
Super User
Bu gün Uşaq Filarmoniyasında Yeni il konserti başlayacaq
Bu gün Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş uşaqlar üçün "Sirli sandıq" adlı konsert proqramı təqdim ediləcək.
Uşaq Filarmoniyasının mətbuat xidmətindən verilən məlumata görə, konsertdə filarmoniyanın nəzdində fəaliyyət göstərən "Yuvam" musiqili uşaq teatrı, "Sədəf" xalq çalğı alətləri ansamblı, "Şəms" uşaq xoru, vokal sinfi və müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi bir-birindən maraqlı, rəngarəng musiqili nömrələri ilə çıxış edəcəklər.
Proqram dekabrın 25-dək davam edəcək.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Azercell qalibləri elan etdi
Məktəblilər arasında keçirilən İnformatika və Proqramlaşdırma müsabiqəsi yekunlaşdı
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandasının məğrur tərəfdaşı “Azercell Telekom” MMC-nin bu ilin noyabr ayında keçirdiyi proqramlaşdırma üzrə “Azercell CUP” müsabiqəsi yekunlaşdı. Ümumilikdə 140 nəfərin iştirakı ilə təşkil edilən final mərhələsi 3 saat davam edib.
Yarışın sonunda 6-7 və 8-ci sinif şagirdləri arasında qaliblər müəyyən edilib, medalla təltif olunublar. Müsabiqənin ümumi nəticələri ilə www.olimpiada.edu.az saytında tanış olmaq mümkündür.
Mükafatlandırma mərasimi və hazırlıq dərsləri haqqında məlumat şagirdlərə email vasitəsilə çatdırılacaq. Yüksək nəticələr göstərən iştirakçılar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən təşkil edilən Beynəlxalq Olimpiadalara hazırlıq mərkəzində keçirilən hazırlıq proqramlarında iştirak etmək imkanı qazanacaqlar.
“Azercell CUP” məktəblilər arasında informatika elmi və proqramlaşdırma üzrə bilik və bacarıqları inkişaf etdirmək, bu sahəyə gənclərin marağını artırmaq, informatika fənni üzrə olimpiadalarda iştiraka həvəsləndirmək məqsədi daşıyır. 2017-ci ildən etibarən “Azercell Telekom”un dəstəyi ilə beynəlxalq olimpiadalara hazırlıq keçən məktəblilərimiz ölkəmizi uğurla təmsil edərək 2 qızıl, 13 gümüş və 33 bürünc olmaqla ümumilikdə 48 medal əldə ediblər. Qeyd edək ki, qalib şagirdlər sırasında “Azercell CUP” müsabiqəsi vasitəsi ilə kəşf olunan istedadlı şagirdlər də yer alır.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Bu gün YARAT-da “Pianoçu ilə görüş”ün müzakirəsi olacaq
YARAT Müasir İncəsənət Mərkəzi növbəti dəfə musiqisevərləri sevindirəcək.
“Pianoçu ilə görüş” layihəsi çərçivəsində müzakirə bu gün keçiriləcək.
Yeni il ərəfəsində layihənin budəfəki qonağı istedadlı pianoçu Riad Məmmədov olacaq.
Müzakirə rus dilində aparılacaq.
Riad Məmmədov öz yaradıcılıq fəaliyyətində müxtəlif janrları və musiqi istiqamətlərini bir araya gətirir.
Moskva Konservatoriyasını, habelə fortepiano ixtisası üzrə aspiranturanı, eləcə də musiqişünas kimi nəzəri aspiranturanı bitirdikdən sonra, o, akademik ifaçı kimi qalmaqla yanaşı, dünyada muğam və caz-muğam meyillərini inkişaf etdirib. Özünü ifa tərzində, aşkarlanan intonasiyalarda və motivlərdə ifadə etməklə, Şərq məfhumu musiqiçinin proqramlarına həm bilavasitə, həm də alleqorik şəkildə nüfuz edib. Riad Məmmədov ictimaiyyətə dirijor Teodor Kurentzis və onun “musicAeterna” orkestri ilə solo konsertləri və birgə layihələri, eləcə də öz klassik, caz və müəllif repertuarı olan albomları ilə tanışdır.
