
Super User
Ona operettaları xüsusilə geniş şöhrət qazandırmışdı
Rauf Hacıyevin xatirəsinə həsr olunmuş elmi-yaradıcı diskussiya barədə qeydlər
Mədəniyyət Nazirliyi bu dəfə fərqli bir tədbirlə gündəmə gəldi: elmi-yaradıcı diskussiya ilə. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Rauf Hacıyev – 100” adlı musiqi festivalı çərçivəsində görkəmli bəstəkar, tanınmış ictimai xadim, Xalq artisti Rauf Hacıyevin xatirəsinə həsr edilmiş elmi-yaradıcı diskussiya əsl müzakirələrə yol açdı. Amma bu müzakirələrdə Rauf Hacıyevin ümimən yaradıcılığı deyil, onun fəth etdiyi zirvələr söz konusu oldu.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, öncə muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova bəstəkarın həyat və yaradıcılığından bəhs etdi. O, Rauf Hacıyevin rəngarəng yaradıcılıq palitrasına malik sənətkar kimi Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutduğunu vurğulayaraq söylədi: “Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən Rauf Hacıyevə uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb. Onun milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olaraq, Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb. Onun sənətinin yüksək bədii keyfiyyətləri həmçinin kinofilmlər və teatr tamaşaları üçün bəstələdiyi musiqi lövhələrində aydın təzahürünü tapıb. Rauf Hacıyev eyni zamanda respublikanın mədəni həyatında yaxından iştirak edərək, səmərəli ictimai fəaliyyəti ilə tanınıb”.
Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin böyük məsləhətçisi, musiqişünas Turan Məmmədəliyeva Rauf Hacıyevin musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri haqqında danışdı. Musiqişünas və jurnalist Raya Abbasova musiqiçinin yaradıcılıq sirlərindən, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Rzayeva özünəməxsusluğundan, saksofon ifaçısı, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə isə Rauf Hacıyev haqqında xatirələrindən danışdı. Çıxışlar muzeyin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olundu.
Tədbirə Niderlanddan onlayn qoşulmuş musiqişünas, jurnalist Natavan Hüseynova Rauf Hacıyevin yaradıcılığından söhbət açaraq, eyni zamanda “Azərbaycanda caz” adlı kitabının təqdimatını etdi. Həmin kitab Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə olundu.
Tədbirdə həmçinin Rauf Hacıyevin ailə üzvləri də iştirak edirdilər. Lap sonda yaradıcılıq gecəsinə Finlandiyadan onlayn qoşulmuş Natella Rauf qızı Hacıyeva ailəsi adından atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə təşkilatçılara təşəkkürünü bildirdi.
“Ədəbiyyat və incəsənət”
(26.12.2022)
Dini radikalizmə yol vermək olmaz
“Bu gün cəmiyyətimizdə dünyəvilik prinsipinin və multikultural dəyərlərin xüsusilə dindarlar, dini konfessiyalar arasında təbliğ edilməsinə böyük ehtiyac var.
Təəssüf ki, bəzi hallarda, xüsusilə də müəyyən dini qruplar daxilində dünyəvilik prinsiplərinə qarşı müəyyən fikirlər səsləndirilir. Bu prinsipi məqsədli şəkildə bəzi şəriət qanunları ilə üz-üzə qoyulmağa çalışırlar. Lakin bütün bu cəhdlərin hamısı uğursuzdur. Çünki dünyəvilik ölkəmizə kənardan ixrac edilməyib, xalqımızın özünün sahib olduğu dəyərlərdir.
Bu gün dünyada sürətli qloballaşma prosesi gedir. Bu cür sürətli qloballaşmaya baxmayaraq, insanların dini, milli, irqi xüsusiyyətləri arasındakı ziddiyyətlər məqsədli şəkildə qabardılır, müxtəlif dinlərin, məzhəblərin nümayəndələrini qarşı-qarşıya qoymağa çalışırlar.
Belə bir dünyada təbii ki, Azərbaycan tolerant, multikultural dəyərlərin təbliğatçısı kimi çıxış edir. Hesab edirik ki, bu tələblərin xaricdə təbliğatçısı olmaqla yanaşı, ölkə daxilində də həm təbliğatını, həm də təşviqini aparmağa böyük ehtiyac var”.
