ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

Bazar ertəsi, 30 Dekabr 2024 15:15

Dərdləşək bəlkə? - ESSE

 

Xatirə Əsgərova, “Ədəbiyyat və incəsənət”

 

Ədəbiyyat müəllimim deyirdi ki, mətnlərin ilk   və son cümləsi digərlərindən fərqli, daha mənalı olmalıdır ki oxucunun diqqətini cəlb etsin. Yəni ki həvəslə oxusun, sonda isə yazının təsirini hiss etsin. 

Əgər hələ də oxuyursunuzsa, deməli ilk cümləm sizin diqqətinizi özünə çəkib.

Düşünürəm ki, elə şagird olub müəllimlərə qulaq asanda daha xoşbəxt olmuşuq. Ən azından, arzularımız digər insanların maraq və istəklərinə uyğun olaraq qurulmayıb. 

Gəlin boynumuza alaq ki, hər hansısa yeni iş qururuqsa, ilk öncə pulu və digər insanların maraq dairəsini hesablayırıq.

Nəinki mətnlərin, ağzımızdan çıxan cümlərinin də ilki və sonu elə olmalıdır ki qarşımızdakı bizdən bezməsin. 

Neçəmiz sırf özmüz kimi ola biləcəyimiz insanlarla bərabərik? Ən utandığımız, ən böyük səhvimiz, ən baxımsız, kefsiz, hər şeyə qarşı ümidsiz olduğumuz halları bilərək hələ də bizi sevən neçə insan var ki həyatımızda?

Bir, yoxsa sıfır?

Niyə də ki sözlərmizi qrim etməyək hər şeyin illüziyalandığı dünyada? 

Mən maddiyyatı düşünmürəm, mənəviyyata üstünlük verirəm deyən insan, sən “uşaq sənin" arzularını gerçəkləşdirə bilmisənmi?  İçdən güldüyün, sevdiyin musiqini dinləyib, sevdiyin yeməyi həvəslə yediyin gün yadındadırmı?

Həvəs demişkən, "uşaq sən" kimi hələ də doğum gününü, bayramları bir ay əvvəlcədən sayırsanmı?

Qəlb qırmadan çəkinirsən, ya öz qəlbini qurban edirsən?

Suallarımı çoxaldıb ürəyini boşaltmaq istəyirsənsə suallarım heç bitmək bilməz. Amma indi sadəcə bunlara cavab ver. 

Ümumiyyətlə xoşbəxtsən? 

Sual ver özünə! Axrıncı dəfə nə vaxt xoşbəxt idin və yanında kim var idi?

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2024)

 

Kübra Quliyeva, “Ədəbiyyat və incəsənət”

 

Həmkarım Harunun fikirlərindən yola çıxaraq qocaman bir ilə sıxışan xatirələrimi bölüşmək istəyərdim mən də.  

 

2020-dən bəri heç bir ili doyunca yaşadığımı, yetəri qədər yaşamış hiss etdiyimi düşünmürəm açığı. Bu il mənim üçün necə keçdi və ya mənə hansı hissləri doğmalaşdırdı? İlk öncə qəbullanmışlığı öyrəndiyim bir il olduğunu qeyd edə bilərəm. Beynimdə daim milyonlarla susmayan səslər, bir-biri ilə dava edən mənlər var idi və mən onları susdurmağa çalışdıqca daha çox danışırdılar, onlar danışdıqca mən daha çox susdurmağa çalışırdım. 

Birdən sadəcə onları tək-tək dinləməyi qərara aldım, gördüm ki, hər biri özünə görə müəyyən zaman kəsiyində haqlıdır. İndi onların hər biri mənim dostumdur və mən onlarla özümə daha doğmayam. 

2024 mənim üçün fərqindəlik və qəbullanmışlıq ili oldu. Demək olar ki, hər şeyi, hər kəsi, ən absurd düşüncələri belə qəbul etməyi öyrəndim. Məsələn, həyatımdan çıxan hər kəsin əslində bir vəzifəsi olduğunu dərk edib gedişlərinə, tərk edişlərinə kədərlənmək əvəzinə gəlişləri ilə mənə qatdığları hər şey üçün tanrıya təşəkkür etməyin nə qədər dəyərli olduğunu dərk etdim. Bolca şükr etməyin, su içməyin, günlük yürüyüşlər etməyin sağlamlığımıza faydasını kifayət qədər gördüyüm bu ildə özünü haqlı olaraq ifadə etməyə çalışmağın əslində boğazımızı düyünləyərək nəfəs darlığına səbəbkar olduğunu bir daha hiss etdim. 

İstər maliyyə istər təhsil baxımından da, 2024 mənim üçün düşərli oldu. Açığı bakalavr vaxtı öyrəşdiyim mühitin yeri çox görünsə də, əlimdən gələn qədər çalışıb həyatımda xüsusi dəyəri olan nənəmi sevindirib magistr tələbəsi adını qazanmaq da, bir qədər qürurlu və duyğulandırıcı hissdir. 

Dediyim kimi, pisi ilə yaxşısı ilə 4 ildə öyrəşdiyim uşaqlardan, müəllimlərdən, imtahan sistemindən çıxıb tamam yad bir mühitə düşmək insanı qəribsədir, amma bir yandan da, zəhmət çəkmək, bəhrəsinə inanmaq zövq verir. Özümü bildim biləli maddi azadlığımı özüm təmin etməyə çalışsam da, daim könüllü, təcrübə, part-time iş fəaliyyətlərim olsa da, heç gözləmədiyim anda, gözləmədiyim yerdən iş təklifi almaq mənə bu il möhtəşəm bir kolleqa, əyləncəli iş mühiti və yeni təcrübələr qazandırdı. 

Eyni zamanda hazırda çalışdığım iş yeri sayəsində yeni bir adrenalin ilə tanış olub bu ilin ən dopaminli gününü keçirə bildim. O gün nələr oldu deyə soruşsanız keçən yazılarımda sizə bəhs etdiyim hiking macəramı, qorxduğum halda özümü "jivoy" aparmalı olduğum dağ turumu, yağışlı gündə palçıqlı, sürüşkən yollarla, qırılan budaqlara tutunaraq 2 saat yarıma qalxdığımız və sonunda dağların arasında qalan, dumanda gizlənən möhtəşəm Əmbil gölü  mənzərəsini ağzı açıq izlədiyimi deyə bilərəm.

Və bu il, mənə ən çox səbr etməyi, həsrət çəkməyi, ümid etməyi, gözləməyi, yan yanaykən mənasız mübahisələr etdiyin insanın ikicə dəqiqəlik səsinə gözünün dolmasını, 5 dəqiqəlik zəngə bütün ürək sözlərini sığdırmağa çalışmağın necə çətin və dəyərli olduğunu öyrədən, əsgər yarəni olanların nələr hiss etdiyini anladan dopdolu bir il oldu.

Saatlarla düz divara baxıb düşüncələrimi bulaqlardan süzdüm, gördüm yetmir özümə bir çay süzüb bu dəfə bulaqları sətirlərə tökdüm, gördüm sətirlər yetərsizdi göz yaşlarımı səhifələrə tökdüm, ağladıqdan sonra ciyərlərimin boşaldığınş hiss edəndə yenidən dərin-dərin nəfəs alıb gözümün içi ilə güldüm, mənasız zarafatlar etdim yenə güldüm.

Yaz-yaz bitməyən bir il oldu bu il mənim üçün. İndi isə gələcək ildən sadəcə səbr diləyirəm. Bu diləyim həyatında olduğum insanların mənimlə yola getdikləri üçün olan mükafatıdır sadəcə..

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2024)

Harun Soltanov, “Ədəbiyyat və incəsənət”

 

Bu il mənim üçün varlığın çılpaq mənasızlığını dərk etmək ili oldu. Həyat mənim üçün sadəcə ardıcıl hadisələrin təsadüfi bir yığımı idi, amma bu hadisələr sanki özləri ilə bir məcburiyyət gətirirdi: anlam axtarmaq məcburiyyəti.

