
Super User
Özbəkistanda Xurşidbanu Natəvanın əsərlərinin təqdimatı olub
Şuşa şəhərinin Türk dünyasının Mədəniyyət paytaxtı elan edilməsi ilə əlaqədar Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə layihəsi əsasında Özbəkistanda keçirilən "Şuşa günləri" çərçivəsində Daşkənddə Tarixi Turon Kitabxanasında Xurşidbanu Natəvanın özbək dilində tərcümə olunmuş əsərlərinin təqdimatı keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Turon Kitabxanasında Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən yaradılmış Şuşa guşəsi ilə tanış olublar. Guşəyə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondun tərəfindən Azərbaycana və Qarabağa aid nəşrlər hədiyyə edilib.
Sonra qonaqlar Turon Kitabxanasında repressiya qurbanlarına həsr edilmiş muzeyə baxıblar.
Turon Kitabxanasının böyük akt zalında davam edən tədbirdə kitabxananın direktoru, Özbəkistanın Fəxri mədəniyyət işçisi Dildora Abduazizova “Şuşa günləri” tədbirlərinə ev sahibliyi etmələrindən böyük fəxarət hissi keçirdiklərini qeyd edib.
Dildora Abuazizova Azərbaycan-Özbəkistan arasında dostluq və əməkdaşlıq münasibətləri, tarixən xalqlarımız arasında sıx qardaşlıq əlaqələri haqqında danışıb. O, Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə hər il Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı layihələrin həyata keçirildiyini, kitabxananın Şuşa rayon Mərkəzi Kitabxanası ilə qardaşlaşmış kitabxanalar müqaviləsinin imzalandığını vurğulayaraq, Şuşanın yalnız Azərbaycan deyil, bütövlükdə Türk dünyası mədəniyyətinə misilsiz töhfələr verdiyini bildirib və Xurşidbanu Natəvanın yaradıcılığının Özbəkistanda da böyük maraq doğurduğunu qeyd edib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbəkistanda ilk dəfə olaraq keçirilən “Şuşa günləri” tədbirləri haqqında məlumat verib və Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən il ərzində Şuşaya dair layihələrin keçiriləcəyini vurğulayıb.
Şuşanın Azərbaycan üçün müstəsna əhəmiyyətə sahib olduğunu deyən diplomat uzun illər erməni işğalı altında qalmış bu şəhərdə həyata keçirilən vandallıq haqqında danışaraq, bu gün şəhərin Azərbaycan dövləti tərəfindən yenidən qurulması və onun türk dünyasının mədəniyyət paytaxtına çevrilməsini fəxrlə qeyd edib.
Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Türk dövlətləri arasında günü-gündən inkişaf edən əlaqələr, xalqlarımız arasında qardaşlıq münasibətləri barədə danışıb. O, çoxsaylı tarixi abidələrlə məşhur, dahi şairlərin mütəfəkkirlərin vətəni Şuşanın Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsini tarixi hadisə kimi dəyərləndirib.
Günay Əfəndiyeva rəhbərlik etdiyi Fond və onun mədəniyyət sahəsində həyata keçirdiyi çoxsaylı layihələr barədə məlumat verib. O, ötən il Türkiyənin Bursa şəhərində təşkil edilmiş “Şuşa günləri” layihəsi və bu il ilk dəfə Özbəkistanda keçirilən bu tədbirlərin əhəmiyyətini vurğulayıb.
Eyni zamanda Özbəkistan Respublikasının Yazıçılar İttifaqının sədr müavini, Xalq şairi Qayrat Məcid, tərcüməçi-şair Şaxlo Qasımova, Xurşidbanu Natəvan haqqında sənədli filmin müəllifi, yazıçı-publisist Ülviyə Heydərova 2021-ci ildə Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə iki əsr öncə Şuşada fəaliyyət göstərmiş “Məclisi-fəramuşan” poeziya məclisinin özbək və azərbaycanlı şairlərin iştirakı ilə bərpa edilməsi və Şuşada hər iki ölkə şairlərinin iştirakı ilə baş tutan poeziya məclisinə dair təəssüratlarını bölüşüblər. Natiqlər Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi olan görkəmli şairə Xurşidbanu Natəvanın özbək dilinə tərcümə olunmuş əsərlərindən ibarət “Xurşidga yetar boshim” adlı kitabı haqqında geniş məruzələr ediblər.
Təqdimat mərasimində çıxış edən Özbəkistan Ali Məclisinin deputatı, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin üzvü Gülbahar Saidqaniyeva iki ölkə arasında ölkə başçılarının uğurlu siyasəti ilə inkişaf edən əlaqələrdən danışaraq, mədəni əlaqələrin tərəqqisindən məmnunluğunu ifadə edib. O, Şuşanın Azərbaycan mədəni-ədəbi mühitindəki rolundan bəhs edərək, azərbaycanlı şairə Natəvanın özbək şairəsi Nadirabegimin yaradıcılığı və həyatı arasında oxşarlığı qeyd edib.
Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Tamam Cəfərova Azərbaycan-Özbəkistan dostluğunun tarixindən, dövlət başçılarının görüşləri barədə danışaraq, iki ölkə parlamentləri arasında yüksək səviyyəli əlaqələr barədə məlumat verib. O, işğaldan azad edilən Azərbaycan torpaqları və Şuşada həyata keçirilən bərpa və yenidənqurma layihələrinin qürurverici olduğunu qeyd edib.
Tədbirin bədii hissəsində Daşkənd şəhər Abdulla Qadiri adına İncəsənət və yaradıcılıq Məktəbinin şagirdlərinin ifasında Azərbaycana, Qarabağa aid musiqilər ifa olunub. Əlişir Nəvai adına Daşkənd Özbək dili və Ədəbiyyatı Universiteti tələbələri tərəfindən Xurşidbanu Natəvan şeirləri səsləndirilib.
Sonda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tərəfindən Özbəkistanda “Şuşa günləri” münasibətilə rəsmi qonaqlara və təşkilatçılara xatirə hədiyyələri təqdim edilib.
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən Xurşidbanu Natəvanın özbək dilinə tərcümə olunmuş əsərlərindən ibarət “Xurşidga yetar boshim” adlı kitab kolleksiyası Turon Kitabxanasına və bir sıra tədbir iştirakçılarına hədiyyə edilib.
“Ədəbiyyat və incəsənət”
(14.04.2023)
“Nə ömür sona yetir, nə sənsizlik qurtarır...” – Qəmər Sözay
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə “Biri ikisində” layihəsində bu gün növbədə Şeir vaxtıdır, Qəmər Sözayın şeirləri ilə tanışlıqdır.
ŞEİR VAXTI
Qəmər SÖZAY
***
Bütün ümidlərin kökü kəsilib,
Bütün ümidlərim məzar qoxuyur.
İllərdir qəlbimdə yatan arzular
Sabah oyanmaqçün dua oxuyur.
Yaddaşım köksünü ötürür yenə,
Keçmişin kölgəsi alır başımı.
Dünənlər dağ çəkir qəlbimin üstə,
Sabahlar gənclikdən çalır yaşımı.
Sənsizlik qoynunda quruyur ömrüm,
Ölümlə qalımın savaşındayam.
Həsrət adlı dərddən zarıyır ömrüm,
Həyatın qaranlıq libasındayam.
Bu bəxtin nazıyla çox oynamışam,
Susamış göz yaşım yanaqlarına.
Mən Allah deyiləm, fəqət yenə də
Səni bağışladım günahlarına.
SƏNDƏN UZAQLAR
Səndən uzaqların havası soyuq,
Səndən uzaqların bəxti qaradır.
İtirib yolunu ümidlərim də,
Bilinmir ünvanı nədir, haradır.
Taleyim kədərin toruna düşüb,
Hər bir çırpınışla qəmə bürünür.
Zamanın gözünə dağ bassam belə,
Ötən hər günümdə yerin görünür.
Dolanır aylarım, illərim sənsiz,
Gəncliyim boynunu bükür beləcə.
Mənə unutmağın reseptini yaz,
Ya da ki de, səni unudum necə...
Toz basmış pəncərə şüşələrimdən
Həsrətin boylanır qaranlıq kimi.
Çirkli ovuclarım duaya həsrət,
Ölüm bədənimə çəkir şəklimi.
NƏ SƏN HƏMİN O ADAM
Nə sən həmin o adam, nə mən həmin qadınam,
Boyn bükük ümidlər ruhunu təslim edib.
Qarşılaşsaq, döyünməz birgə vuran qəlbimiz,
Gecikmiş məhəbbətin qatarı çoxdan gedib.
Yaşadığım ünvan da daha həminki deyil,
Daha xatirələr də canlanmır gözlərimdə.
Varlığınla var olan o qadından əsər yox,
Ölmüş bir qadın cismi gəzdirirəm özümdə.
Bircə-bircə xəyallar uçuruma adlayır,
Zaman da taleyimə kəm biçəcək soydadır.
Zülmətlərə qərq olan çarəsiz, tənha dünyam,
Qaniçən yoxluğunun qaranlığı boydadır.
DAĞILAN ÜMİDLƏR
Dağılıb ümidlərin hərəsi bir köşəyə,
Neyləyim axtarmağa taqətim də qalmayıb.
Mən necə yanılmışam səni belə sevərək,
Sən adlı bir ünvanım heç əzəldən olmayıb.
Tıxanır boğazımda eşqə dair cümlələr,
Lal olur məhəbbətim sevgisizlik dilindən.
Taxtın qurub qəlbimdə, həsrətin padişahı,
Qurtar məni, İlahi, bu qüssənin əlindən.