Sitat Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovdan gətirilib.
“Ədəbiyyat və incəsənət”
(26.12.2022)
“Bəyaz”ın al-əlvan çalarları
Xalq rəssamı Arif Əzizin 80 illik yubileyinə həsr olunmuş “Bəyaz” adlı sərgisi xoş ovqat yaratmaqdadır
Burda rəng palitrası o qədər müxtəlifdir ki, hətta bəzi rəng çalarlarını ilk dəfə görürmüş kimi onlara valeh olursan. Üçbucaq, dairə, kub və digər həndəsi fiqurların çarpazlaşmasından rəssamın uğurla yaratdığı mənzərələr əsl yenilikçilikdən xəbər verir. Bu yel dəyirmanıdır, bu köhnə Bakının dar-dolanbac küçəsidir, bu qadındır…
Bəziləri bu rəsmləri mozaika, bəziləri panno adlandırar, onlar qəribə, qəribə olduqları qədər də baxımlıdırlar. Rəsm dili iləsə onlar avanqard rəsmlər adlanır.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Müasir İncəsənət Muzeyində Xalq rəssamı, Dünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, professor, Əməkdar incəsənət xadimi Arif Əzizin 80 illik yubileyinə həsr olunmuş “Bəyaz” adlı sərgi açılıb. Sərgi Müasir İncəsənət Muzeyi, Mədəniyyət Nazirliyi, Media FM, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetin təşkilatçılığı ilə təşkil olunub.
Tədbirdə AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və başqaları çıxış edərək rəssamın həyat və fəaliyyətindən söz açıblar.
Diqqətə çatdırılıb ki, ötən əsrin 70-ci illərindən başlayaraq Arif Əziz dizayn, dekorativ-tətbiqi sənət, bədii tərtibat, kitab qrafikası, teatr dekorasiyası, moda, rəngkarlıq sahələrində çalışaraq, Azərbaycan incəsənətinin müasir vəziyyətinin formalaşmasına böyük təsir göstərib. İlk bədii təhsilini Bakıda Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində alıb, daha sonra isə Moskvada S.Q.Stroqanov adına Ali Bədii-Sənaye Məktəbində “Qrafik dizayn” ixtisası üzrə davam etdirib. Uzun yaradıcılıq yolu keçən Arif Əziz zəhməti və istedadı nəticəsində çox böyük uğurlara imza atıb. Bugünkü sərgi rəssamın keçdiyi yola nəzər salır və onun ötən illər ərzində yaratdığı bənzərsiz sənət əsərlərinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.
Uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olan Arif Əziz ötən illər ərzində yüzlərlə rəssam, dizayner, qrafik, xalçaçının yetişməsinə böyük əmək sərf edib.
Arif Əzizin Azərbaycan təsviri sənətində orijinal bir yol kəşf edərək öz üslubunu müəyyən etdiyini bildirən natiqlər onun yaradıcılığını Azərbaycan avanqard rəssamlığının son yarım əsrdəki ən aparıcı istiqamətlərindən biri kimi səciyyələndiriblər.
Vurğulanıb ki, Arif Əziz ağ rənglərlə təsviri sənətimizin bəyaz dünyasını yaradıb.
Azərbaycan “Dədə Qorqud” Milli Fondunun prezidenti, “Azərbaycan dünyası” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov Arif Əzizə “Dədə Qorqud” mükafatını təqdim edib.
Xalq rəssamı Arif Əziz çıxış edərək yaradıcılığına göstərilən diqqətə görə tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Sonda qonaqlar 2023-cü il yanvarın 24-dək davam edəcək sərgi ilə yaxından tanış olublar.
Və belə təəsaürat da var ki, düz bir ay ərzində hər gün Müasir İncəsənət Muzeyinin zalı tamaşaçılarla dolu olacaq.
Teatrın hərbi hissədə çıxışı təqdirəlayiqdir
Əvvəllər gözəl təcrübə var idi. Ansambllar, teatr truppaları əməkçilərlə, hərbiçilərlə görüşərdi. Nə xoş ki, bu gün bu ənənələri unutmayan kollektivlər hələ də var.
