
Super User
Ömürdən doymayan Adil Babayevin son soneti
Bu gün şair-dramaturq Adil Babayevin vəfat etdiyi gündür. 1977-ci ilin 20 avqustunda Azərbaycan Sovet ədəbiyyatına təkrarsız sonetlər müəllifi kimi düşmüş Adil Babayev 52 yaşında gözlərini əbədi olaraq yumub.
Ölümündən bir neçə gün əvvəl şair “Həyatıma qəsd edib dərd-azar neçə vaxtdır” sətirləri ilə başlayan soneti öz xəttiylə cib dəftərinə yazıb. Həmin sonetdə amansız xəstəliyin bir ömrə nüfuz etməsi, işıqlı dünyanı zülmətə çevirmək çabaları, amma ümidlərin sonadək duruş gətirməsi, yaşamaq istəyi böyük ustalıqla qələmə alınıb. O, şeiri yazıb, dərc olunması üçün “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasına təqdim edib, taleyin hökmünə baxın ki, məhz şairin vəfat etdiyi gün həmin sonet dərc olunub. Özü də bilmədən, sən demə, şair öz elegiyasını yazıbmış.
Bu gün Adil Babayevin vəfatından 44 il ötür. Ruhu şad olsun!
SON SONET
Həyatıma qəsd edib dərd-azar neçə vaxtdır,
Ağrılar, üzüntülər əskilməyir canımdan.
Bilmirəm bu əziyyət haçan qurtaracaqdır,
Azad olacağammı qıfılsız zindanımdan?
Yaşamaq istəyirəm, axı şirindir həyat,
Yuvalanıb sinəmdə arzular dəstə-dəstə.
Sığmayır varlığımda neçə dolu kainat,
Heyif ki, səfərdəyəm... Yol üstəyəm, yol üstə...
Kaş yapışsın əlimdən Günəşin şəfəqləri,
Yenə qalxım ayağa, seyr edim üfüqləri.
Çağlasın varlığımda işıq dolu bir ilham.
Mən ömür istəmirəm riya, xəyanət üçün.
Yurduma gərək olan söz üçün, sənət üçün –
Qələmdən doymamışam, ömürdən doymamışam...
“Kənd mənzərəsi”
20 avqust. Taliban əsgəri Kabulun girəcəyində dincələrkən
Taliban puştu dilində “tələbə” deməkdir. Kütləvi qətliamların, zorakılıq və vəhşiliklərin arxasında “tələbə” sözünün dayanması, əlbəttə ki, çox acınacaqlıdır.
Foto: BBC
Vim Venders 27-ci Sarayevo kinofestivalının mükafatına layiq görülüb
“Kino sənətinə görkəmli töhfəsinə görə” alman rejissoru Vim Vendersə “fəxri ürək" təqdim edilib.
"Biz çox şadıq ki, həmişə tamaşaçıya unudulmaz tarix və emosiyalar təklif edən görkəmli ustanı mükafatlandırırıq, biz ona borcluyuq", - deyə festivalın direktoru Mirsad Purivatra mərasimdə qeyd edib. “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən bu barədə məlumat verir.
"Mənim elə hisslərim var ki, bütün arzularım gerçəkləşib", - deyə 76 yaşlı Vim Venders mükafatı qəbul edərkən bildirib.
“İl yarımdır ki, mən heç yerə getməmişəm, il yarımdır ki, başqa adamlarla filmlərə baxmamışam. Bu gün yaşadığımız bu xoşbəxtliyə inana bilmirəm. Bu mükafat ürək şəklindədir. Mən öz filmlərimi məhz qəlbimlə çəkirəm. Buna görə bu mükafat mənim üçün xüsusidir".
Çox önəmli bir fakt: Rejissor-povestçi, ssenarist, fotoqraf və prodüser Vim Venders Sarayevoya 10 il sonra qayıdıb, belə ki, 2011-ci ildə ilk dəfə buraya Oskar mükafatına namizəd olan "Pina" adlı sənədli 3D filmini təqdim etmək üçün gəlmişdi.
