ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Azərbaycan Bəstəkarlar İttifaqının 90 illik yubileyi ilə əlaqədar nəşrlər silsiləsindən yeni kitablar işıq üzü görüb.

 

İttifaqdan AzərTAC-a bildirilib ki, kitabda Vətən müharibəsində Zəfər münasibətilə bəstəkarların qələmə aldığı xor və simfonik əsərlərin partiturası nəşr olunub.

 

İlk dəfədir ki, Bəstəkarlar İttifaqı tərəfindən əsərlərin partiturası çap edilir. Onu da qeyd edək ki, bu, “Şanlı Zəfərə həsr olunan Azərbaycan bəstəkarlarının xor və simfonik orkestr üçün əsərləri” adlı partituraya Firəngiz Əlizadənin “Zəfər marşı” (söz: müəllif), Cəlal Abasovun “Şanlı Azərbaycan” (söz: Məhəmmədhüseyn Şəhriyar), Məmməd Cəfərovun “Nər oğlum!” (söz: Nəsibə İsrafilqızı), Rəna Qədimovanın “Azərbaycanım” (söz: Yusif Nəğməkar), Sərdar Fərəcovun “Azad Şuşa!” (söz: müəllif) əsərləri daxildir.

 

Növbəti kitab isə musiqişünas mərhum L.Karagiçevanın “Frangiz Alızade. Naçalo puti” kitabıdır. Rus dilində işıq üzü görən bu nəşrin elmi redaktoru giriş və “Son söz”ün müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşovadır.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2024)

Cümə, 27 Dekabr 2024 12:17

Nurlana İşıq mükafatlandırılıb

Könül, “Ədəbiyyat və incəaənət”

 

Yola saldığımız 2024 cü il dahi Azərbaycan şairi və mütəfəkkiri  Məhəmməd Füzulinin anadan olmasının 530 illik yubileyi ilidir. 

Bu münasibətlə ilin əvvəlində ölkə prezidenti İlham Əliyev tədbirlər planı ilə bağlı sərəncam imzalamışdır.

 

Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə Xəzər Universitetinin  “Ədəbiyyat səyyahları” saytının fəlsəfi- irfani mövzuda hekayə üzrə keçirdiyi respublika müsabiqəsi də ölkə üzrə ən müxtəlif təşəbbüslərdən doğan tədbirlərdən biri kimi diqqət çəkir.

Müsabiqənin qalibi Nurlana İşıq universitetin rektoru və saytın təsisçisi Hamlet İsaxanlının imzasıyla 1-ci dərəcəli diplomla təltif olunub.  Bu barədə Nurlana İşıq özü portalımızı məlumatlandırıb. 

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2024)

Rəsm qalereyası: Viktor Gilbert, “Bazarlıq günü”

 

Fransız rəssamı Viktor Gilbert (1847-1933), “Bazarlıq günü”, (yağlı boya)

Aida Eyvazlı ilə “Türk dünyasına səyahət” rubrukasında Krımda gəzişməmizi davam edirik. Yolumuz Yaltadakı Livadiya sarayınadır.

                                  

Yaltada diqqətinizi çəkə biləcək digər tarixi məkan rus imperatorlarının cənub iqamətgahı olan, Yaltanın 3 kilometirliyində yerləşən Livadiya sarayıdır. Mən bu sarayın ecazkar gözəlliyindən lap sərməst oldum ilk tanışlığımda. Qara dənizin sahilində, yamyaşıl meşəlikdə yerləşən bu ağ mirvariyə tamaşa etməyə iki göz əsla bəs etməz.

Cənubi Krımda Qara dənizin sahilində yerləşən Livadiya adlı bu dəniz sahilinin mirvarisi sayılan sarayı 1861-ci ildə II Aleksandr tikdirib. 1783-cü ildə II Yekatrina bu ərazini Türk gəmiləri ilə müharibədə Rusiyanın xeyrinə vuruşan yunan dəniz donanması admiralı  Lanbros Katsonisə hədiyyə verib. Dənizçi Katsonis isə ona verilən ərazidə üzümlüklər salmağa başlayır, 100 ildən sonra isə onun üzümlüklərindən hazır olunan Krım  şərabının sorağı Avropa ölkələrinə yayılır. 

Daha sonra Livadiyada bağban Dellinger 40 hektar sahədə Asiya və Amerikadan gətirdiyi müxtəlif bitkilərlə ekzotik bağ yaradır. Təkcə 1910-cu ildən başlayaraq 17 ay ərzində bu sarayın təmiri və bərpasında gecə-gündüz 2 min 500 fəhlə çalışır. Onu İtaliya renessansı üslubunda yenidən həyata qaytarırlar.