“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına istinadən xəbər verir ki, teatrın kollektivi “N” saylı hərbi hissəyə səfər edib.
Səfərdı əvvəlcə hərbi hissənin nümayəndəsi çıxış edərək qonaqları salamlayıb və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Naidə İsmayılzadə başda olmaqla, layihənin bütün iştirakçılarına hərbi hissə rəhbərliyinin Fəxri fərmanlarını təqdim edib.
Teatrın truppa müdiri Ələsgər Muradxanlı isə belə görüşlərin əhəmiyyətindən danışaraq, hər kəsi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
Teatrın aktyorları milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim M.F.Axundzadənin eyniadlı komediyası əsasında hazırlanmış “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşasını nümayiş etdiriblər.
Qeyd edək ki, Mirzə Fətəli Axundzadənin bu məşhur komediyası əslində ictimai-sosial şəraitin yaratdığı ciddi insani münasibətlərdən, düşüncə fərqliliyi ilə yaranan anlaşılmazlıq nəticəsində onların qarşı-qarşıya durmasından bəhs edir. Görkəmli dramaturq oyun içində oyun quraraq, ictimai mühitin güzgüsünə çevrilən komik nüanslarla zəngin gözəl bir əsəri töhfə kimi bizə bağışlayıb.
Tamaşada rolları Əməkdar artistlər Leyli Vəliyeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Nofəl Vəliyev, aktyorlar Kərəm Hadızadə, Asya Atakişiyeva, Nuranə Hüseynova, Natiq Fərzəliyev və Müşfiq Əliyev ifa ediblər.
Aktyorların çıxışları şəxsi heyət tərəfindən böyük rəğbət və alqışlarla qarşılanıb.
Yeni görüşlər diləyi ilə aktyorlar hərbi hissəni tərk ediblər.
“Ədəbiyyat və incəsənət”
(26.12.2022)
Sumqayıtda Kitab Sərgisi keçirilib
Sumqayıtda, “Kimyaçılar” sarayında dekabrın 23-də açılışı olan kitab sərgisi uğurla başa çatıb. Sumqayıt Kitab Sərgisi Azərbaycan Nəşriyyatları Assosiasiyası, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Sumqayıt şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyilə baş tutub.
“Ədəbiyyat və incəsənət” portalına sərginin Təşkilat Komitəsindən daxil olan məlumata görə, ötən il birincisi keçirilən sərgi oxucular tərəfindən rəğbətlə qarşılanmışdı, ikinci sərgi isə daha möhtəşəm proqram və çoxçeşidli kitablarla oxuculara təqdim olunub. Sərgi ölkənin 30-dan artıq tanınmış nəşriyyatı və 10-dan çox kitab evinin iştirakı ilə baş tutub, 90 %-dək endirimlər tətbiq olunub.
Kitab bayramında tanınmış ədiblərin iştirakı ilə təqdimatlar, imza mərasimləri, konsert proqramları, şeir gecələri, uşaqlar üçün nağıl saatları və master-klasslar keçirilib.
Müxtəlif personajlarla şəkil çəkdirmək imkanı, fotozonalar, sadəcə uşaqlar üçün nəzərdə tutulmuş "kids zone"da mütəmadi və əyləncəli fəaliyyətlərlə bu sərgi daha möhtəşəm olub.
İlin son kitab bayramına şahidlik edən sumqayıtlılar sərgidən çox məmnun qalıblar.
“Ədəbiyyat və incəsənət”
(26.12.2022)
Qənirə Paşayeva “Atabəylər” filminin yaradıcı heyəti ilə görüşüb
Millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycanda ilk dəfə çəkiləcək çoxseriyalı tarixi-bədii televiziya filmi “Atabəylər”in yaradıcı heyətinin Azərbaycandan və Türkiyədən olan bir qrup üzvü ilə görüşüb.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Milli Məclisdə baş tutan görüşdə layihə rəhbəri Sərvər Bayramov, filmin ssenari qrupunun rəhbəri, yazıçı Varis, filmin baş prodüsseri Əlibala Məhərrəmzadə, baş rejissor Aytac Sakal, rejissor assisenti Sədat Kahraman, filmin inzibatçısı İdris Barlas Türkmənoğlu və quruluşçu rəssamı Zəfər Malkoç iştirak edib.