Üşüyür xatirələr, yaddaşımın evində,
Ruhum soyudur artıq nəfəsimdən özünü.
Yollar uzanıb gedir hicranın qollarına,
Gəl birlikdə kor edək ayrılığın gözünü.
ÇAĞIRIR MƏNİ
Ruhum asılıb göydən,
Ölüm çağırır məni.
Haqqın yolunu kəsən,
Zülüm çağırır məni.
Qəmin gölündə batan,
Dərdinə dərdi qatan,
Ana bətnində yatan
Dölüm çağırır məni.
Qədərə pərçim olan,
Qönçəsin erkən yolan,
Açılmamışkən solan
Gülüm çağırır məni.
Taleyinə qor olan,
Yanıb, yanıb, qovrulan,
Yanmış bəxtdən sovrulan
Külüm çağırır məni.
SƏNDƏN SONRA
Bir quru canım qalıb, səndən sonra özümdən,
Uğursuzluqlar büküb, taleyimin qəddini.
Boş, mənasız bu dünya elə düşüb gözümdən,
Yarıb keçə bilmədim kədərin sərhədini.
Basdırılmış ümidlər üşüyür məzarında,
Çəkdiyim ah-nalələr ərşə qulaq batırır.
Taleyinin önündə diz çökən quzğun kədər
Mənim də gəncliyimi ağuşunda yatırır.
Bax, hələ də qalmışam keçmişin qucağında,
Sönük gəzdirir ruhum bu cansız bədənimi.
Sən indi ailənlə, öz isti ocağında,
Mən hər gün itirirəm yaşamaq "nədən"imi.
ÜMİDSİZ
Nə vaxtdır ki ümidsiz, gümansızam sabaha,
Arzuların canında məndən əsər qalmayıb.
Allahın ümidinə yaşayıram hələ də,
Bu kor qalmış bəxtimin gözləri açılmayıb.
Hey cəm olur sinəmdə, çarpazlaşır dərdlərim,
Hicran hələ zövq alır həsrətinin dadından.
Xəyalının kölgəsi kəsir başım üstünü,
Ümidsizəm, ümidsiz o sevdiyin qadından.
O sevdiyin qadının kədər qırıb belini,
O yuxa ürəyi də Çin Səddinə bürünüb.
O sevdiyin qadının buraxandan əlini
İşıqlı sabahlardan qaranlığa sürünüb.
Yolların sinəsində üşüyür yoxluğunla,
Didərgin bir sevginin nəfəsini daşıyır.
Puç olmuş gəncliyilə bu vəfasız həyatda
Allahın ümidinə yalan-gerçək yaşayır.
SƏNSİZLİYƏ DOĞRU
Üz tutur sənsizliyə saatların əqrəbi,
Hər dəqiqə ömürdən, bir ömürü aparır.
Xatirələr can verir zamanın yaddaşında,
Nə ömür sona yetir, nə sənsizlik qurtarır.
Zaman da öz payından, artıq pay vermir bizə,
Doğan günəş isitmir üşüyən sevgimizi.
Yuxuların çin olma ümidi sona yetib,
Yuxular da birlikdə görmək istəmir bizi.
Döyülür sol yanımda həsrət adında vurğu,
Nəbzim də hey deyinir, yorulur sürətindən.
Kiçicik bir ürəkdə bunca böyük bir sevgi,
Özüm də nigaranam, inan ki, səhhətimdən.
Kədər öz örpəyini atıb başım üstünə,
İtib dodaqlarımda təbəssümün şöləsi.
Yalnızlıq qala qurur, yeni yaşım üstünə,
Havadan da duyulur bir əlvida nəfəsi.
ŞƏN, MAKİYAJLI QADIN...
Can çəkişir ümidlər həsrətinin dizində,
Körpəcə arzuların bükülür bel-buxunu.
Yorğun bir ürək gəzir, sənsizliyin izində,
Ay mənim uzaqdakı ən dəyərli yaxınım.
Xatirənlə baş-başa – dörd divardır, bir də mən,
Saatın əqrəbləri zamanı qabaqlayır.
Sənsizlik payız kimi xəzan tökür üstümə,
Sənsizlik payız təki ömrümü qucaqlayır.
Taqətsizəm, sabaha yalınayaq gedirəm,
Yollar tikan bitirir, ayağımın altında.
Səndən sonra qəhəri çəkirəm üz-gözümə,
Səndən sonra həsrətəm makiyajlı qadına.
KİMSƏSİZ DAXMA KİMİ
Kimsəsiz bir daxmayam,
Qapanmışam özümə.
Xəyalları toz basıb,
Görünmürlər gözümə.
Uçub sevgi çatısı,
Məhəbbəti üşüdür.
Hayqırtımı, sadəcə,
Yalnızlığım eşidir.