Bu məşhir saray Romanovlar ailəsinin də 1914-cü ilə qədər yay tətillərini keçirdikləri iqamətgahları idi. Sonuncu dəfə onlar buranı ailəliklə 1914-cü ilin iyun ayının 12-də tərk edirlər. 1917-ci ilin 28 iyulunda II Nikolay taxt-tacdan əl çəkməsi barədə sənədə imza atandan sonra, qalan ömrünü ata-baba yurdu sayılan Livadiya sarayında keçirmək istədiyi haqqında Müvəqqəti hökumətə məktub yazsa da, onun müraciəti cavabsız qalır. Bu ağ sarayda müharibədən qalib çıxmış üç qalib dövlətin  -- ABŞ, İngiltərə və SSRİ-nin liderləri tarixdə məşhur olan Yalta Konfransını keçirirlər. 1945-ci ilin fevral ayının əvvəlində  konfransda Ruzvelt, Çörcil və Stalin  müharibədən sonraklı sülhün konturlarını müzakirə edirlər. BMT kimi məşhur beynəlxalq təşkilatın yaranmasının təməli də  elə həmin danışıqlar zamanı bu Livadiya sarayında qoyulur.

Yalta konfransından sonra Livadiya  1953-cü ilə qədər dövlət iqamətgahı kimi istifadə olunur. 1953-cü ildə isə bu saraya dəyər verməyənlər onu müalicə məqsədyönümlü sanatoriya kimi istifadə edirlər. O dönəmdə saray bərbad hala salınır. Aşılanır. Tavan, döşəmə, divar – hamısı ürəkdağlayıcı hala düşür. Yalnız 1993-cü ildə tarixin bütün dönəmlərinə şahidlik etmiş padşah Nikolay Romanovun  sarayı yenidən muzey statusu alır. Ukrayna hökuməti dəyərlilərə dəyər verməyi lazım bilir.

İndisə Krım və təbii ki, onun bu arxitektura şedevri sayılan Livadiya sarayı rus işğalı altındadır. Müharibə davam edir, Allah bu gözəllikləri bombalardan hifz eləsin.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2024)

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Ziya Dilsuzun şeirləri təqdim edilir. 

 

 

*

Hərdən adama elə gəlir ki,

Payızdan sonra

Hər şey yaxşı olacaq.

Dünyada bütün müharibələr

Təslim olacaq,

Daha ölümdən şeir yazmayacaqsan.

Hərdən adama elə gəlir ki,

Payızdan sonra

Xətrinə dəyənlər

Gəlib səndən üzr istəyəcəklər,

Ən uzaqdakı doğman da qayıdacaq.

Amma adama elə gəlir...

 

 

*

Sənin adını qəlbimə

Böyük hərflərlə yazdım,

Mən ona qədər

Xüsusi isimlərin böyük hərflə

Yazıldığını bilmirdim.

 

Mən "qovuşmaq" sözünün kökünü

"qov" götürürəm.

Hamını ömrümdən qovdum...

Sənə qovuşmaq üçün

Başqa nə lazımdır ki?

 

 

*

Hər şeydən, hamıdan

Çox sevdiyim biri var,

Nəyi, kimi məndən çox sevsən,

Əlindən alacağam, deyirsən,

İlahi, lap onu da?

 

Neyləyim, onu sevməklə

günaha batdım,

Deyirsən, günah sahiblərini

Cəhənnəmdə yandıracaqsan,

İlahi, lap məni də?

 

 

*

Bütün çiçəklər payıza üz tutdu,

Barı, sən onlara uyma,

Mən günəşin bir addımlığında

Gözləyirəm səni.

 

 

*

Mən güzgüyə baxarkən

Daha heç kimi görmürəm,

Sən gedəndən sonra

Sağmı qalacaqdım?!

 

 

*

Əslində, yağış

Normadan artıq yağmamışdı,

Gözlərim o aralar

Bir az tərləmişdi. 

 

 

*

Küləyə bir şans da verdim

Saçlarının ətrini gətirmək üçün...

Hardandı küləkdə o güc?!

 

 

*

Ən çətini diriləri qane etməkdir,

Ölülər bir gülə,

Bir şam işığına,

Bir duaya da razılaşırlar.

 

Dərd sevə bilməyənlərindir,

Heç nə ilə xoşbəxt deyillər,

Nə ev,

Nə pul,

Nə maşın.

Sevə bilənlər

Səhraya da razılaşırlar.

 

Şair olmayanlara nə var ki?

Ancaq öz ağrılarını tanıyırlar,

Müharibələrdən sağ çıxa bilirlər,

Onlar

bu dünyaya da razılaşırlar.

