ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Başa çatmaqda olan 2024-cü ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 ili tamam olur. Prezident İlham Əliyevin anadilli poeziyanın mükəmməl nümunələrini yaratmış, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltmiş dahi şairin 530 illik yubileyi ilə əlaqədar imzaladığı Sərəncamdan irəli gələn tədbirləri həyata keçirmək məqsədilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin həyat və yaradıcılığı, zəngin bədii irsi haqqında elektron məlumat bazası hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, kitabxananın rəsmi saytında yerləşdirilən bazada https://ryl.az/melumat-bazalari/Mehemmed_Fuzuli_el_melumat_bazasi/index.html  Ümummilli Liderin Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyinə həsr edilmiş təntənəli gecədə nitqinin, pedaqogika elmləri doktoru, professor Kamal Camalovun “Məhəmməd Füzuli humanizmi və ideya saflığı” məqaləsinin tam mətni ilə yanaşı, “Ulu Öndər Heydər Əliyev və Məhəmməd Füzuli”, “Görkəmli şəxslər Məhəmməd Füzuli haqqında”, “Məhəmməd Füzuli bədii ədəbiyyatda” kimi bölmələr də mövcuddur. Elektron bazada dahi şairin Azərbaycan, türk, ingilis və rus dillərində nəşr edilən, dövrü mətbuatda çıxan əsərləri, haqqında yazılan, məcmuələrdə və ayrı-ayrı kitablarda çap edilən məqalələri, sözlərinə yazılan musiqi əsərləri, görkəmli mütəfəkkirə həsr edilən dissertasiya və avtoreferatlar, elektron resurslar təqdim edilir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan bazada Məhəmməd Füzulinin xatirəsinin əbədiləşdirilməsi haqda məlumatlar, kitablarının virtual sərgisi, filmoqrafiyası, foto, videoqalerayası da sərgilənir.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2024)

Cümə axşamı, 26 Dekabr 2024 10:33

SAMƏT ƏLİZADƏ – “Füzulinin sehri”

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsinin növbəti buraxılışı böyük Füzuliyə həsr edilib.

 

Ədəbiyyat və mədəniyyət tariximizin iftixarı olan Füzuli dünya ədəbiyyatı tarixində də böyük hadisədir. Hökm kimi səslənən bu fikri aşağıdakı danılmaz faktlar doğruldur: hələ heç kim Şərqin üç möhtəşəm dilində (türk, fars və ərəb) divanlar bağlayaraq Füzuli kimi mükəmməl əsərlər yarada bilməmişdir; heç kimin qələmi mənsub olduğu dövrün ədəbi aləmindəki bütün əlvan forma və janrların sınağına məruz qalarkən Füzuli qələmi kimi gözəl və cilalı nümunələr yaratmamışdır; “qəlb şairi” kimi tanınan şairimiz qədər heç kim oxucu ürəyinə hakim kəsilməmişdir; ikinci elə bir şair tapmaq çətindir ki, onun yaratdığı ədəbi məktəb qədər sirayətedici olsun və öz davamçılarını çıxılmaz təsir dairəsində saxlamaq iqtidarında olsun; orijinal və təkrarsız üslub sahibi olan Füzuli kimi heç kəs ədəbi yaradıcılıq qarşısında müxtəlif dövrlərin (ictimai quruluşların) və zamanların sınağından uğurla çıxa bilmək keyfiyyətini elmi-tarixi və mənəvi dəyər şərti kimi irəli sürməmiş və öz yaratdığı əsərlərlə bu şərti dolğun şəkildə doğrultmaq mümkün olduğunu sübuta yetirməmişdir: fars və ərəb dillərində də yazmaqla və bu dillərdən bəhrələnməklə yanaşı, ədəbi dilimizi tarixən heç kəs Füzuli kimi həmin dillərin hegemonluğundan xilas edə bilməmişdir; nəhayət, çox az şairə müyəssər olar ki, mənəviyyatı, qəlbi və ruhu hər misrasından görünsün və əzəli məhəbbətdən, səmimilikdən yoğrulmuş ədəbi şəxsiyyəti yaradıcılığında və üslubunda Füzulidəki qədər bütün əzəməti və aydınlığı ilə həkk olunsun!..

 

***

 

Füzuli təkcə Azərbaycan ədəbiyyatında deyil, bütün Şərq ədəbiyyatında əsərləri dönə-dönə köçürülən, yaxud nəşr olunan, çox sevilən və çox oxunan ən tanınmış sənətkarlardandır. XX yüzillikdə Türkiyədə, Azərbaycanda, eləcə də başqa ölkələrdə Füzulinin həyat və yaradıcılığı, dili və üslubu haqqında onlarca tədqiqat əsəri yazılmışdır. M.F.Köprülü, Ə.Qaraxan, Ə.Tərlan, H.Araslı, Y.Bertels, Ə.Gölpınarlı, Mir Cəlal, M.Quluzadə, M.C.Cəfərov, Ə.Cəfər, V.M.Qocatürk, H.Mazıoğılu, Ə.Dəmirçizadə, H.Mirzəzadə, Ə.Mirəhmədov, F.Qasımzadə, M.Adilov, T.Hacıyev, A.Vəfalı, Ə.Səfərli, S.Əliyev, A.Rüstəmova, V.Feyzullayeva və başqalarının kitabları, məqalələri bu gün də elmi dəyərini saxlamaqdadır.