Payız keçib üstündən,
Xəzanına bürünüb.
Uçuq-sökük bu daxma,
Hey bahara sürünür.
Bütün yollar qapanıb,
Təklik sarıb dörd yanı.
Bitəcəkmi, görəsən,
Bu daxmanın üsyanı?
“Ədəbiyyat və incəsənət”
(14.04.2023)
Ölkəmiz 37-ci Beynəlxalq Musiqi Festivalında təmsil olunur
Türkiyənin Ankara şəhərində “CSO ADA Ankara”nın böyük salonunda 37-ci Beynəlxalq Musiqi Festivalı keçirilir. Festivalın açılış günündə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi altında Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, tədbirin ilk konserti məhz Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin iştirakı ilə gerçəklənməsi sevindirici, eyni zamanda, qürurvericidir.
Konsert proqramında tanınmış solistlər – Azərbaycan Respublikasının Xalq artisti Murad Adıgözəlzadə (fortepiano) və Əməkdar artist Elvin Xoca Qəniyev (skripka) öz ifalarını təqdim ediblər.
Proqramda Ferit Tüzünün “Çayda çıra”, Fikrət Əmirovun violin, piano və orkestr üçün Konserti və Antonin Dvorjakın 9 nömrəli “Yeni dünyadan” Simfoniyası səslənib. Bu əsərlərdən əlavə ilk hissənin sonunda Corc Vilyamsın “Şindlerin siyahısı” kinofilminə yazılmış musiqisi ifa olunub. İfa Türkiyədə zəlzələ zamanı həyatlarını itirmiş insanların xatirəsinə həsr edilib. Konsert Niyazinin “Türk marşı” ilə tamamlanıb.
Qeyd edək ki, Beynəlxalq Musiqi Festivalı aprelin 28-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(14.04.2023)
Məşhur fotoqraf Reza Deqati Lozan konfransında Qarabağda ermənilərin törətdiyi qəddarlıqdan danışıb
İsveçrənin Lozan şəhərində məşhur fotoqraf Reza Deqatinin sərgisi və onun iştirakı ilə konfrans təşkil olunub. Konfransda İsveçrədə Azərbaycan səfirliyinin diplomatları, bu ölkədə akkreditə olmuş diplomatik korpusun nümayəndələri, eləcə də, jurnalistlər, fotosevərlər, yerli ictimaiyyətin nümayəndələri və Lozan şəhərinin rəsmiləri iştirak ediblər.
Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyindən AzərTAC-a verilən məlumata görə, Konfransda Reza Deqati digər fotoşəkilləri ilə bərabər Qarabağda çəkdiyi seçilmiş fotolarını təqdim edib və fotolar haqqında ətraflı məlumat veribdir.
O, Birinci və İkinci Qarabağ müharibələrində fotoqraf kimi fəaliyyət göstərməsindən danışaraq bildirib ki, İkinci Qarabağ müharibəsi zamanı Fransadan Ermənistana 80 jurnalist, Azərbaycana isə yalnız 2 jurnalist getdiyini bildirərək, belə ədalətsizlik qarşısında ölkəmizə gələrək, baş verən hadisələri fotoaparatı ilə əbədiləşdirməyə qərar verib.
Birinci Qarabağ müharibəsinin, eləcə də XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verən Reza Deqati çəkdiyi şəkilləri nümayiş etdirib. Soyqırımı qurbanı olmuş ərinin və oğlunun cəsədini eyni vaxtda görən qadının haray çəkdiyi anı, eləcə də cılız, üzündə övlad itkisinin əzabları ifadə olunan, əlində itkin düşən oğlunun şəklini tutaraq xəbər gözləyən yaşlı atanın şəkilləri fotoqrafın məşhur fotoları arasında diqqəti xüsusilə cəlb edib.
Azərbaycan torpaqlarının 30 il erməni işğalı altında olmasından, ölkəmizə qarşı qərəzli mövqedən söz açıb. Reza Deqati İkinci Qarabağ müharibəsində erməni silahlı qüvvələrinin mülki əhalini qadağan olunmuş bombalarla hədəfə almasından, yaşlılarla bərabər, məsum körpələri qanına qəltan eləməsindən danışıb. Azərbaycan şəhər və kəndlərinin erməni silahlı qüvvələri tərəfindən darmadağın edilməsini əks etdirən fotoları nümayiş etdirib. Ağdamın fotosunu nümayiş etdirərkən qeyd edib ki, xarici media nümayəndələri bu şəhəri “Qafqazın Xirosiması” adlandırıblar.
Qarabağ müharibəsindən çəkdiyi şəkillərlə yanaşı R.Deqati Azərbaycandakı tolerantlıq və multikulturalizm mühitini əks etdirən fotolarının da nümayiş etdirib.
Sonda Reza Deqati konfrans iştirakçılarının suallarını cavablandırıb.
