
Super User
Sən səhərdə bir səhərsən…
Bu gün Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 92-ci ildönümü tamam olur
Azərbaycanın Xalq şairi, xalqının şairi, bütün varlığı ilə mənsub olduğu xalqa bağlı olan, onun azadlığı, istiqlalı naminə yorulmadan yazıb-yaradan qələm Nəriman Həsənzadə - hamımızın sevimlisi. Heç vaxt unudulmayacaq - Nəriman müəllim Azərbaycan xalqının dövlət müstəqilliyi uğrunda mübarizə apardığı illərdə Ali Sovetin deputatı kimi Müstəqillik Aktına qol çəkib. Və o, ictimai olduğu qədər də lirik şairdir. Elə bircə bu bəndi onu yüz minlərə sevdirməyibmi?
Sən səhərdə bir səhərsən,
Çiçək kimi təzə-tərsən.
Sonra birdən gecikərsən,
Sonra torpaq udar məni.
Bəli, bu gün müasir Azərbaycan poeziyasının, ümumən ədəbi-ictimai fikrinin görkəmli nümayəndələrindən olan Xalq şairi Nəriman Həsənzadənin anadan olmasının 92-ci ildönümü tamam olur.
Nəriman Həsənzadəni xoşbəxt qələm adamlarından hesab etmək olar. Ona görə ki, hər zaman həsrətlə gözlədiyi qələbə sevincini dadıb. O, tez-tez deyirdi ki, Qarabağ ürəyimizin yaralı yeridir. Ən böyük istəyim gedən quşların öz yuvalarına qayıtdığı kimi, Qarabağın qayıdışıdır. Artıq Xalq şairinin bu arzusu çin olub.
Nəriman Həsənzadənin yaradıcılığını araşdıran tədqiqatçılar, eləcə də ədəbi tənqid şairin əsərlərinin ən böyük məziyyəti kimi, ilk növbədə, məhz səmimiyyəti, həssaslığı qeyd etmişlər...
Onun əsərləri keçmiş SSRİ və bir çox xarici ölkə xalqlarının (ingilis, fransız, alman, fars, italyan, çex, hind, ərəb, xorvat və s.) dillərinə tərcümə olunub.
Nəriman Həsənzadə ötən əsrin 50-60-cı illərində yazdığı “Qız ürəyi”, “Hadi və Əsgər”, “Körpəylə söhbət”, “Biz bir ildə doğulduq”, “Qadın”, “Heybədə gəzən şeir” (“Sabir”), “Vətənsiz”, “Əsir uşaq”, “Şahid ol, Günəş”, “Nəriman”, 70-80-ci illərə aid “Həsrət”, “Zümrüd quşu”, “Rəsul Həmzətova məktub”, “Kimin sualı var?”, 90-cı illərdən etibarən qələmə aldığı “Şəhid atası Şərif qağaya məktub”, “Qafqaz”, “Cavid”, “Qarabağdan gələn var”, “Xarı bülbül”, “Bəyanat”, “Poylu - beşiyim mənim”, “Qaçaq Kərəm”, “Nuru Paşa”, “Nizami”, “Sözü tara verin” çoxlu sayda və müxtəlif həcmli poemalarının hamısında həm epos təhkiyə-intonasiyasına, həm hadisələrin dramatizminə, həm də xarakterik detal-məqamların ictimai-estetik interpretasiyasına əsaslanmaqla bir şair, bir tarixçi, bir filosof kimi çıxış edib.
“Nəriman” epik-dramatik poeması əsasında hazırlanmış “Bütün Şərq bilsin” tamaşasının uğurundan sonra Nəriman Həsənzadəyə ikinci uğuru “Atabəylər” qazandırıb. Sonra isə “Pompeyin Qafqaza yürüşü” mənzum pyesi tamaşaya qoyulub.
Mənim də həyatım sözdü, şeirdi,
Bir isti nəfəsəm, bir səsəm belə.
İnsana diləyim ancaq xeyirdi,
Şər gəlməz əlimdən, istəsəm belə.
Bəlkə də bu misraları Nəriman Həsənzadənin bütün yaradıcılığının epiqrafı adlandırmaq olar. Ustad ədibin bütün şeir və poemalarında bir axıcılıq, həzin lirizm var ki, bu emosionallıq müasir danışıq dilimizə bənzəyir və bəzən həmin əsərləri mütaliə edərkən elə bilirsən, şairlə şirin söhbətdəsən.