Hazırda musiqiçi “Cənnətdən Şərqə” adlı albomu üzərində çalışır. Bu alboma onun yeni bəstələri daxil olacaq.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Bu gün görkəmli balet ustası Çimnaz Babayevanın anım günüdür
Çimnaz Babayeva görkəmli balet ustamızdır, 1954-1964-cü illərdə Bakı Xoreoqrafiya Məktəbində Qəmər Almaszadənin sinfində təhsil almışdır, böyük səhnəyə doqquz yaşında, Boris Zeydmanın “Qızıl açar” baletində Buratino rolu ilə qədəm basmışdır.
Öz həyat yoldaşı, xalq artisti Vladimir Pletnyov ilə birgə A.Məlikovun “Məhəbbət əfsanəsi” baletində Şirin, Q.Qarayevin “Yeddi gözəl”ində Aişə, “İldırımlı yollarla”da Sari, Ə.Bədəlbəylinin “Qız qalası”nda Gülyanaq, F.Əmirovun “Nəsimi haqqında dastan” baletində Nəsiminin sevgilisi kimi obrazları yaratmaqla Azərbaycan klassik xoreoqrafiya sənətini şərəfli bir pilləyə ucaltmışdır. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında məşqçi baletmeysteri kimi gənc balet artistlərinin yetişdirilməsində zəhməti də əvəzsizdir.
O, teatrın balet truppası ilə birgə Rusiya, Ukrayna, Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyədə uğurla çıxış etmişdir. Milli baletin görkəmli nümayəndəsi olan Çimnaz Babayeva qırx illik fəaliyyəti dövründə “Əməkdar artist” və “Xalq artisti” kimi yüksək fəxri adlara, Azərbaycanın Dövlət mükafatına layiq görülmüşdür.
Çimnaz Babayeva 2019-cu il dekabr ayının 23-də vəfat etmişdir. Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Marta Bekdən 3 əsas addım
Professor Əlibala Məhərrəmzadə “Ev tapşırığı: Uğur düsturunu tapacağıq” layihəsini sizlərə təqdim edir
Tərar biliyin anasıdır. Mən indiyədək müxtəlif elmi mənbələrə müraciət edərkən bir neçə maraqlı uğur formulası ilə tanış olmuşam. Onlardan biri məşhur amerikalı psixoloq və kouç Marta Bekin formulasıdır. Bu formula rast gəldiyim ən bəsit, ən rahat, ən yaddaqalan formula olduğu üçün ilk olaraq oxucularıma onun barəsində danışmaq istəyirəm.
Marta Bek tövsiyə edir ki, uğur qazanmaq üçün özünüzü elə aparmalısınız ki, sanki sizə heç bir uğursuzluq təhlükəsi yoxdur. Bundan sonra isə sizi qarşıda üç addım gözləyir:
1. Birinci addım susmaqdır.
Nə? Susmaq? Bəli, bəli, məhz susmaq!
Şəxsi problemləriniz, gələcək plan və perspektivləriniz barədə heç vaxt dostlarınızla, digər yaxınlarınızla danışmayın. Bununla siz özünüzü həm başqalarının ziyanlı məsləhətlərindən sığortalayacaqsınız, həm də uğursuz insanların həyatlarının acı əhvalatlarını eşidib yolunuzdan sapınmayacaqsınız.
2. İkinci addım əzmlə çalışmaqdır.
Tənbəllik, qətiyyətsizlik sizə yad olmalıdır, arzularınız üçün gücünüzü tam səfərbər edib çalışmalısınız, dözümlü, qətiyyətli, əzmli olmalısınız. Hər gün məqsədə doğru kiçik olsa belə bir addım atmalısınız.
3. Üçüncü addım oynamaqdır.
Oynamaq? Uğur formulasından danışarkən hansı oynamaqdan söhbət gedə bilər?
