ƏDƏBİYYAT VƏ İNCƏSƏNƏT - Super User
Super User

Super User

 

“Qafqazinfo” bu münasibətlə Azərbaycanın istedadlı şairi Qulu Ağsəsin “Tək Sabir” adlı yazısını təqdim edib, daycest bölümündə yazını diqqətinizə çatdırırıq. 

 

Ötən əsrin əvvəllərində bir şair vardı, klassik şeirin, qəzəliyyatın tək səbir gətirdiyi yerdən başlamışdı onun yaradıcılığı.

O, gözünün qabağında inləyən insanı qoyub, dağda gül dərməyə, bülbülün solo-konsertinə qulaq asmağa meyillənmədi, sabununu bişirib, satirasını yazdı Tək Sabir.

Sələflərin ağladığına dodaq büzdü, əruzun damarından aşıq qanı əvəzinə mazut, neft, tiyan kəfi axıtdı.

O, Azərbaycan şeirində yeni bir məktəbin himini qoydu, himnini oxudu, qəzəlin qolundan darta-darta onu şah sarayından kəndli tövləsinə, fəhlə gecəqondusuna gətirib saldı.

Günlərin bir günü özü də sələfə çevrildi, ona da ağız əydilər, lağ elədilər, amma Tək Sabir olduğunu dana bilmədilər.

Sa-bir

Sa-tira

Sa-bun

Bu üç söz hələ uzun müddət bizi təmizliyə səsləyəcək.

Boğazı gəlincə səsləyəcək.

Amma biz onları eşitməyəcəyik, inşallah!

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Çərşənbə axşamı, 30 May 2023 08:45

Şair Elbrus Qəmginin yubiley tədbiri keçiriləcək

Bu gün - mayın 30-da, saat 14:00-da Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda Azərbaycan Yazıçılar Birliyinin və “Qazax" Xeyriyyə İctimai Birliyinin üzvü, şair Elbrus Qəmginin 70 illik yubileyi keçiriləcəkdir. Yubiley tədbiri "Qazax" Xeyriyyə İctimai Birliyinin və AYB-nin birgə təşkilatçılığı ilə baş tutacaqdır. 

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, yubiley tədbirində "Qazax" Xeyriyyə İctimai Birliyi İdarə heyətinin sədri, professor İlham Pirməmmədov, İctimai Birliyin üzvləri, AYB-nin üzvləri iştirak edəcəklər. 

Şair Elbrus Qəmgin əslən Qazax rayonunun Yuxarı Salahlı kəndindəndir. İxtisasca filoloqdur. İndiyə kimi 16 kitabı çıxıb. Klassik poeziyamızın qəzəl, qəsidə, təcnis, bayatı, qoşma, gəraylı, müxəmməs kimi nümunələrini yaradıb, ayrıca satiraları, təmsilləri, poemaları, Səməd Vurğuna həsr etdiyi dram əsəri var. 

Onun vətənpərvərlik ruhu aşılayan şeirləri də az deyil. Onlardan biri vaxtı ilə işğal olunmuş Ağdam rayonunun bir kəndi barədədir:

 

Ellər hara köçüb?

 

(İşğalda olan bir kəndi seyr edərkən)

 

Dayanıb uzaqda, gendə
Göz dikirəm viran kəndə.
Oyanır bir sual məndə
Ellər hara köçüb, Allah?

 

Fərmansız, heç bir yazısız ,
Çəmən qoyunsuz, quzusuz
Düşmən zoruyla arzusuz,
Ellər hara köçüb, Allah?

 

Başın əyib uca dağlar,
Göy dərələr qalıb ağlar.
Viran olub bağça, bağlar
Ellər hara köçüb, Allah?

 

Quruyub çayların suyu,
Tikan bitib sahil boyu.
Tərk eyləyib düyün, toyu
Ellər hara köçüb, Allah?

 

Bulaqların gözü yaşlı,
Zəmilərin köksü daşlı,
İsti kabab, xəngəl aşlı
Ellər hara köçüb, Allah?

 

Binələri uçuq, qara,
Sükut çöküb yaylaqlara.
Sinələri para-para
Ellər hara köçüb, Allah?

 

Böyükdən alıb öyüdlər,
Hanı at çapan igidlər?
Quruyub salxım söyüdlər
Ellər hara köçüb, Allah?

 

Quşların yox olub səsi,
Hanı Xanın zümzüməsi.
Zərbi-məsəl hər kəlməsi
Ellər hara köçüb, Allah?

 

Neçə arzu darmadağın,

Hisli evlər yığın-yığın.
Bir görəydim qayıtmağın!
Ellər hara köçüb, Allah?!

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

“Ədəbiyyat və incəsənət” portalının Güneydən gələn səslər rubrikasının ən yaxşı şeirlərinin dərcini davam etdiririk. Növbədə Sara Nacinin həftəsidir. Rubrikanı portalımızın Güney Azərbaycan təmsilçisi Əli Çağla aparır. 