 

 

Gözlə məni

 

Bəlkə, bu yerlərə bir də gəlmədim, 

Duman, salamat qal, dağ, salamat qal. 

 

M.Araz

 

Bəlkə, bu yerlərə bir də qayıtdım,

Duman, gözlə məni, çən, gözlə məni.

Yorulub yollarda gecikmək olar,

Düşsə də saçıma dən, gözlə məni.

 

Gözəl, öz qəlbini oxlamaq nədi?

Ölməz eşqin yasın saxlamaq nədi?

Əgər dönmək varsa, ağlamaq nədi?

Xəyal qur, arzu tut, şən gözlə məni.

 

Bəzən sığınarsan dar qəfəsə də,

Ömür ötüb keçər hey vəsvəsədə.

Allah, məni heç kim gözləməsə də,

Mən mütləq gələrəm, Sən gözlə məni.

 

 

Öyrəşir adam

 

Bircə dua qəbul olur,

Tez göyə öyrəşir adam.

Uzaq-uzaq adamlara

Bəs niyə öyrəşir adam?

 

Oynayacaq min oyunu,

Çatar hər oyunun sonu.

Pozub ömrün sükutunu,

Səs-küyə öyrəşir adam.

 

Soyuq qəlbi qəlb isidir,

Susmaq elə Haqq səsidir.

Düzdür, zaman itkisidir,

Hər şeyə öyrəşir adam.

 

 

Başım bu payıza 

elə qarışıb... 

 

Yağışlar torpağa taleyin yazır,

Küləklər danışır sözdən xəbərsiz.

Kim atdı pərişan, məyus payızı

Fəsillər içinə bizdən xəbərsiz?!

 

Üşüyür Vətənin hər bir qarışı,

Bir doğman ağrıyır yarpaq adında.

Başım bu payıza elə qarışıb...

Bütün uzaqlıqlar çıxıb yadımdan.

 

İlahi, bitdimi ömrü bu eşqin?

Düşüb səhralara aza bilmirəm.

Başım bu payıza elə qarışıb...

O qızçün şeir də yaza bilmirəm.

 

 

Qayıdaq

 

Ay gözəlim, getdiyimiz bu yolu

Yorğun-yorğun, ağır-ağır qayıdaq.

İllərdi ki, bu sevdanın başında

İldırımlar möhkəm çaxır, qayıdaq.

 

Çətin nəsə məlhəm ola yaraya,

Kimlər girdi, nələr girdi araya?

Kim çatar ki belə vaxtda haraya?

Ya sus, ya da qışqır, bağır, qayıdaq.

 

Oldu bizi bu yollarda güdən də,

Ağrıları gizlətdik bir bədəndə.

Həyasızca getmişdikmi gedəndə?

Qayıdanda fağır-fağır qayıdaq.

 

Belə gediş, belə dönüş olmayıb,

Açdığımız izlər geniş olmayıb.

Görsən əgər güc-taqətin qalmayıb,

Lazım gəlsə, kömək çağır, qayıdaq.

 

Bizi vurar silahımız, bilirik,

Necə olar sabahımız, bilirik.

Az olmadı günahımız, bilirik,

Allah bizə tərs-tərs baxır, qayıdaq.

 

Daha bütün uzaqlar da xətirsiz,

Daha bütün çiçəklər də ətirsiz.

Eşqin payız fəslindəyik, çətirsiz,

Dayanmadan yağış yağır, qayıdaq.

 

Addımlaya bilərikmi bərabər?

Gəl geriyə dönək indi birtəhər.

Yorulmuşuq, təkid etmə bu qədər,

Qayıdarıq əvvəl-axır, qayıdaq.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2024)

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

Hər bir uğur zirvəsinə çatmış insanın öz spesifik, özünəməxsus uğur yolu olur. Amma bu yolları qət etmə maneralarından ən aparıcı xüsusiyyətləri seçməklə ümumi, oxşar bir uğur formulu yaratmaq mümkündür.

Hər bir kəs uğur qazanmaq istəyir. Kim istəməz yaxşı işi, gözəl güzəranı, kifayət qədər varidatı, nümunəvi ailəsi olmasın? Bütün bunların kökündə də öz uğur hədəfini düzgün vura bilmək dayanır.

Bu gün dünyanın lider dövləti olan ABŞ-da böyük bir şirkətə işə düzəlmək üçün öz CV-ni təqdim edən kefi kök bir gənclə səfalət və fəlakət girdabında boğulan Somalidə bir tikə çörək üçün istənilən ağır zəhmətə qatlaşmağa razı olan ac-yalavac bir gənc arasında yerlə-göy qədər fərq vardır, düzdür. Bu fərqi ayrı dövlət quruluşları, ayrı iqtisadi vəziyyətlər, geosiyasi ənənə və digər faktorlar zəruri edir. Amma bu gənclərin hər biri uğura can atır, bax uğur hədəfini bacarıqla vurmaq istəyi bu gəncləri haradasa birləşdirir.

