
Super User
Yakut mətbəxindən dadlı bir balıq yeməyi - Stroqanina
Rubrikanı Saxa-Yakutiya səfərinin mətbəx təəssüratlarını sizlərlə bölüşmək istəyən əçəkdaşımız Aida Eyvazlı aparır.
Şənbə süfrənizi bir qədər fərqli etmək istərdinizmi?
Yakutların ən dadlı balıq yeməklərindən biri Stroqaninadır.
Stroqanina Arktikada - Şimal dənizlərində və şirin sulu çaylarda üzən ziyad, çir və muksun adlı balıq növündən hazırlanır. Yakutlar bütün il boyu balıq məhsullarından istifadə edirlər. Balığı bir qayda olaraq qurudulmuş, hisə verilmiş, konservləşdirilmiş, qızardılmış və çiy halda yeyirlər.
Bəhs etdiyim yeməyin hazırlanma qaydası 4 əsrdən də əvvələ gedib çıxır. Rusiyalılar bu torpaqlara gəlib çıxdıqdan sonra, stroqanina yeməyinə “struqanina” deyirmişlər.
Yakutlarda balığın ovlanma və yeyilmə qaydası çox fərqlidir.
Stroqanina üçün balığın kütləvi ovuna şaxtalı qış günlərində, dekabrın 20-dən sonra başlanılır. Çünki belə havalarda şaxta – 40 dərəcədən aşağı olur. Balığı ovlamaq üçün çaylarda və göl hövzələrində xüsusi ov mərasimi qurulur. Buzun üstündən bir neçə kilometrlik sahədə dəliklər açılır. Bu dəliklər vasitəsilə balığı tutacaq tor buzun altındakı gölə, dənizə və ya çaya salınır. Balıqlar tilova və ya tora düşən kimi, onu xüsusi texnologiya ilə buzun altından çıxarırlar. -40 dərəcədən aşağı -50-60 dərəcəlik şaxtada balıq 5-10 dəqiqə ərzində donur. Və bundan sonra balığı açıq havada saxlayırlar.
Stoqanina üçün xüsusi təzə balıqlar seçilir. Təzə tutulmuş məhsul olmasını isə onun gözlərindən bilirlər. Təzə tutularaq dondurulmuş balığın gözləri şəffaf və işıltılı olur.
Belə balığı yayda buz dolablarında saxlayırlar, qışda isə buz dolabı olmadan da , balıqlar şaxta vurmuş halında qalırlar. Belə balıqlara el arasında “yerli balıqlar” deyirlər. Və onların yağlılığı da yüksək olur. Stroqaninanı çiy halda yeyirlər. Belə ki, əvvəlcə balığın dərisi soyulur, quyruğu və yelpicləri kəsilir. Sonra isə 3-4 mm qalınlığında lay-lay uzununa doğranır. Uzununa doğranmış layları xırda hissələrlə boşqablara düzür, üzərinə xırda doğranmış soğan, duz və qara istiot səpilir.
Stroqanina yeməyi çox dadlıdır. Onu yeyən bir daha yemək istər!
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(24.12.2022)
“Qarabağ xalçaları” biblioqrafiyası
Mədəniyyət Nazirliyinin dəstəyi ilə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının Ölkəşünaslıq və milli ədəbiyyatın təbliği şöbəsi tərəfindən “Qarabağ xalçaları” adlı tövsiyə biblioqrafiyası hazırlanaraq virtual istifadəçilərə təqdim edilib.
Bu biblioqrafik göstəricidə kitablarda, məcmuə və dövri mətbuat səhifələrində dərc olunmuş materiallar öz əksini tapıb. Vəsaitdə ədəbiyyat xronoloji prinsip əsasında, daxildə isə əlifba sırasına uyğun olaraq qruplaşdırılıb. Və burada görkəmli şəxsiyyətlərin Azərbaycan xalçaları haqqında fikirləri qeyd olunub.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş “Qarabağ xalçaları” adlı tövsiyə biblioqrafiyası ilə https://clb.az/biblioqrafik-xidmət/milli-edebiyyat/tovsiye-biblioqrafiyasi/qarabag-xacalari linkindən tanış olmaq olar.
“Ədəbiyyat və incəsənət”
(24.12.2022)
Bu gün ASAN Radio 7 yaşını qeyd edir
Azərbaycanın ən çox dinlənilən radiosu hansıdır? Müxtəlif fikirlər səslənər, ancaq ən çox yəqin ASAN kəlmələrini eşidərik.
ASAN Radio 7 yaşını qeyd edir!