Nəriman Həsənzadə istedadlı şair olmaqla yanaşı, qələmini nəsrdə də sınayıb. Onun publisistikası milli-mənəvi dəyərləri, humanizmi, insan-cəmiyyət münasibətlərində halallığı, səmimiliyi, Azərbaycan xalqının milli müstəqilliyini müdafiə edən, güclü dövlətçilik təfəkkürünə malik vətənpərvər bir publisistikadır ki, Xalq şairinin, ictimai xadimin gərgin mübarizələrdən keçmiş şəxsiyyətinin, milli taleyinin bilavasitə ifadəsidir. Xüsusilə, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Mənim ədəbi taleyim” əsəri Azərbaycan ədəbiyyatında yazıçı publisistikasının ən gözəl örnəklərindən biridir.
Xalq şairi 34 bədii–poetik toplunun, “Tariximiz, taleyimiz” adlı irihəcmli elmi-ədəbi-tənqidi məqalələr kitabının müəllifidir. Şairin yeddicildlik “Seçilmiş əsərləri” kütləvi tirajla nəşr olunub. 100-dən artıq şeirinə musiqi bəstələnib.
Əsərləri haqqında respublika və xarici mətbuat səhifələrində məqalələr dərc olunub. “Nəriman Həsənzadənin lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə edilib, “Nəriman Həsənzadənin yaradıcılıq yolu” adlı monoqrafiya çap olunub. Onun yaradıcılığı hər zaman yüksək dəyərləndirilib və müstəqil Azərbaycanın bir sıra ali orden və medallarına layiq görülüb.
Müsahibələrində “Mənim qarşıma həmişə yaxşı insanlar çıxıb” deyən şair bu sırada özünə mənəvi ata bildiyi istedadlı yazıçı, gözəl alim Mir Cəlal Paşayevi böyük sevgi və ehtiramla xatırlayır.
“Tale mənə şairliyi könül dostu verib”,- deyən şair inanırıq ki, qarşıdakı illərdə də əzəli və əbədi “dostu” ilə çox sirdaşlıq edəcək və neçə-neçə yeni poetik nümunələrlə oxucuları sevindirəcək.
Allah ömür versin, sevimli insan!
“Ədəbiyyat və incəsənət”
(18.02.2023)
Davud Nəsib işığına yığılanlar
Azərbaycan Yazıçılar Birliyinin, “Qazax" Xeyriyyə İctimai Birliyinin və ailəsinin birgə təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində unudulmaz sənətkar, şair, yazıçı, publisist, tərcüməçi və yaddaqalan mahnıların müəllifi Davud Nəsibin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, tədbirdə AYB- in sədri, Xalq yazıçısı Anar, AYB Ağsaqqallar Şurasının sədri, Xalq şairi Nəriman Həsənzadə, professor Qəzənfər Paşayev, "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə Heyətinin sədri, professor İlham Pirməmmədov, millət vəkilləri, İctimai Birliyin üzvləri, ictimaiyyət nümayəndələri, media nümayəndələri, Davud Nəsibin ailə üzvləri iştirak ediblər.
Gecəni giriş sözü ilə Nəriman Həsənzadə açıb. Qardaş ölkə Türkiyə Respublikasında baş verən zəlzələdə həyatını itirmiş insanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Nəriman Həsənzadə Davud Nəsiblə 14 il bir yerdə işlədiklərini, unudulmaz xatirələrini qonaqların diqqətinə çatdırıb.
Xatirə gecəsində Davud Nəsibin "Cavanşir" tarixi romanından səhnələr nümayiş olunub, şeirləri səsləndirilib.
Təbrizli müğənni-bəstəkar Arif Mehmandost və Aşıq Şahin Süleymanov şairin şeirlərinə
bəslənmiş musiqiləri ifa ediblər.
Davud Nəsibin "Cavanşir" tarixi romanı və iki cildlik "Ata laylası" kitabı qonaqlara hədiyyə edilib.
Sonda Davud Nəsibin ailəsi adından oğlu Xəyyam Nəsibov çıxış edərək qonaqlara, tədbirdə zəhməti keçən hər kəsə təşəkkürünü bildirib.
Davud Nəsib 1942-ci il avqustun 25-də Qazax şəhərində anadan olmuşdur. Qazax şəhər 2 saylı orta məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində təhsil almışdır.
Ədəbi fəaliyyətə 1956-cı ildə "Qalibiyyət bayrağı" (Qazax rayonu) qəzetində dərc edilən "Mənim doğma çayım — Mənim Kür çayım" adlı ilk şeiri ilə başlamışdır. Həmin vaxtdan fəal poetik yaradıcılıqla məşğul olmuşdur. SSRİ xalqları poeziyasından bədii tərcümələri də vardır. Macar şairi Mikloş Radnotinin şeirlər kitabını Azərbaycan dilinə çevirmişdir. Onun Moskvada "Sovetski pisatel" nəşriyyatı tərəfındən "Anama məktublar" (1974), "Ocaq daşları" (1981) şeirlər kitabları çap olunmuşdur.
1966–1969-cu illərdə Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsində incəsənət redaksiyasında redaktor işləmişdir.