Vaxtilə "Amerikalı dost", "Berlin üzərində səma" və "Əşyaların vəziyyəti" filmləri Vendersi yeni alman kinosunun pionerləri sırasına çıxarmışdı. Onun "Paris, Texas" filmi isə Kannda Palma budağı almışdı.
Qeyd edək ki, Sarayevdəki festival 90-cı illərin əvvəllərində - serblərlə müharibədə şəhərin mühasirəsi zamanı müqavimət simvolu kimi yaradılıb. Onun təşkilatçıları xüsusən Cənub-Şərqi Avropadan filmlərin təbliğinə xüsusi diqqət yetirirlər.
Vim Venders Sarayevo kinofestivalı çərçivəsində master-klass da verib, tamaşaçılar onun filmlərinin retrospektivinə də baxa biliblər.
Sarayevodakı kino bayramı bu gün - sentyabrın 20-də axşam saatlarında yekunlaşacaq.
Xalq şairi Mirvarid Dilbazinin xatirəsi yad olundu
Ötən gün “Azərkitab” kitab mərkəzində Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, ilk qadın Xalq şairi Mirvarid Dilbazinin anadan olmasının 109 illiyi münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə "Mirvarid Dilbazi poeziya məclisi” ictimai birliyinin sədri, şair, publisist Güllü Eldar Tomarlı açıb. O, Mirvarid Dilbazi yaradıcılığının Azərbaycan ədəbiyyatında vətənpərvərlik mövzusunda xüsusi yer tutduğunu və gənc nəsillərə bir örnək olduğunu vurğulayıb.
Xalq şairi Nəriman Həsənzadə Mirvarid Dilbazini xatırlayaraq, onun haqqında xatirələrini bölüşüb. Mirvarid Dilbazi adına yaradılmış ictimai birliyə xeyir-dualarını verərək, bu yolda şair, publisist Güllü Eldar Tomarlıya uğurlar arzulayıb.
Tədbirdə çıxış edən tarix elmləri doktoru Əkrəm Rəhimli, tənqidçi- şair Əsəd Cahangir, tədqiqatçı-yazıçı Ramiz Göyüşov, şairələr Südabə İrəvanlı, İlham Qazaxlı, Zeynəb Kazımova, Zərəngiz Dəmirçi Qayalı və başqaları çıxış edərək Mirvarid Dilbazinin yaradıcılığından danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Mirvari Dilbazinin bir neçə şeiri dillər əzbəridir. Oxucularımızı məlumatlandıraq ki, məşhur “Evimizə gəlin gəlir” mahnısının sözləri Mirvarid xanımındır.
Toylarımızın bəzəyi olan “Evimizə gəlin gəlir” şeirini Mirvarid Dilbazi bacısıoğlu Vəfa Quluzudənin - bəli, Azərbaycan siyasətində, diplomatiyasında yer almış həmin o tanınmış şəxsin toy günü üçün yazlbmış. Ruhları şad olsun!
Evimizə gəlin gəlir,
Sığallayıb telin gəlir,
Görüşünə elin gəlir,
Çıraqları gur yandıraq.
Aşıqlar çalsın sazları,
Rəqs eləsin el qızları,
Qoy dolansın təzə ayın,
Başına yer ulduzları.
Evə sevinc, fərəh gəlir,
Çəmənlərdən çiçək gəlir,
Bir işıqlı ürək gəlir,
Məşəlləri odlandıraq.
Sağ əli qızlar başına,
İncilər, nazlar başına.
Oxşayır tovuz quşuna,
Evləri işıqlandıraq.
İki qonçə cavan gəlir,
Gül yanında reyhan gəlir,
Şümşadboylu oğlan gəlir,
Bu oğlanı şadlandıraq.