Prezident İlham Əliyevin tapşırığı ilə yaradılan radio 2015-ci il 24 dekabrda yayıma başlayıb. O gündən bəri radionun dalğalarında gözəl musiqilərlə yanaşı, həm də tariximiz, mədəniyyətimiz və görkəmli şəxsiyyətlərimiz barədə maraqlı verilişlər və xəbərlər dinləyicilərin könlünü oxşayır.
ASAN Radio fəaliyyətində jurnalistikanın əsas prinsipləri olan dəqiqliyə, operativliyə üstünlük verir. Milli və ictimai maraqların qorunmasına, vətəndaş hüquqları, həmrəylik, demokratiya, bərabər imkanlar ilə bağlı məsələlərə həssas yanaşılır.
ASAN Radioda xəbər və şərh fərqləndirilir, mənbə aydın təqdim olunur, jurnalist öz şərhində peşə davranış qaydalarından və jurnalistikanın təməl prinsiplərindən kənara çıxmır.
Elə buna görə də yarandığı gündən dinləyici sevgisi qazanan ASAN Radionun yaradıcı kollektivini təbrik etməyə dəyər.
“Ədəbiyyat və incəsənət”
(24.12.2022)
Məşhur reper Big Scarr-ın meyiti tapılıb
Big Scarr təxəllüsü ilə tanınan amerikalı müğənni-reper Aleksandr Vuds 23 yaşında vəfat edib. Onun meyidi yaşadığı mənzildən cümə gününün ilk saatlarında tapılıb.
Bu barədə cümə günü hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən Amerika mediası məlumat yayılıb.
“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, ifaçının ölümü ilə bağlı müvafiq araşdırmalara başlanılıb. Eyni zamanda, mənbələr qətl əlamətlərinin olmadığını qeyd ediblər. Amma əsas ehtimal narkotik dozasının artıqlığı ehtimal olunur.
Xatırladaq ki, reper amerikalı sənətçi Offset ilə əməkdaşlıq edib. 2021-ci ildə onun "Big Grim Reaper"adlı debüt miksteypi "Billboard" çartında ilk 25-liyə daxil olub.
“Ədəbiyyat və incəsənət”
(24.12.2022)
Euronews 2022-ci iIin 20 ən yaxşı fotosunu müəyyənləşdirib
Budur, artıq yekun çıxarmaq zamanı gəlib. Nüfuzlu Euronews yola saldığımız 2022-ci ilin ən yaxşı fotolarını müəyyənləşdirib. Burada Rusiyanın Ukraynaya təcavüzündən tutmuş İrandakı antihökümət yürüşlərinə, Tur de Frans yarışmalarınadək hər şey var. Yola saldığımız il hadisələr baxımından o qədər zəngin olub ki, fotoqraflar fotokameralarını futlyara salmağa macal tapmayıblar.
Həmin fotoları ardıcıllıqla “Ədəbiyyat və incəsənət” portalı oxucularına təqdim edirik.
Buanes-Ayresdəki hökumətəleyhinə nümayişdən görüntü. Bir nümayiş iştirakçısının əli çətirli qara tüstü dumanındakı görüntüsü.
Foto: Rodrigo Abd/AP
“Ədəbiyyat və incəsənət”
(24.12.2022)
Günün fotosu: Parisdə gülləbaran
Günün fotosu: Parisdə gülləbaran
Dekabrın 23-də Parisin 10-cu dairəsində 69 yaşlı kişi Kürd Mədəniyyət Mərkəzinin yaxınlığında insanları gülləbaran etmişdir. 3 nəfər ölmüş, 3-ü ağır yaralanmışdır.
Foto: Euronews
“Ədəbiyyat və incəsənət”
(24.12.2022)
AzərTAC-ın fotomüxbiri İlqar Cəfərov Beynəlxalq Foto Sənəti Federasiyasının fəxri adına layiq görülüb
Beynəlxalq Foto Sənəti Federasiyasının (FIAP) Direktorlar Şurasının yekdil qərarı və Artistik Komissiyasının səs çoxluğu ilə AzərTAC-ın fotomüxbiri İlqar Cəfərov «Excellence FIAP Gold» fəxri adına layiq görülüb. Bu barədə AzərTAC xəbər yayıb.
Xəbərdə deyilir ki, bu rütbəyə layiq görülən hər fotoqrafın azı 150 bədii işi dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq sərgilərdə 500 dəfədən çox nümayiş etdirilmiş olmalıdır. Bu halda həmin işlərin müəyyən hissəsinin qazandığı mükafatlar da nəzərə alınır.
Qeyd etmək lazımdır ki, FIAP-ın mövcud olduğu 70 ildən artıq müddətdə (1950-ci ildən indiyə qədər) postsovet məkanında bu rütbəyə layiq görülmüş 3 fotoqrafdan biri Qazaxıstanı, ikisi Rusiyanı təmsil edir.