...Füzuli klassik şeir dilində özündən əvvəlki ədəbi irsə, Şərq poetikasının zəngin və mürəkkəb qayda-qanunlarına sadiq qalmağı, farsca divanının müqəddiməsində özünün dediyi kimi, “əslinin səliqəsinə (yəni türk şeiri ənənələrinə) uyğun” yazmağı bacaran, sənətdə sələflərinin keçmədiyi, xələflərinin keçə bilmədiyi aşırımlardan adlayan bir ustaddır. Onun zərif üslubu təkrarolunmazdır. Poeziyasındakı xariqüladə qüdrət və əzəməti bədii söz qarşısında qoyduğu misilsiz tələbkarlıq doğurmuşdur.

...Füzuli sehrkar deyildi və öz ürəyinin qanı, dərin zəkası, nuru, fitri istedadı hesabına yaratdığı sənət incilərini layiqincə, ədalətlə qiymətləndirə bilməyən, çarəsizlikdən “sehr” adlandıran, onun özünü isə “əcaib üslublu” təbiri ilə səciyyələndirən müasirlərindən, – adi oxuculardan tutmuş, təzkirəçilərə qədər bir çoxlarından narazı idi. Lakin qəribədir, bu günün qədirbilən oxucuları da bəzən ona sehrkar kimi baxır, onun ucaltdığı möhtəşəm söz binasında hər bir daşın ülvi mükəmməlliklə cilalandığını görüb heyran qalırlar.

Füzuli misra-misra, beyt-beyt böyükdür. Onun beytlərində qəfil bir şimşəyin parıltısı, əlçatmaz zirvələrin qüdsiyyəti var. Onun beytləri xəyyamanə rübailər kimi sənətdə həqiqi gözəlliyin, məna dolğunluğunun məhəki sayıla bilər: hər beytin öz musiqi dili, – həmcins səslərdən, gözlənilməz qafiyələrdən bəstələnmiş melodiyası, özünəməxsus obrazları, aydın fikir istiqaməti və aforistik məzmunu vardır!..

...Füzuli şeirini şərhlərlə birlikdə qavramaq istərkən oxucu şairin məşhur kəlamını bir məram kimi yadda saxlamalıdır: “Elmsiz şeir əsası yox divar olur və əsassız divar ğayətdə bietibar olur”. Beləliklə, elm şeirin əsası, özülü kimi qiymətləndirilir. Lakin burada “elm” sözünü düzgün və geniş mənada anlamaq lazımdır. “Elmsiz şeir” ifadəsi ilə daha çox qəzəl janrından olan şeiri düşünən şair ən azı aşağıdakıları nəzərdə tutmuşdur: 1. Bədii fikir məntiqi mühakimə, tezis – antitezis üsulu ilə ifadə edilməli. 2. Həyat həqiqəti nə qədər obrazlı şəkildə olsa da, inandırıcı, ağlabatan tərzdə əks olunmalı. 3. Elmi (dini və dünyəvi) biliklərə, təsbit olunmuş əqli nəticələrə istinad edilməli. 4. Xalq təfəkkürü və xəyalının inciləri olan müdrik ifadələrə, qanadlı sözlərə, atalar sözü və zərbi-məsəllərə əsaslanmalı. Bu şərtlərin heç olmazsa, birini gözləməyən şeir “etibarsızdır”, başqa sözlə, zəriflik və kamillikdən, imandan uzaqdır, – müxtəlif zövqlərin və idraki ölçülərin sınağına dözmək gücündə deyildir. Füzuli isə deyilənlərin nəinki birini, əksər hallarda hamısını qabarıq şüşədə toplanan işıq kimi öz şeirində cəmləşdirə bilir.

Füzulinin bir çox beytləri Quran ayələri, peyğəmbərin hədisləri və klassik şeirdə geniş yayılmış sufilik anlayışlarının köməyilə izah edilə bilər. Lakin bu, şairin hər beytinə dini-mistik don geydirməyə, yaxud hər sözündə sufizm mətləbi axtarmağa əsas vermir...

Füzulini din şairi saymaq, sənətindəki əzəməti, dərin bədii təsiri ancaq “mübhəm” və “zərif” dini-mövhumi anlayışlarda görmək onu başa düşməməyə bərabərdir.

“Füzulini şərh etmək?!” Bu sözlər çox qəribə səslənir. Bu ona bənzəyir ki, kiməsə günəş bağışlamaq istəyirsən, ancaq əliboş gedirsən: hərarəti öz qəlbində qalır, nuru gözlərində...

Füzuli dəryadır!

