən olan insanların müdafiəsinə qalxmaqla onlara qarşı tətbiq edilən ayrı-seçkiliyə son qoymağa cəhddə bulunub. Son hesablamalara görə, planetin hər 35-ci sakini mühacirdir.

Hazırda öz ölkələrindəki zülm və istibdaddan, müharibələrdən kütləvi şəkildə qaçan əfqanlar, suriyalılar dünya sərhədlərini didib-dağıtmaqdadırlar. Təbii ki, azərbaycanlılar da çoxsaylı mühacirləri ilə diqqət mərkəzində olmalıdırlar. Xüsusən, Rusiyada mühacirlərimizin sayı çoxdur, qeyri-rəsmi məlumatlara görə hətta iki milyon civarındadır. Ardınca Türkiyə gəlir. Güzəran dalınca qürbətə üz tutanlarımız əfsus ki milyonlarladır. Ən çox adamı ağrıdan da xaricə olan “beyin axınıdır”.

 

Beynəlxalq ərəb dili günü

BMT bu günü təqvimə salmaqla yanaşı, həm də ərəb dilini Baş Assambleyanın və onun komitələrinin rəsmi dilləri sırasına da aid edib. Dinimizin dilinin bu qədər ucalması əlbəttə ki, mütərəqqi haldır. İstəyərdim ki, başında zat aliləri Allahşükür Paşazadə dayanan dini qurumlarımız bu fakta diqqət yetirsinlər, ucdantutma ərəbcə bilməyən mollaların peyda olmasına göz yummasınlar. Yazıçı Varis bir əhvalat danışıb. Tələbəlik vaxtı bir dəfə Qazaxın Yuxarı Salahlı kəndinə gedibmiş, yas mərasimi idi, bir molla əlində tutduğu kağızdan “Quran” kəlmələrini izhar edirdi, camaat da kirimişcə onu dinləyirdi. Təsadüfən gözü mollanın “şparqalkasına” sataşıb, görüb ki, orda ərəb əlifbası (yəni bizim əski əlifba) ilə Səməd Vurğunun şeiri yazılıb : “El bilir ki sən mənimsən, Yurdum yuvam məkənimsən...” Ehmalca mollanın qoluna toxunub qulağına pıçıldayıb ki, əlindəki vərəqdə şeir yazılıb. Molla da yalvar-yaxar eləyib ki, bəs qadan alım, çörəyimə bais olma.

 

Qətərin milli günü

Nefti və qazı ilə xalqını xoşbəxt edən Qətər dövlətinin bu gün bayramıdır, müstəqilliklərinin ildönümüdür. 1878-ci ilin 18 dekabr günü müstəqil Qətərin qurulduğu gündür. Qətər dövləti quruluşca monarxiyadır. Ərazisi tamamilə səhralıq olan Qətərdə neft və qaz pulları ilə əsl cənnət yaradılıb. Neft və qaz Qətəri Ümumi Daxili Məhsula görə dünyanın lider dövlətinə şevirib. Qətər adambaşına düşən gəlirə görə də dünya lideridir, bu rəqəm bizlərin yuxusuna belə girməyən həddədir – 88222 ABŞ dolları!!! Orada yerli əhali məmurları və biznes sahiblərini çıxmaq şərti ilə demək olar ki işləmir, neft və qazdan adambaşına hesablanan aylıq gəlirlə bəy balası kimi yaşayır, bütün qara işləri gəlmə qasrtobayterlər görürlər.

Əslində Qətər barədə çox danışmaq olar, amma qibtə və paxıllıqdan susmağa üstünlük verirəm.

 

Spilberqdən Stalinə qədər

Ruslarda “ZAQS” işçiləri, yəni kəbinkəsənlər günüdür. Moldovanlarda polis günü, anqolalılarda mədəniyyət festivalı günləridir. Britaniyalılar Milli Stilton pendiri gününü qeyd edəcəklər. Amerikalılar isə onların açığına Milli Peçenyebişirmə gününü qeyd edəcəklər, üstəlik, “Mən bal sevirəm” gününü qeyd edəcəklər, hələ üstəlik Milli qızartma çoşka gününü də qeyd edəcəklər.