“Ədəbiyyat və incəsənət”
(14.04.2023)
Oxu siyahınıza əlavə etməli olduğunuz ən yaxşı debüt kitablarından 12-si
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Habil Yaşar bu gün sizlərə kitab reytinqlərindən seçərək oxu siyahınıza əlavə etməli olduğunuz ən yaxşı debüt kitablarından 12-sinin adlarını açıqlayır. Buyurun.
Hər şeyin başladığı yerə qayıtmaq və sonradan sevimli müəllifinizə çevriləcək debütantın ilk kitabını oxumaq üçün özünüzə meydan oxumusunuzmu? Bizim sevimli klassiklərimiz əvvəldən belə olmayıblar ki. Onların da debüt etdikləri vaxtlar olub. Məsələn, Çarlz Dikkensin, Ceyn Ostinin ilk kitabını oxumaq sizinçün marzaqlı deyil yəni?
Budur, hörmətli debütantların oxunması lazım olan on iki romanının siyahısı. Bunları oxuduqdan sonra özünüzə həqiqətən fanat deyə bilərsiniz. . .
1. “Meyvə bağının gözətçisi” - Cormac McCarthy
2. “Stir Fry” – Emma Donoghue
3. “Ağaclardakı insanlar” - Hanya Yanagihara
4. “Pickwick sənədləri” - Çarlz Dikkens
5. “Qəhvə soyumadan əvvəl” - Toshikazu Kawaguchi
6. “Miniatürçü” - Jessie Burton
7. “Çayın dibində” - Yamayka Kincaid
8. “Sıfırdan az” - Bret İston Ellis
9. “Hiss və həssaslıq” – Ceyn Ostin
10.“Monrealda son gecə” - Emili Sent Con Mandel
11.“Labirint” - Kate Mosse
12.“Dəfn mərasimləri” - Hannah Kent
“Ədəbiyyat və incəsənət”
(14.04.2023)
Türk seriallarından saundtreklər Heydər Əliyev Sarayının səhnəsində səslənəcək
“BN Team Orchestra” simfonik orkestri türk seriallarını xoşlayanlar üçün “Türk serialları dünyası” adlı unikal layihə hazırlayıb. Konsert mayın 23-də Heydər Əliyev Sarayında olacaq.
“BN Team Orchestra” simfonik orkestri Qazaxıstanda müxtəlif janrlar üzrə ixtisaslaşan gənc və enerjili musiqiçi, aktyor və aktrisalardan ibarət yaradıcı və kreativ komandadır.
Orkestr “Muhteşem Yüzyıl”, “Kara Sevda”, “Erkenci Kuş”, “Sən çal kapımı”, “Çukur”, “Hercai”, “Min bir gecə" və sair türk seriallarının əsas saundtreklərini toplayıb. Tamaşaçılar sevimli seriallardan ən yaxşı parçaları böyük ekranda da görəcəklər.
Söhbət sadəcə serialları müşayiət edən musiqidən getmir. Bu musiqi ekran qəhrəmanlarının bütün iztirablarını tamaşaçıya çatdırır, onu kino aləminə aparır və həmişəlik yadda qalır.
Konsertə getmək arzusunda olanlar biletləri şəhər kassalarında və iticket.az saytından ala bilərlər.
“Ədəbiyyat və incəsənət”
(14.04.2023)
Yürüş etdiyi ölkələrdə çox vaxt yerli əhalinin arzu və istəklərini nəzərə alb el-obanın layiqli adamlarını hakimiyyət başına gətirərdi…
“Ədəbiyyat və incəsənət” portalının əməkdaşı Aida Eyvazlı yazır
Fateh Teymurun 687-ci ildönümünə! Ruhunu sevgi ilə yad edirik!
“Dəmir qapı” Dərbənd
Elə bu məqamda Fateh Teymurun “Dəmir Darvazası”ndan danışmaq da yerinə düşər. Səmərqəndi yadellilərin hücümündan qoruyan amillərdən biri də, Əmir Teymurun Səmərqəndin girəcəyində tikilən Dəmir darvazası idi. Bu darvaza həm də dövlətə böyük xeyir gətirirdi. Hindistandan, Kiçik Asiyadan gələn tacirlər, Böyük İpək yolu ilə hərəkət edərək, buradan keçəndə mütləq torpaq basdı (yəni gömrük haqqı) pulu verirdilər, bu da dövlətin xəzinəsinə böyük miqdarda gəlir gətirirdi. Çünki, yuxarıda qeyd etdiyim kimi, Səmərqənd artıq dünyanın Ticarət Mərkəzinə-- özü də ki, Azad Ticarət Mərkəzinə çevrilmişdi. Əmir Teymurun bu uğurundan xəbərdar olan Şirvanşah Şeyx İbrahimxəlil də Dərbəndin yaxınlığında belə darvazalar tikdirir. Elə “Dəmir qapı Dərbənd” sözü də bu günümüzə Şirvanşah dövründən gəlib çıxan bir deyimdir. Dərbənd qapısından isə taçirlər və səyahətçilər Bakıya və İrana səfər edirdilər. Bu qapı həm də Şirvanşahlar dövlətinin istehkamı idi. Dəmir qapı Dərbənd isə Azərbaycanın Şimaldan giriş qapısı və böyük gəlir mənbəyi, qüdrəti idi.