Monoton, ağır iş istənilən insanı əvvəl-axır yorur. Yorğun halda işləmək isə həm kəmiyyətə, həm də keyfiyyətə mənfi təsil göstərir. Elə ki yorulduğunuzu hiss etdiniz, dərhal işdən ayrılıb fasilə edin və oynayın. Amma söhbət ənənəvi stolüstü oyunlardan, yaxud indi stixiya şəklini almış kompüter, mobil telefon oyunlarından getmir. Söhbət təxəyyül və düşüncə oyunundan gedir. Arzuladıqlarınızın hamısının xəyalınızda rəsmini çəkin. Özünüzə arzular kollajı düzəldin. Xəyalən arzularınıza qovuşun. Bu, sizə o qədər stimul verəcək, sizə o qədər enerji bəxş edəcək ki. Bax bu enerjini hiss edəndə isə yenidən öz uğurunuza doğru addımlamağa davam edin!
Marta Bekin uğur formulası cəmi bu üç addımdan ibarətdir və qeyd edim ki, məşhur psixoloq bu uğur formulasını öz şəxsi yaşantıları, keçdiyi uzun və təlatümlərlə dolu yola istinadən yazıb.
Və dərhal da bir insanın həyat təcrübəsindən yaranan fərdi uğur formulası nümunəsindən sonra sizə minlərlə insanın həyat təcrübəsindən yaranan kollektiv uğur formulu nümunəsi təqdim etmək istəyirəm. Çünki, əziz oxucu, biləsiniz ki, uğurlu insan olmaq, lider olmaq təlimlərinin hamısı, ümumən bütün motivasiya ədəbiyyatı ya bir nəfərin öz şəxsi həyat təcrübəsinə əsaslanan avtobioqrafik səciyyə daşıyır, ya da bir neçə nəfər barədə olan araşdırmalardan qaynaqlanır.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Yaltadakı “Qaranquş yuvası” qəsri bizim neft puluna tikilibmiş
Aida Eyvazlı ilə Türk dünyasına səyahət rubrukasında Krımda gəzişməmizi davam edirik. Yolumuz Ağ Məscidədir. İndi bu şəhər Simferopol adlanır. Ordan da Yaltaya dönəcəyik.
Təkcə krımlıların ürəyində deyil, böyük Türk tarixində adı əbədiləşən Ağməsciddən danışaq. Əslində şəhərin tarixi skiflərin dövrünə qədər gedib çıxır. Bəzi mənbələrdə Ağməscid yurdunun yaşının 50 min il olduğu qeyd edilir. Bu gün rusların yenidən işğal etdiyi bu qədim türk torpaqları Sovet illərində Krım Muxtar Vilayəti kimi status aldı. Paytaxtı isə Simferopol şəhəri oldu.
Krım yarımadasını gəzmək üçün əslində bütün yollar paytaxt Simferopoldan keçir və buraya qayıdır.1944-cü il 18 mayda bir gecənin içərisində “vətən xaini” kimi Krımdan sürgün edilən Krım tatarları da dünyanın bütün yollarından gəzib keçdikdən sonra, 1985-ci ildən etibarən doğma ata yurdlarına köç etməklə, şəhərin dağlıq hssəsində və mərkəzində yerləşməyə başladılar. (Onların başlarına gətirilən fəlakətlər bir başqa mövzunun söhbətidir. Hələlik isə Krımımızı gəzirik).
Bir qayda olaraq, Krıma gələnlər mütləq Qara dənizin sahilində dincəlməyə üstünlük verirlər. İki əsrdən artıqdır ki, bu yarımada tursitləri qəbul etməkdədir. Krım Ukraynanın tərkibində olanda burada turizm çox yüksək səviyyədə inkişaf etmişdi. Simferopolun 37 kilometrliyində yerləşən Yaltaya trolleybusla 40 dəqiqəyə gedib çatmaq olur. Məcara axtaran turistlərin əksəriyyəti Simferopoldan yaltaya trolleybusla getməyə üstünlük verirdilər. Dolanbac dağ yolları və aşırımları ilə Yaltaya getməyin başqa ləzzəti var. Bu yolla irəlilədikcə yolun sol tərəfində Qara dəniz aydın görünür. Dağlarda isə ilin fəsillərinə uyğun olan gözəllik mənzərələrindən doymaq olmur. Əslində Krımı addım-addım gəzəndə bu yerlərin Azərbaycana nə qədər çox bənzədiyinin fərqinə varırsan. Krım yarımadası kiçik Azərbaycandır. Bizim ərazilərə çox bənzəyir.