Vyetnamlıların bu gün matəm günüdür, 1972-ci ildə ABŞ prezidenti Nikson Şimali Vyetnamın bombalanması əmrini verib, 1600 vətəndaş həlak olub; 1940-cı ildə 3-cü reyx məşhur Barbarossa planını təsdiqləyib; 1963-cü ilin bu günündə dünyaca məşhur Amerika aktyoru Bred Pitt dünyaya gəlib. Onunla eyni gündə ad gününü dünyaca məşhur Amerika rejissoru Stiven Spilberq də qeyd edir. Stiven Breddən 17 yaş böyükdür. 1921-ci ilin bu günündə komedik filmlərinə günü bu gün də sevə-sevə baxdığımız məşhur sovet aktyoru Yuri Nikulin doğulub. 1878-ci ilin 18 dekabrı isə dünyaya İosif Stalin adlı tarixin ən qəddar diktatorlarından birini bəxş edib.

18 dekabrda dünyadan köçənlərdən isə çex prezidenti, həm də dramaturqu Vaslav Qaveli (2011), island şairi, island himninin müəllifi Mattias Yokumsonu (1920) və dünyaşöhrətli İtaliya skripka ustası, 1200 skripka düzəltmiş Antonio Stradivarini (1737) göstərə bilərik.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

 

 

Hər zaman kitabçılığın və kitabın dostu olan Azərbaycan Nəşriyyatları Assosiasiyası (ANAİB) kitab sənayesinin inkişafı və təbliği ilə bağlı 3 mükafat təsis edib.

“Ədəbiyyat və incəsənət” portalına ANAİB-dən verilən məlumata görə, bu mükafatlar aşağıdakılardır:

 

Daş kitabə – Azərbaycanda mütaliə mədəniyyətinin inkişafındakı xidmətlərinə görə;

Kitabın səfiri  – Azərbaycanda kitabçılıq işinin inkişafı və kitaba marağın artırılması istiqamətində ardıcıl fəaliyyətinə görə;

ANAİB-in dostu – Azərbaycan Nəşriyyatları Assosiasiyası İctimai Birliyinin (ANAİB) təşkilatçılığı ilə keçirilən tədbirlərdə fəal iştirakına, maddi və mənəvi dəstəyinə görə.

ANAİB sədri Şəmil Sadiqin sözlərinə görə, mükafat sahibləri hər ilin sonunda rəhbərlik etdiyi qurumun idarə heyəti tərəfindən müəyyənləşdirilərək sahiblərinə təqdim ediləcək. Sədr onu da bildirib ki, 2024-cü il üzrə mükafatın sahibləri artıq məlumdur.

Mükafatlar öz sahiblərinə 19 – 22 dekabr tarixlərində keçiriləcək ANAİB I Bakı Kitab Festivalında təqdim olunacaq. Təqdimetmə mərasimi hər ilin sonunda ANAİB-in təşkil etdiyi Bakı Kitab Festivalında keçiriləcək.

Mükafatlandırılanların siyahısını təqdim edirik:

 

“Daş kitabə” nominasiyasının qalibi:

- Fazil Mustafa, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri.

 

Kitabın səfiri nominasiyası ilə təltif edilənlər:

- Fərid Cəfərov, mədəniyyət nazirinin müavini;

- Bahar Muradova, Ailə Qadın və Uşaq Problemləriüzrə Dövlət Komitəsinin sədri;

- Elnur Nəsibov, Təhsilin İnkişafı Fondunun sədri;

- Rəşad Məcid, Mətbuat Şurasının sədri;

- Rafiq Həşimov, Əməkdar artist.

 

ANAİB-in Fəxri üzvü nominasiyası ilə təltif edilənlər:

- Əkbər Qoşalı, Mədəniyyət Nazirliyi yanında İctimai Şuranın sədr müavini;

- Mikayıl Yusifov, “İnci” Şirkətlər Qrupunun idarə heyəti sədri;

- Nüşabə Hüseynli, Əməkdar jurnalist;

- Tahir Əliyev (Tahiroviç), Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi;

-  Hüseyn Hüseynov, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

Çərşənbə, 18 Dekabr 2024 11:46

Gəncəlilər “Qadınım”a baxıblar

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Azərbaycan Dövlət Akademik Musiqili Teatrının ifasında türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun “Matryoşka” pyesi əsasında hazırlanan “Qadınım” tamaşası nümayiş etdirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Filarmoniyadan verilən məlumata görə, türk retro musiqilərinin canlı ifa olunduğu tamaşanın süjet xəttində sevgi və ehtiras dolu iki aşiqdən bəhs olunur.