Yaradıcı heyət görülmüş işlər və planlar barədə Komitə sədrinə ətraflı bilgi verib.
Q.Paşayeva öz növbəsində ürək sözləri bölüşüb, yaradıcı heyətə sənət uğurları diləyib.
O, AzTV-də yayımlanacaq serialın çox məqsədəuyğun bir yaradıcılıq hadisəsi olacağını, ideyası, mövzusu, ölkəmizin kino təsərrüfatına qazandıracağı yeniliklər baxımından dəyərli bir iş olacağını söyləyib. Qardaş Türkiyədə tarixi mövzularda çox uğurlu filmlər çəkildiyini deyən Q.Paşayeva, “Atabəylər”in çəkilişlərində qardaş ölkə sənətçilərinin, mədəniyyət işçiləri və sənət xadimlərinin iştirakından məmnun olduğunu deyib.
“Atabəylər”in ölkəmizdə bir ilk olduğunu, inşallah son olmayacağına və layihənin uğurlu alınacağına inamını ifadə edən Q.Paşayeva filmin Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə çəkilməsini təqdirəlayiq hal kimi xarakterizə edib.
Film-layihədə Azərbaycan Atabəylər dövlətinin qurucusu Şəmsəddin Eldəniz, Möminə Xatun, Məhəmməd Cahan Pəhləvan, Qızıl Arslan, Nizami Gəncəvi, Memar Əcəmi Naxçıvani, Qara Sunqur, Sultan Səncər, Məhsəti Gəncəvi, Vəzir Kəmaülmülk və b. şəxsiyyətlərin obrazlarının təqdim olunmasını yeniyetmə və gənc nəslin öz tarixi, soy-kökü haqqında dolğun təsəvvürlərə yiyələnməsi baxımından əvəzsiz hadisə olacağını söyləyib.
O vurğulayıb ki, Azərbaycanın böyük atabəyi, İraq Səlcuq Sultanlığının sərkərdəsi, Səlcuqlu şahzadəsi və sonradan Sultanı olan Arslan şahın atabəyi Şəmsəddin Eldənizin başçılığı ilə XII yüzildə Azərbaycan coğrafiyasında qazanılmış hərbi-siyasi uğurların çağdaş və gələcək nəsillərə çatdırılması üçün ekrana daşınması çox əlamətdar hadisə olacaqdır. – “Bu məzmunun heç şübhəsiz regional konteksti vardır”.
Zəngin tariximizin ən şərəfli dönəmlərindən olan XII-XIII yüzilliklərə üz tutulmasının önəmini özəlliklə vurğulayan Komitə sədri, çağdaş dönəmlə analogiya aparıb. 44 günlük müharibədə Müzəffər Ali Baş Komandan, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfərin ölkə vətəndaşlarında, Dünya azərbaycanlılarında, bütün Türk dünyasında necə böyük ruh yüksəkliyi yaratdığını, qürur qaynağı olduğunu bildirən Q.Paşayeva, tarixi həqiqətlərə bələd olan gəncliyin gələcəyə daha mətin, sarsılmaz güvənlə gedəcəyinə inamını bildirib:
“Siz vurğuladız ki, çoxseriyalı tarixi bədii televiziya filmində Azərbaycan Atabəylərinin qurduğu dövlətin nəhəng ərazilərə malik olmasına, sınırlarına diqqət çəkiləcək, bununla, həmin dönəmin hərbi-siyasi gerçəklikləri ilə yanaşı, elmi-mədəni sahələri, konkret tarixi simaları canlandırılacaq. – Bu yanaşmanın özü də işinizin uğurlu olacağını vəd edir.
Orta yüzilliklərin danışıq dili, o dönəmin üslubu, ədəbi mühiti, sosial-mədəni yaşamı barədə ciddi araşdırmalar aparıldığını bilmək xoşdur. Ssenari qrupunuzun altı yüz min sözlük tarixi qaynaqlara müraciət etməsi, o dönəmdə yaşayıb-yaratmış ozanlar, söz-sənət yığıncaqları haqqında bəlgələr toplaması işin miqyasını, yanaşmanızdakı dərinliyi və üfüqügenişliyi ifadə edir.
