ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

  

“Ədəbiyyat və incəsənət” portalı şair, publisit Əkbər Qoşalının “KURMANQAZI - Ulu Qazax sənətkarının adı Qarabağ torpağında!” yazısını oxucularına təqdim edir.

  

Azərbaycan Prezidenti İlham Əliyevlə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qardaş ölkənin “Bİ-Group” Holdinqi tərəfindən Füzuli şəhərində uşaqlar üçün inşa ediləcək Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzinin layihəsi ilə tanış olmaları tarixi anlar idi. Füzuli şəhərində Yaradıcılıq Mərkəzinin tikintisi layihəsi Qazaxıstan Prezidentinin şəxsi tapşırığı əsasında qısa müddət içində hazırlanıb. Artıq 2 ha ərazidə məkan müəyyən edilib. Orada çağdaş memarlığa və Füzuli şəhərinin baş planına uyğun binalar, amfiteatr inşa ediləcək. Mərkəzdə uşaqların yaradıcılığını üzə çıxarmaq və inkişaf etdirmək üçün hər cür ortam olacaq.

 

Gəlin Qazax bavurlarımızın klassik bəstəkarı, instrumentalist və ulu el sənətkarı

Kurmanqazını yaxından tanıyaq: Kurmanqazı Sağırbayulı (Kurmangazy Sagyrbayuly (1823–1896) Bökey Ordasında (indiki Qazaxıstan Respublikasının Günbatar Qazaxıstan vilayətinin Bökeyorda rayonunda) kasıb Sağırbayın ailəsində anadan olub. Qazax xalqını təşkil edən üç jüzdən “Kiçik jüz”ün Bayulı nəslinin Qızılqurd tirəsindəndir. O, hələ uşaq yaşlarındaykən dombra çalmağa başlayıb. Kurmanqazıda erkən yaşlarından musiqiyə qarşı duyulan böyük həvəs və vurğunluq atası tərəfindən birmənalı qarşılanmasa da anası sevimli oğluna dəstək durub. Parlaq şəxsiyyət və güclü iradə sahibi olan Alka xanım oğlunun musiqiyə olan sevgisini düzgün dəyərləndirib, ona inanıb.

Kurmanqazının uşaqlığı çətin ortamlarda keçib (Ağır yoxsulluğun təsiri altında o, bir müddət (4 il) çobanlıq etməli olub). Bununla belə, Kurmanqazı doğma auluna gələn küyşiləri (musiqiçiləri) həvəslə dinləyirdi. O, qoşasimli dombranın səsinə aşiqdi; o, böyük çölün parlaq musiqiçisi Sokir Eszhanı dinləməkdən doymur, onun dombrasının “dil”ini, “din”ini anlayır, ona dərin vurğunluq içində, öz xəyallarını qururdu. Kurmanqazının doğma auluna gələn küyşilər sırasında ünlü küyşi Uzaközəlliklə seçilirdi və məhz o, gənc Kurmanqazının musiqiyə böyük marağını fərq edir, onun gələcəkdə parlaq sənətkar ola biləcəyinə inanır. Beləliklə, Kurmanqazı 18 yaşında doğma aulunu tərk edərək, (necə deyərlər, bir növ) dərvişanə yaşama – köçəri küyşinin “sərsəri həyat”ına başlayır. O, Bayjuma, Balamaysan, Baybaktı, Yesjan və Şerkeşkimi (o dövrün) ünlü dombraçılardan dərs alaraq, ustalığını inkişaf etdirməyə davam edir. Kurmanqazı ustadı Uzak ilə yaxın-uzaq ellərdəki müxtəlif sənət yarışlarında iştirak edir və görkəmli dombraçılar sırasına yüksəlməyi bacarır.