 

Tamaşada Əməkdar artist Nigar Şahmuradova, gənc aktyorlar Əmrah Dadaşov və Gültac Əlili, teatrın xor və balet heyəti iştirak ediblər.

 

“Qadınım” tamaşasının quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, musiqi tərtibatçısı Əmrah Dadaşovdur.

Tamaşa Gəncə sakinləri tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

 

Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Gürcüstanın müxtəlif bölgələrində yad edilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib.

 

Rustavi Təhsil və Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş açıq dərs keçirilib.

18 saylı ictimai məktəbin tarix müəllimi Savalan Osmanlı Mərkəzin nəzdindəki dil kurslarında təhsil alan şagirdlərə Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib. Daha sonra Mərkəzin üzvləri və şagirdlər Rustavi şəhərində Ulu Öndərin abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri qoyublar.

Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) keçirilən anım tədbiri Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra GAİM-nin icraçı direktoru Murad Muradov gənclərə Ulu Öndərin həyat və fəaliyyəti, Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafındakı rolu, Gürcüstanda yaşayan soydaşlarımıza doğma münasibəti barədə məlumat verib. Ümummilli Lider Heydər Əliyevin həyatından bəhs edən sənədli film nümayiş olunub.

Bolnisidə fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı ilə “Dahi Şəxsiyyət Qəlblərdə” adlı anım tədbiri keçirilib. İlk olaraq Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin rəhbəri Rezo Həsənov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Sonda “Xalq Heydər Deyəcək” adlı video çarx göstərilib.

“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb. Mərkəzin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Şahverdiyeva mərkəzin şagirdlərinə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dünyaşöhrətli siyasətçi Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb. Tədbirin sonunda mərkəzin üzvləri Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

Çərşənbə, 18 Dekabr 2024 09:02

Dünən onun günü idi

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Dünən onun 100 illiyi idi. Gün ərzində hamı ondan yazdı deyə mənim yazım bu günə qaldı. 

 

Deyirdi ki:- “Mənim dünyagörüşüm, həyata baxışım iki zəmində formalaşıb. Biri məktəb mühiti, digəri ailə. Məktəb, istər şagirdkən, istər tələbə ikən kommunist ideallarına sədaqət ruhunda tərbiyələndirirdi. Ailəmizdə isə bəzəksiz, hay-küysüz mühit hökm sürürdü. Dayılarım cəmiyyətin iyrəncliyini bütün çılpaqlığı ilə söyləyir, nifrətlərini gizlətmirdilər. Onların sualları təbii ki, məni də düşündürürdü: Namuslu filankəsi gecə ikən niyə apardılar? Namussuz filankəs isə öz keyfindədir, niyə? Bir sözlə, ailəmiz qapalı, məhdud çərçivədə cəmiyyətin müxalif qüvvəsi idi. Bax, özüm də müəllim ikən çalışmışam ki, tələbələrim sərbəst düşünsün, ətrafda baş verən hadisələri açıq gözlə götür-qoy etsinlər, özləri düzgün nəticə çıxarsınlar.”

 

1924-cü ildə Şəkidə anadan olmuşdu. 3 yaşında ikən atasını itirmişdi. Bakı Dövlət Universitetinin Jurnalistika şöbəsini bitirdikdən sonra Moskvada aspiranturaya daxil olmuş, 1954 –cü ildə “1917-1918-ci illərdə Azərbaycan mətbuatı” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdi. Elə həmin ildən də Bakı Dövlət Universitetində pedaqoji və elmi fəaliyyətlə məşğul idi. Jurnalistika fakültəsində təhsil alan tələbələr üçün yazdığı dərsliklərə, çoxillik elmi-pedaqoji fəaliyyəti üçün, o professor adına layiq görülmüşdü. Xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif olunmuşdu...