Bəzəyib şamlar əlini,
Asta gətir bəy gəlini,
Azərbaycan gözəlini
Nurlu çıraq adlandıraq.
Bu gün Xan Şuşinskinin anadan olmasının 120-ci ildönümüdür
Xan Şuşinski mədəniyyətimizin, vokal sənəti tariximizin ən parlaq nümayəndələrindəndir, “Xan əmi” təxəllüsü ilə onu bütün Azərbaycan tanıyır, sevir.
İsfəndiyаr Аslаn оğlu Cаvаnşirоv – Хаn Şuşinski 1901-ci il avqust ayının 20-də Şuşа şəhərində аnаdаn оlmuşdur. 16 yаşındа оlаrkən ustаdı İslаm Аbdullаyеvlə birgə iştirаk еtdiyi məclisdə “Kürdü Şаhnаz” muğаmını hеyrətаmiz bir tərzdə ifа еtdiyinə görə müəllimi оnа “Хаn Şuşinski” аdını vеrmişdir. Хаnın bir хаnəndə kimi yеtişməsində Cаbbаr Qаryаğdıоğlunun və Sеyid Şuşinskinin də böyük təsiri оlmuşdur. 1920-ci ildə o, Bаkıyа gələrək öz ifаçılıq fəаliyyətini dаhа dа gеnişləndirmişdir. 1934-cü ildə Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiadasında birinci mükafata layiq görülmüş və Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin birinci dərəcəli Fəxri fərmanı ilə təltif edilmişdir. 1944-cü ildə Azərbaycanın bir qrup incəsənət nümayəndələri ilə birlikdə İrana getmiş, Tehran, Təbriz, Ərdəbil, Qəzvin, Rəşt şəhərlərində müvəffəqiyyətlə çıxış etmişdir.
Xanəndənin səsi 25 yaşında necə qüdrətli və təravətli idisə, 70-75 yaşlarında da eyni əzəmət, eyni nikbinliklə səslənirdi. Хаn Şuşinski “Şuşanın dağları”, “Məndən gen gəzmə”, “Ay gözəl” kimi bir sıra mahnılar və təsniflər bəstələmişdir. Оnun ifаsındа səslənən “Mirzə Hüsеyn sеgаhı”, “Şаhnаz”, “Qаrаbаğ şikəstəsi”, “Kürdü-Şahnaz”, “Rаst”, “Bayatı-Şiraz”, “Qatar”, “Cahargah”, “Mahur”, “Hеyrаtı”, “Şur”, “Sеgаh Zаbul” ritmik muğаmlаrı, bir sıra təsniflər, “Qara qaşın vəsməsi”, “Süsən-sünbül”, “Alma almaya bənzər”, “Girdim yarın bağçasına”, “Apardı sellər Saranı” və s. хаlq mаhnılаrı musiqi fоnоtеkаmızın qızıl fоndunа dахil оlmuşdur. Хаn Şuşinski 1939-cu ildən Bakıda yaşamış, qırx ilə yaxın Аzərbаycаn Dövlət Filаrmоniyаsının solisti olmuşdur. 1960-cı ildə Аzərbаycаn Dövlət Filаrmоniyаsının nəzdində Muğаm studiyаsı yаrаtmış və burаdа gənc хаnəndələrə muğаmın sirlərini öyrətmişdir. Xanəndə həmçinin А. Zеynаllı аdınа Musiqi Məktəbində də dərs dеmişdir. Əsl yаrаdıcı sənətkаr kimi Azərbaycan muğamlarını, milli musiqi хəzinəsini yеni mаhnılаrlа zənginləşdirmiş, bir neçə muğama yeni xallar, guşə və şöbələr əlavə etmişdir. Bu bахımdаn оnun “Qəmərim”, “Şuşаnın dаğlаrı” mаhnılаrı dillər əzbəri оlmuşdur. 1943-cü ildə “Xalq artisti” fəxri adına layiq görülmüş, “Şərəf nişanı” ordeni və bir çox medallarla təltif edilmişdir.