 

Pnevmaniya məni bədənimə bağladı. İnsanın nəfəs almaq kimi sadə bir funksiyaya məhkum olduğunu anlamaq, mövcudluğun necə də ağır bir yük olduğunu göstərdi. Hər boğucu an, həyatın əslində bir zərurət olmadığını, amma ona dirənmək məcburiyyətinin insanın təbiətində olduğunu xatırlatdı.

Sonra itkilər gəldi: bibim, bibimin qızı, dostlarımın valideynləri... Ölüm insanı varlığın mənasızlığı ilə üz-üzə qoyur. Onların dəfnində dayanarkən düşündüm: torpağa qarışmaq insanın sonudurmu, yoxsa bu son belə mənasızdır? Ölümün özü belə bizə nə deyir? Heç nə. Biz ona mənalar yükləməyə çalışırıq ki, yaşamın ağırlığını daşıya bilək.

Maşınımın yanması... Əslində mənim heç nəyim yanmadı, çünki heç vaxt həqiqətən sahib olduğum bir şey yox idi. Amma bu hadisə mənə başqa bir şeyi xatırlatdı: insan yaratdığı hər şeyin köləsidir. Maşın, sevgi, hətta xəyallar – hamısı insanı özündən uzaqlaşdıran bir yükdür.

Sevgilimdən ayrıldım. Amma itirdiyim bir insan deyildi, özümün ona bağlanmış versiyam idi. Sevgi, sadəcə, iki varlığın bir-birinə məhkum olduğu bir zəncirdir. Bu zəncirdən qurtulmaq azadlıq gətirir, amma azadlıq özü necə də boş və ağrılıdır!

Daha çox içdim, daha çox əyləndim, daha çox qusdum, daha çox ağladım. Bütün bu xaosun içində özümü itirmək üçün çalışdım, amma nə qədər qaçsam da, öz varlığımın mənasız ağırlığını yenə də üzərimdə hiss etdim.

Kariyerada yüksəlişim oldu, amma o yüksəliş yalnız başqa bir qəfəsin pilləkəni idi. İmtahanlardan kəsilməyim isə mənə bir həqiqəti xatırlatdı: uğur və uğursuzluq da yalnız bizim yaratdığımız illüziyadır.

Bu il mənə bir şeyi öyrətdi: həyatın nə mənası var, nə də məqsədi. Biz bu mənanı özümüz yaratmağa çalışırıq ki, bu xaosun içində azıb getməyək. Amma o mənanı yaratmaq belə bir əzabdır. Mən isə bu əzabın içində yaşamağı öyrənirəm. Çünki başqa yol yoxdur.

 

“Ədəbiyyat və incəsənət”,

(30.12.2024)

Bazar ertəsi, 30 Dekabr 2024 12:00

Məni oyadan gecə - ESSE

 

Nigar Xanəliyeva, “Ədəbiyyat və incəsənət”

 

Hər dəfə həyatın dərin mənasını düşünəndə özümü birqəribə hisslər burulğanında tapıram. Bu dəfə isə "Yerin üstünə baxdım yuxuya dalmışlar, altına baxdım çürüyüb torpaq olmuşlar" deyən Ömər Xəyyamın sözləri məni daha dərindən düşünməyə sövq etdi. 

Gözlərimi bağlayıb bu sözlərin arxasındakı mənaları anlamağa çalışdım. 

Bir anda qəribə bir yerə düşdüyümü hiss etdim. Ətrafımda nə günəş vardı, nə də ay. Sanki hər şey həm var idi, həm də yox. Birdən uzaqdan bir səs eşitdim. 

– Nə axtarırsan, insan? – dedi səs.

Dönüb baxdım, bir kölgə gördüm. Amma bu adi bir kölgə deyildi, sanki həm bir insanın, həm də bütöv bir keçmişin xəyali idi.

– Mən? Mən sadəcə həqiqəti axtarıram. Bu dünyada niyə yaşadığımızı, niyə gəlib getdiyimizi anlamaq istəyirəm, – dedim.

Kölgə bir az yaxınlaşdı. Onun səsi artıq daha aydın idi.

– Yerin üstünə baxırsan, orada yuxuya dalmışlar görürsən. İnsanlar hər gün gözləri açıq, amma ruhları yuxuda gəzirlər. Onlar həyatın gözəlliklərini, dərin mənasını hiss etmədən yaşayıb gedirlər. Onlar yalnızca nəfəs alırlar, amma yaşamırlar. Bu, sənə tanış gəlmir?

Başımı aşağı saldım. Bəli, bu sözlərdə bir həqiqət vardı. Çoxları həyatın əsasını unudaraq boş məqsədlər arxasınca qaçırdı.

– Bəs yerin altı? Oradakılar? – soruşdum.

Kölgə dərindən bir ah çəkdi.

– Yerin altına baxanda çürüyüb torpaq olmuşlar görürsən. Onlar bir vaxtlar yerin üstündə yuxuda olanlardır. Bəziləri oyanmağa çalışdı, bəziləri isə heç bunu düşünmədən getdi. Onlar artıq torpağın bir parçasına çevriliblər. Amma onların izləri, xatirələri hələ də buradadır. Səncə, onların həyatı nə üçün idi?

Susdum. Düşüncələrim bir-birinə qarışdı. Həyatın dəyəri nə idi? Niyə gəlib gedirik?

– Bəs mən nə edə bilərəm? – soruşdum.

Kölgə yaxınlaşdı, elə bil mənim ürəyimə baxırdı.

– Oyandır ruhunu. Həyatı yalnız keçib gedən anlarla deyil, yaşanan dəyərlərlə doldur. İnsanlara sevgini, mərhəməti öyrət. Səni görənlər həyatın əsl gözəlliyini dərk etsinlər. Çünki bir gün sən də yerin altına enəcəksən. Amma izlərin yuxarıda qalacaq. Sənə necə xatırlanmaq istədiyini özün seç.

 

Oyananda artıq günəş çıxmışdı. Hər şey mənə daha parlaq görünürdü. Sanki hər bir ağac, hər bir quş, hətta yerdəki torpaq belə danışırdı. 

Yerin üstü ilə altı arasındakı bu səyahət məni tamamilə dəyişmişdi. Artıq başa düşürdüm ki, həyat yalnız nəfəs almaq deyil. Həyat sevgi ilə yaşamaq, gələcəyə iz qoymaqdır.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

SSRİ-nin yaranması

Dünyanın quru ərazisinin 6-da 1-ni tutun, guya insan rifahına hesablanmış, əslində totalitar quruluş olan SSRİ ilə bağlı bizdə heç də xoş olmayan ovqat var, çünki bu ölkə Rusiya imperiyasının yeni məzmunlu davamı olub. 1918-ci ildə çar Rusiyasından qopub müstəqillik qazanan Azərbaycanımız 1920-ci ildə bu dəfə bolşevik Rusiyasının işğalına məruz qalıb. Müxtəlif adlar altında fəaliyyət göstərən sovet imperiyası 1922-ci ilin 30 dekabr günündə Ümumittifaq Sovetlərinin 1-ci qurultayında SSRİ adlı bir dövlət şəklində qurulub, onun ilk subyektləri Rusiya, Ukrayna, Belorusiya və Zaqafqaziya respublikaları olublar.

Bu gün Rusiyada, eləcə də onun əsas əlaltısı Belorusda geniş bayram ediləcək. SSRİ-nin, rusların nostaljisi ilə yaşayan bizim bəzi sakinlər də bu gün əlli-əlli vodka vurasıdırlar. Rusiya bu gün də bölgədə öz hökmranlığını yeritməyə çalışır, yeni məzmunlu daha bir imperiya qurmaq çabası göstərir, onlara züy tutanlarımız da yetərincədir, amma qəlbi istiqlalla döyünən həmyerlilərimiz, xüsusən də gəncliyimiz, bilsin ki, bu bayram bizim üçün deyil.