Kurmanqazının “Kişkentay” (“Кішкентай” – “Kiçik”) adlı ilk küylərindən (bəstələrindən) biri xalq üsyanına həsr olunub. O, xalqdan qopuq yaşayan, xeyirxahlıq damarı olmayan varlıları açıq tənqid etdiyi üçün təqib olunurdu. Haqsevər sənətkar bir neçə dəfə həbsə atılsa da, təslim olmayıb. O, Uralsk, Orenburq (və bəzi qaynaqlara görə İrkutsk) şəhərlərinin qazamatlarında tutulub (Onu da vurğulayaq ki, adıkeçən şəhərlərdə o vaxtlar qazaxlar və digər türk xalqları üstünlük təşkil edirdi. Qazaxıstan respublika olaraq qurulanda ilk paytaxtı Orenburq olub). Öz sənətkar həyatı boyunca, özəlliklə gənclik illərində təhqir və təqiblər görmüş Kurmanqazı bəstələdiyi“ Alatau” və “Sarıarka” küylərində (mahılarında) xalqın azadlıq düşüncələrini, qazax ellərinə dərin məhəbbətini təcalla etdirib.

Kurmanqazı Sağırbayulının davamçısı – Urallı jurnalist və şair Nikita Saviçev “Uralskiyevoyskovıyevedomosti” qəzetində yazırdı: “Sağırbayulınadir musiqi ruhuna sahibdir və əgər o, Avropa təhsili alsaydı, musiqi dünyasının bir saylı ulduzu olardı”...

Kurmanqazı 1862-ci ildə həmyerlisi – başqa bir böyük kuyşi Dəuletkerey ilə görüşüb, tanış olur. Hər iki dombra improvizəçisi bir-birini nəzərəçarpacaq dərəcədə təsirləndirib. Təsadüfi deyil ki, Kurmanqazı Dəuletkereyin “Bülbül” bəstəsini öz repertuarına daxil edib.

“Sınıracam”, “Sabah gedəcəm”, “Kisən akkan”, “Həbsxanadan qaçıb”, “Araba vurdu” və b. mahnılar Kurmanqazının ünlü əsərlərindəndir...

                                                                  

***

Kurmanqazının beşinci babası (çox güman ki), Baltabaylar nəslindən olan sənətkar olub. Onun yeddinci babası Ərşi isə odlu-alovlu danışığı, bəlağəti, natiqliyi ilə seçilən bir insan kimi tanınıb. O, Beriştirəsi ilə də sıx qohumluq bağlarına malik olub. (Qazax elinə qıraqdan basqılar zamanı igidliyi ilə seçilən Ağatay Batırın adı Beriş tirəsinin şüarı sayılıb; o vaxtdan Ötəmişbi, Mahambet Ötemisulu, İsatay Taymanulı təkcə Beriştirəsinin deyil, bütövlükdə qazaxların şərəfli oğulları olaraq sevilib).

Sənətkar fiziki ömrünün son illərini də şagirdlər tərbiyə etməyə və habelə ovçuluğa həsr edib. O, indiki Həştərxan vilayəti, Volodar qəzasının Altınjar şəhərində vəfat edib. Ruhu şad olsun!

Sənətkarın doğulduğu rayon hazırda onun şərəfinə Kurmanqazı adlanır. Qardaş Qazaxıstanın böyük oğlunun adı, onun vəfatından 126 il sonra Türk dünyasının, başqa bir böyük sənətkarı – Şərqin qüdrətli söz ustadı Füzulinin adını daşıyan rayonda da əbədiləşdirilir. Qazaxıstanın Qafqazdakı bavuru Azərbaycanın Füzuli şəhəri 44 günlük Vətən müharibəsinin gedişində (17 oktyabr 2020) azad olunan ikinci şəhərimizdir.

Kurmanqazı adına Yaradıcılığın İnkişafı Mərkəzində Füzulinin gələcək şən sakinləri, yetənəkli balalarımız dörd istiqamətə yararlana biləcək:

musiqi – vokal və xor oxuma;

çağdaş texnologiyalar;

sənət və yaradıcılıq (dulusçuluq, heykəltaraşlıq) və

idman, xoreoqrafiya...

Qardaşlığımıza xeyirli-uğurlu olsun! Belə bir düşüncəyə gəlmək, fikir hasil etmək, layihələndirmə aparmaq və gerçəkləşdirmək özlüyündə xeyirdir, uğurdur.

 

Paralellər

Kurmanqazının həyatı çox mürəkkəb idi, o, yeniyetmə və gənc yaşlarındaykən doğru ilə yanlışı ayırmağa, həyatda fəal mövqe tutmağa çalışırdı. Onun yeniyetməlik, gənclik illəri Çar Rusiyasının həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tüğyan etdiyi, qanlar axıdıldığı illərə düşmüşdü.