Fateh Teymurun dövlətçilik ənənəsi
Məlum olduğu kimi 7 dünya hökmdarı Teymur həm də Cənubi Azərbaycanı öz nəzarəti altında saxlayırdı. Qara Yusifin və İran şahı Sultan Əhmədin zülmündən cana doymuş Cənubi azərbaycanlılar Teymurun qoşununu toy-bayramla qarşılayaraq, öz padşahlarına qarşı çıxmışdılar. Dövrün tarixçiləri və şahidləri Şərafəddin əl Yəzdi və Nizaməddin Şamı “Zəfərnamə”lərində, İbn Ərəbşah “Teymurnamə” əsərlərində Əmir Teymurun yaşadığı dövrü və şəxsiyyətini ustalıqla qələmə almışlar. Bu müəlliflərin əsərlərini nəzərdən keçirəndə Sahibgiran Teymurun dövlət idarəçiliyi və hərbi taktikasına da heyran qalırsan. Tarixi mənbələrdəki məlumatlara görə, hakimiyyəti altında birləşdirdiyi 27 dövlətin hər birində baş verən hadisələrdən, həmin dövlətlərdəki padşahların, şahların saray idarəçiliyindən vaxtlı- vaxtında xəbər tuturdu. Bu xəbərlər ona yerlərdə təyin etdiyi şəxslərdən, elçilərindən, gizli xəfiyyələrindən, dünyanın hər yerinə göndərdiyi dərvişlərindən gəlirdi. Böyük bir imperiyanın saxlanmasında Əmir Teymurun qanunları saat mexanizmi kimi işləyirdi. Böyük sərkərdə “Tüzüklər”ində yazırdı:
“ Vicdanımın və ədalətin səsinə qulaq asaraq, mən qulların da şikayətini təmkinlə dinləyib, haqqı nahaqdan ayırmışam. Mərhəmətlı əməllərimlə insanların qəlbində qalmışam. Dövlətin qanunlarına söykənərək, ordunu və rəiyyətimi ümid və qorxu içində saxlamışam. İmkansız və məzlumlara mərhəmət göstərib, əsgərlərimi mükafatlandırmışam. Mənim qanunlarıma görə hökmdar özü ədalətli və mənəviyyatca təmiz olmalıdır ki, onun ətrafında olanlar da, ona baxıb bu ədalət və mənəvi dəyərlərini qorusunlar. Əgər padşah özü zülmkardırsa, onda onun ətrafındakıların da əxlaqı pozulur və həmin adamlar hər vəchlə xalqı tapdamağa çalışırlar”.
Həyatı təzadlarla dolu hökmdar, kitablarında yazır ki, “... mən zəbt etdiyim şəhərlərdə tabe olmayan əhalini qanına qəltan edirdim, şəhərin küçələrində, bazarlarında, meydanlarında qan su yerinə axırdı. Lakin mənə qarşı çıxmayan, sakitcə İslamın bayrağını və mənim hökmranlığımı qəbul edənləri isə mərhəmət göstərib, incitmirdim”. Bu fikirlər də ona aiddir: “Düşmənimi öz əlimlə öldürəndə, onun qanının axmasını zövqlə seyr edirdim. Düşmənimin qanını tökmək mənə xoş idi. Elə bu üsulla da dövləti idarə edirdim, bununla ətrafdakılara bildirmək istəyirdim ki, mənə qarşı çıxanların hər birini belə aqibət gözləyir”.
Əmir Teymura görə, hakimiyyətin öz qayda-qanunları var. O, belə hesab edirdi ki, saray idarəçilərinin əgər hakimiyyətdən və qanunlardan qorxusu, çəkinəcəyi olmasa, cinayətkarlar, yaramazlar, quldurlar sadə xalqın həyatını alt-üst edər, var dövlətini talayarlar.
*
Yürüş etdiyi, zəbt etdiyi ölkələrdə çox vaxt yerli əhalinin arzu və istəklərini nəzərə aldığından, elin, obanın layiqli adamlarını hakimiyyət başına gətirər, onların dini inanclarına, məişət, adət- ənənələrinə hörmətlə yanaşardı. Şəhərin qazisini və ya hakimini mütləq həmin şəhərdə yaşayan, eli-obanı yaxşı tanıyan, həmin mərtəbəyə layiq olan yerli şəxslərdən seçirdi ki, əhalinin adət-ənənəsinə, yaşayış tərzinə uyğun idarəçilik təmin olunsun. Bu mənada hətta başqa ölkələrdən Məvarənnəhr dövlətinə gətirdiyi insanların dini adət-ənənələrinin qorunması üçün onlara ibadət yerləri , kilsələr tikmələrinə də icazə verirdi. Bu da Əmir Teymurun tolerantlığının göstəricisi idi.