 

Kerosin lampasındakı şeir

Bu gün Filippində Risal günüdür. Xose Risal Filippinin ən məşhur milli qəhrəmanıdır. O, 19-cu əsrin sonlarında Filippini müstəmləkəyə çevirmiş ispanlara qarşı xalq azadlıq hərəkatının başında duran şəxs olub, 1896-cı ilin 30 dekabrında onu ispanlar edam ediblər. Son saatlarında Risal “Əlvida, mənim doğma vətənim” adlı ürəkdağlayan bir şeir yazaraq kerosin lampasında gizlədib, sonradan bu şeir üzə çıxıb, dillər əzbəri olub. Filippin azad olunandan sonra Risalın adını qədirbilən xalqı əbədiləşdirib, hər ilin 30 dekabrını da xatirə günü kimi onu şərəflə anırlar.

Bu gün Slovakiya ruhani azadlıq barədə deklorasiya imzalanması gününü, Madaqaskar Respublikası isə Milli dövlət gününü qeyd edəcək. Mətbəxsevər amerikalıların bu gün iki bayramı bir-birinə qarışacaq. Milli bekon günü (donuz ətindən xüsusi kəsimlər) və Milli məişət sodası günü. Düzü bilmirəm, bekonun üstünə soda səpib yemək mümkündürmü.

 

Məşhur xanəndə Əbülfət Əliyevin mövludu

Qızıl səsə malik insanlar harada doğulur? Əlbəttə Qarabağda. Əbülfət Əliyev də  Şuşada anadan olub, kiçik yaşlarından musiqi ilə maraqlanıb, 1 saylı şəhər məktəbinin musiqili dram dərnəyinə yazılıb. 1938-1939-cu illərdə Ağdam Müəllimlər evində Xan Şuşinski muğam sinfi açanda kənd-kənd gəzib istedadlı uşaqlar axtarırmış, Əbülfəti dinləyib bəyənərək onu da məktəbə yazıb. 1942-ci ildə Böyük Oktyabr Sosialist İnqilabının 25-ci ildönümü münasibətilə Əbülfəti həmyaşıdları ilə birgə Bakıya - Opera və Balet Teatrında keçirilən konsertə dəvət ediblər. Konsertdə onu məşhur tarzən Qurban Pirimov müşayiət eləyib. Bu konsertdə iştirak ona böyük uğur gətirib, 16 yaşından başlayaraq o, tarzən Məşədi Nərimanla, kamançaçı Elman Bədəlovla Qarabağın toylarına çağırılıb.

Sonra Əbülfət Bakıya gəlib, Respublika radiosunda solist işləyib, radiodakı çıxışları onu bir xanəndə kimi məşhurlaşdırıb. 1945-ci ildən o, Azərbaycan Dövlət Filarmoniyasında solist kimi Xan Şuşinski, Şövkət Ələkbərova, Sara Qədimova, Fatma Mehrəliyeva, Tükəzban İsmayılova kimi məşhur müğənnilərlə birgə çalışmağa başlayıb. Onun repertuarında 400-ə qədər xalq və bəstəkar mahnıları var idi. Xanəndənin ifasında səslənən “Segah-zabul”, “Rast”, “Şur”, “Hümayun”, “Bayatı Şiraz”, “Çahargah”, “Zabul” muğamları radio və televiziyanın fonotekasında qiymətli irs kimi saxlanılır.

Əbülfət Əliyev Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi də fərqlənib, o, 75 dəfə “Leyli Məcnunda”, 25 dəfə “Əsli və Kərəm”də, 2 dəfə “Şah İsmayıl”da baş rollarda məharət və istedadını nümayiş etdirib. “Leyli və Məcnun” operası Ə.Əliyevin iştirakı ilə lentə alınaraq Azərbaycan Respublikası radiosunun qızıl fondunda saxlanılır.

Ə.Əliyev YUNESKO-nun döş nişanına və diplomuna layiq görülüb, ona 1958-ci ildə Azərbaycanın “Əməkdar artisti”, 1964-cü ildə isə “Xalq artisti” fəxri adları verilib. Məşhur xanəndə 1990-cı il dekabr ayının 27-də vəfat edib, ruhu şad olsun.

 

Səddamdan Həbibədək

2006-cı ilin bu günündə Bağdadda son 24 ildə ölkəyə prezidentlik etmiş Səddam Hüseyni yeni hökumət dar ağacından asaraq edam edib. 1916-cı ildə başqa bir siyasi lider – bu dəfə çar Rusiyasında parlayan 44 yaşlı Qriqori Rasputin sui-qəsd nəticəsində öldürülüb. 1616-cı ildə Kiyevdə müasir Rusiya və Ukraynanın ilk çap olunmuş kitabı hesab edilən “Çasoslav” işıq üzü görüb.

30 dekabra bir tanınmış Azərbaycan aliminin də doğum günü təsadüf edir. Filoloq Həbib Babayevin. Oğuz rayonunun Bucaq kəndində doğulan, valideynlərinin vəfatı ilə əlaqədar Şuşa Şəhər 1 saylı uşaq evində təhsil və tərbiyə alan Həbib Babayev 1951-1955-ci illərdə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında ali təhsil alib. Əmək fəaliyyətinə anadan olduğu Bucaq kəndində müəllimliklə başlayıb, 1956- 1958-ci illərdə M.Qorki Adına Dünya Ədəbiyyatı İnstitutunda elmi işçi, 1958- 1970-ci illərdə Azərbaycan Elmlər Akademiyasında Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi vəzifələrində işləyib, 1970-ci ildən ömrünün sonunadək indiki Bakı Slavyan Universitetində kafedra müdiri vəzifəsində çalışıb. Həbib Babayev 1970- ci ildə professorluğa yüksəlib, 12 monoqrafiyanın, 120-dən artıq məqalənin müəllifidir. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanına, “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb, ölümündən sonra Oğuz şəhərindəki 1 saylı tam orta məktəbə onun adı verilib.

 

“Ədəbiyyat və incəsənət”

(30.12.2024)_

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı akademik Nizami Cəfərovun şair Yusif Nəğməkar “Ələsgər zirvəsi” kitabı barədə qeydlərini diqqətinizə çatdırırıq. 

 

Coşqun ilhamı – yaradıcılıq eşqi, ifadə- üslub məharəti ilə yanaşı, Yusif Nəğməkar  müraciət etdiyi aktual mövzuları etibarilə zamanın nəbzini tutan, sosial- mədəni, mənəvi sifarişlərə kifayət qədər həssas reaksiya verən sənətkardır. Və onun “Ələsgər zirvəsi” bu nəzər nöqtəsindən, tərəddüdsüz deyə bilərəm ki, olduqca möhtəşəm – həm Ustadın adına, həm də onun get- gedə daha da artan şöhrətinə layiq görünür.

Təsadüfi deyil ki, son illər Aşıq Ələsgərin yaradıcılığına, şəxsiyyətinə, Ustadı yetirən coğrafiyanın – Göyçə mahalının tarixi,  mənəvi- mədəni irsinə maraq xeyli artmışdır. Həm xalqın istəyi, həm də dövlətin iradəsi ilə yaradılmış Qərbi Azərbaycan İcması bu marağı ictimai- siyasi (və hətta ideoloji!) bir hərəkat səviyyəsinə qaldırmaqdadır ki,  Aşıq Ələsgər sənəti  həmin səviyyədən, heç şübhəsiz, yeni məzmun- mündərəcə kəsb edir. Göyçə  gölünü Sevan adlandıran erməni işğalçıları kəm ağılları ilə düşünürdülər ki, bununla bütöv bir mahalı mənimsəmiş olacaqlar,  qanmırdılar ki, həmin coğrafiya- mahal təkcə yer adlarından ibarət deyil, onun arxasında hər cəhətdən mükəmməl, danılması mümkün olmayan zəngin mədəni relyef dayanır ki, ən uca zirvələrindən biri də Ələsgər sənətidir.