Uğurun formulu nədir? Bayaq verdiyimiz sualı bir qədər də araşdıraq.

İlk öncə düzgün olan hədəfi seçmək lazımdır. Sənin biliyinə, qabiliyyətinə, sosial vəziyyətinə, mövcud şəraitə, perspektivlərinə hesablanmış ən düzgün olan uğur hədəfini seçə bilmək başlıca şərtdir. Düzgün seçim, ona uyğun düzgün planlaşdırma, qətiyyətlə, inadla irəliləmə.

Mən indiyədək müxtəlif elmi mənbələrə müraciət edərkən bir neçə maraqlı uğur formulası ilə tanış olmuşam.

 

İkinci təqdim edəcəyin uğur formulunu Amerikanın Qellap institutunun alimləri ortaya qoyublar. Bu uğur formulu «Amerikada kim kimdir» adlanan məlumat kitabındakı 1500 məşhur insanın respondent qismində sorğu-sual edilərək mövqeyinin, xarakterik əlamətlərinin araşdırılması nəticəsində ərsəyə gəlib. Araşdırma ən uğurlu insanlarda 9 ümumi vacib xüsusiyyət ortaya çıxarıb ki, bu xüsusiyyətlərin cəmini də Qellap institutu alimləri uğur formulu kimi təqdim ediblər:

1.     Sağlam fikir.

Rəyi soruşulanlar arasında sağlam fikrə malik olmaq ən çox yayılmış xüsusiyyətdir. Respondentlərin 61 faizi bildirib ki, sağlam fikir onların uğur qazanmasında çox vacib faktor olub.

Çoxları üçün sağlam fikrə malik olmaq – gündəlik işlər barədə optimal və konkret qənaətəgəlmə anlamı verir. Bunun üçünsə bütün kənar fikirləri kənara atıb bu və ya digər hadisənin kökünə baxa bilmək vacib şərtdir. Bəs sağlam fikrə malik olmaq anadangəlmə keyfiyyətdir? Respondentlərin fikrincə, bu keyfiyyəti insan özü özündə inkişaf etdirməlidir. Ona malik olmaq yollarından biri də başqa insanların təcrübəsindən, eləcə də öz səhvlərindən öyrənə bilmək bacarığıdır.

2.     Öz işinin bilicisi olmaq.

Səsvermədə ikinci yer tutan xüsusiyyət. Məşğul olduğun işi dərindən bilmək qədər heç bir şey uğur qazanmağa kömək edə bilməz. Bu, sənin biliklərinin sığortalanması, mövcud risklərin minimum səviyyəyə düşməsi deməkdir. Peşəkar bilikləri almaq prosesi daim, hətta ən yüksək zirvələri fəth etdikdən sonra da davam edir.

Uğur qazanmaq üçün bunu inadla istəməli, qazananda isə qoruyub saxlamağı bacarmalısan.

3.     Öz gücünə inam.

Böyük uğur qazanan insanların əksəriyyəti, əsasən, öz qabiliyyət və bacarıqlarına, bir sözlə, öz baqajlarına güvənirlər. Bu güvənmə öz gücünün təsdiqi ilə yanaşı, həm də cəsur hərəkətlərə doğru qətiyyətli irəliləyiş əzmi də gətirir. Bilik və bacarıqla yanaşı məqsədə çatmaq üçün saatlarca usanmadan, inadla işləməyə dözüm və iradə də lazımdır.

4.     Yüksək səviyyə.

Nailiyyətlər əldə etmək üçün yüksək inkişaf səviyyəsinə malik olmanın da əhəmiyyətli rolu var. Bu səviyyəyə çatmaq – mürəkkəb konsepsiyaları cəld mənimsəmək, onların sürətli və dəqiq analizini apara bilmək üstünlüyü verir.

Respondentlərdə yüksək inkişaf səviyyəsini təmin edən üç element olaraq isə bunlar müəyyənləşdirilmişdir: dərin söz ehtiyatı, yaxşı mütaliə qabiliyyəti, yaxşı yazma qabiliyyəti. Məlum olmuşdur ki, sorğuya ayrılan bir il ərzində respondentlərin hər biri orta hesabla 19 kitab oxumuşlar ki, bunların da 50%-i bədii ədəbiyyat olmuşdur.