 

***

 

Füzulinin Azərbaycan klassik şeirini yüksək zirvəyə qaldırması orta əsrlərdə təkcə bədii fikrimizin deyil, həm də ədəbi dilimizin böyük nailiyyəti sayılmalıdır. Bu, ədəbi-mədəni və ictimai-fəlsəfi aspektdə o mərhələnin başlanğıcıdır ki, hazırda dilimiz çatmış və öz vəzifəsini yüksək səviyyədə yerinə yetirən üslublara şaxələnmişdir.

Füzulinin şeir dilini və yaradıcılıq üslubunu yaxşı mənimsəyən hər kəs onda fikrin və xəyalın əlaqəli dərinliyinə, geniş mənada, bədii məzmunun dolğunluğuna və estetik füsunkarlığına heyran olmaya bilməz. Füzulinin fərdi üslubunun bünövrəsində metaforik təfəkkür durur. Məcazi düşüncə tərzi özlüyündə təzə hadisə deyildi. Bu cəhət Füzuliyə qədərki islam Şərqinin üç dilli poeziyasının bütün ruhunu sarmışdı. Lakin onun kökü, rişələri canlı danışıq dilində idi. Füzuli bu üsula ona görə sığınmışdı ki, onda bitib-tükənməyən işıq və enerji görürdü...

Qətiyyətlə demək olar ki, bədii dilin məcazilik məsələsində Füzuli ancaq ənənə ardınca getməmişdir. O düşünüb-aramış, nəhayət, tapmışdır... Füzuli “məcaz” sözünə də məcazi yanaşmış, məcazi fikirləşmək, duymaq yolu ilə bir-birindən yeni, təravətli ifadələrlə maddi və mənəvi aləmin həyati və parlaq obrazlarını yaratmışdır. Əbəs deyil ki, şair məcazı “həqiqət günəşinin şöləsi, nuru” adlandırır...

Aristotel yazırdı: “Yalanı necə məharətlə işlətmək üsulunu başqa şairlərə ən çox öyrədən Homerdir”. “Aldanma ki, şair sözü, əlbəttə, yalandır” söyləyən Füzuli də Azərbaycan poeziyasında şairlərə bədii yalanı ən çox öyrədən sənətkardır. İlk baxışda dil və üslubca yekrəng və yekcins təsir bağşlayan divan ədəbiyyatında Füzulini bütün əsrdaşlarından, sonradan onun məktəbinə daxil olan sənətkarlardan yüksəyə qaldıran əsas təqlidedilməz cəhətlərdən biri budur. Bu mənada, şairin yaradıcılığını layiqincə tədqiq etmiş H.Mazıoğılunun “Füzulinin şeirlərində xəyal cəbhəsinin zəif olduğunu görürük” fikri ilə razılaşmaq mümkün deyil.

Təzkirəçilər Füzulini dil və üslubuna görə daha çox Ə.Nəvai ilə müqayisə etmişlər ki, onu Nəvaiyə yaxınlaşdırsınlar. Bu səbəbdən iki böyük sənətkarın şeir dilindən bəzi paralel nümunələrə nəzər salmaq əhəmiyyətlidir. Qətiyyən Füzulinin böyüklüyünü sübut etmək məqsədilə yox, hətta nəzirələrində də orijinal olduğunu bir daha göstərmək üçün. Çünki dövrünün görkəmli ictimai xadimi olan Nəvai, həqiqətən, dahi şairdir, əsl elm və sənət cəngavəridir. Ona görə də Füzuli Nəvaini sevmişdir; onun dilində (üslubunda) Nəvaiyə bənzərlik də vardır. Amma bu sevgi və bənzəyiş Nəvainin Nəsimiyə sevgisindən, bənzəyişindən artıq deyildir... Dil və üslubunun zənginliyi, sənətkarlığının mükəmməlliyi xüsusilə bədii abstraksiyanın inkişaf səviyyəsi cəhətindən Füzulini kiminsə məktəbinə aid etmək, kiminsə təsiri altına salmaq doğru deyildir.

 

***

 

...Ədəbi dildə söz yaradıcılığına az qala biganə qalmağı üstün tutan Füzuli ifadə yaradıcılığı sahəsində ciddi fəaliyyət göstərmiş, Azərbaycan şeir dilinin müdrik, qanadlı və ibarəli poeziya dili pilləsinə yüksəlməsi üçün çox böyük tarixi iş görmüşdür. Füzulinin metaforik təfəkkürü söz ustalarının idrakına və təxəyyülünə işıq seli kimi axmış, qiymətli bəhrələr vermişdir. Ona görə də çağdaş ədəbi dilimizdə C.Cabbarlı və S.Vurğun kimi nəhəng sənətkarların dilində romantik üslubla əlaqələndirilən onlarca gözəl obrazlı ifadənin mənşəyi tarixən Nəsimidən, möhkəm və mötəbər özülü isə Füzulinin şeir dilindən başlanır.

 

***

 

Yüz illər, min illər keçəcək, dünyaya gələn yeni nəsillər Füzuli şeirlərini təkrar-təkrar oxuyub şərh edəcək, lakin şərhlər bitib-tükənmək bilməyəcək. Şairin qədim dünyaya və gələcəyə doğru gərilmiş xəyal şəhpəri sənət göylərində inamla süzəcək. Onun ölməz əsərləri əbədi olaraq insanlığın xidmətindədir.