Əsəri vərəqləyərkən qarşıya çıxan ilk yenilik, əgər belə demək olarsa, hətta qeyri- adilik onun bədii quruluşunda özünü göstərir. Müəllif sözə “Dəyər ünü” ilə başlayıb “Ən ön ün”ə, sonra “Ön ün”ə keçir. Bundan sonra gələn “Ünləmə”ni “Ünaxar”lar əvəz etsə də, arada “Dönərək”lərə müraciət olunur... Əsər “Son axar”, “Sonlama”, “Son ün”, nəhayət, “Ən son ün”lə yekunlaşır. Və beləliklə, dastan mətnini xatırladan lirik- epik təhkiyə mükəmməl bir simmetriya yaratmış olur.

Sözügedən yeniliyin müəllifi hər nə qədər Yusif Nəğməkarın özü olsa da, “Dədə Qorqud”dan gələn bu ün (və ünləmə) texnologiyasının – poetik arxetipinin aktuallaşmasında İsa Muğanna dühasının təsiri danılmazdır ki, poemada  buna işarə edilir:

Od - həqiqət, ər - işıqdır “O dər”də,

Saf Ağ - elm dürüst çarə o dərdə...

Bağday Yurda Bağ bağlayan o pərdə

Ələsgərdi, Ələsgərdi, Ələsgər.

Və yeri gəlmişkən, eyni mövzuda yazan xalq şairi Zəlimxan Yaqub da “tarixəqədərki” dövrümüzdən gələn həmin “Ün”ə biganə qalmamışdı.

Aşıq Ələsgər, onun son dərəcə mükəmməl yaradıcılığı, ideya- estetik məramı barədə çox yazılmış, çox danışılmışdır... Azərbaycan aşıqlarının  repertuarında, yəqin ki, Ələsgər qədər geniş yer tutan ikinci bir söz sənətkarı yoxdur. Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Alı xətti ilə gəlişən Azərbaycan aşıq sənətinin ən görkəmli nümayəndələrindən biri (hətta birincisi) sayılmaqla yanaşı, Dədə Ələsgəri əfsanəvi ozan Dədə Qorqudun bilavasitə varisi hesab edirlər. Ustadın yazılı  ədəbiyyatımızın dühası Füzuli ilə müqayisəsinə gəldikdə isə bu, bir tərəfdən, Ələsgər  yaradıcılığının klassik səviyyəsini, digər tərəfdən, Füzuli yaradıcılığının  xəlqiliyini nəzərə çarpdırır. Bu isə o deməkdir ki, Aşıq Ələsgər istər şifahi, istərsə də yazılı olsun,  ümumən Azərbaycan ədəbiyyatı tarixinin ən etibarlı oriyentirlərindəndir. Və ona həm elmin, hə də sənətin xüsusi diqqət yetirməsi tamamilə təbiidir.

Ustadnamə əvəzi “Ən ön ün”də Yusif Nəğməkar  özünə, sözünə, qələminə üz tutub deyir:

Könül, bulaq üstə salavat çevir,

Batində nə dərdi- sərin var, devir.

Dua et ki, o saf zikri ruh sevir,

Könlündəki havacatı telə yaz, -

Ələsgərdən yazırsansa, belə yaz.

Ələsgərdən yazmağın məsuliyyətini dərindən duyan, onun şair- mütəfəkkir dühası qarşısında  ehtiramla baş əydikcə ruhu işıqlanan, vəcdə gələn şair Ustad haqqında “nə düşünüb, nə duyursa, onu yazacağını” vəd edib “Ün”lərə başlayır... Dədə Qorquddan Dədə Ələsgərə uzanan yolun tarixi harmoniyasından, ideya- estetik məntiqindən (və bütövlüyündən) söhbət açan Yusif Nəğməkarın “adı Qorqudun dilindən düşən Göyçə”nin təsvirinə geniş yer verməsi, əlbəttə, ona görə təqdirə layiqdir ki, hələ  də Dədə Qorqudun – Dədə Ələsgərin vətəni düşmən işğalındadır və hələ də işğalçı o iddiadadır ki, Göyçənin tarixi (və müqəddəs) ünvanlarını nə məzmunu, nə də forması bir şey olmayan gülünc (və ünvansız) “ermənizm”lər altında gizlədə bilər.

Qədim Oğuz yurdum, türk elim, Göyçəm,

Şəninə min rəngli kəlmələrim var...

Qələm əyirəsi neçə sirr- düyçəm,

         Neçə vurulası ilmələrim var... – bəndi ilə yeni “Ün”ə - “Ünaxar”a  başlayan şair təsəvvürümüzdə Göyçə mahalının həqiqətən müfəssəl “bədii xəritə”sini canlandırdıqdan sonra onun böyük şəxsiyyətlərini yada salır. Və gələcəyin dahi sənətkar- mütəfəkkirinin dünyaya gəlməsinə hərarətli misralar həsr edir:

Göyçə mahalının Ağkilsə kəndi,

Soraq ver o dağdan o düzə kimi.

Bir tale müjdəsi Novruzda endi

O türk məskəninə möcüzə kimi...

Dühaların dünyaya gəlişi yalnız cəmiyyətin deyil, həm də təbiətin hadisəsi olduğuna görə şair bu hadisənin təkcə ictimai yox, təbii təfərrüatlarına da varır:

Çayların qıjhaqıj axan nəğməsi

Ana təbiətin laylalarıydı.

Qundağı isidən körpə nəfəsi

Həsrətin əriyən quzey qarıydı...

Poemada  müəllif mövqeyi, müəllif üslubu nə qədər fəal, canlı olsa da, əsərin mövzusu, janrı, təhkiyəsi ümumilikdə dastana, onun metafizik formullarına, əbədi ritm və intonasiyasına çəkir. Ona görə də “qəhrəmanın doğuluşu” motivinin öz universal tipologiyası ilə poemaya daxil olması, prinsip etibarilə, “plagiat” deyil, əksinə,  müəllifin mövzuya, onun klassik bədii həll  texnologiyalarına  bələdliyi, epik ənənəyə hörmətlə  yanaşıb əməl etməsidir. Və onu da deməliyik ki, Yusif Nəğməkar aşıq sənətini dərindən duyan, bu sənətin ustalarından olan qələm adamıdır.

Növbəti “Ünaxar” Ələsgərin böyüməsindən, on dörd yaşa çatanda Kərbəlayı Qurbanın qızı Səhnəbanıya aşiq olmasından, saz çalıb söz qoşmasından danışır.  “İlahi bir eşq ilə yaşayan” aşiqin daxili dünyasına, mənəvi- ruhi təkamülünə xüsusi diqqət yetirən şair təhkiyədən kənara çıxaraq bu məsələyə bir neçə ricət- dönərək həsr edir. Və Ələsgərin hər bir yeniyetməni sınağa çəkən insani eşqinin ilahi eşqə necə çevrildiyini əsaslandırır.

Bundan sonra gələn “Ünaxar”ın XIX əsrin ikinci yarısında Göyçədə, ümumən Qafqazda baş verən  ictimai- siyasi hadisələrə, xüsusilə qaçaqçılıq hərəkatına həsr olunması həm də ona görə anlaşıqlıdır ki, böyük sənətkar həmin hadisələrə nəinki biganə  qalmış, əksinə, dövrün qaçaq qəhrəmanlarını tərənnüm etməkdən belə çəkinməmişdir. Odur ki, poema müəllifi ustad sənətkarın  yaradıcılığındakı istər “batini”, istərsə də “xarici” intibaların mahiyyətinə nüfuz etməyə çalışır. Və nəticə etibarilə, öz qəhrəmanını belə qiymətləndirir:

Ünvanlar yaşayır şərəf yeri tək,

Zaman əyarını bulub sənətdə.

Nizami, Füzuli zirvələritək

Ələsgər zirvəsi olub sənətdə.