Yaltaya gələn insanlar daha çox dənizin sahilində hündür qayalıqda yerləşən “Qaranquş yuvası” qəsrinə çıxıb, bu hündürlükdən Krımı seyr etməyə üstünlük verirlər. İçərisində onlarla filmlər çəkilən “Qaranquş yuvası”nın maraqlı tarixçəsi var. Bu gözəl və əsrarəngiz gözəlliyyə malik olan “Qaranquş yuvası” qəsri, sən demə, Azərbaycanın neft puluna tikilib. Bu haqda isə bizə Krım Azərbaycanlıları çəmiyyətinin sədri Rəhim Hümbətov danışdı. O dedi:
-Yaltada qala-saray kimi məşhur olan, qayanın 40 metr hündürlüyündə yerləşən “Qaranquş yuvası”ının indi 103 yaşı var. Lakin Krımın Yalta şəhərinin Qaspralı qəsəbəsində yerləşən Qaranquş yuvası 1873-cü ildə Yekaterina taxta oturandan sonra inşa edilib. Yaxın Avropa ölkələrindən buraya torpaq almaq üçün axışıb gələn tacirlərdən biri saray həkimi, həm də Yalta şəhərinin idarəçilik sisteminin üzvü Albert Tobin Qayaya sahiblənir, burada taxtadan ev tikir. Gəlib gedənlər, görənlər bu kiçik daxmanı “Qaranquş yuvası” adlandırırlar. Məlum olmayan səbəblərə görə, Tobin qayanın kənarındakı evini tacir Anna Raxmaninovaya satır. A. Raxmaninova öz dövründə Moskvada ən bahalı mülklərin sahibi kimi məşhurlaşmışdı. Aldığı mülklərdən yaxşı gəlir götürərərək, onları publik mərkəzlərə çevirə bilirdi. 1911-ci ildə isə səhhəti ilə əlaqədar olaraq, onun bahalı mülklərinə marağı azaldığından, həmin binanı Bakıda neft milyonçusu olan alman əsilli baron fon Ştenqeylə satır. Təbii ki, Ştenqeyl bu bahalı “Qaranquş yuvası”nı Bakıdan qazandığı neft pullarınn hesabına alır və dərhal orada bərkitmə, bərpa və yenilənmə işləri aparır. Buna görə əsil adı Avrora qayası olan bu yerə Moskvadan modernist-memar Leonid Şervudu dəvət edir. Şervuddan qəsri qotik üslubunda tikməsini xahiş edir. Şervud öz növbəsində Fransada məşhur memar Oqyust Rodendən dərs almışdı. Ona görə də həm məkanın, həm də ətraf aləmin gözəl təbiətini və mənzərəsini nəzərə alan istedadlı memar burada nadir sənət nümunəsini yenidən yaradır. Bu pilləkənli kompozisiya kiçik ərazidə yerləşsə də, fundamentin eni 10 metr, uzunluğu isə 20 metr olur. Binanın hündürlüyü isə 12 metrdir. Memar qalanın içərisində dəhliz, qonaq otağı, ikinci mərtəbəyə-- qülləyə qalxan pilləkənlər və iki yataq otağı tikməklə bu möcüzəli sənət əsərini tamamlayır. Mülkün ətrafında isə balaca bağ salır. Zatən Krımın torpağı o qədər məhsuldardır ki, burada nə əksən bitir. Balaca qəsrin gözəlliyinə heyran olan baron fon Ştenqeyl memardan zəhmət haqqını əsirgəmir. Onu müxtəlif hədiyyələrlə də mükafatlandırır. Artıq 1914-cü ildə ildə köhnə daşlardan tikilmiş balaca daxmanın yerində möhtəşəm bir qəsr dayanmışdı. Qəsrin sahibi bu sevinci çox yaşamır. 1914-cü ilin 28 iyulunda başlanan birinci Dünya Müharibəsinə görə alman əsilli neft milyonçusu Rusiya İmperiyasının hüdudlarını tərk etmək məcburiyyətində qalır. “Qaranquş yuvası”nı isə tez-tələsik rus taciri və xeyriyyəçisi Pavel Şelaputinə satır.