Nə yaxşı ki, tarixlər yaşamış bu keşməkeşli dünyaya ara-sıra Füzuli kimi insanlar gəlir: müdrik və həssas, hər cür tamahdan, təkəbbürdən uzaq, məğrur olduğu qədər də sadə və təvazökar, ləyaqətsiz bir mühitdə ləyaqət və şərəfini qorumağı bacaran, tükü tükdən seçən, sözdən söz çəkən, yer üzündə ülvi sevgini, sədaqəti, gözəlliyi və gözəllik duyğusunu, haqqı, ədaləti, azadlıq və əməksevərliyi, səbir və təmkini, yaxşılığı, dostluq və mərdliyi, neçə-neçə bəşəri məziyyət və fəziləti təbliğ və təlqin edən zərif ruhlu şair-insanlar!

Tarixdə Füzuli kimi şəxsiyyətlər yaşamasaydı, təbii ki, bəşəriyyət mənəvi iflasa uğrayar, qəbahətlər dolu həyat üçün ancaq xəcalət çəkərdi.

Füzuli paklıq mücəssəməsidir, – bu gün də öz bədii sözü ilə ürəklərə məhəbbət və xeyirxahlıq körpüsü salmaqdadır.

Füzuli sənəti xalqın dilindən və zəkasından od alıb şölə saçan, insan qəlbində min illər boy atan ali və müqəddəs duyğuların hərarəti ilə zaman-zaman daha gur yanan bir ocaqdır. Bu ocağın odunda yanmaq səadətdir...

Füzuli “Divan”ından, – bu dərin zəka və parlaq istedad mücrüsündən hələ oxucular çox şey öyrənəcək, çox qəlblər riqqətə və ehtizaza gələcəkdir. Bu dirilik suyundan içən hər bir adam canlanacaq, həyatın mənası haqqında sonsuz düşüncələrə – xəyallara dalacaq, bu dünyaya gəldiyinə sevinəcək.

Nə qədər ki dünya və məhəbbət var, Füzuli də olacaq. Bir millətin və dilin nəyə qadir olduğunu göstərmək üçün Füzuli kimi bir şairin varlığı kifayətdir... Türk xalqları və türk dili durduqca Füzuli yaşayacaq.

Füzuli tarix içində mənəvi mənliyimizdir, – dilimizin, mənəviyyatımızın əbədi və canlı heykəlidir!

1995

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2024)

ABŞ-də yaşayan azərbaycanlı ədəbiyyatşünas, şair və yazıçı Aleksandr Səlimov Çində keçirilən ənənəvi 7-ci Boao Beynəlxalq Poeziya Mükafatları mərasimində “İlin şairi” mükafatına layiq görülüb.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına Diasporla İş Üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbir mədəni və humanitar əməkdaşlığın təmini məqsədilə Cənub-Şərqi Asiya Şairlər Birliyi və Çin Yazıçılar Birliyinin dəstəyi ilə 2018-ci ildən ənənəvi olaraq təşkil edilir.

Qeyd edək ki, Aleksandr Səlimov ABŞ-nin Delaver Universitetinin professorudur. O, eyni zamanda Amerika Şairlər Akademiyasının üzvü, UNESCO-nun fəxri mədəniyyət səfiridir. Soydaşımızın kitabları sırasında "Çağırış və digər poemalar" adlı şeirlər məcmuəsi xüsusi yer tutur. İberiya-Amerika ədəbi cəmiyyəti tərəfindən nəşr edilmiş bu kitab 2018-ci ildə Viktoriya Urbano fəxri mükafatına layiq görülüb. "Çağırış və digər poemalar" kitabına Xocalı soyqırımının qurbanlarına həsr olunmuş şeirlər də daxil edilib.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2024)

 

Cümə axşamı, 26 Dekabr 2024 09:33

The Beatles, ilk paraşüt, Mao

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

 

Bu günə olan əsas tarixi hadisələri diqqətinizə çatdlırırıq:

26 dekabr

 

Hədiyyələr günü

Böyük Britaniyada, onunla bağlı olan Kanada, Avstraliya, Yeni Zelandiya, Samoa və Kiribatidə yaranmış bu sürprizlər bayramı sonradan digər ölkələrdə də yayılıb. Bir təsəvvür edin, hamı hamıya hədiyyə edir, varlı kasıba, gözəl çirkinə, xoşbəxt bədbəxtə, yaxşı pisə... Adətən hədiyyələri doğmalardan, tanışlardan alırıq, burda isə heç tanımadıqlarımız bizi təbrik edir. Günün sonunda o qədər hədiyyə yığırsan ki, lap məsti-xumar olursan.