Aşıq Ələsgərin yaradıcılıq tərcümeyi- halında ustadı Aşıq Alı ilə deyişib onu məğlub etməsi geniş yayıldığı qədər də çox müxtəlif söz- söhbətlərin mövzusu olan əhvalatdır. Yusif  Nəğməkar bu əhvalatı poemada sadəcə xatırlatmaqla kifayətlənməmiş, eyni zamanda onu Ustadın hələ gənc yaşlarında keçirdiyi mənəvi- əxlaqi təkamülün səviyyəsini göstərmək baxımından çox yaxşı mənalandırmışdır. Ümumiyyətlə, Aşıq Alı ilə Aşıq Ələsgərin deyişməsi, bütün təfərrüatlarına rəğmən, son dərəcə anlamlı (və Azərbaycan aşıq sənətinin, sözün geniş mənasında, etikasını nümayiş etdirən) elə bir hadisədir ki, tamamilə təbii olaraq ona, “bir şəyird ki ustadına kəm baxa, onun gözlərinə ağ damar- damar” hikməti ilə nöqtə qoyulmuşdur.

Yusif Nəğməkar, artıq qeyd etdiyimiz kimi, aşıq sənətinə dərindən vaqif olduğuna görə, yeri gəldikcə, elə ricətlərə çıxır ki, bu, yalnız şairlik istedadının nəticəsi deyil, həmçinin  sözügedən sahədəki peşəkarlığın göstəricisidir. Ən maraqlı ricət isə, heç şübhəsiz, “Köç gedir uşaqlığım” başlıqlı “Ünaxar”dır. Uşaqlıqda Göyçə, Kəlbəcər yaylaqlarına getdiyini xatırlayan şair həmin səfərlərdə Aşıq Ələsgərin kitabını da özü ilə apardığını, “hərdən də götürüb varaqladığın”ı yada salır:

Ozanlar qayaya, daşa ər demiş,

Öz adı- sanı var hər uca dağın.

...Kəkotu, qırxbuğum, çaşır, qantəpər-

Kim deyir seyr edən kəs dağı öyməz.

Zirvələr ruhuma məğrurluq səpər,

“Sərdara söz deməz, şaha baş əyməz”.

“Ələsgər zirvəsi” müəllifi “Koç gedir uşaqlığım”da, bir tərəfdən, Ustadla “polemika”ya girirsə, digər tərəfdən, özünün də təsadüfi şəyird olmadığını sübut etməyə çalışır. Sonrakı “Ünaxar”da isə Onun təkrarsız yaradıcı şəxsiyyətini tərənnüm etməklə yeni- yeni portretlərini yaradır:

“Şah”ı Allah, “dürr”, “gövhər”i Qurandı,

Sinəsi dağ, köksüaltı arandı.

Bir millətin əl açdığı “yar”andı,

Ələsgərdi, Ələsgərdi, Ələsgər.

Ustadın qardaşı oğlu Növrəs İmana öyüd- nəsihət verməsi, ancaq bu od- alovlu gəncin tamamilə başqa bir dünyanın adamı olduğunu görüb onun gələcək taleyinə acıması həm Aşıq Ələsgərin, həm İmanın, həm də dövrün, zamanın xarakterinə gur işıq salır. Həmin epizod açıq- aydın göstərir ki, köhnə qaydalarla yaşaya bilməyən yeni nəsil tarix səhnəsinə çıxmaqda, öz çılğın təbiətləri ilə haqq- ədalət uğrunda mübarizə meydanına atılmaqdadırlar. XIX əsrin ortalarından etibarən daha da güclənən həmin ictimai- mənəvi intibanın yazılı  ədəbiyyatda (Mirzə Fətəlidən Mirzə Cəlilə qədər) olduğu kimi xalq yaradıcılığında – aşıq ədəbiyyatında da özünəməxsus şəkildə əks olunması yaradıcılığın bu ikinci sahəsinin də nəsillərin dəyişməsinə, ümumən cəmiyyətdə baş verən təbəddülatlara həssas olduğunu göstərir.

Poema müəllifi inandırır ki, Ələsgər tarixi şəxsiyyət, dəyər olduğu qədər də bizim müasirimizdir. Ona görə də Dədə Ələsgər Ocağının yaradılmasını, haqlı olaraq, alqışlayır:

Yaradanın sayəsində,

Ulu ruh himayəsində.

Vurğunların qayəsində

Qalanacaq nar ocağı –

Dədə Ələsgər Ocağı.

“Son ün” Bakıda Aşıq Ələsgərə qoyulmuş abidədən danışır. Və “sənət ünvanı göylər” olan sənətkarın bu abidəsi “ruhun heykəli” adlandırılır.

Yusif Nəğməkarın əsərinin bir məziyyəti də odur ki, ustadın obrazı təkcə peşəkarlıqla yox, həm də sevgi ilə yaradılır. Əvvəldən axıra, “Ən ön ün”dən “Ən son ün”ə qədər müəllif bu sevginin izahından doymur. Və poemaya belə yekun vurur:

Ta Ələstdən “bəli”mizə büləndik,

Bələnmişəm ruhsal dolu sevgiyə.

Könül- könül, misra- misra ələndik,

Nöqtə qoymaq olmur ulu sevgiyə...

“Ələsgər zirvəsi” kitabında Dədə  Ələsgərin yaradıcılığını tədqiq etmiş elm adamlarının, xüsusilə üç gənc ələsgərşünasın – Adilə Nəzərova, Hağdəli Keştəkli və Fəxrəddin Salimin  mülahizələrinə geniş yer verilməsi mütəfəkkir sənətkarın “müdrik obrazını əhatəli təqdim etmək” istəyindən irəli gəlir. Ancaq həmin mülahizələrdə mübahisə doğuran məqamlar az deyil. Məsələn, Aşıq Ələsgərin dünyagörüşündəki  metafizikanı tamamilə kənarda qoyub dialektikadan bəhs etmək, yaxud bugünə qədərki ələsgərşünaslıqdan imtina edib “Dədə Ələsgərin bütün yaradıcılığı gələcək nəsillər tərəfindən tamamilə başdan və yeni elmi metodlarla tədqiq edilməlidir” demək, yaxud da ustad sənətkarın dilində işlənən “elm” sözünü müasir anlamda başa düşmək etiraza səbəb olmaya bilməz... Başqa (və daha mühüm məqam, Ustadın yaradıcılıq  metodunun müəyyən olunması ilə bağlıdır ki, bunu ən uğurlu şəkildə, görünür, nəvəsi İslam Ələsgərin sözləri aşkarlayır:  “Aşıq Ələsgər böyük bir nasehdir. Onun yaradıcılığının əksər hissəsi oxucuya (dinləyiciyə) tərbiyəvi fikirlər aşılayır; neçə- neçə bəndi, onlarla beyti və misrası xalqın dilində atalar sözləri və zərb- məsəl hüququ qazanmışdır”.

Bununla belə, kitabda verilmiş (müəyyən mənada, sitat gətirilmiş) konkret müəllifli mülahizələr Aşıq Ələsgər haqqındakı poemanın elmi- nəzəri fonu olmaq funksiyasını, bütün mübahisəli tərəfləri ilə birlikdə, pis yerinə yetirmir. Hər şeydən əvvəl ona görə ki, bizim dövrümüz norma ilə anomaliyaların elə bir “vəhdət”inə əsaslanır ki, nəyin norma, nəyin anomaliya olduğunu hər dəfə yenidən sübut etmək lazım gəlir.

Və nəticə etibarilə demək mümkündür ki, Yusif Nəğməkar “Ələsgər zirvəsi” ilə mütəfəkkir sənətkara, sözün həqiqi mənasında, möhtəşəm bir poetik abidə ucaltmış, Ustadın təkrarsız yaradıcılığı (və şəxsiyyəti) barədəki təsəvvürlərimizi zənginləşdirmiş, onun dühasını tərənnüm etməklə ədəbi (və əbədi!) dəyərlərimizə ehtiramın parlaq olduğu qədər də səmimi bir örnəyini təqdim etmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2024)

 

Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”

 

Həyatı musiqi notları ilə izah edərdim. Pianinoda hər not dəyişəndə barmaqlar da sanki ritmlə hərəkət edir. Həyat da belədir. Həyatmız müxtəlif anlarda müxtəlif ritmlərdə ola bilir. 