O, taleyin sərt üzünə sənətin gücü ilə çıxırdı.

Kurmanqazının həyat eşqi tükənməzdi və bu tükənməzliyi tərənnüm edirdi.

Kurmanqazının sənətkar şəxsiyyəti onun konseptual musiqiçi olması ilə səciyyələnir. Yalnız öz dövrünə qapanıb qalmamaq, nəsillərin taleyinə təsir edən  hadisələri, tarixi, çağdaşlığı və gələcəyin üfüqlərini öz yaradıcılığında təcalla etdirmək Kurmanqazının mənəvi təlabatına, sənətçi təbiətinə xas özəllik idi.

 

Kurmanqazının sənətkarlığı, onun malik olduğu sənətkar hünəri, ülvi ruhu yalnız özünü ifadə etmir, onu yetirən mühiti, mənsub olduğu xalqın mənəvi zənginliyini göstərir. Kurmanqazı təkcə öz sənəti ilə deyil, həm də Ömrü ilə doğma xalqının bütün keyfiyyətlərini, keşməkeşli dönəmlərdə xalqı diri tutan ruhu, xəlqi cəsarəti təcəssüm etdirir. Onun haqqında belə deyilir: şeirdə Məhəmbət (M.Ötəmişulu) kimi, elmdə Şokan (Ş.Vəlixan) kimi, döyüş meydanında Kenesarı (K.Kasımulı; xan) kimi şan-şöhrətə, var-dövlətə aldanmadan mərd yaşadı...

 

Füzili şəhərinin, Qarabağın, Azərbaycanın da taleyi keşməkeşli olub. Bəzən bir insanın ömrü bir şəhərin, ölkənin taleyinə oxşaya bilər. (Türk dünyası bir bütövdür, bizim ortaq keçmişimiz olduğu kimi ortaq gələcəyimizi düşünməyimiz, belə düşüncələrimizi gerçəkləşdirmək haqqımız var)! Şəhərlərin, ölkələrin və qardaşlığın (!) ömrü şəxsiyyətlərin, sənətkarların ömrü ilə zənginləşir, üfüq ötəsinə uzanır... Sənətkarlarımız, aydınlarımız kimi, şəhərlərimiz, Qarabağımız, Azərbaycanımız da çətin günlər yaşayıb, amma sınmayıb, dirəniş göstərib, hünər göstərib və Zəfər qazanıb. Qardaş Qazax xalqının mübariz sənətkar oğlunun adı Füzuli şəhərindəki yeni mədəniyyət ocağına çox yaraşacaq! Orada yetişən, qanadlanan yeniyetmə və gənclər Füzulinin, Qarabağın, Azərbaycanın gözəlliklərini bütün Türk dünyasına yayacaqdır!

 

Heç nə təsadüfi deyil! Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Qazaxıstanın ən yüksək dövlət təltifi “Altın kıran” (“Qızıl qartal”) ordeni ilə təltif olunması da özündə rəmzlər və dərin məna daşıyır. Qardaş ölkənin ən yüksək ordenini dövlət başçımıza təqdim edərkən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bu qürurverici tarixi sözləri dedi: “Qazaxıstanda Sizi görkəmli dövlət xadimi, bütün dünyada Azərbaycanı tarixi Zəfərə, Təhlükəsizlik Şurasının qətnamələrinə tam müvafiq olaraq ərazi bütövlüyünün bərpa edilməsinə gətirib çıxarmış şəxsiyyət kimi tanıyır, ehtiram bəsləyir, hörmət edirlər. Bu münasibətlə Sizi bu gün şəxsi görüşümüz zamanı təbrik etmişəm. Siz dövlətlərimiz arasında çoxtərəfli, çoxşaxəli əməkdaşlığın inkişafına böyük töhfə verirsiniz. Bütün qazax xalqı adından ehtiram əlaməti olaraq bu gün Sizə “Altın kıran” ordenini təqdim etmək istərdim”.

 

Dövlətlərimiz, dövlət başçılarımız var olsun!

Altın kıranın – Qızıl qartalın qanadlandığı göy üzü heç vaxt qaralmasın,

üfüqü heç vaxt daralmasın!

Füzulinin və Kurmanqazının ruhu şad olsun!