“Ədəbiyyat və incəsənət”
(24.12.2022)
Xalq artisti Fərhad Bədəlbəylinin 75 illiyi şərəfinə
Bu saatlarda Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəylinin 75 illiyinə həsr olunmuş yubiley gecəsi yekunlaşıb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Sözügedən tədbirdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, tanınmış mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiətində dirijor, Əməkdar artist Fuad İbrahimov, solistlər Xalq artistləri Fərhad Bədəlbəyli və Murad Adıgözəlzadənin çıxışları ilə konsert proqramı təqdim olunub.
Qeyd edək ki, görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin ailəsində anadan olan Fərhad Bədəlbəyli 1965–1969-cu illərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (professor M.R.Brennerin sinfində), 1969–1971-ci illərdə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının aspiranturasında (dosent B. Davidoviçin sinfində) təhsil alıb.
Azərbaycan musiqi sənətinin görkəmli nümayəndələri sırasında Fərhad Bədəlbəylinin layiqli yeri var. O, müasir Azərbaycan musiqi sənətini, milli ifaçılıq məktəbini zənginləşdirən, onun ənənələrini davam etdirən dəyərli sənətçilərdəndir. Dünyanın ən nüfuzlu konsert salonlarındakı çıxışları Fərhad Bədəlbəylini geniş auditoriyaya tanıdıb və sevdirə bilib. Görkəmli sənətkarlarımızın fortepiano ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan F.Bədəlbəyli, eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli ifaçılıq sənətimizi daha da inkişaf etdirib. Hazırda F.Bədəlbəyli fəal konsert yaradıcılığı ilə məşğuldur. O, mütəmadi olaraq dünyanın bir çox ölkələrinə qastrol səfərləri edir.
F.Bədəlbəyli, eyni zamanda, 1986–1989-cu illərdə Azərbaycan Musiqi Cəmiyyətinin idarə heyəti sədrinin I müavini olub. Onun təşəbbüsü ilə 1987–1996-cı illərdə rəhbəri olduğu Bakı İncəsənət Mərkəzi və hazırda sədri olduğu Azərbaycan Musiqi Xadimləri Cəmiyyəti yaradılıb. Fərhad Bədəlbəyli 1991-ci ildən Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektorudur.
Tədbir barədə daha geniş növbəti buraxılışlarımızda.
“Ədəbiyyat və incəsənət”
(23.12.2022)
5 olmasın 3 olsun
Ölkəmizdə 3 ulduzlu otellərin sayı artır
“Pandemiyadan ən çox zərər çəkən sektorlardan biri də turizm sahəsidir. Sözsüz ki, dünyadakı siyasi və iqtisadi problemlər də bu sektorun inkişafına təsir göstərir. Otellər iqtisadi cəhətdən dəymiş zərəri il ərzində bərpa etməyə çalışıblar. Əgər belə tendensiya davam edərsə, gələn il üçün böyük inkişaf gözlənilir.
Cari ildə keyfiyyətli və zövqlü otellər açılıb, ulduz təsnifatı ilə bağlı işlər görülüb. Artıq ölkəmizdə 3 ulduzlu otellərin sayı artmağa başlayıb. Gələcəkdə daha çox otelin ulduz təsnifatından keçməsi nəzərdə tutulub.”
Sitatı Azərbaycan Hotellər Assosiasiyasının baş icraçı direktoru Günay Sağlamdan gətirdik.
“Ədəbiyyat və incəsənət”
(24.12.2022)
Tanrımla gəzirdik o gecə biz küçənizdə - güneyli şair Dərviş Təbrizlinin şeirləri
Portalımızın Güneydən gələn səslər rubrikasında Güney Azərbaycan təmsilçimiz Əli Çağla sizləri Dərviş Təbrizlinin şeirləri ilə tanış edir.
Dərviş Təbrizli
Dərviş Təbrizli təxəllüsü ilə tanınan Məhəmməd Cavadi 1992-ci ildə Təbriz şəhərində anadan olubdur. 2007-ci ildən türkcə şeir və ədəbiyyat sahəsində çalışır. İndiyə kimi 3 kitabı ışıq üzü görübdür. 10 kitabdan artıq roman kitabını azərbaycan əski əlifbasına köçürübdür. Bir ildən artıqdır ki, pyes və ssenari yazmağa üz gətiribdir. Azərbaycanın böyük sənətkarı Cəfər Cabbarlının pyes yazılarını köçürüb və çapa hazırlayıbdır. İndi isə təbriz şəhərində gülüş tamaşasının səhnəyə çıxmasının, yazarı və baş yazarıdır.