1927-ci ildə Yaltada güclü zəlzələ olur. Dənizdə zəlzələnin gücü 9 bala çatır. Qaranquş yuvasının qarşısındakı bağ uçulub Qara dənizə tökülür. Məşhur krımlı rəssam İvan Konstantinoviç Ayvozovski də “Doqquzuncu val” rəsm əsərini bu tufandan sonra çəkir.
Növbəti dəfə sizə Livadiya sarayı barədə danışaçağam.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Küsüşsələr də hər ikisi səhnəyə başıgüllü çıxırlar
"Elza Seyidcahanla münasibətimiz soyuqdur. Harada insan varsa, orada hadisə var. Fikir ayrılığı olur.
Konservatoriyanı oxumuşuq, hərənin öz baxışı var. O mənim fikirlərimin bəzisini qəbul edir, bəzisini etmir. Eləcə də mən onun".
Bu sözləri Əməkdar artist Elza Seyidcahanın bacısı Rasimə Seyidcahan "İndi başla" verilişində deyib. İfaçılıqla məşğul olan Rasimə bacısı ilə küsülü olduqlarını açıqlayıb:
"Hadisə oldu, mən də fikir bildirdim. Özümə yox, ona görə. Həm sənət, həm insan münasibətlərində yaşanır belə hadisələr. Mən də ona fikrimi kəskin bildirmişəm. O vaxtdan danışmırıq".
Bacılar küsülü olsalar da hər ikisi səhnəyə başlarında gül, meyvə, yaxud tərəvəz gəlirlər. Demək, hər iki Seyidcahanı birləşdirən dəyərlər vardır. Amma Rasimənjn Elzanın qarasıyca danışması, deyilənə görə, Elzanın xətrinə dəyib. Və o, belə bir şeir yazıb.
Ay Rasimə, Rasimə.
Vurdun sən sarı simə.
“İndi başla”ya nöş getdin?
Elzanı xəcil etdin?
Neynədiymi bilərəm.
Səni efirdən silərəm.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Rejissor həbs oluna bilər?
Söhbət rejissor Kamran Şahmərdanovdan gedir. Bakıda noyabr ayının 24-də keçirilən "4.4 Qısa Tamaşalar Festivalı" çərçivəsində o, kinotənqidçi Sevda Sultanovaya qarşı təhqiramiz ifadələr işlədərək hücum edib. Sevda Soltanova həmin gün mətbuata açıqlamasında bildirib ki, polisə müraciət eləyib. Daxili İşlər Nazirliyindən noyabrın 28-də verilən açıqlamada qeyd olunurdu ki, məsələ ilə bağlı müvafiq araşdırma aprılır.
Məlum olaydan bir ay keçib. Vəziyyət nə yerdədir?
“Ədəbiyyat və incəsənət” bizim.media-ya istinadən xəbər verir ki, Sevda Soltanova bizim.media-ya açıaqlamasında bu müddət ərzində polis bölməsinə çağırılmadığını bildirib:
"Daxili İşlər Nazirliyindən verilən sonuncu açıqlamaya görə, məsələ diqqətlərindədir və araşdırma gedir. İnanıram ki, Kamran Şahmərdan cəzasını alacaq və daha peşə fəaliyyətinə görə hansısa jurnalistə hücum etməyəcək".
Daxili İşlər Nazirliyinin mətbuat xidməti ilə də əlaqə saxlayıb araşdırmanın hansı mərhələdə olması ilə maraqlansaq da, cavab ala bilmədik.