 

 

 

Cümə axşamı, 25 Avqust 2022 09:56

Günün fotosu: Sülh deyil, qələbə istəyənlər

Günün fotosu: Sülh deyil,  qələbə istəyənlər

 

Ukraynada qeyd edilən Müstəqillik gününün ən əlamətdar hadisəsi Ukrayna prezidentinin Vətən uğrunda həlak olmuş əsgərlərin Memorial abidəsinə gül dəstəsi qoyması oldu. 

Volodimir Zelenski söylədi: “Biz altı aydır müqavimət göstəririk, bundan sonra məğlub olmağa sadəcə haqqımız yoxdur. Biz qabaq sülh istəyirdik, indisə qələbə istəyirik!” 

 

Foto: Euronews

 

Qobustan Milli Tarix-Bədii Qoruğunun xarici tərəfdaşlarla müştərək həyata keçirdiyi “Qərbi Asiyada ibtidai incəsənətin yaranması, inkişafı və yayılması: Qobustan” layihəsinə yekun vurulub.

 

“Ədəbıyyat və incəsənət” portalı AzərTAC-a istinadən  xəbər verir ki, bu münasibətlə avqustun 24-də Qobustan Milli Tarix-Bədii Qoruğunda layihənin yekunlarına dair mətbuat konfransı təşkil edilib.

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayev bildirib ki, layihə çərçivəsində aparılan uğurlu tədqiqat işləri nəticəsində Qobustanın daha geniş öyrənilməsi üçün böyük elmi əhəmiyyət kəsb edən zəngin və maraqlı artefaktlar aşkar olunub. Layihə çərçivəsində qoruq ərazisindəki Böyükdaş dağının yuxarı səki sahəsində yerləşən "Ana zağa” və “Ovçular” mağaraları, o cümlədən dağın aşağı səki sahəsində yerləşən səkkiz nömrəli qaya üzərindəki təsvirlər, həmçinin Qobustan Milli Tarix-Bədii Qoruğunda qorunub saxlanılan arxeoloji materiallar müasir elmi metodlarla öyrənilib.

Diqqətə çatdırılıb ki, qayaüstü tədqiqatlar zamanı İtaliya və İspaniyadan 10-a yaxın professor və elm işçiləri dəvət olunub. Tədqiqatlara, həmçinin qoruğun elmi işçiləri və AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun tədqiqatçıları da cəlb edilib: “Məqsəd Qobustanın arxiv fondunun zənginləşdirilməsidir. Bəşəriyyətin ilkin dövrlərini öyrənmək baxımından qlobal mahiyyət kəsb edən Qobustan qayaüstü rəsmləri yalnız XX əsrin əvvəllərində aşkarlanıb. Bu unikal abidə barəsində dünyaya ilk dəfə məlumat verən şəxs tarixçi alim, arxeoloq, Azərbaycanın qədim dövrlərinin tədqiqatçısı İshaq Cəfərzadə olub. İkinci Dünya müharibəsi ərəfəsində- 1939-cu ildə Qobustanda tədqiqat aparan alim, o vaxta kimi elm aləminə məlum olmayan qayaüstü rəsmləri - petroqlifləri aşkar edib. Qobustanın tədqiq olunması da elə həmin vaxtdan başlanır. İshaq Cəfərzadə ilə yanaşı digər tarixçi alimlər- arxeoloq Cəfərqulu Rüstəmov və onun həyat yoldaşı Firuzə Muradova da həyatlarının 35 ilini Qobustanın öyrənilməsinə həsr ediblər. Onların apardığı tədqiqatlar nəticəsində minlərlə qayaüstü təsvirlər aşkar olunub. Budəfəki qazıntılar zamanı isə ən vacib tapıntılar - Mezeolit dövrünə aid insan sümüyü və 5-6 yaşlı uşağın ayaq sümüyü olub. 

Müasir texnologiyalardan istifadə etməklə bildiyimizdən daha çox artefaktları üzə çıxartmaq imkanı əldə edirik. Daha 20 yeni rəsm aşkarlandı. Məlum oldu ki, bir rəsmin üzərində ibtidai insanlar yeni rəsmlər çəkib”.

Vurğulanıb ki, layihənin icrası Qobustanda ilkin məskunlaşma prosesinin tədqiqinə və qayaüstü təsvirlərin öyrənilməsində ən mühüm məsələlərdən olan xronologiya probleminə aydınlıq gətirilməsinə xidmət edir.