Fateh barmağında zəmanəsinin görkəmli şeyxi olan Zainuddin Abu Bəkr Tabaydasinin 21 yaşı olarkən ona hədiyyə etdiyi, üzərində “Rosti-rost” sözü yazılmış mərcan qaşlı üzük gəzdirirdi. “Rosti-rost”-“Ədalətli olsan, xeyrə çatarsan” - demək idi. Buna görə də, həmişə vicdanının səsini dinləyib, ədalətlə hərəkət edərək, təbəəsində olan qullarına mərhəmət göstərirdi. Günahı olub və olmayanların da haqqını ədalətlı şəkildə təmin edirdi. Bununla belə, dövlət işlərində verilən tapşırıqları layiqincə yerinə yetirənlərin də mükafatını verirdi. Fateh Teymurun dövlət idarəçiliyindəki uğur qazanmağının bir səbəbi də ondan ibarət idi ki, dövlət əhəmiyyətli hər hansı bir məsələ barəsində qanun qəbul ediləndə, uzaq bir səfərə çıxanda üləmaları, müşavirlərini, vəzirlərini, alimləri, tarixçiləri başına toplayıb, onların rəyini ,fikrini öyrənər, xeyirli və xeyirsiz tərəflərini götür-qoy etdikdən sonra, hərtərəfli düşünüb qərar qəbul edərdi. O, uzunmüddətli uzaq səfərlərindən qayıtdıqdan sonra da, hakimləri, qaziləri, yerində qoyub getdiyi iş icraçılarını və rəiyyətin içərisində sözü keçən, ona dolğun həqiqətləri çatdıra bilən şəxsləri sarayına çağırıb, məşvərət edər, ölkəsində olmadığı müddətdə baş verən hadisələrin hesabatını alar, rəiyyəti nahaqdan incidənləri isə ağır cəza ilə cəzalandırardı.
Dövlətdə ali mərtəbələrdə çalışacaq şəxsləri seçəndə isə onların, nəsil-kökünə, insani keyfiyyətlərinə, xalq arasında hörmətinə fikir verirdi. Bir şəxsin nəslində və ya özündə satqınlıq, nadanlıq olurdusa, həmin şəxsləri dövləti-aliyə işə götürmürdülər. Əmir Teymur ətrafında ancaq etibarlı və sədaqətli insanları işlədirdi. O, yürüş etdiyi şəhərlərdə Məhəmməd peyğəmbərin(S.Ə.S.) nəslindən olub dünyadan köçən insanların qəbrini tapır, onları abad edirdi. Hətta dövlət xəzinəsindən belə məzarların və xanakələrin saxlanması üçün vəsait ayırırdı. İmam Hüseynin, Şeyx Əbdülqədirin, imam Məhəmməd Haqqinin, imam Əli İbn Musanın, imam Musa Kazımın da məzarlarına bu diqqəti göstərmişdi. Təbrizə yürüşü zamanı, hicri tarixinin 703-cü ilində dünyasını dəyişmiş, Çingiz xanın nəslindən olan Qazan xanın məzarını ziyarət edir. Əmir Teymurun ona savab qazandıran əməllərindən biri də o idi ki, mədrəsə və məscidlərin rəhbərlərinə şəhərin valiləri tərəfindən yüksək aylıq verməyi bir qanun kimi yazmışdı. Deyirdi ki, dərs öyrədən müəllimin əməyi və yeri ucadır. Elə buna görə də,öz əli ilə yazdığı vəsiyyətnaməsində , məzarının müəllimi Mir Seyid Bərəkənin ayaqları altında basdırılmasını arzulamışdı.
Şəkildə: Dərbənd qalası
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(14.04.2023)
"Ədəbiyyat üzrə Nobel mükafatçıları" kitabı çap olunub
Ədəbiyyatşünas alim, tərcüməçi İlham Abbasın "Ədəbiyyat üzrə Nobel mükafatçıları" kitabının birinci cildi işıq üzü görüb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “Ulduz” jurnalından məlumat verilib.
“Ulduz" jurnalı və "Mücrü" nəşriyyatının ortaq layihəsi çərçivəsində nəşr olunmuş kitaba 1901-1939-cu illərdə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş yazıçıların həyat və yaradıcılığından bəhs edən oçerklər daxil edilib. Kitabın naşiri Müşfiq Xan, redaktoru Qulu Ağsəsdir.