 

Həyat ritmlərimiz bəzən mənfi notlara da köklənir. Və keşməkeşli yollar bizi izləyir. Bu yollardan üzü ağ çıxıb daha da irəli baxmaq öz əlimizdədir. 

İnsan yaradılmışların ən alisidir. İnsan düşüncəlidir, hissiyatlıdır,nitqlidir. Ancaq bizə verilən bu mükafat qədər dəyərli xüsusiyyətlərin hansının qədrini bilirik ki??

Düşüncəmiz ola-ola düşüncəsiz davranırıq, ən hissiyatlı  olduğumuz halda qarşımızdakı insanlara qarşı insan kimi davranmırıq - ya onları insan kimi görmürük, ya da hissiyatmızı çoxdan itirmişik. Nitq də var bizdə, bəli. Ancaq nitqimizi cilovlaya da bilmirik. Qəlbimizin nümunəsi olan sözlərimizlə qəlb qırırıq, könül incidirik. Bəli, bu bizik. Bütün zənginliklərə sahib ola-ola kasıbıq.

Elə bu son hadisələrdə də biz bunu gördük. Bu təyyarə qəzasında dırnaqarası insanların neçə-neçə insanları ölümə məhkum etdiyinin şahidi olduq. Və başqa məsələlərin də şahidi olduq.  Hələ də insanlığın var olduğunu gördük. Ancaq bəzi rəyləri oxuyandan sonra insanlığa yad kimlərinsə cəmiyyəti necə zəhərlədiyini də gördüm və hamımız gördük. Sanki rəylərdə hamı pilot oldu, hamı bələdçi oldu. Hətta bəziləri şəhid sevən oldu... İndi soruşsaq ki, hansı şəhidlərin hansı abidəsini bilirsən, hansı məzarını ziyarət etmisən, susar...

Məncə də belə olmalıdı, susmalıdır. 

Amma tək bu mövzuda yox. Həm də başqalarının elm, siyasət, iqtisadiyyat, mədəniyyət sahəsinə aid olan mövzularına yersiz müdaxilə edəndə də beləkərini susmamağı özümüzə borc bilməliyik.

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2024)

Fariz Əhmədov, Naxçıvan Televiziyasının baş redaktoru, “Ədəbiyyat və incəsənət” portalının Naxçıvan təmsilçisi

 

25 dekabr da adi günlərdən biri ola bilərdi Azərbaycan vətəndaşlarının həyatında. Lakin elə olmadı. Azərbaycana məxsus təyyarəyə Qroznı səmasında Hava Hücumundan Müdafiə sistemləri ilə xəsarət yetirildi. Bununla da tamamlanmadı hadisələr…

 

Təyyarənin nə Qrzonı Hava Limanına, nə də o ərazidəki digər hava limanlarına enişinə şərait yaradılmadı. Nəticədə, təyyarə Xəzər dənizi üzərindən uzun məsafə qət edərək Azərbaycanın dost dediyi, qardaş adlandırdığı Qazaxıstanın Aktau Hava Limanına enmə təlimatı alsa da, iş işdən keçmişdi. Mənəm-mənəmlik və şəxsi ambisiyalar ucbatından bir təyyarədə səfərdə olan bir neçə ölkənin vətəndaşı qəza nəticəsində həyatını itirdi və xəsarət alanlar oldu. 

Bu hadisədən dərhal sonra Prezident İlham Əliyevin tapşırığı ilə yaranan komissiya Qazaxıstana yola düşdü, qəzanın və zərərçəkmişlərin vəziyyəti ilə elə yerindəcə tanışlıq oldu. Prezident isə Rusiya Federasiyasına MDB üzv ölkələri dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünə gedərkən elə havada dərhal geri dönmə tapşırığı verdi. Azərbaycan hava limanına çatar- çatmaz müşavirə keçirən Prezident məsələnin tam araşdırılaraq Azərbaycan və dünya ictimaiyyətinə həm komissiyanın işi, həm də cinayət işi ilə bağlı məlumat verilməyini tapşırdı.

Hadisələrin gedişi, istintaqın nəticələri, şahidlərin ifadələri, təyyarədəki izlər və qəza zamanı çəkilən kadrlar təyyarənin Qroznı üzərində HHM vasitələri ilə vurulduğunu təsdiqləyir. Məlumatlara görə, Qroznı şəhərinin ətrafı son zamanlar “Pantsir-S1” zenit-raket artilleriya kompleksi ilə gücləndirilib. Onda belə çıxır ki, ya bu kompleksin avtomat rejimi var, hədəfi seçir və məhv edir, ya da kompleksin heyəti təyyarəni dron hesab edərək səriştəsizlikdən atəş açıb.

Axı birinci dəfə deyil ki, Rusiya ərazisi dron hücumlarına məruz qalır. Bu hal baş verdikdə isə təyyarələr ya qəbul edilmir, ya da fərqli hava limanlarına yönləndirilir. Və yaxud hava məkanı tamamilə qapalı elan olunur. Ən azından aviasiyada “gözləmə” zonası deyilən bir anlayış var. Təyyarə qısa müddətliyinə o coğrafi nöqtəyə göndərilir ki, problem aradan qaldırılandan sonra yenidən hava limanına yönləndirilsin. 

Qroznı ən azından təyyarəni qəbul etməmişdisə, yönəldə bilərdi özündən 100-150 kilometr məsafə aralıqdan olan beynəlxalq hava limanlarına ki, orada ən azı 7-8 belə hava limanı mövcuddur. Qəza vəziyyətində olan təyyarəyə eniş icazəsi verməmək, ölümə göndərmək barbarlıqdır, vəhşilikdir. Bunların heç biri təmin olunmadığı halda ağla gələn yeganə sual bu olur ki, insanlar göz görə-görə ölümə göndərilib ki, atalar demişkən: “At izi it izinə qarışsın”.

Təyyarədə idarəetmə sisteminin mexaniki sıradan çıxma halı baş verdikdə, adətən, işçi maye axır. Və maye azaldıqca təyyarənin idarəetməsi çətinləşir. Bizim təyyarədə, təxminən, o vəziyyətdə 20-30 dəqiqə hərəkətinə davam edib. Bu da onu sübut edir ki, Azərbaycan pilotları nə qədər professional və peşəkardır. Düşünün ki, təyyarənin iki əsas hissəsi sıradan çıxır və pilotlar təyyarəni 30 dəqiqəyə yaxın havada saxlaya və quruya oturtmağı bacarır. 

 

Səmada həyat qurtaranlar

 

Təyyarədə çəkilən videolardan da aydın sezilir ki, stüardessa pilotun tapşırığına əsasən məlumat verir ki, 20 nəfər qabağa gəlsin. Bu o deməkdir ki, təyyarə idarəetməni itirdiyindən pilot son çarə olaraq içəridəki tarazlığı və müvazinəti qoruyaraq vaxtı uzatmağa çalışıb. Bunu AZAL təyyarəsində uçanlar, yəqin ki, az hiss etməyiblər. Bununla bərabər hər kəs, yəqin ki, Aktau şəhərində pilotlarımızın sonsuzluq simvolunun manevr etdiyini görməmiş olmaz. Hətta bununla bağlı sosial şəbəkələrdə çoxlu paylaşımlar da oldu. Əslində isə o pilotlar sonsuzluq simvolunun manevrini etmirdi. Onlar son anda belə təyyarəyə hücum olduğunu xəbər verirdi. Həmin simvol hücuma məruz qalan pilotlar tərəfindən edilən manevrin simvoludur. Bunu, əlbəttə ki, ölümü gözə alan Azərbaycan pilotları edə bilərdi. 

 

Gecikmiş etiraf nəyə işarədir?

 

Rusiya gecikmiş olsa da, baş vermiş hadisəni etiraf etdi. Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə, baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.

Biz bu üç gün ərzində Rusiyanın təyyarənin düşmə səbəblərini və izləri itirmə istiqamətində məqsədyönlü fəaliyyətini də gördük. Nə baş verdi ki, təyyarəyə raket zərbələri endirildi? Niyə mülki təyyarəmiz Rusiya tərəfindən vuruldu? Əlbəttə ki, bu bilə-bilə edilməyib, amma və lakin ondan sonrakı hadisələr təyyarə vurulacaq qədər təhlükəli oldu. 