İspaniyanın Rovira və Virgili Universitetinin professoru Manuel Vaquero Rodríguez bildirib ki, onun rəhbərlik etdiyi qrup əsasən "Ana zağa” mağarası ərazisində tədqiqatlar aparıb. O, tədqiqatlar nəticəsində 7 təbəqənin aşkar edildiyini vurğulayıb. Bildirib ki, bu təbəqələr Qobustan ərazisində insanların yaşama xronologiyası ilə üst-üstə düşdür.

Onun sözlərinə görə, buradakı Neolit təbəqəsi maldarlıqla məşğul olan qədim tayfalara təsadüf edir: “Bu təbəqədə apardığımız tədqiqatlar nəticəsində minlərlə artefakt aşkar etdik. Əsasən at, öküz sümükləri, keramika, saxsı qablar, ocaq izləri aşkar etmişik ki, onların sayəsində bu ərazidə yaşayan insanların həyat tərzi haqda fikir yürüdə bilərik. Ən vacib tapıntı Neolit dövründən aşağıda qazıntılar zamanı bizim üçün maraq doğuran 5-6 yaşlı uşağın ayaq sümüyünün qalığıdır ki, bunu Mezeolit dövrünə aid edirik. Düşünürəm ki, tapılan uşaq sümüyü Qobustan Dövlət Tarixi-Bədii Qoruğu Muzeyinin eksponatları arasında öz yerini tutacaq. Mezeolit dövründən də qədimə gedən təbəqələr var, ancaq bunu dəqiqləşdirmək üçün analiz aparılmalıdır. Bütün bunlar ilkin nəticələrdir. İşin böyük hissəsi laboratoriyalarda davam edəcək”.

Sonra media nümayəndələri üçün "Ana zağa” mağarasına gəzinti təşkil olunub.

Günün fotosu: Qəhrəman Ukrayna bayraq gününü qeyd etdi

 

Dünən - avqustun 23-də Ukraynada bayraq günü qeyd edilib. Bu münasibətlə Kiyevin mərkəzi Kreşatikdə hərbi qənimətlər - ruslardan ələ keçirilmiş hərbi texnika nümayiş olunmuşdur.

Foto: Euronews

 

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Səmərqənd şəhər Katta Kurqan Teatrının rəhbəri, tanınmış rejissor Batır Tuqalov ilə görüşüb. 

 

AzərTAC xəbər verir ki, görüşdə Özbəkistan-Azərbaycan arasında teatr sənəti sahəsində əməkdaşlıq, Azərbaycan əsərlərinin Səmərqənd teatrında səhnələşdirilməsi, Azərbaycan teatr müəssisələri ilə əlaqələrin genişləndirilməsi, rejissor və artistlərin qarşılıqlı təcrübə mübadiləsi, birgə layihələrin reallaşdırılması məsələləri razılaşdırılıb. 

Bu il oktyabrın 18-də Səmərqənd şəhər gününə həsr olunmuş tədbirlərdə Azərbaycan Mədəniyyət Mərkəzinin iştirakı, azərbaycanlı sənətçilərin çıxışı və s. barədə fikir mübadiləsi aparılıb. Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzi, onun fəaliyyəti, həyata keçirdiyi layihələr barədə məlumat verərək, Mərkəzin binası, muzeyləri ilə qonağı tanış edib.

Çərşənbə, 24 Avqust 2022 12:36

Bakıda bluz gecəsi keçiriləcək

 

 

Avqustun 26-27-də “27qm-Tarana's small gallery and cafe”də Bluz gecəsi keçiriləcək.

Və bu gecədə Natiq Kamilov öz stratokasterində bluz dünyasının populyar mahnılarını ifa edəcək.

Həmin gün bluz həvəskarları kiçik qalereyada səslənəcək musiqidən həzz ala biləcəklər.

 

“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikasında Güney Azərbaycan təmsilçimiz Əli Çağla sizləri şair Əbasət Purhəsənin şeirləri ilə tanış edəcək.

Əbasət Purhəsən 1982-ci il avqust ayının 21-də Qaradağın Əhər şəhərində dünyaya göz açıbdır. İllərdir çarpara şeirləri ilə tanınan Əbasət Əhərin Bariz Ədəbi Dərnəyinin (BƏD) başqanıdır.