5.     İşi sona çatdıra bilmək qabiliyyəti.

Bu xüsusi qabiliyyət də uğurlu insan olmaq üçün ən vacib qabiliyyətlərdən hesab olunur. Qarşıya qoyulan məqsədə özünü tam həsr etmək – uğurlu nəticəni təmin edən şərtlərdən ən başlıcaları sırasındadır.

Rəyi soruşulanların böyük əksəriyyəti özlərinin işi sona çatdıra bilmək qabiliyyətlərinin üç keyfiyyət hesabına formalaşdığını etiraf ediblər: təşkilatçılıq istedadı, yaxşı iş vərdişləri və əzmkarlıq.

Məsələn, bir fizika üzrə professor öz uğur formulunu belə izah edib: «Gərgin əmək+özünçün bu əməyin ritmini qura bilmək qabiliyyəti».

Həmin professor etiraf edib ki, həftədə 100 saat işləyir.

Qellap institutu alimləri bu 5 əsas faktordan başqa uğura zəmin yaradan 4 köməkçi faktorun da adlarını çəkirlər;

6.     Rəhbərlik edə bilmək qabiliyyəti;

7.     Yaradıcı potensial;

8.     Kolleqalarla qarşılıqlı münasibət;

9.     Bəxtigətirmə.

Amerika alimləri ortaya çıxardıqları uğur formulunu öyrənə biləcək və təqdim etdikləri şərtlərlə təklif edəcəyi şərtlər üst-üstə düşən hər bir iddialı şəxsə tezliklə «Kim kimdir» məzmunlu kitablara düşməyi arzulayırlar.

Gözəl arzudur, əlbəttə.

Beləliklə, biz bu hissədə bir fərdin və fərdlər toplusunun uğura aparan xüsusiyyətlərindən, eləcə də uğur şərtlərindən ibarət ən bəsit uğur formulları ilə tanış olduq.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2024)

 

 

Aynur İsmayılova, “Ədəbiyyat və incəsənət”

 

Bəlkə də sıradan bir gün idi bizim üçün...

Kimi üçün yeni ümidlərin doğduğu, kimi üçün xəyallarının gerçəkləşəcəyi günün başlanğıcı, kimi üçünsə sevdiklərinə, doğmalarına qovuşacağı gün idi "25 dekabr"

 

Bu xəbəri eşidəndə artıq sıradan bir gün olmadı bizim üçün və təyyarə qəzasında həlak olanların arzularına deyil, sonsuzluğa qovuşduğu gün oldu...

Bu, Azərbaycan xalqının faciəsi idi . O xalq ki, həyat və ölüm arasında son anların qaldığını bilərək ümidini itirməyən, sona qədər mübarizə aparan, cəsarətli olmağı bacaran Azərbaycan xalqıdır. 

Bizim soydaşlarımız da təyyarədə olan digər xalqların nümayəndələri ilə bir yerdə sona qədər mübarizə apardılar. Təssüflər olsun ki, bu qəzada yaralananlar, həyatını itirənlər oldu ...

Onlar bizim həyatımıza əbədi, silinməz bir iz qoyaraq getdilər. Onlara səslənirəm. Biz görüntülərdə sizlərin necə cəsarətli, təmkinli olduğunuzun şahidi olduq. 

Bu hadisə bizləri çox üzdü. Təyyarədə olanların tanıdıqlarımız, yaşadığımız yerin sakinləri olması bir başqa cür üzdü bizi...

Bu gündən sonra bizim dilimizdə daima səslənəcək bu iki şüar- “Allahu Əkbər" və “Hər şey yaxşı olacaq" bir daha sübut etdilər ki,Allaha inandığımız zaman hər şey yaxşı olacaq...!

Allah dünyasını dəyişənlərə rəhmət, sağ qalanlara tez zamanda şəfa versin.

Başın sağ olsun, Azərbaycan!

Başın sağ olsun, Vətən!

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə sizlərlə yenidən Əlizadə Nuridir. Xüsusən bu matəmli günümüzlə bilavasitə səsləşən şeirdir. 

 

Öz itimiz hürüb bizə,

Bu yeri kim sərib bizə?

Bu dərdi kim dərib bizə

Dünyadan küsmək öyrədir?

 

-deyən şair həqiqətən də hisslərə toxuyur. 

Çox gözəldir.

Xoş mütaliələr!

 

Göy üzündə quş qanadı,

Quşlara süzmək öyrədir.

Dəniz kiminə boğulmaq,

Kiminə üzmək öyrədir.

 

Öz itimiz hürüb bizə,

Bu yeri kim sərib bizə?

Bu dərdi kim dərib bizə

Dünyadan küsmək öyrədir?