Хаn Şuşinski 1979-cu il mаrt ayının 18-də Bаkıdа vəfаt еtmişdir. 2013-cü il aprel ayının 29-da Beynəlxalq Muğam Mərkəzində Xan Şuşinskinin virtual muzeyinin və memorial saytının təqdimatı keçirilmişdir. Adına muğam festivalı keçirilmiş, fond yaradılmış, haqqında film çəkilmişdir. Lütfən, bu gün hamı onun ifasında “Qarabağ şikəstəsi”ni dinləsin. Qoy dahi sənətkarın ruhu şad olsun, azad Şuşanın üzərində dövrə vursun!
Telereytinqlər lideri “Qolos” şousunun 10-cu mövsümünün 4 müəllimi bəlli oldu
Dima Bilan, Pelageya, Aleksandr Qradski və Leonid Aqutin onuncu, yubiley mövsümünün "Qolos" şousunun müəllimləri təyin olunublar, bu barədə Birinci kanalın mətbuat xidmətindən jurnalistlərə bildiriblər.
"Yubiley mövsümündə təlimçilərin kreslolarını bu məşhur dördlük tutacaq, layihənin çoxillik populyarlığına və tamaşaçı sevgisinə görə yubileydə münsiflər heyətinin bu cür qızıl tərkibi olmasının qeydinə qalınıb ", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Rusiyanın əsas vokal layihəsinin yeni mövsümünün çəkilişləri yeni studiyada keçiriləcək. Kor dinləmələrdə iştiraka ilkin kastinqlərdən uğurla keçmiş vokalçılar buraxılıb - bu, təxminən, 120 nəfərdir, onların arasında seçimdən keçmiş 18 iştirakçı da var ki, ötən mövsümdə kor dinləmələrdə çıxış edə bilməyiblər.
Bununla yanaşı, həm peşəkar ifaçılar, həm də əsas işi musiqi ilə bağlı olmayan həvəskarlar, o cümlədən hüquqşünaslar, mühasiblər, dilçilər, menecerlər, rabitə elektromantyorları və hətta polis kapitanı da səhnəyə çıxacaq. Müsabiqədə Rusiyanın 66 şəhərindən və xaricdən ifaçılar iştirak edəcəklər. Şounun aparıcısı Dmitri Nağıyev olacaq.
İLESAM türk dünyasını kitabla, biliklə silahlandırmaqda davam edir
Türkiyənin İLESAM təşkilatı (Türkiyə Elm və Ədəbiyyat Əsərləri Sahibləri Məslək Birliyi) 4-cü Türk Dünyası Kitabxanalarına Kitab Hədiyyə Layihəsi 2021-in icrasını davam etdirir. Bu dəfə Özbəkistana ümumilikdə 20 000 kitab bağışlanacaq. Türkiyənin Mədəniyyət Nazirliyinin və TİKA təşkilatının dəstəyi ilə 2018-ci ildən başlayaraq türk dünyası kitabxanalarının Kitab ianə layihəsi çərçivəsində qurum Azərbaycana, Qazaxıstana, Qırğızıstana, Özbəkistana, Kosovoya və Şimali Makedoniyaya cəmi 48000 müəllifin 80 000 kitabını hədiyyə edib.
2021-ci ildə Daşkənddəki Türkiyə səfirliyinin xahişi ilə həmin layihə çərçivəsində İLESAM əvvəllər 10 000 kitab bağışladığı Özbəkistana bu dəfə ümumilikdə 20 000 kitab hədiyyə edir, kitablar Özbəkistan kitabxanalarına, o cümlədən Milli kitabxanaya veriləcəkdir.