 

Nıtik günü

Çox qəmli olanların dəstək günü. Nə gözəl bir gündür. Qərb ölkələrində hətta xüsusi fondlar var, bu gün xəstəxanada yatan xəstələri, qocalar evlərindəki kimsəsizləri, evsiz-eşiksiz bomjları, uşaq evlərindəki yetim uşaqları, əzizləri yaxında vəfat etmişləri, həbsxanaya düşmüşləri və digər mənəvi köməyə ehtiyacı olanları yoluxur, onlara ürək-dirək verirlər. Biz azərbaycanlıların indi bu cür dəstəyə çox ehtiyacımız var, biz bu siyahıya kommunal borcları ödəməkdə çətinlik tapıb, bahalanmanı qarşılaya bilməyib, bank kreditlərinin boyunduruğuna düşüb depressiya keçirənləri də əlavə edərdik, onlara dəstək duranlar da tapılıb “Nıtik gününüz mübarək!” deyərdilər.

 

Ən dəhşətli zəlzələ, kazinoların başlanğıcı və Mao

Fransanın Yves Rocher brendi kimə tanış deyil ki? Bu fransız ətri bihuşediciliyi ilə seçilir. 2009-cu ilin bu günündə Yves Rocher korporasiyasının yaradıcısı İv Roşe vəfat edib. 2004-cü ilin bu günündə müasir tarixin ən ölümgətirici zəlzələsi olub, Hind okeanında baş verən 9,3 maqnitudalı zəlzələnin yaratdığı sunami İndoneziyanın, Şri-Lankanın, Hindistanın, Tailandın sahil ərazilərinə basqı edib, hündürlüyü 15 metrə çatan dalqalar 300 min insanı həyatdan alıblar. 1991-ci ilin bu günündə SSRİ Ali Sovetinin Respublikalar Soveti özünün son iclasını keçirərək SSRİ-nin ləğvini bildirən deklarasiyanı qəbul edib. 1963-cü ildə ABŞ-ın Capitol Rekords firması ilk dəfə The Beatles qrupunun valını buraxıb, ABŞ-da yerli musiqiçilərin hegemonluğu dövrü bununla da bitib, amerikalılar bu britaniyalı musiqiçilərə heyran olublar.

Qumar həvəskarları, yaxın oturun, sözüm sizədir. 1946-ci ildə Las-Veqasda “Flaminqo” otelinin açılışı olub, qanqster Baqsi Siqelə məxsus olan bu otel ilk kazinosu ilə tarixə düşüb, beləcə Las-Veqas dünyanın oyun biznesinin mərkəzinə çevrilib. İçinizdə yapon avtomobili sürənlər az deyil, deyilmi? 1931-ci ildə Datsun yük avtomobillərinin istehsalı ilə Toyota avtomobil konserni fəaliyyətə başlayıb.

Əziz alimlər, 1898-ci ildə Pyer və Mariya Küri radioaktiv element olan radiyi kəşf etdiblər.

1893-cü ildə bəşər tarixinin ən qatı diktatorlarından biri – Çin kommunist partiyasının rəhbəri Mao Tse Dun dünyaya gəlib. Ən nəhayət, 1825-ci ildə Peterburqda, Senat meydanında Dekabristlər üsyanı baş verib.

 

Paraşütün sevdası

1783-cü ilin 26 dekabrında fransız Sebastyan Lenorman bükmələnmiş qayışlı brezentlə təyyarəyə qalxıb müəyyən yüksəklikdən yerə atıldı, həmin o brezent havada açılaraq Lenormanı sağ-salamat yerə gətirdi. Bu, “paraşüt” adını almış nəsnənin ilk sınağı idi, beləcə Lenorman yeni bir kəşfə imza atdı.

Paraşüt təhlükəsiz uçuşlar üçün xüsusən vacibdir, təyyarəyə minənlər nasazlıq olanda paraşütlə özlərini xilas edəcəkləri inamı ilə sığortalanırlar. Kaş ki, bizləri həyatdakı bədbəxtçiliklərdən xilas edəcək paraşütlər də olardı, ən ağır, ən sıxıntılı günlərimizdə onlardan yapışıb özümüzü ataydıq xoşbəxtliklərin qoynuna.

 

“Ədəbiyyat və incəsənət”

(26.12.2024)

 

 

 

 

 

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzet” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Lalə Hüseynovanın şeirləri  təqdim edilir. 

 

Eşq nədir

 

Eşq nədir?

Birinə sarılmaqmı?

Yoxsa,

Birinin səni sevdiyinə inanmaqmı?

 

Eşq nədir?

Birini özündən daha çox sevməkmi?

Yoxsa,

Səndən xəbəri belə olmayan birinə

Ruhunu verməkmi?!

 

Mən səni axtarıram 

 

Dolub hicran yaşıyla yenə qəmli gözlərim,

Gözlərimin yaşında mən səni axtarıram.

Mənim ayaq izlərim izlərinə bənd olur,

Bu yolların başında mən səni axtarıram.

 

Gözlərimin önündə durub dumanlı səhər,

Bu dumanlı səhəri mən açmışam birtəhər...

Ayrılandan bəri biz darıxıbdı göy Xəzər,

Tənələr yağışında mən səni axtarıram.

 

Bu sevən ürəyimin ehtiyacı sən oldun,

Bu həyatın özütək şirin, acı sən oldun.