 

İlahi, baxma qıyqacı,

Göy üzü- göz ehtiyacı...

Tutduğum bu  əl ağacı

Mənə də gəzmək öyrədir...

 

“Ədəbiyyat və incəsənət”

(27.12. 2024)

Həvəskar şair Çoşqun Xəliloğlu Şəhidlər barədə şeirlər silsiləsini Redaksiyamıza təqdim edib. Növbəti şeir Adəm Əliyevə ithaf olunub. 

 

 

ADƏM İLQAR OĞLU ƏLİYEV

(19.11.2000.-28.09.2020.)

 

Ağdam rayonunun Üçoğlan kəndində doğulmuş, Azərbaycan Silahlı Qüvvələrinin MAXE hərbi qulluqçusu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsində Kürdəmirin ilk şəhidi.

 

 

HÜNƏRİ  DASTAN  OLDU

 

Uşaqlıqdan qoçaq idi, fərasətli, zirək idi,

Bir dünyaydı, sevinc idi, şadlıq idi, fərəh idi,

Anasına arxa idi, dayaq idi, kömək idi,

İllər keçdi, yaşa doldu, böyüdü, cavan oldu,

O, Adəmdir, cəsarəti, hünəri  dastan oldu.

 

İdmançıydı, yorulmadan məşq edərdi, çalışardı,

Hər zəhmətə qatlaşardı, əziyyətə alışardı,

Dostlarıyla oynayardı, həvəs ilə yarışardı,

Böyüdükcə səy edərək   əsil “pəhləvan” oldu,

O, Adəmdir, cəsarəti, hünəri dastan oldu.

 

Müharibə başlayanda  cəsarətlə döyüşlərə atıldı,

Qorxmaz, igid əsgərlərin cərgəsinə qatıldı,

Düşmənləri məhv eyləyən -  alov, şimşək, od oldu,

Doğma elə - Kürdəmirə şöhrət , şərəf, şan oldu,

O, Adəmdir, cəsarəti, hünəri  dastan oldu.

 

Ölümdən qorxmayırdı, söyləyirdi: - erməni,

Gəlirəm, lap az qalıb, məhv edəcəyəm, səni,

Tez ol, tərk eylə, bizim, bu müqəddəs Vətəni,

Döyüşlərdə qorxmaz oldu, cəsur qəhrəman oldu,

O, Adəmdir, cəsarəti, hünəri dastan oldu.

 

 

Vətənə məhəbbəti, tükənməzdir canında,

Uyuyur Kürdəmirdə, “Şəhid Xiyabanı”nda,

Əziz dostu, sirdaşı mərd Fuadın yanında,

Ordumuzqalibgəlib, bu da, bir zaman oldu,

O, Adəmdir, cəsarəti, hünəri  dastan oldu.

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2024)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində Füzuli günləri davam edir.

 

 

...Dünyanın qəm yükünü dünyadan alan, cahanı dərddən təmizləyən karvanın adı – poeziyadır və onun da “karvanbaşı”sı Füzulidir.

Düz beş əsrdir ki, Füzuli xalqının, Füzuli millətinin muradını öz qəsdi, öz qərəzi ilə yandıran fələyi, əvəzində Füzuli də hər dövrdə, hər dəfə bağrının ahı ilə yenidən yandırır və bu gün də şeirin dan yerində Füzuli ahından əbədi şam yanır!.. Əsl şairlər hələ də ilham çırağını bu ahın, bu şamın odundan yandırırlar.

Bəli, beş əsrdir ki, “Füzuli məktəbi” Şərq poeziyasını təsir orbitindən buraxmır. “Divan”ı, “Leyli və Məcnun”u isə xüsusən türk və islam xalqlarının, istisnasız, bütün nəsillərinin sənət, fəlsəfə, etika və əxlaq ənənəsini özündə birləşdirən vahid bədii dövriyyədə fasiləsiz iştirak edir. Hər nəsil hər yeni dövrdə bu irsə yenidən qayıdır. Hər dəfə də Füzuli irsi keçmişin və tarixin yox, müasirliyin beynəlmiləl sərvəti kimi yenidən dərk olunur.

...Məzhəb, irq, din, dil qardaşlığı. Ruhani və bəşəri problemlər. dünyəvilik və ilahilik, Tanrı eşqi və insan sevgisi, planet və kosmos, ekologiya və poeziya ... Füzulidə, bəlkə də, başqa heç kəsdə olmayan qədər bütövlük və ahəng təşkil edir, bu gün də dünyanı mənəvi vəhdətə və harmoniyaya çağırır...