GƏLMƏZ
Getmək zamanı gəldi, gedək durmağa gəlməz,
Dil susmalıdır, yox, daha söz sormağa gəlməz.
Döz, göz-gözə bir yolda doyunca baxa gözlər,
Həsrətlə çiyinlərdə boyun burmağa gəlməz.
Məndən sənə qoy bircə nişan qalsın əlində,
Qaytarma, o halqa daha heç barmağa gəlməz.
Boş sözlərə uydun sən özün, neynəsin özgə?
Təqsiri rəqibin nədi, yox vurmağa gəlməz!..
Yüz min dərəcə sifrdən azdır bu baxışlar,
Od sözlər ilə ağzımı yandırmağa gəlməz.
Əlcəkdə də əllər üşüyür, əl üz əlimdən,
Bum-buzdur əlin, əlləri dondurmağa gəlməz.
Dərviş, bu qədər eyləmə nisgil, sözü qurtar,
Hər bir gəlişin getməyi var, yormağa gəlməz.
SORUŞ
Şəklini fərş üstə doğrutdum, piçaqlardan soruş,
Saçlarınla, gözlərin rəngi boyaqlardan soruş.
İlmək-ilmək, arşın-arşın nazladım boyluqları,
Get ipəklərdən soruş, baş vur yumaqlardan soruş.
Tıqqa-tıqlar bu saatda taqqa-taqdır beynimə,
Qışqırır sənsizliyi bom-boş otaqlardan soruş.
Bu qoca şəhri ayaqdan saldım, axtardım səni,
İzlərim yorğundu, qoy yatsın, ayaqlardan soruş.
Sən gedən gündən məni görcək pıçıldar qonşular,
Halımı pıç-pıçların içrə qulaqlardan soruş.
Yaslıyam, sənsiz verir can bu yarım, can yastığım,
Gözlərimdə gizlənən sızğın bulaqlardan soruş.
Eşqi biz döndərmişik indi ögeylik eşqinə,
Gəl yaxınlaşdır, açım bir söz qabaqlardan soruş.
Mən özümdən də uzaqlaşdım, yetişdim tanrıya,
Bir günü tutsan soraq, məndən uzaqlardan soruş.
Çiyninə Dərviş çəkib illərdi sənsizlik yükün,
Qoy uyan uysun, ürək dərdin oyaqlardan soruş.
KÜÇƏNİZDƏ
Gördüm səni mən ilk dəfə öz küçənizdə,
Dil tutmadı heç bir yol atam söz küçənizdə.
Salxımla bitib gözlərim üstündə məhəbbət,
Gəl, əl uzadıb bircəsini üz küçənizdə.
Göstərmə gözəl gözlərini hər kəsə, vallah,
Çox qorxuram axir vuralar göz küçənizdə.
Min gənc o qara gözlərinin bəndinə düşmüş,
Çək zəncirə bir-bir hamısın düz, küçənizdə.
Sal sevgi odun könlümə bağrım başı yansın,
Bu sevgidən arzumdur olam köz küçənizdə.
Axşamdan inan sübhəcə səndən danışırdıq,
Tanrımla gəzirdik o gecə biz küçənizdə.
Təbriz dolusu sevgi gətirdim qucağımda,
Tökdüm, qapızda qoy qala təbriz, küçənizdə.
Tək qoyma, amandır, ürəyi incə bu Dərviş,
Addım ata bilməz daha sənsiz küçənizdə
YAĞIŞ ALTDA
Mən könlümü bir gün sənə satdım yağış altda,
Sandım ki, yatan baxtı oyatdım yağış altda.
Ağzımda susan dil səni görcək işə düşdü,
Ağzım dolu bir dəfə söz atdım yağış altda.
Güldün mənə, bir kəlmə danışcaq geri döndün,
Saldım üzümə azca yubaltdım yağış altda.
Gəzdik təpədən-dırnağa ıslandıq o axşam,
Sən hey sözü kəsdin, mən uzaltdım yağış altda.
Addımlarılan Təbrizi başdan-başa ölçdük,
Öpdüm səni atdıqca hər addım yağış altda.
Addım başı könlüm qəzəl istərdi gözündən,
Bilməm ki, nələr onda yaratdım yağış altda?
Düşdü araya ayrılıq, əl-əldən üzüldü,
Səndən ürək axirdə qopartdım yağış altda.
Minlərcə qəzəl lal qalıb ağzımda o gündən,
Sənsiz bu gün ağzım dolu yatdım yağış altda.
Dərviş, o yalan sevgini bir buxçaya yığdım,
Getdim görüşən yerdə boşaltdım yağış altda.
Qeyd: Şeirlərin orfoqrafiyasına toxunulmamışdır
“Ədəbiyyat və incəsənət”
(24.12.2022)