 

 

 

 

SƏNDƏN SONRA

 

Qəlbimin ağrısı toxtamaq üçün,

Darıxmayacağam səndən ötəri.

Özümə toy tutub ögey şəhərdə,

Kefləndirəcəyəm bekef şəhəri.

 

Elə sevəcəyəm aldığım qızı,

Döyünə-döyünə giciyin gələ.

Verdiyim ürəyi qaytardığına,

Özünün özündən acığın gələ.

 

Yəqin gözlərindən damcı axacaq,

Bir vaxt həsrət idin bir damcıya sən!

O gün yaxşı olar dərinə getsən,

Bilərsən nə çəkdim dünənlərdə mən.

 

Dünənlər sovuşdu, bu gün sovuşur,

Dünənlər bu günə bəhanə imiş.

Qürurum qüruru, quru qürurun,

Bilmədim bu qürur səndə nə imiş?!

 

Nə deyim, bilmirəm, bəlkə də bir gün,

Yenidən doğuldum səni sevməyə.

Bilmirəm bəlkə də son dünyamızda,

Tanrı gəldi bizə kəbin kəsməyə.

 

 

 

BİRİNCİ SUAL

 

Ölümlər şirindi, ölümlər acı,

Yoxsulluq ölümün biridi bəlkə.

Biz hələ dünyadan nə bilirik ki,

O qız, o oğlanın əridi bəlkə?!

 

Ağaclar köynəyin dəyişir nədən?

Küçədən, küçəyə min sualım var.

Yadımda babamın nağıllarında,

Bir nağıl deyirdi: “Axtaran tapar.”

 

Axtardım, tapdığım bu gün sən oldun,

Ah qundaq, sənin də dərdin çox imiş.

Inqıltı səsinə analar gəldi,

Heç elə bil sənin anan yox imiş!..

 

Gözlərimdə yollar, içimdə dağlar,

Səni evlərinə kimlər aparar?

Atalı, analı yetim qundağın,

Bələyin kim açar, başın kim dadar?

 

Günəş də küsürdü dağın dalından,

Quşlar da göylərdən yığışırdılar.

Sızıltı səsinə can-can deyənlər,

Sadağa tullayıb soruşurdular.

 

Sən qucağımdaydın, mən oturmuşdum,

Kiçik əllərini üzümə çəkdin.

Dilənçi deyildik, biz qərib idik,

Beynimdə nə varsa gözümə tökdün.

 

Yolun qırağına kim qoyub səni,

Bəlkə də yenidən Həvva doğubdur!

Bizi göydən yerə gətdiyi kimi,

Səni də cənnətdən yerə qovubdu.

 

Biz hələ dünyadan nə bilirik ki,

Bir uşaq qolumda, ana olmuşam.

Atası kim ola, anası kimdi?

Birinci sualda hələ qalmışam...

 

 

 

BƏZƏKLİ MANKƏN

 

Bazar qabağında bəzəkli mankən,

Hər gələn əl atır donuna sənin.

Yaşamağın üçün açılmır donu,

Soyuq şəhrimizdə geydiyin donun.

 

Əllərin əlimdə, əlin əlimi,

Əlinin içində saxlaya bilmir,

Nə çəpik çalırlar qabağımızda?!

Nə üçün görənlər ağlayır, gülmür?

 

Mən səni sevdiyim qıza oxşatdım,

Ya şəhər ağılsız, ya da mən dəli!

Bir dəyqə özümü sevindirməyə,

Sənin də abrına toxundum, bəli.

 

Səndən ayrılıram, bilirəm ancaq,

Əynindəki donu götürəcaqlar.

Bilmirəm bəlkə də oğlan paltarın,

Geydirib əyninə, toy tutacaqlar.

 

Bəlkə də bazardan, bazara köçüb,

Gözdən düşəcəksən, gic qalacaqsan.

Bilmirəm, sabahın heç kimsə bilmir,

Bəlkə də sevdiyim qız olacaqsan!..

 

 

 

BİZ BEŞ YOLDAŞIYDIQ

 

Biz beş yoldaşıydıq məhəlləmizdə,

İtlər ulayırdı küçələrində.

Biz beş yoldaşıydıq, biz beş beyni qan,

Əhərin dumanlı gecələrində.