Sağalmayan dərdimin son əlacı sən oldun,

Taleyimin qışında mən səni axtarıram.

 

*

Son dəfə görəm gözəl üzünü,

Son dəfə sarılam bütün gücümlə sənə.

Yenə hiss edəm ürək döyüntünü sinəmdə,

Yenə "küsmə" deyəsən səndən küsənə.

 

Birnəfəsə çəkəm qoxunu içimə,

Təkrar oturaq eyni yerdə, məkanda.

Təkrar tutam o isti əllərindən,

Tale birləşdirmişkən bizi, necə ayrılaq bu anda?!

 

*

Neçə gün gözləyəcəm səni

Sabahım belə bəlli deyilkən?

Neçə mövsüm yarpaq tökəcəm

Qəlbim hər mövsüm qış ikən?

 

Neçə boşqab qoyacam süfrəyə,

Mən açlıqdan ölərkən.

Neçə gün daha gözləyəcəm gəlməni

Yeməklər çoxdan soyumuşkən?

 

Neçə ömür gözləyəcəm səni,

Mənim ömrüm tükənmişkən.

Daha neçə insana sarılacam

Sənin saçının telinə toxunmamışkən.

 

*

Birini sevərsən:

Dağdakı çiçək,

Göy üzündəki bulud,

Səmadakı ulduz qədər xoşbəxt olarsan.

 

Sevdiyin birini itirsən:

Bir daha əsla olmazsan,

Dağdakı çiçək,

Göy üzündəki bulud,

Səmadakı ulduz qədər xoşbəxt...

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

 

Xəbər verdiyimiz kimi, Sankt-Peterburq şəhərində keçiriləcək MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Rusiya Federasiyasına səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruzə edilib və dövlətimizin başçısı dərhal geri dönmək barədə tapşırıq verib.

 

AzərTAC xəbər verir ki, təyyarə endikdən dərhal sonra Prezident İlham Əliyev hadisə ilə bağlı Heydər Əliyev Beynəlxalq Aeroportunda müşavirə keçirib.

Dövlətimizin başçısı müşavirədə çıxış edərək deyib:

-Təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyirəm. Onların ailələrinə, yaxınlarına Allahdan səbir diləyirəm, başsağlığı verirəm. Bu, böyük faciədir, Azərbaycan xalqına böyük faciə üz vermişdir.

Mən bu gün səhər MDB Zirvə görüşündə iştirak etmək üçün Bakıdan Sankt-Peterburqa təyyarə ilə uçurdum və uçuş zamanı bu qəza ilə, bu faciə ilə bağlı mənə məlumat verildi. Dərhal göstəriş verdim və təyyarə geriyə – Bakıya döndü. Hələ havada ikən mənim tərəfimdən müvafiq göstərişlər verildi, Baş nazirlə danışdım, onun rəhbərliyi ilə komissiya yaradıldı. Eyni zamanda, Azərbaycan nümayəndələrindən ibarət heyət qəzanın baş verdiyi Aktau şəhərinə ezam edilmişdir. Əlavə göstəriş verildi ki, Azərbaycan həkimlərindən ibarət briqadalar da Aktau şəhərinə tezliklə ezam olunsun.

Komissiyanın işi məsələni tam araşdırmaqdır, qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir. Mənə verilən məlumata görə, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL şirkətinə məxsus təyyarə havanın pisləşməsi ucbatından istiqamətini dəyişmiş və Aktau hava limanına tərəf uçmağa başlamış, eniş zamanı qəza baş vermişdir. Mediada, sosial şəbəkələrdə təyyarənin qəzaya uğraması anları mövcuddur. Ona görə onu hər kəs görə bilər. Ancaq qəzanın səbəbləri bizə bəlli deyil. Müxtəlif versiyalar var. Hesab edirəm ki, hələ bu barədə danışmaq tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır və təbii olaraq, Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq.

Qəzada həlak olanların və onların yaxınlarının acısını çəkərək, həlak olanlara Allahdan bir daha rəhmət, yaralananlara şəfa, həlak olanların, yaralananların yaxınlarına, doğmalarına səbir diləyirəm. Sağ olun.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Ulduz” jurnalı ilə birgə keçirdiyi “Narkomaniyaya yox deyək!” hekayə müsabiqəsinin yekunlarına həsr olunmuş tədbir keçirilib. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, AYB-nin Natəvan klubunda 24 dekabr 2024-cü ildə təşkil olunan tədbiri “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs açaraq səhiyyə müəssisələri ilə yaradıcı təşkilatların əməkdaşlığını yüksək qiymətləndirib.

 İSİM-in direktoru Qəhrəman Haqverdiyev çıxış edərək vurğulayıb ki, müsabiqənin təşkilində əsas məqsəd xüsusən gənc nəsildə sağlam davranışların formalaşdırılması, zərərli vərdişlərin həm sağlamlığa, həm də cəmiyyətin inkişafına mənfi təsirləri barədə əhali arasında məlumatlılığın artırılmasıdır.