Mövzu ilə bağlı bizim.media-nın sualını cavablandıran Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Roman Qaraşov bildirib ki, polis bu məsələyə ilkin olaraq xuliqanlıq kimi qiymətləndirərək baxa bilər, amma nazirliyin bu istiqamətdə xüsusi bir səlahiyyəti yoxdur:
"Təhqirə məruz qalmış şəxs xüsusi ittiham qaydasında birbaşa, ya da şərəf, ləyaqətin alçaldılmasına görə, iddia qaldırıb təzminat tələbi ilə mülki icraat qaydasında məhkəməyə müraciət edə bilər. Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
Xatırladaq ki, Kamran Şahmərdan hazırda Finlandiyada yaşayır və orada fəaliyyət göstərir.
Onun əlaqə saxlamağımız mümkün olmasa da məsələ ilə bağlı münasibətini dərc etməyə hazırıq.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
Azərbaycanın turizm potensialını artırmaq üçün hansı hədəflər var?
“Azərbaycanın turizm potensialının cəlbediciliyini artırmaq üçün əsasən - keyfiyyətli kadrların hazırlanmasını, yerlərdə düzgün təlimlərin və maarifləndirmə işlərin aparılmasını, bazarı araşdırıb ondan sonra otellərin açılmasını (məqsədə uyqun), bütün turizmlə əlaqəli sahibkarların keyfiyyət və xidmət standartlarının yüksəltməsini və sair hədəfləri müəyyənləşdirmək lazımdır. Hava limanından, yəni ölkəyə girişdən artıq turistin həmin ölkə haqqında təsəvvürü yaranır. Bu o deməkdir ki, hər bir vətəndaşın üzərinə iş düşür.
Nəqliyyat vasitəsindən, bələdçisindən, oteldə qəbul şöbəsindən, restorandaki ofisiantdan, mağaza satıcısından tutmuş hər kəs ölkəni təmsil edir və gələn qonaqda təəssürat yaradır: “Sadəcə otel, turizm şirkəti və bələdçi deyil, sadaladığım hər kəs əl birliyi ilə çalışarsa Azərbaycanda turizm inkişafı daha da yüksələr. Əsasən də regionlarda infrastruktur işləri görülməlidir. Turist sadəcə ölkəyə oteldə qalmağa gəlmir, həm də özü ilə təəssürat aparmaq istəyir”.
Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlamın ölkə turizminin inkişafı ilə bağlı fikirlərini sizlərə çatdırmaqda davam etdik.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
“Sən məni bu yola itələyirsən...” - Elnaz İslamvəndin şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Güneydən gələn səslər” rubrikasında portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla sizləri mütəmadi olaraq cənublu soydaşlarımızın ədəbi yaradıcılığı ilə tanış edir. Ən çox bəyənilən yazarlardan biri də Elnaz İslamvənddir. Köylü Qız adıyla tanınmış güneyli şairə Elnaz İslamvənd 1983-cü ildə Təbriz şəhərində doğulmuşdur. O, 2005-ci ildə Təbriz Universitetinin pedaqoji fakültəsini bitirmişdir. Şairənin “Bax, mən də köylü qız olmuşam” adlı ilk kitabı 2005-ci ildə və “Islanmış son duraq” adlı şeirlər kitabı 2017-ci ildə işıq üzü görmüşdür.
SALAM VERDİYİM GÜNƏŞ
Köçəri quşları sevdin həmişə,
Gəlib qonaq qalıb gedən quşları.
Gələnin cütlədin başmaqlarını,
Bir an dayanmaya belə qıçları.
Bir buxça bələdin xatirələrdən,
Olub keçənləri silib-süpürdün.
Sanki biz heç zaman tanışmamışdıq,
Sanki sən deyildin məni öpürdün.
Şəhərdən şəhərə boylanmadaydıq,
Mən sizin günəşə salam verərdim.
Görərdin sən orda bir ağac əkdin,
Mən burda meyvəsin əl atıb dərdim!
Bilirdim azanız haçağ səslənər,
Kölgənə quş belə qonsa bilərdim.
Baharı dizimə çökdürürdün sən,
Hanı mən gördüyüm? -
Borandı, qar, qış!
“Sənə gül alımmı?” dediyin gündən,
Gül nədi, başıma kül ələyirsən.
Mən gedən deyildim, özün bilirsən,
Sən məni bu yola itələyirsən.
Köçəri quşları sevdin həmişə,
Gəlib qonaq qalıb gedən quşları.