 

94 il ömür sürdü. Ömrünün son illərində:

 

“Azərbaycan tarixi hələ sovet dövrünün təsiri altından çıxmayıb. Bizim tarixçilərin başı sovet ideologiyası ilə yoğrulub. İstəsələr də istəməsələr də, adların nə qoysalar da aldıqları təhsil, düşüncə tərzi Müsavat düşmənçiliyində bu özünü göstərir. Vaxtilə Çingiz Aytmatovla söhbətimiz olmuşdu ki, bizdə həqiqi müstəqillik dövrü vətəndaşının yetişməsi üçün bir neçə nəsil dəyişməlidir. Bunu bilirsənmi, oğul?! İndi bu kitabı da işləyəcəyəm. 128 səhifəlik bir kitabdır. Elə də böyük bir problem deyil. Dil ayrıdır, sadəcə çevirmək qalır. Bir başqa fəaliyyətim də var. Rəsulzadə parlamentdə Müsavat fraksiyasının rəhbəri olub. Bizim parlamentdə 1918-ci il dekabr 7-dən 1920-ci il aprelin 27-dək 143 iclas olub. Bunların əksəriyyətində Rəsulzadənin çıxışları, replikaları olub. Onu yığıb bir kitab şəklində türklər buraxıblar, amma biz buraxmamışıq. O kitab parlamentin iki cildlik stenoqramı əsasındadır. Mən indi o stenoqramı orijinalla yoxlayıram. Görürəm ki, çox ciddi səhvlər var. Sağ olsunlar çap ediblər, əməklərini qiymətləndirmək lazımdı, amma gərək orijinalla da yoxlanıla. Onu vaxtilə riyaziyyat müəllimi Səhənd İbrahimov köçürüb. Mən yenidən yoxlayıram və görürəm ki, yenidən çap etmək lazımdı. Mən təxminən 40 iclasın protokolunu orijinalla yoxlayıb hazırlamışam. İlk parlamentimizin sənədləri 3 cilddə çap olunacaq. Bilirsiz, yaşıma görə bu gün mən çox tələsirəm. Ayrı vaxtlar 6 saat işləyirdimsə bu gün 10 saat işləyirəm.”- söyləyirdi...

 

Çox baməzə insan idi. Dərs zamanı auditoriyada adətən müəllim masasında əyləşməzdi, tələbələrin arasında olardı. Soruşanda ki, niyə müəllim masasında əyləşmirsiniz, cavabı məzəli olurdu. Yaşım çoxdur, gənclərin arasında oluram ki, Əzrail məni tapa bilməsin...

 

Bir dəfə də mərhumlrdan kiminsə dəfn mərasimində niyə iştirak etmədiyini ondan soruşanda- “Bu yaşımda qəbirsitanlığa gedib geri dönmək mənim üçün çox ağırdır.”- :deyə cavab vermişdi...

 

Bəli, dünən haqqında söhbət açdığım professor Şirməmməd Hüseynovun 100 illiyi idi. 

Azərbaycan Demokratik Respublikasının, eləcə də qurucu babalarımızın fəaliyyətinin, o cümlədən milli mətbuat tariximizin araşdırılmasında onun misilsiz xidmətləri olub. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, hər dəfə cümhuriyyət tariximizdən söhbət düşəndə Şirməmməd Hüseynovun adı ehtiramla yad olunacaq və onun ölməz əsərlərinə istinad ediləcək...

Ruhu şad olsun!