 

Gündüzlər, gecəyə fikirləşirdik,

Gecələr, gündüzə fikirləşirdik.

Bizi aldadırdı matikli qızlar,

Yenə aldanmağa hazırlaşırdıq.

 

On beş yaşındaydıq həyatımızda,

Həyat bizdən qoca, arzumuz Təbriz.

Hələ fikirimiz böyüməmişdən,

Günlər sovuşurdu, böyüyürdük biz.

 

Fəsillər sovuşdu, illər sovuşdu,

Nə oynaya bildik, nə gülə bildik!

Beş oğlan Əhərdən dünyadan köçüb,

Dörd oğlan Təbrizdə dünyaya gəldik!

 

Bizlər yerimizi dəyişə bildik,

Nədən fikrimizi dəyişənmədik?

Görən bu dünyanın dalında nə var?

Qaranlıqlarınan güləşənmədik!

 

Qəfələr bucağı yerimiz idi,

Ürəyi doluyduq, beyni boşuyduq.

Aldadırdı bizi bəzəkli Təbriz,

Biz beş yoldaşıydıq, biz beş daşıydıq.

 

 

 

UŞAQLIQ YOLDAŞIM

 

Hava ağlayırdı ağırlığından,

Elə anlayırdım çırpınırsan sən.

Əlimi uzaldıb əlimə aldım,

Sənə layla çaldım doyunca dünən.

 

Ovcumun içində yuxuya keçdin,

Körpə uşaq kimi, ətsan quş kimin.

Ağzını yumurdun lal dünyamıza,

Ya sona çatırdı sənin də qəmin.

 

Sən elə ovcumu qucaqlamışdın,

Səni ovucumdan ata bilmirdim.

Yuxu gözlərimi alırdı, ancaq –

Sənsiz yuxularda yata bilmirdim.

 

Ovcumun içindən ayrılmadın heç,

Səni sevə-sevə öldürdüm dünən.

Uşaqlıq yoldaşım, bayram balığı,

Daha çırpınmayır nə mən, nə də sən...

 

 

Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır.

 

 

 

 

 

 

Avqustun 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında "Qonağımız var" layihəsi çərçivəsində Xalq artisti, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, dosent Təranə xanım Muradova ilə görüş keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, tədbirin aparıcısı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Gültac Əlili qonaqları salamlayaraq, Xalq artistinin həyat və yaradıcılığı haqqında geniş məlumat verib. 

Görüşün əsas məqsədi gənclərdə estetik zövqün formalaşması, onların dünyagörüşünün genişlənməsi, xüsusən incəsənətlə məşğul olmaq istəyənlərin düzgün istıqamətləndirilməsidir.

Mədəniyyət sarayında xoreoqrafiya sənəti ilə məşğul olan gənc rəqqaslara ustad dərsi keçməklə yanaşı, tanınmış rəqqasə onun sənətinə pərəstiş edən sevimli tamaşaçılarını maraqlandıran suallara cavab verib.

Görüşdə Mərdəkan Mədəniyyət sarayının "Lalələr" və "Azad" rəqs kollektivlərinin və Şüvəlan qəsəbə Mədəniyyət evinin "Səma" rəqs qrupunun gənc rəqqasları iştirak ediblər.

Ardınca Xalq artisti "Uzundərə", "Yallı" və digər milli rəqslərin nümunələrindən gənc rəqqaslara ustad dərsi keçib.

Görüş maraqla qarşılanıb və yüksək əhval-ruhiyyə ilə başa çatıb. 

Sonda Xalq artisti Təranə xanım Muradova tədbirin əsas təşkilatçısı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinə və görüşə gələnlərə öz təşəkkürünü bildirib.

 

Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin dəstəyi ilə 26-28 avqust tarixində Mədəniyyət paytaxtımız Şuşa şəhərində yaradıcı insanların iştirakı ilə “Şuşa yaradıcılıq emalatxanası” adlı layihəsi həyata keçiriləcək.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, layihə çərçivəsində müxtəlif peşə istiqamətləri üzrə Azərbaycandan və Türkiyədən olan yaradıcı sahənin təmsilçiləri Şuşa qalasına, Üzeyir bəyin dağıdılmış evinə, Bülbülün ev muzeyinə, Vaqifin məqbərəsinə, Güllələnmiş abidələrə, Cıdır düzünə səfər edəcəklər.