Məşhur amerikalı kamança ifaçısı Cefri Verbok “Fəxri səfir” diplomuna layiq görüldü
XX əsrin 90-cı illərindən etibarən Azərbaycanın muğam incəsənəti bütün dünya dinləyicilərinin maraq dairəsində özünəməxsus yer tapıb. Muğamlarımızın sorağını alan əcnəbi ölkə musiqiçiləri bu sahədə öz addımlarını atmağa başladılar. Onlardan biri də ABŞ vətəndaşı Cefri Verbokdur. Cefri Verbok Amerika Muğam Cəmiyyətinin prezidenti, Azərbaycan muğamının tədqiqatçısı və kamança ifaçısıdır. O, hazırda xarici ölkələrdə və vətəndaşı olduğu ABŞ-da Azərbaycan muğamının ən fəal təbliğatçısıdır.
AzərTAC xəbər verir ki, bu günlərdə Cefri Verbok Beynəlxalq Multikultural Şəbəkənin, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin qonağı olub. Mərkəzin işçi heyəti ilə birgə Azərbaycan mədəniyyətinin, multikulturalizm siyasətinin daha geniş təbliğatı ilə bağlı layihələrin təşkili istiqamətində qarşıya qoyulan məqsəd və vəzifələr ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan mədəniyyətinin, muğamının fəal əcnəbi təbliğatçısı kimi Cefri Verbok Beynəlxalq Multikultural Şəbəkənin “Fəxri səfiri” diplomuna layiq görülüb.
Görüşün sonunda Cefri Verbok səmimi ab-havada təşkil olunan görüş üçün Beynəlxalq Multikultural Şəbəkənin rəhbəri, “Qlobal Əməkdaşlıq və Analitik Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri Xəyalə Məmmədovaya və onun komandasına təşəkkürünü bildirərək, görüşdən məmnun qaldığını qeyd edib.
Kukla Teatrı şəhid övladları üçün “Şəngülüm, Məngülüm” tamaşasını təqdim etdi
Bu il 90 illik yubileyini qeyd edilən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyəti Lənkəran şəhərinə səfər edərək Vətən müharibəsi şəhidlərinin övladları üçün təşkil olunmuş növbəti düşərgədə tamaşa ilə çıxış ediblər.
AzərTAC xəbər verir ki, kuklaçılar “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə “YAŞAT” düşərgəsi iştirakçıları üçün teatrın repertuarındakı maraqlı səhnə nümunələrindən olan “Şəngülüm, Məngülüm” tamaşasını göstəriblər.
Məşhur Azərbaycan xalq nağılı “Şəngülüm, Şüngülüm və Məngülüm” əsasında hazırlanan tamaşaya teatrın rejissoru Anar Məmmədovun quruluş verib. Mono kukla tamaşasının quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Əməkdar artist Elza Seyidcahandır. Tamaşanın mahnı mətnləri Mikayıl Müşfiqin xalq nağılı əsasında yazdığı “Şəngülüm, Şüngülüm və Məngülüm” mənzum nağılından seçilib. Klassik üslubda səhnə tərtibatı verilən tamaşada müxtəlif kukla texnikaları tətbiq olunub. Belə ki, ifaçı həm parket, həm də əlcək kuklalardan istifadə etməklə səhnədə altı obrazda (Nağılçı, Dəmirçi, Ana keçi, Şəngülüm, Məngülüm və Canavar) çıxış edir. Tamaşanın ifaçısı sevilən aktrisa Ülviyyə Əliyevadır. İstər tamaşa, istərsə də nümayişdən sonra keçirilən əyləncəli oyunlar uşaqların böyük sevincinə səbəb olub.
Qeyd edək ki, silsilə xeyriyyə aksiyalarını, sosial-mədəni layihələrini daim gündəmdə saxlayan, Vətən müharibəsi dövründə, ondan sonra da ölkə miqyasında müxtəlif layihələrə qatılan Dövlət Kukla Teatrının kollektivi bunu özünün ən ümdə vəzifəsi və müqəddəs borcu hesab edir.