Əlbəttə, AMEA-nın Tarix İnstitutunun mütəxəssislərindən ibarət işçi qrupla əməkdaşlığınız mövzuya məsuliyyətlə, həssaslıqla yanaşmağınızın bir göstəricisidir: qonşu dövlətlərlə münasibət faktoru, tarixi faktların dəqiqliyi, güvənli qaynaqların gün üzünə çıxarılması çox önəmlidir. Bir daha uğur diləyirəm”!
Q.Paşayeva “Atabəylər”in yaradıcı heyətinə xatirə hədiyyələri bağışlayıb.
“Atabəylər”in yaradıcı heyəti səmimi görüş və faydalı fikir mübadiləsi üçün Komitə sədrinə təşəkkür edib.
Ədəbiyyat və incəsənət”
(26.12.2022)
Yunus Oğuzun “Cığır” romanı Ankarada təqdim edilib
Ankarada azərbaycanlı yazıçı Yunus Oğuzun Anadolu türkcəsində işıq üzü görən “Cığır” romanının təqdimatı keçirilib.
Türkiyə Elm və Ədəbiyyat Əsərləri Müəlliflərinin Məslək Birliyi (İLESAM) təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində qardaş ölkədən və Azərbaycandan tanınmış ədəbiyyatçılar, nüfuzlu ziyalılar iştirak ediblər. İLESAM yayınlarında nəşr olunmuş kitab barədə İLESAM başqanı Mehmet Nuri Barmaksız, AYB-nin mətbuat katibi Xəyal Rza xoş sözlər söyləyiblər.
Yunus Oğuzun “Ədəbiyyat və incəsənət” portalına verdiyi açıqlamaya görə, çıxış edənlər “Cığır” romanında Şuşanın 270 il əvvəl qurulmağa başladığı vaxtdan 8 noyabr 2020-ci ildə Azərbaycan Ordusu tərəfindən düşməndən azad edildiyi günə qədərki tarixinin ən önəmli hadisələrinin öz əksini tapdığını bildiriblər.
Qeyd ediblər ki, əsər Azərbaycanın 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərinin ədəbi dillə təbliği istiqamətində mühüm addımdır.
Xatırladaq ki, “Cığır” romanının Azərbaycanın az qala bütün bölgələrində təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət”
(26.12.2022)
Sabah son “Sirli sandıq” olacaq
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş uşaqlar üçün "Sirli sandıq" adlı konsert proqramı nümayiş olunmaqdadır.
Konsertdə filarmoniyanın nəzdində fəaliyyət göstərən "Yuvam" musiqili uşaq teatrı, "Sədəf" xalq çalğı alətləri ansamblı, "Şəms" uşaq xoru, vokal sinfi və müxtəlif yaş qruplarından ibarət rəqs kollektivi bir-birindən maraqlı, rəngarəng musiqili nömrələri ilə çıxış edirlər.
Proqram sabah yekunlaşacaq.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
“Ədəbiyyat və incəsənət”
(24.12.2022)
Pozitiv: On bir ayda xarici ticarət dövriyyəsi artıb
“Bu ilin yanvar-noyabr aylarında xarici ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 62,9 faiz artaraq 49,22 milyard dollar, ixrac isə 83,5 faiz artaraq 36,34 milyard dollar təşkil edib.
Artım xarici ticarət əlaqələrimizin daha da genişləndirilməsi və biznes əlaqələrinin təşviqi nəticəsində baş verib.”
Sitat iqtisadiyyat naziri Mikayıl Cabbarovdandır.
“Ədəbiyyat və incəsənət”
(24.12.2022)
Bu gün etiraz aksiyalarının 13-cü günüdür
Bu gün Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın on üçüncü günüdür.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-ın hadisə yerinə ezam olunmuş müxbirinin reportajını təqdim edir.
Aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, yataqlarda monitorinq aparılmasına icazə verilməsini gecədən səhər saatlarınadək tələb ediblər.