Layihənin keçirilməsində məqsəd tarixi və əzəli torpaqlarımızda həyata keçirilmiş barbarlıq, dağıdılmış abidələrimiz haqqında dünya və yerli ictimaiyyəti incəsənət əsərləri vasitəsilə daha ətraflı məlumatlandırmaq, mədəni irsimiz, zəngin tariximiz və ənənələrimizi layihə iştirakçısı olacaq bəstəkar, şair, musiqişünas, misgər, keramika rəssamı, fotoqraf, qiraətçi və bir çox sahəni təmsil edən 30-a yaxın yaradıcı insanların təqdim edəcəyi əsərlər vasitəsilə daha yaxından tanıtmaqdır.

Belə ki, səfər təəssüratlarından ilhamlanaraq ərsəyə gələcək əsərlər bir müddət sonra Bakıda təşkil olunacaq qala tədbirdə geniş auditoriyaya təqdim olunacaq.

 

Çexiyanın paytaxtı Praqa şəhərində Beynəlxalq Muzeylər Şurasının (ICOM) 26-cı Baş Konfransı işə başlayıb. 

 

AzərTAC xəbər verir ki, bu mötəbər tədbirdə ölkəmizi ICOM Azərbaycan Milli Komitəsi böyük nümayəndə heyəti ilə təmsil edir.

“Muzeylərin gücü” devizi altında keçirilən baş konfransın birinci günündə ICOM Azərbaycan Milli Komitəsinin sədri, Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova milli komitənin üç illik fəaliyyəti barədə hesabatı təqdim edib. O, həmçinin ICOM-un Etnoqrafiya muzeyləri və kolleksiyaları üzrə Beynəlxalq Komitəsinin konfransında “İnklüziv muzey” mövzusunda çıxış edib.

Şirin xanım üçillik hesabatda 2019-2021-ci illərdə ICOM Azərbaycan Milli Komitəsinin təşkilatçılığı ilə ölkəmizin muzey həyatında baş verən yeniliklər, təşkil olunan tədbirlər, beynəlxalq konfranslar, 2020-2021-ci illərdə karantin dövründə muzeylərin onlayn fəaliyyəti, virtual tur layihələrinin hazırlanması, 44 günlük Vətən müharibəsi zamanı aparılan təşviqat kampaniyaları haqqında ətraflı məlumat verib.

“İnklüziv muzey” mövzusunda çıxışında isə Azərbaycan Milli Xalça Muzeyinin ölkəmizin ilk inklüziv muzeyi kimi zəngin təcrübəsi, bu sahədə tətbiq olunan yeniliklər, reallaşdırılan layihələr barədə danışıb. Rəhbərlik etdiyi müəssisənin inklüziv fəaliyyətinin xarici muzey və təşkilatlar tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

Milli Komitənin sədrinin çıxışları konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Onlar Azərbaycan Milli Xalça Muzeyinin nəfis çap məhsullarını da yüksək qiymətləndiriblər. 

Qeyd edək ki, Şirin xanımın növbəti çıxışı ICOM-un Fəlakət risklərinin idarə olunması üzrə Beynəlxalq Komitənin konfransında “Qarabağın timsalında müharibə və hərbi münaqişələr dövründə mədəni-tarixi abidələrin və muzeylərin dağıdılması” mövzusunda olacaq. 

Bununla yanaşı, Ş.Məlikova INTERCOM və CIMAM-ın birgə sessiyasına qatılaraq, bir sıra ölkələrdən olan mütəxəssislərlə muzey idarəetməsi sahəsində mövcud vəziyyət və problemlər ətrafında fikir mübadiləsi aparacaqlar. 

Beynəlxalq Muzeylər Şurasının (ICOM) 26-cı Baş Konfransı avqustun 28-də öz işini yekunlaşdıracaq.

Qeyd edək ki, 1948-ci ildən etibarən hər üç ildən bir keçirilən bu konfrans beynəlxalq muzey ictimaiyyətini əhəmiyyətli bir mövzu ətrafında fikir mübadiləsi aparmaq üçün toplayır və beynəlxalq əməkdaşlığın genişləndirilməsi məqsədi daşıyır.

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.