Moskvada, SSRİ Yazıçılar İttifaqı nəzdində olan ikiillik ali ədəbiyyat kursunu bitirmişdir (1971–1972). Sonra Bakıya qayıtmış, "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, təsviri sənət şöbəsinin müdiri olmuş, sonra burada poeziya şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvü idi. 1978–1980-ci illərdə Macarıstan Xalq Respublikasında yaradıcılıq ezamiyyətində olmuşdur.
Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanına (1984), Ümumittifaq və Azərbaycan komsomolu Fəxri fərmanlarına layiq görülmüşdür.
2003-cü il martın 26-da qəzaya uğrayıb dünyasını vaxtsız dəyişmişdir.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(17.02.2023)
Şad xəbər! Media subyektlərinin gəlirləri vergidən azad edilir
Media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirləri, o cümlədən reklam gəlirləri, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımlar gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad ediləcək.
“Ədəbiyyat və incəsənət” AzərTAC-a istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin fevralın 17-də keçirilən plenar iclasının gündəliyinə daxil edilmiş Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində əksini tapıb.
Qanun layihəsinə əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımların gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif olunub. Eyni zamanda, media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də əlavə dəyər vergisindən azad edilir. Azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda təsdiq edilib.
“Ədəbiyyat və incəsənət”
(17.02.2023)
Sabah hava yağmursuz olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti Azərbaycanda fevralın 18-nə gözlənilən hava proqnozunu açıqlayıb.
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-3°, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 770 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcək. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 10-15°, gündüz 0-5° şaxta olacağı bildirilir.
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
“Ədəbiyyat və incəsənət”
(17.02.2023)
O, Azərbaycanın ilk Dövlət Mükafatı laureatı olub
Bu gün Əlağa Vahidin anadan olmasının 128-ci ildönümüdür
Hər dəfə Masazırdan keçəndə bur abidə önündə onu yad edən insanlar və tər çiçəklər görmək olur. Bu, Əliağa Vahidin abidəsidir. Azərbaycanda, eləcə də Yaxın Şərqdə məşhur qəzəlxan şair kimi şöhrət qazanmış Əlağa Vahidin yaradıcılıq bioqrafiyası çox maraqlıdır. Vahid milli poeziyanın qədim ənənələrini yeni dövrdə yüksək sənətkarlıqla davam etdirmiş və qəzəl janrının son dərəcə mükəmməl nümunələrini yaratmışdır. Və bu gün böyük qəzəlxan, Azərbaycanın ilk Dövlət mükafatı laureatı Əlağa Vahidin anadan olmasının 128-ci ildönümüdür.
Əlağa Vahid qəzəl yaradıcılığında püxtələşdikcə, klassik qəzəl məktəbinin istedadlı davamçısı kimi öz dəstxətti ilə seçilmiş, qəzəlləri və satirik şeirləri xalq arasında sürətlə yayılmış, ürəklərə yol tapmış, sevilmiş və dillər əzbəri olmuşdu. Şair qəzəl janrının mövzu dairəsini xeyli genişləndirmiş, Vətənə, xalqa məhəbbətini sadə, adi xalq dilində əruzun ritmik bəhrlərində qoşa misralarla uğurla şeirə çevirmişdi.
Ustad qəzəlxan 1895-ci il fevralın 17-də Bakı şəhərində anadan olub. Mollaxanada oxumağa başlayıb, sonra ehtiyac üzündən təhsilini yarımçıq qoyub, xarratlıq edib. Gənc yaşlarında Bakıdakı “Məcməüş-şüəra” ədəbi məclisində iştirak edib və lirik şerlər yazıb. Satirik şeirlərində ictimai nöqsanları, mövhumatı, zülm və haqsızlığı ifşa edib. “Tamahın nəticəsi” adlı ilk kitabı nəşr olunub.
Böyük Vətən müharibəsi illərində yazdığı əsərlərdə “Döyüş qəzəlləri”, “Qəzəllər” kitablarında Əlağa Vahid Vətənə məhəbbət, düşmənə nifrət, qələbəyə inam hissləri təbliğ edib.
Əsrlərdən bəri qəzəlin baş mövzusu eşq olub. Amma bu eşq mənaları da birrəngli olmayıb. Vahidin şeirləri Vətən məhəbbətindən, Tanrıdan tutmuş gözələ ülvi hisslərlə doludur.
Mən əsiri eşqiyəm öz xalqımın, öz yurdumun,
Sevməyən öz xalqını, öz yurdunu divanədir.
Vahidin qəzəlləri poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilir, xanəndələrin repertuarında mühüm yer tutub. Nizami, Xaqani, Füzuli, Nəvai və başqalarının qəzəllərini Azərbaycan dilinə tərcümə edib.