Xatırlayırsınızsa, 44 günlük müharibənin son günlərində Rusiyanın döyüş vertolyotu heç bir işarə vermədən hərbi zonamıza daxil olduğu üçün vurulmuşdu. Amma bu qəza idi. Qəza nəticəsində belə şeylər olur. Prezident İlham Əliyev dərhal Rusiya Prezidentinə zəng edərək üzrxahlığını çatdırdı. Həmçinin araşdırmalar aparıldı, cinayət işi açılaraq kompensasiya ödənildi. Bəs onda Rusiya hansı səbəbə görə bizdən üzr istədi? Təyyarəni vurduğuna görə, yoxsa insanları bilə-bilə ölümə göndərdiyinə görə?

Bəli, biz də başa düşürük ki, Rusiya Azərbaycanın mülki təyyarəsini vurmaq istəməz. Lakin bu maddi və mənəvi ziyandan qaçınmağın yeganə yolu lazım olan şəraitin yaradılması və təyyarənin hava məkanına eniş etməsi idi. Etiraf yerinə isə məsələni ört-basdır etməyə daha meyilli olduqlarını gördük. Ay təyyarə quşlarla toqquşub, nə bilim qaz balonu partlayıb. Təyyarənin vəziyyəti, aparılan təhqiqatlar və şahidlərin ifadələri də göstərir ki, təyyarəyə raket hücumu olub. Rusiyanın bizə gecikmiş üzr etirafı o zaman öz səmimi təsdiqini tapar ki, o öz hava məkanında müştərək araşdırmaya icazə veməyə açıq ola. Amma Rusiya nə qədər bu araşdırmaya açıqdır… Onu zaman göstərəcək!

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik qiraətdə 2024-cü ildə son görüşümüzdə sizlərlə yenidən Əlizadə Nuridir.

 

Mən sənin adına şəhər salmışam,

İndi ad qoyuram küçələrinə.

 

-deyir şair. Sevgiyə bundan gözəl vəsfmi olar? 

 

Mən sənin adına şəhər salmışam

Ürəyim- şəhərin baş meydanıdı.

 

-həqiqətən də yenə hisslərə toxuyur. 

Xoş mütaliələr!

 

 

Mən sənin adına şəhər salmışam,

İndi ad qoyuram küçələrinə.

Oturub şəhəri tumarlayıram-

Saçını sərmisən gecələrinə...

 

Özünə dərd edib bizim şəhəri,

Bu xırda şəhərlər, bu tin-şəhərlər.

Mən sənin adına şəhər salmışam-

Qaçıb xəritədən bütün şəhərlər.

 

...Gəl, öz şəhərini göstərim sənə, 

Uzaqda deyil ki, könlüm yanıdı.

Mən sənin adına şəhər salmışam

Ürəyim- şəhərin baş meydanıdı.

 

...Tikdim ürəyimin sahillərində,

Qorxdum gözlərimdən keçə, yan keçə.

Qala qapısıyam mən bu şəhərin-

Təkcə sənin adın qapıdan keçər.

 

Tanrı bu şəhərə səni şah seçib,

Nə fərqi:- sarayı, ya taxtı olsun.

Bir şəhər salmışam sənin adına 

Saldım ki, eşqin də paytaxtı oslun!

 

...Qapını gün açar, pəncərəni ay,

Bir yanı gündüzdü, bir yanı axşam.

Nə olsun, dünyanı verə bilmədim

Sənə "Sevgi" adlı şəhər salmışam...

 

Girib bu şəhəri gəzirəm hərdən,

Çıxmaq istəyəndə kimsə "qal" deyir.

Sənə dünya boyda şəhər salmışam-

Gör sənə bu "şəhər" darısqal deyil?!

 

“Ədəbiyyat və incəsənət”

(29.12. 2024)

Şəfa Vəli, “Ədəbiyyat və incəsənət”

 

Unuda-unuda xatırlayırıq bizə “yadımdan heç vaxt çıxmayacaqsan” deyənləri.  Gülə bilirik adlarını çəkincə... Hə, gülürük. Dərd o gülüşün bətnindəkilərdir. Bəzəndiyimiz  baxışlar qədər xoşbəxtik, bəyəndiyimiz kişi (kişilər də qadın) qədər zənginik.  Susduğumuz çox yerdə bir ümid var daxilimizdə: “Vaxt gələr, anlayar...”  O vaxt isə gəlmir. Ya da gəlir, sadəcə, biz artıq onu gözləmirik...

           

            ***

            Narıngül Nadir Bakıya deyir: “Könlü vağzal şəhərim...”  Nə gözəl oxşamadır bir şəhərçün!  Narıngül Nadirin nəsri də gözəldir. “Çilli qız” kitabına Narıngül xanım son illərdə qələmə aldığı povesti, hekayələri yığıb.  

            Kitabla eyniadlı povestdəki çilli qız hamımızın tanışıdır. Ola bilər ki,  bizim-sənin, mənim, onun tanışının üzündə çil olmasın, amma  o həyat hekayəsi eynidir. Kənddən çıxan, böyük şəhərdə aldanan, sonra da həyatını davam etdirməyə məcbur olan o qız...

            Narıngül xanım  qəhrəmanınına bərk yüyürməyi qıymır sanki, istəyir, onun ayağına daş dəyməsin. Mətn həyatı olduğu kimi anlatmaq missiyasına sadiqdirsə, müəllifin obrazının üstündə ürək əsdirməsi boşunadır bəzən... Məhz bu məqamda müəllif elə böyük xəyal qırıqlığına uğrayır ki!   Və mətn yazıçı zehnini öz arxasınca çəkib aparır, onun xatirələrinin içindən də özünə lazım olanı seçib ayırır.  Hərdən o seçilən xatirələrin də hamısı  qoyulmur oxucunun qarşısına... Yenə deyirəm, ixtiyar sahibi əlahəzrət mətndir!

            Bakını şeirində oxşayan Narıngül Nadir bu şəhər ilə qəhrəmanının arasındakı körpünün gözəgörünməzliyini  belə anladır: “...Xeyli çətinlikdən, çabalamadan, əziyyətdən sonra artıq qaçıb gəlmişdi, amma deyəsən, indi də bu şəhər ona yiyə durmaq istəmirdi”.  Hə, yiyəsizlik...   Kəndlər şəhərə baxanda öz münasibətlərini açıqlamaqda  daha səxavətli, daha səmimidirlər. Kimi qoynunda barındırmaq istəmirsə,  ən birinci, adına  ayama qoşur, sonra yavaş-yavaş evinin damında yuva quran quşları perik salır, quzusunun otladığı alalıqda ala bitirmir, çəpərinin aşağısından axan su sızqasını qurudur. Beləcə,   insan anlayır ki, daha bu kənd onun yeri deyil... Şəhər isə... Şəhərlər, xüsusilə, Bakı bir insana nəyisə anlatmağa heç bu vaxtın onda birini də ayırmır.   Heç eyninə də almır ki, insanlar onun yadlığının fərqindədirlər, ya yox...  Bakı heç kimin yiyəsi deyil, hamının “bəlkə nəsə olar” deyə üz tutduğu yerdir.  Beləcə, hamı Bakıya “ayaq ilişdirir”. Hamının bir ayağı da qaçaraqdır-üzü geriyə, gəldiyi yerə...   Hər bayramda, hər qeyri-iş günündə  rayona, kəndə qaçmaq istəyinin kökündə doğmalarla görüşmək durmur, Bakıya naz atmaq durur ki: “Bax, görürsən, üzümə baxmırsan, heç baxma, gedəsi yerim var!”  Öz içində bu yekələnməklə ovunur  özü Bakıda, doğmaları rayonda olanlar.  Ovunmağı da üçcə gün çəkir, dördüncü gün anlayır ki, onun nazı da heç Bakının eyninə deyil...