 

***

 

Azərbaycan (bütünlükdə türk) poeziyasını Füzulidən əvvəlki və sonrakı dövrlərə ayırmaq olar. Həmin dövrlər arasındakı fərq milli-mənəvi və bədii-fəlsəfi fikrin tarixində Füzulinin şair-mütəfəkkir xidmətindən yaranmışdır. Məhz Füzulidən sonra şeirin və bədii-fəlsəfi fikrin tarixində çox “çətinlər asana çevrilmişdir”...

Çətini asan etməkdə Füzuli hünərinin ən möhtəşəmi şairin türk dili qarşısında xidmətləridir.

Poeziyada və nəsrdə türkcəni də Şərqdə hakim elitar dil səviyyəsinə qaldırmaq!.. Füzulinin qarşıya qoyduğu və əməli şəkildə sona qədər çözələdiyi milli ədəbi-tarixi missiya bu olmuşdur... Milli dilin tarixində və taleyində şairin rolunu və missiyasını hələ heç kəs bu qədər dərindən başa düşməmişdi. O hətta təziyədarlığa dilin mənafeyi və taleyi mövqeyindən yanaşır, “Hədiqət-üs-süəda”nı ona görə qələmə alır ki, hətta təziyə mərasimləri də türkcə icra olunsun: “Mən ərənlərin himməti ilə belə düşünürəm ki, kitabı türkcə bitirəcəyəm”.

Hətta Mövlanəni doğma ana dilinə çevirir. “Hədisi-ərbəin”i türkcəyə tərcümə edir. Nəhayət, ən yaxşı əsərini ən doğma dildə – ana dilində, türkcə yazır – “Leyli və Məcnun”u. Ərəb torpağında ərəb süjetini türk dilində qələmə alır! Bu – ikiqat, üçqat dil hünəri idi. Axı bu vaxta qədər Məcnun elə məhz Bağdadda, elə məhz ərəbcə dil açmışdı. Hətta Gəncədə də bizimlə farsca danışmışdı. İndi isə ərəb dilli Məcnun, özü də Ərəbistanın lap göbəyində bizimlə türkcə danışırdı!.. Nizami doğma yurdda başqa dillə, Füzuli – başqa məkanda doğma dillə yazır!..

Nizamini və Xaqanini türkcə yazmamış Füzuliyə bənzətmək olar... Nizami və Rumi türkün təfəkkürü ilə, Füzuli isə türkün həm təfəkkürü, həm də dili ilə islam oyanışına xidmət etdi...

Şair türklüyün həm sənət, həm də dil gücünü eyni vaxtda göstərir. Bu imkanları vəhdətdə ifadə eləyə bilmək Füzulinin şəxsində türkcənin azəri qoluna qismət olur. Şairin dil stixiyası təpədən-dırnağa oğuz-azəri stixiyasıdır.

... Füzuliyə qədər çox uzun müddət bədii sözün bətninə və mətninə fars dilini ruh dili kimi daxil eləmişdilər. Füzuli yad ruhu doğma bədəndən qovdu və özü bu məkanda hakim Ruh oldu!..

Füzuli, ümumiyyətlə, sözə, dilə ruhani münasibət bəsləyir, onu “uca dərgahdan gələn feyz” hesab edir: “Aləm sədəfində insandan qiymətli bir gövhər görmədim və insan gövhərində isə sözdən şərəfli bir cövhər tapmadım...”

Füzulinin qədim türk dünyasında məhz sözlə yenidən yaratdığı vahid bədii məkan indi də qalmaqdadır...

 

***

 

Füzuli eşqini kədərdən də ayırmaq olmaz, əksinə, Füzuli dərdinin miqyasını yalnız onun kədərinin miqyası ilə müqayisə etmək olar. Ondakı “Qəm və Mən” nisbətini aşağıdakı misra çox dəqiq ifadə edir: “Mənəm ki, qafiləsalari-karvani-qəməm”. Dünyanın itən qəmləri gəlib Füzulinin sarvan olduğu karvanda cəm olub. Nəinki Məcnun, hətta Leyli qəm daşıyan və dünyanın dərdini dünyadan azaldan qəhrəmandır...

Füzuli – sözün fəlsəfi mənasında məhəbbət dininin, bütün dünya miqyasında taysız və təkrarsız bir eşq təliminin banisi – filosofu və şairidir.

 

***

 

Əgər peyğəmbərlərin sonuncusu Məhəmməd peyğəmbərdirsə, peyğəmbər aşiqlərinin sonuncusu – Məhəmməd Füzulidir. Daha doğrusu, o, bütün dövrlərin ən böyük aşiqi, eşqdə özünə qədərkilərin, əzabda özündən əvvəlkilərin hamısının məcmusudur. Bütövlükdə şeirin və bəşərin “eşq və qəm” tarixini öz fərdi ömründə, öz şəxsi tərcümeyi-halında tək (!) yaşayır:

 

Məcnun oda yandı, şöleyi-ah ilə pak,

Vamiq suya batdı əşkdən oldu həlak.