Qeyd edək ki, buna qədər “Ulduz” jurnalı və "Mücrü" nəşriyyatının ortaq layihəsi çərçivəsində Elçin Hüseynbəylinin "O gözəllər ki vardı..." hekayələr kitabı, Əflatun Amaşovun "Qanıq, Hasan, bir də Qaragöz" romanı, Əli Əmirlinin "Ustad dərsləri" toplusu, Vasif Əlihüseynin "Azmış kimi..." və Təranə Dəmirin "Səssizliyin melodiyası" şeirlər kitabları da çap edilib.
Yeni nəşri "Mücrü" nəşriyyatından əldə etmək olar.
“Ədəbiyyat və incəsənət”
(14.04.2023)
“Qadın gücü ilə deyil, zərifliyi ilə güclüdür…”
“Ədəbiyyat və incəsənət” portalının poçtuna şair Yusif Nəğməkarın növbəti aforizmləri daxil olub. Beləliklə, “YUSİF NƏĞMƏKARIN HİKMƏT BANKOMATINDAN” seçmələrlə tanış olun.
*Atılan addımın uğursuzluğu atılacaq addımın uğur təlimidir.
*Qürurlu insan məğrur dağa bənzər; sinəsində uyuyan daşlar məkanından qopanda dağdan yuxarı yox, yalnız üzü aşağıya yuvarlanıb, dərələrdə it-bata düşər...
*Bugün, xüsusilə, Vətən haqqında əsərlər təkcə qələm, yaxud digər texniki vasitələrlə yox, həm də gülüş, göz yaşları və qürur hissilə yazılmalıdır...
*Sınaqlar olmasaydı, sınıqlar çox olardı...
*İşıq gələn yerə barmaq tıxayan qaranlığı lənətləməsin...
*Qadın gücü ilə deyil, zərifliyi ilə
güclüdür.
*Hamı BİRƏ bağlıdır, BİRƏ də bərə bağlıdır...
*Kəlməbaşı "dostum" deyənlərin çoxunda dostluq hissi olmaz...
*İtirdiklərinin alovunda əriməyən itirmədiklərinin sevincini yaşaya bilməz...
*Yiyəsini yıxıb qaçan atın özüylə bərabər üz tutduğu səmti də suçlanmalıdır...
*Əsl peşimanlıq peşimanlığına peşiman olmaqdır...
*Kəmfürsətə minnətdar ol ki, hər ...kəmində sənə cəm fürsətin kəmini "bağışlayar"...
*Kinindən bar gözləyən ürək əkinə yararsız yer kimidir...
*Ən əzablı, üzücü, uzun yol qəlbən yaxın olmadığınla "yaxın"lığındır.
*Söz bir dəfə deyilir, qalanı təkrardır.
*Sənin təkcə dediyini yox, nə deyəcəyini də hiss edən adamın qarşısında susmağın da ona daha aydın və daha tutarlı sözündür.
*Sevgisiz adamdan başqa heç kəs bədbəxt deyil...
*Qınaq gələn yerə qonaq gəlməz...
*Bütün sözlər "hə" və "yox"un ətrafında dolanan peyklərdir.
*Sürüşkən yerdən düz yox, sivişib keçməlisən.
*Səndən qaçanın qabağına çıxmaq da, arxasınca qaçmaq da absurddur.
*Əsəbi deyilən söz 50% hikkənin, 50% də anlaqsızlığın təzahürüdür...
*Həyatda insanı heç bir qüvvə xatirələr qədər öz ilkinliyinə qaytara bilməz...
“Ədəbiyyat və incəsənət”
(14.04.2023)
Azərbaycanlı rejissorun filmi Paris Guimet muzeyində nümayiş olunacaq
1995-ci ildə yaradılmış Vesul Asiya Filmləri Beynəlxalq Festivalı (FICA- Festival International des Cinémas d'Asie de Vesoul) indiyədək 680 mindən çox ziyarətçi cəlb edib. Bu il 29-cu dəfə təşkil olunan Vesul festivalında 38 film nümayiş olunub. Vesul festivalının 29-cu buraxılışında azərbaycanlı rejissor Asif Rüstəmovun “Mərmər soyuğu” tammetrajlı bədii filmi mükafata layiq görülüb.
AzərTAC xəbər verir ki, Vesul festivalında mükafat qazanmış filmlər Zəfər Tağının yaxınlığında yerləşən Guimet - Paris Asiya İncəsənəti Milli Muzeyində nümayiş olunacaq.
Nümayiş olunacaq ekran əsərləri sırasında azərbaycanlı rejissorun “Mərmər soyuğu” filmi də var.
Qeyd edək ki, rejissor yığılan bir-biri ilə heç bir əlaqəsi olmayan əhvalatları, hadisələri, emosiyaları, ideyaları sonda bir filmdə birləşdirib.
“Ədəbiyyat və incəsənət”
(14.04.2023)