Gələnin cütlədin başmaqlarını,
Bir an dayanmaya belə qıçları.
QIVRILAN YOL
Mən yoruldum, gözün aydın,
Bu sən, bu verdiyin ürək.
Artıq tanrının əlindən,
Heç iş belə gəlməyəcək.
Kim deyir ki, ömür boyu,
Yora bilməz yollar məni!
Fəsillər aldadır bizi,
Təqvimlər oynadır səni.
Birisi köçürtdü səni,
O fəsildən bu fəsilə.
Yuxu da görməzdim belə,
Ayağım səndən kəsilə.
Mən yoruldum, gözün aydın,
Dönürəm, bu imza, bu qol.
Sonunda zəhrini tökdü,
İlan kimi qıvrılan yol…
QADIN
Harada quyulanarsa;
Oyaq gözlərlə baxar qadın!
Üfürər tanrı, gözlərindəki torpağı,
Gömülməz!
Yeddi can var köksündə
Çıxmaz,
Canı can doğurar, bitməz!
Mətbəxdəki duz qabında mumyaya dönər
Tablolarında gül pənbə rəngi görünər
Getməz!
Yaşarmış gözlərində,
Cavanlaşar şəhər.
Süpürər yanağını
Quyulanar, quyulanar.
Doldurar ancaq
Erkəklərin çanağını
Gözlərindən
Göyərçinlər uçar öföqə sarı.
Qartal qanadlarını gizlədərək “dikdabanlarında”
Sərçələri qonaqlamağa çırmalanar dik-dik
Atlanar… Atlanar…
Sığalsızkən saçları
Dördnala çapar əzik-əzik
Yol!
Özündə başlayıb, özündə bitər
İki ayaq yeriyər onda, görməzsən!
İki ayaq uzaqlaşar səndə, bilməzsən!
Sevgi,
Malikanəsidir qadının!
Səsi qapı səsi,
Gülüşü pəncərə
Hazır ol!
İşkilləməsin dodağını qadın!...
URMU
O qədər dedilər: “Dənizdir, dəniz”,
Deyirəm bəs sənə göz dəydi, Urmu!
Dərdi təzələsəm hənizdi həniz,
Bilirəm yarana duz dəydi, Urmu.
Al bu göz yaşları Təbrizdən gəlir,
Qıymasan üzünə baxmaram, Urmu!
Biz ana torpağın övladlarıyıq,
Gərəkdir paylaşaq çətin durumu.
Gördün babaların sözü düz çıxdı,
Dedilər: “İçindən yeyilər ağac”.
Duz yeyib duzqabı sındıran oldu,
Daraşdı üstünə hər ac yalavac.
Pisliyi pis etmək ayıbdır, ayıb,
Əti dırnağından ayırmazlar ki?!
Döyüşdə arxadan vurana lənət,
Əsgəri qurşunla doyurmazlar ki?!
Dərdi təzələsəm hənizdi, həniz,
Nə bilim, bəlkə də bir zaman oldu.
İndi duzlağında oynayan uşaq,
Gələcək günlərə Səttarxan oldu!
GİZLİNPAÇ
Səni başqasıyla gördüyüm anda,
Özümdən sabaha yol yerimişdim.
O qədər yerinə utanmışdım ki,
Səhər açılınca lap ərimişdim.
Toxundu saçıma süpürgəçimiz,
Vitrində matışka güldü üzümə.
Biraz buraxılmış siqar qutusu,
Biraz da qəhqəhə dəydi gözümə!
Səni başqasıyla görməyə nə var?
Hər zaman deyəndə: “Alma”, gəlmişəm.
Biraz gecənizdən heyva tökülüb,
Heyva yəni gəlmə, özüm gəlmişəm.
Səni başqasıyla görmək də olur,
Bu da ki, bir tordur, bu da bir biçim.
Mən gərək zamanın durduğu yerdə,
Bu kefli nağıldan adlayıb keçim.
Səni başqasıyla görmək də gözəl,
Dağ kimi səsimi qaytarır odam.
Ömür var sevərəm məni buraxsan,
Bir yerdən başlayıb gərək unudam…
Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)