 

Sara Naci kimi tanınan Sara Məhəmmədi əfqan əsillidir və 1990-cı ildə Tehranda anadan olub.  1990-cı ildən şeir yazmağa başlayıb və 1998-ci ilin mayında “Səssiz keçidlər” kitabını nəşr etdirib.  O, hazırda Tehranda yaşayır və kino rejissorluğu üzrə təhsil alır.

 

 

ÖP MƏNİ

 

Bu terrasda səmanın bir parçası mənim olsun

Bir neçə qırmızı ulduzun sayrışmağıyla

Bir ulduz, atanın ev yolunu itirməməsinə görə

Biri də bacımın,

Çörəyin taleyindən narahat olmasın deyə

O Güləndə

Mən heç nədən narahat deyiləm və o uzaq ulduz sənin üçün

İndi uçurtma baxışın

Göyün harasını bəndə çəkir?

Xatırlayırsan? O günlərdə sən, mən və əncirin kənarlarındaydıq

O qara ağac məşuqələri toprağa bağlanardı

Onlardan mürəbbə hazırlayıb satardıq

O günlərin şirinliyi ilə öp məni sevgilim

Öp məni.

 

 “Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Dözülməz bir hal, tarixi binanın fasadı deşilərək ora kondisioner və peyk anteni quraşdırılıb. Gördüyünüz bu foto sosial şəbəkələrdə paylaşılıb.

 

Söhbət Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 24 ünvanında yerləşən Memarlar İttifaqının binasından gedir. Şəhərin arxitekturasının qeydinə qalmalı olan, tarixi abidələri vandalizm aktlarından qorumalı olan bir təşkilat özü yerləşdiyi tarixi binanı çoxsaylı kondisioner, hətta peyk anteni quraşdıraraq vandallığa imza atıb. Bina tarixi əhəmiyyətli tikili olduğuna görə fasadına ziyan verilməsi ictimaiyyətin narahatlığa səbəb olub.

Bununla bağlı tənqidlərini qeyd edən sosial şəbəkə istifadəçiləri Memarlar İttifaqını qeyri-peşəkarlıqda ittiham ediblər.

İndi görək, memar başbilənləri nə cavab verəcəklər.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində may ayı üçün regionlara təşkil olunan qastrol səfərlərinə start verib.

 

Nazirlikdən bildirilib ki, qastrol səfərləri çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının kollektivi Şəki Dövlət Dram Teatrının qonağı olub. 

Rus Dram Teatrı şəkili teatrsevərlərə mayın 29-da Anarın “Mən, sən, o və telefon”, mayın 30-da isə “Sehrli karusel” tamaşasını nümayiş etdirib.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Çərşənbə axşamı, 30 May 2023 13:45

Gənc Tamaşaçılar Teatrının kollektivi Gəncədədir

Mədəniyyət Nazirliyi Ümummilli Lider Heydər Əliyevin 100, Azərbaycan peşəkar milli teatrının yaranmasının 150 illiyinə həsr edilmiş silsilə tədbirlər çərçivəsində may ayı üçün regionlara təşkil olunan qastrol səfərlərinə start verib.

 

Nazirlikdən bildirilib ki, qastrol səfərləri çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi mayın 29-da Gəncə Dövlət Dram Teatrında Anton Çexovun “Qağayı” tamaşasını nümayiş etdirib.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Çərşənbə axşamı, 30 May 2023 13:00

Ümidim körpə kimi… Ağlayır qundağında.

“Ədəbiyyat və incəsənət” portalının Poetik qiraət rubrikasında bu dəfə Əlizadə Nuri sizlərə “Darıxmağın rəsmi” adlı şeirini təqdim edəcək. 

 

 

Hardasan, şəhlagözlüm?

Sən ən şirin acımsan.

Hələ də bilmirəm ki,

Dərdimsən, əlacımsan?

 

Yuxuma dağıtmısan,

Saçının yumşağını.

Sən yoxsan, kim böyütsün

Bu sevda uşağını?

 

Yol tapıb çıxa bilmir,

Bu tinim, bu dalanım.

Mən sevgi qaçqınıyam-

Gəl, səndə daldalanım…

 

Bu çölü göndərmisən,

Sən mənə azmaq üçün?

Ürəyim bir divarmış-

Şəklini asmaq üçün.

 

Ümidim körpə kimi,

Ağlayır qundağında.

Arzularım can verir

Kədərin qucağında…

 

Hardasan, hardan bilim,

Mən hara üz döndərim?-

Darıxmağın rəsmini

Çəkib sənə göndərim…

 

Özün məndən uzaqsan,

Kölgən keçir yanımdan.