İlk şeiri 1914-cü ildə çap olunub. Ona qədər “Məcməüş-şüara”da (Şairlər məclisi) Əbdül Xaliqin şeir gecələrinə gedirdi. Bura cavan şairlər yığışıb, bədahətən onlara verilən qafiyəni ustadların qarşısında böyük qəzələ çevirməli idilər. Vahid öz hazırcavablığı ilə elə seçilir ki, Əbdül Xaliq gənc Əlağaya “sən təbinlə Vahidsən” deyib Vahid ləqəbini ona verir.
Əlağa Vahid 1965-ci il oktyabrın 1-də Bakı şəhərində vəfat edib.
Qeyd edək ki, 2015-ci ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair Əlağa Vahidin anadan olmasının 120 illiyi ölkə başçısının Sərəncam ilə ölkəmizdə silsilə tədbirlərlə qeyd olunub.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli Qərarı ilə Əlağa Vahid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(17.02.2023)
Kitabxanada Varislə görüş keçirilib
2023-cü il fevral ayının 16-da Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü, Beynəlxalq Yazıçılar Gildiyasının üzvü, Azərbaycan Respublikasının "Əməkdar Jurnalisti" Varislə “Zamanın yolçusu” adlı görüş keçirilib.
Tədbirdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nümayəndələri, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedoqoji Universitetinin müəllim və tələbə heyəti, 189-190 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti, kitabxananın əməkdaşları iştirak ediblər.
“Bir ovuc torpaq", "Sonuncu ölən ümidlərdir", "Son nəktub", “Metamorfoz", "Sənə inanıram", "Yol ayrıcında azıb qalanlar", "Üçbucq", “Yetmiş yeddinci gün", “Uzaqdan gələn yağış”, “Qırmızı ləçəklər”, “Qızıl cib saatı” kitablarının müəllifi olan yazıçı son yazdığı kitabları haqqında ətraflı məlumat verib, bədii ədəbiyyatın insan həyatında rolu, uğura aparan yolun, arzuların reallaşması mövzusunda çıxışlar edib, şagird və tələbələrə dəyərli məsləhətlər verib, ona ünvanlanan sualları cavablandırıb.
Yazıçı kitabxanaya və oxuculara kitablar hədiyyə edib.
“Ədəbiyyat və incəsənət”
(17.02.2023)
Akademik Musiqili Teatrın mart repertuarı
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mart ayı üçün repertuarını təqdim edirik.
3 mart – “O olmasın, bu olsun”
4 mart – “Bremen musiqiçiləri və Pen”, “Beşmanatlıq gəlin”
5 mart – “Qırmızı papaq”, “Məchul pilləkən”
8 mart – “Nəğməmə inan”
9 mart – “Kimyagər”
10 mart – “Anamın kitabı”
11 mart – “Sehrli nəğmə”, “Mən dəyərəm min cavana”
17 mart – “Qafqazlı qardaşqızı”
18 mart – “Qoğalın macərası”, “Utancaq qız”, “Qızıl toy”
19 mart – “Yatmış gözəl və cırtdanlar”, “O olmasın, bu olsun”
24 mart – “Bəxtiyar”
25 mart – “Buratino”, “Baladadaşın toy hamamı”
26 mart – “Qızıl cücə”, “Paris Notr-Dama ithaf”
31 mart – “Bir nəfəs qədər”.
“Ədəbiyyat və incəsənət”
(17.02.2023)
Rəsm qalereyası: Arif Hüseynov, “Azərbaycan nağılları” silsiləsindən
Günün fotosu: “Titanik”in sensasion fotosu yayımlanıb
Günün fotosu: “Titanik”in sensasion fotosu yayımlanıb
Faciəli “Titanik” kruiz gəmisinin indiyədək üzə çıxmayan sensasion fotoları dərc edilib. Kadrları sualtı ekspedisiya 1986-cı ildə çəkib. Ekspedisiya 1912-ci ilin aprelində ilk və yeganə reysini edərkən batmış gəminin qalıqlarını öyrənirmiş. “Titanik”in marşrutu isə İngiltərənin Sauthempton şəhərindən ABŞ-a idi.
Foto: Euronews
“Ədəbiyyat və insəsənət”
(17.02.2023)
Hər gün bir Şuşa xəbəri
Şuşada beynəlxalq gənclər düşərgəsi təşkil ediləcək
Şuşa şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə əlaqədar “Şuşa yaradıcılıq emalatxanası” beynəlxalq gənclər düşərgəsi təşkil olunacaq.
Bu barədə qərar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi “Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı Tədbirlər Planında yer alıb.
İl ərzində keçiriləcək festivalla bağlı işlərin icrası Gənclər və İdman Nazirliyi, Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyi, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə tapşırılıb.
“Ədəbiyyat və incəsənət”
(17.02.2023)