AYB-nin katibi Elçin Hüseynbəylıi, Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədri Əsəd Cahangir, İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, yazıçı Nazilə Gültac, AYB-nin Lənkəran bölməsinin sədri, yazıçı Qafar Cəfərli çıxış edərək bildiriblər ki, narkomaniya və digər zərərli vərdişlərə qarşı mübarizə aparmaq üçün müvafiq qurumların əlaqələndirilmiş şəkildə fəaliyyət göstərməsi, əhali arasında geniş təbliğatın aprılması zəruridir.

“Narkomaniyaya yox deyək!” mövzusunda təşkil olunan hekayə müsabiqəsinin finalçıları – Azər Qismət, Coşqun Xəliloğlu, Nemət Mətin, Günel Mehri, Qafar Cəfərli, Rövşən Qaragözov, Ruzbeh Məmməd, Məlahət Hümmətqızı, Nazilə Gültac və Tural Cəfərli qalib elan olunub. Onların hekayələrindən ibarət “Həyatımızı sağlam yaşayaq!” adlı hekayələr toplusu nəşr olunub. Kitabda yer alan hekayələrdə narkotik maddələrdən istifadənin acı nəticələri təsvir olunub, sağlam həyat tərzi seçmək təbliğ və təşviq edilib.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

Habil Yaşar, “Ədəbiyyat və incəsənət”

 

Fiziki məhdudiyyətli insanlar cəmiyyətə necə adaptasiya olunurlar? Əlbəttə ki, maraqlı mövzudur. Həm də aktual! 

 

Dekabrın 23-də Sumqayıt Dövlət Universitetində Mükəmməllik Mərkəzinin təşkilatçılığı və İnklüziv Təhsil Mərkəzinin dəstəyi ilə rejissor Elçin Ağazadənin ekranlaşdırdığı “Problem yoxdur” sənədli filmi nümayiş olunub. 

 

Film Göygöl rayonunda yaşayan fiziki məhdudiyyətli istedadlı gənc Alik Cəfərovun həyat hekayəsindən bəhs edir. Universitetin Mükəmməllik Mərkəzinin direktoru Əli Rzayev çıxışında "Problem yoxdur" sənədli filminin inklüziv cəmiyyətin inkişafı baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib. Qeyd edib ki, film vasitəsilə Alik öz həmyaşıdlarına əlilliyi problemə çevirməməyi tövsiyə edərək, “Bacarıqsız kimsə yoxdur” mesajını cəmiyyətə ötürür.O, həmçinin SDU-da inklüziv tələbələrə xüsusi diqqət göstərildiyini və onların təhsil mühitində bərabər imkanlarla təmin olunduğunu nəzərə çatdırıb. Sonra tədbirin təşkilatçısı Pərvanə Seyidli və inklüziv təhsil mütəxəssisi Zivər Xanlarova çıxış ediblər. Onlar tədbirin əhəmiyyəti və inklüziv təhsilin cəmiyyətə təsiri barədə fikirlərini bölüşüblər. Tədbirin növbəti hissəsində inklüziv sahədə istedadlı gənclər rəqs və musiqi nömrələri ilə iştirak edərək tədbir iştirakçılarına xüsusi bir təəssürat bəxş ediblər. Filmin nümayişindən sonra yazıçı-psixoloq İlqar Kamil, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru, xalq artisti Firudin Məhərrəmov, "Ümidlə gəl" xeyriyyə layihəsinin rəhbəri və sosial məsələlər üzrə TV eksperti Hacı Quliyev, həmçinin yazıçı Almaz Bəyazid filmin gənclərə motivasiya baxımından əhəmiyyətini vurğulayıblar. Sonda rejissor Elçin Ağazadə ekran əsərinin yaranma prosesindən danışaraq, hər kəsə təşəkkürünü ifadə edib. Təqdimatın sonunda Mükəmməllik Mərkəzi adından rejissor Elçin Ağazadəyə xatirə hədiyyəsi təqdim olunub.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağlanın növbəti təqdim etdiyi yazar Təbrizdə yaşayan Xosrov Barışandır.

 

 

Xosrov Barışan

Təbriz

 

YENİ BİR RİTM

 

Qaranlığı mən yazmadım gecəyə,

Gözlərin yazdı...

Bax... Həkk olunur ürəyim bu tıxaclarda.

Sol döşümə mayın qoydu səsin.

Səsin ortadoğuda gurultudur

Savaş uçaqları tanrısı.

Toxunduqca sənə çatan yolların nəbzinə

Şeir olub partlayıram.

Dilim məsum,

Anasız bir uşaqdır, itkin olub.

Və başlanğıcda kəlmə idi və kəlmə tanrı idi.

Susuz quyuların dibində səsləndi kəlmələrim!

Sözlərin gözlərindən su içirdilər.

Yox sən Yusif deyilsən ki...

Səni göstərən barmağımı kəsdilər,

Ah... barmağım kimliyimi qanıtlayardı.

Güzgülərdəki üzlərdə itdi gözlərim.