Adına soyuq dəyər-

Düşmə dodaqlarımdan…

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Çərşənbə axşamı, 30 May 2023 13:15

Bu dəfə Xaçmazda tarixi abidə müdaxilədən xilas edilib

Ötən buraxılışlarında “Ədəbiyyat və incəsənət” portalı Bakıda və Naxçıvanda tarixi abidələrə edilən qanunsuz müdaxilədən bəhs etmişdi, çox təəssüf ki, bu cür xoşagəlməz hallar davam etməkdədir. 

 

Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndində yerləşən 4300 inventar nömrəli yerli əhəmiyyətli memarlıq abidəsinin mühafizə zonasında qanunsuz tikinti işlərinin aparıldığı aşkar edilib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Şabran Regional idarəsinin əməkdaşları tərəfindən əraziyə baxış keçirilib və abidənin mühafizə zonasında aparılan tikinti işlərinin dərhal dayandırılması tələb olunub.

Bu barədə Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən bildirilib. 

Diqqətə çatdırılıb ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi, uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və digər işlərin aparılması qadağandır.

Faktla bağlı qanuna müvafiq tədbirlər görülməkdədir.

Abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər qanunvericiliyə uyğun olaraq cinayət, inzibati, intizam və mülki məsuliyyət daşıyırlar.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Heydər Əliyev Sarayında bir neçə gün dalbadal yaddaqalan konsertlər olub. Öncə məşhur türk ifaçısı Rafet El Romanın növbəti dəfə konserti olub.

Və özünəməxsus ifaları ilə milyonların qəlbini fəth edən türk pop musiqisinin məşhur ifaçısı Rafet El Roman yenidən öz repertuarında olan mahnılarla pərəstişkarları qarşısında çıxış edib.

Müğənninin ifası gurultulu alqışlarla qarşılanıb.

Ardınca Heydər Əliyev Sarayında bir çox müsabiqələrin mükafatçısı, gənc və istedadlı ifaçı Almaxanım Əhmədlinin ilk solo konserti keçirilib, konsertdə xanəndə öz repertuarındakı mahnılarla yanaşı, muğamlar, xalq və bəstəkar mahnıları ilə tamaşaçıların qarşısına çıxıb. 

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Sumqayıtın 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt bölməsi, 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, AYB üzvü, şair Arzu Göytürklə keçirilən  görüş Azərbaycan Respublikasının himni ilə başlayıb. Sonra bir dəqiqəlik sükutla Azərbaycan torpaqlarının bütövlüyü uğrunda şəhid olan vətən oğullarının əziz xatirəsi yad edilib.

AYB Sumqayıt bölməsinin sədri Gülnarə Cəmaləddin ölkəmizin hər yerində, o cümlədən Sumqayıtda da Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı genişmiqyaslı tədbirlərin keçirildiyini vurğulayıb, Heydər Əliyevin ədəbiyyata, sözə, sənətə və sənətkara olan münasibətindən söz açıb. Eyni zamanda Arzu Göytürk yaradıcılığı haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Şəhid analarına dəstək ictimai birliyinin rəhbəri Ceyran Axundova və digər şəhid anaları  öz çıxışlarında tədbirin təşkilatçılarına təşəkkürlərini bildiriblər. Sumqayıt şəhər İcra Hakimiyyəti, şəhər  ziyalıları tərəfindən onlara göstərilən diqqət və qayğıdan söz açıblar.

Sonra qələm adamları və şəhər ziyalıları-Rafiq Yusifoğlu, Təbrik Quliyev, Fariz Orduxanov, Xatirə Fərəcli, İdris Babayev, Səttar Laçınlı, Xanım Bağırlı, Fəridə Musəvi, Natiq Nəcəfzadə, Gülnar Ümid, Xuraman Rzayeva, Vüsal Ağa, Gülvin Gülpınar, Elbrus Qayalı, Lilpar Cəmşidqızı, Ədalət Əroğlu, Ruhiyyə Qarabağlı, Əliyar Mərdiyev, Cəbrayıl Qənbər çıxış edərək Arzu Göytürk yaradıcılığının məziyyətlərindən danışıblar.

Arzu Göytürkün bədii qiraətçilər Müşfiqə Baləddinqızı, Müşfiq Cənnətov, Günel Türksoy və 2 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirlərinin ifasında səslənən şeirləri hamı tərəfindən maraqla qarşılanıb.

Sazlı-sözlü Şirvan xanəndələri Səfalı Mirzəliyev, Taleh Orucov, İsmayıl Abbasov və başqalarının oxuduğu mahnılar məclisə başqa bir ab-hava bəxş edib.

Sonda Arzu Göytürk tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirərək yeni şeirlərini oxuyub, oxucuların çoxsaylı suallarını cavablandırıb.

 

“Ədəbiyyat və incəsənət”

(30.05.2023)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.