Fərhad həvəs ilə yelə verdi ömrün,

Xak oldular onlar, mənəm imdi ol xak.

 

Füzuli özünü yalnız “aşiqlərin və əzabkeşlərin varisi” elan etməklə böyük təvazökarlığa yol verir, əslində, o, ilahi və bəşəri, bədii və fəlsəfi ənənədə o vaxta qədərki bütün islam və Şərq kültürünün varisi və yekunu idi. Üç dildə – ərəbcə, farsca və türkcə yazıb-yaradan Füzulinin timsalında Şərqdə poeziya intibahı ilk dəfə idi ki, bu miqyasda və bu zirvədə mənəvi vəhdət, bütövlük, vahid bədii, fəlsəfi. estetik məkan kəsb edirdi...

Füzuli “Divan”ı da mənəvi məsciddir, mehrabdır, Allah evidir!.. Bu mehraba girib təmizlənməmək, Füzulinin “vəhdət şərabı”ndan içib bu eşqin hökmünə, bu ruhun sehrinə tapınmamaq qeyri-mümkündür. Artıq beş yüz ildir ki, müqəddəslik Füzulinin poeziya mehrabına daxil olub... İlahi, işıqlı, müqəddəs ruhun qızaran dan yeri, mənəvi etiraf və tövbənin əbədi məkanı bizim üçün yenə də Füzulidir...

 

***

 

Füzulidə “eşq” sözü də “elm” sözünün özü, onun daha ali mərtəbəsi deməkdir... Füzuli altmış üç il ömür sürür və əli qələm tutan gündən ta son ana qədər qələmindən sızan “eşq” sözü olur... Qəm Füzulinin ən böyük sərvətidir... Füzuli özünü əvvəl Aşiq, sonra şair hesab edir. “Leyli və Məcnun” – eşq haqqında dastan deyil, eşq məqamına yüksələn, “məcnunlaşan” (M.Əmin) şeirin özüdür... Aşiq kimi də, şair kimi də Füzuliyə ən dəqiq qiymətlər elə Füzulinin özündə var... Bütün “Divan” boyu Füzuli şairliyindən yox, aşiqliyindən bəhs açır, böyük sələflərini şairlərin yox, aşiqlərin arasında tapır... Füzuli özünü bütün dövrlərin ən böyük “aşiqi”, “eşq elminin müdərrisi” sayır, başqa aşiqlər hamısı bu külldən, “şərarədən” bir zərrədir... “Aşiqi-sadiq” Füzuli özüdür, Məcnunun isə “ancaq adı var”.

...Füzulinin adı da ilahi haləyə bürünən və islamda müqəddəs sayılan imzadan götürülüb – MƏHƏMMƏD; hətta doğulduğu yer də dünyada ən nüfuzlu ziyarət ünvanlarından biridi – KƏRBƏLA. Qəbri də İmam Hüseynin türbəsindədir.

Bütün bunlar az imiş ki, üstəlik, şairin gündəlik məşğələsi, sənəti, peşəsi də gəlib ilahilik və müqəddəsliklə bağlanır: Füzuli şah sarayında yox, peyğəmbər dərgahında xidmət və qulluq göstərir...

...Düz beş əsr keçib, amma indi də Şərqdə şairlər ilham çırağını Füzuli şamından yandırırlar!..

Füzuli bütün əsərlərini vahid bir “Eşqnamə” kimi yazıb. Bu “eşqnamələrin” ən gözəli olan “Leyli və Məcnun” dünyada çoxdur, amma ən yaxşı Leyli və Məcnunu gəncəli Nizamidən sonra bağdadlı Füzuli yaradıb... Hər iki Leylinin və Məcnunun tarixi-coğrafi vətəni – ərəb İraqı, bədii vətəni – Azərbaycan olub...

Eşq beşiyində paklıqla tərbiyələnən” Füzuli “Şikayətnamə” yazanda yox, “Eşqnamə” yazanda qat-qat ulu mütəfəkkir və qat-qat ulu sənətkardır...

Rum ilə və Əcəmlə, Kərküklə və Təbrizlə, Göyçə ilə, Borçalı ilə, Dərbəndlə, Şuşa ilə ...həmişə bir yerdə, bir canda yaşadığımız dünya – Füzulidir!..

1993–1994

“Ədəbiyyat və incəsənət”

(27.12.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.