            Və belə bir vaxtda, belə bir amansızlığın qoynuna üz tutmuşdu Narıngül Nadirin qəhrəmanı olan çilli qız.  Xəyallarının ardına düşüb gəlib çıxmışdı Bakıya... Və qalmışdı, sözün əsl mənasında, ortalıqda... “Özünə acıdı: göydə uçan xəyalları, uzaqdan-uzağa tanıdığı rəssama olan eşqi, rəngli illüziyaları gör onu nə günə salmışdı”.  İnsana “düşün” deyənlər çox olur. Bəs onlar- o deyənlər haradan bilir düşünməyin vacibliyini? Hə, onlar da düşünməyə-düşünməyə  özlərini atıblar bəxt quşunun qanadından.  Özü də, bəxtəbəxt-hara düşərəm, düşərəm...

            “Sanki dili yoxdu, yaxud da içində elə bir yorğunluq vardı ki, danışmağa ərinirdi”. Narıngül xanım bu cümləni yol gedəndə, bir avtobus pəncərəsindən eşiyə  baxanda,  yarpaqlarını toz basmış balaca tut ağacının yanından keçəndə öz-özünə o qədər təkrar edib ki.  Mətn bu cümləni çəkib onun dilindən alıb. Narıngül xanım da ürəklə verib bu cümləni mətnə. Ürəklə və ümidlə... Ki, bəlkə daha bu cümlə dilindən düşə. Amma yox... Əksinə olub hər şey. İndi Narıngül xanım bu cümləni  maşın səsindən eymənməyən quşlara,  marketlərin qapısı ağzında adamların ayaqları altına təpilən pişiklərə də deyir. Özü də, ürəyində...

            Yuxumuzu söyləməyə çəkindiyimiz adamlar bizi tənha elədi. Yuxumuzu yozmağa cəhd edənlər bizi yuxulardan qorxar elədi.  Təkcə yuxu gördürənlər bizi atmadı-özləri gəlməsələr də, xatirələrini  göndərdilər yuxumuza... Biz orada ağladıq, üzüldük,  gülümsədik... Hə, Narıngül xanım düz deyir: “...insanı xoşbəxt etməyə bir yuxu da kifayət imiş”.  Və biz bunu əzəlindən anlamışıq. Əzəlindən anlaşılan hər şey mənasızlaşır zamanla...

           

            ***

            Artur Konan Doyl... Dünyanın ən çox oxunan detektiv hekayələrinin müəllifidir, hə. Mənimçünsə, “Qara şatonun kontu”nu yazmaqdan mədəd uman kədərli atadır o... Oğlunu itirəndən sonra ruha inanan, ruhu araşdıran, pərilərin, cırtdanların, bizimlə birgə bu dünyada yaşayan gözəgörünməz varlıqların mövcudluğuna inanmağı seçən kədərli ata... İnanc seçimdir yaşananların qırılma nöqtəsindən sonra. Fikrimcə, Ser Artur ruhlara inanmağı  ona görə seçmişdi ki,  o qırılma nöqtəsindən-oğlunun ölümündən sonra yaşaya bilsin.  Oğlunun ruhunun  diriliyinə inanaraq öz ruhunu diri saxlaya bilirdi... 

            Ser Arturu, onun ruhlar aləmiylə bağlı qeydlərini də xatırlamağıma Narıngül xanımın povestindəki bir cümlə səbəb oldu: “İnsanın əsas ruhudur. Onu diri saxlaya bilməsən, elə hesab et ki, ölmüsən”.  Dünyanın ətəyindən yapışmaq üçün nədənsə güc almalıyıq də! Buna haqqımız çatır. O güc mütləq ki, keçmişdən qaynaqlanır.

            Keçmişimizi tanımağa çalışsaq, gələcəyimizi daha rahat qarşılayarıq.  Narıngül xanım “gələcək yeddibaşlı əjdaha kimidir”  deyəndə o qədər haqlıdır ki! Nağıllarda yeddibaşlı əjdahanın öldürülmə prosesini xatırlayırsınızmı?  Gələcəklə bağlı ehtimallar da eynən elədir: “yox, o ehtimal olmaz” deyə birinin üstündən xətt çəkirsən, yerində yeddi ehtimal  peyda olur.   Bizə burada lazım olur psixoloji sehir-gələcəyi yaşamaq cəsarəti.  Beləcə, bir də baxırıq ki,  nə vaxtsa “gələcək” dediyimizin altı başı “ölüb”-keçmişdə qalıb. Bir başla da baş etməyə nə var ki?!

            Heç küçədən muncuq tapmısınızmı? Ay... Üzr istəyirəm, indiki insanlar üçün muncuğun sehri qalıb ki?!

Qərbi Azərbaycanda Muncuqlu gölümüz var imiş. İnsanlar nəzir deyər, o gölə ovuc-ovuc muncuq atarmışlar. Nənəm söyləmişdi.    İndi xatırlayıram, qəribimə gəlir, uşaqkən o balaca kənd yollarında o qədər muncuq tapırdıq ki...  O muncuqları   bir yerə toplayar, ovuc dolusu olanda, qaytarıb gölməçələrin kənarına səpərdik. Qoy başqası da muncuq tapıb sevinsin  deyə... Beləcə, bir-birimizin xoşbəxtliyinə səbəb olurduq.  İnsan insana  həmişə gərəkdir.  Dövr bizə “sən heç kimə lazım deyilsən” desə də, üzümüzə gülüb üzü oyana düşən kimi,  üzümüzü unudanlar çoxalsa da, insan insana gərəkdir. Bilmədən, görmədən, anlamadan kiminsə üzünün təbəssümü ola bilirik axı... Mütləq oluruq! Rəşad Məcid demiş, “hələ tanımadığımız nə qədər gözəl insan var!”

Narıngül xanım isə bu gərəkliliyi ağacın mamırlı tərəfindən göstərir oxucuya: “Tanrı ən bəxtsiz adamları da hansısa bədbəxtə kömək etməkçün yaradıbmış”. Və ağacın mamırlı tərəfinin şimalı göstərdiyini bilənlər meşədə azmırlar.   Narıngül Nadir ona görə oxucuya mamırlı tərəfi anladır ki, sonrasında öz yolunu tapa bilsin həyat dolaşığında-qayğı sarmaşıqlarının, duyğu cəngəlliyinin arasında... Sözünə baxmayan oxucu olacaq, təbii.  Bu dəfə, Narıngül xanım susacaq... Daha onun oxucuya  nəyisə izah etməyinə ehtiyac yoxdur. Mətn özü bağırır:“Amansız imiş həyat. Məqam düşən kimi insanın yarasını qoparmağa çalışır”.

            “Yaşadığımız həyat istəsək də, istəməsək də, təkrarlardan ibarətdir. Şəklini itirmiş, formasını dəyişmiş təkrarlardan...”  Narıngül xanım belə yazıb povestində. Mənsə, bunu başqa cür oxudum: “Hörmətli oxucular! Müvəqqəti təsəlliyə görə bağışlamasanız da olar!”

           

            ***

            Oxuduğumuz hər əsər müvəqqəti təsəllimizdir.   Nə qədər ki, o mətnin  içindəyik, qopuruq reallığın dərkedilməyinin əzabından...   Müvəqqətilik də elə tələsə-tələsə  çəkilir ha daimiliyin yolu üstündən! Hərdən  yeləni sökülmüş, gülü bozarmış bir cib dəsmalı olmaq keçir könlümdən... Məhz bu məqamda özümlə qürur duymağa səbəb tapıram: hələ də cib dəsmalı işlədən  bir ovuc insandan biriyəm! 

            Və sonra üzümə durur birdəfəlik kağız dəsmallar: “Unutmağı bacarmaq da hünərdir axı!” Və sonra öz-özümə bir daha təkrarlayıram: “Unuda-unuda xatırlayırıq bizə “yadımdan heç vaxt çıxmayacaqsan” deyənləri...”

 

“Ədəbiyyat və incəsənət”

(29.12.2024)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.