Əh nə qədər əlləşsəm də

O müqəddəs adını

Şeirlərimdə səsləndirə bilməyirəm

Kəlmələri pozaraq tükənən silgilər şahid.

Hanı, hanı mənim izlərim?

Söz vermişdim

Bu şəhərdəki tabuları birlikdə

Sındıracağıq sevgilim

Ancaq yolumuzun tabloları sındı, nə yazıq!

Bura Təbriz

Min üç yüz doxsan beşin ikinci ayı

Qar yağır, qar...

Şəhərin üzü ağarır, ağarır hey

Qar danaları göyərçinlər

Yuxularımı sənə aparırlar.

Çürüyür ürəyim bu vicdansızlıq havasında

O qədər qışsan ki,

Tüpürsəm üzünə donar arzularım.

Sən bir qar adamı

Uşaqlığımın əlcəksiz qızaran əlləri kərdimizdə yaratdı səni.

Qələmim pomada vurar məni çağıran dodaqlarına.

Qələmim al-qırmızı...

Ölüm cızığından ayağını uzatmasın deyə cızıq çəkər.

Sus... Sus...

Danışsan genişlənər ölümün sərhəddi!

Artıq qucağımdasan, qollarımdasan.

Böyüdüm otuz üç yaşındayam.

Saat üç, gecənin yarısı, ömrümün? Nə bilim!

Yatağımdasan

Və xiyabanların bərkiyən döşündən şairliyim qaranlıq əmir...

Əmir...

Əmir...

Əmir bazarından sənə sırğa alanmadım.

Pulum yox,

Axı şairəm. Tacir deyilim ki səni satanmadım.

Olsun, qoy qar açılsın, qara buludlar çəkilsin.

Sənin qulağına bəxt ulduzumu sırğa edəcəyəm.

Təbim var.

Sən Təbrizim ola bilməzsən.

Əriyəcəksən, itəcəksən.

Yenidən göyərməyəcəksən!

Və bu şeir sonsuzadək

Islaq qalacaq göz yaşlarımda!

Yorğunam. Çox yorğunam, artıq

Gecənin saçlarını daramaqdan.

Hörüklərinə ilişib ayaqlarım.

Kimliksiz bir dəliyəm.

Sən Leylam deyilsən ki...

Məni torpağımın ürəyinə quylayın lütfən.

Artıq gözəl və məsum bir qız gəzir yaza bilmədiklərimin sərgisində,

Ürəyimə su səpir,

Şeir gələndə toz olmayır.

Kitab yox bitik deyir, varaqlanır, ayaqlanır...

Xış... xış... tap... tap...

Yeni bir ritmdir bu

Səni sevirəm musiqisindən.

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı PORTAL AKADEMİYASInda növbəti, üçüncü abituriyent kurslarına davam edir. Həyatda necə uğur qazanmalı, hədəfi necə seçməli, hədəfə doğru necə irəliləməli, necə lider olmalı – bu sayaq suallar hər birinizi düşündürür, bilirik. Onlara PORTAL AKADEMİYASI məşğələlərinə qatılmaqla çavab tapacaqsınız. Rubrikanı millət vəkili, motivasiya spikeri, yazıçı Əlibala Məhərrəmzadə aparır.                           

 

Fəaliyyətə başlamaq

Fəaliyyətə haçan istədin, başlaya bilməzsən. Sən məqsədə çatmağa tam hazır olsan belə əlverişli zaman və şərait olmasa uğur qazana bilməzsən. Azərbaycanlı yazıçı Varis Yolçuyevin belə bir aforizmi var, «Özünün ən güclü zərbələrini yaşadığın zəmanənin ən zəif vaxtına saxla».

Buna görə də, məqsədyönlü fəaliyyətə başlamaq üçün mütləq əlverişli zamanı, əlverişli şəraiti gözləməyə məcbursan. Elə ki, ideal və ya ideala yaxın şərait yarandı, haydı, məqsədə doğru fəaliyyətinə başla.

Hər gün bircə dənə də olsa belə mütləq addım atmaq, hər gün məqsədə doğru ən azı bir qarış yaxınlaşmaq çox vacibdir.

Və ən əsası, məğlubiyyətdən qorxmadan qələbəyə doğru getməyiniz zəruridir.

Nəticə əldə etmək

Yalnız bütün şərtlərə doğru-dürüst əməl etdikdən sonra siz bir müddət öncə arzu şəklində olan, sonradan məqsədinizə çevrilən bir istəyinizi tam reallaşdıra biləcək, öz uğur formulunuz ilə uğurlu insana çevriləcəksiniz.

Beləliklə, mən uğur formulasının ən çox rast gəlinən formasını sizlərə təqdim etdim. Əlbəttə, kitab boyunca həm bu uğura gedən 6 addım, həm də digər addımlar barədə ən müxtəlif fikirlərlə, mövqelərlə də tanış olacaqsınız.

Hələlik isə bir şey deyim:

Bütün işlərin önündə başlamaq dayanır, tərəddüd etməyin, sadəcə başlayın!

 

“Ədəbiyyat və incəsənət”

(25.12.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.