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2024)

Çərşənbə axşamı, 17 Dekabr 2024 13:45

Son ay… Yeni həftə… Birinci gün…

 

Əkbər Qoşalı, “Ədəbiyyat və incəsənət” üçün

 

Dünən yeni iş həftəsi başladı. Hər başlanğıc bir çağırışdır, bir ümiddir, eləcə də, məsuliyyətdir. Biz bu başlanğıca “qutlu olsun” deyirik, amma bu qutluluq yalnız bir yerigəlmiş söz deyil, əməyin, niyyətin təcəssümündə tapılacaq həqiqət kimi gəlir mənə…

 

İşə, əməyə münasibət həmişə fərqli yanaşmalarla, hətta ideoloji “süsləmə”lərlə müşayiət olunub. Tarixin müxtəlif dönəmlərində əmək insan üçün həm bir zərurət, həm də yaradıcılığın ifadəsi - özünüifadə forma və məzmununda təcalla edib. Bu gün isə əmək anlayışı yeni trendlərlə, yeni çağırışlarla çevrələnib. Bir tərəfdə sürətli texnologiyalar, avtomatlaşdırma, virtuallaşma… digər tərəfdə insanın daxili axtarışları, mənəvi məmnuniyyət arzusu və ehtiyacı!.. Bu şəkillənməni “vəhdəti-vücud” misalı qəbullanmaq çətindir və bəlkə də, bir təzad söz konusudur… Bəzən bizi yanılqıya uğradar bəlkə, amma hər bir başlanğıcda bu ziddiyyətlərdən yeni bir harmoniya yaratmaq mümkündür deyə ümidlənmək haqqımız vardır…

 

Hələ-hələ ilin son ayının həftələri, günləri bir başqadır. Həm təqvimin sonu, həm də yeni bir gün, həftə başlanğıcı (zaman dilimi içində) təzadlı da görünür, ilhamverici də… -  Cilvəsi, ricəti və bir başqa halı var son içindəki ilklərin... Sanki bir tərəfdən yekunların ağırlığı çiyinlərimizə düşür, digər tərəfdən isə qarşıdan bir əl eləyən, irəli çağıran var…

Deyirəm, gör, necə də qəribədir: 

bir tərəfdə başa çatmaqda olan təqvim ilinin hesabatlılığı, o bir tərəfdə isə yeni ilin diləkləri, gözləntiləri... Bu təzadlar, əslində, bizə həyatın mahiyyətini xatırladır: hər son yeni bir başlanğıcdır. Keçmişin yükünü dərk etmək bizi irəliyə daha inamla addımlamağa hazırlamalı...

 

Həftənin ilk günü – bir başlanğıcın ən təmiz anı olsa gərək... Bu gün özümüz özümüzə suallar veririk… Suallar da adamlar, adamların ovqatı kimi dəyişimlər göstərir… Və düşüncə öz sual atını çapırdır, çapırdır: həftənin sonunda özümüzü hansı mənəvi zənginliklərlə görə biləcəyik?..

 

İkin son ayının gün, həftə başlanğıclarını həyatımızda kiçik bir fəslin açılışı kimi qəbul etsəkmi, əcaba?.. Bu kiçik fəsildə ilhamı, ümidləri, yaradıcılığı və həmrəyliyi bir araya gətirə bilərikmi?.. Həyatımızın hər ayı, həftəsi, günü… hətta bir anı, bizə fürsət kimi verilib - elə deyilmi?.. (Hələ orta məktəb illərində bir qəzetin poeziya səhifəsində oxumuşdum: “Son nəfəs də son fürsətdir”)… Fürsətləri dəyərləndirə bilsək, yaradıcı davransaq, gözəl düşünsək, xoşgörülü olsaq - bu, bizi bizdən üstün etməzmi?.. Yoxsa, hər fürsət qovalayan, fürsətkar olanlar bizdən deyil…

 

İlk günü ilə yeni başlayan həftə də, qarşıdan gələn yeni il də ulusumuz üçün xeyirli-uğurlu, düşərli və dəyərli olsun! Zamanın ayrıcından (sanki uçqun qırağındanmış kimi!) bir çiçək qoparmaq öz əlinizdədir - deyir arif... - O çiçəyi sevgi ilə sulayıb, ümidə bürümək çiçəyə çox şey verməz bəlkə - necə olsa da, çiçək çiçəkdir - ömrü illa qısadır; ancaq çiçəyə qulluq edən əllər də çiçəkləyər, ürəklər gül açar, çevrə gözəlmi-gözəl qoxulara qərq olar - dörd yanımız könül qoxuyar… - Elə deyilmi?..

Uca könüllərə salam olsun!

 

“Ədəbiyyat və incəsənət”

(17.12.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.