Onlar həmişəki kimi bu səhəri də Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıb, milli ifaların sədası altında şüarlar deyiblər. Gecə və səhər saatlarında təhlükəsizlik qaydalarına əməl olunub, ərazidə heç bir insident yaşanmayıb. Etirazçıların toplaşdığı yolda hərəkətin sərbəstliyi də təmin edilib. Yol humanitar məqsədlər üçün açıq qalıb.
Dünən Rusiya sülhməramlılarına məxsus 25 təchizat-təminat avtomobili günün müxtəlif vaxtlarında (18-i Laçından Xankəndi istiqamətində, 7-si isə əks istiqamətdə) ərazidən hər iki tərəfə maneəsiz keçib. Həmçinin bu gün səhər saatlarında Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus üç avtomobil aksiyanın təşkil olunduğu ərazidən Laçın istiqamətinə sərbəst keçib.
Aksiya iştirakçıları hər zamankı kimi, bu səhər də yüksək əhvali-ruhiyyədə olublar. Onların səhhətlərində ciddi problem müşahidə edilməyib. Şaxtalı hava aksiyanın gedişinə maneə yaratmayıb. Etirazçılar əzmkar görünürlər. Tələbləri dəyişməz olaraq qalır. Onların ən başlıca şüarı belədir: “Azərbaycan milləti qoruyacaq sərvəti”, “Azərbaycan oyaqdır, sərvətlərə dayaqdır”, “Ekoloji cinayətə son!”. Bununla yanaşı, fəallar öz etirazlarını digər şüarlarla da bildirirlər. Hazırda iştirakçılar gecə və səhər saatlarında ifa etdikləri “Şuşanın dağları başı dumanlı”, “Anadır arzulara hər zaman Qarabağ”, “Hay ver mənə, leytenant”, “Xudayar təsnifi”, “Azərbaycan oğluyam” mahnıları ilə aksiyanın ümumi mənzərəsini daha da canlandırıblar.
Havanın şaxtalı olmasına baxmayaraq, aksiyaya qoşulanların sayı da artır. Könüllü vətəndaşlar hazırda aksiyaya böyük dəstək verirlər. Dünən günün ikinci yarısında müxtəlif yaş kateqoriyasına aid 30-dək vətəndaş cəmiyyətinin üzvü aksiyaya qoşulub. Aksiya iştirakçılarının bildirdiyinə görə, paytaxtdan və regionlardan mənəvi dəstək göstərənlərin sayı gündən-günə artır. Onlardan bir çoxu aksiyaya qoşulmaq üçün cəhd edirlər. Bildiriblər ki, bu gün də aksiyaya dəstək üçün gələnlər olacaq. Etirazçılar məlum vəziyyətlə bağlı tələblərində israr edirlər. Onlar yeraltı sərvətlərin talan edilməsinin qarşısının alması üçün təxirəsalınmaz tədbirlərin görülməsinə dərhal şərait yaradılmasını istəyirlər. Azərbaycan ekoloji mühitinin mühafizəsini önəmli sayan fəallar beynəlxalq təşkilatları Ermənistana qarşı müvafiq tədbirlər görməyə çağırırlar. Onlar vurğulayırlar ki, aksiya beynəlxalq müqavilələrin tələblərinə uyğundur.
Müşahidələr onu göstərir ki, on üç gündür davam edən aksiya zamanı Azərbaycan tərəfi üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikləri sivil şəkildə yerinə yetirir və Ermənistandan da bu öhdəliklərə riayət olunmasını tələb edir. Qarşı tərəfdən fərqli olaraq, sülh gündəliyinin təşəbbüskarı olan Azərbaycan bölgədə gərginliyin artmasında maraqlı deyil. Azərbaycan öz ərazilərinin təhlükəsizliyini qanuni şəkildə təmin edir. Odur ki, aksiyaya görə Azərbaycana beynəlxalq miqyasda təzyiq göstərilməsi üçün heç bir əsas yoxdur.
Qeyd edək ki, dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Dekabrın 12-dən isə həmin ərazilərdə monitorinqlərin aparılması, qanunsuz istismarın dayandırılması məqsədilə Laçın-Xankəndi yolunda dinc şəkildə etiraz aksiyası keçirilir.
“Ədəbiyyat və incəsənət”
(24.12.2022)